Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Space tv

2024-03-03 13:01:03
1369 baxış

Digər xəbərlər

Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri barədə izahedici məlumat

  Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri Azərbaycan Respubikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  13 may 2015-ci il tarixli,  187 nömrəli  qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan  Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilmişdi.   “Müharibə veteranı”:   İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək: Ermənistanla həmsərhəd rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşlara; 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.   Qeyd: Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək. Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə veteranı” adı və vəsiqəsi verəcək. Həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək. Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək. Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.        “Silahlı qüvvələr veteranı”:   Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar; “Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. Qeyd: “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hərbi qulluqçulara həqiqi hərbi xidmət keçdiyi (qulluq etdiyi), ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi dövlət orqanından asılı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. respublikanın hərbi məhkəmələrdə və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir.   “Əmək veteranı”:   Əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:   iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar; Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aiddiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rə`yinə əsasən müvafiq qərar qəbul edilir. Qeyd: Nəzərdə tutulmayan başqa hallarda (müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s.) “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.     

Hamısını oxu
Ömrünü xalqına həsr edən Ulu Öndər dövləti üçün misilsiz xidmətlər göstərdi

10 may tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin dünyaya gəldiyi gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 10 may günü deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin hamıya örnək ömür kitabını vərəqləyəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.   Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətlə eyni dövrdə yaşayıb fəaliyyət göstərmələrindən qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Təəssüf ki, respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.   Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.   Ulu Öndərin dünyaya gəlişindən 99 il ötür. Təəssüf ki, ömür vəfa etmədi, qurub-yaratdığı ölkənin bugün dünya ölkələri ilə müqayisə olunduğunu, xalqa əmanət qoyduğu idarəçilik məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində ölkəmizin regionda söz sahibinə çevrildiyi günləri görmədi...   Bu gün öz Prezidentinə etimad göstərən, onun ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyev həmişə hörmətlə anılacaq, onun dövlətçilik məktəbi uğurla fəaliyyətini davam etdirəcək! Məşhur Məmmədov Millət vəkili

Hamısını oxu
Gənclərimizin sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır

Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin əvəzolunmaz üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Respublikamızın Prezidenti seçildikdən sonra isə ölkədə idmanın inkişafı daha da sürətləndi.   Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı 2012-ci ilin «İdman ili» elan edilməsi idman sahəsinin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Sevindirici haldır ki, ölkə Prezidenti, idman aləminin qayığıkeşi, idmançıların dostu Cənab İlham Əliyevin bu gün imzaladığı Sərəncam ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Bu əlamətdar hadisə yetişməkdə olan gənc nəslimizi idmanın müxtəlif növlərinə cəlb edərək, idmanımızı daha da kütləviləşdirəcəkdir. Nəcəf Novruzov Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi

Hamısını oxu
“Şəhid ailələri, əlil və qazilərə qayğı baxımından dünyada Azəbaycanla müqayisə olunacaq dövlət yoxdur”

Tamam Cəfərova: “Onlar bundan sonra da dövlətimizin diqqət mərkəzində olacaq”   Azərbaycanda müharibə əlillərinə, qazi və şəhid ailələrinə dövlət qayğısının ciddi bir ənənəyə çevrildiyi, sadəcə qanunvericilik bazasında – hüquqi müstəvidə deyil, həm də xalqımızın mənəvi dəyərlər sistemində, şüur və düşüncəsində özünə mühüm yer tutduğu birmənalıdır. Avqustun 26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzil və avtomobillərin təqdim edilməsi mərasimində iştirakı bunu bir daha sübut etdi.  Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə bu istiqamətdə atılan addımları şərh etməyə, bu sahədə görülən işlərin miqyas və mahiyyətinə toxunmağa çalışdıq.   -Tamam xanım, ölkəmizdə hər zaman şəhid ailələrinə, müharibə əlilllərinə və qazilərinə dövlətimiz tərəfindən sistemli diqqət və qayğının göstərildiyi göz önündədir. Maraqlıdır, bəs rəqmlər bu haqda nə deyir?   -Qeyd etdiyiniz kimi, şəhid ailələrinə, əlillərə, qazilərə qayğı dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Bunun dövlət siyasətimizdəki rol və əhəmiyyətini anlamaq üçün bugünə qədər bu sahədə həyata keçirilən layihələrə, görülən işlərə nəzər salmaq kifayətdir.  Söhbət statistikadan gedirsə, rəqəmlər bu sahədə görülən işləri daha dəqiq və təfsilatı ilə əks etdirir. Baxın, 2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin edilib.  Bundan başqa, müharibə əlillərinin, qazilərin məşğulluğunun həlli istiqamətində də mühüm addımlar atılıb. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqısı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib. Bütün bu rəqəmlər dövlətimizin öz qazisinə, müharibə əlilinə, şəhidinə verdiyi diqqət və qayğının göstəricisidir. Və mən sizi əmin edirəm ki, bu rəqəmlərə dünyanın heç bir ölkəsində rast gələ bilməzsiniz. Bu məsələdə Azərbaycanla müqayisə oluna biləcək heç bir dövlət yoxdur. Bu isə heç şübhəsiz Prezident İlham Əliyev başda olmaqla dövlətimizin, xalqımızın uğurudur.   -Tamam xanım, müharibə əlillərinə yardım, onların sosial rifahının daha da yaxşılaşdırılması da dövləin hər zaman diqqətdə saxladığı məsələlərdəndir. Bu sahədə vəziyyəti necə xarakterizə edərdiniz?   -Dövlətimiz şəhid ailələri kimi müharibə əlillərinə də daim qayğı göstərir, onların hər bir probleminin çevik şəkildə həllini təmin edir. 44 günlük Vətən müharibəsində sağlamlığını itirən hərbçilərimizin müalicəsinin yüksək səviyyədə təmin olunması, onların lazım olduğu təqdirdə öz müalicələrini xarici ölkələrdə davam etdirməsi istqiamətində post-müharibə dönəmində böyük işlər görülüb. Rəqəmlərə nəzər salsanız görərsiniz ki, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.   Bundan başqa, Vətən müharibəsində xəsarət alan hərbçilərimizin müalicəsini sistemli və koordinasiyalı şəkildə həyata keçirmək üçün YAŞAT Fondu yaradılıb ki, bu Fond çox uğurla fəaliyyət göstərməkdədir. Məhz bu Fondun dəstəyi ilə xeyli sayda yaralı hərbçimiz Türkiyə və dünyanın digər ölkələrində əməliyyat olunub, müasir protezlərlə təmin edilib. Qeyd olunan faktlar Azərbaycanda müharibə əlillərinə olan qayğının əmin bir siyasətdən qaynaqlandığını göstərir və təbii ki, bu da  hər bir vətəndaşda məmnunuq doğurur.   -Prezident İlham Əliyev dəfələrə qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı bundan sonra da davam etdiriləcək, onlar cəmiyyətin ən dəyərli vətəndaşları kimi daim dövlətin diqqət mərkəzində olacaqlar. Bu baxımdan yaxın gələcəklə bağlı bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı hansı addımların atılması planlaşdırılır?   -1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Bu rəqəmin özü də dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından xəbər verir. Bir məqamı da qeyd edim ki, bütün bu işlər dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük tikinti-quruculuq işləri ilə eyni vaxtda həyata keçirilir.   Onu da qeyd edim ki, cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.  Bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi, qazilərimizin, əlillərimizin sosial problemlərinin yüksək səviyyədə həlli bundan sonra da dövlətimizin diqqət mərkəzində saxladığı əsas məsələ olacaq.   -Tamam xanım, müharibədə öz qəhrəmanlığı, şücaəti ilə fərqlənən hərbçilərimizlə bağlı hansı addımların atılması nəzərdə tutulur?   -Məlum olduğu kimi, Vətən Müharibəsi Qəhrəmanı adını alan, habelə müharibədə qəhrəmanlıq göstərən, xüsusi şücaət sərgiləyən hər bir şəxs dövlətimiz tərəfindən mənzillə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülən şəhidlərimiz də mənzillə təmin olunacaq.  Bundan başqa, həmin şəxslərin adının əbədiləşdirilməsi, göstərdikləri qəhrmanlıqların gənclər arasında təbliği, onların döyüş yolunun tanıdılması və s. kimi addımlar da atılacaq ki, bu da həm qəhrəmanlarımızın xatirəsinin daim yad edilməsi, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə vacibdir.   Mən şəhid ailələrinə, qazilərimizə, əlillərimizə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Onların qazilərimizə, şəhid ailələrini olan münasibəti hər birimiz üçün örnəkdir və əsrlər sonra da əsl vətənpərvərlik nümunəsi kimi ehtiram hissi ilə xatırlanacaqdır.   Seymur ƏLİYEV  

Hamısını oxu