Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bəzi həkimlərimiz müharibənin elə ilk günü cəbhəyə yola düşdü”

 “Xəstəxanamızda müalicə alan qazilər arasında əməkdaşlarımızla ailə quranlar var”

“Şəhidlərimizə və qazilərimizə borcumuz əbədidir”

Asiman Həsənov: “Vicdan olan yerdə anda ehtiyac yoxdur!”

Bakı Sağlamlıq Mərkəzinin öz nəhəng potensialı, müasir tibbi-texniki təchizatı, peşəkar həkim kollektivi ilə yalnız ölkəmizdə deyil, bütün Qafqazda xüsusi çəkiyə malik olduğu məlumdur. Qürurvericidir ki, Bakı Sağlamlıq Mərkəzi illər uzunudur ki, həm də şəhid ailələrinə, müharibə iştirakçılarına, qazi və veteranlara mütəmadi və təmənnasız xidmət göstərməkdə, onların sağlamlığının keşiyində dayanmaqdadır.

Moderator.az olaraq Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Dos. Dr. Asiman Həsənovla söhbətimizdə bu sahədə görülən işlərə qısa da olsa nəzər yetirməyə çalışdıq.

-Asiman bəy, Bakı Sağlamlıq Mərkəzi 44 günlük Vətən müharibəsində yaralı döyüşçülərimizin müalicəsində, onların sağlamlıqlarına qovuşmasında fəal iştirak edib, bu istiqamətdə mühüm addımlar atıb. İstərdik ki, öncə yaxın keçmişimizin bu ağır və şərəfli günlərindən bəhs edəsiniz.

-Həmin günlər xalqımızın hər bir fərdi kimi, bizim üçün də çətin, amma qürurverici günlər olub.

Bildiyiniz kimi, müharibə başlayanda bütün dünyada pandemiya tüğyan edirdi. Bizim xəstəxanamız da o dönəmdə həm ənənəvi istiqamət üzrə fəaliyyət göstərir, pandemiyaya qarşı mübarizə aparır, həm də tələbə-rezidentlərin hazırlığı ilə bağlı fəaliyyətini davam etdirirdi.

Biz müharibə xəbərini alan kimi, koordinasiyalı fəaliyyəti təmin edən qurumlarla əlaqə saxladıq və öz köməkliyimizi təklif etdik. Eyni zamanda, bəzi həkimlərimiz müharibənin elə ilk günü cəbhəyə, cəbhəyə yaxın tibb mərkəzlərinə üz tutublar.

Biz sərhəd qospitalları və arxa cəbhədə olan qospitallarla əlaqə saxladıq, dəstək xarakterli bütün lazımi addımları atdıq.

Bağı Sağlamlıq Mərkəzində yaralı hərbçilərimizə yardım üçün təcili olaraq politravma şöbəsi açıldı. Burada istər cərrahlarımız, istər həkim-travmatoloqlarımız, istər neyrocərrahlarımız, istər uroloqlarımız, istərsə də digər ixtisasdan olan həkimlərimizdən ibarət xüsusi qrup cəmləşmişdi. Ilkin tibbi-cərrahi xidmət almış yaralı qazilər müalicələrini davam etdirmək üçün bizim Mərkəzə göndərilir və burada hər cür qayğı ilə əhatə olunurdular.

Müharibə dönəmində yüzlərlə Vətən müharibəsi qazisi Bakı Sağlamlıq Mərkəzinin politravma şöbəsində müalicə aldı. Həkimlərimiz gecəli-gündüzlü mürəkkəb əməliyyatlar həyata keçirdilər. Burada söhbət yalnız güllə yaralarından getmir. Həkimlərimiz həm də mina, artilleriya zərbələrindən ciddi yaralar alan xəstələri müalicə etdilər.

Xatırladım ki, hərbi səhra cərrahiyyəsinin ən ağır istiqamətlərindən biri mina və bomba yaralanmalarıdır. Bu cür olaylarda çox vaxt yaranın xarakteristikasını belə təyin eləmək mümkün olmur. Həkimlərimiz bu cür yaralanmalarla bağlı etablı və uğurlu cərrahi əməliyyatlar icra etdilər.

Politravma şöbəsi postmüharibə dönəmində də yaralı hərbçilərimizin müalicəsində fəal iştirak etdi. Bəzi hərbçilərimiz evə yazılandan bir müddət sonra yenidən xəstəxanamıza müraciət edərək təkrar müalicələr aldılar. Bugünün özündə də qazilərimiz tərəfindən bizə bu cür müraciətlər olur və biz bu müraciətləri dərhal cavablandırır, onların müalicəsi üçün bütün imkanlarımızdan istifadə edirik.

-Hazırda Bakı Sağlamlıq Mərkəzinə üz tutan qazilər əsasən hansı problemlərlə bağlı müraciət edirlər?

-Müharibə dönəmində bizə ancaq yaralı hərbçilər müraciət edirdi. Bu gün isə müharibə iştirak edən qazilərimizin, müharibə iştirakçılarının, şəhid ailəsi üzvlərinin müraciəti əsasən tomatik və ya digər orqanlarının funksional orqanik patologiyaları ilə bağlı olur. Biz əsasən bu müraciətlərlə bağlı müalicə tədbirlərini həyata keçiririk. Orqanik və ya funksional yetməzliyi olan qazilərimizin yaralarının növbəti etab müalicəsi diqqət mərkəzindədir.

Qazilərimizə, şəhid ailəsi üzvlərinin müalicəsinə kollektivimiz xüsusi diqqətlə yanaşır. Bizim bir şüarımız var : Müharibədə iştirak edən hərbçilərimizi, şəhidlərimizi, onların ailə üzvlərini heç vaxt unutmayacağıq! Vətən müharibəsində olan həyəcan və sevgi ilə onların xidmətində dayanacağıq!

-Vətən müharibəsində qələbəmizə böyük töhfə verən, yaralı qazilərimizlə aktiv şəkildə işləyən xəstəxana kimi yəqin ki, 8 Noyabr – Zəfər Günü də Mərkəzinizdə xüsusi təntənə ilə qeyd edilir?

-Haqlısınız. Zəfər bayramında Bakı Sağlamlıq Mərkəzində müalicə almış bütün qazilərimizi xəstəxanamıza dəvət edirik. Xatirə şəkilləri çəkdirir, müharibə dönəmindəki xatirələrimizi birlikdə yad edirik. Onlarla bağlı müxtəlif tədbirlər keçiririk.

Kollektivimizlə həmin qazilər və onların ailə üzvləri arasında isti münasibətlər formalaşıb. Hətta burada müalicə alan qazilər arasında tibbi personalımızla ailə quranlar da var. Qazilərimizlə bizim aramızda möhkəm mənəvi bağlar mövcuddur və bu bağlılıq bizim üçün əzizdir.

-Bakı Sağlamlıq Mərkəzində zaman-zaman müxtəlif kateqoriyadan olan veteranlara xidmət göstərib. Hətta son bir ay ərzində İkicni Dünya müharibəsi iştirak edən, yaşı 100-dən çox olan iki qadın veteran – Fatma Səttarova və Anna Xarkovskaya da Mərkəzinizdə müalicə aldı və mediaya açıqlamalarında müalicə ilə bağlı öz minnətdarlıqlarını ifadə etdilər. Mərkəzinizə daha hansı kateqoriyadan olan veteranlar müraciət edir?

-Biz bütün veteranlarımıza, eləcə də Birinci Qarabağ və Vətən müharibəsi veteranlarımız, antiterror əməliyyatlarında iştirak edən veteranlarımızla yanaşı, həm də Əfqanıstan, Çernobıl və İkinci Dünya müharibəsi veteranlarına sevə-sevə xidmət göstərir və onların hər bir müraciətinə həssaslıqla yanaşır.

Veteranlarımızın  müalicəsi ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovla da bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparmış, birgə addımlar atmışıq. Bir neçə müharibə veteranı Cəlil müəllim tərəfindən bizə istiqamətləndirilib və onların müalicəsi təmin edilib. Gələcəkdə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə koordinasiyalı fəaliyyət şəklində bu istiqamətdə birgə tədbirlər həyata keçirəcəyik.

Son bir ayda yaşı 100-dən yuxarı olan iki veteranımızın müalicəsi ilə məşğul olmuşuq. Qeyd etdiyiniz kimi, onlar bu müalicədən məmnunluqlarını dilə gətiriblər.

Müharibədən sonra istər YAŞAT Fondu vasitəsilə xəstəxanamızda yerləşdirilən qazilərimizə, istərsə də bilavasitə bizə müraciət edən müharibə iştirakçılarına bütün potensialımızla xidmət göstərmişik və bundan sonra da bu məsələdə aktivliyimizi qoruyacağıq.

-Bakı Sağlamlıq Mərkəzi yüksək tibbi təchizatla yanaşı, həm də peşəkar, qayğıkeş həkim kolektivinə malikdir. Maraqlıdır, xəstələrə münasibətdə bu cür qayğıkeş və vicdanlı davranış sərgiləyən işgüzar kollektiv formalaşdırmağa necə nail olmusunuz?

-Həkimlik peşəsi insanların sağlamlığına xidmət edir və ali bir peşədir. Burada mütləq şəkildə peşə vərdişləri ilə yanaşı, yüksək insani münasibətlərə ehtiyac var. Həkim, tibb personalı qarşısındakı xəstənin yerinə öz doğmasını qoymalı və onlara bu cür yanaşmalıdır.

Bizim xəstəxanamız kifayət qədər böyükdür. Xəstəxanamızda yüzlərlə personal və həkim var. Pasiyent və onların yaxınlarına münasibətdə ən ümdə prinsipimiz bizə müraciət edən hər kəsə bacardığımız qədər, tibbin imkanları daxilində düzgün və keyfiyyətli xidmət göstərməkdir.

Istənilən xəstənin müalicəsi ilk növbədə qayğıdan başlayır. “Qayğı müalicəsi”nin ardınca peşə müalicəsi gəlir. Effektiv müalicə üçün bu iki müalicənin bir-birini tamamlaması vacibdir.

Həkimlik peşəsi həkimin əynindəki ağ xələt qədər pakdır və orada xırda bir qara ləkə də həmin an diqqət çəkir. Buna görə də biz hər zaman həkimlərimizə bu həqiqətləri xatırladır, onlarla bu barədə mütəmadi söphbətlər aparırıq. Bildiyiniz kimi, hər bir həkim peşə fəaliyyətinə başlamazdan öncə Hippokrat andı içir. Ancaq mən hesab edirəm ki, bu məsələdə anddan daha vacib bir şey var. Bu da vicdandır. Vicdan olan yerdə anda ehtiyac yoxdur. Hər kəsin andı öz vicdanıdır və hər kəs hansı peşədə çalışmasından asılı olmayaraq, vicdanının səsinə qulaq asmalıdır.

-Mərkəziniz gənc həkimlərin yetişdirilməsi prosesində iştirak edirmi?

-Bakı Sağlamlıq Mərkəzi Seçenov Universitetinin Bakı filialının klinik bazası olaraq fəaliyyət göstərir. Biz publik hüquqi şəxs olaraq klinik baza kimi diaqnostika və müalicə işi ilə yanaşı, istər  Seçenov Universitetinin tələbələrinin praktiki məşğələlərinin keçirilməsində, istərsə də həkim-rezidentlərin rezidentura təhsilində, o cümlədən, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müdavimlərinin praktiki biliklərə yiyələnməsində aktiv iştirak edirik. Xəstəxanamızda müasir Tədris Simulyasiya Mərkəzi var ki, bu mərkəzin bütün post-sovet məkanında yalnız bir alternativi mövcuddur.  Simulyatorlar, “robot xəstələr” üzərində diaqnostik və digər cərrahi bacarıqlar, reanimasyon tədbirləri, travmatoloji bacarıqlar, eyni zamanda tikiş bacarığı və s. ilə bağlı bu mərkəzdə praktiki bacarıqların formalaşdırılması işi aparılır.

Bakı Sağlamlıq Mərkəzində hal-hazırda 107 rezident rezidentura kursu keçir. Bundan əlavə, 20-yə yaxın rezidentlər isə müxtəlif bazalardan bizə rotasiya olunaraq tibbi bacarıqlarını artırırlar. Seçenov Universitetinin yüzlərlə tələbəsi bizim xəstənamızda nəzəri təlimlər alır, dərslər keçirlər.

Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin ilk araşdırma aparan xəstəxanası kimi təsdiq edilib. Biz elmi araşdırmalar, üçüncü faza klinik çalışmalar aparmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir.

-Bildiyimiz qədəri ilə, Bakı Sağlamlıq Mərkəzi həm də müxtəlif elmi konfranslar da təşkil edilməkdədir...

-Bəli. Xəstəxanamızda konfranslar, elmi-praktiki simpoziumlarla bağlı kifayət qədər böyüş işlər görülüb. Həkimlərimiz ölkəmizdə və onun hüdudlarından kənarda, yaxın və uzaq xaricdə bir çox elmi-tibbi cəmiyyətlərin üzvləridir. Orada aparıcı ekspertlər olaraq çıxış edir, Azərbaycanın adını elmi konfranslarda ucaldırlar.

Xəstəxanamızda böyük konfrans salonu fəaliyyət göstərir. Zallarımızda müxtəlif seminarlar və tədbirlər keçirilir. Bakı Sağlamlıq Mərkəzində 2023-cü ildə Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilirdi.

Xəstəxanamız elmi-praktiki konfransların, simpoziumlarım keçirilməsində təşəbbüskar mövqe sərgiləyir və bu fəallığı bundan sonra da qoruyub saxlamaqda qərarlıyıq.

Seymur ƏLİYEV

2024-03-14 15:06:12
2920 baxış

Digər xəbərlər

“Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” adlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” şüarı ilə tədbir keçirilib. Tədbir Türkiyədəki meşə yanğınlarına qarşı Türkiyə dövləti və qəhrəman türk xalqının apardığı mübarizəyə, Azərbaycanın bu mübarizəyə verdiyi dəstəyə həsr olunub, Azərbaycan-Türkiyə qardaşlığı tarixi aspektdən təhlil və şərh edilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.   Müharibə veteranlarının, ictimai fəalların, kursantların qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tarixin bütün mərhələlərində hər iki xalqın bir-birinə ciddi dəstək verdiyini, xüsusilə dar məqamlarda, həlledici anlarda bir-birlərinin yanında olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin, Türkiyə xalqının Azərbaycana siyasi-diplomatik və mənəvi baxımdan ciddi dəstək verdiyini bildirən Cəlil Xəlilov, bu gün yanğınlara qarşı mübarizə aparan qardaş Türkiyəyə dövlətimizin intensiv və mütəmadi dəstək verdiyini qeyd edib.   Sədr müavini çıxışında Türkiyədə yanğınlara qarşı mübarizədə iştirtak edən  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğın-xialsetmə əməkdaşlarının peşəkarlığını da yüksək qiymətləndirib, yanğınsöndürənlərimizin kütləvi meşə yanğınlarına qarşı əzmlə mübarizə apardığını bildirib. Yanan evlərin birindən FHN-nin yanğın-xilasetmə əməkdaşının türk bayrağını xilas etməsi faktına diqqət çəkən Cəlil Xəlilov, bunu Azərbaycan insanının, Azərbaycan vətəndaşının Türkiyəyə, Türkiyə bayrağına, Türkiyə dövlətinə olan münasibəti kimi dəyərləndirib, fövbqəladə hallar naziri Kəmaləddin Heydərova rəhbəri olduğu qurumun fəaliyyətini yüksək səviyyədə təşkil etdiyi üçün öz təşəkkürünü bildirib.   Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında, onun ərazilərinin erməni-bolşevik qüvvələrindən azad edilməsində Osmanlı dövlətinin göstərdiyi hərbi dəstəyə diqqət çəkib. İstər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana böyük dəstək verdiyini qeyd edən polkovnik, Azərbaycan xalqının da Birinci Dünya Müharibəsi və Qurtuluş savaşı dönəmində türk xalqının yanında olduğunu bildirib.   Daha sonra polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Azərbaycan yanındadır, Türkiyəm!” klipi nümayiş olunub.   Klip nümayişindən sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi-mənəvi köklərə malik olduğunu bildiriblər, bu qardaşlığın sarsılmazlığına inamlarını ifadə ediblər.

Hamısını oxu
Dövlətçiliyin keşiyində əzmkar xidmət nümunəsi

Artıq 31 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar, sözün əsl mənasında, xalqımızın əmin-amanlığı, dövlət və dövlətçiliyin daha da gücləndirilməsi naminə fədakar xidmətini davam etdirməkdədir. Ötən illərdə Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşıb və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışıb. Yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlar Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində formalaşıb, inkişaf edib, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Daxili Qoşunlar yarandığı gündən ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, Vətənin müdafiəsində də iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyub. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti yeni mərhələyə qədəm qoyub, onun təyinatından irəli gələn vəzifələrin icrasında zəngin təcrübə qazanılıb, geniş quruculuq işləri aparılıb, maddi-texniki baza yenilənib, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri qurulub, Daxili Qoşunlar döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib.  Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib. Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti və döyüş ruhu kifayət qədər yüksəkdir. Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.   Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru  

Hamısını oxu
ASCO sədrindən nümunəvi addım: Vətən müharibəsi qazisinin təhsil xərcini öz üzərinə götürdü

İvan Levşaya ASCO tərəfindən xüsusi təqaüd də veriləcək  Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev yüksək bal toplayan tələblələrlə görüşüb. Görüş əsnasında Rauf Vəliyev bu il  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına qoşulan, akademiyanın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən 44 günlük Vətən müharibəsi qazisi, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə təltif olunan İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini bəyan edib. Həmçinin, bildirilib ki, Vətən mmüharibəsi qazisinə ASCO tərfindən xüsusi təqaüd də veriləcək. Məlumat üçün qeyd edək ki, bu, ASCO tərəfindən müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı yeganə fakt deyil. Belə ki, son iki ildə ASCO mütəmadi surətdə müharibə iştirakçıları ilə bağlı məsələlərə xüsusi diqqət sərgiləyib ki, bu da cəmiyyətdə mənunluqla qarşılanıb. Vətən müharibəsi qazisinin təhsil haqqının ASCO tərəfindən ödənilməsi ilə bağlı qərar da ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb. Seymur ƏLİYEV

Hamısını oxu
“Brüssel görüşü bir daha göstərdi ki, Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir”

    “Brüssel görüşü Azərbaycanın siyasi-diplomatik uğurudur. Xüsusilə qeyd etməliyik ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə regionda olduğu kimi beynəlxalq arenada da yeni reallıqlar yaratmışdır. Beləki, Brüssel görüşünün nəticəsində Avropa İttfaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata verdiyi bəyanat Azərbaycanın irəli sürdüyü tezislərlə uyğunluq təşkil edir. Xüsusilə də, Ş.Mişel tərəfindən səsləndirilən bəlkə də ən vacib siyasi mesaj hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyidir”.   Bu sözləri saytımıza cənab Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   O, Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilən üçtərəfli görüşünü şərh edib. “Bu mühüm tədbirdə Azərbaycanın mövqeyi yenidən səsləndirildi və Qərbdəki tərəfdaşlarına çatdırıldı. Aydın oldu ki, Azərbaycanın münaqişədən sonrakı gündəliyini hamı tanıyır. Avropanın ən nüfuzlu təşkilatı olan Aİ bu məsələdə Azərbaycanın mövqeyini bölüşür”, - deyə millət vəkili bildirib.   Tamam Cəfərova açıqlamasında bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazda sülh və siyasi stabillik arzulaması Qərbin liberal dəyərləri ilə deyil, daha çox praqmatik siyasət zərurətindən irəli gəlir. Siyasi gərginlik Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ən vacib arteriyalardan biri olan Cənubi Qafqaz regionunu daima təhlükə altında saxlayır. Revanşizmin təsiri altında və ya kənar qüvvələrin təhriki ilə Ermənistanın Azərbaycana qarşı ata biləcəyi istənilən yeni hərbi təxribatın mənfi təsirləri Cənubi Qafqaz regionunun sərhədlərini aşaraq Avropa İttifaqının siyasi və iqtisadi durumuna zərbə endirə bilər. Xatırladaq ki, Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edən Aİ  bu illər ərzində enerji sahəsində, başda Cənub Qaz Dəhlizi üzrə 2011-ci il tarixli Birgə Bəyannamə olmaqla, bir çox strateji əməkdaşlıq qurmuşdur. Bu baxımdan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasında Aİ olduqca maraqlıdır.   T. Cəfərova xüsusilə qeyd edib ki, Ş. Mişelin 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi ilk növbədə Avropa İttfaqının bu formatların tanınması və onlarla hesablaşması anlamına gəlir. Burada əsas məqam ondan ibarətdir ki, hər üç görüş və bəyanat Aİ-nın geosiyasi rəqibi olan Rusiyanın iştirakı və vasitəçiliyi ilə keçirilmiş və imzalanmış razılaşmalardır. Ş. Mişelin bu bəyanatların yerinə yetirilməsinə çağırış etməsi Avropa ittifaqının indiyə qədər əldə edilən razılaşmalara qarşı hər hansı bir irad və ya narazılığının olmamasından xəbər verir.   Ş.Mişel verdiyi bəyanatda regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Eyni zamanda bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.   Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.    Şübhəsiz ki, bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin növbəti böyük siyasi-diplomatik uğurudur.    Biz görürük ki, artıq gündəmdə sərhəd və Zəngəzur məsələsidir. Yəni Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir. Bir nəticəni də qeyd etmək olar. Artıq Azərbaycan Avropa İttifaqının reabilitasiya, yenidənqurma proseslərinə maliyyə dəstəyi verəcəyinə nail ola bilib. Bu iki nəticə çox vacibdir və Azərbaycan buna nail olub.   Həmçinin onu da qeyd etməliyik ki, görüşdə mühüm məqamlardan biri, Zəngəzur və Laçın dəhlizində gömrük postlarının qurulması ilə bağlı idi. Təbii ki, burada da  Prezident İlham Əliyev qətiyyətlilik nömayiş etdirərək, diqqətə çatdırdı ki, əgər Zəngəzur dəhlizində  gömrük postları olacaqsa, o cümlədən Laçın dəhlizində də bu, tətbiq olunacaq. Bununla da, bir daha Cənab Prezident göstərdi ki, Azərbaycan dövləti Azərbaycan xalqının milli maraqlarından irəli gələn siyasət yürüdür.

Hamısını oxu