Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanda xalq-ordu birliyi əzəli və əbədidir və heç bir qüvvə bu birliyi poza, bu birliyə xələl gətirə bilməz.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bütün çətin, həlledici anlarda ordu xalqın, xalq isə ordunun yanında olub, bir-birlərinə dəstək verib: “Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ölkəmizdə hər zaman ordu ilə xalq arasında çox mühüm birlik, həmrəylik mövcud olub. Bu həmrəylik taleyüklü məsələlərdə özünü bütün əzəməti ilə büruzə verib. Müstəqillik tariximizin bütün mərhələlərində - istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində biz bu birliyə şahid olmuşuq”.

Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqın ordu ilə sərgilədiyi həmrəylik bütün dünyada böyük marağa səbəb oldu, heyrətlə qarşılandı: “Nəinki gənc nəslin nümayəndələri, yeniyetmələrimiz, ahıllarımız belə orduya dəstək vermək, həmin vaxt işğal altındakı torpaqlarımızın azadlığına töhfə vermək üçün orduya yazılmağa çalışır, bunun üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə kütləvi müraciətlər ünvanlayırdı. İnsanlar maddi vəsaitlərini, əmlaklarını orduya bağışlayır, ön və arxadakı hərbi birliklərə fasiləsiz yardımlar göndərirdi. Məhz bütün bu dəstəyin sayəsində ordu müharibənin hər bir anında xalqı öz yanında hiss etdi, xalqın sevgisindən qüvvət aldı”.

Cəlil Xəlilov bildirib ki, heç bir qüvvə xalq-ordu arasındakı bu birliyi poza bilməyəcək: “Bu gün bəzi antimilli qüvvələr, təxribatçı ünsürlər ölkəmizdə xalq-ordu birliyini pozmağa, bu birliyə kölgə salmağa çalışır. Lakin hər kəs bilməlidir ki, Azərbaycanda xalq-ordu birliyi möhkəm və əbədidir. Heç kim bu birliyi poza, buna xələl gətirə bilməz. İstər Ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən xalq-ordu birliyinin güclənməsi, bu birliyin daha da möhkəmlənməsi istiqamətində çox mühüm işlər görülüb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün xalq-ordu birliyi “Dəmir yumruq” qədər güclü və sarsılmazdır. Hər bir Azərbaycan vətəndaşı bu birliyin keşiyində durmalı, onu qoruyub saxlamaq, daha da möhkəmləndirmək üçün əlindən gələni əsirgəməməlidir.

Biz də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq xalq-ordu birliyini daim diqqət mərkəzində saxlamaqda, gənclər, yeniyetmələr arasında bu istiqamətdə mühüm təbliğati işlər həyata keçiririk. İnanıram ki, biz yaxın gələcəkdə dövlət və cəmiyyət olaraq xalq-ordu birliyinin daha da güclənməsinə, mahiyyət etibarı ilə yeni mərhələyə yüksəlməsinə nail olacağıq”.

2024-05-18 19:51:21
3492 baxış

Digər xəbərlər

Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir

Ermənistan Ağdam rayonunda basdırılan piyada və tank əleyhinə minaların xəritəsini Azərbaycana verib. Bu, minlərlə insanın təhlükəsizliyini təmin etmək, milyonlarla manat vəsaitə qənaət etmək deməkdir. Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O qeyd edib ki, Ağdam rayonu üzrə mina xəritəsi əsasında Ermənistanın bir vaxtlar Ağdam rayonu ərazisində basdırdığı 100 mindən çox minanın yerini müəyyən etmək mümkün olacaq. Bu isə minlərlə insanın təhlükəsizliyinin təmin edilməsi deməkdir. Unutmaq olmaz ki, minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həmin minaların zərərsizləşdirilməsi prosesini də sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün daha əlverişli zəmin yaradacaq. Biz bundan sonra həmin ərazilərdə abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasına şahid olacağıq. Polkovnik qeyd edib ki, Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi ölkəmiz üçün iqtisadi baxımdan da faydalıdır: “Minalanmış ərazilərin xəritəsinin əldə edilməsinin daha bir əhəmiyyəti həm də bilavasitə iqtisadi qazancla bağlıdır. Belə ki, bu xəritənin əldə edilməsi ölkəmizə milyonlarla manat vəsaitə qənaət etməyə, həmçinin vəsaiti digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Çünki minaların axtarılması, onların yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesi təhlükəli olmaqla yanaşı, həm də böyük maliyyə vəsaiti tələb edən prosesdir. Bunun üçün müəyyən texnika, ixtisaslı kadrlar, çoxsaylı mütəxəssislər tələb edilir. Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi bizi bu xərclərin böyük hissəsindən azad edəcək. Bu isə həm də iqtisadi uduş deməkdir”. C.Xəlilov Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin dövlətimizə verilməsinin mühüm diplomatik zəfər olduğunu və milli dövlətçilik tariximizdə də məhz bu cür əks olunacağını vurğulayıb. O, qeyd edib ki, digər rayonlarımız üzrə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi dövlətimizin diqqətindədir və Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir.

Hamısını oxu
İki dünyanın 46 yaşlı GENERALI

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. Publika.az xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olur. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı verilib. O, ailəli olub, 2 oğul və 1 qız atası idi. Yeni yaşın mübarək, cənab General!      

Hamısını oxu
Laçında müharibə veteranlarının bizneslərinə mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Trend-in Qarabağ bürosu xəbər verir ki, mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini yaxından tanış etmək olub. Tədbir zamanı media nümayəndələrinə Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslə təmin olunub, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. Mediatur çərçivəsində jurnalistlər əvvəlcə Vətən müharibəsi iştirakçısı Şahin İsgəndərov üçün yaradılmış arıçılıq təsərrüfatına və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün qurulmuş avtotəmizləmə xidməti sahəsinə baş çəkiblər. Daha sonra media nümayəndələri müharibə veteranı ailə üzvü Ramin Həsənov üçün yaradılmış dönərxananın və Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyəti ilə tanış olublar. Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Teymur Əhmədovun vəfatı ilə bağlı başsağlığı verib

"Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində  vurğulanır ki, Teymur Əhmədov peşə fəaliyyəti dövründə ölkə jurnalistikasının inkişafına mühüm töhfələr verib, hər zaman mili maraqların, dövlətçilik maraqlarının keşiyində dayanıb. Şəhid ailələri, qazi və veteranlarla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşan Teymur Əhmədov, veteranlarla əlaqədar çoxsaylı  tədbir və görüşlərin işıqlandırılmasında, onların arzu və istəklərinin əlaqədar qurumların diqqətinə çatdırılmasında, veteranlara dövlət dəstəyi ilə bağlı layihələrin ictimailəşməsində mühüm rol oynayıb. Bu səbəbdən də Teymur Əhmədov sadəcə yaxınlarının, media nümayəndələrinin, ictimai-siyasi fəalların deyil, eyni zamanda veteranların qəlbində hər zaman yaşayacaq, dərin hörmət və ehtiram hissi ilə yad ediləcək.   Məlumat üçün qeyd edək ki, Teymur Əhmədov 1995-ci ildən "Respublika" qəzetinin baş redaktoru olub.

Hamısını oxu