Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Türkiyənin Antalya bölgəsində Azərbaycan mədəniyyətinə həsr olunmuş layihələr reallaşdırılacaq...

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Antalya bölgəsi Böyük Şəhər Bələdiyyəsinin müavini, Mədəniyyət və Turizm məsələləri üzrə müşaviri Durmuş Ali Arslanla görüşmüş, Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrin genişləndirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb. 

Görüşdə Antalya bölgəsi Böyük Şəhər Bələdiyyəsinin xarici əlaqələr dairə rəhbəri Zeyneb Tuğçe Çiftçibaşı, yerli azərbaycan icmasının təmsilçisi, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Azər İsmayıl da iştirak ediblər.

Keçirilən görüşdə dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış strateji Şuşa bəyannaməsi, mədəniyyət sahəsində imzalanmış saziş əsas götürülərək iki tərəf arasında mədəni əməkdaşlığın genişləndirilməsi, Türkiyənin vacib tarixi, mədəniyyət və turizm bölgəsi olan Antalya ilə Azərbaycan şəhərləri arasında “qardaşlaşmış şəhərlər” layihəsinin icrası, Azərbaycan tarixi və mədəniyyətinin tanınmış simalarının adlarının gələcəkdə əbədiləşdirilməsi, onların adlarının  Universitetlərdə yaradılacaq Azərbaycan ocaqları və küçələrə verilməsi, bölgədə keçirilən böyük mədəniyyət festivallarında Azərbaycanın geniş təmsil olunması müzakirə olunub.

Görüş nəticəsində regionun ən böyük mədəni hadisəsi olan Antalyada keçirilən məşhur Beynəlxalq Yörük Türkmen Festivalı və Kitab Sərgi Yarmarkasında Azərbaycanın təmsil olunması, eyni zamanda Azərbaycanda keçiriləcək Beynəlxalq Kitab Sərgisində də Antalya yayım evlərinin iştirakı, məşhur Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması, il ərzində bölgədə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi”nin keçirilməsi, Antalya şəhəri və bölgənin şəhərləri ilə Azərbaycanın şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin reallaşdırılması, Azərbaycanın müstəqilliyinin memarı,  Ümummilli lider Heydər Əliyevin, habelə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin adlarının  əbədiləşdirilməsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb.

Qeyd edək ki, Akdeniz Universitetində yaradılacaq Azərbaycanşünaslıq Mərkəzində ölkəmizə dair mini kitabxana fəaliyyət göstərəcək, mühazirə və açıq dərslərin aparılması məqsədi ilə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair guşələr, portretlər, rəsmlər, suvenirlər, xalçalar və daimi sərgilərin yer aldığı auditoriya təşkil olunacaqdır. Mərkəz texniki avadanlıqlarla təmin olunacaq, ana dilimiz geniş təbliğ ediləcəkdir. Azərbaycanşünaslıq Mərkəzində dövlət rəmzlərimiz, ölkələrimizin qardaşlıq münasibətləri, tariximiz, mədəniyyətimiz və dahi şəxsiyyətlərimizə dair guşələr yer alacaqdır.

Bundan başqa, Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Antalya bölgəsi üzrə Mədəniyyət və Turizm müdirinin müavini İlknur Kökenlə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq, mədəniyyət sahəsində Antalyada keçirilən Kültür Yolu Festivalı, bölgədə keçiriləcək Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş tədbirlər, yerli Azərbaycan icması - Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin bu istiqamətdə təşəbbüslərinə dəstək və əlaqələrin genişləndirilməsinə dair müzakirələr olub və əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.

Görüşlərdə Anatalyada inşası yaxın aylarda yekunlaşdırılacaq Türküstan Mədəniyyətləri Muzeyində Azərbaycan mədəniyyətinin də yer alması və milli stendimizin təşkili ilə əlaqədar danışıqlar aparılıb, sözügedən işlərin Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə aparılması qərarı verilib.

 

2024-07-13 23:43:41
2845 baxış

Digər xəbərlər

“BDU rektorunun rəhbəri olduğu bu layihə erməni faşizminin ifşası baxımından böyük önəm kəsb edir”

Məşhur Məmmədov: “Bu hesabatdan məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsində ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcək”   Məlum olduğu kimi, bir müddət bundan öncə Bakı Dövlət Universitetində  “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın tədimatı keçirilib, bu hesabat haqqında ictimaiyyətə ətraflı məlumat verilib. BDU rektorunun ideya müəllifi və rəhbəri olduğu layihənin hazırlanmasında universitetinin professor-müəllim heyəti ilə yanaşı, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyənin görkəmli mütəxəssisləri də iştirak edib. Layihənin hazırlanmasında məqsəd 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin təhlil edilməsi olub. Xatırladaq ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan bu hesabatın beynəlxalq təşkilatlara, dünyanın bir çox ölkələrinin rəsmi qurumlarına, o cümlədən beynəlxalq vətəndaş institutu cəmiyyətlərinə göndərilməsi nəzərdə tutulur. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi layihələrin milli maraqlarımız, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib: “İlk növbədə qeyd edim ki, 30 il ərzində baş verənləri unutmağa, yaddan çıxartmağa mənəvi haqqımzı yoxdur. Biz hər zaman bu məsələləri gündəmdə saxlamalı, beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq. Sadəcə Qarabağ və ətraf ərazilərdə deyil, həm də indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından qovulan, didərgin salınan soydaşlarımızın bu torpaqlara qayıtması da diqqət mərkəzində saxlanılmalıdır. Biz beynəlxalq aləmin də diqqətini bu məsələlərə cəlb etməliyik. Azərbaycan xalqına dəyən maddi və mənəvi zərərin qarşılanması, Ermənistan tərəfinin buna görə gərəkli təzminatın ödəməsi məsələsi də ən aktual məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.  Biz həmişə görürük ki, Avropa dövlətləri öz ölkələrində, yaxud dünyanın digər bölgələrində yaşayan xristianlarla bağlı həssaslıq sərgiləyir. Bu gün Qarabağdakı 30 min erməniyə görə az qala bütün dünya narahatlıq ifadə edir. Amma bir milyondan çox azərbaycanlının haqlarının pozulması ilə bağlı nə Avropa Şurasında, nə Avropa dövlətlərində ciddi bir narahatlıq müşahidə edilmir. Bizim mənəvi baxımdan haqqımız var ki, daim bu məsələlərə diqqət çəkək, bunu beynəlxalq məhkəmələrə daşıyaq. BDU rektoru Elçin Babayevin rəhbəri olduğu bu layihə həm milli maraqlarımızın müdafiə edilməsi, həm erməni faşizminin ifşa edilməsi, həm də soydaşlarımızın pozulan haqlarının təmin edilməsi baxımından mühüm bir layihədir. Əslində oxşar layihələrin hazırlanması və beynəlxalq aləmdə yayılması istqiamətində digər qurumlar da aktivlik sərgiləməli, hər bir kəs erməni faşizminin ifşasında yaxından iştirak etməlidir. Bildiyiniz kimi, bu məsələlər Milli Məclisin də gündəmindədir. Milli Məclisin sədri Sahibə Qafarova xarici səfərlərində erməni vəhşiliklərinə diqqət çəkir, Xocalı soyqırımının tanınması, məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi, onlara dəyən zərərin ödənilməsi və s. kimi məsələləri hər zaman diqqətdə saxlayır, beynəlxalq ictiamiyyəti bununla bağlı ətraflı şəkildə məlumatlandırır. Deputat qruplarımız da xarici ölkələrə səfərlər əsnasında bu məsələləri qaldırır. Bu, cənab Prezidentimizin bizim qarşımızda qoyduğu bir məsələ olmaqla yanaşı, həm də mənəvi borcumuzdur. Vətəndaşlarımızın hüquqlarının bərpa olunması, doğma yurdlarına qayıtmasının təmin edilməsi dövlətimizin, Prezidentimizin daim diqqət mərkəzində saxladığı bir məsələdir və bu istiqamətdə görülən işlər göz önündədir. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” olduqca mühüm əhəmiyyətə malik böyük bir layihədir və təqdir edilməlidir. İnanıram ki, bu hesabat məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsi, erməni faşizminin etdiyi əməllərə görə cəzalandırılması baxımından mühüm sənəd rolunu oynayacaq, bu hesabatdan ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcəkdir”. Seymur ƏLİYEV    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqət ayırır

         Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 02 sentyabr 2016-cı il tarixdə Şəki şəhərində seminar–müşavirə keçirtmişdir.          Layihınin rəhbəri - Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general- mayor Dadaş Qərib oğlu Rzayevdir. Seminar –müşavirəni Respublika Veteranlar Təşkilatın sədr müavini polkovnik Cəlil Malik oğlu Xəlilov açaraq layihə haqqında məlumat verib.          Layihə Oarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihənin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.        Layihənin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.      Seminar-müşavirədə Şəki, Balakən Qəbələ, Qax, Oğuz, Zaqatala, Mingəçevir şəhər (rayon) veteran təşkilatlarının sədrləri, eyni zamanda Şəki şəhər Veteranlar Təşkilatının əməkdaşları, həmin rayonun fəal gəncləri, veteranları, şəhid ailələri, müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri iştirak etmişdir.      Seminar-müşavirədə “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Qəhrəmanlar unudulmur”, “Xalqı qəhrəmanlar ucaldır”, “Şəki qəhrəmanlar diyarıdır” mövzularında məruzələr dinlənilib, çıxışlar olub.         Tədbirin sonunda Azərbaycan Milli Qəhərmanlarına həsr olunan film nümayiş etdirilib, bir neçə şəhid ailəsinə ərzaq yardımı edilib.  

Hamısını oxu
Polkovnik: Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir

Bakı, 29 yanvar, AZƏRTAC “Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı əsl mənzərəni üzə çıxardı: “2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, müasir Azərbaycan gəncləri öz vətənlərinə, bayraqlarına, milli-mənəvi dəyərlərinə dərin sevgi və bağlılıq hiss edir, dövlətimizin inkişafında yaxından iştirak edirlər. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət proqramları, məqsədyönlü siyasət gənclərimizi dövlətimizin inkişafının avanqard qüvvəsinə çevirib. Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi layihələr, onlara göstərdiyi qayğı da sevindiricidir və təqdir edilməlidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin gücünü, Vətən sevgisini, cəsarət və mübarizə ruhunu dünyaya göstərdi. Müharibə sübut etdi ki, gənclərimiz dövlətimiz, xalqımız üçün təhdid təşkil edən istənilən təhlükəni aradan qaldırmağa, öz qətiyyətləri, rəşadətləri, cəsarətləri ilə Vətənimizin düşmənlərini darmadağın etməyə, öz adlarını tarixə qızıl hərflərlə yazmağa qadirdir”. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının gənclərlə sıx əməkdaşlıq etdiyini, öz sıralarını gənc veteranlar hesabına sürətlə genişləndirdiyini vurğulayıb: “Təşkilatımız ilk gündən gənclərlə əməkdaşlığa mühüm önəm verib, onlarla mütəmadi şəkildə görüşlər keçirib. Bu baxımdan “Nəsillərin görüşü” silsiləsindən hər il çoxlu sayda görüş təşkil olunur ki, bu görüşlərdə gənclər və veteranlar bir yerə toplanır, qarşılıqlı fikir mübadiləsi aparırlar. Belə görüşlər gənclərimizin veteranlarımızın həyat və mübarizə yolunu daha yaxından öyrənməyə, öz dünyagörüşlərini zənginləşdirməyə kömək edir. Respublika Veteranları Təşkilatı öz sıralarını həm də gənc veteranlar hesabına sürətlə genişləndirməkdədir. Bu gün Silahlı Qüvvələrimizin tərkibində on minlərlə gənc yer alır. Onlar sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmaqda, Vətənə sədaqətlə xidmət etməkdədirlər. İnanıram ki, gənclərimiz bundan sonra da xalqımızın və dövlətimizin etimadını layiqincə doğruladacaq, bilik və bacarıqları, cəsarət və qəhrəmanlıqları ilə yeni tarix yazacaqlar”.

Hamısını oxu
İstanbulda Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Eldəniz Babayevin “Zafer müjdesi” adlı fərdi sərgisinin açılışı olub

Cari il 27 iyun tarixində İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Eldəniz Babayevin “Zafer müjdesi” fərdi sərgisinin açılışı olub.  Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycandakı Atatürk Mərkəzi, Azərbaycan Rəssamlar Birliyi, Bakı Rəsm Qalereyası, “Yeni Gallery” Bakı Sənət Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə keçirilib. Tədbirdə İstanbuldakı dövlət nümayəndələri, müxtəlif bələdiyyələrin rəhbərliyi, ictimaiyyət təmsilçiləri, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva Azərbaycanın müstəqilliyinin 105-ci, Türkiyənin istiqlaliyyətinin 100, Ulu Öndər Heydər Əliyevin doğumunun 100 illiyinə həsr olunmuş sərginin Türkiyədə də təqdim olunmasının əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycan-Türkiyə qardaşlığı, dövlətlərimiz arasında strateji əməkdaşlıq barədə danışıb. Baş konsul sərginin mövzusunun Türkiyədə də maraqla qarşılandığını, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi dəstəyini vurğulayaraq, əldə edilən zəfərin nümayiş etdirilən rəsm əsərlərində öz əksini tapdığını vurğulayıb. Çıxış edən Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri Zeki Eraslan, TÜRKSOY baş katibinin müavini Sait Yusuf Azərbaycan mədəniyyətinə Türkiyədə daim böyük maraq olduğunu və dünya mədəniyyətinə böyük töhfələr verdiyini bildirərək, rəssamlıq sənətinin qrafika janrında yaradılmış bu unikal əsərlərin böyük tarixi şəxsiyyətlərimiz, Ulu Öndərlər Mustafa Kamal Atatürk, Heydər Əliyev, habelə ibaşqa sərkərdələr, ədəbiyyat simalarının portretləri gənclərəmizə milli vətənpərvərlik hisslərini aşılamaqla yanaşı, onların irsinə mühüm töhfə olduğunu qeyd ediblər. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət adlandırdığı Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın genişləndiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını qeyd edib. Samir Abbasov hər bir xalqın dünyada öz mədəniyyəti və sənəti ilə tanındığını vurğulayaraq,  mədəniyyətin  inkişaf etmiş sahəsi olan rəssamlıq sənəti ilə Azərbaycan xalqının haqlı olaraq fəxr etməli olduğunu bildirib. O, rəssamlarımızın dünya incəsənətinə böyük töhfələr verdiyini, Azərbaycan rəssamlıq məktəbinin yetişdirdiyi məşhur nümayəndələrin əsərlərinin dünya incəsənətinin inciləri sırasına daxil edildiyini söyləyib. Diplomat Azərbaycan-Türkiyə qardaşlığı, zəfərimizə həsr olunmuş sərgi haqqında danışaraq, rəssam Eldəniz Babayevin bir qələmlə yaratdığı unikal rəsmlərdə tarixi şəxsiyyətlərimizin obrazları, onların iç dünyaları da mükəmməl şəkildə yaradıldığını, rəssamın Türk dünyasına olan böyük sevgisinin hiss olunduğunu qeyd edib. Çıxış edən Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Xalq rəssamı Arif Hüseynov Azərbaycan-Türkiyə dostluğu haqqında danışaraq, Eldəniz Babayev əsərlərində yüksək professionallıq və sənətinə olan dərin bağlılığın hiss olunduğunu, onun əsərlərinin təkrarsızılığı, rəssamlıq, qrafika sənətində özünəməxsus xüsusiyyətlərini qeyd ediblər. Sonda rəssam Eldəniz Babayev çıxış edərək keçirilən sərgidə nümayiş etdirilən əsərlər haqqında danışıb, Azərbaycan və Türkiyə dövlətlərinin qurucuları, tarixi şəxsiyyətlərimiz, habelə 44 günlük Vətən müharibəsində qazanılan zəfərə dair əsərlər yaratdığı üçün xoşbəxt olduğunu və bu möhtəşəm sərgiyə dəstək göstərdikləri üçün Azərbaycan və Türkiyənin müvafiq qurumlarına öz təşəkkürünü bildirib. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin incəsənətə, rəssamlıq sənətinə qayğısından bəhs edən video material nümayiş etdirilib. Tədbirdə Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqram təqdim olunub. Mərkəzin nəzdindəki “Xəzər” Azərbaycan Xalq Rəqsləri Ansamblının üzvləri “Sarı gəlin”, “Naz eləmə” milli rəqslərimizi ifa etmiş, müğənni Vüsalə Əsgərova milli musiqilərimizi ifa ediblər.
“Zafer müjdesi” adlı sərgi çərçivəsində rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətinə həsr olunmuş kitab- kataloq təqdim olunub. Qeyd edək ki, sərgidə Azərbaycan və Türkiyə dövlətlərinin qurucuları, tarixi şəxsiyyətlərimiz, habelə 44 günlük Vətən müharibəsində qazanılan zəfər, xalqımızın məişəti, adət-ənənələri və mədəniyyətini əks etdirən ümumilikdə 80-ə yaxın qrafika və rəngkarlıq işi nümayiş etdirilir. Sərgi Atatürk Mədəniyyət Mərkəzində iyul ayının 5-ə kimi fəaliyyət göstərəcək.  

Hamısını oxu