Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib




Sovet İttifaqı Qəhrəmanı Əkbərov Qəzənfər Qulam oğlu 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir. 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.
Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb. Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”. Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”. Hacıyev deyib ki, görüşlərdə media təmsilçiləri də qeyd edib ki, məsuliyyətli və peşəkar Azərbaycan jurnalistikasının ənənələrinin təkrarən qaytarılması, peşəkar və məsuliyyətli mediamızın daha da gücləndirilməsinə ehtiyac var: “Gərək bu istiqamətdə birgə səylərimizi dava etdirək”. Hacıyev QHT və media təmsilçiləri ilə görüşlərinin Azərbaycan Prezidentinin köməkçisi statusunda keçirildiyini söyləyib: “Prezidentin köməkçisi olmaq hər birimiz üçün böyük şərəf və etimaddır. Biz fəaliyyətimizdə də bu etimadı doğrultmağa çalışırıq. Ona görə də Prezidentin köməkçisi olaraq QHT və media mənsubları ilə bu görüşləri keçiririk. Bir amili də qeyd etmək istərdim. Uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm. Mən media kapitanlarının hər biri ilə görüşdə bu məsələni – jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasını xüsusi olaraq qaldırıram. Mən redaktorlardan dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”. Ramiz Mikayıloğlu
Hamısını oxu
Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Dərin hörmətlə anırıq! Ruhun şad olsun!
Hamısını oxu
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan islahatlar bu qurumdakı şəffaflığı artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsinə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son illər bu qurumda aparılan islahatlar, həyata keçirilən yeniliklər artıq öz müsbət nəticəsini verməkdədir: “General-mayor Mürsəl İbrahimovun rəhbərliyi dövründə SHXÇDX-də fundanmental islahatların aparıldığı, qurum daxilində, eləcə də Xidmətlə vətəndaşlar arasındakı münasibətləri şəfaffaflaşdırmaq və sağlamlaşdırmaq istiqamətində mühüm addımların atıldığı göz önündədir. Bu addımlardan ən önəmlisi Xidmətdə çalışan və fəaliyyətində nöqsanlara yol verən, xüsusilə də rüşvətə bulaşan şəxslərin işdən azad edilməsi, məsuliyyətə cəlb olunmasıdır. Təkcə bir faktı qeyd edək ki, 2025-ci ildə SHXÇDX-nin 172 əməkdaşı məsuliyyətə cəlb olunub. Bu rəqəmin özü Xidmət daxilində aparılan islahatların necə böyük və miqyaslı olduğundan xəbər verir. Hazırda SHXÇDX-də aparılan təqdirəlayiq islahatlardan biri də bu qurumun neqativ hallara qarşı mübarizədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə geniş şəkildə əməkdaşlıq etməsidir. Bir məqamı da qeyd edim ki, SHXÇDX-də aşkarlanan neqativ hallarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdrəsinə bütün məlumatlar əksər hallarda elə Xidmətin özü tərəfindən verilir. Yəni SHXÇDX-i hər hansı bir bölmə və ya şöbədə ciddi neqativ hal aşkar edəndə, o zaman məsələyə hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına müraciət edir. Bundan sonra həmin şəxslərin əməllərinin araşdırılması hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə desək, Xidmət hər hansı neqativ halın gizlədilməsində deyil, aşkarlanmasında, ictimaiyyiləşdirilməsində maraqlıdır və bu faktın özü SHXÇDX-nin şəffaflıq amilinə necə böyük önəm verdiyinin göstərir. Lakin təəssüf hissi ilə vurğulayıram ki, bəzi hallarda media və sosial mediada SHXÇDX-nin həyata keçirdiyi bu islahatlar tamam başqa konteksdə ictimaiyyətin diqqətinə çatdırılır, bəzi qüvvələr Xidmət rəhbərliyinin həyata keçirdiyi bu islahatlardan onun özünə qarşı istifadə etməyə çalışırlar. Məsələn, bugünlərdə SHXÇDX-də çalışan 8 vəzifəli şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olundu. Onların həbsinə səbəb isə həmin şəxslərin vətəndaşlardan rüşvət almasına əsaslı şübhələrin olması olub. Məlum həbslərdən sonra bəzi saytlarda SHXÇDX və onun rəhbərliyi ilə bağlı tənqidi yazılar üzə çıxdı ki, onların heç birinin məntiqi əsası yox idi. Çünki bu həbslərin özü SHXÇDX-nin neqativ hallara qarşı necə ciddi, necə prinsipial mübarizə apardığını göstərir. Hansı ki, buna görə Xidməti, onun rəhbərliyini tənqid etmək yox, alqışlamaq lazımdır. Ümid edirəm ki, yaxın gələcəkdə biz media nümayəndələrinin SHXÇDX-dəki islahatlara daha obyektiv yanaşmasına şahid olacaq, cəmiyyət olaraq müsbət yenilikləri təqdir etməklə Xidmət rəhbərliyini daha böyük uğurlara həvəsləndirəcəyik. Unutmamalıyıq ki, Silahlı Qüvvələri insan resursu təmin edən SHXÇDX-dir. Bu isə o deməkdir ki, SHXÇDX nə qədər şəffaf, nə qədər sağlamdırsa, ordu da bir o qədər güclü, bir o qədər möhkəm, bir o qədər yenilməzdir”. Seymur ƏLİYEV
Hamısını oxu