Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“DTX cinayətlərin qarşısını planlaşdırma mərhələsində almaqla yüksək peşəkarlıq sərgiləyir”

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Məlum olub ki, cinayət qruplaşmasının üzvləri mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Dövlət Təhlükəsizliyi Xidmətinin ekstrekmist qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində atdığı bu addımı yüksək qiymətləndirib:

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşmanın ifşası dövlətçiliyimizin, onun əsaslarının müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından son dərəcə mühm əhəmiyyətə malikdir. Bu əməliyyat hər şeydən öncə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığından, hədsiz çevikliyindən xəbər verir.

Qruplaşmanın cinayət əməlinin qarşısının planlaşdırma mərhələsində alınması da Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir. Qeyd edək ki, bütün dünyada çox az sayda xüsusi xidmət orqanları var ki, onlar planlaşdırılan cinayətlərin qarşısını elə planlaşdırma mərhələsində ala, təhlkəni elə ilkin mərhələdə ortadan qaldıra bilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti də bu cür peşəkar xüsusi xidmət orqanlarından biridir.

Mən bu uğuruna görə Dövlət Təhlükəsizliyi Xidməti təbrik edir, ona bu çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. Eyni zamanda, bütün vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlarda şübhə doğuran istənilən məsələ ilə bağlı güc orqanlarımızı dərhal məlumatlandırmağa səsləyirəm.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zərərsizləşdirilən ekstremist qruplaşma ilə bağlı baş verənlər bir daha göstərdi ki, bu gün də dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını pozmağa, ölkədə xaos, qarışıqlıq yaratmağa çalışan qüvvələr var. Doğrudur, onların bu cəhdlərinin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti və digər güc orqanalrı tərəfindən qətiyyətlə alınır. Lakin bu məsələdə hər bir vətəndaşın hüquq-mühafizə orqanlarına informasiya dəstəyi verməsi, dövlət qurumları ilə sıx əməkdaşlıq həyata keçirməsi zəruridir. Yalnız bu halda biz bütün təhlükələrdən sığortalana bilərik”.

 

2024-12-17 12:10:05
3147 baxış

Digər xəbərlər

"DAYAQ" Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı 20 Yanvar şəhidlərini ziyarət edib

Azərbaycan Xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi həkk olmuş 1990 cı il 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Hər il bu günü xalq böyük izdihamla yad edir. Veteran.gov.az xəbər verir ki, "DAYAQ" Vətən  Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın İdarə Heyəti, şəhid ailələri, qazilər və müharibə iştirakçılarından ibarət çoxsaylı  vətənpərvər üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarları üstünə tər qərənfillər düzüldü. Şəhidlər kompleksinin qarşısına əklil qoyuldu və dualar oxundu. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley tədbirində iştirak etmək üçün xarici ölkələrdən (Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna, Norveç) Azərbaycana gəlmiş nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov da iştirak edib.  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi münasibəti ilə təşkilatın rəhbərliyini və ölkə veteranlarını təbrik edib. Nazir alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsi tədbirlərinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. S.Babayev bildirib ki, nazirliyin xətti ilə bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu kateqoriyadan olan 1118 nəfər şəxs minik avtomobili ilə təmin edilib. İkinci Dünya müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir. Onların pensiya təminatı daim gücləndirilir, hazırda onların orta aylıq pensiya məbləği 400 manata yaxındır. Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş insanlara birdəfəlik maddi yardım verilir. Həmin yardımların məbləği 25 faiz artırılaraq müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Nazir müharibə veteranlarının sanatoriya-kurort müalicəsinin təşkili, əlilliyi olanların reabilitasiya məmulatları ilə təmin edilməsi, tənha ahılların sosial xidmətlə təminatı, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin, 20 Yanvar və Çernobıl əlillərinin sosial müdafiəsi və reabilitasiyası sahəsində aparılan işləri qeyd edib. S.Babayev həmçinin şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi, onların birdəfəlik ödəmə (11000 manat) ilə təmin olunması sahəsində görülən tədbirlər barədə məlumat verib.  C.Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətindən və nazirliklə qarşılıqlı əməkdaşlıqdan bəhs edib, birgə tədbirlərin önəmini diqqətə çatdırıb. Dünya Veteranları Fedarasiyasının prezidenti Dan Viqqo Berqtun, Rusiya Fedarasiyası “Unudulmaz Yaddaş” Xeyriyyə fondunun direktoru,“Qələbə Vərəsələri” Beynəlxalq şurasının Bolqarıstan Respublikası nümayəndəliyinin sədri Skripkaraş Anjela Alekseevna, MDB ölkələri Beynəlxlaq Veteranlar İctimai Birliyinin fəxri üzvü və İcra komitəsinin üzvü Maslyuk Vladimir Solovyeviç və başqaları müharibə veteranlarının sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıblar.

Hamısını oxu
“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycanın tarixi uğuru, qlobal nailiyyətidir”

17 may 2026-cı il tarixində Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) uğurla davam edir. Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə WUF13 və onun tarixi əhəmiyyətini şərh etməyə çalışdıq: -Səmyar bəy, öncə WUF13-lə bağlı təəssüratlarınızı bilmək istərdik. Sizcə Forumun yüksək səviyyədə təşkili dövlətimizin beynəlxalq aləmdəki nüfuzu və təşkilatçılıq qabiliyyəti haqqında nə deyir? - WUF13-ün bütün gözləntilərin fövqündə dayandığı və beynəlxalq miqyasda böyük marağa səbəb olduğu göz önündədir. Foruma 182 ölkədən 40 mindən çox iştirakçının qatılması faktı bunun isbatıdır. Dünya mediasına nəzər salsaq görərik ki, bu gün beynəlxalq medianın əsas mövzusu WUF13 və bu Forumda səsləndirilən təkliflər, gələcəyə yönəlik çağırışlar və  müzakirəyə çıxarılan təcrübələrdir. WUF13-lə bağlı diqqət çəkən məqamlardan biri də Azərbaycanın bu Forumu yüksək səvəiyyədə təşkil etməsidir. Hansı ki, bu fakt bütün iştirakçı dövlətlərin təmsilçiləri tərəfindən məxsusi olaraq qeyd olunmaqda, təsdiqlənməkdədir. İtaliya, Meksika, Belarus təmsilçiləri, eləcə də tədbirdə iştirak edən BMT nümayəndələri və s. Forumun böyük peşəkarlıqla hazırlandığını, Azərbaycanın bundan əvvəlki tədbirlər kimi bu tədbirə də uğurla ev sahbliyi etdiyini vurğulayıblar. Bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir və bu sahədə zəngin təcrübəyə malikdir. Bundan başqa, əksər beynəlxalq təbdirlərə ev sahibliyi etmək üçün məhz Azərbgaycanın seçilməsi bu məsələdə dünya dövlətlrinin və beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadından xəbər verir. -Səmyar bəy, Forumda “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi də iştirak edib, müxtəlif tədbirlər keçirib. Mümkünsə, bir qədər də bu barədə məlumat almaq istərdik. -“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi olaraq “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə birlikdə WUF13 çərçivəsində QHT pavilyonunda iştirak etdik. “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhərlər və görmə məhdudiyyəti olan şəxslərin müyəssərlik problemləri” layihəsi çərçivəsində “Toxunuş və duyğu şəhəri” adlı təqdimat tədbiri təşkil olundu. WUF13 iştirakçılarına əlilliyi olan şəxslərə yaradılan imkanlar haqqında məlumat verdik. Bildiyiniz kimi, WUF13-ün əsas məqsədlərindən biri şəhərlərin dayanıqlığı və inkülizivliyinin təmin olunması ilə bağlıdır. Hansı ki, bütün müəssisə və obyektlərdə, infrastruktur və binalarda inklüzivliyin nəzərə alınması, əlillər üçün optimal şəraitin yaradılması bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Biz bu sahədə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik. WUF13-ün keçirildiyi məkanda bizim bir sıra layihələrimiz təqdim olundu. Biz təqdim olunan Baş plana əsasən taktil döşmələrin tətbiqində  iştirak etdik. Görmə əngəlli şəxslərin bu məkanda rahat hərəkəti üçün hər cür imkan yaradıldı. Eyni zamanda,  “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə birlikdə maket təqdim etdik. Orada şəhərin inklüzivliklə bağlı əvvəlki və möcud vəziyyəti ilə yanaşı, gələcəkdə görmək istədiyimiz mənzərəni paralel şəkildə təqdim etdik. Bu maketlər tədbir iştirakçıları tərfindən böyük maraq və rəğbətlə qarşılandı. Tədbirdə çıxış edən Cəmiyyətimizin üzvləri - ADA Universitetinin Biznes Məktəbinin Hüquq və Biznes üzrə professoru Elnur Eyvazov və WUF13 çərçivəsində yaradılmış əməliyyat təşkilatının müyəssərlik üzrə mütəxəssisi Elman Süleymanov görmə məhdudiyyəti olan şəxslərin informasiya məkanına çıxış imkanlarının genişləndirilməsində süni intellekt texnologiyalarının rolundan, müasir assistiv həllərin abilitasiya və reabilitasiya prosesinə təsirindən, eləcə də gələcək texnoloji inkişaf perspektivlərindən bəhs etdilər. Təqdimat zamanı BDU nəzdində Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi, 15 yaşlı Samirə Cəfərli tərəfindən hazırlanmış “Ağıllı taktil yol” və “Tacto Color” layihələri iştirakçılara təqdim edilib. Samirə Cəfərlinin görmə məhdudiyyəti olan şəxslərin problemlərinə mühəndislik və əlçatanlıq prizmasından yanaşması, innovativ layihələr hazırlaması və öz yaşıdlarını bu fəaliyyətə cəlb etməsi gənclərin sosial problemlərin həllində fəal iştirak potensialını nümayiş etdirən mühüm nümunələrdən biridir. - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirindəki çıxışı da böyük maraq doğurdu. Bu haqda nə deyə bilərsiniz? -Mayın 19-da WUF tarixində ilk dəfə olaraq QHT-lərin birgə toplantısı keçirildi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  də bu toplantıda çıxış etdi. Hörmətli Hikmət Hacıyev dövlətin QHT sektoruna olan dəstəyini ifadə etdi, görülən və görülməsi gərəkən işlərə diqqət çəkdi. Hikmət Hacıyev qlobal əməkdaşlıq məsələsində QHT-lərin daha aktiv rol oynaya biləcəyini vurğulayb, vətəndaş cəmiyyəti institutlatının beynəlxalq əməkdaşlıq sahəsində daha çox aktivlik göstərməsinin zəruriliyini qeyd edib. Bu fakt bir daha sübut etdi ki, dövlətimiz QHT-lərin bütün digər məsələlərdə olduğu kimi bu müstəvidə də fəaliyyətinə ciddi dəstək verir, vətəndaş cəmiyyəti institutları ilə həmrəylik nümayiş etdirir. Biz buna görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə, cənab Hikmət Hacıyevə bu dəstəyə görə öz təşəkkürümüzü bildiririk. QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən “WUF13 NGO Forum”unda çıxış etdi. Hörmətli Aygün xanım qeyd etdi ki, “dayanıqlı inkişaf və şəhərsalma vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan uğur qazana bilməz. Aygün xanım şəhər vizyonunun ictimai etimad, vətəndaş iştirakı və həmrəylik üzərində qurulmasının zəruriliyinə də toxundu. -Bu gün ölkəmizdə görmə əngəlli vətəndaşların rahat hərəkəti üçün hansı işlər görülür? -Artıq bəlli bir müddətdir ki, görmə əngəlli vətəndşlarımızın ictimai nəqliyyatda, metro və avtobuslarda, dəmir yolu və avtobus vağzallarında rahat hərəkəri üçün dövlətimizin tərəfindən böyük işlər görülməkdədir. Bu işlərdən biri də taktil döşəmələrin yaradılması ilə bağlıdır. Metro stansiyalarında, mərkəzi dəmir yolu stansiyasında, eləcə də “Sumqayıt”, “Pirşağı” və s. dəmir yolu stansiyalarında bu istiqamətdə daha geniş işlər görülüb. Səsli işıqformaların quraşdırılması, şəhər infrastrukturunun bütün növ əlillər üçün inklüzivləşməsi istiqamətində tədbrlər davam etdirilir. Xatırladım ki, Azərbaycan regionda bu istiqamətdə mühüm layihələr icra edən qabaqcıl dövlətlərdən biridir. WUF13 iştirakçıları da etiraf etdilər ki, Azərbaycanda inklüzivliyin təmin edilmsi istiqamətində mühüm işlər görülüb. Hnası ki, bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə diqqət mərkəzindədir. WUF13 iştirakçıları inklüzivliklə bağlı Azərbaycan dövlətinin gördüyü işləri, həyata keçridiyi layihələri diqqətlə izləyir, maraqla təhlil edirlər. Onlar bildirirlər ki, bu layihələri öz ölkələrində də təqdim etməkdə maraqlıdırlar. Cənab Prezident də çıxşında inklüzivlik amilinə xüsusi diqqət çəkdi, bu istiqamətdə görülən və görüləcək işlər haqqında ətraflı məlumat verdi. - Bildiyimiz qədəri ilə, WUF13 iştirakçıları “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü Pərvin Qasımovanın da əl işlərini böyük maraqla qarşıladılar... -Bəli. Məlumat üçün bildirim ki, Pərvin Qasımova gözlərinin nurunu Vətən müharibəsi zamanı, ermənilərin Gəncə şəhərində həyata keçirdiyi terror aktları nəticəsində itirib. Biz WUF13 çərçivəsində Pərvin Qasımovanın əl işlərini tədbir itirakçılarına hədiyyə etdik. Forum iştirakçıları bu əl işlərinə böyük maraq göstərdilər. Biz yaxın zamanlarda onun kitabının təqdimatını da edəcəyik və inanıram ki, bu kitab da cəmiyyətimiz tərəfindən böyük maraqla qarşılanacaq. -Səmyar bəy, şəhərlərdə inklüzivliyin təmin olunması yönündə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq edirmi? -Təbii. Biz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə geniş əməkdaşlıq edirik. Məqsədimiz mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsidir. Hesab edirik ki, əlilliyi olan insanlar üçün daha geniş və hərtərəfli imkanlar yaradılmalıdır. Biz bu yöndə bir neçə qanunvericilik təşəbbüsü ilə də çıxış etmişik və bunların bir çoxu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəstəklənib. Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həm özəl, həm də dövlət qurumlarına tövsiyyə olunur ki, əlilliyi olan vətəndaşlar üçün optimal şərait yaradılsın.   Hazırda əlilliyi olan şəxslərlə bağlı bütün sahə və müstəvilərdə inklüzivliyin təmin olunması əsas hədəflərdən biridir. Biz çalışırıq ki, bu insanlar heç kimin dəstəyi olmadan şəhərdə sərbəst hərəkət edə bilsinlər. Bu, əsasən Bakı şəhəri üçün nəzərdə tutulub. Yəqin ki, gələcəkdə Gəncə, Sumqayıt və digər şəhərlərdə də bu infrastrukturun yaradılması istiqamətində müvafiq addımlar atılacaq. -Necə hesab edirsiniz, dövlətimizin inklüzivliklə bağlı siyasətinin praktiki şəkildə dəstəklənməsində özəl sektor təmsilçiləri də iştirak etməlidirlərmi? -Şübhəsiz ki, bu layihələrdə özəl sektorun təmsilçiləri, iş adamları da yaxından iştirak etməli, proseslərə öz töhfələrini verməlidirlər. Çünki bu, hər şeydən öncə dövlət siyasətimizin dəstəklənməsi, əlil vəətndaşlarımız üçün daha rahat ortamın yaradılması deməkdir. Bundan başqa, inklüzivliklə bağlı layihələrdə iştirak, həm də mənəvi bir tələbatdır. Biz cəmiyyət olaraq dövlətimizin inklüzivliklə bağlı siyasətində yaxından iştirak etməli, imkanımız daxilində bu prosesə töhfə verməliyik. Vətəndaşlıq borcu, insanlıq vəzifəsi bizdən məhz bunu tələb edir. Seymur ƏLİYEV  

Hamısını oxu
İlham Əliyev dünya azərbaycanlılarına müraciət etdi

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib. Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur. Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir. Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Əziz həmvətənlər! Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Hamısını oxu