Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Vətənin azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsi daima yaşayacaqdır

İkinci dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr oldlmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıq nümunələri, eləcə də Səməd Abdullayev kimi qəhrəman oğulların, onların igidlik salnamələri, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Belə böyük şəxsiyyətlərin həyatı və mübarizələri, gənclərə vətənə bağlılıq, milli birlik və həmrəylik dərsləri verir. Onların xatirəsini yaşatmaq, döyüş və igidlik yollarını gənc nəslə təbliğ etmək və bu ruhu onlara aşılamaq, ölkənin gələcəyi üçün çox vacibdir.

Böyük Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Onlardan biri də, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, tibbi xidmət giziri Səməd Abdullayedir. Səməd Abdullayev1920-ci ildə Ağdaş rayonunun Qolqatı kəndində anadan olmuşdur. Pedaqoji Texnikumu bitirdikdən sonra Oğuz rayonunda pedaqoji fəaliyyətə başlayan Səməd 1941-ci ilin iyun ayında Qızıl orduya çağırıldı. Tiflisdə hərbi tibbi məktəbdə sanitar təlimatçısı kursunu uğurla bitirib komandanlıq tərəfindən Bakı və Mahaçqalada formalaşan 318-ci atıcı diviziyaya göndərilir. Öz şərəfli döyüş yolunu diviziyanın 1339-cu alayında tabur sanitariya təlimatçısı vəzifəsində başlayır. 1943-cü ilin aprel ayında diviziya Şimali Qafqaz cəbhəsində 18-ci Ordunun tərkibində Novorossiysk şəhəri ətrafında döyüşlərdə fəal iştirak etmişdir. Bu zaman tibbi təlimatçı Abdullayev atıcı hissələrin ön sıralarında yaralı döyüşçülərə ilk tibbi yardım göstərir və bilavasitə döyüşlərdə iştirak edir. O, tüfəng atəşi və qumbaralarla 19 alman əsgərini məhv edir.

Novorossiysk döyüşlərində göstərdiyi igidliyinə görə 1339-cu atıcı
alayın 07/n saylı əmri ilə 10 iyun 1943-cü ildə Səməd Həmid oğlu Abdullayev “İgidliyinə görə” medalı ilə təltif edilir. 318-ci atıcı diviziya “Novorossiyskaya” fəxri adına layiq görülür. Novorossiysk savaşı zamanı Səməd ÜKP(b)-nin sıralarına daxil olur. Taman yarımadasının almanlardan təmizlənməsindən sonra orduda Kerç-Eltigen əməliyyatına hazırlıq başlayır. Əməliyyatın əsas məqsədi Krım yarımadasına desant çıxarıb körpübaşını ələ keçirmək və sonradan Kerç şəhəri istiqamətində irəliləmək idi. Sovet komandanlığının planında Eltigen burnuna desantın çıxarılması vacib yer tuturdu. Bu əməliyyatda 318-ci diviziyanın hissələri də fəal iştirak etməli idilər.
 1943-cü ilin noyabr ayı desantçılarla dolu zirehli katerlər və özüyeriyən barjalar Eltigenə yollanır.1943-cü il noyabrın 1-də ağır fırtınalı hava şəraitində 1339-cu atıcı alayın 1-ci taburu düşmən əlində olan sahilə çıxdı.Desantçıların ön sıralarında tibbi xidmət giziri Səməd Abdullayev irəliləyirdi. Sovet atıcıları sürətli və amansız
həmlə nəticəsində nasistləri Eltigen qəsəbəsindən çıxarmağa müvəffəq olurlar. Bu andan etibarən desant tərəfindən ələ keçirilən kiçik torpaq parçası uğrunda şiddətli döyüşlər başlayır. Almanlar körpübaşı ərazisini hər tərəfdən daimi atəşə tuturlar. Qara dəniz donanmasının sahil top batareyaları tərəfindən sovet desantçılarına göstərilən yardım, top atəşi çox məhdud idi. Halbuki almanlar desanta qarşı toplardan başqa təyyarələrdən və tanklardan da geniş istifadə edirdilər. Düşmənin əks-hücumlarının ardı-arası kəsilmirdi. Səməd Abdullayev güclü top və minaatanların atəşinə baxmayaraq, döyüş meydanından yaralıları çıxarıb, onlara ilkin tibbi yardım göstərirdi. O, bu işini bitirib yenə də öz mövqeyinə qayıdır, hücuma keçən düşmənə atəş açır. Vaxtaşırı savaş daha da kəskinləşir, ayrı-ayrı yerlərdə əlbəyaxa döyüşə çevrilir. Tək bu döyüşlərin birində Səməd şəxsən beş alman əsgərini öldürür. 1943-cü il noyabrın 5-də tibbi xidmət giziri Abdullayev döyüş meydanında qəhrəmancasına həlak olur. Ağır silahlardan və təchizatın bütün növlərindən məhrum olmuş desantçılar 40 gün ərzində alınan körpübaşını əllərində saxlayırlar və yalnız komandanlığın əmri ilə Eltigeni tərk edirlər. Eltigen əməliyyatının uğursuz olması rəsmi olaraq təsdiqlənir, lakin əməliyyat iştirakçılarının qəhrəmanlığı ölkə rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilir. Təltif olunanlar arasında Azərbaycanın igid oğlu Səməd Abdullayevin də adı var idi. Eltigen döyüşlərində göstərdiyi misilsiz şücaətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1945-ci il tarixli fərmanı ilə tibbi xidmət giziri Səməd Həmid oğlu Abdullayevə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir və o, Lenin ordeni ilə təltif edilir.

Səməd Abdullayev kimi Azərbaycanın böyük qəhrəmanlarının həyat hekayələri, qəhrəmanlıq dastanları yalnız tarixdə qalmamalıdır, gənclərin qəlbindəki milli ruhu canlandırmaq üçün bir vasitə olmalıdır. Onların şərəfli ömür yolu yalnız döyüş meydanlarında deyil, həm də sosial həyatda, cəmiyyətdə, mədəniyyətdə və təhsildə, fərqli sahələrdə də fəaliyyət göstərən gənclərə nümunə olmalıdır. Vətəni qorumaq, ona xidmət etmək və onun adına layiq olmaq gənclərimizin mənəvi borcudur. Bu yolda Azərbaycanın qəhrəman oğullarının təcrübəsi və irsi çox mühüm rol oynayır. Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olan Səməd Abdullayev kimi qəhrəmanların adı xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır.

 

                                           Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

                                            polkovnik  Cəlil Xəlilov

2025-01-28 11:54:57
3385 baxış

Digər xəbərlər

Президенту Азербайджанской Республики, господину Ильхаму Алиеву, Вице-президенту Азербайджанской Республики, госпоже Мехрибан ханым Алиевой

Глубокоуважаемый Президент! Глубокоуважаемая Вице-президент! Ветераны нашей Республики неизменно чувствуют Ваше внимание к социальному положению, жизненным проблемам участников войн, семьям шахидов. И сейчас мы тронуты очередной масштабной акцией в данном направлении - предоставлением 1 августа в поселке Локбатан Гарадагского района Баку квартир и автомобилей инвалидам Карабахской, Великой Отечественной войн, Чернобыля и семьям шехидов. Особое впечатление на нас произвело Ваше личное участие в этой благородной, чрезвычайно гуманной церемонии, знакомство с условиями, созданными в квартирах, Ваши теплые, обнадеживающие слова в адрес ветеранов. Мы знаем, что в течение последних двадцати лет семьям шехидов, инвалидам войны по Вашей инициативе государством предоставлено более 5500 частных домов и квартир, около шести тысяч легковых автомобилей, а до конца этого года еще 500 человек будут обеспечены квартирами. Нас вдохновляет, принятая Вами, широкомасштабная программа самозанятости, в которую будут привлечены инвалиды войны и семьи шехидов. Это существенно улучшит социальную обстановку в Республике. Огромное спасибо Вам за все это! В целом мы ветераны, благодаря Вашему мудрому руководству, уверены в будущем, счастливой судьбе подрастающего поколения. От имени Президиума Совета ветеранов войны, труда, вооруженных сил, генерал-полковник Тофик Агагусейнов

Hamısını oxu
“Bəzi həkimlərimiz müharibənin elə ilk günü cəbhəyə yola düşdü”

 “Xəstəxanamızda müalicə alan qazilər arasında əməkdaşlarımızla ailə quranlar var” “Şəhidlərimizə və qazilərimizə borcumuz əbədidir” Asiman Həsənov: “Vicdan olan yerdə anda ehtiyac yoxdur!” Bakı Sağlamlıq Mərkəzinin öz nəhəng potensialı, müasir tibbi-texniki təchizatı, peşəkar həkim kollektivi ilə yalnız ölkəmizdə deyil, bütün Qafqazda xüsusi çəkiyə malik olduğu məlumdur. Qürurvericidir ki, Bakı Sağlamlıq Mərkəzi illər uzunudur ki, həm də şəhid ailələrinə, müharibə iştirakçılarına, qazi və veteranlara mütəmadi və təmənnasız xidmət göstərməkdə, onların sağlamlığının keşiyində dayanmaqdadır. Moderator.az olaraq Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Dos. Dr. Asiman Həsənovla söhbətimizdə bu sahədə görülən işlərə qısa da olsa nəzər yetirməyə çalışdıq. -Asiman bəy, Bakı Sağlamlıq Mərkəzi 44 günlük Vətən müharibəsində yaralı döyüşçülərimizin müalicəsində, onların sağlamlıqlarına qovuşmasında fəal iştirak edib, bu istiqamətdə mühüm addımlar atıb. İstərdik ki, öncə yaxın keçmişimizin bu ağır və şərəfli günlərindən bəhs edəsiniz. -Həmin günlər xalqımızın hər bir fərdi kimi, bizim üçün də çətin, amma qürurverici günlər olub. Bildiyiniz kimi, müharibə başlayanda bütün dünyada pandemiya tüğyan edirdi. Bizim xəstəxanamız da o dönəmdə həm ənənəvi istiqamət üzrə fəaliyyət göstərir, pandemiyaya qarşı mübarizə aparır, həm də tələbə-rezidentlərin hazırlığı ilə bağlı fəaliyyətini davam etdirirdi. Biz müharibə xəbərini alan kimi, koordinasiyalı fəaliyyəti təmin edən qurumlarla əlaqə saxladıq və öz köməkliyimizi təklif etdik. Eyni zamanda, bəzi həkimlərimiz müharibənin elə ilk günü cəbhəyə, cəbhəyə yaxın tibb mərkəzlərinə üz tutublar. Biz sərhəd qospitalları və arxa cəbhədə olan qospitallarla əlaqə saxladıq, dəstək xarakterli bütün lazımi addımları atdıq. Bağı Sağlamlıq Mərkəzində yaralı hərbçilərimizə yardım üçün təcili olaraq politravma şöbəsi açıldı. Burada istər cərrahlarımız, istər həkim-travmatoloqlarımız, istər neyrocərrahlarımız, istər uroloqlarımız, istərsə də digər ixtisasdan olan həkimlərimizdən ibarət xüsusi qrup cəmləşmişdi. Ilkin tibbi-cərrahi xidmət almış yaralı qazilər müalicələrini davam etdirmək üçün bizim Mərkəzə göndərilir və burada hər cür qayğı ilə əhatə olunurdular. Müharibə dönəmində yüzlərlə Vətən müharibəsi qazisi Bakı Sağlamlıq Mərkəzinin politravma şöbəsində müalicə aldı. Həkimlərimiz gecəli-gündüzlü mürəkkəb əməliyyatlar həyata keçirdilər. Burada söhbət yalnız güllə yaralarından getmir. Həkimlərimiz həm də mina, artilleriya zərbələrindən ciddi yaralar alan xəstələri müalicə etdilər. Xatırladım ki, hərbi səhra cərrahiyyəsinin ən ağır istiqamətlərindən biri mina və bomba yaralanmalarıdır. Bu cür olaylarda çox vaxt yaranın xarakteristikasını belə təyin eləmək mümkün olmur. Həkimlərimiz bu cür yaralanmalarla bağlı etablı və uğurlu cərrahi əməliyyatlar icra etdilər. Politravma şöbəsi postmüharibə dönəmində də yaralı hərbçilərimizin müalicəsində fəal iştirak etdi. Bəzi hərbçilərimiz evə yazılandan bir müddət sonra yenidən xəstəxanamıza müraciət edərək təkrar müalicələr aldılar. Bugünün özündə də qazilərimiz tərəfindən bizə bu cür müraciətlər olur və biz bu müraciətləri dərhal cavablandırır, onların müalicəsi üçün bütün imkanlarımızdan istifadə edirik. -Hazırda Bakı Sağlamlıq Mərkəzinə üz tutan qazilər əsasən hansı problemlərlə bağlı müraciət edirlər? -Müharibə dönəmində bizə ancaq yaralı hərbçilər müraciət edirdi. Bu gün isə müharibə iştirak edən qazilərimizin, müharibə iştirakçılarının, şəhid ailəsi üzvlərinin müraciəti əsasən tomatik və ya digər orqanlarının funksional orqanik patologiyaları ilə bağlı olur. Biz əsasən bu müraciətlərlə bağlı müalicə tədbirlərini həyata keçiririk. Orqanik və ya funksional yetməzliyi olan qazilərimizin yaralarının növbəti etab müalicəsi diqqət mərkəzindədir. Qazilərimizə, şəhid ailəsi üzvlərinin müalicəsinə kollektivimiz xüsusi diqqətlə yanaşır. Bizim bir şüarımız var : Müharibədə iştirak edən hərbçilərimizi, şəhidlərimizi, onların ailə üzvlərini heç vaxt unutmayacağıq! Vətən müharibəsində olan həyəcan və sevgi ilə onların xidmətində dayanacağıq! -Vətən müharibəsində qələbəmizə böyük töhfə verən, yaralı qazilərimizlə aktiv şəkildə işləyən xəstəxana kimi yəqin ki, 8 Noyabr – Zəfər Günü də Mərkəzinizdə xüsusi təntənə ilə qeyd edilir? -Haqlısınız. Zəfər bayramında Bakı Sağlamlıq Mərkəzində müalicə almış bütün qazilərimizi xəstəxanamıza dəvət edirik. Xatirə şəkilləri çəkdirir, müharibə dönəmindəki xatirələrimizi birlikdə yad edirik. Onlarla bağlı müxtəlif tədbirlər keçiririk. Kollektivimizlə həmin qazilər və onların ailə üzvləri arasında isti münasibətlər formalaşıb. Hətta burada müalicə alan qazilər arasında tibbi personalımızla ailə quranlar da var. Qazilərimizlə bizim aramızda möhkəm mənəvi bağlar mövcuddur və bu bağlılıq bizim üçün əzizdir. -Bakı Sağlamlıq Mərkəzində zaman-zaman müxtəlif kateqoriyadan olan veteranlara xidmət göstərib. Hətta son bir ay ərzində İkicni Dünya müharibəsi iştirak edən, yaşı 100-dən çox olan iki qadın veteran – Fatma Səttarova və Anna Xarkovskaya da Mərkəzinizdə müalicə aldı və mediaya açıqlamalarında müalicə ilə bağlı öz minnətdarlıqlarını ifadə etdilər. Mərkəzinizə daha hansı kateqoriyadan olan veteranlar müraciət edir? -Biz bütün veteranlarımıza, eləcə də Birinci Qarabağ və Vətən müharibəsi veteranlarımız, antiterror əməliyyatlarında iştirak edən veteranlarımızla yanaşı, həm də Əfqanıstan, Çernobıl və İkinci Dünya müharibəsi veteranlarına sevə-sevə xidmət göstərir və onların hər bir müraciətinə həssaslıqla yanaşır. Veteranlarımızın  müalicəsi ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovla da bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparmış, birgə addımlar atmışıq. Bir neçə müharibə veteranı Cəlil müəllim tərəfindən bizə istiqamətləndirilib və onların müalicəsi təmin edilib. Gələcəkdə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə koordinasiyalı fəaliyyət şəklində bu istiqamətdə birgə tədbirlər həyata keçirəcəyik. Son bir ayda yaşı 100-dən yuxarı olan iki veteranımızın müalicəsi ilə məşğul olmuşuq. Qeyd etdiyiniz kimi, onlar bu müalicədən məmnunluqlarını dilə gətiriblər. Müharibədən sonra istər YAŞAT Fondu vasitəsilə xəstəxanamızda yerləşdirilən qazilərimizə, istərsə də bilavasitə bizə müraciət edən müharibə iştirakçılarına bütün potensialımızla xidmət göstərmişik və bundan sonra da bu məsələdə aktivliyimizi qoruyacağıq. -Bakı Sağlamlıq Mərkəzi yüksək tibbi təchizatla yanaşı, həm də peşəkar, qayğıkeş həkim kolektivinə malikdir. Maraqlıdır, xəstələrə münasibətdə bu cür qayğıkeş və vicdanlı davranış sərgiləyən işgüzar kollektiv formalaşdırmağa necə nail olmusunuz? -Həkimlik peşəsi insanların sağlamlığına xidmət edir və ali bir peşədir. Burada mütləq şəkildə peşə vərdişləri ilə yanaşı, yüksək insani münasibətlərə ehtiyac var. Həkim, tibb personalı qarşısındakı xəstənin yerinə öz doğmasını qoymalı və onlara bu cür yanaşmalıdır. Bizim xəstəxanamız kifayət qədər böyükdür. Xəstəxanamızda yüzlərlə personal və həkim var. Pasiyent və onların yaxınlarına münasibətdə ən ümdə prinsipimiz bizə müraciət edən hər kəsə bacardığımız qədər, tibbin imkanları daxilində düzgün və keyfiyyətli xidmət göstərməkdir. Istənilən xəstənin müalicəsi ilk növbədə qayğıdan başlayır. “Qayğı müalicəsi”nin ardınca peşə müalicəsi gəlir. Effektiv müalicə üçün bu iki müalicənin bir-birini tamamlaması vacibdir. Həkimlik peşəsi həkimin əynindəki ağ xələt qədər pakdır və orada xırda bir qara ləkə də həmin an diqqət çəkir. Buna görə də biz hər zaman həkimlərimizə bu həqiqətləri xatırladır, onlarla bu barədə mütəmadi söphbətlər aparırıq. Bildiyiniz kimi, hər bir həkim peşə fəaliyyətinə başlamazdan öncə Hippokrat andı içir. Ancaq mən hesab edirəm ki, bu məsələdə anddan daha vacib bir şey var. Bu da vicdandır. Vicdan olan yerdə anda ehtiyac yoxdur. Hər kəsin andı öz vicdanıdır və hər kəs hansı peşədə çalışmasından asılı olmayaraq, vicdanının səsinə qulaq asmalıdır. -Mərkəziniz gənc həkimlərin yetişdirilməsi prosesində iştirak edirmi? -Bakı Sağlamlıq Mərkəzi Seçenov Universitetinin Bakı filialının klinik bazası olaraq fəaliyyət göstərir. Biz publik hüquqi şəxs olaraq klinik baza kimi diaqnostika və müalicə işi ilə yanaşı, istər  Seçenov Universitetinin tələbələrinin praktiki məşğələlərinin keçirilməsində, istərsə də həkim-rezidentlərin rezidentura təhsilində, o cümlədən, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müdavimlərinin praktiki biliklərə yiyələnməsində aktiv iştirak edirik. Xəstəxanamızda müasir Tədris Simulyasiya Mərkəzi var ki, bu mərkəzin bütün post-sovet məkanında yalnız bir alternativi mövcuddur.  Simulyatorlar, “robot xəstələr” üzərində diaqnostik və digər cərrahi bacarıqlar, reanimasyon tədbirləri, travmatoloji bacarıqlar, eyni zamanda tikiş bacarığı və s. ilə bağlı bu mərkəzdə praktiki bacarıqların formalaşdırılması işi aparılır. Bakı Sağlamlıq Mərkəzində hal-hazırda 107 rezident rezidentura kursu keçir. Bundan əlavə, 20-yə yaxın rezidentlər isə müxtəlif bazalardan bizə rotasiya olunaraq tibbi bacarıqlarını artırırlar. Seçenov Universitetinin yüzlərlə tələbəsi bizim xəstənamızda nəzəri təlimlər alır, dərslər keçirlər. Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin ilk araşdırma aparan xəstəxanası kimi təsdiq edilib. Biz elmi araşdırmalar, üçüncü faza klinik çalışmalar aparmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir. -Bildiyimiz qədəri ilə, Bakı Sağlamlıq Mərkəzi həm də müxtəlif elmi konfranslar da təşkil edilməkdədir... -Bəli. Xəstəxanamızda konfranslar, elmi-praktiki simpoziumlarla bağlı kifayət qədər böyüş işlər görülüb. Həkimlərimiz ölkəmizdə və onun hüdudlarından kənarda, yaxın və uzaq xaricdə bir çox elmi-tibbi cəmiyyətlərin üzvləridir. Orada aparıcı ekspertlər olaraq çıxış edir, Azərbaycanın adını elmi konfranslarda ucaldırlar. Xəstəxanamızda böyük konfrans salonu fəaliyyət göstərir. Zallarımızda müxtəlif seminarlar və tədbirlər keçirilir. Bakı Sağlamlıq Mərkəzində 2023-cü ildə Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilirdi. Xəstəxanamız elmi-praktiki konfransların, simpoziumlarım keçirilməsində təşəbbüskar mövqe sərgiləyir və bu fəallığı bundan sonra da qoruyub saxlamaqda qərarlıyıq. Seymur ƏLİYEV

Hamısını oxu
“Dilrubə Camalovanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”

Cəlil Xəlilov: “Onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilib” Bu gün Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı Dilrubə Camalovanın doğum günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Dilrubə Camalovanın tarixi xidmətlərinə diqqət çəkib, onun əsl vətənpərvər, böyük ziyalı kimi xalq tərəfindən daim sevildiyini vurğulayıb: “Dilrubə Camalova Azərbaycan xalqının vətənpərvər ziyalılarından biri olub. Sovet dönəmində müxtəlif məsul vəzifələrdə çalışan Dilrubə Camalova,  müstəqillik dönəmində də öz ağlı, bilik və bacarığı ilə xalqımıza ləyaqətlə xidmət edib. O, Azərbaycanın cənub rayonlarında separatçı qüvvələrə qarşı da mətanətlə mübarizə aparıb. Təsadüfi deyil ki, onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilmiş, Dilrubə Camalova Lənkəran  şəhərinə icra başçısı təyin edilmişdir. O, bu vəzifədə çalışdığı dönəmdə də xalqın arzu və istəklərinə, qayğı və problemlərinə həssaslıqla yanaşmış, hər zaman xalqın səsinə səs vermişdir. Bu səbəbdən də Azərbaycan xalqı bu gün də Dilrubə Camalovanı sevgi və minnətdarlıq hissi ilə xatırlayır, onu hörmət və ehtiram hisis ilə yad edir. Əminəm ki, Dilrubə Camalovanın ölümsüz xatirəsi hər zaman xalqımızın qəlbində beləcə yaşayacaq, daim ehtiramla yad ediləcəkdir”. Xatırladaq ki, Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir. 1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır. 1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur. 1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr. 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur. Allah rəhmət eləsin.  

Hamısını oxu
Bakı Təhlükəsizlik Forumu: Qlobal təhdidlər fonunda etimad və əməkdaşlıq platforması – TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemi təhlükəsizlik anlayışının sürətlə dəyişdiyi mərhələdən keçir. Ənənəvi hərbi-siyasi risklər artıq terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, qeyri-qanuni miqrasiya, narkotik və silah dövriyyəsi, kritik infrastrukturun təhlükəsizliyi kimi bir-biri ilə əlaqəli çağırışlarla paralel inkişaf edir. Belə bir şəraitdə Bakıda IV Təhlükəsizlik Forumunun keçirilməsi təhlükəsizlik sahəsində beynəlxalq dialoq üçün ayrıca platformanın formalaşması baxımından diqqət çəkir.  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən Forumda beynəlxalq təşkilatların, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri olmaqla 600-ə yaxın şəxsin iştirakı tədbirin coğrafiyasının genişləndiyini göstərir. Forumun 2023-cü ildən davamlı xarakter alması isə onu birdəfəlik müzakirə formatından daha çox xüsusi xidmət və təhlükəsizlik qurumları arasında əlaqələrin saxlanmasına xidmət edən mexanizm kimi nəzərdən keçirməyə imkan verir. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini və müzakirə edilən məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Dövlət başçısının vurğuladığı kimi, “Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır”. Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik strukturlarının eyni platformada təmsil olunmasıdır. Geosiyasi rəqabətin və dövlətlərarası etimad böhranının dərinləşdiyi şəraitdə təhlükəsizlik orqanları arasında peşəkar kommunikasiya kanallarının qorunması xüsusilə vacibdir. Çünki terrorçu və transmilli cinayətkar şəbəkələr siyasi sərhədlərlə məhdudlaşmadığı kimi, onlara qarşı mübarizə də yalnız milli mexanizmlərlə effektiv aparıla bilməz. Prezident İlham Əliyev də müraciətində dünyada baş verən sürətli və mürəkkəb dəyişikliklərin, geosiyasi rəqabətin kəskinləşməsinin və müxtəlif regionlardakı münaqişələrin qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, “Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”. Bu yanaşma təhlükəsizliyin yeni mahiyyətini də ortaya qoyur. Müasir dövrdə dövlət təhlükəsizliyi yalnız sərhəd və hərbi infrastrukturu əhatə etmir. Enerji sistemləri, nəqliyyat dəhlizləri, bank sektoru, su ehtiyatları, rabitə şəbəkələri və informasiya infrastrukturu da milli təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bir ölkədə və ya regionda yaranan böhran qısa müddətdə təchizat zəncirlərinə, enerji bazarlarına, ərzaq təhlükəsizliyinə və kommunikasiya xətlərinə təsir edə bilir. Dövlət başçısı müraciətində bu qarşılıqlı bağlılığa xüsusi diqqət çəkərək hər hansı regionda meydana gələn böhran və ya gərginliyin digər regionlara təsir göstərə, siyasi-iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə zərər vura biləcəyini qeyd edib. Prezidentin ifadəsi ilə, “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”. IV Bakı Təhlükəsizlik Forumunun gündəliyində texnoloji risklərin xüsusi yer tutması da təsadüfi deyil. Süni intellekt, rəqəmsal platformalar, kiberimkanlar və kosmik sistemlər dövlətlərin inkişaf alətləri olmaqla yanaşı, yeni təhlükəsizlik riskləri yaradır. Xüsusilə terrorçu və ekstremist qrupların rəqəmsal texnologiyalardan təbliğat, maliyyələşmə, koordinasiya və yeni tərəfdarların cəlb olunması məqsədilə istifadəsi xüsusi xidmət orqanlarının qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyev də süni intellekt daxil olmaqla müasir texnologiyaların bədniyyətli istifadəsinin terrorçuluğa qarşı mübarizəni mürəkkəbləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib: “Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”. Bu kontekstdə Bakı Forumunun praktiki əhəmiyyəti yalnız təhlükələrin müzakirəsindən ibarət deyil. Əsas məsələ risklərin erkən müəyyənləşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi, milli təcrübələrin müqayisəsi və təhlükəsizlik qurumları arasında birbaşa peşəkar əlaqələrin inkişaf etdirilməsidir. Terrorçuluq və transmilli cinayətkarlıqla mübarizədə məlumatın operativ ötürülməsi bəzən təhlükənin nəticələri ilə mübarizədən daha vacib olan preventiv tədbirlərin görülməsinə imkan verir. Prezident də təhlükəsizliyin etibarlı təminatı üçün yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizənin kifayət etmədiyini, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və vaxtında qarşısının alınmasının vacibliyini bildirib. “Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır”, – deyə dövlət başçısı vurğulayıb. IV Bakı Təhlükəsizlik Forumunun əsas mesajlarından biri qlobal təhlükəsizlik sistemində qarşılıqlı asılılığın artması fonunda etimad və operativ əməkdaşlıq mexanizmlərinə ehtiyacın güclənməsidir. 100-dən artıq ölkədən xüsusi xidmət və təhlükəsizlik strukturlarının nümayəndələrinin Bakıda bir araya gəlməsi fərqli siyasi yanaşmaların mövcud olduğu şəraitdə belə ortaq təhlükələr üzrə dialoqun davam etdirilməsi imkanını göstərir. Azərbaycanın bu format vasitəsilə irəli sürdüyü yanaşmanın əsasında isə təhlükəsizliyin bölünməzliyi, qabaqlayıcı fəaliyyət, məlumat və təcrübə mübadiləsi, eləcə də dövlətlər arasında etimadın gücləndirilməsi dayanır. Prezident İlham Əliyevin müraciətində ifadə etdiyi kimi, Bakı Təhlükəsizlik Forumu “konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır”. Qlobal təhdidlərin getdikcə daha çox transsərhəd xarakter aldığı indiki mərhələdə Forumun praktiki nəticəliliyi də məhz bu dialoqun konkret əməkdaşlıq mexanizmlərinə çevrilmə dərəcəsindən asılı olacaq. APA.az  

Hamısını oxu