Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Mirzəxan Hüseynov: yaşı çatmasa da könüllü olaraq ordu sıralarına yazılmışdır

Böyük Vətən Müharibəsi zamanı xalqımızın qəhrəman oğulları böyük şücaət göstərib, vətənlərini müdafiə etmək üçün canlarını fəda ediblər. Onların göstərdiyi igidlik və vətənpərvərlik, Sovet İttifaqının alman işğalçılarına qarşı mübarizəsində çox önəmli rol oynayıb. Müharibə boyunca yüz minlərlə azərbaycanlı, rus, ukraynalı və digər xalqların nümayəndələri cəbhəyə gedərək, döyüşlərdə iştirak edib, bir çoxu həyatını itirib, bir çoxu isə döyüşlərdə şücaət göstərərək qəhrəmanlıqla yadda qalıb. Onların göstərdiyi qəhrəmanlıq, hər birimizin qürur duyduğu bir irsdir. Həmçinin, müharibə iştirakçılarının adları və döyüşlərdəki xidmətləri, həm o dövrkü, həm də bugünkü nəsil üçün əvəzsiz dəyərə malikdir. Müharibə iştirakçılarının bir çoxu geri döndükdən sonra cəmiyyətin inkişafı üçün müxtəlif sahələrdə xidmət etmişdir. Mirzəxan Hüseynov da belə bir şərəfli ömür sürmüşdür. Müharibənin acılarını və çətinliklərini yaşamış, amma öz xalqına, torpağına olan sevgisini heç vaxt itirməmiş və sonrakı dövrlərdə də bu sevgini öz əməlləri ilə göstərmişdir. Mirzəxan Həsən oğlu Hüseynov 1926-cı il mayın 20-də Kürdəmir rayonunun Çarlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxı şəhərində almışdır. Müharibə başlananda yaşı çatmasa da könüllü şəkildə hərbi  komisarlığına müraciət etmiş və xüsusi komissiya sağlamlığını və istəyini nəzərə alaraq doğum tarixini 1924-cü il olaraq qeyd etməklə onu ordu sıralarına yazmışdır. O, Tbilisi şəhərində 6 aylıq tankçılıq kursu keçmişdir. Kuban şəhərində gedən döyüşlərdə iştirak etmiş və sağ qolundan yaralanmışdır. Müalicə üçün Soçi şəhərində hərbi xəstəxanaya yatırılan Mirzəxan Hüseynov sağaldıqdan sonra yenidən ordu sıralarına qayıtmışdır. Bu dəfə onu 18-ci ordunun sıralarına yazmışlar. Mirzəxan Hüseynovun da içərisində olduğu 18 nəfər Gilinski şəhərinə transfer edilib desant kursuna yollanmışdır. Təlimlər tamamlandıqdan sonra 1943-cü ilin fevralın 4-ü Novorossiski şəhərində yerləşən Semes buxtasına desant göndərilmişdir. Elə ilk gündən bölgədə açıq döyüşlər başlamışdır. Gecə döyüşləri zamanı almanlara qalib gələn dəstə onların pulemyot atış nöqtələrini ələ keçirmişdir. Atışmalar zamanı 6 yerindən yaralanan Mirzəxan Hüseynov yenidən Soçi şəhərinə xəstəxanaya göndərilmişdir. 6 aylıq müalicə dönəmi sonrası 1943-cü ilin dekabrında ordudan tərxis olunmuşdur. Tərxis olunduqdan sonra Şamaxı şəhərinə qayıtmışdır. Müharibə dövründə göstərdiyi rəşadətə görə I və II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur. Müharibədən sonra müəllimliyə başlamışdır. Şamaxı rayonu Xınıslı kəndinin ibtidai məktəbinin direktoru vəzifəsində çalışmağa başlayır. Ardınca Sis kəndində eyni vəzifədə işləmişdir. Bundan sonra onu Şamaxı partiya təşkilatının qərarı ilə Bakıda yeni açılmış hüquq məktəbinə təhsilə göndərmişlər. Mirzəxan Hüseynov təhsilini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasının Culfa rayonu 1 saylı Xalq Məhkəməsinə xalq hakimi təyin edilmişdir. 1949-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə qəbul olmuş və 4 il sonra təhsilini başa vurmuşdur. Təhsilini bitirdikdən sonra Saatlı rayonuna təyinat almış və Mərzəli kənd məktəbində direktorluğa başlamışdır. Bunun ardınca isə Krasnoselski məktəbində eyni vəzifədə çalışmağa başlamışdır. Növbəti təyinatını Nərimankənd məktəbinə alan Mirzəxan Hüseynov buradakı uğurlu fəaliyyəti nəticəsində bu orta məktəb iki dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuşdur. Pedaqoji fəaliyyətiylə yanaşı partiya sıralarında da aktiv rol oynayan Mirzəxan Hüseynov 1965-ci ildən başlayaraq hər il yerli xalq deputatları sovetinə üzv seçilmişdir. 1971-ci ildə pedaqoji fəaliyyətinə görə ona Respublikanın “Qabaqcıl maarif xadimi” nişanı verilmişdir. 1973-cü ildə “Sosializm yarışının qalibi”, 1974-cü ildə “Əmək veteranı”, 1985-ci ildə “Maarif əlaçısı”, yenə eyni ildə SSRİ Mədəniyyət Nazirliyinin medalı və nişanlarıyla təltif edilir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 1998-ci ildə keçirilən Respublika Müəllimlərinin Qurultayında nümayəndə kimi iştirak etmişdir. Uzun müddət Saatlı rayon Veteranlar Təşkilatının sədri olmuşdur. Mirzəxan Hüseynov kimi qəhrəmanların müharibədən sonrakı illərdə göstərdikləri xidmətlər, yalnız döyüş meydanında qazandıkları zəfərlərlə deyil, eyni zamanda vətənə olan sədaqət və fədakarlıqları ilə də yaddaşlarda əbədi olaraq qalacaq. Bu qəhrəmanların ömür yolu unudulmaz, çünki onların göstərdiyi fədakarlığı və Vətənə olan sonsuz sevgi, zamanla silinməyən iz buraxmış. Hər bir qəhrəmanımız, adını tarixə yazdıraraq gələcək nəsillərə örnəyə çevrilmişdir.

2025-03-11 17:40:08
3465 baxış

Digər xəbərlər

Təhlükəsizlik, rifah və davamlı inkişaf

Ötən həftə Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoydu. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti durmadan artır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanın iqtisadi inkişafı, texnoloji modernləşməsi və beynəlxalq inteqrasiyası baxımından mühüm tərəfdaş olaraq qalır. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və davamlı inkişafı üçün yeni imkanlar yaradır.Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə 1 iyul 2026-cı il tarixində Bakıda keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki tərəf arasında diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Azərbaycanın regional və qlobal geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bəyanatda səslənən fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini xeyli aşaraq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik, regional sabitlik və geosiyasi tərəfdaşlıq istiqamətlərində çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə daxil olub.Son aylarda Antonio Koşta, daha sonra Kaja Kallas və nəhayət Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərləri təsadüfi diplomatik aktivlik deyil. Bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın mərkəzi aktor kimi qəbul edilməsinin göstəricisidir. Faktiki olaraq Brüssel region siyasətini Bakı ilə daha sıx dialoq üzərində qurmağa başlayır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsidir.Prezident İlham Əliyevin "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi mövcud reallığı tam əks etdirir. Son illər Azərbaycan Avropa üçün yalnız enerji ixrac edən ölkə deyil, etibarlı siyasi tərəfdaş, regional sabitlik yaradan dövlət və Avrasiyanın mühüm nəqliyyat qovşağı statusunu möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə keyfiyyətcə yeni mərhələ yaranıb.Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkənin xarici iqtisadi strategiyasının uğurunu nümayiş etdirir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi Azərbaycanın Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu göstərir. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin region iqtisadiyyatında aparıcı mövqeyini təsdiqləyir. Bu göstəricilər Azərbaycanın iqtisadi çəkisinin təkcə regional deyil, Avropa miqyasında da artdığını nümayiş etdirir.Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Müasir geosiyasi şəraitdə enerji artıq iqtisadi resurs olmaqdan daha çox milli təhlükəsizlik faktoruna çevrilib. Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər Avropanı enerji mənbələrinin şaxələndirilməsinə sövq edib. Bu kontekstdə Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun nəticələri artıq konkret rəqəmlərlə özünü göstərir. Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, qaz ixracının yarısının Avropa bazarına yönəlməsi və artıq 10 Avropa İttifaqı üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Bu əməkdaşlığın yaxın illərdə daha da genişlənməsi üçün kifayət qədər potensial mövcuddur.Ölkə rəhbəri vurğuladığı kimi, bu nəticələr təsadüfi deyil. Azərbaycan onilliklər ərzində siyasi iradə nümayiş etdirərək milyardlarla dollar həcmində investisiya yatırıb, mürəkkəb diplomatik danışıqlar aparıb və nəticədə dünyanın ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizini reallaşdırıb. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Avropa ilə Xəzər regionunu birləşdirən strateji enerji arteriyasıdır. Bu layihə Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri olduğunu sübut edir.Bəyanatın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların marşrutları dəyişir və alternativ dəhlizlərin əhəmiyyəti artır. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit ölkə kimi çıxış edir. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir dəniz limanları, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat platformalarından birinə çevrilməsinə imkan yaradıb.Yükdaşımaların bütün istiqamətlər üzrə artması mövcud infrastrukturun daha da genişləndirilməsini zəruri edir. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəqliyyat və logistika sahəsində əldə olunan üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu göstərici Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkə tədricən yalnız neft və qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində irəliləyir.Bu transformasiya Avropanın yaşıl keçid strategiyası ilə tam uzlaşır. Azərbaycanın zəngin Günəş və külək potensialı, Xəzər dənizinin külək ehtiyatları və yaradılan yeni enerji infrastrukturu ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaşlardan birinə çevirə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəcək.Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən istiqamətlərdən biri regional təhlükəsizlik və sülh prosesidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etməsi Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırır. Azərbaycanın uzun illər davam edən münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, regional kommunikasiyaların açılmasına dəstək verməsi və qarşılıqlı iqtisadi əməkdaşlıq üçün şərait yaratması regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması və digər humanitar addımlar atması göstərir ki, Bakı sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq modeli kimi görür. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir.Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyətini ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının siyasi və iqtisadi imkanları regional əməkdaşlığın dərinləşməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsinə əlavə stimul verə bilər.Ümumilikdə, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bəyanat göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər modeli qurub. Bu model enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, ticarət, investisiya, regional təhlükəsizlik və sülh gündəliyini özündə birləşdirən geniş strateji platformaya çevrilməkdədir.Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, onların əsas təşəbbüskarı və istiqamətverici aktorlarından biridir. Bu isə ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması və müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsinin ən mühüm göstəricilərindən biridir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

“Prezident İlham Əliyevin də iştirak etdiyi Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Münxendə verdiyi açıqlama və müsahibələr Azərbaycanın ənənəvi siyasi krusuna sadiq qaldığını göstərir: “Azərbaycan hər zaman regionda və dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olub. Dövlətimizin Cənubi Qafqazda formalaşdırdığı de-fakto sülh şəraiti bu siyasətin ən bariz göstəricisidir. Münxen sülh konfransında da Azərbaycan bütün dünyaya məhz bu msajları verdi. Dövlət başçısı İlham Əliyev media nümayəndələrinə verdiyi müsahibələrdə açıq şəkildə vurğuladı ki, uğur və tərəqqiyə gedən yol məhz sülh və əməkdaşlıqdan keçir. Müzəffər Ali Baş Komandan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün atılması gərəkən addımlara da diqqət çəkdi. Prezident İlham Əliyev vurğuladı ki, rəsmi İrəvanla sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsi, Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi vacibdir. Dövlət başçısı vurğuladı ki, əgər günü bu gün Ermənistan konstitusiyasında bu dəyişikliklər edilərsə, o zaman ertəsi gün sülh müqaviləsini imzalamaq mümkündür”. Polkovnik Münxen zülh konfransında Azərbaycanın təhlükəsizlik məsələlərində qlobal miqyasda artan roluna da diqqət çəkdi: “Məlum olduğu kimi, Azərbaycan uzun illərdir ki, Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Avropanın bir neçə ölkəsi Azərbaycandan neft-qaz məhsulları idxal edir ki, bu da həmin ölkələrin enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Son illərin təcrübəsi göstərir ki, Azərbaycan beynəlxalq dəhliz və  nəqliyyat marşurutarının təhlükəsizliyinin təmini baxımından da böyük uğurlar əldə edib, bu müstəvidə qlobal miqyasdakı mövqeyini ciddi şəkildə möhkəmləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi altında sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətini uğurla inkişaf etdirməkdə davam edəcək, yeni dostlar və tərəfdaşlar hesabına beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirəcək”.  

Hamısını oxu
Şəhid ailələri və qazilərin məşğulluğuna dəstək olan marafona artıq 500-dək işəgötürən qoşulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”nda iştirak edənlərin sayı hər gün artmaqdadır. Marafona qoşularaq şəhid ailələrinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatına dəstək olan işəgötürənlərin sayı artıq 499-dur.   Korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış edərək mühüm sahədə öz töhfələrini verən həmin  işəgötürənlərin 262-i dövlət, 237-si özəl müəssisələrdir.   Onlar tərəfindən elektron sistemə 2388 vakansiya daxil edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 671 nəfər (o cümlədən 117 şəhid ailəsi üzvü və 554 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.   “Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.   Mənbə: https://dma.gov.az/media/pressreliz/marafona-500-isegoturen-qosulub?fbclid=IwAR0uvqhu1oTXwQ9dsZQkVbZvFK3vftjFcGcQzyOyWHY4jeAyeW8hc9V8cck

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik mətnində deyilir:   “Çox hörmətli cənab Prezident! Cənab Ali Baş Komandan!   Sizi doğum gününüz münasibəti ilə Azərbaycanın çoxsaylı veteranları və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından səmimi qəlbdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və xalqımzın gələcəyi naminə fəaliyyətinizdə yeni qələbələr arzu edirik.   Möhtərəm cənab Prezident!   Siz xalqımızın Ümummilli lideri, dünyanın ən böyük siyasi və dövlət xadimlərindən sayılan Heydər Əliyevin layiqli siyasi varisi və davamçısı olaraq, xalqımıza və dövlətimizə çox böyük tarixi nailiyyətlər qazandırmısınız. Siz yenilməz sərkərdə məharətinizlə 30 ildən çox erməni faşistlərinin işğalı altında olan müqəddəs torpaqlarımızı azad etmiş, Azərbaycan Respublikasının milli təhlükəsizliyini, sərhəd toxunulmazlığını və ərazi bütövlüyünü bərpa etməyə nail olmusunuz. Bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş doğma torpaqlarımızda vüqarla dalğalanması hər bir soydaşımızın qəlbini qürur hissi ilə doldurur. Qarabağda qazanılmış bu misilsiz tarixi qələbə Azərbaycanın qarşısında yeni imkanlar açmış, ölkəmizin daha sürətli inkişafına şərait yaratmışdır. Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanımız dünyanın nüfuzlu dövlətləri sırasına yüksəlmiş, ölkəmizi dünyada söz sahibinə çevrilmişdir. Azərbaycanın bu gün nəinki regional, beynəlxalq səviyyədə uğurla həyata keçirdiyi lahiyələr onun iqtisadi qüdrətindən, nüfuzundan xəbər verir.   Siz xalqımızın maraqlarına xidmət edən qətiyyətli qərarlarınız və genişmiqyaslı fəaliyyətinizlə Azərbaycanın müstəqil, demokratik, hüquqi dövlət quruculuğuna dəyərli töhfələr vermisiniz. Sizin dünyada sözü də imzası qədər nüfuzlu və mötəbər olan bir dövlət xadimi kimi qəbul edilməyiniz Azərbaycanın taleyüklü məsələlərinin həllində sözün həqiqi mənasında bir stimuldur. Siz saysız-hesabsız uğurlarınızla Azərbaycanı daim ucaltmısınız və bu əvəzsiz xidmətlərinizlə xalqın qəlbində yer tutmaqla, onun səmimi sevgisini, rəğbətini qazanmısınız. Veteranlar Sizinlə qürur duyur, Sizinlə fəxr edir və həmişə Sizinlədirlər! Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və doğma Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edirik. Allah Sizi qorusun!”   Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyəti adından sədr, Prezident təqaüdçüsü Fatma Səttarova

Hamısını oxu