Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Züləyha Məşəripova – “Qədimi qazança”

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VIII yazı

 1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub.

1975-1980-ci illərdə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim vəzifələrində çalışıb.

“Tamğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli nikah”, “Dəli qadının məhəbbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Səhv”, “Maska” kimi bir sıra detektiv kitabları nəşr olunub.

 

 Qədimi qazança...

 Hekayə

 Qurbanbay qonaq gələn dostu Ömərlə birlikdə oturub, yaxşıca içib, kefləndi. O ata-babalarının varlı yaşadığını danışıb öyünməyə başladı.

– Qoy görək, dostum, onların necə yaşadığını sən haradan bilirsən? Bəlkə onlar bir tikə çörəyə görə birinin qapısında işləməyə məcbur olublar? – dedi Ömər Qurbanbayın sözlərinə inanmayaraq.

– Məni incidirsən, nə, atalarımın kölə olduğunu demək istəyirsənmi?! – deyə Qurbanbay qalın qaşlarını çatdı.

– Yox, elə demək istəmirəm, sadəcə qədim zamanlarda yaxşı yaşayan adamlar az olub, bunu nəzərdə tuturam, – dedi Ömər dostunu incitmək istəmədən.

– Səncə o yaxşı yaşayanlar neçə nəfər olub?

– Hər halda, azlıq təşkil ediblər, – dedi Ömər cılız bədəninə uyğun gəlməyən qalın səsilə.

– O azlığın içində mənim babalarımın babaları da olub, başa düşdünmü? – dedi Qurbanbay barmağını Ömərə tuşlayaraq.

– Bəlkə… – deyə Ömər başını buladı.

Ömərin inanmayaraq başını bulaması Qurbanbaya pis təsir elədi. Sanki ona “aşağı təbəqədənsən” demiş kimi hiss etdi və bu onun qüruruna dəydi.

– İnanmırsan, elə deyilmi? İndi sənə bir şey göstərəcəyəm, sonra özün də əcdadlarımızın şah kimi yaşadıqlarına inanacaqsan, – dedi Qurbanbay ayağa qalxaraq. Sonra səndələsə də tarazlığını itirməmək üçün yavaş-yavaş yeridi.

– Hara gedirsən? – deyə soruşdu Ömər.

– İndi qayıdacağam, otur gözlə, – dedi Qurbanbay əlilə dostuna işarə edərək.

O əşyalar saxlanan kiçik anbara girib axtardığı şeyin yerində olmadığını gördü və arvadına səsləndi:

– Fatimə! Fatimə deyirəm sənə!

– Nə olub, a? – deyə soruşdu təngnəfəs gələn Fatimə.

– Bucağdakı böyük dəmir qazanın hanı?! – dedi Qurbanbay əli ilə bucağı göstərərək.

– Nə oldu dəmişəm? Qonşumuz Sümbül xala istəmişdi, ona verdim, – dedi.

– İçindəki qədimi qazançanı götürməmişdinmi?!

– Hansı qazança? Qapağını açıb baxmadım, Sümbül xala oğluyla birlikdə götürdü.

– Nə vaxt vermisən?!

– Təxminən bir həftə olar. Nə olub ki, a? – dedi ərinin qəzəbindən qorxaraq.

– Niye məndən soruşmadan verirsən, axmaq qadın?!

– Qonşular istəyəndə sən də “vermə” demirsən ki, nə olacaq ki?! – deyə Fatimə də əsəbi cavab verdi.

– Mən onun içindəki kiçik qazançanı nəzərdə tuturam. Böyük qazanın içindəki kiçik qazançanı bilmədən götürüblərsə niyə hələ də qaytarmayıblar? Axı onlara yalnız böyük qazan lazım idi.

– Bilmirəm, bəlkə qaytararlar indi…

– Nə, qaytarmalarını gözləyəcəksən?! Get, özün gətir! – deyə bağırdı Qurbanbay.

Qorxmuş Fatimə qonşunun evinə getdi. Qurbanbay isə qazançasız Ömərin yanına qayıtmaq istəmədiyi üçün arvadını gözlədi. Fevral ayının sonu olmasına baxmayaraq hava xeyli soyuq idi, Fatimə tələsdiyindən nazik ev paltarında çıxdı və bir qədər sonra titrəyərək geri döndü:

– Sümbül xala qazanın içində heç nə yox idi dedi, – dedi qorxa-qorxa.

– Ay alçaq, Məruf, hələ qazançanı götürmədiyini deyir?! – deyə Qurbanbay qəzəblə qonşusunun evinə özü yol aldı.

Onun əsəbi halını görən qonşusu Məruf təəccüblə:

– Xoş gəldin, Qurban, xeyirdir? – deyə soruşdu.

– Qədimi qazançamı ver, – dedi Qurbanbay salam da vermədən.

– Başa düşmədim, dostum, qazanın indi gətirərəm, amma qədimi qazança nə?

– Məni axmaq bilirsən, Məruf?! O qazanın içindəki qiymətli metaldan düzəldilmiş kiçik qazançanı istəyirəm, – deyə bağırdı Qurbanbay.

– Qazanın içində heç nə yox idi…

– Məruf, əgər indi könüllü şəkildə qazançamı gətirib verməsən, ölməyin labüd.

Ərinin qonşulara sərt danışmağa başlamasından utanan Fatimə:

– Hey, hey, a kişi, özünüzü ələ alın, – dedi.

– Sən gözümün qabağından yox ol, axmaq qadın. Sənə deyirəm, Məruf, qazançanı gətirirsən ya yox?!

– Qurban, sən dəli olmusan? Axı mənə sənin qazançan nə gərəkdir? Əgər götürmüş olsaydım, qaytarardım. Yox şeyi necə verim?!

– Artıq özündən gör! – deyə Qurban evinə getdi.

Fatimə ərinin bir iş törədəcəyini bilib, onun dalınca qaçdı. Çox keçmədən Qurban ov tüfəngini götürüb çıxdı və Mərufa tuşlayaraq:

– Əgər elə indicə babalarımdan qalan qazançanı gətirib verməsən, ölməyə hazır ol, – dedi.

– Qurban, mən dediyin qazançanı görməmişəm. Axı biz neçə illik qonşuyuq, tüfəngi endir, hər şeyi sakitcə danışıb həll edək.

– Mənim sənin kimi oğru, fırıldaqçı ilə danışacaq sözüm yox, qazançamı verməsən, səni vuracağam, vəssalam.

– Qurban, anla, xahiş edirəm, sən bir az içmisən, yəqin? Amma tüfənglə zarafat etmək olmaz. Dediyin şey insandan da qiymətlidirmi?

– Götürdüyün şeydən boyun qaçıran sən, insansan?!

– Özün bilirsən, bu həyətdə bizim babalarımız da qonşu kimi yaşayıblar, amma bir-birilərinə ziyan verməyiblər. Xahiş edirəm, bir anlaşılmazlığa görə məni vurma. Özünün həbsə düşəcəyini fikirləşirsənmi?!

– Bəli, düz deyir, a kişi, həmişəlik həbsdə yatmaq istəyirsinizmi?! – deyə arvadının dediyinə cavab olaraq Qurban qəzəblə bağırdı:

– Hər şey sənin üzündən oldu, axmaq qadın. Çıx gözümün qabağından. Kim mənə yaxınlaşsa, vuracağam.

O sanki azğınlaşmış ayı kimi hücuma hazır dayanmışdı. Fatimənin ağlayıb yalvarmasına da qulaq asmır, Sümbülənin qorxudan huşunu itirib yıxılmasına da. O yalnız bir söz təkrarlayırdı:

– Qazançamı qaytarmasan, vuracam!

– Qazançan başına dəysin, Qurban. Arvadımın ürək xəstəsi olduğunu bilirsən, rəhm etmirsən?! Mən onun yanına getməliyəm, – deyə yerindən qalxan Mərufa baxaraq Qurban tətiyi çəkdi.

Güllənin səsi hər yeri titrətdi. Fatimə dərhal ərinin tüfənginə yapışdı.

– Nə etdin?! O öldü! İndi biz nə edəcəyik?! – deyə tüfəngi götürüb oturdu, yerindən belə tərpənə bilmədi.

Məruf qan içində yerə sərilmişdi…

 

* * *

Vilayət prokurorluğunun baş müstəntiqi Mirzayev Sabircan Səfərov Qurbanın qonşusu Fətxullayev Mərufu qəsdən ov tüfəngi ilə öldürmək cəhdi ilə bağlı cinayət işinin sənədlərinə baxaraq:

– Bir qazançaya görə adam öldürüb, hə?! – deyə həmkarı Fərhada baxdı.

– Bəli, mən də buna təəccüblənirəm. Məhkəmə-psixiatriya ekspertizasının rəyinə görə, ağıldan kəm deyil.

– Doğrudur, ağlı başındadır, amma içkili olduğu müəyyən edilib.

– Sabircan bəy, bu qazança nə qədər qiymətlidir, araşdırdınızmı?

– Səfərovun arvadının dediyinə görə, əri hər zaman hansısa parlaq metaldan hazırlanmış qazançanı saxlayıb. Amma indi qazança heç yerdən tapılmır.

Onların söhbətini növbətçinin zəngi kəsdi.

– Səfərov Qurbanı gətiriblər, içəri buraxım?

– Bəli, gözləyirik, – dedi Sabircan.

Qapıdan iki mühafizəçinin müşayiəti ilə içəri boynu irəli əyilmiş, qolları ölü kimi sallanmış, etdiyi əməldən peşman olduğu sezilən, ya da elə xasiyyəti belə olan bir kişi daxil oldu, o təxminən 30-35 yaşlarında idi. Qalın qaşları gözlərinə yaxın olduğu üçün bir baxışda adamda sərt xarakterli biri olduğu təəssüratı yaradırdı.

Sabircan onu başdan-ayağa süzərək oturması üçün stul göstərdi. Özünü vəkil kimi təqdim edən gənc də oturmağa dəvət olundu.

Səfərovun şəxsiyyəti ilə bağlı suallara cavab aldıqdan sonra:

– Yaxşı, Səfərov, de görək, qonşun Mərufu niyə vurdun? – deyə soruşdu.

– Onun vəziyyəti necədir? – dedi Qurban çəkinərək.

– Yaxşıkı, təsadüfən sağ qalıb, çox qan itirib, vəziyyəti ağırdır. Amma sən onu öldürmək üçün vurmusan, düzdür?

– Komandir, bu kişi söhbətidir də… Ayıq olsaydım, elə bir şey edərdimmi?! – dedi Qurban gözlərini yerə dikərək.

– Ən pisi odur ki, spirtli içki içib törədilən cinayət günahı daha da ağırlaşdırır.

– Doğrudan? – deyə Qurban inamsız halda vəkilinə baxdı. O başını tərpədərək təsdiqlədi.

– Sualıma cavab vermədiniz ki, qonşunuzu niyə vurdunuz? – deyə Sabircan sualını təkrarladı.

– O babalarımdan qalan qazançanı götürdüyünü inkar etdi, onu qaytarmaq istəmədi, mən də içkili halda onu vurdum.

– Bəs o dediyiniz qazançanın dəyərini dəqiq bilirdinizmi?

– Yox, qiymətləndirməmişəm. Sadəcə parlaq, gözəl və qədim olduğu üçün onu qiymətli hesab edirdim, ona görə də qoruyub saxlayırdım.

– Bəs o qazança indi harada?

– Özüm də bilmirəm, onu böyük qazanın içərisinə qoymuşdum. Məruf isə “görməmişəm” deyir. Kim bilər, indi haradadır?

– Demək, siz də onun harada olduğunu bilmirsiniz, sadəcə qonşunuzun onu gizlətdiyini güman etmisiniz, eləmi?

– Hə, belədir. Amma onu başqa kim götürə bilərdi ki? Qazanın içində olduğunu heç kim görməyib.

Qurbanı aparandan sonra Sabircan fikrə getdi. Bu qədər qalmaqala səbəb olan qazança harada ola bilər? Mərufun evində olmadığı aydın idi, çünki onun arvadı qazanın qapağını açıb baxdığını, içində heç nə olmadığını and içərək deyirdi. Üstəlik, əgər qazança Mərufda olsaydı Qurban tüfəngini ona tuşlayanda geri verərdi.

Sabircanın qazançanı tapmaq marağı daha da artdı.

– Fərhad, səncə, o qədim qazança harada ola bilər? Onu kimsə götürüb.

– Bilmirəm və bu barədə düşünmək belə istəmirəm, çünki ən vacibi odur ki, şübhəli şəxs artıq günahını boynuna alıb. Cinayətin açılması üçün heç bir çətinlik çəkmədik, buna da şükür, – dedi Fərhad kompüterdə nəsə yazaraq.

– Sənə sahibinin uğrunda adam öldürməyə qədər getdiyi qazançanı görmək belə maraqlı deyil mi?

– Bilirsinizmi, Sabircan bəy, indi yeganə istəyim evə gedib rahat yemək yemək və sonra doyunca yatmaqdır. Heç bir qazança məni maraqlandırmır, – deyə Fərhad kompüterini söndürməyə başladı.

– Mən isə işi məhkəməyə təqdim etməmişdən əvvəl o qazançanı tapmağa çalışacağam.

– Halbuki, onun varlığının işə heç bir aidiyyəti yox…

– Bəli, amma illərdir mehriban qonşu olmuş iki ailənin səbəbsiz yerə düşmən olmasına imkan verməməliyik.

– Əlbəttə, bu sizin işinizdir. Hər halda, məni buna qatmayacağınızı ümid edirəm.

– Hansı mənada? – deyə Sabircan soruşdu çaşqınlıqla.

– Necə yəni hansı mənada? Düz mənasında. Məsələn, mən bu gün işdən vaxtında çıxıb ailəmlə birlikdə olmaq istəyirəm. Hər hansı qədim qazançaya görə başımı ağrıtmaq fikrim yoxdur, – deyə Fərhad yerindən qalxaraq getməyə hazırlaşdı.

– Deməli, məsələ buradadır, yaxşı, gedə bilərsən. Amma mən o qazançanın haraya yoxa çıxdığını tapmadan sakitləşməyəcəm.

– Yaxşı, sağ olun, – deyə Fərhad çıxıb getdi.

Fərhad gedəndən sonra Sabircan ayağa qalxıb otaqda gəzişməyə başladı. Nə qədər fikirləşsə də, qazançanı kimin götürdüyünü tapa bilmirdi. Oturub bu cinayət işi üzrə sorğu-sual edilən hər kəsin ifadələrini yenidən oxudu, amma heç bir nəticə əldə edə bilmədi. Saatına baxdı, artıq gec olduğunu görüb stolunu yığışdıraraq evə yollandı.

 

* * *

Səfərovun adam öldürməyə cəhd cinayəti ilə bağlı istintaqın bütün xırda detalları və rəsmi prosedurlar tamamlanmış, işi məhkəməyə göndərmək vaxtı çatmışdı. Sabircan sənədləri qaydaya salıb, düzülməyə hazırlaşırdı ki, Fərhad içəri girdi.

– Salam, Sabircan bəy. Mənə də iş saxlamısınız yoxsa hamısını özünüz bitirmisiniz? – deyə içəri girib soruşdu zarafatla.

– Bu gün məhkəməyə göndərəcəyik, – dedi Sabircan.

– Məruf bəyin vəziyyətinin yaxşılaşdığını dünən sizə demişdim? – deyə soruşdu Fərhad.

– Hə, özüm də xəstəxanaya zəng edib maraqlandım. Dedilər ki, iki-üç günə evə buraxacaqlar.

– Baxın, bir köhnə qazançaya görə ölüb gedəcəyinə az qalıb.

– Qurban özünün zadəganlardan olduğunu dostuna sübut etmək üçün qətl törətməyə belə hazır idi.

– Maraqlıdır, bunu sübut etməyə nə ehtiyac var idi ki? – deyə Fərhad çiyinlərini çəkdi.

– Bir müdrik insan demişdi ki, insanlarda var-dövlətə və zadəganlığa meyl yalnız qəbirdə sona çatır. Görəsən, bu sözləri deyəndə necə haqlı olduğunu bilirdi? – deyə Sabircan əlindəki sənədləri stolun üstünə qoydu.

– Əlbəttə, bilməsə, deyərdimi? Bilirsinizmi, Sabircan bəy, indi limonlu çay içək, – deyə otağına tərəf getdi.

Fərhad əlində bir limon tutaraq içəri qayıdanda Sabircan ona baxıb soruşdu:

– Bu təzəcə dərilmiş limonu haradan tapdın?

– Öz qış bağçamızdan oğurlayıb gətirdim.

– Niyə “oğurlayıb” deyirsən? Sadəcə dərib çıxmaq da olardı axı.

– Qış bağçasına yalnız atam baxır, oradakı bitkilərə toxunmağa heç kimə icazə vermir. Mən də ora bəzi hallarda baş çəkirəm. Səhər atam dedi ki, limon ağacında on dörd meyvə var, heç kim onlara toxunmasın. Mən də çoxdan ora girmədiyimi xatırlayıb baxmağa getdim. Gördüm ki, yazıq ağac meyvələrinin ağırlığından əyilib. Dərhal birini qoparıb cibimə qoydum.

– Onda mənim limonlu çayıma da şəkər əlavə et, – deyə Sabircan gülümsədi.

– Əlbəttə, şəkərsiz çay olar? – deyə Fərhad iki çay qaşığı şəkər əlavə etdi.

Sabircan çaydan bir qurtum alıb:

– Təşəkkür edirəm, Fərhad, əla çaydır. Deyəsən, qış bağçasına girib belə “oğurluq” etməyə davam etsən, pis olmaz, – dedi.

Fərhad dünənki futbol oyunu haqqında danışmağa başladı.

– Necə də mən dediyim kimi oldu, Real Madrid qazandı! Qardaşım Barcelona qalib gələr deyə ümid edirdi, amma mərcdə uduzdu.

Sabircan çay fincanını stolun üstünə qoyaraq:

– Yoxsa mənim düşündüyüm kimidir? Bəli, başqa cür ola da bilməz, – dedi.

– Siz də belə düşünürdünüz? – deyə Fərhad maraqlandı.

Amma Sabircan onun sözlərinə əhəmiyyət verməyərək telefona zəng etməyə başladı. Fərhad o an başa düşdü ki, Sabircan onu eşitmir və xəyali başqa yerdədir.

– Alo, bu Səfərov Qurbanın evidir?

– Bəli, sizə kim lazımdır? – telefondan qadın səsi eşidildi.

– Siz Səfərovun həyat yoldaşısınız?

– Bəli.

– Mən istintaqçı Mirzayevam.

– Aman Allah, ərimə nə oldu?!

– Narahat olmayın, hər şey qaydasındadır. Mən oğlunuz haqqında soruşmaq istəyirdim.

– Nəyi soruşmaq istəyirsiniz?

– Bildirmişdiniz ki, iki oğlunuz var. Deyin görüm, oğullarınız neçənci sinifdə oxuyurlar?

– Biri məktəbdə altıncı sinifdə, digəri rayon mərkəzindəki liseydə ikinci kursda oxuyur.

– Böyük oğlunuz hansı ixtisas üzrə liseydə təhsil alır?

– Tarix ixtisası üzrə. Niyə soruşursunuz?

– Tarix deyirsiniz…

– Yoxsa Sultan nəsə pis iş görüb? Açıq danışın.

– Xeyr, sadəcə, ondan kiçik bir şey soruşmaq istəyirdim.

– O dərsdə olmalıdır, evimiz uzaq olduğu üçün yataqxanada qalır. Amma sabah istirahət günü olduğuna üçün belki bu gün evə gələcək. Allah qoysa, günortaya yaxın evdə olar.

– Yaxşı, onda ona heç nə deməyin, mən sonra zəng edərəm, – deyə Sabircan telefonu yerinə qoydu.

Fərhad təəccüblə soruşdu:

– Başa düşmürəm, Səfərovun yetkinlik yaşına çatmamış oğlundan nə soruşmaq lazımdır? Axı cinayət işini tamamlamışıq.

– Mən dedim axı, o qədim qazançanı kimin götürdüyünü tapmadan sakitləşməyəcəm.

– Sabircan bəy, artıq boş yerə əziyyət çəkmək niyə lazım? Birincisi, o uşaq yetkinlik yaşına çatmayıb, ona görə də onu pedaqoqun iştirakı ilə dindirilməlidir, bu isə əlbəttə ki, mənim üzərimə düşəcək. İkincisi, cinayət işi hazırdır, sənədlər toplanıb, indi o uşağın ifadəsinə görə işi pozub yenidən sənədləri düzəltməliyik, – dedi Fərhad narazı olaraq.

– Narahat olma, mənim soruşmaq istədiyim sual sadəcə Səfərovun ailəsi ilə bağlıdır.

– Bağışlayın, Sabircan bəy, amma bəzən sizi başa düşə bilmirəm.

– Məsələn?

– Doğrudur, siz mürəkkəb və çətin işləri həll etməkdə ustasınız, amma asanlıqla həll olunacaq məsələləri niyə çətinləşdirirsiniz?

– Amma illərdir qonşu olmuş iki ailənin arasındakı anlaşılmazlığı həll etmək çətinləşdirmək deyil.

– Səfərov bu məsələni artıq həll edib, indi onlar bir-birinə düşmən olub qalıblar axı.

– Bəlkə də elədir, ancaq Mərufun ailəsinə oğru damğasının səhv vurulması yaxşı deyil.

– Bilmirəm, bilmirəm, mən qalan işimi tamamlamalıyam, – deyə Fərhad yerindən qalxdı.

Günortadan sonra Sabircan Səfərovun evinə zəng etməyi düşünərkən, birdən xidmət telefon zəng çaldı.

– Eşidirəm, – dedi Sabircan dəstəyi qaldıraraq.

– Bir qadın oğluyla sizin yanınıza girmək istəyir, çağırmışdınızmı? – deyə soruşdu növbətçi.

– Hansı işlə bağlıdır?

– Səfərovayam, deyir, məncə ərinin işi ilə əlaqədar gəlib.

– Yaxşı, girsin.

Qapıdan içəri daxil olan qadın salamlaşdıqdan sonra:

– Mən Sultana sizin zəng etdiyinizi dedikdən sonra, özü müstəntiqin yanına getməliyəm, hər şeyi orada danışacağam, deyib yola düşdü, mən də onunla gəldim, – dedi.

– Bəs, Sultan, mənə nə demək istəyirdin? – deyə soruşdu Sabircan atasına bənzəyən, özünü günahkar hiss edən, yerə baxan 15-16 yaşlı oğlana baxaraq.

O:

– Hər şey mən səbədən oldu… – deyə söhbətə başladı.

– Gəl, əvvəl yaxşıca otur, – deyə Sabircan ona stul göstərdi.

Sultan oturduqdan sonra Sabircana baxdı.

– İndi tələsmədən, başdan danış, o qazançanı niyə götürdün, hər şeyi danış.

– Siz bunu bilirdiniz?! – deyə Sultan heyrətlə Sabircana baxdı.

– Hə, hiss etmişdim.

– Bizim liseydə tarix muzeyi yaradıldı. O zaman müəllimimiz bizə dedi ki, əgər evlərinizdə babalarınızdan qalmış köhnə əşyalar varsa, gətirin, muzeydə nümayiş etdirək və hansı əsrə aid olduğunu qeyd edək, – deyə Sulton sükuta qərq oldu.

– Sonra nə oldu? – dedi Sabircan.

– Anbarxanamızda köhnə qazança gördüm. Atamın onu babalarımızdan qalan yadigar kimi saxladığını bilirdim. Onu atamdan soruşub, sonra liseyə aparmaq istəyirdim, ancaq atamın icazə verməyəcəyindən qorxduğum üçün heç kimdən soruşmadan götürdüm.

– Qazança harada idi?

– O həmişə böyük qazanın içində olurdu, oradan götürdüm. Müəllimimiz onun iki əsr əvvəl hazırlanmış qədim qazança olduğunu müəyyənləşdirdi.

– Bəs sən bu barədə valideynlərinə niye demək istəmirdin?

– Mən hər həftə sonu evə gəlirəm, ona görə də bir həftə sonra gələndə hər şeyi atama deyəcəkdim, ancaq gəlsəm …

– Gəldin ki, atan qazançaya görə qonşunu vurub, bunu eşidəndə heç nə demədin?

– Mən qorxdum, o səbəbdən… – deyə Sultan göz yaşlarını saxlamağa çalışdı.

– Bunu mənə desəydin, oğlum, heç olmasa telefonda açıq danışsaydın, bu hadisələr baş verməzdi, – deyə ağladı Fatimə.

– Hər şeyə mən günahkaram, buna görə atamın yerinə məni həbs edin! – deyə Sultan artıq göz yaşlarını gizlətmədən, hönkür-hönkür ağladı.

– Bunun imkanı yoxdur, ancaq bu sözlərini Məruf qardaşına desən, ondan üzr istəsən, bəlkə bir az yüngülləşərdi, çünki o çox əziyyət çəkir.

– Qonşularımız Məruf da, həyat yoldaşı Sümbüləy də çox yaxşı insanlardır. Məruf ölümün bir addımlığından qayıtsa da, qonşumuz Qurbana qarşı heç bir iddia və dava etmədiyini deyir.

– Hə, yaxşı insan imiş.

– Əvvəl qazançanı götürdükdən sonra, günah məndədir deyə düşünərək belə danışır, zənn etmişdim, ancaq sonra başa düşdüm ki, o yazığın heç bir günahı yoxdur.

– Bəs sən, Sultan, o qazançanı müəlliminlə birlikdə bura gətirə bilərsənmi? – dedi Sabircan.

– Bəli, ancaq atama yüngüllük etməniz üçün mən nə etməliyəm?

– Mən heç nə edə bilmərəm, ona hansı cəzanın veriləcəyini yalnız məhkəmə həll edəcək, – deyə Sabircan onlarla bildirdi sağollaşaraq.

İki gün sonra müəllimi ilə birlikdə qazançanı gətirən Sulton Sabircanın otağına girdi.

Qazançanı əlinə alıb ona baxarkən:

– Siz bu qazançanı mütəxəssisə göstərmisinizmi? – deyə Sabircan Sultanin müəllimindən soruşdu.

– Yox, mən özüm qazançaya çəkilmiş şəkillərə, onun naxışlarına, hazırlanmasına baxaraq təxminən iki əsr əvvəl düzəldilmiş qazança olduğunu qeyd etdim. Ancaq yenə də onu bir dəmirçi ustasına göstərməli olduğumu düşünürdüm, – deyə qadın özünü müdafiə elədi.

– Fərqinə vardınızmı, bu kiçik qazançada heç vaxt yemək bişirilməyib? Məncə, bunu adi qazança adlandırmaq olmaz.

– Sabircan qardaş, çağırılan mütəxəssis gəldi.

O məşhur qazançanın nədən hazırlandığını dəqiq deyə biləcək. Axı belə deyirlər ki, “çəpələyi kəssə də qəssab kəssin”, – dedi Fərhad.

Sabircan qazançanı mütəxəssisə uzadaraq:

– Qazançaya istifadə olunan metalın tərkibini tez bir zamanda müəyyən edib, bizə bildirin, – deyə bir vərəq uzatdı.

Mütəxəssis vərəqə imza atıb dedi:

– Bəli, əlbəttə, ancaq əvvəlcədən deyə bilərəm ki, bu qazança əsasən qiymətli metaldan hazırlanıb.

– Deməli, atam düz deyirmiş, – dedi Sultan.

– Atan nə demişdi? – deyə Sabircan Sultanin nə demək istədiyini dinləməyə çalışdı.

– O həmişə deyirdi ki, mənim ata-babalarım zadəgan olub və belə qiymətli qazançada yemək bişiriblər.

– Bilirsənmi, Sultan, ata-babalarının zadəgan olduğunu nə qədər desən də, bunu sübut edə bilməzsən. Məncə, buna ehtiyac da yox. Sənin hərəkətin, cəmiyyətdə tutduğun yer, insanların sənə verdiyi dəyər – bunlar sənin nəsil-kökünə də aid hesab olunur, – dedi Sabircan.

– Tamamilə doğrudur, Sabircan bey. Hamıya icazə verirsiniz? – deyə Fərhad soruşdu.

– Hə, icazə verildi.

Sabircan və Fərhad yeni təyin olunmuş istintaq şöbəsinin rəisi haqqında söhbət edərək:

– Sizə deyim, Sabircan bey, Fazil beydən qurtulduğuma görə bir ziyafət verəcəyəm. Axı o məni lap bezdirmişdi! Hər addımımı yoxlayırdı. Heç başa düşə bilmirəm, mənim harada oturmağım ona nə fərq edir ki? İşimi vaxtında görsəm, bəs deyilmi?! – dedi Fərhad.

– Ancaq unutma ki, Fazil bey prokurorluq sistemindən getməyib, sadəcə vəzifəsi yüksəlib. Bu o deməkdir ki, yenə də onun nəzarətində olacaqsan, – deyə gülümsədi Sabircan.

– Yox e, vəzifəsi yüksəlibsə, işi də çoxalacaq. Məncə, məni unudub, öz halıma buraxar, – dedi Fərhad.

Bu anda gözlənilmədən qapıdan Fazil bey içəri daxil oldu. Fərhad və Sabircan bir-birlərinə baxaraq ona salam verdilər.

O əlindəki bir vərəqi Sabircana uzadaraq:

– Afərin, Sabircan. Buyurun, baxın, sizin marağınız sayəsində mütəxəssislər müəyyən ediblər ki, o köhnə qazança saf platindən hazırlanıb. Bilirsinizmi, bu nə deməkdir? Dövlətimizin xəzinəsinə düz üç yarım kilo qiymətli metal əlavə olundu, – dedi.

– Eləmi?! – dedi Sabircan vərəqə göz gəzdirərək.

Fazil beyin gözü Fərhada sataşdı:

– Ay oğlan, öz yerində oturacaqsanmı, yoxsa hamının başını qatıb boş-boş danışmaqda davam edəcəksən?! Tez otağına get, – dedi sərt tərzdə.

– Eyvah… – deyə Fərhad otaqdan çıxdı.

 Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan

2025-04-15 18:19:54
782 baxış

Digər xəbərlər

Döyüşçü fədakarlığı və silahdaş ləyaqəti ilə yaddaşlarda silinməz iz qoydu...

Tarix boyu güc amili döyüş meydanında qələbəni təmin etmək üçün həlledici rol oynayıb. Güclülər qalib olur və öz şərtlərini diktə edirlər, yeni reallıq yaradırlar. Bu gün güclü dövlətlər, habelə mübariz xalqların sırasında iki ad rəğbətlə qarşılanır: Azərbaycan və azərbaycanlılar. Azərbaycan ötən əsrin 90-cı illərində və sonrakı dövrlərdə torpaqlarının bir hissəsi işğala məruz qalmış ölkələr arasında yeganə dövlətdir ki, hərbi gücü sayəsində öz ərazi bütövlüyünün bərpası yolunda böyük zəfər qazanıb.  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi zamanı apardığı döyüş əməliyyatlarının uğurla başa çatmasına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti layiqli töhfəsini verib. Dövlət başçısının çıxışlarında hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət nümunələri xüsusi vurğulanıb. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qoşunların 66 nəfər hərbi qulluqçusundan biri də baş çavuş Əkbərov Vüqar Seyid oğludur. O, 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulub. Bu yurdun sakinləri mərddir və doğma torpağa mənəvi cəhətdən möhkəm bağlıdırlar. Birinci Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə kənddən 19 nəfər şəhid olub, onlardan 6 nəfəri mülki şəxsdir. Vətən müharibəsində isə kənddən 4 nəfər şəhidlik zirvəsinə ucalıb. Hər iki müharibədə ön cəbhədə vuruşmuş kənd sakinlərindən bəziləri qazi olaraq geri qayıdıblar.   Vüqarın babaları Məhəmmədəli Əkbərov və Cəfər Aslanov 1941-1945-ci illərdə ayrı-ayrı cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak ediblər. M.Əkbərov döyüşlərdən birində ağır yaralanıb, bir ayağı amputasiya olunub. Seyid Əkbərov və Xanım Aslanovanın üç övladından ortancılı olan Vüqar öz nəslinin yeganə şəhididir. Valideynləri, bacı və qardaşı Yuxarı Öysüzlüdə yaşayırlar. Zəhmətkeş ailədə böyümüş Vüqar valideynlərinin verdikləri tərbiyə əsasında ləyaqətli gənc kimi formalaşıb. Atası hazırda işləmir, anası tibb işçisidir. Qardaşı gizir Vüsal Əkbərov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində feldşer vəzifəsində xidmət edir. 2016-cı ilin aprel döyüşləri vaxtı ön xəttə olub. 2020-ci ildə Tovuz rayonu ərazisində məlum döyüşlər zamanı yaralı hərbçilərimizə tibbi yardım göstərib. Vətən müharibəsi dövründə isə  Daşkəsən rayonunda ön mövqeyə göndərilib. Yuxarı Öysüzlüdəki Məmmədqara Məmmədov adına tam orta məktəbdə təhsil almış Vüqar çalışqanlığı ilə fərqlənib, müəllimləri dərslərə münasibəti və davranışından razı qalıblar. Orta məktəbdən etibarən Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmağa hazırlaşıb, gələcəkdə bu sahədə işləməyi arzulayıb. Ancaq qəbul imtahanında lazımi bal toplaya bilməyib. Beləliklə, onun bu arzusu gerçəkləşməyib. Yeniyetmə yaşlarından fiziki hazırlğına xüsusi diqqət yetirib, müntəzəm şəkildə idmanla məşğul olub. Bu amil onun xaraktercə iradəli və qətiyyətli olmasının bünövrəsini qoyub. Ünsiyyətcil, səmimi, xeyirxah, dürüst, təmkinli olması da şəxsi keyfiyyətlərinə aid idi. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək Vüqar ev təsərrüfatı işlərində ailəsinə kömək edib. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin aprel ayınadək Vüqar Goranboy rayonu ərazisində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini vicdanla başa vuraraq geri dönüb. Hərbçi peşəsinə marağı və həvəsi səbəbindən Vüqar bir neçə il sonra Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün komandanlığa müraciət etmək qərarını verib. Gəncin müraciəti müsbət cavablandırılıb. 2013-cü ilin may ayının 10-da Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində motoatıcı taborun motoatıcı bölüyündə sürücü vəzifəsinə təyin edilib. Həmin hərbi hissədə motoatıcı taborun motoatıcı bölüyündə manqa komandiri-maşın komandiri, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan vəzifələri də hərbi qulluqçuya həvalə olunub. 2018-ci ilin may ayında qoşunların Qəbələ rayonundakı “N” saylı hərbi hissəsinə keçirilərək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan vəzifəsində də nümunəvi cəhətdən fərqlənib. 2019-cu ilin sentyabr ayında xidmətini Sumqayıtdakı “N” saylı hərbi hissədə davam etdirərək, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan köməkçisi vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Əzmkar hərbi qulluqçu olaraq tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub. Komandirləri tərəfindən qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirib, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün öz üzərində daim çalışıb. Xidmətdə və təlimdə göstərdiyi müsbət nəticələrə görə dəfələrlə mükafatlandırılıb. Şəxsi heyət arasında hörmət qazanıb. 2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı Vətən müharibəsi başladıqda Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri ilə birlikdə Daxili Qoşunların xüsusi təyinatlılarına ilk gündən döyüş tapşırıqlarının icrası həvalə olunub. Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin şəxsi heyəti ön cəbhədə ayrı-ayrı qrupların tərkibində müharibə sınaqlarından keçib. Vüqar ruh yüksəkliyi ilə döyüşlərə atılıb. Halbuki, onun həmin vaxt sağlamlığında müəyyən problemlər vardı. Buna baxmayaraq, qəti mövqeyini bildirib ki, silahdaşlarının yanında olacaq. Xüsusi təyinatlı Cəbrayıl rayonundan başlayaraq Şuşa şəhərinədək igidliklə vuruşub. Məqaləni yazarkən silahdaşları məni Vüqarın şərəfli xidmət və döyüş yolu barədə ətraflı məlumatlandırıblar. Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri mayor Ələsgər Muxtarov bildirdi ki, Vüqar vətənpərvər, hərbi anda sadiq, yüksək döyüş qabiliyyətinə malik, intizamlı xüsusi təyinatlı idi. Komandirin sözlərinə görə, xüsusi təyinatlı onun tabeliyində 8 aya yaxın müddətdə xidmət edib, fəaliyyətində güvən qazanıb, hərbi kollektivdə yoldaşlıq münasibətlərinə ziyan vuran addım atmayıb. Xidməti tapşırıqların icrasında sayıqlıq göstərib, peşə bacarıqlarını təkmilləşdirmək üçün öz səylərini əsirgəməyib. Mayor Ə.Muxtarov məlumat verdi ki, Vətən müharibəsində Vüqar daim öndə gedib, mərmi və güllələrin atəşi altında düşmənin üzərinə cəsarətlə irəliləyib. Cəbrayıl rayonu ərazisində ermənilərin müdafiə xəttinin yarılması, atəş nöqtələrinin susdurulması, bu istiqamət üzrə, habelə Füzuli, Xocavənd, Xocalı rayonlarının bir sıra yaşayış məntəqələrinin, ayrı-ayrı yüksəkliklərin azad olunması, Şuşa uğrunda döyüşlərdə Vüqar təhkim olunmuş silahlarla işğalçılara qan uddurub. Düşmənin müxtəlif texnikasını atəş zərbəsi ilə yararsız hala salıb. Yaralılara ilk yardım göstərilməsi və onların təxliyyəsində silahdaşlarının köməyinə yetişib. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-istehkamçı, Vətən müharibəsi iştirakçısı çavuş Kamal Məmmədli qeyd etdi ki, 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi yaxınlığında düşmənin 2-ci müdafiə səddinin yarılması zamanı o, sağ ayağından güllə yarası alıb. Çavuş Orxan İbrahimov döyüşçü yoldaşına yardım edərkən onların bir neçə metrliyində minaatan mərmisi partlayıb və Kamalın sol ayağını, qolunu qəlpələr zədələyib. Həmin anda Orxan da yaralanıb və kömək çağırmaq üçün sürünərək oradan kənarlaşıb, Siruz adlı döyüşçüyə Kamalın yerini deyib. Siruz Kamala yaxınlaşmağı bacarıb, onu ərazidən çıxararkən Vüqar atəş altında Siruza köməklik edərək silahdaşlarını təhlükəli yerdən uzaqlaşdırıblar. Yoldaşlarının fədakarlığı sayəsində Kamal sağ qalıb. Vətən müharibəsi qazisi, ehtiyatda olan çavuş Rasim Hacıyev söylədi ki, Vüqarla Bərdə rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə birgə xidmət edib, dost olublar. Vətən müharibəsində qumbaraatan köməkçisi kimi Vüqarın döyüşkənliyi ilə silahdaşlarına örnək olduğunu vurğuladı. Hadrut istiqamətində döyüşdə dostunun qapalı kəllə-beyin travması aldığını və hərbi qospitala göndərildiyini diqqətə çatdırdı. Lakin o, qospitalda bir neçə gün qaldıqdan sonra müalicəsini könüllü olaraq dayandırıb. Beləliklə, Vüqar Qırmızı Bazar istiqamətində döyüşən silahdaşlarının yanına qayıdıb. Rasim Daşaltı kəndi ətrafında döyüşdə ağır dərəcəli kəllə-beyin travması aldığından təxliyyə olunub, onun qumbaraatan silahı Vüqara verilib. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar, Vətən müharibəsi iştirakçısı çavuş Tahir Babayev bildirdi ki, Vüqar müharibənin əzab-əziyyətlərinə dözümlə yanaşıb, silahından başqa, üzərində tələb olunandan əlavə sursat ehtiyatı, əl qumbaraları daşıyıb. Döyüşlərdə qumbaraatanla sərrast atəş açaraq işğalçılara məxsus bir çox hədəfi məhv edib, həmçinin, qənimət götürülən silah-sursatdan məharətlə yararlanıb. Düşmənin pusquya salınması və onun qurduğu pusquların aşkarlanmasında döyüşçü bacarığı göstərib. Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar vəzifəsindən hazırda ehtiyata buraxılan çavuş Orxan Həsənovun verdiyi məlumata görə, Şuşanın işğaldan azad olunması uğrunda vuruşarkən hər bir döyüşçüdə xüsusi bir coşqu yaranıb. Vüqar Şuşaya qədəm basacağı günü müharibənin əvvəlindən səbirsizliklə gözləyib. Şuşaya yaxınlaşmaq üçün bir neçə gün dağlıq ərazidən keçiblər, şəhərin ətrafındakı yüksəkliklər, Laçın-Şuşa və Xankəndi-Şuşa yolları nəzarətə götürülüb. Şiddətli döyüşlər nəticəsində Şuşa yaxınlığında mövqeləniblər. Noyabrın 6-da gecə saat 4-5 radələrində onların yerləşdikləri mövqe düşmənin zirehli texnikalarından, artilleriya vasitələrindən atəşə tutulub. Orxan bir neçə metrliyində kiminsə onu çağırdığını eşidib, yaxınlaşarkən Vüqarı üzü üstə uzanmış vəziyyətdə görüb. Onun kürəyindən qan axırmış, Orxan yoldaşının yarasına tampon qoyub, ağrıkəsici iynə vurub. Vüqar “bir az rahatlandım” – deyib, olduğu yerə mərmilərin az düşdüyünü söyləyərək, Orxana oradan getməyin təhlükəli olduğunu bildirib. Ancaq Orxan digər yaralılara yardım etmək üçün Vüqarın yanından getməli olub. Həmin məqamda yaralıları təxliyyə etmək mümkün deyildi. Səhər açılanda Vüqar aldığı yaradan əbədi olaraq gözlərini yumub. 18.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə hərbi qulluqçumuzun 2020-ci il noyabrın 9-da Şuşada hərbi əməliyyatda törənmiş zədələnmələrdən həlak olduğu yazılıb. Şəhid noyabrın 13-də Yuxarı Öysüzlü kəndinin qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 24 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş V.Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qənirə Paşayevanın müəllifi olduğu “Tovuz şəhidləri. 44 günlük Vətən müharibəsi” kitabında Vüqar haqqında məqalə öz əksini tapıb. Tovuz şəhərindəki Şəhidlər xiyabanında inşa olunan abidə kompleksində Vüqarın da şəkli var. Yuxarı Öysüzlüdə isə şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi yaradılıb. Kənddə Vüqarın şəkli əks olunan plakat quraşdırılıb. Məzunu olduğu orta məktəbdə 2 A sinfinə şəhid döyüşçünün adı verilib. Məktəbdə şəhidlərin xatirəsinə fotostend və guşə hazırlanıb. Əkbərovlar ailəsinin yaşadığı evdə mərhumun xatirə guşəsi düzəldilib. Xatirə guşəsində şəhidin şəkilləri, hərbi forması və şəxsi əşyaları qorunub saxlanılır. 2017-ci ildə ailə quran Vüqarın övlad yadigarı yoxdur. Doğmaları, dostları, həmyerliləri, silahdaşları, bütün onu tanıyanların yaddaşında Vüqar silinməz iz qoyub. İgid döyüşçü daim ehtiramla xatırlanacaq, gənc nəsil belə oğulların hünər nümunələri timsalında vətənpərvər ruhda tərbiyə olunacaqdır.  Allah rəhmət eləsin!   Yalçın  Abbasov DİN-in Daxili Qoşunlarının  veteranı, tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü  

Hamısını oxu
“Vaşinqton Bəyannaməsi İlham Əliyev diplomatiyasının tarixi zəfəridir”

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və həmin görüşün yekununda imzalanmış Birgə Bəyannamə İlham Əliyev diplomatiyasının tarixi zəfəridir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu uğur Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsini təmin etməklə yanaşı, regional tərəqqi baxımından da böyük imkanlar açdı: “Prezident İlham Əliyevin səyi ilə imzalanan Vaşinqton Bəyannaməsi uzun müddətidi ki, Cənubi Qafqazda mövcud olan hərbi kataklizmlərə, münaqişə və qarşıdurmalara son qoydu. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə siyasi müstəvidə möhkəmləndi. Cənubi Qafqazda sülh və təhlükəsizlik de-fakto təmin edildi. Vaşinqtonda sülh mətninin paraflanması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün də ciddi zəmin formalaşdırdı. Ermənistan konstitusiyasıdan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxaracağı təqdirdə, sülh müqaviləsinin imzalanması üçün heç bir ciddi problem qalmayacaq. Vaşinqton Bəyannaməsinin digər bir önəmi Cənubi Qafqazda iqtisadiyyat və sosial rifahın yüksəlməsi üçün yeni imkanlar açması ilə bağlıdır. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması regiona böyük miqdarda investisiyasının cəlb edilməsini, mövcud imkanlardan maksimum şəkildə istifadəni sitimullaşdırdı. Bu isə yalnız Azərbaycanın deyil, bütün regionun adına böyük uğurduyr. Bu misilsiz uğurun müəllifi isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Əminliklə demək olar ki, 8 Noyabr zəfəri kimi 8 avqust zəfəri də tarixin yaddaşında dövlətimizin böyük, təkrarsız nailiyyəti kimi daim yaşayacaq və hər zaman iftixar hissi ilə yad ediləcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Reallıqlar məlum, perspektivlər aydındır

Hamısını oxu
“Xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır”

Cəlil Xəlilov: “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir”   Dünən Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzili Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub.   Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu hadisənin regional əhəmiyyətə malik olduğunu bildirib:   “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, hər şeydən öncə Azərbyacanın iqtisadi gücünün təcəssümüdür və dövlətimizin, xalqımızın quruculuq qabiliyyətindən, tikib-yaratmaq əzmindən xəbər verir. Füzuli Beynəlxalq Hava Limanının açılışı sadəcə ölkəmizdə deyil, bütün regionda iqtisadi həyatın canlanmasına öz müsbət təsirini göstərəcək, yeni iqtisadi inkişaf dalğasını stimullaşdıracaqdır.   Bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasimində iştirak etdi,  bütün dünyaya bir daha Azərbaycan və Türkiyənin qardaşlıq münasibəti ilə bağlı ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Füzuliyə bu səfəri sözügedən rayonun, ümumilikdə işğaldan azad edilən torpaqlarımızın iqtisadi önəmindən, regional əhəmiyyətindən xəbər verir.   Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunda da birinci özəl investisiya layihəsinin əsasını qoydular. Azərbaycan və Türkiyənin birgə layihəsi olan bu layihə işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığını, qardaş Türkiyə dövlətinin də bu prosesdə Azərbaycanla birlikdə iştirak etdiyini göstərir. Birgə həyata keçirilən bu layihələrin miqyas və əhəmiyyəti göstərir ki, işğaldan azad edilən torpaqlar qısa zamanda öz iqtsiadi inkişaf tempinə görə bütün regionda liderliyə yüksələcək, Azərbaycanın ümumi inkişafına böyük təkan verəcəkdir.   Bu gün ictimaiyyətin işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərinə münasibəti, media və sosial mediada yer alan məlumatlar, cəmiyyətdən gələn mesajlar göstərir ki, xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır. Bizim üçün qürurvericidir ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma prosesində qardaş Türkiyə dövləti də bizimlə birlikdə iştirak edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Qarabağ və ətraf rayonların qısa zamanda dirçəlişini təmin edəcək, bu dirçəliş insanlarımızın sosial rifahının daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir”.  

Hamısını oxu