Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir Gözlə Vətəni Bütöv Görən Qəhrəman Azər Abdullazadə

“Azərbaycan ordusunun hərbi qulluqçusu olmağımla fəxr edirəm…” Bu ifadə Azərbaycan əsgərinin dövlətinə sədaqətinin, xalqına bağlılığının və Vətən qarşısında daşıdığı ali məsuliyyətin rəsmi və mənəvi ifadəsidir. Bu sözlər bir ömrün həyat prinsipi, bir nəslin Vətənə sədaqət andı, bir xalqın öz ordusuna olan sarsılmaz inamının təcəssümüdür. Sözügedən fikirlər Vətənin taleyini öz taleyi ilə birləşdirən, onu qanı və canı bahasına qoruyan Azər Rizvan oğlu Abdullazadənin vətəndaş mövqeyini, daxili dünyasını və hərbi xidmət fəlsəfəsini dolğun şəkildə əks etdirir.

Abdullazadə Azər Rizvan oğlu 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur. O, Vətənə xidmətin ailə dəyəri kimi qəbul edildiyi, hərb və vətənpərvərlik ruhunun nəsildən-nəslə ötürüldüyü qəhrəman bir ailədə böyümüşdür. Bu ailədə “Vətən” anlayışı yalnız coğrafi məfhum deyil, yaşam tərzi, mənəvi məsuliyyət və əxlaqi borc kimi formalaşmışdır.

Azər Abdullazadənin ailə tarixində Qarabağ müharibələrinin dərin izləri vardır. Onun əmisi  tibb xidməti leytenantı Natiq Abdullayev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Atası Rizvan Abdullayev isə həmin döyüşlərdə ağır yaralanaraq I qrup müharibə əlili olmuşdur. Bu ailənin yaddaşı şəhidlik zirvəsi, qazilik yolu və Vətənə sədaqət ruhu üzərində formalaşmışdır.

Azər Abdullazadə 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətinin başa çatmasına cəmi bir neçə gün qalmış, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlanmışdır. O, təxris olunmaq hüququndan imtina edərək könüllü şəkildə döyüş bölgəsinə yollanmışdır.

44 gün davam edən Vətən müharibəsi zamanı Azər Abdullazadə tank heyətinin tuşlayıcısı kimi Füzuli və Cəbrayıl istiqamətlərində aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin atəş mövqelərinin, zirehli texnikasının və canlı qüvvəsinin məhv edilməsində xüsusi fərqlənmiş, şəxsi igidlik, yüksək peşəkarlıq və dözümlülük nümayiş etdirmişdir. Onun fəaliyyəti Azərbaycan Ordusunun həmin istiqamətlərdə uğurlu irəliləyişinə mühüm töhfə vermişdir.

Azər Abdullazadə döyüşlər zamanı iki dəfə yaralanmışdır. İlk yaralanmadan sonra həkimlərin tövsiyəsinə baxmayaraq, təkidlə yenidən ön cəbhəyə qayıtmışdır. 2020-ci il oktyabrın 11-də Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı tankın vurulması nəticəsində ağır yaralanmış, bir gözünü itirmişdir. Tank komandiri şəhid olmuş, Azər Abdullazadə isə böyük fədakarlıq və iradə nümayiş etdirərək döyüş zonasından çıxarılmışdır.

Uzunmüddətli tibbi müalicə və bir neçə mürəkkəb cərrahi əməliyyata baxmayaraq, o, mənəvi möhkəmliyini qoruyub saxlamış, qazilik statusuna baxmayaraq dövlətə və orduya sədaqətini daim ifadə etmişdir. Onun həyat mövqeyi “göz ürəyin aynasıdır” ifadəsinin rəmzi mənasını daşıyır - Azər Abdullazadə bir gözünü Vətən yolunda itirsə də, Vətəni bütöv görən qəhrəman kimi yadda qalmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin  9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Abdullazadə Azər Rizvan oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. O, bu ali ada layiq görülən ən gənc hərbi qulluqçulardan biri olmuşdur. Həmçinin Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir.

Bu gün Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə Azərbaycan gəncliyi üçün vətənpərvərlik, sədaqət və fədakarlığın canlı nümunəsidir. Onun adı çəkiləndə Azərbaycan xalqı qürurla başını dik tutur, çünki Azər Abdullazadənin taleyində ordunun şərəfi, şəhidlərin ruhu və qazilərin dözümü birləşir. O, Vətən uğrunda sağlamlığından keçməyin söz yox, əməl olduğunu sübut etmiş qəhrəmanlardandır.

Azər Abdullazadənin bir gözü Qarabağ torpağında qaldı. Amma o  göz bu gün Şərqi Zəngəzurda, Cəbrayılda, Füzulidə dalğalanan üçrəngli bayrağın göz bəbəyinə çevrilib. O bayraq ki, şəhidlərimizin al qanı ilə suvarılmış suveren torpaqlarımızda ucalıb və əbədi olaraq dalğalanacaq. Bu, təkcə bir qəhrəmanın taleyi deyil - bir millətin qələbə dastanıdır!

Cəlil Xəlilov    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2026-01-28 11:33:00
3679 baxış

Digər xəbərlər

Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   “Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək”, - deyə nazirliyin məlumatında deyilir.

Hamısını oxu
“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!” Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.  Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:  “Əziz həmvətənlər!  Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.  Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident fərman imzaladı: Şəhid ailələrinə hər ay 500 manat veriləcək

Şəhid ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.   AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək.   İndiyədək bu təqaüdün məbləği 300 manat olub.   Eyni zamanda, hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.   Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Hamısını oxu
"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev tələbələrə mühazirə keçib

Veteran.gov.az xəbər verir ki, Masallı Dövlət Regional kollecində və ADPU-nun Cəlilabad filialında müəllim və tələbə kollektivinin iştirak etdiyi görüşdə “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “İnsan alverinə qarşı mübarizə, erkən nikahlar, intiharlar və ailədəki zorakılıqlar-doğuran səbəblər və aradan qaldırılması yolları “mövzusunda diskussiya xarakterli mühazirə keçirilmişdir. Maraq doğuran tədbirdə rayon İcra hakimiyyətinin nümayəndələri və rayon polis şöbələrinin əməkdaşları da iştirak etmişlər. Sonda iştirakçılar tərəfindən verilən suallr mahiyyəti üzrə cavablandırılmışdır.  

Hamısını oxu