Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabadda Aprel döyüşlərinin 10 illiyi qeyd olunub

Bu gün Cəlilabad  rayon Veteranlar Təşkilatı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin 10 illiyi münasibəti ilə tədbir keçirib.

Tədbir torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi yolunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldıqdan sonra başlanılıb.

Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman  Azərbaycan ordusunun erməni işğalçılarına qarşı 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb və qeyd edib ki, Aprel döyüşləri bütün dünyaya qüdrətli ordumuzun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərdi. Şanlı zəfərimizə gedən yolun təməlini qoydu.

Aprel döyüşlərində iştirak etmiş igidlərimizdən Məftun İbrahimov və İsmət Əliyev keçdikləri şərəfli döyüş yolundan danışıblar və cinayətkar erməni rəhbərlərinin guya erməni səngərlərinin keçilməz olduğu haqqında uydurduqları mifi alt-üst etdiklərini bildiriblər.

Aprel döyüşlərində şəhid olmuş Royal Nəsirovun atası İmran Nəsirov mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmış oğullarımızla qürur duyduğunu dilə gətirib və şəhid ailələrinə və qazilərimizə göstərilən  dövlət qayğısını məmnunluq hissi ilə qeyd edib.

Cəlilabad rayon İcra Hakimiyyəti Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərov, şəhid ataları Mehman Əliyev, Cahangir Qubadov, Füzuli  Teymurov, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla  Əliyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, DQİDK-nin Cənub bölgəsi üzrə nümayəndəsi Cavidan Rəşidov və başqaları çıxış edərək qeyd ediblər ki, biz torpaqlarımızın işğalı ilə barışa bilməzdik, ona görə də Ali Baş Komandanımız İlham Əliyevin əks-hücum əmri ilə 27 sentyabr 2020-ci ildə igid oğullarımızın şücaəti və sarsılmaz Dövlət-Ordu-Xalq birliyi sayəsində bütün torpaqlatımız erməni faşistlərindən birdəfəlik təmizləndi, Bayrağımız doğma Qarabağımızda yenidən əzəmətlə dalğalanmağa başladı.

Tədbirdən sonra tədbir iştirakçıları rayon rəhbərliyi ilə birlikdə rayonun Məlikqasımlı kəndinə gedərək Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Royal Nəsirovun məzarını ziyarət edib, tər güllər düzüblər və ruhuna dualar oxuyublar.

Xatırladaq ki, Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuşdur. 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2 aprel 2016-cı ildə Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən igidlik göstərərək şəhid olmuşdur. Aprelin 9-da Röyal Nəsirovun nəşi doğulduğu Məlikqasımlı kənd qəbiristanlığında dəfn edilmişdir. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

2026-04-07 16:02:00
1752 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Siyəzən Rayon Şöbəsinin sədri Turab Əsgərov polkovnik Cəlil Xəlilovu təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Siyəzən Rayon Şöbəsinin sədri Turab Əsgərov ad günü münasibətilə polkovnik Cəlil Xəlilovu təbrik edib. Təbrikdə deyilir: “Hörmətli sədrimiz, polkovnik Cəlil müəllim! Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə böyük  uğurlar arzulayıram. Sizinlə birlikdə hər zaman dövlətimizin, xalqımızın və  Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin yanındayıq. Dövlətimizin güclənməsi və ölkəmizin inkişafı naminə həyata keçirilən bütün işləri dəstəkləyirik. Allah sizi qorusun, Cəlil müəllim! Doğum gününüz mübarək!”    

Hamısını oxu
Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi... - TƏHLİL!

Ruben Vardanyana verilən cəza Azərbaycanın qanuna, ədalətə, bəşəri dəyərlərə münasibətinin təzahürüdür Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən Ruben Vardanyanın həbsinə münasibət bildirib. Hikmət Hacıyev Vardanyana verilən cəzanı 30 ildir davam edən münaqişənin simvolik və məntiqi yekunu kimi dəyərləndirib. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Ruben Vardanyana verilən bu cəza məlum faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdan xəbər verir. Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə ortaq olmaq deməkdir... Hikmət Hacıyevin paylaşımında diqqət çəkən məqamlardan biri isə Prezidentin köməkçisinin baş verənlərə həm də  mənəviyyat və bəşəri dəyərlər baxımından yanaşmasıdır. Bəzi qüvvələrin bir çox məsələlərə olduğu kimi, erməni terrorçuları ilə bağlı olaylara da ikili standartlardan yanaşdığına diqqət çəkən Hikmət Hacıyev, Ruben Vardanyan kimi cinayətkarlara azadlıq tələbinin qeyri-əxlaqi və qeyri-mənəvi olduğunu bildirib: “...Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. Göründüyü kimi, Hikmət Hacıyev paylaşımında insanlığa qarşı ağır cinayətlərdə ittiham edilən, cinayətləri məhkəmə prosesində sübut edilən şəxslərlə bağlı azadlıq çağırışının yalnız qanuna deyil, həm də əxlaqa zidd olduğuna diqqət çəkib. Eyni zamanda, dövlət başçısının “France 24” telekanalına verdiyi müsahibədən sitat gətirməklə, erməni faşistlərinin alman faşistlərindən daha ağır cinayətlər törətdiyini bildirib. Hikmət Hacıyevin bu sözlərindən alınan qənaət birmənalıdır: Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə mənəvi baxımdan ortaq olmaq deməkdir. Bu isə insanlığa, onun özündə ehtiva etdiyi dəyərlərə xəyanətdən başqa bir şey deyil. Bu mənada Hikmət Hacıyevin “X” hesabındakı sözügedən paylaşımını ermənipərəst dairələrə verilən növbəti mənəviyyat dərsi hesab etmək olar. Azərbaycan qanunun aliliyi ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərin toxunulmazlığına sadiqdir Ruben Vardanyanın məhkəməsi ilə bağlı məlum həqiqətlərdən biri də bu məhkəmənin şəffaf şəkildə, media və ictimaiyyətin geniş iştirakı ilə keçirilməsiylə bağlıdır. Hansı ki, rəsmi Bakı ədalətli mühakiməni təmin etmək, məhkəmə və onun ədaləti ilə bağlı hər hansı qərəzli yanaşma və söyləntiyə yer qoymamaq üçün bu nüansa xüsusi diqqət yetirib, Ruben Vardanyanı vəkil, tərcüməçi və digər xidmətlərlə təmin edib. Məhkəmə prosesinin şəffaf şəkildə keçirilməsinin özü sübut edir ki, Vardanyanla bağlı qərarda zərrə qədər də olsun siyasi yanaşma yoxdur və verilən qərar sırf qanuni prizmadan qəbul edilib. Bütövlükdə, istər Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyana verdiyi cəza, istərsə də Hikmət Hacıyevin “X” hesabındakı mülahizələri sübut edir ki, Azərbaycan hər bir məsələdə qanunun aliliyi, ədalətin toxunulmazlığı ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqlik sərgiləyir. Və nə zaman ki, yalnız Azərbaycan deyil, bütün ölkələr, eləcə də erməni faşistlərinin himayədarı qismində çıxış edən güclər atdıqları hər bir addımda insani dəyərləri rəhbər tutacaq, o zaman bütün dünyada ədalətin təntənəsinə şahid olacağıq. Seymur ƏLİYEV  

Hamısını oxu
3 il öncə 3 dünya nəhənginin etirazına rəğmən qurulan sərhəd-keçid məntəqəsi – Laçın!

Bu gün 23 aprel – Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasının 3-cü ildönümüdür. Düz 3 il bundan öncə olduqca mürəkkəb hərbi-siyasi vəziyyətdə yaradılan Laçın sərhəd-keçid məntəqəsi suvereliyimizin bərpası prosesində mühüm rol oynayıb, ərazi bütövlüyümüzün praktiki şəkildə təmin edilməsinə böyük töhfələr verib. Laçın sərhəd-keçid məntəqəsinin əhəmiyyətini və tarixi missiyasını daha yaxşı anlamaq üçün yaxın keçmişimizə qısa nəzər salmaq kifayətdir. Erməni revanşizmi, Rusiya sülhməramlıları və Azərbaycan sərhədçiləri... Laçın sərhəd-keçid məntəqəsi 2023-cü ilin 23 aprel tarixində yaradıldı ki, həmin dönəmdə Xankəndidə silahlı erməni revanşistləri aktiv fəaliyyət göstərir, yeni müharibə çağırışları səsləndirir, azərbaycanlılara qarşı ciddi aqressiya sərgiləyirdilər. Bu, o dönəm idi ki, Ermənistandan müxtəlif dağ yolları vasitəsilə Xankəndiyə silah və texnikalar daşınır, şəhər ətrafında müdafiə mövqeləri inşa edilirdi. Bundan başqa, bir sıra hallarda Rusiyanın ərazidəki sülhməramlı qüvvələri də Xankəndiyə silah-sursat daşınmasında iştirak edir, erməni hərbi karvanlarını müşayiətini həyata keçirirdi. Məhz buna görə də Azərbaycan tərəfi dəfələrlə Rusiya sülhmərmalılara öz etirazını bildirmiş, mediada bununla bağlı çoxsaylı tənqidi materiallar dərc olunmuşdu. Laçın sərhəd-keçid məntəqəsinin yoxluğu fonunda erməni terrorçuları, separatçı qüvvələr Xankəndi və şəhər ətrafında rahat hərəkət edir, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə pozurdu. Belə ağır, mürəkkəb bir zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və dəmir iradəsi sayəsində Laçın sərhəd-keçid məntəqəsi yaradıldı. 2023-cü ilin 23 aprel tarixində Dövlət Sərhəd Xidməti Prezident İlham Əliyevə məlum tarixi hadisə ilə bağlı məruzə etdi və qeyd etdi ki, Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə “sərhədlərimizin bütövlüyü təmin edilib”. Laçın sərhəd-keçid məntəqəsinin qurulması ilə Azərbaycan sərhədçiləri bu istiqamətdə də vətən torpağının mühafizəsini həyata keçirməyə başladı və bu, erməni revanşistlərinin, habelə, Rusiya sülhmərmalılarının aktivliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. İlham Əliyevin dəmir iradəsi 3 dünya nəhənginin etirazını necə üstələdi? Laçın sərhəd-keçid məntəqəsinin yaradılması sadəcə Ermənistanın deyil, onun beynəlxalq aləmdəki himayədarlarının da ciddi etirazına səbəb oldu. Baş verənlərlə bağlı bəyanat verən Fransa, Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasını pisləydi və qeyd etdi ki, bu, “atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə ziddir”. Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasına ABŞ da səssiz qalmadı. ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel məsələ ilə bağlı açıqlama verdi. ABŞ rəsmisi baş verənləri sülh səylərini sarsıtmq cəhdi kimi dəyərləndirdi və bildirdi ki, “ABŞ “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır.” Ermənistanın tarixi himayədarı olan Rusiya isə baş verənlərə daha kəskin reaksiya verdi. Məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış edən Rusiya XİN-i baş verənlərin “yolverilməz” olduğunu vurğuladı: “23 aprel hadisələrinin son inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarının pozulması ilə bağlı hər hansı bir birtərəfli addımların - Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişikliyindən söhbət gedirmi və ya ondan sülh gündəminə cavab verməyən məqsədlər üçün istifadə etmək cəhdlərindən - qəbuledilməz olduğunu xüsusilə qeyd edirik”. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı etirazlar sonrakı dönəmlərdə də davam etdi. Ermənistana himayədarlıq edən güclər bu etirazlarla Azərbaycanı geri çəkilməyə vadar etməyə, Laçın sərhəd keçid məntəqəsinin ləğvinə nail olmağa çalışırdılar. Lakin Prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi sayəsində bu etirazların heç biri mövcud reallığa təsir göstərmədi. Laçın sərhəd-keçid məntəqəsi öz fəaliyyətin uğurla davam etdirdi və ciddi nailiyyətlərə imza atdı. Laçın sərhəd-keçid məntəqəsi: Terrorçular üçün “sonuncu dayanacaq” Laçın sərhəd keçid məntəqəsi fəaliyyətə başladığı ilk gündən etibarən sərhəd nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atdı, səmərəli nəzarət sistemi tətbiq etdi. Nəticədə, çox keçmədi ki, erməni terrorçularının bir qismi məhz Laçın sərhəd-keçid məntəqəsində ələ keçirilərək ölkəmizin hüquq-mühafizə orqanlarına təhvil verildi. Ələ keçən terrorçular arasında Azərbaycan xalqına qarşı xüqsusilə ağır cinayətlər törədən şəxslər də var idi ki, bunlardan da biri Vaqif Xaçaturyan idi. Vaqif Xaçaturyan 29 iyul 2023-cü il tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və əlaqədar qurumlara təhvil verilmişdi. Laçın sərhəd-keçid məntəqəsi 2023-cü ilin lokal anti-terror əməliyyatına qədər və ondan sonrakı dönəmdə də terrrçuların ələ keçirilməsində mühüm rol oynayıb, sərhəd toxunulmazlığımızın təmininə böyük töhfələr verib. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Laçın sərəd-keçid məntəqəsinin yaradılması suverenliyimizin və ərazi bütövlüyümüzün möhkəmlənməsinə təkan verən unikal bir hadisədir və illər, əsrlər sonra da öz tarixi, fəaliyyəti, mübarizə əzmi ilə insanları ovsunlamaqda, onlarda özünə böyük maraq və heyranlıq oyatmaqda davam edəcək. Fərid İmranlı  

Hamısını oxu
“Təlimlər bölgədə sülhün və təhlükəsizliyin təmininə yönəlib”

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimləri Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.     Polkovnik qeyd edib ki, məhz Azərbaycanla Türkiyənin birgə səyləri bu gün regionda dayanıqlı sülh və sabitliyin əsas qarantı rolunda çıxış edir: “Bildiyiniz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etməklə bütövlükdə erməni faşizminə böyük zərbə vurdu, onun bölgədə möhkəmlənmək, özünə yeni dayaqlar tapmaq cəhdlərini darmadağın etdi. Bu, dövlətimizin, Ali Baş Komandanımızın bütövlükdə region və dünya qarşısındakı mühüm xidmətlərindən biridir. Məhz Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətindən sonra bölgədə sabitlik bərpa olundu. Erməni vandalizminin, davamlı terror cəhdlərinin qarşısı alındı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.   Qardaş Türkiyə Respublikası Vətən müharibəsi gedişində də öz mövqeyini açıq şəkildə ortaya qoydu və Azərbaycanı həm mənəvi, həm də diplomatik platformada qəti şəkildə dəstəklədi. Bu gün də Azərbaycan və Türkiyənin birgə səyləri regionda sabitliyin, stabilliyin, inkişafın qarantı, bazisi rolunda çıxış edir. Bunu bütün region dövlətləri, qlobal güclər və beynəlxalq təşkilatlar da anlamalı, Azərbaycan və Trükiyənin sülhpərvər siyasətini dəstəkləməlidirlər”.   Sədr müavini bu təlimlərin ordularımızın yüksək döyüş hazırlığının qorunub saxlanılması baxımından önəminə də diqqət çəkdi: “Şübhəsiz, bu cür təlimlər həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş hazırlığının qorunub saxlanılması, onun peşəkarlığının daha da artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu təlimlər hər iki ordunun yüksək döyüş hazırlığına malik olduğunu göstərir. Naxçıvandakı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda və uğurla inkişaf etdirməkdədir.   Onu da qeyd edim ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Türkiyə brigə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib və heç kim üçün təhdid təşkil etmir. Ancaq buna baxmayaraq, Azərbaycan və Türkiyəyə düşmən olan məkrili qüvvələr bu təlimlərdən nəticə çıxarmalı və anlamalıdırlar ki, həm Azərbaycan, həm də Türkiyə onlara yönəlik istənilən təhlükəni neytrallaşdırmağa qadirdir və şanlı Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır”.   Ayşən Vəli  

Hamısını oxu