Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 21 aprel 2026-cı il tarixində Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüş zamanı qonaqlara Təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yaxın gələcəkdə bu cür görüş və müzakirələrin daha intensiv şəkildə həyata keçirilməsi qərara alınıb. 

 

 

 

 

2026-04-21 14:22:00
1659 baxış

Digər xəbərlər

20 Yanvar xalqımızın qəhrəmanlıq və birlik günüdür

20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular. Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Cəlil Xəlilov 20 Yanvar facisəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Hamısını oxu
Qadın Qəlbinin Cəbhə Səsi: Cəvahir Abbasovanın və Azərbaycan Xalqının Şanlı Mübarizəsi

Tarixdə elə dönəmlər olur ki, bir xalqın yalnız həyatı deyil, vicdanı, iradəsi, ruhu da sınağa çəkilir. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi məhz belə bir dövr idi. Qan və barıtın içində bəşəriyyətin sarsıldığı, amma eyni zamanda insan ləyaqətinin, vətən sevgisinin ucaldığı illər idi. Bu müharibədə Azərbaycan xalqı təkcə səngərdə deyil, neft buruqlarında, zavodlarda, hospital və məktəblərdə, ürəklərində, dualarında döyüşdü. Azərbaycan bu müharibədə təkcə ön cəbhədə vuruşmadı. Arxa cəbhə qəhrəmanlığı ilə də ad yazdı tarixə. Bu xalqın övladları torpağın müdafiəsinə silahla, zəhmətlə və inamla qoşuldular. Xüsusilə Azərbaycan qadınlarının müharibədəki rolu zamanın yaddaşına əbədi həkk olundu. Onlar həm analıq etdilər, həm də cəbhə yoldaşı oldular. Ərini, oğlunu, qardaşını cəbhəyə yola salan qadın, sonra onun yerini zavodda, neft mədənində, hospitallarda, bəzən isə birbaşa döyüş meydanında tutdu. Bu qəhrəman qadınların sırasında Cəvahir Abbasova Rza qızının adı qürurla çəkilir. O, 1919-cu ilin oktyabrında Şəkidə dünyaya göz açdı. Uşaqlıq və gənclik illərinin sakitliyi 1943-cü ilin fevralında yerini fırtınaya verdi. Cəvahir könüllü olaraq cəbhəyə yollandı. Və o gündən etibarən artıq təkcə bir qadın yox, bir xalqın əzmini təmsil edən sima oldu. O, tibb xidməti kapitanı rütbəsinə qədər yüksəldi, 95-ci Hava Hücumundan Müdafiə Diviziyasında fədakarlıqla xidmət göstərdi. Qan içində, yaralıların harayları içində, bombalanmış hospitalların dağıntıları arasında o, həyat xilas edirdi. Zərif əlləri ilə sarıdığı hər yara əslində bir xalqın sağalmağa doğru atdığı addım idi. Onun qəhrəmanlığı dövlət tərəfindən bir neçə medalla təltif olundu: ·         “Qafqazın müdafiəsinə görə” ·         “Yaponiya üzərində qələbəyə görə” ·         “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” Amma bu mükafatların ən böyüyü xalqın qəlbində qazanılan hörmət idi. Onun adı yaddaşlarda, irsi isə tarixdə yaşayır. Cəvahir Abbasova tək deyildi. Azərbaycan xalqı bu savaşda saysız qəhrəmanlar yetirdi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general Həzi Aslanov, Azərbaycanın ilk qadın pilotu Leyla Məmmədbəyova, döyüş təyyarəçisi Züleyxa Seyidməmmədova kimi fədakarlar bir millətin necə ayağa qalxa bildiyini sübut etdilər. Onların igidliyi ilə 1944-cü ilin sonlarında düşmən SSRİ ərazisindən qovuldu. Bu zəfər təkcə silahın yox, inamın, ruhun, vətən sevgisinin qələbəsi idi. Azərbaycanın arxa cəbhədəki rolu isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Bakı nefti Sovet ordusunun döyünən ürəyi idi. Faşist Almaniyasının Qafqaz uğrunda apardığı mübarizənin əsas səbəbi məhz bu idi. 1941-ci ildə SSRİ-nin ümumi neft hasilatının 75%-i Azərbaycana məxsus idi. Bu zəfərin arxasında qadınlarımız dayanmışdı ki, onlar kişi işi hesab edilən sahələrdə - neft quyularında, metallurgiya zavodlarında, o cümlədən tikiş fabriklərində çalışmışdılar. Bunlar bəlkə də səssiz qəhrəmanlıqlar idi, amma böyük tarixlər məhz belə səssizliyin içində yazılır. Böyük Vətən Müharibəsi bir xalqın ruhunun, vicdanının imtahanı idi. Və Azərbaycan bu imtahandan alnıaçıq, başıuca çıxdı. Bu xalq Cəvahir Abbasova kimi qadınların, əməkçi neftçi qadınların və sadə kəndli analarımızın əli ilə öz şərəfini, ləyaqətini, torpağını qorudu. Bu gün biz azad nəfəs alırıqsa, o nəfəsin içində Cəvahir Abbasovanın tərləri, əsgərlərimizin qanı, analarımızın duaları var. Hər nəfəsimiz tarixlə yoğrulub, mübarizə ilə bəzənib, zəfərlə tamamlanıb. Unutmayaq: Bu tarix bizimdir. Bu zəfər bir millətin birlik ruhunun, bir xalqın vicdanla döyüşən qəlbinin nəticəsidir. Cəvahir Abbasova sadə bir Şəki qızı, lakin əzəmətli bir millətin qeyrət nümunəsidi. Bu gün gənc nəsil aynaya baxanda yalnız öz simasını deyil, Cəvahir Abbasova kimi qəhrəmanların əksini də görməlidir. Onun kimi olmaq cəsarətli olmaqdır, vicdanla yaşamaqdır, vətən üçün lazım gəldikdə hər şeydən keçməkdir. Çünki bəzən bir qadının əliylə sarılan yara, bir xalqın sağalmağa başlayan tarixidir. Və o tarix bizim tariximizdir. Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
İlham Əliyev Ərdoğana məktub göndərdi

Publika.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Türkiyə enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atmışdır. Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür. Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir. Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Hamısını oxu
Səngərdə doğulan günəş - Fatma Səttarova

Bəzən bir insan bir əsrin yükünü çiyinlərində daşıyır. Sanki tarix onun nəfəsində danışır, zaman isə onun gözlərində qərar tutur. Belə insanlar nadir doğulur. Onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilirlər. Onlardan biri də şəfqətin səngərində, mübarizənin meydanında, ön cəbhədə sübuta yetirən, ləyaqətin cəmiyyətdə rəmzinə çevrilən Fatma Hüseyn qızı Səttarovadır.  Fatma Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdu. Ailənin tək övladı idi. 1940-cı ildə Bakı Tibb Texnikumunu bitirmişdi. Cəmi bir il sonra 1941-ci ilin yanvarında ailə həyatı qurmuş, lakin bu xoşbəxtliyin ömrü cəmi beş ay sürmüşdü. İyun ayında İkinci Dünya müharibəsi başlandı. Fatma xanım 18 yaşında olmasına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Faşizm üzərində qələbə üçün ölümə çarpışmaqdan belə çəkinmədi. Bu gənc qadın ön xəttdə şəfqət bacısı kimi xidmət göstərməyə başladı. Moskova uğrunda gedən mübarizə ilə qəhrəmanlıq tarixi yaradan Fatma xanım Səngərlərdə yaralı əsgərləri ölümün pəncəsindən xilas edir, həyatla ölüm arasındakı sərhəddə ümid paylayırdı. Leninqradın mühasirəsi zamanı Ladoqa gölünün üzərində salınmış məşhur “Həyat yolu”ndan keçərək döyüş bölgələrinə ərzaq və dərman daşıyır, yaralıları təhlükədən uzaqlaşdırırdı. Göydən bombaların yağdığı anlarda belə insanlıq və mərhəmət hissini itirmədi. Müharibə onu əymədi əksinə, daha da möhkəmləndirdi. O, Berlinə qədər döyüş yolu keçdi. Lakin 1945-ci ilin əvvəllərində Macarıstanda xəstələndi və ordudan tərxis olundu. Yaralı əsgərlərlə dolu eşalonu müşayiət edərək Bakıya döndü. Üç ay sonra isə böyük Qələbə elan olundu. Fatma Səttarovanın həyatında müharibədən sonra yeni səhifə açıldı. Tibb sahəsini tərk edərək Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil aldı. Sonrakı illərdə müxtəlif dövlət qurumlarında çalışdı. Amma onun ən böyük vəzifəsi xalqa və Vətənə xidmət idi. İctimai fəaliyyətə qoşulan Fatma xanım Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında çalışmağa başlamış və 2021-ci ildə bu qurumun sədri təyin olunmuşdu. Bu vəzifədə o, bütün veteranlar üçün çalışırdı. Onların sosial rifahı, mənzil və tibbi təminatı kimi məsələlərin həllində fəal mövqe tutdu. Məktəblərdə və hərbi hissələrdə gənclərlə görüşlər keçirərək vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verdi. Fatma xanımın rəhbərliyi dövründə təşkilat nəfəs alan bir ailəyə çevrilmişdi. Bu ailənin hər bir üzvü bu gün Fatma xanımı dərin minnətdarlıqla xatırlayır. Onun adı çəkiləndə yalnız keçmiş yada düşümür, həm də gələcəyin yol xəritəsi göz önündə canlanır. Fatma Səttarovanın həyat yolu dövlət rəhbərləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev onunla bir neçə dəfə görüşmüş, xatirələrini dinləmiş, onu “Azərbaycanın qəhrəman qızı” adlandırmışdı. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə bir çox tədbirlərdə fəxri qonaq kimi iştirak etmiş, onların təşəbbüsü ilə keçirilən layihələrdə fəallıq göstərmişdir. Prezident İlham Əliyev onun haqqında belə demişdi: “Fatma Səttarova kimi insanlar bizim milli sərvətimizdir.” 2021-ci ilin 9 may tarixində onun şərəfinə Silahlı Qüvvələrin Fəxri Qaraulu düzülmüş, 2022-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunmuşdu. Eyni zamanda, “Qələbənin 75 illiyi”, “Vətənin fəxri” və “Veteran Həmrəyliyi” medallarına layiq görülmüşdü. Fatma xanım 14 sentyabr 2024-cü ildə vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu. Ömür yolu ilə nəsillərə örnək olan Fatma xanımın yoxluğu Təşkilatımızın üzvləri üçün ağır bir itki oldu. Onun məzarı bu gün veteranların əziz xatirəsinin yaşadılacağı bir and yerinə çevrilib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərərək ona olan yüksək ehtiramlarını ifadə etmişdilər. İndi isə Təşkilat olaraq deyirik: “Nur içində yat, Fatma xanım. Allah sənə rəhmət eləsin. Biz səni heç zaman unutmayacağıq. Sən bizim yaddaşımızda, dualarımızda yaşayacaqsan. Vətənə və xalqa etdiyin xidmətlər daim xatırlanacaq, adın nəsillərdən nəsillərə ötürüləcək. Ruhun şad olsun! Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  

Hamısını oxu