Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fransa Müqavimət Hərəkatı qəhrəmanına həsr olunan kitab təqdim edilib

Bakı Kitab Mərkəzində “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın Azərbaycan dilində nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr edildiyini bildirib.

O diqqətə çatdırıb ki, belə nəşrlər gələcək nəsillərin tarixi daha dərindən öyrənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və mərkəz üçün də dəyərli vəsaitdir.

Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində azərbaycanlılar Avropanın müxtəlif ölkələrində — Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. “Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi həmvətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidlər ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfirliyinin və Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin alman faşizmindən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir: “Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal edilən “O, Xarqo idi” adlı sənədli filmin Fransadakı ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb”.

Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Onun sözlərinə görə, əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Aleksandr Vatən bildirib ki, Əhmədiyyə Cəbrayılovun nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib: “Bu kitab sayəsində daha çox insan onu tanıya biləcək. Şəkiyə səyahət edən zaman qəhrəmanın ailə üzvləri ilə görüşdüm, onlar qəhrəmanın xatirəsini böyük fədakarlıqla qoruyurlar”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. “Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir”, - deyə C.Xəlilov əlavə edib.

Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib.

Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər.

Kitabın fransız dilindən Azərbaycan dilinə tərcüməçisi Kolmar Apellyasiya Məhkəməsi yanında andlı tərcüməçi, məhkəmə eksperti Elnarə Ramazanovadır.

2026-05-14 22:03:00
2727 baxış

Digər xəbərlər

“DTX narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müasir dünyamızın ən böyük bəlalarından olan hər iki problemə qarşı xüsusi xidmət orqanları effektiv mübarizə sərgiləməkdədir: “Bildiyiniz kimi, çağdaş dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi bəlalar sürətlə yayaılmaqdadır. Bu gün dünyanın ən böyük, ən qüdrətli dövlətləri belə bu problemlərə qarşı mübarizədə çətinlik çəkirlər. Ancaq sevindiricidir ki, Azərbaycanda həm kibercinayətkarlığa, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparmaqdadır. DTX-nın həyata keçirdiyi əməliyyatlar nəticəsində bu qəbildən olan çoxlu sayda cinayətkar dəstənin ifşası, onların zərərsizləşdirilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir”. Polkovnik qeyd edib ki, DTX-nın həyata keçridiyi uğurlu əməliyyatların əsas sirri xüsusi xidmət orqanı əməkdaşlarının yüksək peşəkarlığıdır: “Sevindiricidir ki, ölkəmizdə xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və eləcə də digər qanunsuz əməllərlə məşğuil olan cinayətkar dəstələr xüsusi xidmət orqanı tərəfindən ustalıqla de-şifrə edilir və neytrallaşdırılır. Ölkəmizin həssas coğrafiyada yerləşdiyni, dünyanın bir çox böyük güclərinin bu coğrafiyada söz sahibi olmaqda maraqlı olduğunu nəzərə alsaq , o zaman DTX-nın peşəkarlığının milli maraqlarımızın qorunması baxımından necə böyük rol oynadığı aydın olar. Mən xüsusi xidmət orqanlarımıza fədakar xidmətlərinə görə təşəkkür edir, onlara yeni-yeni uğurlar arzulayıram”. Seymur ƏLİYEV    

Hamısını oxu
Azərbaycan Karate Federasiyasında yeni təyinat

Veteran.gov.az xəbər verir ki, Vüsal Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi vəzifəsinə təyin olunub. Məlumat üçün bildirək ki, Vüsal Abdullazadə  həmçinin Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə  "Dünya Fudokan Federasiyası"nın Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsidir. Vüsal Abdullazadə eyni zamanda  hərbi döyüş çoxnövçülüyü və karate üzrə 3 qat dünya çempionudur. O eyni zamanda 2016-cı il aprel döyüşlərinin iştirakçısıdır. Əlavə olaraq qeyd edək ki,  son illər idman sahəsində aparılan islahatlar nəticəsində Azərbaycanda dövlət tərəfindən tanınan və akkreditasiya olunmuş tək karate federasiyası Azərbaycan Karate Federasiyasıdır. Digər bütün karate növləri (üslublar) AKF -nın nəzdində inkişaf etdirilir. Qurumun prezidenti isə Karate üzrə dünya və avropa çempionu, 8-ci dan qara kəmər sahibi, Milli Məclisin deputatı Ülvi Quliyevdir.

Hamısını oxu
Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

21 fevraı 2023-cü il tarixində Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında təmsil olunub. Azərtac xəbər verir ki, səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib. Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı. Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzovun, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadənin, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərovanın və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışları dinlənilib. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin vətəni Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır. Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub. Səfərdə həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə iştirak edib.    

Hamısını oxu
Azərbaycan, Türkiyə və Pakistanın dostluq münasibətləri tarixi nailiyyətlərə imza atır

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Qlobal münasibətlər sistemində dostluğa, tərəfdaşlığa sədaqəti ilə tanınan ölkəmiz, tarixi ənənələr və ən ülvi dəyərlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın daimi inkişafı uğrunda çalışır. Bu mənada, Azərbaycanın yaxın-uzaq coğrafiyalarda özünə dost, qardaş hesab etdiyi dövlətlər var ki, ən çətin günlərdə həmin dövlətlərlə çiyin-çiyinə dayanır, ən yaxın dəstəkçi qismində çıxış edir. Təbii ki, bu mənada Azərbaycan-Türkiyə münasibətləri xüsusi anlam daşıyır - eyni zamanda, rəsmi strateji müttəfiq sayılan ölkələrimizin Pakistan İslam Respublikası ilə yaxın əlaqələri də təqdir edilməlidir. Pakistan istər Azərbaycanın, istərsə də Türkiyənin yaxın tərəfdaşı kimi özünü isbat etmiş dövlətlərdəndir.Türkiyə və Pakistan, coğrafi olaraq bir-birindən ayrı mövqedə yerləşsə də, ortaq din və mədəni irs üzərinə qurulan tarixi qardaşlıq bağları səbəbindən siyasət, iqtisadiyyat və müdafiə kimi bir çox sahədə yaxından əməkdaşlıq və iş birliyini davam etdirirlər.  Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir. Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir. Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib: “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”. Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır. Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu formatda keçirilən ikinci zirvədir. Təbii ki, bu davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında təsirini göstərəcək. Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir.  Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir. Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəlki çıxışında bildirib: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. Ölkə başçısı qeyd edib: “Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Qələbə bizimlədir və həmişə bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir - bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu