Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir vətən sevdalısının tale yolu- Teyyub Eyyub oğlu Rəhimov

Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə tarixində elə insanlar var ki, onların həyatı bütöv bir vətən sevgisinin, milli ruhun və fədakarlığın simvoluna çevrilib. Belə insanlardan biri də ömrünü xalqına, dövlətinə və torpağına həsr etmiş vətənpərvər döyüşçü Teyyub Eyyub oğlu Rəhimov idi.

Teyyub Rəhimov 1 iyun 1951-ci ildə Xızı rayonunda dünyaya göz açmışdı. Uşaqlıq və gənclik illəri Giləzi kəndində keçmiş, orta məktəbi də burada bitirmişdi. Hələ gənc yaşlarından Vətənə bağlılığı, mübariz ruhu və haqq uğrunda qətiyyəti ilə seçilirdi. Sovet Ordusunda hərbi xidmətini başa vurduqdan sonra ailə qurmuş, üç qız və bir oğul atası olmuşdu. Lakin onun həyat yolu yalnız ailə qayğıları ilə məhdudlaşmadı. Azərbaycanın taleyi təhlükə qarşısında qalanda o, bir vətəndaş kimi susmağı özünə rəva bilmədi.

1988-ci ildən başlayaraq Azərbaycan xalqının azadlıq hərəkatına qoşulan Teyyub Rəhimov həmin dövrün ən fəal iştirakçılarından biri kimi tanındı. Meydanlarda səslənən azadlıq çağırışları, xalqın istiqlal arzusu onun həyatının əsas amalına çevrildi. O, milli azadlıq ideyalarının yorulmaz təbliğatçısı idi. Azərbaycan ziyalılarının Moskvanın məşhur Lefortovo həbsxanasında saxlanılmasına etiraz olaraq 1990-cı ilin iyun ayında 17 gün həmin həbsxananın qarşısında aclıq aksiyası keçirməsi onun necə iradəli və qorxmaz insan olduğunu bir daha sübut edirdi. Hətta həmin hadisə Moskvanın “Kommersant” qəzetində də işıqlandırılmışdı. Bu etiraz aksiyası nəticəsində Azərbaycan diasporası məsələyə müdaxilə etmiş, həbs olunan ziyalıların azad olunmasına nail olunmuşdu.

Teyyub Rəhimov yalnız sözlə deyil, əməli ilə də Vətənə xidmət etməyi seçmişdi. 1991-ci ildə Azərbaycanın Milli Ordusunun yaradılması barədə qərar qəbul ediləndə ilk könüllülərdən biri olaraq Milli Ordu sıralarına yazıldı. Şıxovda yaradılmış ilk batalyonun tərkibində Qarabağın müdafiəsinə yollandı. Şuşanın Kərkicahan qəsəbəsi uğrunda gedən ağır və qeyri-bərabər döyüşlərdə böyük qəhrəmanlıq göstərdi.

1991-ci ilin dekabrında erməni silahlı birləşmələri və rus ordusunun 366-cı alayına qarşı aparılan döyüşlər zamanı Teyyub Rəhimov ağır yaralandı. Döyüş yoldaşları onu ölümün caynağından çıxararaq Bakıya çatdırdılar. Lakin aldığı ağır qəlpə yaraları nəticəsində hər iki gözünü itirdi. Buna baxmayaraq, o heç vaxt ruhdan düşmədi. Çünki onun qəlbində Vətən sevgisi gözlərindən daha güclü idi.

Onun müalicəsi Bakıda, Moskvada və Ankarada davam etdirildi. Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri Turqut Özal və Süleyman Dəmirəl onun taleyinə xüsusi həssaslıq göstərərək Teyyub Rəhimovun Ankara Qazi Universitetində müalicə almasına şərait yaratdılar. Sonralar Süleyman Dəmirəlin şəxsi qonağı olması da onun şəxsiyyətinə və qəhrəmanlığına verilən böyük dəyərin göstəricisi idi. Həkimlərin bütün səylərinə baxmayaraq, onun sağlamlığını tam bərpa etmək mümkün olmadı. Bir gözünə süni göz yerləşdirilsə də, beynində qalan qəlpənin ağır fəsadları illər sonra öz sözünü dedi.

Teyyub Rəhimovun ən böyük arzusu Azərbaycanın işğal altındakı torpaqlarını azad görmək idi. O, daim inanırdı ki, Azərbaycan Ordusu bir gün Qarabağı düşməndən təmizləyəcək. Təəssüf ki, o müqəddəs günü görə bilmədi. 23 avqust 1997-ci ildə beynindəki qəlpənin yaratdığı ağır fəsad nəticəsində dünyasını dəyişdi.

Lakin illər sonra onun arzusu gerçəyə çevrildi. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Qarabağ azad edildi. Bu gün hər bir azərbaycanlı inanır ki, Teyyub Rəhimov kimi qəhrəmanların ruhu həmin zəfər xəbəri ilə şad oldu.

Onun xatirəsi bu gün də ehtiramla yad edilir. Azərbaycan veteranları onun ailə üzvlərinin təşəbbüsü ilə keçirilən anım mərasimlərində döyüş yoldaşları onun qəhrəmanlığından, mərdliyindən və vətənpərvərliyindən böyük qürurla danışırlar. Döyüş dostlarının xatirələrində Teyyub Rəhimov qorxmaz, sadiq və hər zaman öndə gedən bir vətən oğlu kimi yaşayır.

Onun ailəsi də bu müqəddəs yolu davam etdirir. Qızı İlahə Rəhimli atasının vətənpərvərlik ruhunu yaşadan, qazilərə və şəhid ailələrinə daim dəstək olan xeyriyyəçi bir xanım kimi tanınır. O, atasının ağrılarını və Vətən uğrunda itkilərin nə demək olduğunu ürəkdən hiss edir. Buna görə də qazilərin və şəhid ailələrinin yanında olmağı özünə mənəvi borc sayır.

Teyyub Rəhimovun həyatı bir insan ömrünün Vətən sevgisi ilə necə ucaldığının canlı nümunəsidir. O, gözlərini itirsə də, Vətənə olan inamını heç vaxt itirmədi. Çünki onun baxışları artıq yalnız gözləri ilə deyil, ürəyi ilə görürdü.

Ruhu şad, məkanı cənnət olsun! Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır!

Rasim Mirzəyev

2026-05-20 14:11:00
1279 baxış

Digər xəbərlər

MMQ-nın “N” saylı hərbi hissəsində 26 iyun - Silahlı Qüvvələr Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları, şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 23 iyun  2022-ci il tarixdə  MMQ-nın  “N” Adil saylı  hərbi hissə nümayəndələri ilə birgə tədbir təşkil edib. Tədbir 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilib. Tədbirdə MMQ-nın  Şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik Ayaz Əliyev, Şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor  Şahlar Həsənov, Xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş  Aprel döyüşləri və 44  günlük Vətən müharibəsi iştirakçıları Şamxal Qocayev,  Azər Əliyev, Aprel döyüşləri qazisi Ülfət Həsənov,   əsgər və zabitlər iştirak edib. İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra  torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha spnra söz çıxış üçün söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədrmüavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev Azərbaycanın ordu quruculuğu tarixinə nəzər salıb:   “1918-ci il 26 iyun tarixli  fərmanla Azərbaycan Milli Ordusu yaradılmışdır. Qısa bir zamanda çox işlərə nail oldular. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli ordunu ləğv etdi. Onun rəhbərlərinin  əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Azərbaycan  ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra çətin bir dövr başladı. Daxildən və xaricdən təzyiqlərə məruz qalan ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşdi. Respublikanın  ağır günlərində xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasına rəhbər seçildi. Atəşkəs elan edildikdən sonra ordu quruculuğu sürətlə inkişaf etməyə başladı. Otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq, 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində düşmən ordusunun darmadağın edilməsi ilə nəticələndi. Mən  qarşıdan gələn 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə sizləri təbrik edirəm!”   Sonra çıxış üçün söz Aprel döyüşləri və 44  günlük Vətən müharibəsi iştirakçıları  Şamxal Qocayev,  Azər Əliyev, Aprel döyüşləri qazisi  Ülfət Həsənova verilib. Qazilər döyüş xatirələrindən danışıb, hər zaman  Ali Baş Komandan İlham Əliyevin əmrinin icrasına hazır olduqlarını bəyan ediblər.   Tədbirin sonunda xatirə şəkilləri çəkilib.  

Hamısını oxu
“Danışan” şəkillər, “qətl yerindən” reportaj, “qatilin portreti”...

Tofiq Abbasov: “Ermənistanla informasiya müahribəsi davam edir və biz bu müharibədə də aktiv olmalıyıq”   “Qarabağ Dirçəliş Fondunun layihələrində Ermənistanın anti-insani və anti-bəşəri mahiyyəti ifşa edilməkdədir”   44 günlük Vətən müharibəsi başa çatsa da, Ermənistanla informasiya müstəvisində mübarizə davam etməkdədir. Azərbaycan ordusu tərəfindən darmdağın edilən Ermənistanın törətdiyi cinayətlərə görə hüquqi müstəvidə də məsuliyyətə cəlb edilməsi, beynəlxalq məhkəmə qarşısında dayanması, etdiyi əməllərə görə  ölkəmizə təzminat ödəməsi indiki məqamda dövlətimiz qarşısında duran əsas məsələlər sırasındadır. Və təbii ki, bütün bunların reallaşması üçün ilk öncə Ermənistanın son 30 ildə xalqımıza qarşı törətdiyi cinayətlərin ifşa edilməsi, dünya ictimaiyyətinin bu cinayətlərdən xəbərdar edilməsi vacibdir. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsi əsasında həyata keçirdiyi fotosərgi və bu müstəvidə həyata keçirdiyi digər layihələr, eyni zamanda sözügedən Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyevin erməni vandalizmini ifşa edən məqalələri mühüm əhəmiyyətə malikdir.   Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun erməni vandallarını bütün müstəvilərdə, eyni zamanda ekoloji müstəvidəki cinayətlərini ifşa edən layihələrində işğaldan azad edilən yerlərdən çkəilən çoxsaylı foto-video materiallar yer alır ki, bu da erməni vəhşiliyinin inkaredilməz sübutlar – fotofaktlar əsasında dünyaya çatdırılması deməkdir. Hər biri “dil açan”, “danışan” bu şəkillərdə ermənilərin necə ağır cinayətlərə imza atdığı öz əksini tapmaqla yanaşı, bu cinayətlərin miqyas və dərinliyi həmin cinayətləri həyata keçirən, insanlarla yanaşı, həm də təbiəti məhv edən qatillərin mənəvi-psixoloji portretini görməyə imkan verir.   Saytımıza açıqlamasında bu kimi layihələrin önəminə toxunan politoloq Tofiq Abbasov, bu müstəvidə sistemli addımların atmağın mühüm önəm kəsb etdiyini qeyd edib:   “Təbii ki, Ermənistanın vəhşiliklərinin ifşa edilməsi, bu vəhşiliklərin dünya birliyinin diqqətinə çatdırılması olduqca vacibdir. Müharibə bitdi və biz regionda sülhün zəruriliyindən danışırıq. Lakin biz hələ də bəzi dövlətləri, dünyanın müəyyən kəsimini başa sala bilməmişik ki, müharibənin səbəbkarı kimdir, müharibə kimin ərazisində gedir, kim böyük dağıntılara məruz qalıb. İnsformasiya əsrində buna inanmaq bəlkə də çətindir. Lakin reallıq bundan ibarətdir ki, Azərbaycan bu gün də kimlərəsə izah etməyə çalışır ki, əsl həqiqət nədən ibarətdir. Sağlam toplumları inandırmaq üçün məxsusi səy göstərməyə ehtiyac olmur. Onlara faktları təqdim edən kimi, onlara bu faktları göstərən kimi onlar həqiqəti anlayırlar. Lakin dünyada bəzi kəsimlər var ki, onlar erməni təbliğatının təsiri altındadır. Buna görə də biz erməni vəhşiliyini dünyaya göstərmək, erməniləri ifşa etmək üçün bu cür sərgilər təşkil etməli, bu həqiqətləri yaymalıyıq. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi sərgi və layihələr son dərəcə əhəmiyyətlidir. Çünki bu sərgilərdə erməni vəhşiliyi, onun anti-insani və anti-bəşəri mahiyyəti fotolar vasitəsi ilə - sözsüz-izahsız şəkildə ifşa edilir, faktlar əsasında öz əksini tapır. Qarabağ Dirçəliş Fondunun layihələrində ermənilərin Azərbaycan torpaqlarında ekoloji müstəvidə həyata keçirdiyi cinayətlər də öz əksini tapır ki, bu da erməni faşizminin sadəcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də bütün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir, dünya üçün xəbərdarlıq və SOS mahiyyəti daşıyır.   Ermənilər sadəcə insanlara qarşı deyil, təbiətə qarşı da vəhşiliklər törədiblər. Onlar sülhə hazır olmaq istəmirlər. Onlar böyük vəhşiliklər törəiblər. Hansı ki, biz 44 günlük Vətən müharibəsində onların “əl-qolunu sındırdıq”. Xatırladım ki, istər 90-cı illərin əvvəllərində, istərsə də 44 günlük müharibənin başlanmasının səbəbkarı Ermənistandır. Ekologiyaya zərbə vuran, bölgədə gərginliyi artıran da Ermənistandır. Insanlıqdan uzaq addımlar atan da Ermənistandır.   Dünya  nə qədər ki, “duza gedir”, Ermənistanın yalançı təbliğatına uyur, biz gərək erməni vəhşiliklərini intensiv şəkildə ifşa edək. İnformasiya müharibəsi öz qüvvəsindədir və biz burada da situasiyanı dəyişmişik. Bəzi qüvvələr var ki, onlar Azərbaycana, onun təqdim etdiyi faktlara inanmaq istəmirlər. Bunları görməzdən gəlirlər. Lakin bu bizi ruhdan salmalı deyil. Biz sona qədər mübarizə aparmalı, erməniləri ifşa etməliyik. Dünya görməlidir ki, ermənilərin əsl siması nədən  ibarətdir və onlar bəşəriyyət qarşısnda necə böyük cinayətlər törədiblər. Hansı ki, erməni vəhşiliklərinin ifşası baxımından Qarabağ Dirçəliş Fondunun bundan sonra da effektiv  və səmərəli addımlar atacağından əminəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib: Daha bir şəhidimiz var

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.   Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Hamısını oxu
“Ordumuzun təlimləri xalqımızla qələbə arasında körpüdür”

Cəlil Xəlilov: “Bu təlimlər həm ordumuzun peşəkarlığın artırılması, həm də qoşunlar arasında birgə fəaliyyətin koordinasiyası baxımından önəmlidir”   Məlum olduğu kimi, mayın 18-dən 22-nə qədər Azəbaycan ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək. Təlimlərdə 10 min nəfərə qədər şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, eləcə də 200-dək raket texnikası iştirak edəcək.   Moderator.az-a açıqlamasında qarşıdakı təlimləri şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:   “Azərbaycan ordusunun təlimləri hər şeydən öncə hərbçilərin döyüş hazırlığının yüksəldilməsinə, onların peşəkarlığının, praktiki atəş bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Çünki bu təlimlər zamanı hərbçilər müasir hərbi texnika, yeni raket və artilleriya qurğuları ilə daha yaxından tanış olur, ondan dəqiq atəş açmağın sirlərini öyrənirlər.   Təlimlərin daha bir önəmi müxtəlif qoşun növləri arasında birgə fəaliyyətin, döyüş əlaqəsinin təmin edilməsi ilə bağlıdır. Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyytinin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyətin təmin edilməsi müharibə zamanı qələbə əldə etmək, hər hansı çaşqınlıq və anlaşılmazlığın baş verməsini önləmək, qətiyyətlə irəliləmək üçün olduqca vacibdir.   Bu baxımdan Azərbaycn ordusunun 18-22 may təlimləri yüksək qiymətləndirilməli, ordumuzun bilik və bacarığının artırılması istiqamətində irəliyə doğru atılan bir addım kimi xarakterizə edilməlidir. Unutmaq olmaz ki, qələbəyə gedən yol bu cür təlimlərdən keçir. Odur ki, bu təlimlər qələbə ilə aramızdakı körpü kimi dəyərləndirilməlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu