Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda sülhün memarı kimi tanıyır”

“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfətri və Prezident İlham Əliyevlə birlikdə mətbuata verdiyi bəyanat bir daha sübut etdi ki, Avropa İttifaqı ölkəmizi Cənubi Qafqazda sülhün memarı kimi tanıyır və dövlətimizin sülh səylərini yüksək qiymətləndirir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan 8 Noyabr zəfəri ilə regionda sülh üçün etibarlı zəmin formalaşdırıb və bu gün də bölgədə sabitliyin əsas təminatçısı qismində çıxış edir:

“Hər kəsə məlum olduğu kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər Cənubi Qafqaz regionunda yeni hərbi-siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Belə ki, erməni faşizmi 8 Noyabr zəfəri ilə darmadağın edildi ki, bu da Cənubi Qafqazda dinclik və sabitlik üçün əsaslı zəmin yaratdı. Post-müharibə dönəmində rəsmi Bakının yürütdüyü siyasət, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda ABŞ prezidentinin də iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması imkan verdi ki, Cənubi Qafqaz sülhə doğru yeni, prinsipial bir addım atmış olsun.

Bu gün Prezident İlham Əliyevin də bildirdiyi kimi, regionda de-fakto sülh mövcuddur. Məhz bu səbəbdən də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevi təbrik etdi, bunu son on illiklərin “ən mühüm hadisəsi” kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycanın səyi ilə əldə edilən bu sülh ortaq rifah üçün yeni imkanlar açır.

Bundan başqa, Avropa Komissiyasının Prezidenti bəyan etdi ki, Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir və sülhü gücləndirməkdə maraqlıdır. Bu, bir daha Avropa İttifaqının Azərbaycanın prinsipial mövqeyi, fədakarlığı ilə ərsəyə gələn sülhə verdiyi önəmi göstərir.

İnanıram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji xarakter alan əməkdaşlıq Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verəcək, region xalqlarının rifahını yüksəldəcək, inkişaf və tərəqqi üçün yeni imkanlar yaradacaq”.

Seymur ƏLİYEV

2026-07-02 06:19:00
930 baxış

Digər xəbərlər

Ermənistan Yunanıstanla hərbi əməkdaşlığını genişləndirir - Hədəf nədir?

Hamısını oxu
Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin!

"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar". Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub: "Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var". C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var: "Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək". Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər: "Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir". Aytəkin TOFİQQIZI  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağında 2023-cü ildə görülən işlər müzakirə edilib

Yığıncaqda 2024-cü il üzrə fəaliyyət planı da müzakirə olunub Veteran.gov.az xəbər verir ki, 27 dekabar 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin 2023-cü il üzrə fəaliyyəti barədə hesabat verib, son bir il ərzində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdrıb. Yığıncaqda həmçinin Təşkilatın 2024-cü il üzrə nəzərdə tutulan fəaliyyət planına toxunulub,  tədbir iştirakçıları bu barədə məlumatlandırılıb.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Pyotto – Vicdanın və Azadlığın Səsi

Udinenin dumanlı səhərlərində, Alp dağlarının köksündə, tarix bir adın sədası ilə titrəyirdi – Pyotto. Bəlkə də bu ad bu gün çoxlarının yadına heç nə salmır. Bəlkə də onun qəhrəmanlığını nə dərsliklər öyrədir, nə də abidələr yad edir. Amma hər əsirlikdən azadlığa, hər susqunluqdan üsyana qalxan ruhda Pyotto – Əli Baba oğlu Babayev yaşayır. 1910-cu ildə Naxçıvanda dünyaya göz açan bu uşağın gələcəkdə qitələri aşacaq, yad torpaqlarda azadlıq uğrunda savaşacaq, amma öz vətənində "xain" damğası ilə zindana atılacağını kim deyə bilərdi? Əli Babayev Sovet ordusuna 1940-cı ildə çağrıldı. 2 il boyunca vətəninə sədaqətlə xidmət etmişdi. Lakin 1942-ci ildə müharibənin sərt üzü ilə üz-üzə qalmış və əsir düşmüşdür. Qaranlıq düşərgə barakları, tel hasarlarla əhatələnmiş həyatlar və boğulmuş ümidlər arasında onun vicdanı hələ də azad idi. 1943-cü ilin noyabrında o, İtaliyanın şimalında Udine şəhərindəki əsir düşərgəsindən bir qrup yoldaşı ilə qaçdı. Bunu sadəcə adi bir qaçış adlandıra bilmərik. Bu bir insanın öz ruhunu əsirlikdən azad etməsi idi. Bu ideallara, azadlıq eşqinə, insan ləyaqətinə verilən and idi. İtalyan kommunistlərinin köməyi ilə Əli Babayev dağlara sığınmış, silaha sarılmış və yeni bir ad almışdı - Pyotto. Əli Babayev 25 mart 1944-cü ildə italyan partizan hərəkatına qoşulur. Pyotto adı altında Əli Babayev İtaliya partizan hərəkatının fəal iştirakçısına çevrilmiş və sovet əsirlərindən ibarət Çapayev batalyonunu yaradaraq onun komandiri olmuşdu. Bu batalyonda onunla yanaşı Oruc Əliyev – “Mixail-Moska” ləqəbli azərbaycanlı da döyüşürdü. Onlar Qaribaldi adına batalyonun tərkibində bir çox mühüm əməliyyatlarda iştirak etdilər. Onların ən möhtəşəm fəaliyyətlərindən biri Udinedəki həbsxanaya hücum idi. Bu əməliyyat nəticəsində heç bir itki vermədən 73 nəfər əsir azad edildi. Hücumun ön cəbhəsində Əli Babayev dayanmışdı. Bu igidlik ona İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalına təqdimat qazandırdı. O, artıq bundan etibarən təkcə azərbaycan əsilli döyüşçü deyildi, həmçinin İtaliya müqavimətinin siması, mübarizənin sarsılmaz rəmzi idi. Ancaq müharibə bitdi. Faşizm məğlub oldu, silahlar sustu. Amma Əli Babayevin mübarizəsi yeni mərhələyə keçdi. 1951-ci ilin yanvarında qələbə bayrağı qaldıran əllər bu dəfə zəncirləndi. Sovet rejimi onu "Azərbaycan legionunun üzvü" kimi təqdim edərək həbs etdi. Vətən uğrunda vuruşan Pyotto indi “xain” adlandırıldı. Məhkəmə onu 15 il azadlıqdan məhrum etdi, əmlakı müsadirə olundu. Zindan illəri sərt idi – hər gün bir əsrə bərabər, hər gecə bir nisgil idi. Amma onun içindəki azadlıq alovu heç zaman sönmədi. Stalinin ölümü sonrası imperiyanın zəncirləri boşaldı və Pyotto əfv olundu. O, azadlığa çıxsa da, bu azadlıq illərlə itirilmiş həyatın əvəzini verə bilməzdi. Onun Qüdrət və Baba adlı iki övladı yadigar qaldı. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsində adlarını böyük harflərlə yazdığımız Mehdi Hüseynzadə – “Mixaylo” və Əhmədiyyə Cəbrayılov “Xarqo” kimi Pyotto da unudulmamalıdır. Onların hər biri azadlıq ideyası naminə canından keçməyə hazır olmuş, yad torpaqlarda öz vətənlərinin ləyaqətini qorumuş igidlərdir. Tarix göstərdi ki, Azərbaycan torpağı təkcə şairlər, alimlər deyil, həm də qəhrəmanlar yetirir. Pyotto – Əli Babayev bu qəhrəmanların sükut içində ucalan səslərindən biridir. Bəlkə heykəli ucalmayıb, bəlkə küçələrə adı verilməyib, amma İtaliya dağlarında, Naxçıvanın elində, Udinenin sükutlu küçələrində onun izi qalır. O iz  bir xalqın başı dik, alnı açıq tarixi deməkdir. Əli Babayev kimi insanlar üçün susmaq xəyanətdir. Onlar mübarizə ilə doğular, azadlıqla ölər. Əslində Pyotto heç vaxt ölmədi o, vicdanın adını daşıyan tarixə çevrildi. Bizim vəzifəmiz bu cür qəhrəmanları tanıtmaq, onların adlarını tarixdə layiq olduğu yerə qoymaqdır. Unutmayaq – qəhrəmanlıq coğrafiya tanımaz, onun dili, milləti, vətəndaşlığı yoxdur. O, insanlığın vicdanında yaşayır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu