Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Avropada keçirilən aksiyalar itkin probleminin qlobal miqyasda ictimailəşdirilməsi deməkdir

Bu aksiyalar həm də erməni faşizminin anti-insani mahiyyətini ifşa edir

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Avropadakı silsilə aksiyaları davam edir. Cari ilin oktyabrın 20-də Avropa Parlamentinin qarşısındakı “Place du Luxembourg”, oktyabrın 21-də isə Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi “Schuman” meydanında keçirilən aksiyalar oktyabrın 22-də Brüssel şəhərinin tarixi “Place de l’Albertine” meydanında davam etdirilib.

Aksiyalarda erməni işğalı fonunda itkin düşən azərbaycanlılar haqqında iştirakçılara ətraflı məlumat verilib, onların fotoşəkilləri, şəxsi əşyaları və s. nümayiş olunub. Aksiyalarda ziyarətçilərə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə 4010 azərbaycanlının itkin düşdüyü, onların arasında 71 uşağın, 288 qadının və 319 ahıl şəxsin olduğu barədə də geniş məlumat verilib.

Xatırladaq ki, itkin problemi hər zaman Azərbaycan dövlətinin əsas diqqət mərkəzində olub, məlum problemin həlli istiqamətində rəsmi Bakı tərəfindən ardıcıl səylər ortaya qoyulub. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi bəzi itkinlərin aqibətinə aydınlıq gətirməyə imkan verdi. Lakin bütün bunlara rəğmən bu gün də  bir çox vətəndaşımızın taleyi naməlum olaraq qalır. Məhz bu səbəbdən də  “Qarabağ İtkin Ailələri” İctimai Birliyi itkin problemini beynəlxalq aləmin diqqətinə çatdırmaq, problemin həlli üçün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan dəstək almaq məqsədilə Avropada silsilə aksiyalara start verib.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin gerçəkləşdirdiyi aksiyalar bir çox baxımdan həyati əhəmiyyət kəsb edir.

Bu aksiyalar hər şeydən öncə itkin problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, onu qloballaşdırmaq baxımından son dərəcə önəmlidir. Etiraf etmək lazımdır ki, itkin problemi ilə bağlı bugünə qədər bu miqyasda aksiyalar keçirilməyib, beynəlxalq aləmə sözügedən problemlə bağlı bu qədər dolğun məlumat verilməyib. Bu baxımdan, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin keçirdiyi aksiyaların müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır.

İkincisi, Avropada keçirilən bu aksiyalar həm də erməni faşizminin, onun anti-insani mahiyyətinin ifşası baxımından mühüm önəm kəsb edir. Çünki itkin problemi məhz erməni vəhşiliyi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsi fonunda baş verib. Ermənistanın bu gün də itkinlərlə bağlı Azərbaycanla əməkdaşlıqdan imtina etməsi, dövlətimizə informasiya dəstəyi göstərməməsi rəsmi İrəvanın günümüzdə də itkin probleminin həllində maraqlı olmadığını göstərir.

Üçüncüsü, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin həyata keçirdiyi aksiyalar bir daha sübut etdi ki, Azərbaycanın üzləşdiyi itkin problemi əslində bütün bəşəriyətin problemidir və buna görə də hər bir dövlət, hər bir xalq bu problemin həllində maraqlı olmalıdır. Çünki itkin düşən hər bir Azərbaycan vətəndaşı həm də bəşəriyyətin bir fərdi, bir nümayəndəsidir və onların aqibətinə biganəlik bütün insanlığın faciəsi demək olar.

Heç şübhə yoxdur ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin keçirdiyi bu aksiyalar itkin probleminin beynəlxalq səviyyəyə yüksəlməsinə, erməni faşizminin amansız simasının qlobal miqyasda ifşasına öz töhfəsini verəcək, problemin həlli üçün daha əlverişli zəmin formalaşdıracaq.

Seymur ƏLİYEV

 

2026-10-26 15:29:00
20 baxış

Digər xəbərlər

Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, iyunun 12-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla)  məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanan qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib. O bildirib ki, layihədə komitənin profilinə uyğun baxacağı normativ hüquqi aktlarda, əsasən, iki istiqamətdə dəyişikliklər təklif olunub. Belə ki, sənəddə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsi təsbit olunub. Həmçinin məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Sonra qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirədə Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, komitənin üzvləri Aydın Mirzəzadə, Arzuxan Əli-zadə, Elşən Musayev, Kamran Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihədəki dəyişikliklərlə bağlı  fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər. Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. İclasda deputatlar Səttar Möhbalıyev, Xanlar Fətiyev, Məzahir Əfəndiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hamısını oxu
Müşfiq Cəfərov: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erməni faşizmini uğurla ifşa edir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi surətdə internet resursları vasitəsi ilə  işğaldan azad edilən ərazilərdəki dini abidələr və məscidləri tanıtma, işğalda qaldıqları müddət ərzində üzləşdikləri erməni vəhşilikləri ilə bağlı məlumatlandırma kampaniyası həyata keçirməkdədir. Hansı ki, bu kampaniya həm sözügedən dini-tarixi abidələrin, məscidlərin tanıdılması, həm də erməni vəhşiliyinin ifşa edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.   Veteran.gov.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən məlum maarifləndirmə siyasətinin böyük önəm kəsb etdiyini vurğulayıb:   “Ermənilərin Azərbaycana qarşı işğalının və terror əməllərinin hədəflərindən biri də məhz tarixi-dini abidələrimizdir.   Azərbaycan çoxkonvessiyalı ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Əsrlərdir dinindən, dilindən, milli mənsubluğundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir xalqa məxsus olan mədəni, dini abidələr yüksək səviyyədə qorunub.   Milli mənsubiyyəti və qədim tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələrimiz tamamilə uçurulub. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilib. İşğal altındakı abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılıb, təmir adı altında dəyişdirilib, təhqir olunub. Beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür. Düşmənimizin təmir-bərpa işləri bəhanəsi ilə Qarabağın incisi Şuşa şəhərində yerləşən "Yuxarı Gövhər ağa" məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürməsi onların mənimsəmə siyasətini bir daha sübut edir.   Müharibə zamanı da Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan və ağır artilleriyadan istifadə edərək abidələrimizə  də ziyan vurdu. Atəş zərbələri Füzuli rayonunda ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə və Gəncədəki tarixi abidəyə ziyan vurub. Hazırda Ermənistan işğalçı və şovinist siyasət aparmaqla beynəlxalq və regional təhlükəsizlik, bölgədə sülhün və sabitliyin təmin olunması üçün ciddi təhdid yaradır. Dini dəyərlərə daim yüksək diqqət və qayğı göstərməsilə seçilən Prezident İlham Əliyev ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin mühüm bir hissəsi təşkil edən dağıdılmış bütün məscidlərimizi bərpa etdirir.   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi surətdə işğaldan azad edilən dini abidələr və məscidlərin tanıdılması, işğalda qaldıqları müddətdə məruz qaldıqları erməni vəhşilikləri ilə bağlı məlumatlar yayır. Bu çox müsbət addımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla erməni vəhşiliklərini uğurla ifşa edir, erməni faşizminin sivilizasiyadan, insani dəyərlərdən nə qədər uzaq olduğunu bütün dünyaya göstərir. Ancaq onu da qeyd edim ki, bu nəhəngliyində işin öhdəsindən yalnız bir qurumun gəlməsi mümkün deyil. Biz bütün işləri yalnız biur qurumdan gözləyə bilmərik. Bu sahədə bütün vətəndaşlarımız fəaliyyət göstərməlidir. Ən vacibi, dünya ictimaiyyəti və bu sahədə fəaliyyət göstərən xüsusi təşkilatlara mütəmadi məlumat verilməlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı şəhid Güləddin Şahbabayev

Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.

Hamısını oxu
Bir Gözlə Vətəni Bütöv Görən Qəhrəman Azər Abdullazadə

“Azərbaycan ordusunun hərbi qulluqçusu olmağımla fəxr edirəm…” Bu ifadə Azərbaycan əsgərinin dövlətinə sədaqətinin, xalqına bağlılığının və Vətən qarşısında daşıdığı ali məsuliyyətin rəsmi və mənəvi ifadəsidir. Bu sözlər bir ömrün həyat prinsipi, bir nəslin Vətənə sədaqət andı, bir xalqın öz ordusuna olan sarsılmaz inamının təcəssümüdür. Sözügedən fikirlər Vətənin taleyini öz taleyi ilə birləşdirən, onu qanı və canı bahasına qoruyan Azər Rizvan oğlu Abdullazadənin vətəndaş mövqeyini, daxili dünyasını və hərbi xidmət fəlsəfəsini dolğun şəkildə əks etdirir. Abdullazadə Azər Rizvan oğlu 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur. O, Vətənə xidmətin ailə dəyəri kimi qəbul edildiyi, hərb və vətənpərvərlik ruhunun nəsildən-nəslə ötürüldüyü qəhrəman bir ailədə böyümüşdür. Bu ailədə “Vətən” anlayışı yalnız coğrafi məfhum deyil, yaşam tərzi, mənəvi məsuliyyət və əxlaqi borc kimi formalaşmışdır. Azər Abdullazadənin ailə tarixində Qarabağ müharibələrinin dərin izləri vardır. Onun əmisi  tibb xidməti leytenantı Natiq Abdullayev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Atası Rizvan Abdullayev isə həmin döyüşlərdə ağır yaralanaraq I qrup müharibə əlili olmuşdur. Bu ailənin yaddaşı şəhidlik zirvəsi, qazilik yolu və Vətənə sədaqət ruhu üzərində formalaşmışdır. Azər Abdullazadə 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətinin başa çatmasına cəmi bir neçə gün qalmış, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlanmışdır. O, təxris olunmaq hüququndan imtina edərək könüllü şəkildə döyüş bölgəsinə yollanmışdır. 44 gün davam edən Vətən müharibəsi zamanı Azər Abdullazadə tank heyətinin tuşlayıcısı kimi Füzuli və Cəbrayıl istiqamətlərində aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin atəş mövqelərinin, zirehli texnikasının və canlı qüvvəsinin məhv edilməsində xüsusi fərqlənmiş, şəxsi igidlik, yüksək peşəkarlıq və dözümlülük nümayiş etdirmişdir. Onun fəaliyyəti Azərbaycan Ordusunun həmin istiqamətlərdə uğurlu irəliləyişinə mühüm töhfə vermişdir. Azər Abdullazadə döyüşlər zamanı iki dəfə yaralanmışdır. İlk yaralanmadan sonra həkimlərin tövsiyəsinə baxmayaraq, təkidlə yenidən ön cəbhəyə qayıtmışdır. 2020-ci il oktyabrın 11-də Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı tankın vurulması nəticəsində ağır yaralanmış, bir gözünü itirmişdir. Tank komandiri şəhid olmuş, Azər Abdullazadə isə böyük fədakarlıq və iradə nümayiş etdirərək döyüş zonasından çıxarılmışdır. Uzunmüddətli tibbi müalicə və bir neçə mürəkkəb cərrahi əməliyyata baxmayaraq, o, mənəvi möhkəmliyini qoruyub saxlamış, qazilik statusuna baxmayaraq dövlətə və orduya sədaqətini daim ifadə etmişdir. Onun həyat mövqeyi “göz ürəyin aynasıdır” ifadəsinin rəmzi mənasını daşıyır - Azər Abdullazadə bir gözünü Vətən yolunda itirsə də, Vətəni bütöv görən qəhrəman kimi yadda qalmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin  9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Abdullazadə Azər Rizvan oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. O, bu ali ada layiq görülən ən gənc hərbi qulluqçulardan biri olmuşdur. Həmçinin Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir. Bu gün Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə Azərbaycan gəncliyi üçün vətənpərvərlik, sədaqət və fədakarlığın canlı nümunəsidir. Onun adı çəkiləndə Azərbaycan xalqı qürurla başını dik tutur, çünki Azər Abdullazadənin taleyində ordunun şərəfi, şəhidlərin ruhu və qazilərin dözümü birləşir. O, Vətən uğrunda sağlamlığından keçməyin söz yox, əməl olduğunu sübut etmiş qəhrəmanlardandır. Azər Abdullazadənin bir gözü Qarabağ torpağında qaldı. Amma o  göz bu gün Şərqi Zəngəzurda, Cəbrayılda, Füzulidə dalğalanan üçrəngli bayrağın göz bəbəyinə çevrilib. O bayraq ki, şəhidlərimizin al qanı ilə suvarılmış suveren torpaqlarımızda ucalıb və əbədi olaraq dalğalanacaq. Bu, təkcə bir qəhrəmanın taleyi deyil - bir millətin qələbə dastanıdır! Cəlil Xəlilov    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu