Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (23.03.2020)

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
Bu müddət ərzində: 1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. 2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın. 4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin. 5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin; 9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın; 10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

2020-03-24 00:00:00
3515 baxış

Digər xəbərlər

Dövlət başçısı: "Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir"

   "Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib".   APA xəbər verir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə onlara göstərilən dövlət qayğısından danışarkən bildirib.   Yaralı və sağlamlığını itirmiş hərbçilərin ən müasir protezlərlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik”.   Prezident qeyd edib ki, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. “Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib”, - deyə dövlətimizin başçısı vurğulayıb.  

Hamısını oxu
Vətən Müharibəsi Şəhidlərimiz-Nərimanov rayonu

 

Hamısını oxu
Prezident Əliyevin dilçilikdən açıq dərsi - professor Mahirə Hüseynova yazır

Hər bir dil mənsub olduğu xalqın varlığı və milli kimliyidir. Onun sadəcə ünsiyyət vasitəsi deyil, özünüdərk təməli, nəsilləri birləşdirən, düşüncəni formalaşdıran, mentaliteti ötürən və etnik qrupun təkrarsızlığını təmin edən, milli sərvətə və fərqliliyin əsasını təşkil edən mədəniyyətin simvoluna, yaşadığı tarixin daşıyıcısına çevrilməsi ümumilikdə milliliyin qorunub saxlanılmasında əsas vasitə olması mübahisə doğurmur. O da qətiyyən mübahisə doğurmur ki, dövlətçilik və onun təsisatları bir millətin dilinin formalaşmasında, onun rəsmi dil kimi təsdiqlənməsində, dil siyasətinin tənzimlənməsində (təhsil, media və qanunvericilik vasitəsilə), normalarının standartlaşdırılmasında (lüğətlər və qrammatikalar vasitəsilə) və millətlərarası ünsiyyət vasitəsi, milli kimliyin və mədəniyyətin qorunması kimi yayılmasının təşviq edilməsində əsas rol oynayır. Dövlət, dil layihələrini maliyyələşdirir, ədəbiyyatı dəstəkləyir və idarəetmə və təhsil üçün dili standartlaşdırır, bununla da, onun mövqeyini gücləndirir və ortaq milli şüurun formalaşmasında mühüm rol oynayır. Veteran.gov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Prezident Əliyevin dilçilikdən açıq dərsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni ilin əvvəlində, yerli televiziyalara artıq ənənə halını almış növbəti müsahibəsi ancaq ötən ildə (2025-ci il) görülən işlər barədə seçicilərinə - Azərbaycan xalqına hesabatı deyil, həm də artıq qədəm basdığımız yeni təqvim ilinə (2026-cı ilə) hədəflənən strategiya və həmin strategiyanın konturları barədə fikir mübadiləsi kimi qəbul olunmalıydı. Belə də oldu. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ötən ildə qazandığı uğurlardan, daxili və xarici siyasətdə hökumət üçün prioritet istiqamətlərdən, 2020-ci il sentyabr ayının 27-də işğalçı Ermənistanla başlanan və 44 gün ərzində Silahlı Qüvvələrimizin keçdiyi Zəfər yolundan, o Zəfərin regional və beynəlxalq platformalarda Azərbaycan dövlətinin yerini müəyyənləşdirən faktorlardan, antiterror əməliyyatından sonra dövlət suverenliyimizin reallığa çevrilməsini şərtləndirən amillərdən, Qarabağda aparılan tikinti-quruculuq işlərindən, bir qərinəlik ayrılıqdan sonra məcburi köçkünlərin qayıdışından və nəhayət, 2025-ci ilin avqustunda ABŞ-ın paytaxtı Vaşinqtonda- Ağ Evdə Ermənistan-Azərbaycan arasında Sülh Müqaviləsinin paraflanmasından sonra dayanıqlı sülhün regionda bərqərar olmasından və digər sosial məsələlər mövzusunda söhbət açdı. Bu mövzulardan biri ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışından sonra xüsusilə gündəmə çevrilən rəsmi dövlət dilinin hazırkı vəziyyətinə baxışın gündəmə gəlməsi ilə yadda qaldı. Xatırlatsaq ki, Azərbaycan dilinin inkişafına və qorunmasına əlahiddə diqqət və qayğı XX əsrin ikinci onilliyində - 1918-ci il may ayının 28-də milli dövlətçiliyimizə qovuşduğumuz vaxtlardan diqqət çəkib, bu proses hətta nominal dövlətçilik institutlarının mövcudluğu zamanlarında yüksələn xətti illə seçilirdi və ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinə dövlət qayğısı ən yüksək müstəviyə qaldırıldı. 50-ci illərin sonlarından İttifaq mərkəzindən idarə olunan “Azərbaycanda millətçilik tendensiyalarının qarşısının alınması” fonunda dilimizə qarşı artıq oturuşmuş siyasətin davam etdirildiyi vaxtlarda az qala nümayişkaranə şəkildə aparılan bu siyasət vahid məqsədə xidmət etsə də, müxtəlif aspektlərdə aparılırdı. O aspektlərdən biri küncə sıxışdırılmış Azərbaycan dilinə dövlət tədbirlərində tribunaların verilməsi idi və bunu sovet Azərbaycanının 46 yaşlı lideri Heydər Əliyev öz şəxsi nümunəsində göstərirdi. Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirindəki çıxışı ilə dilimizin statusunun yeni müstəviyə çıxarıldığını nümayişkaranə şəkildə ortaya qoyan respublika rəhbəri sonrakı qərarları ilə bu addımın ardıcıl olaraq atılacağını təsdiqlədi. Bu, Bəkir Çobanzadənin tələbəsi, Azərbaycan dilçiliyinin patriarxlarından biri olan professor Muxtar Hüseynzadənin "Müasir Azərbaycan dili" adlı dördcildlik dərsliyinin Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə Dövlət mükafatına layiq görülməsi oldu. Xatırlatma üçün qeyd edək ki, “Müasir Azərbaycan dili” kitabında Azərbaycan dilinin leksikası ilk dəfə sistemli şəkildə tədqiq edilirdi. Müəllif sözün mənaları haqqında məlumat verir, türkologiyada ilk dəfə frazeologiya məsələsini qaldırır, Azərbaycan dilinin lüğət tərkibindəki qeyri-türk mənşəli – “gəlmə və alınma sözlər” adlanan təbəqəsi müfəssəl tədqiq olunurdu. Sonralar, yəni 1978-ci ildə Azərbaycan SSR-nin yeni qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi İttifaq məkanında ən çox müzakirə mövzularından birinə çevrildi. Bundan əlavə, uzun illər boyu dövlət müstəqilliyindən ayrı düşmüş xalqın tarixi ilə bağlı müxtəlif dövrləri əhatə edən bədii filmlərin hazırlanaraq tamaşaçılara təqdim olunması xalqın şərəfli tarixinə qayıdışına xidmət edirdi. Bu məsələdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilinin ən böyük təəssübkeşi olmaqla, bənzərsiz mahir natiq Heydər Əliyevin müqayisəyəgəlməz genişspektirli fəaliyyəti və tarixi xidmətləri geniş rol oynadı. Sonralar müstəqil Azərbaycan Respublikasının ali siyasi rəhbərliyinə qayıdışından sonra da Ümummilli Lider bu istiqamətdə işləri davam etdirdi. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı, dil siyasəti birmənalı olaraq formalaşdı. Ulu Öndər ana dili ilə bağlı dövlət strategiyasını şərtləndirən amilləri belə izah edirdi: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”. 2026-cı il yanvar ayının 5-də yerli televiziyalara müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir dilin ümumxalq kontekstində vacib amillərdən biri olduğunu xatırladır. Sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunmasının dil daxilində baş verdiyini, buna görə də onun sosial fəaliyyətin əlaqələndirilməsində əsas vasitəçilərdən biri, birincisi olduğunu xatırladır. Dili sosial təcrübəni müəyyən etmək, qorumaq və ötürmək üçün əsas vasitə, həmçinin subyektiv mənaları obyektləşdirmək üçün mühüm üzvi varlıq kimi xarakterizə edir. Dövlət başçısı dilin fərdi təcrübələrə subyektlərarası məna qatdığını, bütün sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşdığını qeyd etməklə onun oynadığı siyasi rolu xatırladır. Dilin milli və etnik differensiasiyada mühüm rol oynadığına, onun təsirinin yalnız müəyyən bir icmanın mənəvi varlığı əhatə etmədiyinə, həm də digər millətlərdən və etnik qruplardan qarşılıqlı tamamlama və fərqlənmə hissi yaratdığına diqqət çəkir. Nəticə etibarilə milli və etnik kimliyin dillə sıx əlaqəli şəkildə nəzərdən keçirilməli olduğunu, onun istənilən sosial icmanın mövcudluğu üçün ən vacib şərtlərdən birinə çevrildiyini vurğulayır. Buna görədir ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dönəmində apardığı dil siyasətinin və bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin təsəvvüründəki dövlət konstruksiyasında onun çəkisinin artırılmasına xüsusi diqqətin missiyasının konturlarını aydın görmək mümkündür. Bununla əlaqədar olaraq dövlətimizin başçısı ancaq dilçilərin deyil, həm də mətbuatında üzərinə düşən vəzifələrə işarə edir. Prezident həmin müsahibəsində dilimiz və onun perspektivləri ilə bağlı sözlərini dinlədikcə, professor Muxtar Hüseynzadənin bununla bağlı fikirləri yadıma düşür. Professor 50 il əvvəl yazırdı: “Dil zorakı assimilyasiyaya qarşı o zaman daha ciddi müqavimət göstərə bilir ki, onun sabit və möhkəm qrammatik quruluşu olsun və bir çox əsrlər ərzində öz həyatiliyini sübut etmiş olsun. Belə bir dil yüz illərlə davam gətirən uzun bir proses nəticəsi olan çarpazlaşma zamanı həmişə qalib gəlir və öz lüğət tərkibini məğlub dilin hesabına zənginləşdirir. Azərbaycan dili də belə dillərdəndir”. Prezident İlham Əliyev adıçəkilən müsahibəsində bayraq, gerb, himnlə birlikdə dili dövlətçiliyin əsas atributlarından biri, bəlkə də, birincisi sayır, xalqımızın yaşadığı taledən dərs almağımızı, nəticə çıxarmamızı tövsiyə edir: “Əsrlər boyu müstəmləkəçilik şəraitində müstəqillik eşqi ilə yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, Rusiya imperiyası, fars imperiyası, istərsə də Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey olmayıb. Müstəqillik tariximiz, dövlətçilik əsasları, ənənələri olub və o dövlətlərlə fəxr edirik, amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb”. Dil psixologiyası və ya psixolinqvistika elmi var. O, nitq, düşüncə və şəxsiyyət arasındakı əlaqəni öyrənir, insanların dili necə yaratdığını və qavradığını, dilin şüuru necə formalaşdırdığını və dil xüsusiyyətlərinin danışanların mentalitetini və sosial mənsubiyyətini necə əks etdirdiyini, onları sosial qruplar, mədəniyyət və tarixlə necə əlaqələndirdiyini araşdırır. Bu sahə dili sadəcə işarələr sistemi kimi deyil, həm fərdi, həm də qrup (sosiolektlər) nitq nümunələrinin təhlili ilə daxili zehni prosesləri, dünyagörüşünü və ünsiyyət məqsədlərini əks etdirən insan varlığının ayrılmaz hissəsi kimi görür. Həmçinin psixolinqvistika, hər bir xalqın yaşadığı psixi situasiyanın onun dilinin leksikasında ifadə olunduğunu elmi dəlillərlə təsdiq edir. Buna görədir ki, İlham Əliyev həmin gerçəkliyi nəzərə alaraq belə deyir: “Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik”. Dövlət başçısının fikirlərindəki aktuallıq XXI əsrin əvvəllərinin spesifik sosial-siyasi və sosial-mədəni reallıqlarından irəli gəlir. Qlobal ikiqütblü sistemin süqutu ideoloji böhrana, nəticə olaraq özünüdərk böhranına səbəb olduğu bu gün dünyada çoxlarının qəbul etdiyi gerçəklikdir. Müxtəlif sosial icmaların nümayəndələri dünyada öz yerlərini tapmaq və "biz" və "onlar" arasındakı korrelyasiyanı müəyyən etmək ehtiyacını hiss edirlər. Eyni zamanda, qloballaşma və media və kommunikasiyaların artan təsirinin nəticəsidir ki, müxtəlif millətlər və etnik qruplar arasında artan qarşılıqlı əlaqələrin şahidi oluruq. Bu da milli stereotiplərin yaranmasına və yayılmasına səbəb olur. İnteqrasiya və milli, etnik kimliyin qorunması istiqamətində əks tendensiyaların kəsişməsində, birincisi, demokratiya və vətəndaş cəmiyyətinin möhkəm kök saldığı, ikincisi, azlıq etnik qrupları üçün nisbətən yüksək həyat səviyyəsi və həyat keyfiyyətinin əldə edildiyi ölkələrdə optimal və ağlabatan həllər tapılır. Bu, münaqişə vəziyyətlərinin olmamasına zəmanət vermir, lakin belə ölkələrdə onların sürətli və konstruktiv həlli şansları həmişə yüksəkdir. O şansların diqqətdə saxlanılmasının dilimizi, birbaşa və ya dolayısı ilə xalq və dövlətimizin həyatında oynayacağı rolu nəzərdə tutan İlham Əliyev buna görə tövsiyələrini bu formada çatdırır: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də, özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”. Bu vəzifənin əhəmiyyətini dönə-dönə xatırladan Prezident “milli kimliyin” sadəcə, mövcudluğunu deyil, inkişafı üçün vacib elementləri həm də ona görə xatırladır ki, hər birimizin məsuliyyəti təhtəlşüurumuza əbədi həkk olunsun. Dildə sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunması dil daxilində baş verir və buna görə də dil sosial hərəkətləri əsaslı şəkildə əlaqələndirir. Dil sosial təcrübəni müəyyənləşdirmək, qorumaq və ötürmək üçün əsas vasitəyə, eləcə də subyektiv mənaları obyektivləşdirmək üçün körpüyə çevrilir və fərdi təcrübələrə subyektivlərarası məna qatır. Sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşmasında dil, milli və etnik differensiasiyada mühüm faktora çevrilir. Onun təsiri yalnız müəyyən bir icmanın mənəvi varlığını əhatə etmir, həm də digər millət və etnik qruplara qarşılıqlı tamamlayıcılıq və fərqlilik hissi verir. Bunlar öz yerində. Prezident cəmiyyətin hər bir üzvünün daşıdığı məsuliyyət hissi məsələsinə ümumi formada yox, konkret ünvanlarla fərd və qruplara müraciət etməklə toxunur: “Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”. Bu fikrində də Azərbaycan Respublikasının Prezidenti dilin saflığının qorunması üçün ayrı-ayrı elm və peşə sahiblərinin məsuliyyətini xatırlatmaqda haqlıdır. İlk növbədə, televiziya sahəsində çalışan jurnalistlərə çağırış edən ölkəmizin Lideri daha sonra ziyalılara, o cümlədən şair və yazıçılara üz tutur, onları dilimizin saflığının qorunmasında biganəlik göstərməməyə dəvət edirdi. Bunlarla bərabər, çap və elektron medianın dilin saflığının qorunmasında ikili rol oynadığı xatırladıldı. Təbii ki, ya elektron, yaxud çap mediası jarqonları populyarlaşdırmaqla dili zəiflədə bilər, ya da nümunə mətnlərdə standartlar müəyyən etməklə xüsusilə gənclərimizin leksikasında düzəlməz fəsadlarla iz buraxa bilər. Elektron media daha auditoriyasının verdiyi imkanlar hesabına sürətli rəy yaratmaq və yaxud daha geniş əhatə dairəsinə malik olmaqla, dilimizdə əsrlərcə formalaşan fonetik və ya şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə əsaslı zərbələr vura bilər. Bunu nəzərdə tutan Prezident hamımızı xalqımızın varlığı ərzində yaratdığı söz xəzinəsinə həssas münasibətə çağırır. Bu, daha çox onunla bağlıdır ki, İlham Əliyev qloballaşmaqda davam edərək balacalaşan dünyanın hansı hədəflərə can atdığını əvvəlcədən görən azsaylı siyasətçilərdən biridir.  

Hamısını oxu
“Nə qədər ki, öz əlimdir yazanım”

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni dövr mətbuatımızın və jurnalistikamızın formalaşmasında bir çoxlarının danılmaz əməyi olub. Onları daim xatırlamağımız təkcə vicdan borcu deyil, həm də gələcəkdə bu tarixin daha obyektiv və hərtərəfli yazılmasına azacıq da olsa töhfə vermək məsuliyyətindən irəli gəlir. Dünən Azərbaycan mətbuatı və hərbi jurnalistikası son 32 ilin azı yarısının səlnaməsini yaradan istedadlı qələm sahiblərindən birini, imzası yaxşı tanınan Ədalət Teymurovu itirdi. Onun jurnalistlik fəaliyyəti Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsini bitirdiyi 1984-cü ildən daha əvvəl, 1970-ci illərin sonlarından “Bakı” və “İnşaat”çı qəzetlərində başlamışdı. Xüsusən görkəmli mətbuat işçisi, Azərbaycan  jurnalistikasının təşəkkülündə müstəsna yerə malik müəllimi Nəsir İmamquliyevin baş redaktoru olduğu “Bakı” qəzetində işləməsi Ədalət Teymurov üçün də böyük bir məktəb oldu. Bu qəzetlə əməkdaşlığı, az sonra qəzetin ştatlı işçisi kimi fəaliyyətə başlaması onu püxtələşdirdi. Qələmini bir çox mövzularda sınasa da iqtisadiyyat sahəsi ilə bağlı yazıları diqqəti daha çox cəlb etdi. Sonrakı illərdə “Kənd həyatı”, “Azərbaycan təbiəti” jurnallarında dərc edilən publisitik yazıları və sanballı araşdırmaları onu nüfuzlu qələm sahibi kimi tanıtdı. Həmin illərdə Azərbaycanda cəmi bir neçə mərkəzi qəzet və jurnal nəşr edilirdi. Nə gizlədək, bu nəşrlərn bir çoxunda iqtisadi mövzularda yazmağı bacaran jurnalistlər az idi. Çünki adətən, əksər iqtisadçılar hətta mükəmməl iqtisadi təhlillər aparsalar da, maraqlı yazmağı bacarmırdılar, jurnalistlər isə oxunaqlı yazsalar da, bu sahəni lazımi səviyyədə bilməmələri səbəbindən məqalələri ya səthi alınır, ya da mövzu yetərincə açılmırdı. Ədalət Teymurov iqtisadi bilikləri və jurnalist istedadı ilə həmin nəşrləri tam qane edirdi, buna görə də kifayət qədər iş, əməkdaşlıq təklifləri gəlirdi. Öz qərarını verməkdə tərəddüd etməsə belə, bu məqamlarda adətincə, bəzi dostlardan: “Qadası, sən nə məsləhət bilirsən”, deyə soruşardı. Bu təkliflər maddi və təminat baxımından bəzi üstünlüklər vəd etsə də, onları tam fərqli yöndən dəyərləndirməsi yəqin o vaxt olduğu kimi, bu gün də bir çoxlarını təəccübləndirəcək. “Bunu belə, onu elə yaz, deyiləcəksə, siz sağ, mən salamat”. Çox sevdiyi Məmməd Araz demişkən: Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədərki öz əlimdir, yazanım. Yazmadı da, çünki “qələmin borcu həqiqəti yazmaqdır” deyən sələflərdən doğruları yazmağı əxz etmiş, böyüklərdən “özünə, sözünə sədaqət”dərsi almışdı. Bir müddət ciddi məşğul olsa da, 1988-ci ildən sonra ölkədə və ətrafında baş verən hadisələrlə əlaqədar iqtisadi jurnalistika sahəsindəki fəaliyyətinə fasilə verməli oldu. O illərdə Azərbaycan, həqiqətən də, öz tarixinin ən mürəkkəb və çətin dövrlərindən birini yaşayırdı, Ermənistanın ərazi iddiası ilə başlatdığı işğalçılıq müharibəsi respublikanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın etiraz səsini, öz torpağını, haqqını müdafiə etmək qərarını saxta beynəlmiləlçilik təbliğatından əl çəkməyən, əslində, milli məsələlərə biganə olan hakimiyyət orqanlarına çatdırmaq üçün yeni və müstəqil mətbuat orqanlarının yaranmasına ciddi ehtiyac yaranmışdı. Az keçmədi ard-arda belə nəşrlərin meydana çıxması ilə Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açıldı. Sürətlə dəyişməkdə olan şəraitdə qələminə, məsləkinə sədaqətli, sözünü cəsarətlə deyən, açıq fikirli yazarlara meydan verilmişdi. Ədalət Teymurov müstəqil mətbuatın bayraqdarları sırasında olan, 1989-cu il oktyabrın 6-da Qarabağa Xalq Yardımı Komitəsinin nəşri kimi işıq üzü görən “Azərbaycan” qəzetində işə başladı. “Azərbaycan” qəzeti Şərqin ilk müstəqil demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il sentyabr ayının 15-də Bakının daşnak-bolşevik qüvvələrindən azad olunduğu gündə ilk sayı çapdan çıxan və Cümhuriyyətinin süqutu gününə qədər nəşr edilmiş eyniadlı rəsmi dövlət qəzetinin varisi idi. Milli mətbuat tariximizdə xüsusi yeri tutan bu qəzetin baş redaktorları Azərbaycanın fədakar aydınları, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmli kimi böyük şəxsiyyərlər olmuşdular. İndi belə bir nəşrin əməkdaşları sırasında yer almaq, doğrudan da, şərəfli və məsuliyyətli idi. Ədalət Teymurov üzərinə hansı məsuliyyəti götürdüyünü yaxşı bilirdi və bu böyük şərəfi doğrultmaqda, tarixi ənənədən qaynaqlanan missiyanı layiqincə yerinə yetirməkdə qərarlı idi. Öz dövrünün ən oxunaqlı nəşrlərindən olan “Azərbaycan”-nın səhifələrini vərəqləməklə buna canlı şahidlik etmək mümkündür. Ədalətin həmin qəzetdəki yazıları haqqında “Azərbaycan”-nda ona çiyindaşlıq etmiş tanınmış jurnalist, istedadlı publisit Elman Gədiklinin dedikləri ən yaxşı bələdçidir. “Ədalətin bənzərsiz üslubu, mövzunu mükəmməl çardırması, təsirli və oxunaqlı dili adamı valeh edirdi. O, haqqını almamış orjinal qələm adamı idi”. Ədalət təqribən iki il sonra fəaliyyətini başqa bir yeni və müstəqil qəzetdə, həmin vaxt Hüquqşünaslar İttifaqının nəşri olan “Ədalət”də davam etdirdi. Düzə düz, əyriyə əyri dedi, doğruları yazmaqdan nə çəkindi, nə də usandı. Ancaq həmişə ədalətli oldu, ən kəskin vəziyyətlərdə belə obyektivliyi gözlədi, həqiqəti yazdı desəm, heç bir mübaliğəyə yol vermərəm. Ədalət “Ədalət”in şöhrətinə töhfə verdi, “Ədalət”sə onun jurnalist keyfiyyətlərinin, peşəkarlığının gizli qalan tərəflərini üzə çıxardı. Azərbaycan çətin günləri davam edirdi. Ya Qarabağ, ya ölüm! deyib ayağa qalxan xalq öz haqlarını axıradək qorumaqda qərarlı idi. Gərgin dövrdən keçən, torpaqlarının müdafiəsi üçün ölüm-dirim savaşına qalxmış Vətənin çağrışına cavab verən, harayına yetənlərin ilk sırasında o, Ədalət Teymurov da vardı. Yurd, millət, dogma ocaq sevgisi ilə alışan qəlbini nümunə bildiyi Danko kimi əlinə alıb başı üzərində məşələ çevirməkdə qərarlıydı. Ədalət Teymurovun jurnalist taleyinə fərqli bir sahədə ilklərin sırasında yer almağı qismət edən də elə bu amal, bu yanğı oldu. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fəaliyyətə başladı. İlk gündən qarşıya çıxan və təcili həllini gözləyən məsələlərdən biri gənc nazirlikdə informasiya işinin təşkili, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması idi. Bu baxımdan mətbuatla müntəzəm və səmərəli əməkdaşlıq əlaqələrini qurmağa qadir, səriştəli jurnalist kadrlara ciddi ehtiyac vardı. Qısa müddətdə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi təşkli edildi və fəaliyyətə başladı. Bu şöbədə ilk iş dəvəti alanlər sırasında yazıları ilə artıq ölkədə kifayət qədər tanınan Ədalət Teymurov da var idi.   1992-ci ilin yanvarından Ədalətin cəbhə bölgələrinə, ön xətdə yerləşən döyüş səngərlərinə yolu başladı. İlk mərhələdə operativ və peşəkarlıqla hazırlanmış hərbi, hərbi-siyasi xarakterli informasiyalar üstünlük təşkil etsə də, çox keçmədi bunlarla yanaşı, bütün müvafiq tələblər gözlənilməklə cəbhə bölgələrindən göndərilən qısa reportajlar da Azərbaycan televiziyasının proqramları vasitəsi ilə bu sületləri səbirsizliklə gözləyən tamaşaçılara çatdırıldı. Ədalət artıq zabit kimi hərbi xidmətini yeni yaradılmış Sənədli Filmlər Kinostudiyasında davam etdirirdi. Onun mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə çəkib hazırladıqları yüzləcə belə süjetlər və 20-də artıq sənədli film bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsi tarixinin canlı xronikasını təşkil edir. Bu çəklişlər zamanı hər iki hərbi jurnalistimiz dəfələrcə ölüm təhlükəsi ilə üz-üzə gəlmişdilər, böyür-başlarında mərmilər partlamış, müxtəlif çaplı silahlardan atılan güllələr az qala santimetrlik məsafələrindən keçmişdi. Həmin güclü top atəşlərindən birində lap yaxınlığına düşən mərminin partlamasından ciddi zədə (kontuziya) alan Ədalət Teymurova 3-cü dərəcəli əllillik verilmişdi. O, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycanın cəbhə bölgələrini, səngərləri az qala qarış-qarış gəzmiş, neçə döyüşün canlı şahidi, hətta iştirakçısı olmuş, əsgər-zabitlərmizin necə fədakarlıqla vuruşduqlarını qürurla qələmə almışdı. Bu yazıların bir çoxu Seyidağanın çəkdiyi süjetlərin kadrarxası mətni kimi televizya ekranlarından yayılsa da, əksəriyyəti Müdafiə Nazirliyinin arxiv materialları arasında, hərbi xronika nümunələri kimi qorunub saxlanılır. Yəqin nə vaxtsa o kadrların əsasında hərb tariximizi əks etdirən sənədli və tammetrajlı bədii filmlər çəkiləcək. Onda Ədalət Teymurovun hərbi jurnalistika tariximizdə hansı xidmətlər göstərdiyini, qələminə, borcuna necə sadiq olduğunu indiyədək bu fədakarlıqdan xəbərsiz olanlar da, bunu görməzdən gələnlər də nəinki biləcək, inanaq ki, etiraf da edəcəklər. Nə gizlədim, bir neçə il əvvəl dostların israrlı tələblərindən sonra mətbuatımızla əlaqədar təşkilatlardan birinin rəhbərinə göndərilən və onun da səndləşdirib müvafiq ünvana çatdırdığı təqdimat nəzərə alınmamışdı. Beləcə, Ədalət Teymurovun adı sağlığında haqq etdiyi mükafatı alanlar sırasında olmadı. Ancaq o bundan bir qədər incik düşsə də, məsələyə yenə özünəməxsus nikbinliklə yanaşdı, necə deyərlər, “əlyazmaları yanmır”. Elə bizim də ümidimiz bunadır. Yanmayan dəyərli yazılar kimi, Seyirdağa Mövsümlünün çəkdiyi tarixi kadrları tamamlayan, Ədalət Teymurovun qələmə aldığı o mətnlər də yəqin nə vaxtsa həqiqi dəyərini alacaq. Onun jurnalistlik fəaliyyəti sonra da davam etdi. Hərbi mütəxəssis kimi mayor rütbəsində pensiyaya çıxdıqdan sonra da müxtəlif mətbu orqanlarda, daha çox da “Təzadlar”, “Bakı Xəbər” qəzetlərində köşə yazarı kimi aktual mövzulara həsr edilən maraqlı məqalələri dərc edildi. Yəqin onun barəsində daha geniş bir yazıda bunlar barəsində də söhbət açarıq. …Ədalət Teymurov Birinci Qarabağ müharibəsinin od-alovunu ekranlardan izləməmişdi, üz-gözünü qarsan bu od-alovu ekranlara, kinoxronikaların nümayiş etdirildiyi səhnələrə gətirənlərdən olmuşdu. Təkcə buna görə ən azı özü barədə nələrinsə yazılmasını, göstərlməsini haqq edir. Vətən müharibəsinin getdiyi günlərdə teleoperatorlarımızın çəkdikləri və nümayiş etdirilən qürurverici, peşəkar kadrlara baxanda onun və məsləkdaşlarının daha çətin şəraitdə, məhdud imkanlı texnika ilə az qala eyni işi gördüklərini xatırlayıb, bir daha, ey fədakar insanlar, minnətdar Vətən sizi unutmayacaq, dedim. Torpaqlarımızın Ermənistanın işğalından qurtardığı gün və sonrakı günlərdə onun necə ürəkdən sevindiyini, gözlərinin yaşardığını da xatırladım. “İnşallah, imkan olsun, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Ağdamı ziyarət edərik”, demişdi. Bəs, Şuşa, soruşmuşdum? Sən demə, Şuşaya getməyi tələbə dostlarımızdan birinə vəd edibmiş, onu da özü ilə aparacaqmış. Ilk dəfə vədinə əməl etmədi. Ancaq təssüf ki, əməl etmədiyi daha bir vədi qaldı. Dekabrın 24-də çox arzuladığı bir görüşə, dostlarla görüşə gələ bilmədi. Çünki artıq getmişdi. Əlində nə qədər işi vardı... Haqqında deyiləsi, yazılası çox şeylər var. Təki ömür aman versin. İndiliksə, məslək və can dostumuz, Masallının Qədirli kəndində dədə-baba məzarlığındakı son mənzilində arxayın uyu. Ədalət Teymurov, sən saflığın, millət, Vətən sevgin, bütövlüyün, nəhayət, təsirli yazıların ilə yol tapdığın qəlblərdə həmişə yaşayacaqsan, deyirəm və buna inanıram. Lətif ŞÜKÜROĞLU

Hamısını oxu