Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Çin Xalq Respublikasının bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlərini, ölkənizin dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsini və beynəlxalq arenada nüfuzunun gündən-günə artmasını daim məmnunluqla izləyirik. Biz qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin yeni məzmunu ilə zənginləşir. Şübhəsiz ki, bu sıx əməkdaşlıq müəllifi olduğunuz "Kəmər və yol" layihəsi çərçivəsində də uğurla davam edəcəkdir. Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının ilk günlərindən ölkələrimizin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı dəstək ikitərəfli əlaqələrimizin möhkəm təməl üzərində qurulduğunu bir daha isbat etdi. Fürsətdən istifadə edərək koronavirus xəstəliyi ilə mübarizə məqsədilə Çin Xalq Respublikası tərəfindən ölkəmizə göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Çin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". Milli.Az

2020-09-26 00:00:00
3028 baxış

Digər xəbərlər

Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və bu səfər əsnasında səslənən fikirlər iki ölkə arasındakı dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü, eyni zamanda, iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin Rusiya səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın inkişafına töhfə verəcək. Hazırda da iki ölkə arasında həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar. Respublika Veteranları Təşkilatının sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin Vladimir Putinlə görüşü iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin də yüksək səviyyədə olduğunu əks etdirdi. Bu görüş göstərdi ki, dövlətlərimiz kimi, prezidentlərimiz arasında da şəxsi münasibətlər yüksək səviyyədədir. Dünya praktikası sübut edib ki, liderlər arasındakı şəxsi münasibətlərin dövlətlərarası münasibətlərə təsiri hər zaman böyük olur. Bu baxımdan Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərin də dövlətlərarası münasibətlərə fayda verəcəyi birmənalıdır. “Dövlət başçılarının görüşü həm də 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirmək istəməyən, bu yolda süni maneələr yaratmağa çalışan Ermənistana da ciddi mesajdır. Artıq bir neçə aydır ki, Ermənistan 10 noyabr Bəyanatının icrasını süni şəkildə əngəlləməyə, müxtəlif təxribatlar törətməyə çalışır. Ancaq bu təxribatların qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınmaqdadır. Sevindirici haldır ki, Prezident İlham Əliyevin Rusiya səfərində biz hər iki dövlət başçısının 10 noyabr Bəyanatına münasibətdə eyni mövqe sərgilədiyinin şahid olduq. Hər iki dövlət başçısı əminliklə vurğuladı ki, üçtərəfli Bəyanat icra edilməli, orada nəzərdə tutulan bütün məqamlar praktiki baxımdan əksini tapmalıdır. Bu baxımdan, Prezidentimizin Rusiya səfərini həm də Ermənistana, onun təxribatçı hərəkətlərinə verilən cavab, ciddi bir mesaj kimi də dəyərləndirmək mümkündür. Bu mesajın anlamı isə ondan ibarətdir ki, Ermənistan 10 noyabr Bəyanatını icra etməli, orada əksini tapan bütün nüansların, o cümlədən Zəngəzur dəhlizinin yaradılması, nəqliyyat infrastrukturunun formalaşması ilə bağlı məqamların icrasına süni əngəl yaratmamalıdır. Əks-təqdirdə, bu siyasət Ermənistanın özü üçün ağır nəticələrə, o cümlədən böyük iqtisadi itkilərə, sosial fəlakətə səbəb olacaq”, - deyə hərbi ekspert əlavə edib.

Hamısını oxu
Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi yad edilib

  Veteran.gov.az xəbər verir ki, 3 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Əliyar Əliyevin şəhadət günü münasibətilə rayon ərazisində ucaldılmış xatirə lövhəsi ziyarət edilmiş, gül əklikləri qoyulmuşdur.   Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Əliyar Əliyev Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir.1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi də tanınırdı. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur. Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu. Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı. 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu” əməliyyatında iştirak edib. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.   Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır, orada qəhrəmanın büstü də ucalır. 2017-ci ildə Bakının Nərimanov rayonunda onun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub.   Sevindirici haldır ki, 25 oktyabr 2020-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuz Qubadlı şəhərini işğaldan azad edib.   Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkaya ilə görüşüb. Görüşdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva və “TRT Avaz” kanal koordinatör yardımşısı Yücel Kılıçkaya da iştirak edib. Görüş zamanı Türk dünyasının ortaq kanalı kimi fəaliyyət göstərən “TRT Avaz” kanalın genel koordinatörü Sedat Sağırkaya Türkiyə ilə yanaşı digər Türk dövlətləri, o cümlədən Azərbaycanda da “TRT Avaz”-ın geniş yayıldığını, təhsil, mədəniyyət, incəsənət, elm, uşaq və ailə, tarix və coğrafiya, dil və düşüncə mövzulu verilişlər kanalın ümumi yayım məzmununu təşkil etdiyini qeyd edib. O, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib, gələcəkdə mədəni əlaqələr, dostluq və qardaşlığın təbliği istiqamətində əməkdaşlıq, birgə layihələrin daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib. Sedat Sağırkaya Azərbaycanla əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq, Azərbaycan telakanalları ilə həyata keçirilən birgə layihələr barədə fikirlərini bölüşüb. O, Türk dünyasına dair ortaq tarixi, sənədli layihələr üzərində iş getdiyini, jurnalistlər üçün təlim proqramlarının reallaşdırıldığını bildirib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına dəstək olaraq bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirilməsini planlaşdırıldığını vurğulayıb. Diplomat Türk dünyasının ortaq kanalı olan “TRT Avaz”ın bir mədəniyyət kanalı olaraq Türk coğrafiyasına və dünyaya açılan pəncərə olduğunu qeyd edərək Azərbaycan-Türkiyə qardaşlığının, milli mədəniyyətimizin təbliğində mühüm əhəmliyyətə malik olduğunu söyləyib.  Samir Abbasov “TRT Avaz” proqramlarında Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı verilişlərin yayımlanması, Azərbaycan filmlərinin nümayişi, tanınmış Azərbaycan incəsənət xadimlərinin, musiqilərinin əyləncəli verilişlərdə qonaq qismində iştirakı, gələcəkdə Azərbaycan dilinin tədrisi ilə bağlı proqramların hazırlanması və s. birgə layihələrin həyata keçirilməsinə dair təkliflərlə çıxış edib. O, bu il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Səfirliyin dəstəyi ilə verilişlər hazırlamaq məqsədi ilə Türkiyənin aparıcı telekanallarının, jurnalistlərinin Azərbaycana-Ermənistan işğalından azad edilən bölgələrə Mediatura “TRT Avaz” kanalının jurnalistlərinin qatıla biləcəyini qeyd edib. Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb və razılıqlar olub. Sonda “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkayaya Azərbaycan mədəniyyətinə dair "Salam Azərbaycan" adlı kitab hədiyyə olunub.

Hamısını oxu
Bahadur Məmmədqulu oğlu Hüseynov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, İkinci Dünya Müharibəsi və Silahlı Qüvvələr veteranı, general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynov uzun sürən xəstəlikdən sonar 96 yaşında vəfat etmişdir. Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə 1924-cü ildə ailəsi Naxçıvandan Gəncəyə köçməli olmuşdur. 1934-cü ildə yeddiillik təhsilini başa vuran Bahadur Gəncə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Həmin vaxtlar Xarkov şəhərində təhsil alan böyük qardaşı Əhməd Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırı. Təhsilini davam etdirmək və ürəyinə daha çox yatan işlə məşğul olmaq istəyən Bahadur Hüseynov bu istəklə 1939-cu ilin mayında Xarkov şəhərinə gedir və burada Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Həmin şöbəni bitirdikdən sonra təhsilini çoxdan arzusunda olduğu F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Bahadur da təhsilini vaxtından əvvəl başa vuraraq, kiçik leytenant rütbəsində, tağım komandiri kimi cəbhəyə yollanır. Onun ilk döyüşü 1941-ci ildə Smolensk istiqamətində vuruşan 246-cı diviziyanın 908-ci alayının tərkibində olur. Düşmənlə amansız ölüm-dirim savaşında kiçik leytenant B.Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonar, yenidən cəbhəyə yola düşmək üçün Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir. Ancaq Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini bilən briqada komandanlığı onun cəbhəyə getmə xahişini qəbul etmir və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollayır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. 1960-cı ildə polkovnik-leytenant rütbəsi alır və az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. Elə həmin dövrdə, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur və 1967-ci ildə universiteti ali təhsilli hüquqşünas ixtisası almaqla bitirir. Polkovnik-leytenant Bahadur Hüseynovun biliyi, intizamlılığı, bacarığı nəzərə alınıb, onun xidmətini Dövlət Təhlükəsizlik orqanlarında davam etdirməsi tövsiyə olunur. 1963-cü ildə baş tutan bu təyinatda həmin vaxt Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan ulu öndər Heydər Əliyevin rolu olmuşdur. B.Hüseynov az sonra məhz Heydər Əliyevin təqdimatı ilə Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri vəzifəsinə təyin edilir. Xüsusi xidmət orqanlarında vəzifə pillələrində inamla irəliləyən Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunur. B.Hüseynov bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə xidmət edir. 1976-cı ildə Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyevin təklifi və təqdimatı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Həmin vaxt o, rəhbər vəzifəli şəxs, təvazökar və sadə insan kimi artıq respublikada kifayət qədər tanınırdı. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini Bahadur Hüseynovun xidmətləri nəzərə alınaraq, ona 1978-ci ildə general-mayor rütbəsi verilmişdir. 1986-cı ildə təhlükəsizlik orqanlarından ehtiyata buraxılan Bahadur Hüseynov yenə də ölkənin ictimai-siyasi həyatından kənarda qalmır, Azərbaycan naminə bütün bilik və bacarığını sərf edirdi. Həqiqi vətənpərvər insan və ictimai xadim kimi xidmətləri yüksək qiymətləndirilərək, Bahadur Hüseynov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul katibi, sədrin müavini vəzifələrinə seçilmiş, 1992-ci ildən 2001-ci ilə kimi isə Təşkilatın sədri vəzifəsində seçilmşdir. O, 1987-ci ildə fəaliyyətə başlayan bu Respublika Veteranlar Təşkilatının yaradıcılarından biri olmuşdur. Təşkilatın sədri olduğu müddətdə də Bahadur Hüseynovun bütün fəaliyyəti Azərbaycanın tərqqisi, gənclərin Vətənə, xalqa layiq insanlar kimi yetişmələrinə həsr edilmişdir. O, sədr olduğu dövrdə Azərbaycan Veteranlar Təşkilatının xarici əlaqələri xeyli genişlənmişdir. Məhz Bahadur Hüseynovun təşəbbüsü ilə Azərbaycan Veteranlar Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuş və həm də o, bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olmuşdur. Bahadur Hüseynov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə, dəfələrlə Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilmişdir. O, Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. Onu ölkədən kənarda, xüsusilə MDB məkanında yaxşı tanıyır, peşəkarlığına, bacarığına hörmətlə yanaşır, xidmətlərini nəzərə alırdılar. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü olmuşdur. Bahadur Hüseynovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İki dəfə Qırmızı Əmək Bayrağı, I və II dərəcəli Vətən müharibəsi ordenlərinə, həmçinin 30-a yaxın medala layiq görülmüşdür. Müharibə veteranları arasında fəal beynəlmiləlçi fəaliyyətinə görə, Bahadur Hüseynov MDB ölkələrinin və Monqolustan Xalq Respublikasının də mükafatları ilə də təltif edilmişdir. Bahadur Hüseynov Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti idi. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində əldə etdiyi nəticələrə görə, iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Bahadur Hüseynovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu