Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. Jurnalist: Azərbaycan Respublikasının Prezidenti, “Əl-Cəzirə”yə müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm. Prezident İlham Əliyev: Sizi görməyə çox şadam. -Ermənistan və Azərbaycan arasında hazırkı münaqişə 20 ildən artıqdır ki, başlayıb. Müəyyən irəliləyişlər və geriləmələr olmuşdur, lakin bu vaxta kimi sülhə nail olunmamışdır. Niyə görə bu münaqişə bu qədər uzun çəkir? -Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir. -Beləliklə, Siz deyirsiniz ki, Azərbaycan beynəlxalq müstəvidə narahatlıq doğuran hüquqi məsələlərə görə beynəlxalq səviyyədə layiq olduğu dəstəyi almır? -Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir. -Siz Ermənistanı bu müharibəni, bu münaqişəni başlamaqda günahlandırırsınız. Bir çoxları iddia edə bilər ki, Ermənistan öz cari ərazisini və 2018-ci ildəki məxməri inqilabdakı qələbəni nəzərə alaraq münaqişənin başlamasına risk etməzdi. Buna Siz nə deyərdiniz? -Bu cür təhlillərin səbəbinin nə olduğunu bilmirəm. Lakin biz burada nə görürük, biz yerlərdə nə baş verdiyini görürük. Əgər son iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa düşmək çox çətin idi. Onlar ağır artilleriya ilə bizə hücum etdilər. Hərbi qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfi verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhal öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik. Cavab verdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geri çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim ki, bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur. Biz onları geri oturdan kimi və onlar istədiklərini həyata keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı. Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Hazırda o, istintaq altındadır. O, mülki vətəndaşlarımıza və hərbi qulluqçularımıza qarşı terror aktları törətmək üçün göndərildiyini bildirən ifadələr verir. Bunu biz etməmişdik, bunu onlar etdilər. Sonra sentyabrın 27-də baş verənlər bu siyasətin məntiqi davamıdır. Bundan əlavə, biz onların bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onların bizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəl Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etmişdir və bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır. Əgər o, “Qarabağ Ermənistandır” deyir və onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların sonu deməkdir. -Ermənistan nəyə görə risk edib təxribata əl atıb? -Birincisi, hesab edirəm ki, onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizi günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistanda diktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirin verdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir. Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ən pis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti yayındırmaq lazım idi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? Guya Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz şəxsi hakimiyyətini gücləndirmək istəyir. Beləliklə, onların fikrincə, hər şey çox məntiqlidir, lakin onlar çox böyük səhv etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi. -Bundan əvvəl Siz dediniz ki, Ermənistan ordusu işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalıdır, indi regionda hansı məqsədləriniz var? -Kim, biz? -Bəli, Azərbaycan olaraq. -Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar. -Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masasına getməyi qəbul edərdinizmi? -Əslində, danışıqlar dayanıb. Çünki onun “Qarabağ Ermənistandır” ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Biz sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki, gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə, bundan sonra nədən danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdaşımız yoxdur. -Onda danışıqlar masasına qayıtmaq üçün Azərbaycanın ilkin şərti kimi Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını deyə bilərikmi? -Əslində, Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli sürüb. Yeri gəlmişkən, düşünürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini bizə və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli sürür və biz onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o, danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq saxlanmasını istəyirdi. Bizə gəldikdə, biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt deyildir. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir. Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür. Onlar Ermənistan əhalisinə xəbərdarlıq edərək bu şəxsin onların ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər. Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək olmaz. Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq. -Beləliklə, bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan üçün məqbuldurmu? -Rusiya Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə vasitəçi olan ölkələrdən biridir. Bu prosesdə iştirak etdiyim 17 il ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib. Prosesdə kifayət qədər yüksək səviyyədə koordinasiya var. Əlbəttə ki, Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir. Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək. -Beynəlxalq ictimaiyyət atəşkəs çağırışları edir. Lakin həm Azərbaycan, həm də Ermənistan tərəfinin son bəyanatlarını nəzərə alaraq, Siz atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaq seçimini edirsiniz? -Xeyr, biz buna göz yummuruq. Lakin atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu günlərdə mənə zəng vuran liderlərə bu mesajı çatdırmağa çalışıram ki, başlayan Azərbaycan tərəfi olmayıb. Biz özümüzü müdafiə etməli idik. Əgər biz bu dəfə etdiyimiz kimi cavab verməsəydik, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Bu səhər mən məlumat aldım ki, mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlarımız arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Onlar bizim kəndlərə, insanlarımıza hücum edir, bacardıqları qədər çox azərbaycanlı öldürmək istəyirlər. Dünən onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər. Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli olduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4 il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və Ermənistan tərəfdən siyasi və hərbi təxribatlar barədə dediklərimi nəzərə alsaq, düşünürəm ki, bu, tamamilə ağlabatandır. -Sonuncu münaqişəyə baxdıqda, Azərbaycan Ordusu cəbhədə müəyyən irəliləyişə nail olub və xüsusilə Füzuli rayonu ətrafında bəzi kəndləri geri alıb. Bu, o deməkdir ki, Azərbaycan geri qaytardığı həmin ərazilərdən geri çəkilməyə hazırlaşmır? –Xeyr, əlbəttə ki, xeyr! Çünki bu ərazilər bizə məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların əsrlərboyu yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həmin ərazilərdən güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq. Mən sizə 2016-cı ilin aprelində yenə də erməni təcavüzü nəticəsində əks-hücuma keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizlə bağlı əyani bir nümunə göstərə bilərəm. Kəndlərimizdən biri ermənilər tərəfindən dağıdılmışdı və azərbaycanlılar geri qayıda bilmirdilər, çünki ermənilərin mövqeləri dağlarda idi. Biz qaçqınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o torpağı görməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı Cocuq Mərcanlıya qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq. Geri qayıtmağa yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir tikili belə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. Çünki ermənilər bizə qarşı mədəni soyqırımı törədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqir edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdiriblər. Bütün adlar qaytarılacaq. Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq. -Qafqaz çox mürəkkəb regiondur, təkcə coğrafi nöqteyi-nəzərdən deyil, həm də mədəniyyət, etnik mənsubiyyət və sosial quruluş nöqteyi-nəzərdən. Siz xalqların öz müqəddəratını təyin etmək hüququna inanırsınızmı? –Bilirsiniz, bu, erməni təbliğatının əsas etibarilə beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq ictimai rəyi çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır. Lakin beynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipi üstündür. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin əgər biz geriyə baxıb BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar, onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın Şərqdə yaşayırlar. Qoy, onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır - gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər. Onda baxaram onların reaksiyası necə olacaq. –Hazırda vəziyyət necədir? Ruslar, iranlılar, türklər, fransızlar, amerikalılar münaqişə ilə bağlı narahatlığını ifadə edirlər. Bu münaqişə nə vaxtsa regional ola bilərmi? –Mən belə düşünmürəm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir. Digər ölkələrin bura ilə, regionla əlaqəsi yoxdur. Onlar region ölkələri deyil. Onların danışıqlara şərait yaratmaqla bağlı mandatı var, çünki bu, 1992-ci ildə baş verib. Biz, şəxsən mən Minsk qrupunun belə tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı. Mən konkretləşdirmək istəmirəm, lakin bəzi ölkələrin qərəzli davranışı səbəbindən həmin qrupda yeri olmazdı. Beləliklə, biz, xüsusilə region ölkələrinin münaqişədən kənar durması, heç bir halda münaqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik və Ermənistana xəbərdarlıq etməliyik – işğalı dayandır. İşğalı dayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illər ərzində bu təcavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanı məhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində regional layihələrə inteqrasiya edəcəksiniz. Beləliklə, biz bu münaqişənin mümkün qədər tez bir zamanda dayanması, həllin mümkün qədər tez tapılması üçün əlimizdən gələni etməliyik. Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir. –Ankaranın bu münaqişəyə hərbi nöqteyi-nəzərdən öz təyyarələri və sair ilə cəlb olunmasına dair Ermənistanın iddiaları barədə nə deyə bilərsiniz? –Bu, yalan məlumatdır. Bunun sübutu yoxdur. Mən bununla bağlı artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm, niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir. –Mən məhz bu barədə soruşmaq istəyirdim, cənab Prezident. Ermənistan, həmçinin Türkiyəni suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməkdə ittiham edir. –Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb. –Amma onlar bunu sübut etmək üçün dəlillərinin olduğunu deyirlər. –Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistan deyil, əfsuslar olsun, mən dünən eşitdim ki, Fransa prezidenti də bəyanat verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə, özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə, bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik. – Siz də Ermənistanın gətirdiyi əcnəbi muzdlularla bağlı dəlilləri ortaya qoyacaqsınızmı? -Bizdə artıq bəzi kəşfiyyat məlumatları var və bundan əlavə dünən mənə göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəm ki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət daşımalıdırlar. -Diplomatiya nə vaxtsa işləyə bilərmi? Yoxsa, sizin üçün yeganə həll müharibədir? –Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, - diplomatiya işləyə bilər. Yeri gəlmişkən, Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən əvvəl biz danışıqlar masasındakı məsələləri müzakirə edəndə ilk bənd o idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz budur və düşünürəm ki, bunu tələb etməyə haqqımız var. -Azərbaycan Prezidenti İlham Əliyev, “Əl-Cəzirə”yə müsahibə verdiyiniz üçün çox sağ olun. –Təşəkkür edirəm.  

2020-10-02 00:00:00
528 baxış

Digər xəbərlər

Tarixi Qələbəmiz Ali Baş Komandanın uğurlu xarici siyasətinin, güclü ordu quruculuğunun nəticəsidir

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Şağan qəsəbəsində 212 saylı uşaq bağçasının yeni binasının istifadəyə verilməsi tədbirində iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verildi. Bildirildi ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib. 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər Əliyev Fondu tərəfindən ərazidə uşaq bağçası üçün yeni binanın inşası həyata keçirilib. Qeyd olundu ki, iki mərtəbədən ibarət bağça 100 yerlikdir, burada 4 qrup fəaliyyət göstərir. Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var. Bağçada akt və idman zalları, uşaqların istirahəti və əyləncəsi üçün yaşıl terras, futbol, basketbol sahəsi, balacaların fiziki hazırlığı üçün skaladrom sahəsi, təbiət ilə ünsiyyət üçün əkin sahəsi, uşaqların inkişafının təmin olunması üçün yaradıcılıq otağı da mövcuddur. Binada, həmçinin müəllimlər üçün iş və metodiki otaqlar da yaradılıb. Qeyd edək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Ölkəmizdə müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. video Milli.Az   

Hamısını oxu
Sizin sayənizdə qalib gəldik - PREZİDENTƏ MİNNƏTDARLIQ

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Publika.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. ABŞ-ın Hyuston şəhərindən Samir Novruzov yazır: “Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Laçının azad olunması münasibətilə Sizi təbrik edirəm. Siz Azərbaycan xalqını zirvələrə ucaltdınız. Müharibə dövründə biz hamımız bir olduq və sonda ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Siz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan yeni şanlı və qürurlu səhifə yazdınız, “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdiniz. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti!”. Türkiyənin İstanbul şəhərindən İsmail Çağlıyan: “Müzəffər Ali Baş Komandan, cənab Prezident, bütün türk xalqlarına yaşatdığınız bu mübarək Zəfərinizə görə Sizi və qardaş Azərbaycan xalqını təbrik edirik. Allah-Təala Sizi qorusun! Yaşasın əbədi Azərbaycan! Qəlbimiz daim Sizlərlə döyünür. Hörmət və minnətdarlığımla əllərinizdən öpürəm”. Ağsu rayonundan Elçin Zeynalov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi Laçın rayonunun bütün sakinləri, o cümlədən ailəmizin üzvləri adından şanlı Ordumuzun qazandığı qələbələr, doğma torpaqların yağı düşməndən azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz eyni vaxtda iki düşmənlə - gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardınız. Əminəm ki, erməni işğalçıları üzərində qazandığınız parlaq qələbəni pandemiya ilə mübarizədə də qazanacaqsınız. Siz öz şücaətinizlə, qətiyyətinizlə, iradənizlə, uzaqgörənliyinizlə və qeyrətinizlə bizim 28 illik həsrətimizə son qoydunuz və Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz. Döyüş meydanında qazandığınız bu fəxri ad hər bir azərbaycanlının ürəyindən xəbər verir. Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz. Sizin sayənizdə biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavablarınızla haqq səsimizi çatdırdınız. Azərbaycan xalqı bütün varlığı ilə Sizə inanır. Siz bu xalqın xilaskarısınız. Allah Sizi qorusun! Sizin əsl qalib Sərkərdə olmağınızı tək biz yox, bütün dünya gördü. Siz öz adınızı tarix səhifələrinə qızıl hərflərlə yazdınız. Siz mənim 80 yaşlı atamın, 70 yaşlı anamın həsrətinə son qoydunuz. İnanıram ki, rayonumuzun bütün sakinləri mənim kimi doğma Laçınımızda Sizin qızıldan büstünüzü görmək istəyirlər. Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər kitablar yazılsa da, yenə azdır. Bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Dünya durduqca durasınız! Allah yar və yardımçınız olsun! Amin!”. Şəmkir rayonundan Əziz Aslanovun məktubunda deyilir: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan, biz Aslanovlar ailəsi olaraq Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətiniz, qətiyyətli iradəniz sayəsində və Müzəffər Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda, qızıl hərflərlə yazılan bu parlaq hərbi və siyasi Qələbə münasibətilə Sizi Aslanovlar ailəsi adından ürəkdən təbrik edir, dərin minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Sizinlə qürur duyur. Fəxr edirik ki, Sizin kimi əvəzolunmaz bir liderimiz var. Allah Sizi və yenilməz Ordumuzu qorusun! Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Bu qürurverici və sevinc hisslərini bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq. Torpaqlarımızı özümüzə qaytardınız. Xalqımızın həsrətinə son qoydunuz. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, bu torpaqlar Azərbaycanındır. Dünya liderlərinin Sizdən öyrənəcəyi çox şey var. Azərbaycanın gələcəyi isə düşünürəm ki, çox parlaqdır. Çünki bu ölkənin Sizin kimi əvəzolunmaz Prezidenti, Ali Baş Komandanı var”. Samux rayonundan Natiq Allahverdiyev: “Əziz və hörmətli Prezidentim, mən bir sadə kəndli kimi möhtəşəm Qarabağ Qələbəsi münasibətilə Sizi üzbəüz təbrik etmək, bir ağsaqqal kimi Sizi bağrıma basmaq istərdim. Çünki Siz uzun illər ərzində millətin qəlbində olan nisgilə son qoydunuz, xalqımızı torpaqlarımız üçün ayağa qaldırdınız, xalqımızın qürur hissini bərpa etdiniz, azərbaycançılığın nə demək olduğunu balalarımıza əyani göstərdiniz, Qarabağımızı Azərbaycanımıza qaytardınız. Sizə ömrümün sonuna kimi minnətdaram, cənab Ali Baş Komandanım. Uca Allahdan arzu edirəm ki, Sizə uzun ömür, cansağlığı versin. Allah-Təala Sizi çəkdiyiniz əziyyətlərin bəhrəsi olaraq dövlətimizi arzuladığınız bir dövlət kimi görmək xoşbəxtliyi qismət eləsin. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam, mən fəxr edirəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Allah Sizi və xalqımızı qorusun!”. Gəncə şəhər sakini Mürsəl Əliyevin məktubunda deyilir: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizi bağrıma basıram. Bütün xalqımız kimi Sizinlə fəxr edirəm, Ordumuzla qürur duyuram. Döyüşdə qazandığımız Qələbəyə görə dövlətimizə, Ordumuza, ən başlıcası isə Sizə, Ali Baş Komandanımıza minnətdarıq. Allah Azərbaycan xalqını, Azərbaycan əsgərini qorusun, hörmətli Prezidentimizin kölgəsini Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Cənab Prezident, bu yolda Sizinləyik, Sizi ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, Sizi sevirik. Allah Sizi qorusun, eşq olsun Sizə. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Siz bizim əbədi Prezidentimizsiniz. Mən arzu edirəm ki, Siz Azərbaycan xalqının Milli Qəhrəmanı adına layiq görüləsiniz, çünki Siz həqiqətən də bizim Milli Qəhrəmanımızsınız. Bir çox ölkələrin təsir və təzyiqlərinə baxmayaraq, həm hərb cəbhəsində, həm də informasiya cəbhəsində böyük nailiyyətlər qazandığınız bütün dünyaya məlumdur. Bütün xalqımız kimi mən də Sizin zəkanıza, Sizin hazırcavablığınıza heyranam. Bizi sevməyən jurnalistlərin dilini qurudanda Sizi bağrıma basmaq istəyirdim. Sizinlə fəxr edir, qürur duyuram. Bu gün bütün xalqımız da mənim kimi Sizinlə fəxr edir. Bütün xalqımızın arzusudur ki, Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görsünlər. Biz bunu ürəkdən arzu edirik. Mənim ən böyük arzum budur ki, Qələbə münasibətilə keçiriləcək hərbi paradda mənim də iştirak etməyim üçün icazəm olsun. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhid olmuş balalarımıza Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin valideynlərinə, bütün xalqımıza səbir versin. Müzəffər Ali Baş Komandan, mən Gəncə əhalisi adından, ailəmiz adından, yuxarıda göstərilənləri Sizə bildirməklə bu gün apardığınız dönməz siyasəti dəstəkləyir, hər zaman Sizin yanınızda olduğumuzu bildirir və Vətən yolunda, dövlətimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu, hər an döyüşə getməyə canla-başla hazır olduğumu bildirmək istəyirəm”. Zərdab sakini Rəşid Mahmudov: “Müzəffər Ali Baş Komandan, Sizi və xalqımızı təbrik edirəm. Bu Qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi. Sizin sayənizdə bu xoş günləri biz yaşadıq. Bir gənc olaraq mən Sizinlə eyni bir əsrdə yaşadığım üçün, gözəl günlərin şahidi olduğum üçün çox sevinirəm. Cənab Prezident, mənim qardaşım da könüllü döyüşlərdə iştirak edib hazırda Qarabağ ərazisindədir. Cənab Prezident, Azərbaycan xalqı nə qədər mövcuddursa bizə başqa lider lazım deyil. Siz bizim əvəzolunmaz sərkərdəmizsiniz. Uca Allah Sizi, ailənizi və xalqımızı qorusun. Daim Sizin arxanızdayıq, Sizinləyik. Dövlətimizi Sizə, Sizi isə Uca Allaha əmanət edirəm”. Qusardan Tahirə Nurəhmədova dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandan, bu məktubu Qələbə müjdəli xoş xəbərlərdən ruhlanaraq yazıram. Düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını da tərk etməyə məcbur oldu. Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir ki, işğalda olan torpaqlarımız itkisiz geri alındı. Bu münaqişənin siyasi, diplomatik həll yoludur və buna Sizin sayənizdə nail olduq. Cənab Prezident, mən şəhid anasıyam, oğlum oktyabr ayında Vətən müharibəsində şəhid olub. Ana üçün bala itkisi böyük dərddir. Amma təskinliyi onda tapıram ki, işğal altında olan torpaqlarımız azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Təki Vətən sağ olsun! Allah Sizləri qorusun! Müzəffər Ordumuza eşq olsun!”. Qəbələ Zahir Seyidov: “Hörmətli cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını bu tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Siz, 27 ildən artıq sürən həsrətə 44 günlük Vətən müharibəsi ilə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad etməklə tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız. Biz Sizə güvəndik və inandıq, yenə də inanırıq və həmişə inanacağıq. Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!”. Sabirabad rayonundan Ramiz Nifbalayev: “Müzəffər Ali Baş Komandan, bizə yaşatdığınız möhtəşəm Qələbə sevincinə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Erməni işğalçıları ilə cəbhədə qəhrəman əsgərlərimiz, Ermənistan və ermənipərəst ölkələr qarşısında isə Siz vuruşdunuz. Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut etdiniz. Biz bütün Azərbaycan xalqı olaraq hazırda böyük bir tarixə şahidlik edirik. Sizin zəngin dünyagörüşünüz, uzaqgörən və müdrik siyasətiniz, dərin tarixi və diplomatik bilikləriniz ölkəmizin dünya arenasında layiqli təmsil olunmasında əsas rol oynadı. Bu qürurlu tarixə şahid olduğumuz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Dualarımız hər zaman Sizinlədir”. İmişli rayonundan Tural Əhmədov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, 2003-cü il oktyabrın 15-də Siz Azərbaycan Respublikasının Prezidenti seçilərkən hər bir gənc kimi mənim də sevincimin həddi-hüdudu yox idi. Aprel döyüşlərində məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində qalibiyyət əldə edərək, Lələtəpədə üçrəngli bayrağımızı dalğalandırmaqla sevinc üstünə sevinc bəxş etdiniz. Rəşadətli Ordumuzun şücaəti və Sizin uğurlu siyasətiniz nəticəsində doğma torpaqlarımızı bütünlüklə düşməndən azad etdiyiniz üçün, bizə bütöv Azərbaycanı bəxş etdiyiniz üçün təşəkkür edirik. Bu günləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz hər zaman demisiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm və bunu sübut etmisiniz. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Neftçaladan Eldar Əhmədov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Azərbaycan vətəndaşı kimi Qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”. İmişli sakini Novruz Hüseynov: “Hörmətli, cənab Prezident, Zati-aliləri, Müzəffər Ali Baş Komandan, müqəddəs müharibə olan Vətən müharibəsində Ordumuzun qazandığı möhtəşəm Qələbəyə görə, ən əsası, 30 ilə yaxın xain Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, müstəqil və ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın inkişafı naminə görəcəyiniz işlərdə Sizə uğurlar arzulayıram. Ulu Tanrı Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!”. Qax rayon sakini Nemət Məmmədov: “Salam olsun Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Qarabağın tam azad olunması münasibətilə Sizi və Azərbaycan Xalqını, Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Allahdan Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Siz bu möhtəşəm Qarabağ qələbəsi ilə Azərbaycan xalqını çox sevindirdiniz. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik eləməsin. Mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Sizin yürütdyünüz siyasəti dəstəkləyirəm”. Bakı sakini Azər Sadıqov: “Allahımın xoş xasiyyətli və mərd bəndəsi, xalqımın Prezidenti, Ordumun Müzəffər Ali Baş Komandanı və qədim Şuşamın igid Fatehi möhtərəm İlham Əliyev, Azərbaycanda hər il Anım və Qələbə günlərinin qeyd olunması barədə imzaladığınız Sərəncamla sanki biz Qarabağ müharibəsi veteranlarına bir nəfəs vermiş oldunuz. Sevincimdən göz yaşlarımı gizlədə bilmədim və sevincimi Sizinlə paylaşmağı qərara aldım. Üç il bir tankçı zabit kimi səngər həyatını yaşadım. Öz-özümə deyirdim ki, görəsən Allah bizlərə Qələbə gününü qismət edəcəkmi?! Çox şükür Allaha. Allahın nəzəri üstünüzdən əskik olmasın! Amin!”. Lerik sakini Naib Quliyev: “Cənab İlham Əliyev, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti, cənab Prezident, Sizin qətiyyətli, yenilməz sərkərdə cəsarətiniz və diplomatik məharətiniz sayəsində tarixin şanlı günlərini yaşayır. Düşmən tapdağı altında olan torpaqlarımız Sizin rəhbərliyiniz və müzəffər Ordumuzun qüdrəti ilə azad edilmiş və ərazi bütövlüyümüz bərpa olunmuşdur. Sizin dəmirdən möhkəm yumruğunuz düşmənin başını əzdi. Cənab Prezident, Siz 44 gün ərzində ermənipərəst dövlətləri layiqincə dəf etdiniz. İnanmaq olmur ki, 27 il ermənilərin işğalında olan Qarabağımız 44 günə azad edildi. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün xalqımız böyük sevinc və qürur hissi keçirir. 74 yaşlı bir insan, 46 ilin müəllimi kimi ailəmizlə bərabər Sizi və xanımınızı ürəkdən təbrik edirik. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev! Eşq olsun rəşadətli, şanlı və məğlubedilməz Azərbaycan Ordusuna! Gözün aydın, Azərbaycan xalqı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Füzuli sakini Fəxri Balakişizadə: “Cənab Prezident, mən Sizi ürəkdən təbrik edirəm. Yaxşı ki, varsınız, cənab Prezident. Həqiqətən Siz həm xarici qüvvələrlə müharibədə qalib gəldiniz, həm də Ali Baş Komandan kimi Ordumuzla, millətimizlə birlikdə düşmənin belini qırıb, məğlub etdiniz. Təbii ki, bunu Sizin rəhbərliyinizlə və Ordumuzun şücaəti ilə bacardıq. Mən Sizinlə fəxr edirəm, Allah Sizə uzun ömür, cansağlığı versin. Cənab Prezident, inanın ki, bizlər həmişə Sizin yanınızdayıq və Sizi ömür boyu Azərbaycanın Prezidenti görmək istəyirik. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Biz birlikdə güclüyük! Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin. Qarabağ Azərbaycandır!”. Naftalan sakini Gülnar Quliyeva: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, əziz Sərkərdəmiz, doğma Qarabağımızı böyük zəfərlə bizə qaytardığınıza görə ailə üzvlərim və öz adımdan Sizə və çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Çox xoşbəxtik ki, dünya diplomatiyasında sözünü deyən, hərbidə əsl sərkərdə, həyatda humanist insan, uzaqgörən Prezidentimiz var. Biz naftalanlılar ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi hər zaman Sizinlə bir olmuşuq. Bundan sonra da bu yolla daim sədaqət və fədakarlıqla gedəcəyik. Sizin səhiyyə işçilərinə olan qayğınız məni bir tibb işçisi olaraq hər zaman daha əzmlə çalışmağa, əhalinin sağlamlığının keşiyində daha həvəslə durmağa ruhlandırır. Bu qayğıya və verdiyiniz dəyərə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Uca Allah Sizə yar olsun!”. Zaqatala sakini Zahid Ramazanov: “Hörmətli cənab İlham Əliyev, mən sadə bir kənd sakiniyəm və Sizə öz səmimi təşəkkürümü bildirmək istəyirəm. Hörmətli İlham Əliyev, Siz bu gün sadəcə Prezident deyilsiniz, ondan da qat-qat yüksəkdəsiniz. Siz bütün Azərbaycan xalqını xoşbəxt edən, bütün xalqımızı qürurlandıran bir Sərkərdəsiniz. Mən yaxşı bilirəm ki, bütün insanlar belə düşünür, bu gün qazanılan Qələbə uzun illər görülmüş işlərin nəticəsidir. Bu işləri Siz görmüsünüz. Cəbhədə qazanılan Qələbədə əlbəttə ki, əsgərlərimizin əməyi və qorxmazlığı böyük rol oynayıb, bu, danılmazdır. Amma nə qədər qorxmaz və cəsarətli əsgərlər olsa da, onlara səhv rəhbərlik edilsə, onlar qalib gələ bilməzlər. Ona görə də hər şeydən əvvəl hesab edirəm ki, Sizin düzgün və hesablanmış siyasətini bizim Qələbəmiz üçün ən vacib amil idi. Bütün xalqımız kimi, mən də fəxr edirəm ki, biz qalib xalqıq və bu Qələbənin başında İlham Əliyev dayanır. Allah Sizi və Azərbaycanımızı qorusun!”.

Hamısını oxu
Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı ELAN EDİLDİ

Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Publika.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar. Bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. O fotoda Azərbaycan xalqının cəlladı, Ermənistanın keçmiş prezidenti Köçaryan zəbt edilmiş, işğal olunmuş Ağdam şəhərində bizim məscidimizin önündə öz əlaltıları, quldurları ilə dayanıb. Ağdam məscidinin üzərində isə təhqiredici yazılar görünür. Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər. Məscidimizə inək, donuz doldurublar, məscidin divarlarına isə dinimiz haqqında, xalqımız haqqında təhqiramiz ifadələr yazıblar. Məscidi təhqir edən, məscidin üzərində təhqiramiz rəsmlər çəkdirən, sözlər yazan Köçaryan budur. Onun əlaltısı və quyruğu Sarkisyan, onlar dağıdıblar bizim şəhərlərimizi iyirmi il ərzində. Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır. Amma iyirmi il Ermənistana rəhbərlik ediblər".

Hamısını oxu