Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib

Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Oktyabrın 11-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir. -Əvvələn, çox sağ olun ki, bizimlə müsahibəyə razılıq vermisiniz. Söhbətə başlamazdan əvvəl mən RBK-nın prinsipləri barədə danışmaq istərdim. Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri ilə böyük müsahibə gedib, indi isə burada - Azərbaycanda, Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbət edəcəyik. Daha bir remarka. Mən ilk sualı verməzdən əvvəl hər iki tərəfdən həlak olanların bütün doğmalarına başsağlığı vermək istəyirəm. Müharibənin heç kimə lazım olmaması və müharibəsiz də ötüşməyin mümkünlüyü barədə çox eşitmişəm. Lakin bundan sonra ən çətini və yəqin ki, ən maraqlısı başlanır. Danışıqlar başa çatıb. Siz Moskvada baş verənləri necə qiymətləndirirsiniz? Bütün bunların nə demək olduğunu anlamaq bizim üçün çox vacibdir. -Moskvada baş verənləri bütövlükdə müsbət qiymətləndirirəm. Ona görə ki, danışıqların yekunları ilə bağlı yayılmış bəyanatda humanitar mülahizələrə əsasən atəşkəs rejiminin elan edilməsi bildirilir. Prinsipial əhəmiyyətli bir məqam da odur ki, bu, Azərbaycanın mövqeyi idi. Mən şadam ki, həmin mövqe bu sənəddə öz əksini tapıb. Ermənistan ilə Azərbaycan arasında substantiv danışıqlar başlanır, həmçinin danışıqların formatının dəyişməz qalması təsdiqlənir. Ermənistanın yeni hakimiyyəti bu iki mövqeyi pozmağa çalışırdı. Ona görə ki, heç kəs üçün sirr deyil, İrəvandan səslənən bəyanatlar mahiyyət etibarilə uzun illər ərzində işlənib hazırlanmış danışıqlar prosesini, o cümlədən baza prinsiplərini, danışıqların formatını pozmağa yönəlmişdi. Buna görə prinsipial əhəmiyyətli məqam odur ki, Ermənistan tərəfi anlamağa məcbur oldu ki, baza prinsipləri nizamlama üçün əsasdır, həmin prinsiplərdə isə münaqişənin necə nizamlanmalı, Azərbaycanın işğal edilmiş ərazilərinin hansı ardıcıllıqla qaytarılmalı olduğu dəqiq göstərilib. İkincisi, danışıqların formatı dəyişməz qalır. Bu, o deməkdir ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılırdı, aparılır və aparılacaq. Ermənistan rəhbərliyinin bu məsuliyyəti Dağlıq Qarabağda mövcud olan oyuncaq rejimin üzərinə qoymaq üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu. Beləliklə, əminəm ki, bundan sonra Paşinyandan “Qarabağ Ermənistandır” sözlərini bir daha eşitməyəcəyik. Həmçinin onun belə bəyanatlarını eşitməyəcəyik ki, Azərbaycan danışıqları qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “rəhbərliyi” ilə aparmalıdır. Əgər o, belə bəyanatlar verərsə, bu, o demək olacaq ki, o, həm vasitəçilərə, həm də Moskvada bu mətni razılaşdırmış öz nümayəndə heyətinə hörmətsizlik edib və mahiyyət etibarilə, o, danışıqlar prosesini yenidən pozur. Bu dəfə həmin bəyanatlar nəyə gətirib çıxardı? Zənnimcə, bunu hamı aşkar görür, lakin düşünmürəm ki, o, ikinci dəfə həmin səhvi təkrarlayar. -Atəşkəs nə qədər davam edəcək? Bu atəşkəsin amanabəndliyini Siz necə qiymətləndirirsiniz? O, nədən asılı olacaq? -İndiki eskalasiyaya qədər atəşkəs uzun müddət, onilliklər boyu davam etdi. Təmas xəttində müəyyən toqquşmalar olub, bu il iyul ayında dövlət sərhədində erməni tərəfinin təxribatları olub. Lakin son 30 ilə yaxın müddətdə bu qədər genişmiqyaslı əməliyyatlar olmayıb. Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi? Ona görə ki, bu gün səhər və dünən, yəni, bu gecə və səhər mənim aldığım məlumata görə, erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib, Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstərib. Yəni, onlar Moskvada tərəflərin razılığa gələ biləcəyini başa düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmdə özlərinə qaytarmağa çalışıblar. Buna görə də atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir. Bundan heç də az əhəmiyyətli olmayan ikinci amil indicə haqqında danışdığım məsələdir. Biz danışıqlar masası arxasında Ermənistan tərəfindən konstruktiv yanaşma görməliyik, yəqin etməliyik ki, onlar danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl çəkiblər, təhrikçi əməllərdən, bəyanatlardan çəkiniblər və nizamlama yolunun tapılması məqsədinə sadiqdirlər. Son bir il ərzində erməni tərəfindən gördüklərimiz məhz danışıqlar prosesini pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmişdi. Buna görə də baxarıq, biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü necə aparır. -Danışıqlara başlamaq üçün Azərbaycanın irəli sürdüyü şərtlərdən biri konkretlik idi. Deyilirdi ki, erməni tərəfi qoşunların çıxarılması üçün konkret plan təqdim etməlidir. Bu, Ermənistanın razılaşıb-razılaşmamasından asılı olmayaraq danışıqların indi başlanması deməkdirmi? -Bilirsinizmi, biz bunu əsas götürmüşük ki, əlbəttə, münaqişəni siyasi yolla həll etməyə üstünlük verilməlidir və uzun illər boyu bizim bütün fəaliyyətimiz buna yönəlmişdi. Bu səbəbdən, dünən və bu gecə Moskvada aparılmış məsləhətləşmələr çərçivəsində biz onlardan danışıqlar masası arxasında tam təslim olmalarını tələb etmədik. Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib. Mən hesab etmirəm ki, indi Ermənistanda bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların, azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər göstərilməsini təkid etmədik. Lakin, şübhəsiz ki, bu, erməni işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur. Bəyanatda substantiv danışıqlara, yəni baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt azad ediləcək. -Danışıqlar nə vaxt başlanacaq, bu barədə artıq anlaşma varmı? -Biz sabah başlamağa hazırıq. Buna görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır. Bizim tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən, deməliyəm ki, bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə alınıb. Bəyanatın ilkin variantı tamam fərqli idi. Dünən mən onu görəndə dedim ki, bu, bizim üçün münasib deyil. Sənədi həddən artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışıqlar prosesinin son mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək lazımdır. Yadımdadır ki, orada olmayanları nəzərə aldıq, danışıqlara dərhal başlamaq bəndinin daxil olunmasını xahiş etdik. Yəni, biz mümkün qədər tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim vətəndaşların, qaçqınların, daxili köçkünlərin öz evlərinə qayıtmalarına imkan verəcək. -Burada olduğum iki gün ərzində başa düşdüyümə görə Azərbaycanda bu əhval-ruhiyyədədirlər ki, biz axıradək getməliyik. İndi azərbaycanlılara necə izah etməli ki, Bakı yenidən danışıqlara razılıq verib? -Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik. Bizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması. Buna görə bizim məqsədimiz dəyişməz qalır. Sadəcə, bu məqsədə doğru necə getməliyik? Biz həmişə siyasi yolla getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışıqlar daha 30 il davam edərdi. O vaxta qədər nələr baş verərdi? Qanunsuz məskunlaşdırma. Bu, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarının pozulmasıdır. Təəssüf ki, buna heç kəs – nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermədi. Azərbaycanın tarixi irsinin dağıdılması, bizim mədəni, tarixi, dini abidələrin məhv edilməsi, toponimlərin dəyişdirilməsi, rayonlarımızın inzibati sərhədlərinin dəyişdirilməsi, bizim dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsi. Yəni, biz daha 30 il gözləməli olardıq, sonra da bizə deyərdilər ki, bilirsiniz, iş belə gətirib, bununla barışın. Bizə belə də deyirdilər. Buna görə düşünürəm ki, hərbi yol və ya onun birinci mərhələsi sona çatıb, indi biz siyasi nizamlama mərhələsinə çatmışıq. Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa görə bizə məxsus olanı almağımızı təmin edəcək. Ona görə düşünürəm ki, Azərbaycan cəmiyyəti dünən və bu gecə baş verənləri çox düzgün qəbul edəcək və bizim siyasətimizi bundan sonra da dəstəkləyəcək. Çünki biz həmişə xalqa həqiqəti demişik. Həmişə xalqın mənafelərini müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamıya sübut etdi. -Siz bütün bu hadisələrə qədər Ermənistanın baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə görüşmüsünüz. Bu hadisələrdən sonra Siz onunla bir masa arxasına əyləşməyə və ya danışmağa hazırsınızmı? -Bilirsinizmi, böyük etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik. Ermənistanda yeni iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidverici idi. Mən bir dəfə bu barədə danışmışam, təkrarlamaq istəmirəm. Lakin sonra tamam əks hadisələr baş verdi, yəni, biz özümüzü aldadılmış hiss etdik. Biz başa düşürük ki, rəqiblə danışıqlar aparırıq, lakin hətta rəqiblə, düşmənlə də münasibətdə vicdanlı qalmaq, heç olmasa öz qarşısında vicdanlı olmaq, öz sözünə hörmət etmək lazımdır. Bunlar baş verəndə təbii ki, bizim bu mənasız fəaliyyəti davam etdirmək istəyimiz aradan qalxdı. Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə danışmaq olar? Yəqin onlar öz ölkələrində yalan danışmağa adət ediblər. Lakin internet dövründə tarix barədə, münaqişənin mahiyyəti barədə yalan danışanda bu yalan çox tezliklə ifşa olunur. Buna görə mən belə imkanı istisna etmirəm, lakin bunun üçün müəyyən şərait lazımdır. İndiki mərhələdə mən bunu səmərəli hesab etmirəm. Əksinə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi. -Siz indicə Rusiyanın rolu barədə danışdınız. Yəni, bu danışıqlarda Rusiyanın rolu həqiqətən həlledici olub. -Əlbəttə, Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır. Şübhəsiz, bu rol xalqlarımızın tarixinə və qarşılıqlı əlaqələrinə, həmçinin Rusiyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və roluna əsaslanır. Buna görə, əlbəttə, münaqişənin nizamlanmasına təsir göstərmək üçün Rusiyanın imkanları bu obyektiv səbəblərə görə hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq. -İndi başqa ölkə - Türkiyə haqqında soruşmaq istəyirəm. Bu günlər ərzində Azərbaycanı və şəxsən Sizi dəfələrlə bunda ittiham ediblər ki, əslində, bu münaqişə ilə bağlı bütün məsələləri Türkiyənin hakimiyyət orqanları idarə edirlər. Dünən, bu gecə biz Türkiyəni danışıqlar masası arxasında görmədik. Nə üçün? -Bu, onu göstərir ki, bütün bu fikirlər yalan idi, bu, qəsdən ortaya atılmış məsələ idi, burada bir neçə məqsəd vardı. Əvvələn, Türkiyəni daha da iblisləşdirmək. Təəssüf ki, Qərbdə bu məqsəd müasir siyasi modanın hansısa normasına çevrilir. Bu, tamamilə əsassızdır. Türkiyə öz maraqlarını güdür, öz həyatını yaşamaq hüququnu qoruyur. Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin itaətkar müttəfiqi olmağa son qoyub. O, həm öz regionunda, həm də dünyada öz şərtlərini diktə edir. Türkiyə ilə hesablaşırlar. Türkiyənin nüfuzu artıb. Türkiyə ordusu NATO-da ikinci yeri tutur. O, istənilən hərbi-siyasi problemi həll edə bilər. Buna görə əlbəttə, Qərb tərəfindən bu cür açıq təzyiq göstərilir. Bu təzyiq hətta Türkiyəyə münasibətdə hansısa çox qəribə və mənfi emosional fonla bağlıdır. Yəni, birinci səbəb Türkiyəni iblisləşdirmək istəyidir. İkinci səbəb Azərbaycanın potensialını, o cümlədən hərbi-texniki potensialını azaltmaq və belə təsəvvür yaratmaq cəhdidir ki, hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan başqa birisi həll edib. Xeyr, biz öz torpaqlarımızı özümüz azad etmişik. Belə adlandırılan “müzəffər erməni ordusu” haqqında mif puç oldu, əslində, belə ordu yox idi. Münaqişənin tarixinə dərindən bələd olanlar çox gözəl bilirlər ki, bizim torpaqlarımız, o cümlədən sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən işğal edilib. Xankəndidə yerləşən bu alaydakı hərbi qulluqçuların məncə 70 faizi erməni mənşəli idi. Yəni bu, şəxsi heyəti ermənilərdən ibarət olan sovet silahları, sovet komandanlığı idi. Onlar həm etnik təmizləmələrdə, həm də soyqırımında fəal rol oynayırdılar. -Siz yəqin ki, 1990-cı illərin əvvəllərindəki hadisələri nəzərdə tutursunuz... -Şübhəsiz. 366-cı alayın dəstəyi və fəal iştirakı olmasaydı, Ermənistan bizim əraziləri tuta bilməzdi. Ona görə bundan sonra belə bir mif yarandı ki, erməni ordusu müzəffərdir, Azərbaycan Ordusu onun qarşısında dayana bilməz. Buna görə bu mifi saxlamaq lazım idi, amma Azərbaycan tərəfindən acı məğlubiyyətə uğradıldığını etiraf etmək görünür, Ermənistan cəmiyyəti və Ermənistan rəhbərliyi üçün çox ağır idi. Üçüncüsü, onlara dünya arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq lazım idi. Bunu etmək isə çox çətindir. Ona görə ki, bu gün dünya ölkələri ilə Azərbaycanın çoxşaxəli iqtisadi və siyasi əlaqələri var. Bu gün biz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edirik və yekdilliklə seçilmişik. Əgər bizim ölkəmiz müstəqil potensiala malik olmasaydı, bu cür hörmət qazana bilərdikmi? Buna görə Azərbaycanın Türkiyə tərəfindən idarə edilməsi və bizim onun iradəsini yerinə yetirməyimiz barədə bütün insunasiyalar tamamilə yalandır. Bu, həm də Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zəiflətməyə yönəlib, lakin baş tutmayacaq. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə ətrafında bütün bu informasiya hay-küyü üçün əsas olsaydı, bugünkü bəyanat olmazdı. Bu bəyanat mənimlə razılaşdırılıb, başqa heç kimlə. Əgər bizi kimlərsə idarə etsəydi, onda yəqin ki, məsələ belə tezliklə həll edilməzdi. Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı. Buna görə hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır. -İndi Rusiyada çoxları “Türkiyə daha böyük rol oynamalıdır” frazasını eşidəcəklər. Bu sözlərin arxasında hansı məna var? Siz nəyi nəzərdə tutursunuz? -Fikrimcə, bu barədə danışmaq hələ tezdir, çünki mən Azərbaycan tərəfin mövqeyini bildirirəm. Lakin yaxın vaxtlarda müsahibələrimin birində demişəm ki, Minsk qrupu neçə illər bundan əvvəl – 1992-ci ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalaşıb. Əgər biz vasitəçilərin təmas qrupunu bu gün formalaşdırsaydıq, onun tərkibi fərqli olardı. Bu qrupun tərkibi münaqişə tərəflərinin niyyətlərini və istəklərini əks etdirməlidir. Minsk qrupunun tərkibi isə praktiki olaraq bunları əks etdirmir. Yeni təmas qrupunun və ya hansısa işçi qrupun, – onu necə adlandırmaq vacib deyil, – tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Əks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münaqişəni həll etmək istəyiriksə, o, yeni format çərçivəsində həll olunmalıdır. Baxın, son vaxtlar bir sıra qaynar nöqtələr barəsində ölkələrin mövqelərini razılaşdırmaq üçün nə qədər yeni əməkdaşlıq formatı yaradılıb - üçtərəfli, dördtərəfli. Axı, onlar indi yaradılır, hansısa ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada - hüquqi, yoxsa de-fakto həyata keçirilməsi artıq texniki məsələdir. -Rusiyanın rolu barədə. Mən Bakıda gəzəndə çoxlu Azərbaycan bayrağı gördüm, bir qədər az, lakin yenə də çox sayda Türkiyə bayrağı gördüm və bircə dənə də Rusiya bayrağı görmədim. Bu, o deməkdirmi ki, Azərbaycanda Rusiyanın təsiri azalıb və ya Azərbaycanda insanların Rusiyaya münasibəti dəyişib? -Düşünmürəm ki, münasibət dəyişib. Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz. Rusiyaya münasibət məsələsinə gəldikdə isə sizə bir fakt göstərə bilərəm. Pandemiyaya qədər bizdə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı hər il təxminən 15-20 faiz artırdı. Keçən il bu göstərici bir milyona yaxın olub. Mən həmişə demişəm, rusiyalıları buraya cəlb edən təkcə bizim mətbəximiz, təkcə çimərliklər, təkcə tarix deyil, həm də odur ki, onlar burada özlərini rahat hiss edirlər. Öz mühitlərində olduğu kimi hiss edirlər, burada insanlarla rus dilində danışırlar. Yəqin bilirsiniz ki, bizdə, Azərbaycanda təhsilin rus dilində olduğu neçə məktəb var. Onların sayı 300-dən çoxdur. Heç yerdə belə deyil. Rusiya ali məktəbləri, onların filialları. Rusiyanın musiqi, teatr kollektivləri pandemiyaya qədər demək olar ki, hər həftə burada olurdu. Buna görə də Rusiyaya və Rusiya Federasiyasında yaşayan ruslara Azərbaycanda yalnız müsbət münasibət var. Siz artıq bir neçə gündür ki, buradasınız və erməni işğalı amilinin insanların ovqatına nə dərəcədə təsir göstərdiyini bilirsiniz. İnsanlar hər bir sözü, hər bir jesti, hər bir mimikanı duyurlar. Əlbəttə, açıq deməliyəm, bu müddətdə, bu günlər, bu həftələr ərzində bəzi Rusiya kanallarında qatı antiazərbaycan təbliğatını, tok-şouların iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusiyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır. Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam. O mənada yox ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxilində formalaşır. O mənada ki, belə münasibət haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara bilər. Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyi planlaşdırırıq. Hazırda biz iqtisadi və digər sahələrdə əməkdaşlıq üzrə beş yol xəritəsi üzərində fəal iş aparırıq. Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək. -Sizə daha iki sualım var. Yadınızdadırmı, sentyabrın 27-də gecə və ya səhər çağı cavab verməyə başlamaq lazım olması, bu müharibəyə başlamaq lazım olması barədə qərar necə qəbul edildi? -Qərarlar, praktiki olaraq, avtomatik rejimdə qəbul edilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün müəyyən təlimatlar var. Düşünürəm ki, bunlar hər orduda var. Təhlükə halında, hücum halında sən necə hərəkət etməlisən. Yəni, burada necə hərəkət etmək barədə tərəddüd etmirdik. Xüsusən ona görə ki, biz bu hücumu gözləyirdik. Eskalasiyadan bir neçə gün əvvəl mən bu barədə BMT-nin kürsüsündən danışmışdım. Mənim çıxışımın mətninə baxa bilərsiniz. O vaxt mən demişdim ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanı dayandırmaq lazımdır. Bunun üçün dəlillər çox idi. Əvvələn, Ermənistanın müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat. Özü də o, bəyan etmişdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Sonra Paşinyanın “Qarabağ Ermənistandır” məzmunlu bəyanatları və sair. Daha sonra Livandan olan ermənilərin nümayişkaranə şəkildə Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi hərəkətlər müharibə cinayətidir. Daha sonra Şuşada, yeri gəlmişkən, işğalçı rejimin orada mövcud olduğu müddətdə ilk dəfə qondarma “andiçmə” mərasimi keçirməklə Azərbaycan xalqının təhqir edilməsi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Xankəndidən Şuşaya köçürmək cəhdi və bir sıra başqa əməllər. Bütün bunlar bizə qarşı təxribat idi. Sonra iyul hadisələri. Bizim hərbi mövqelərimizə təxribatçı hücumlar. Elə ilk saatlarda biz dörd hərbi qulluqçumuzu, sonra bir mülki vətəndaşımızı itirdik. Sonra avqust hadisəsi. Goranboy rayonunda təmas xəttindən keçmiş təxribat qrupunun başçısı indi ifadə verir. Biz gözləyirdik, biz hazır idik. Təbii ki, qərar, o cümlədən mənim tərəfimdən avtomatik rejimdə, heç bir tərəddüdsüz qəbul edildi. Biz təcavüzkarı yerində oturtmalı idik. İyul ayında Azərbaycan cəmiyyəti bunun davam etdirilməsini tələb edirdi. Yəqin ki, siz bunu bilirsiniz. -Bəli, mitinq olmuşdu. -Bəli. İyul ayında mitinqdə səslənən əsas şüar belə idi: “Ali Baş Komandan, bizə silah ver!” İnsanlar belə deyirdilər. İyul ayında biz Ermənistanla dövlət sərhədini rahatca keçərək Ermənistan Respublikasının geniş ərazilərini tuta bilərdik, amma biz bunu etmədik. -Bu hadisələr Qarabağda olmamışdı. -Tamamilə doğrudur. Biz bunu etmədik. Orada heç bir çətinlik yox idi və biz bunu indi göstərdik, 30 il ərzində ciddi eşelonlaşdırılmış müdafiə xəttini qırdıq, orada relyef özü müdafiə üçün münasibdir. Biz aşağıdan yuxarıya getdik, beton plitələri sındırdıq, Azərbaycan Ordusunun qeyri-adi səyləri, əsgərlərimizin və zabitlərimizin qəhrəmanlığı lazım gəldi. Oradan Ermənistanın istənilən nöqtəsinə keçmək bizim üçün çox asan idi. Lakin mən bunu dayandırdım, dedim ki, yox, biz bunu etməyəcəyik, biz onlar deyilik. Biz Ermənistanın beynəlxalq aləmdə tanınmış ərazisinə keçməyəcəyik və biz sərhədə qədər getdik, oraya soxulmuş işğalçıları qovduq və dayandıq. Yəni bundan sonra biz təcavüzkarı cəzalandırmalı idik ki, o, bir də bizim tərəfə baxmağa belə cəsarət etməsin. Biz bunu etdik, baxın, görün indi Paşinyan necə rəzil vəziyyətdədir. Alçalır, zəng edir, yalvarır, daha kimlərə zəng etmir. Avropa İttifaqı hökumətlərinin başçılarına. Bəs, o, nə tələb edir? Onların “Dağlıq Qarabağ respublikası”nı tanımasını tələb edir. Yəni bu, Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat olmasına dəlalət edir. Azərbaycan ilə Avropa İttifaqı arasında sazişlər var, - onlardan biri 2 il bundan əvvəl paraflanıb, - orada deyilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət edir. Avropa İttifaqının üzvü olan yeddi ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər var. Bu ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Dağlıq Qarabağ respublikası”nın tanınmasını siyasətdən və beynəlxalq sahədə hər hansı biliklərdən tamamilə uzaq olan adam tələb edə bilər. Görün, onlar nə həddə çatıblar. Biz onları cəzalandırmalı idik. Biz onlara yerlərini göstərməli idik ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan başa gəlməyəcək. Belə də oldu. O, anaların göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə cavab verəcək. -Azərbaycanın qaytardığı ərazilərlə bağlı vəziyyət necə olacaq, orada indi nə edəcəklər? -Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Bu insanların sevincini, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının, Hadrutun təqribən 30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Bu kadrlardan görünür ki, orada hər şey dağıdılıb. Biz bunu bilirdik. Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Başa düşürsünüzmü, onlar hətta pəncərə çərçivələrini də, unitazları da oğurlayıblar. Bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur. Ona görə də biz bu əraziləri bərpa edəcəyik. -Təzədən tikəcəksiniz? -Təzədən, əlbəttə. Biz kömək edəcəyik. Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən təkcə bu il 7 min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə 5 nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir. Zərər çəkmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik. Köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar. İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy, erməni tərəfi fikirləşsin. O, indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı. -Siz özünüz həmin ərazilərə getməyə hazırlaşırsınızmı? -Əlbəttə. 2016-cı ildə biz Cocuq Mərcanlını işğaldan azad edəndə mən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib dedim ki, bu kəndin sakinlərindən öyrənin, onlar oraya qayıtmaq istəyirlərmi? Ona görə ki, çox illər keçib, onların çoxu Bakıdadır, çoxlarının işi, uşaqları, məktəbləri var, çoxları Azərbaycanın digər regionlarında yaşayır. İş yerini dəyişmək, xüsusən hər şeyin dağıdıldığı yerə dəyişmək o qədər də asan məsələ deyil. Bilirsinizmi, bir müddətdən sonra mənə bildirdilər ki, həmin adamlar növbəyə düzülüblər. Hətta heç vaxt orada olmamış, sonradan doğulmuş gənclər də. Hamısı xahiş edirdi ki, tezliklə oraya qaytarılsınlar və biz bir ildən az müddətdə 150 evdən ibarət qəsəbə saldıq, orada məktəb, tibb müəssisəsi, məscid və bütün infrastruktur obyektləri tikdik, qaz, yol çəkdik. Bu, bizim qayıtmağımızın rəmzi oldu. Mən oraya gedəndə və bu insanların üzündəki fərəhi, sevinc göz yaşlarını görəndə bir daha özümə dedim ki, biz hökmən öz evlərimizə qayıdacağıq və əlbəttə, oranı bərpa edəcəyik. Bu illər ərzində əziyyət çəkmiş, öz doğma yurdlarının həsrəti ilə dünyasını dəyişmiş insanların ruhu şad olsun, onların övladları isə həyatlarının qalan hissəsini xoşbəxt yaşasınlar. -Çox sağ olun. -Sağ olun.

2020-10-11 00:00:00
2492 baxış

Digər xəbərlər

Respublika Veterqanlar təşkilatında “Cənnət Yolçusu” filminin təqdimat mərasimi keçirilib

“Cənnət  Yolçusu” filminin təqdimat mərasimini “Vətənpərvərliyin Təbliğinə Dəstək” ictimai birliyinin sədri Şəmiştan Əlizamanlı açdı. Film haqqında qısaca məlumat verən Ş.Əlizamanlı Bəhram Ağakişiyevin timsalında hər bir veteranın, döyüşçünün xatırlanmalı olduğunu dilə gətirdi. Tariximizin canlı şahidlərini, eləcə də, müasir tariximizin qəhrəmanlıq siması olan bu insanların keçdiyi döyüş yollarının gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etdi. Daha sonra filmin təqdimatı başladı. Filmin ssenari müəllifi İlham Tumas, rejissoru Nicat Cəlilovdur. Qeyd edək ki “Cənnət  Yolçusu” filminin çəkilişinin birinci mərhələsi Qusar rayonu, Gündüzqala kəndində Bəhram Ağakişiyevin ailə üzvləri, sinif yoldaşları, döyüş yoldaşları və yaxınlarının iştirakı ilə reallaşıb. Filmin digər epizodları Bakı şəhərində çəkilib. Azərbaycan Respublikası Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə vəsaiti hesabına ərsəyə gələn film müstəqilliyin ilk illərində baş verən hadisələrdən xüsusən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən bəhs edir. Sənədli film minlərlə igid azərbaycanlıdan biri olan Bəhram Ağakişiyevdən bəhs edir. Bəhram Ağakişiyev Qarabağ müharibəsi veteranıdır. O, məşhur “Birinci batalyon”un yaranmasında fəal iştirak etmişdir. Kəşfiyyat taqımının  komandiri kimi bir sıra mühüm əməliyyatlarda fərqlənmiş, döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Atəşgah imzalandıqdan sonra Müdafiə nazirliyində, Sərhəd Qoşunlarında xidmətini davam etdirmişdir. Azərbaycan ordusunun ilk milli kadrlarından biri olmuşdur. Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev nitqində Bəhram Ağakişiyevi əsl azərbaycanlı igid kimi xarakterizə etdi. Bu cür sənədli filmin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində vacib amillərdən olduğunu bildirdi. Qarabağ müharibəsi iştirakçılarının hər biri vətənin igid, qəhrəman oğlu adlandırdı. Onların hər zaman Azərbaycanla birgə yaşayacağına əminlik ifadə etdi. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov filmi yüksək qiymətləndirdi. “Cənnət Yolçusu” sənədli filmini veteranlara göstərilən diqqət və qayğının göstərici adlandıran Cəlil Xəlilov bu kimi filmlərin ardıcıl olacağına inam ifadə etdi. Bəhram Ağakişiyev çıxışında filmin ona, eləcə də, bütün Qarabağ döyüşçülərinə göstərilən etmadın göstərici olduğunu bildirdi. B.Ağakişiyev  Qarabağ ugrunda gedən döyüşlərin qəhrəmanlarının hər zaman xatırlanmalı olduğunu göstərdi. Torpaqlarımızın azadlğı uğrunda müharibədə qocaman veteranların təcrübəsinin gənc nəslə çatdırmağın vacibliliyini vurğuladı. Digər çıxış edənlər filmin onlarda yüksək təəsuratlar yaratdığını, Bəhram Ağakişiyevin timsalında Qarabağ döyçülərinin gənclərə nümunə olan həyat və fəaliyyətlərinin tanıdılması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirdilər.

Hamısını oxu
Ərini və qardaşını şəhid verən Azərbaycan XANIMI

Azərbaycanın Vətən Müharibəsi bir sıra hadisələrlə yadda qaldı. Bu savaş Azərbaycan insanının vətənsevərliyini, qəhrəmanlığını, mətanətini bir daha bütün dünyaya göstərdi.Azərbaycan kişisi, qadını, qocası, gənci, uşağı Vətən Müharibəsində qələbə naminə bir yumruq kimi birləşdi... Kimi oğlunu itirdi, kimi həyat yoldaşını.., kiminin atası, kiminin qardaşı canını bu Vətən yolunda fəda etdi... Naxçıvan Muxtar Resbublikasının Şərur rayonunun Ələkli kəndindən olan Nargül xanım kimi...Nargül xanım Qarabağ Müharibəsində iki şəhid qurban verib - qardaşı və həyat yoldaşı Vətən üçün canlarından keçib.Qardaşı Elton Qəmbərli oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında, həyat yoldaşı Adil İbrahimli isə bu gün Bakı şəhərində dəfn olunub.Bu şəkilə baxın, sözlər aciz qalır... Məğrur Azərbaycan qadını ən yaxın insanının tabutu altında necə məğrur dayanıb...  Biz sağ qalanların borcu Nargül xanımın başının həmişə məğrur durmasına şərait yaratmaqdır. Vətən sağ olsun!!!

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Daxili Qoşunları təbrik edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümü münasibəti ilə DİN-nin Daxili Qoşunlarının bütün şəxsi heyətini təbrik edib. Təbrik müraciətində deyilir:   “Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü, suvetrenliyi uğurunda gedən müharibələrdə yaxından iştirak edən, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 gün davam edən Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atan DİN-nin Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümüdür. Bu tarixi gün münasibəti ilə Daxili Qoşunların bütün şəxsi heyətini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.   Daxili Qoşunlar Birinci Qarabağ müharibəsinin gedişatında yaranan, döyüşlərdə möhkəmlənən, öz mövcudluğunu cəsarəti və qəhrəmanlığı ilə isbatlayan qoşun növüdür. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndləri uğrundakı döyüşlərdə iştirak edib. Bu döyüşlər zamanı çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev şəhid olublar. Hansı ki, onlar Daxili Qoşunların ilk şəhidləri hesab edilir və elə buna görə də həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. I Qarabağ müharibəsi zamanı Daxili Qoşunların şəxsi  heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.   Daxili Qoşunların Birinci Qarabağ müharibəsindəki qəhrəmanlığı, düşmənə qarşı əzmkar mübarizəsi ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, məhz ümummilli ldierin 9 mart 1995-ci il tarixli Fərmanı ilə 12 mart Daxili Qoşunlar Günü elan edilib.   Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Daxili Qoşunlar işğaldakı torpaqlarımızın azad edilməsində fəal iştirak edib, misilsiz qəhrəmanlıqlara imza atıb. Möhtərəm prezidentimiz, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə Daxili Qoşunların hərbçilərinin çoxsaylı orden və medallarla təltif edilməsi də bu həqiqətin ali isbatıdır.   Mən bu tarixi gün münasibəti ilə bir daha Daxili Qoşunları təbrik edir, onun bütün şəxsi heyətinə xidməti fəaliyyətində müvəffəqiyyətlər arzulayıram. Daxili Qoşunlar və onların ərazi bütövlüyümüz uğrundakı mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və bu tarix hər zaman qürur hissi ilə xatırlanacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

Bu il əlamətdar yubileyini - 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyonları, özünəməxsus eksponatlar ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Bu gündən isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub. Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin direktoru Sergey Şaqurov qarşıladı. Birinci vitse-prezident Mehriban Əliyeva, Federasiya Şurasının sədri Valentina Matviyenko və Moskva şəhəri merinin müavini Natalya Serqunina “Azərbaycan” pavilyonunun rəmzi açılışını bildirən lenti kəsdilər. Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq oldu. Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür. Bərpa zamanı ornamentlərlə bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi ilə başladı və ilkin hesab edilən rəng çoxsaylı qatların altından üzə çıxarıldı. Bir illik gərgin iş nəticəsində mərmər döşəmələr, sütunlar, divar və tavandakı naxışlar, kitabxana və oranjereya tamamilə bərpa olundu. İzləyiciləri sürprizlər də gözləyir. Belə ki, tapıntılardan biri bərpa işləri ilə məşğul olanları da təəccübləndirdi. Metal konstruksiyaların bərpası zamanı torpağa basdırılmış fəvvarə aşkar edildi. Onu çıxarıb bərpa etdilər və hazırda həmin fəvvarə Azərbaycan pavilyonunda qoyulub. Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur. “Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir. Burada “Aznar”, “Aspi Aqro” MMC, “Azersun Holding”, “Şirvan Şərabları”, “Gazelli Qrup”, “Gilan” MMC, “İsmayıllı Şərab-2”, “Balxurma” MMC, “Marandi” MMC, “Kənddən şəhərə” brendi, “Xurcun”, “Viva” və digər yerli istehsalçıların məhsulları ilə tanış olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək mümkündür. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri yer alıb, 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb. Kitabxana və oxu zalında müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür. Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab nəşr olunub. Kitabda müxtəlif materiallar, arxiv fotoları əsasında “Azərbaycan” pavilyonunun tarixi, burada aparılan kompleks bərpa işlərinin xronikası təqdim edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi. Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı -Hörmətli Valentina İvanovna. Hörmətli qonaqlar, əziz dostlar. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” milli pavilyonunun açılışında sizi ürəkdən salamlayıram. Sizin hamınızı yaxın vaxtlarda 80 yaşı tamam olmuş bu əfsanəvi sərgi məkanının yubileyi münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, hörmətli Valentina İvanovnaya bizim milli pavilyonun açılışında iştirak etdiyinə, ölkəmizə səmimi, mehriban münasibətinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü tədbirdə iştirak edən rusiyalı qonaqlarımızın hamısını salamlamağa şadam. Öz həmvətənlərimizi də görməyə şadam. Bu gün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi nadir sərgi şəhəridir. O, dünyanın 50 ən iri sərgi mərkəzi sırasına daxildir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə hər il 30 milyona yaxın qonaq gəlir. Əlbəttə, bu gün mən qürur hissi keçirirəm ki, Moskvanın bu tarixi memarlıq mərkəzində bərpadan sonra “Azərbaycan” milli pavilyonu açılır. Pavilyon öz qapılarını bütün qonaqların üzünə açır. Bizim ölkəmizə milli pavilyonun bərpasında iştirak etmək imkanına görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Moskva şəhərinin hökumətinə, Moskvanın meri cənab Sobyaninə təşəkkürümü bildirmək istəyirəm. “Azərbaycan” pavilyonu 1939-cu ildə məşhur Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi üzrə yaradılıb. Sonrakı illərdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisindəki bir çox başqa pavilyonlar kimi bu pavilyon da çoxsaylı dəyişikliklərə məruz qalıb, yenidən qurulub. Məsələn, 1966-cı ildə bu nadir memarlıq binasının fasadı bütöv metal qutu ilə örtülüb, bu isə heç şübhəsiz, onun simasını tamamilə dəyişib. Bir sözlə, sonrakı illərdə pavilyon özünün memarlıq, funksional və milli identikliyini itirib. 2014-cü ildə Moskva şəhəri hökumətinin təşəbbüsü ilə keçmiş müttəfiq respublikalara öz milli pavilyonlarının bərpasında iştirak etmək təklif olunanda Azərbaycan bu xəbəri böyük coşqu ilə qəbul etdi və hazırlıq işlərindən sonra 2017-ci ildə bərpa işləri başlandı. Pavilyonda bərpa işləri Azərbaycan dövlətinin dəstəyi və Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Bu binanın ilkin memarlıq-etnik simasını qaytarmaq məqsədi qarşıya qoyulmuşdu. Çox gərgin iş aparıldı, Azərbaycandan və Rusiyadan ən yaxşı mütəxəssislər, memarlar, rəssamlar, bərpaçılar, mədəniyyət tarixçiləri dəvət edildi. Bu gün nəticəni görürük. Bu binanın tamamilə bərpa olunmuş autentikliyini görürük. Şübhəsiz, bu cür gözəl nəticə komanda şəklində işin yekunudur. Bu gün mən bizim milli pavilyonun bərpası üçün səy göstərənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm. “Azərbaycan” pavilyonunun zahiri simasının bərpa olunması ilə bərabər, o, həm də yeni məzmun kəsb edib. Burada bizim pavilyonun qonaqları xalqımızın zəngin çoxəsrlik tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola, eyni zamanda, müasir müstəqil Azərbaycan haqqında, onun ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə uğurları barədə informasiya əldə edə bilərlər. Əlbəttə, şübhə etmirəm ki, gələcəkdə bu məkanda təşkil ediləcək tədbirlər, görüşlər, sərgilər Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq. Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm. Bu gün ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər bunu təsdiq edir. Azərbaycanın və Rusiya Federasiyasının prezidentləri arasında etimada əsaslanan dostluq münasibətləri demək olar ki, bütün sahələrdə bizim ikitərəfli əlaqələrin dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə birinci yeri tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi davamlı şəkildə artır. Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə 26 faiz artım müşahidə olunur. Sevindirici haldır ki, qarşılıqlı investisiyaların həcmi artır. Rusiya Azərbaycana sərmayə yatırır. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları 1,2 milyard dollar təşkil edir. Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər edib, cari ildə bu göstəricilərin artacağını gözləyirik. Bizim ikitərəfli əlaqələrimizdə regionlararası əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə həm iqtisadi, həm də humanitar sahədə əlaqələr qurub. Bu gün mənim səfərim çərçivəsində hörmətli Valentina İvanovna ilə birlikdə X yubiley Regionlararası Forumun açılışında iştirak edəcəyik. Ölkələrimizi bir-birinə bağlayan humanitar əlaqələri xüsusi vurğulamaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda Rusiya mədəniyyətinə, rus dilinə dərin hörmətlə yanaşırlar. Ölkəmizdə rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanılıb. 338 məktəbdə tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət ali məktəbində rusdilli bölmə var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir. Ali təhsil səviyyəsində də uğurlu əməkdaşlıq edirik. Bizim paytaxtımızda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bizim tələbələrin Rusiyada təhsil almasının dəstəklənməsinə görə Rusiya hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda çoxminli rus icması ölkəmizin ümumi inkişafına layiqli töhfə verir. Bir sözlə, humanitar sahədə münasibətlərimizin nümunəvi olduğunu desəm, zənnimcə, yanılmaram. Əziz dostlar, sizi bu əlamətdar hadisə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində “Azərbaycan” pavilyonunun açılışı münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, istər iqtisadi, istərsə də humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud potensial gələcəkdə xalqlarımızın rifahı naminə uğurla reallaşdırılacaq. Diqqətinizə görə sağ olun. Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm. Sağ olun. X X X Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış etdi. Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı -Çox hörmətli Mehriban Arif qızı. Hörmətli xanımlar və cənablar, əziz dostlar. Biz bu gün belə təntənəli şəraitdə əlamətdar bir hadisə münasibətilə toplaşmışıq. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən biri əsaslı bərpadan sonra yenidən öz qapılarını moskvalılara və paytaxtımızın qonaqlarına açır. “Azərbaycan” pavilyonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin yaşıdıdır və hörmətli Mehriban Arif qızının artıq dediyi kimi, düz 80 il əvvəl açılıb. O, görkəmli Azərbaycan arxitektorları tərəfindən tikilib və deyərdim ki, həmin vaxt da, bu gün də memarlıq incisidir. Əlamətdar haldır ki, pavilyonun açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyeva iştirak edir. Bu, bugünkü hadisəyə xüsusi əhəmiyyət qazandırır. Mən çox şadam ki, Mehriban Arif qızı, dünən Rusiya Federasiyasının Prezidenti Sizə “Dostluq” ordeni təqdim edib. Bu, Sizin şəxsən Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və bir çox başqa məsələlərə, mədəniyyətin inkişafına, humanitar layihələrə Sizin töhfənizin qiymətləndirilməsidir. Həmkarlar, gəlin Mehriban Arif qızı Əliyevanı yüksək dövlət mükafatı münasibətilə bir daha təbrik edək. Biz bilirik ki, Prezident İlham Əliyev və Siz ölkələrimiz arasında dostluğun möhkəmlənməsi, o cümlədən mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün çox işlər görürsünüz. Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan arxitektorlarının düşündüyü kimi, “Azərbaycan” pavilyonu ziyarətçilərə köhnə Bakının küçələrini xatırladacaq, onları sanki günəşli Azərbaycan torpağına aparacaqdı. Pavilyonun bəzədilməsində nadir ornament kompozisiyalarından, şəbəkə freskalarından, Azərbaycan ustalarının mismardan istifadə etmədən kiçik qoz ağacı detallarından yığdıqları şəbəkələrdən istifadə olunmuşdu. Burada milli ənənələr, milli mətbəx yer almışdı, amma zaman keçir, zövqlər dəyişirdi. 1960-cı illərdə pavilyon yenidən quruldu. Təəssüf ki, nadir dəyərə malik olanların bir çoxu məhv edildi. Beş il əvvəl “Azərbaycan” pavilyonunun onun əvvəlki tarixi görkəmində bərpa edilməsi haqqında razılıq əldə olundu. 2016-cı ildə “Azərbaycan” pavilyonu Azərbaycan tərəfinə təhvil verildi. Ötən müddətdə Azərbaycanın və Rusiyanın nadir ustaları tərəfindən belə incə, dəqiq, gözəl işlər görülüb. Bu gün bizim qarşımızda bərpa olunmuş belə gözəl pavilyon var. İstərdim ki, hər şeydən əvvəl, pavilyonun yenidən qurulmasına öz əməyini sərf etmiş bərpaçılara, ustalara təşəkkürümü ifadə edim. Bütün bərpa işləri hörmətli Mehriban Arif qızının başçılıq etdiyi Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Göstərdiyiniz dəstəyə və burada yerinə yetirilmiş nadir işlərə görə Sizə və Fonda “Çox sağ olun!” deyirəm. Yeri gəlmişkən, demək istəyirəm ki, Rusiyada Heydər Əliyevi dəyişməz olaraq hər zaman böyük səmimiyyət və böyük ehtiramla xatırlayırlar. Bərpa işlərinin gedişinə böyük diqqət yetirən, zəruri təşkilati yardım göstərən Moskva meri Sergey Semyonoviç Sobyaninə də minnətdarlığımı çatdırmaq istəyirəm. Vitse-mer Natalya Alekseyevna Serqunina burada iştirak edir, zəhmət olmasa, Sergey Semyonoviçə böyük minnətdarlığımı çatdırın. Həmçinin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, artıq Rusiya ilə Azərbaycan arasında dostluğun bir növ rəmzinə çevrilmiş və bərpa işlərinin gedişinə də böyük diqqət yetirən Polad Bülbüloğluna da təşəkkür etmək istəyirəm. Hesab edirəm ki, bugünkü pavilyonun açılışı böyük hadisədir. Bu, ölkələrimiz arasında dostluğun əlaməti və rəmzidir. Əminəm ki, bu pavilyon Azərbaycanın Moskvadakı qeyri-formal mədəniyyət nümayəndəliyi statusunu daşıyacaq. Bilirəm ki, pavilyonun rəhbərliyinin müxtəlif sərgilərin, konfransların, digər tədbirlərin keçirilməsi üzrə böyük planları var. Beləliklə, Moskva sakinləri də, paytaxtın çoxsaylı qonaqları da bu məkanda həm Azərbaycan xalqının qədim mədəniyyəti və ənənələri, tarixi və əlbəttə, həm də Azərbaycanın müasir uğurları ilə tanış ola biləcəklər. Biz sizin əsl dostlarınız kimi, ölkənin necə dəyişməsi, ölkədə iqtisadi və sosial inkişaf, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində görülən böyük işlərə görə çox şadıq və bunlarla fəxr edirik. Bakı çox gözəlləşib, hər dəfə səfər edəndə valeh olursan, həmişə yeni nə isə görürsən. Ona görə də təəccüblü deyil ki, Rusiyadan turistlərin sayı bu cür templərlə artır. Bakı da, çox gözəl ölkə olan Azərbaycan da olduqca qonaqpərvər və xoşniyyətlidir. Əminəm ki, bizim turistlərin sayı gələcəkdə də artacaq. Biz isə Azərbaycandan Rusiyaya gələn turistlərin sayının artmasında maraqlıyıq. Həmçinin bunun üçün də şərait yaradacağıq. Mən hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı 2020-ci ilə planlaşdırılan Azərbaycan Mədəniyyəti Günlərinin ərəfəsidir. Bu yaxınlardakı səfərim zamanı Azərbaycanda Rusiya Federasiyası Mədəniyyət Günlərinin açılışını etmək mənim üçün böyük şərəf idi. Bizim təşkil etdiyimiz mədəniyyət tədbirlərinə necə böyük marağın olduğunu bilirəm. Hörmətli Mehriban Arif qızı, biz Azərbaycanın mədəniyyət təmsilçilərini də bu cür səbirsizliklə Rusiyada gözləyirik. Biz Azərbaycanı sevirik. Biz Azərbaycan mədəniyyətini sevirik. Əminəm ki, Mədəniyyət Günləri böyük uğurla keçəcək. Bir daha hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Hörmətli Mehriban Arif qızı, Rusiyanın ünvanına söylədiyiniz sözlərə və əməkdaşlığımızın gələcək inkişafı üçün göstərdiyiniz səylərə görə Sizə “Çox sağ olun!” deyirəm. Sağ olun. X X X Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışını tarixi hadisə adlandırdı. Səfir bildirdi ki, vaxtilə bu pavilyonda Azərbaycanın layiqincə təmsil olunması üçün bütün işlər görülmüşdü və bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə pavilyonumuz yenidən öz fəaliyyətini bərpa edir. Qeyd edək ki, bu layihə mədəniyyətlərarası və millətlərarası dialoq, xalqların bir-birinə yaxınlaşması baxımından böyük rol oynayır.

Hamısını oxu