Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Qarabağ ermənilərinə müraciət edib

“Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və rifahları daha da artacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, Dağlıq Qarabağda indi səfalət hökm sürür:

 
“Biz oraya investisiya qoyarıq, sosial layihələr icra edərik. Eyni zamanda, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə budur: azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerləbir etmək və elan etmək ki, bu qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvələrində köçürülüb”. Prezident bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı onların düşməni deyil: “Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar. Bu, ədalətli deyil. Buna biz heç vaxt razı ola bilmərik. Hər bir müharibə sülhlə nəticələnir. Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa, beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərlərsə, buna nail olmaq mümkün olacaq”. İlhamə Əbülfət

2020-10-14 00:00:00
3173 baxış

Digər xəbərlər

“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rasim Mirzəyevin müəllifi olduğu “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının və eyniadlı bukletin təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif kateqoriyalı veteranlar, ziyalılar, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, xalqın, dövlətin və ordunun ali amal uğrunda bir yumruq kimi birləşməsi faktı maraqlı təhlil və nümunələrlə əks olunub.   Tədbir giriş sözü ilə layihə rəhbəri, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının müəllifi, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev açıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, ordu ilə ciddi həmrəylik sərgilədiyini vurğulayan layihə rəhbəri, 8 Noyabr zəfərinin məhz bu birlik nəticəsində əldə edildiyinə diqqət çəkib. Rasim Mirzəyev qeyd edib ki, cəmiyyətdə vətənpərvərlik ruhunun qorunub saxlanılması, post-müharibə dönəmindən sonra qarşıya qoyulan məqsədlər nail olunması, dövlətimizin hərtərəfli inkişafının təmin edilməsi üçün 44 günlük Vətən müharibəsi dövrünün xalq-dövlət-ordu birliyi bundan sonra da davam etdirilməli, bu birlik və onun önəmi  yeniyetmə və gənclər arasında təbliğ edilməlidir.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə böyük uğurlara nail olduğuna, cəmi 44 gün ərzində xalqımızı qələbəyə qovuşdurduğuna diqqət çəkdi. Cəlil Xəlilov bildirdi ki, məhz dövlət başçısının siyasi peşəkarlığı sayəsində heç bir kənar müdaxilənin təsiri olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün oldu. 44 günlük Vətən müharibəsindəki xalq-dövlət, xalq –ordu birliyindən bəhs edən “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının mühüm təbliğati əhəmiyyətə malik olduğunu vurğulayan Cəlil Xəlilov, veteran təşkilatı olaraq bundna sonra da yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından işləri davam etdirəcəklərini qeyd edib.   Tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqların məhz xalqın Ali Baş Komandanı, ordusu ilə sərgilədiyi birlik sayəsində, şəhidlərin qanı, qazilərin rəşadəti hesabına azad edildiyinə diqqət çəkib. Nəcibə Axundova qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxunun heç vaxt Qarabağı görməyən, bu torpaqlarda olmayan insanlar olması faktı, ölkəmizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun ən böyük isbatıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabın böyük qələbəyə, onun səbəb və nəticələrinə həsr olunduğunu bildirən Nəcibə Axundova, milli şüurun möhkəmlənməsi, tarixi həqiqətlərin gənclər arasında təbliği baxımından sözügedən kitabın mühüm əhəmiyyətə malik olduğunu bildirib.   Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov da “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının önəmindən bəhs edib. Kitabın uşaq və yeniyetmələr, gənclər tərəfindən böyük maraqla qarşılanacağını bildirən Sərraf Orucov, kitabın məktəblilər üçün əlavə ədəbiyyat kimi də faydalı olacağını qeyd edib. O, vurğulayıb ki, gələcəkdə də bu kimi təşəbbüslər dəstəklənməli, cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından işlər davam etdirilməlidir.   Tədbirdə çıxış edən ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının əhəmiyyətindən danışıb, belə kitablara ciddi ehtiyac olduğunu vurğulayıblar.   Tədbir həm də məktəblilər tərəfindən vətənpərvərliklə bağlı səsləndirilən maraqlı şeirlərlə yadda qalıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.   Məlumat üçün qeyd edək ki, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabı 450,  eyniadlı buklet isə 700 nüsxədə çap edilib və onların bir hissəsi təqdimat mərasimində tədbir iştirakçılarına paylanılıb. Layihə çərçivəsində daha geniş auditoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib

İyunun 23-də Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradılıb. Azərbaycanın müstəqilliyini gözü götürməyən istilaçılardan ölkəmizin müdafiə edilməsində Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar və başqalarının böyük xidmətləri olub.   Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Bu məqsədə çatmaqda 1972-ci ildə açılmış Cəmşid Naxçıvanski adına hərbi liseyinin böyük rolu olub. Məktəbin məzunları erməni təcavüzkarlarına qarşı mübarizədə, habelə müasir Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin hərbi sahənin inkişafına daim diqqət göstərməsi nəticəsində ölkəmiz regionda müstəqilliyin keşiyində duran və dövlətimizin pozulmuş sərhədlərini bərpa etməyə hər zaman hazır olan qüdrətli orduya malikdir.  D.Rzayev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilir. Silahlı Qüvvələrin yaradılmasının ildönümü azərbaycanlı vətənpərvərlər üçün mühüm hadisədir. Sonra Böyük Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan veteranlarına “Rusiya Veteranları İttifaqı” Ümumrusiya Veteranları İctimai Təşkilatının xatirə nişanları təqdim edilib. D.Rzayev Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsinə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Həzi Aslanov” medalını təqdim edib. Həmçinin Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi veteranlarına və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinə “Səməd Mehmandarov”, “Əliağa Şıxlinski” medalları təqdim edilib.

Hamısını oxu
Veteran Fərrux Baxışov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev 7, m 11-də məskunlaşan veteran Baxışov Fərrux Ağasəf oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib. Təşkilatın sədri polkovnik Cəlil Xəlilova ünvanlanan məktubda deyilir: “Hərmətli sədr! Mənə göstərdiyiniz diqqət və köməkliyə görə sizə səmimi təşəkkürümü bildirirəm. Qəbul zamanı müraciətimə operativ və məsuliyyətli yanaşmağınız nəticəsində üzləşdiyim çətinlik müsbət şəkildə həllini tapdı. Veteranlara göstərdiyiniz qayğı və diqqət yüksək qiymətə layiqdir. Göstərdiyiniz köməkliyə görə bir daha minnətdarlığımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram”.  

Hamısını oxu
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Miqrasiya Əməkdaşlıq Platformasının təsisçiləri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərilməsi məqsədilə təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının üzvləri ilə görüşüb.  Vüsal Hüseynov vətəndaş cəmiyyəti institutları ilə dialoqun inkişafına xüsusi önəm verildiyini, miqrasiya sahəsində innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını bildirib. Xidmət rəisi Miqrasiya Əməkdaşlıq Platformasının ölkəmizdə yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılmasına və maariflənməsinə, cəmiyyətə inteqrasiyasına, eyni zamanda miqrasiya ilə bağlı məsələlərin həllində ümumcəmiyyət yanaşmasının tətbiqinə töhfə verəcəyinə əminliyini ifadə edib. Miqrasiya Əməkdaşlıq Platformasının yaradılması zərurəti barədə danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutunun təşəbbüsü ilə 2023-cü ilin 18 oktyabr tarixində təsis edilən Platformanın məqsədi miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir. Bunun üçün Platforma miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirir, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdırır və həllinə səbəb olacaq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edir. Görüşdə vurğulanıb ki, koalisiya şəklində fəaliyyət göstərən, şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsiplərini əldə rəhbər tutan Platformanın əsas fəaliyyəti onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət Əlaqələndirmə Mərkəzi və onun tərkibində formalaşmış tematik işçi qruplar vasitəsilə həyata keçirilir. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin həyata keçirilməsində birgə səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə təşəbbüslərin irəli sürülməsi və yaxın gələcəkdə inkişaf etdiriləcək əməkdaşlığın siyasi çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb. Sonda Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri səmimi görüşün keçirilməsinə şərait yaratdığı üçün Xidmət rəisi Vüsal Hüseynova dərin təşəkkürlərini bildiriblər.  

Hamısını oxu