Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı layihənin icrasına başlayıb. Layihə əslən başqa millətdən olan Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş  olan oğul və qızlarımızın əziz xatirəsinə həsr olunur. Layihə müddətində 3Ali Təhsil ocağına paylanılması üçün Böyük Vətən Müharibəsində və Qarabağ Müharibəsindən bəhs olunacaq kitabça hazırlanıb çap olunacaq.  Eyni zamanda yeniyetmə və gənclərimizin maarifləndirilməsi üçün Koronavirus (COVİD-19) virusundan qorunma və gigiyenik qaydalara əməl olunması qaydalarını özündə əks etdirəcək məlumatlandırma bukleti hazırlanacaq. Bundan əlavə layihə dövründə 30 şəhid ailəsinə ərzaq yardım paketləri çatdırılacaq. Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır,  milli mənəvi dəyərlərimizin cəmiyyətdə daha geniş yayılması, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.

2020-10-19 00:00:00
3618 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində akademik Yusif Məmmədəliyevin ev muzeyini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 19 may 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev muzeyini ziyarət edib.  Polkovnik Cəlil Xəlilov akademik Yusif Məmmədəliyevin büstü önünə gül dəstəsi qoyub, böyük alimin xatirəsini ehtiramla yad edib. Muzeyin direktoru Elvira İbrahimova polkovnik Cəlil Xəlilova muzeylə bağlı ətraflı məlumat verib, ziyarətçilərin akademik Yusif Məmmədəliyevin elmi fəalliyyətinə böyük maraq göstərdiyini bildirib. Ev muzeyi ilə yaxından tanış olan polkovnik Cəlil Xəlilov muzeyin fəaliyyətinə uğurlar arzulayıb, xatirə kitabına ürək sözlərini yazıb. Seymur ƏLİYEV  

Hamısını oxu
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

İyulun 7-də Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) təşkilati dəstəyi ilə həyata keçirilən “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsində iştirak edən 26 gənc rəssamın mükafatlandırma mərasimi keçirilib. Qeyd olunmalıdır ki, layihənin builki buraxılışında əsas diqqət keçmişin dağıntılarına deyil, Qarabağın bu gününə və gələcəyinə, regionun dirçəlişinə, bərpa və yenidənqurma prosesinə, həmçinin füsunkar təbiəti ilə mədəni irsinə yönəlib. Qeyd olunan mövzuda 26 gənc rəssam tərəfindən 24-ü rəsm, 5-i heykəltəraşlıq nümunəsi olmaqla ümumilikdə 29 sənət əsəri ərsəyə gətirilib. Tədbirdə Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) rektoru, Xalq rəssamı Natiq Əliyev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev və layihədə iştirak edən gənc rəssamlar iştirak ediblər. QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev layihə ilə bağlı məlumat verərək onun əhəmiyyətindən və gənc rəssamların yaradıcılığına verdiyi töhfələrdən danışıb. Onun sözlərinə görə, ilk dəfə 2024-cü ildə reallaşdırılan “Qarabağın Rəngləri” layihəsinin məntiqi davamı olan “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi tarixi yaddaşımızın bədii sənət dili ilə gələcək nəsillərə ötürülməsində mühüm bir körpü rolunu oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin rəssamlar üçün böyük bir ilham mənbəyi olduğunu vurğulayan İdarə Heyətinin sədri, gənc rəssamların layihədə iştirak etməklə Qarabağın bərpası kimi tarixi bir missiyaya öz töhfələrini verdiklərini vurğulayıb. Gələcəkdə layihənin miqyasının daha da genişlənəcəyinə və beynəlxalq müstəviyə daşınacağına ümidvar olduğunu bildirən Rəhman Hacıyev, başda rektor Natiq Əliyev olmaqla, layihənin uğurla baş tutmasına dəstək verən ADRA rəhbərliyinə və bənzərsiz əsərlər ərsəyə gətirən gənc rəssamlara dərin təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, gənc rəssamların fırçasından çıxan hər bir əsər təkcə Qarabağın keçmiş ağrı-acısını deyil, həm də bu gün regionda gedən möhtəşəm intibah prosesini və xalqımızın zəfər ruhunu özündə ehtiva edir. Daha sonra çıxış edən ADRA-nın rektoru, Xalq rəssamı Natiq Əliyev layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və onların yaradıcılıq potensialının reallaşdırılmasında müstəsna rolunu qeyd edib. O, QDF ilə ADRA arasındakı səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, tələbələrin bu tarixi mövzuya göstərdikləri bədii yanaşmanı yüksək qiymətləndirməklə yanaşı, layihənin uğurla davam edəcəyinə əminliyini ifadə edib. Tələbələrə qarşı diqqət və dəstəyə görə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyevə təşəkkür edən Natiq Əliyev sözügedən layihələrin Azərbaycan təsviri incəsənətinə də öz müsbət təsirini göstərdiyini vurğulayıb. ADRA-nın prorektorları, Xalq rəssamları Səlhab Məmmədov və Fuad Salayev də öz növbələrində çıxış edərək, layihənin əhəmiyyətindən və təqdim olunan əsərlərin bədii dəyərindən söz açıblar. Çıxışlardan sonra mükafatlandırma mərasiminə start verilib. “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi çərçivəsində əsərlərin müəlliflərinə Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikatlar, o cümlədən QDF və PAŞA Kapital İnvestisiya Şirkəti tərəfindən xüsusi təqaüd təqdim olunub. Sonda layihədə iştirak edən tələbələr çıxış edərək onlara yaradılan bu imkana və yaradıcılıqlarına göstərilən yüksək diqqətə görə Fond rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb. Qeyd edək ki, "Qarabağın rəngləri" layihəsi Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə 2024-cü ildə həyata keçirilib. Layihə çəçivəsində 23 istedadlı gənc tərəfindən 23 sənət əsəri - 19 rəsm və 4 heykəltəraşlıq nümunəsi hazırlanıb. Həmin əsərlərin satışından əldə olunan 90.200 AZN vəsait Qarabağda aparılan bərpa-quruculuq işlərinə dəstək göstərilməsi məqsədilə Fonda ianə olunub. Məlumat üçün bildirək ki, “Qarabağın Rəngləri” (2026) layihəsi çərçivəsində ərsəyə gətirilən əsərlər də yaxın günlərdə xeyriyyə hərracına çıxarılacaq və əldə edilən bütün vəsait QDF-ə ianə olunacaq.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə bağlı tədbir keçirilib.   Təşkilatın Rəyasət Heyətinin və veteranların iştirak etdiyi tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 31 Mart soyqırımı və bu soyqırımının anti-insani mahiyyətindən danışıb:   “31 Mart soyqırımı miqyas və mahiyyətini görə XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Təəssüf hissi ilə qeyd etməliyik ki, erməni faşizmi XX əsrdə bir deyil, bir neçə dəfə xalaqımıza qarşı soyqırım və qətliamlar törədib. XX əsrin sonlarında  -1992-ci ildə baş verən Xocalı soyqırımı buna nümunədir. Bütün bu faktlar onu göstərir ki, erməni faşizmi Azərbaycan xalqına qarşı əsrlər uzunudur ki, sistemli şəkildə soyqırımları həyata keçirməkdə, genosid törətməkdədir. Bizim üçün qürurvericidir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə ağır zərbə vurdu, işğaldakı torpaqlarımızın azadlığını təmin etdi. İşğalçı Ermənistan  xalqımıza qarşı törətdiyi cinayətlərə görə layiqli şəkildə cəzalandırıldı. Bununla yanaşı ,erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımlarına görə beynəlxalq hüquq müstəvisində də öz layiqli cəzasını alması vacibdir və əminəm ki, Azərbaycan xalqı gec-tez buna nail olacaqdır.   Onu  da untumaq olmaz ki, bütün bu soyqırımları mahiyyət etibari ilə həm bütün bəşəriyyətə, bütün insanlığa qarşı törədilib. Bu baxımdan erməni faşizminin tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törətdiyi qətliamlara görə beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi sadəcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mənafeyi və təhlükəsizliyi baxımından zəruridir”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da çıxışında 31 Mart soyqırımı və erməni faşizminin beynəlxalq müstəvidə ifşasının önəmindən danışıb. Professor qeyd edib ki, erməni cinayətkarlarının cəzalandırılması üçün hərbi tribunalın yaradılması, xalqımıza qarşı qətliamlar, soyqırımları törədənlərin bu tribunal qarşısında cavab verməsi vacibdir.

Hamısını oxu
Ulu Öndər Heydər Əliyev mayak kimi daim xalqımıza xoşbəxt gələcəyə aparan doğru yolu göstərəcəkdir

Artıq Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Zaman keçdikcə Ümummilli Liderimizin dahiliyi  daha da aydın görünür. Ulu Öndər Heydər Əliyev demişdir: “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında deyilmiş bu tarixi fikirlərin həyata keçdiyini, həmin qürurlu günləri gördükcə Ulu Öndərin uzaqgörən fenomen şəxsiyyət olduğunun bir daha şahidi oluruq. 1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov Ümumilli Lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş nankor qonşularımız yenə baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı. Beləliklə, 1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyun - Qurtuluş Gününə qədər, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə biz xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, müstəqilliyimizin təhlükə altına düşməsi, iqtisadi tənəzzül, çörək növbələri, ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qalması və bu kimi bir çox çətinlikləri  yaşamışıq. Nə yaxşı ki, Azərbaycanın müdrik ağsaqqalları, o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə muraciət edərək Azərbaycanı bu bəlalardan ancaq onun qurtara biləcəyini söylədilər. Səriştəsiz AXC-müsavat cütlüyünün idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Ümummilli Liderimizi  xalqı bu bəlalardan xilas etmək üçün ölkə rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın tələbini və Azərbaycanın düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə Azərbaycanı bu çətin, böhranlı  vəziyyətdən çıxartmağa başladı. Bu yolda düşmənlərimiz tərəfindən ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin ona qarşı davamlı təzyiqləri, hətta sui-qəsd və çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, sözün həqiqi mənasında Ümummilli Lider, Ulu Öndər, xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi. O demişdir: “Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq.”  Prezident olduğu dövrdə Ulu Öndər Heydər Əliyev 60-dan çox ölkəyə səfər etmiş, həmin səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir. Ulu Öndər Heydər Əliyev haqqında dünyanı idarə edən ölkələrin liderləri, dünya şöhrətli tanınmış şəxslər, hətta nüfuzlu din xadimləri çox müsbət və dəyərli fikirlər söyləmişlər. 1978-2005-ci illərdə Roma Papası olmuş II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur.” ABŞ-ın Prezidenti (2000-2008) Corc Buş: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.” Fransa Respublikasının Prezidenti (1995-2007) Jak Şirak: “...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir.” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Bu iqtibas siyahısını səhifələrcə davam etdirmək olar, yüzlərlə tanınmış şəxsiyyətin  Ulu Öndər Heydər Əliyev haqqında söylədiyi dəyərli fikirləri burada qeyd edə bilərik. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə 300 milyonluq ittifaqa rəhbərliyi zamanı onu şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə rusların Azərbaycana və azərbaycanlılara qarşı münasibəti müsbətə doğru dəyişmişdir. 1994-cü ildə daxili və xarici təzyiqlərə baxmayaraq neft yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”ni bağlaması ilə nəinki gələcəkdə ölkəmizə böyük valyuta axınının təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. İllər ötəcək, əsrlər keçəcək Ümummilli Lider Heydər Əliyev bir mayak kimi Azərbaycan xalqını və digər xalqları xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli xəzinəsidir, milli sərvətidir. Arximed demişdir: “Mənə istinad nöqtəsi göstərin, yer kürəsini yerindən tərpədim.” Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin istinad yeridir. Azərbaycan xalqı və digər xalqlar istənilən mövzuda Heydər Əliyev xəzinəsinə istinad edərək özlərinə lazım olan müsbət cavabı ala bilərlər. Müasir Azərbaycanın banisi, qurucusu, memarı olan Heydər Əliyev xəzinəsindən istər siyasi, istərsə də iqtisadi, mədəni, hərbi, humanitar, o cümlədən elm, təhsil, incəsənət və digər bütün sahələr üzrə bəhrələnmək olar. Heydər Əliyevin həyatı və fəaliyyəti insanlar tərəfindən öyrənilməsi labüd olan ali bir məktəbdir. Bu məktəbin daimi dinləyicisi və bilicisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi Azərbaycan xalqına xilaskar kimi bəxş etdiyinə görə də xalqımız Ulu Öndər Heydər Əliyevin ruhuna daim  dualar oxumalıdır. Ümummilli Liderin cənab İlham Əliyev haqqındakı tarixi fikrini hamımız  yaxşı xatırlayırıq: “Mən ona  özüm qədər inanıram”. Bu sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi, bu bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi fikir idi. “Ot kökü üstə bitər” deyib atalarımız. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hakimiyyətdə olduğu elə ilk günlərdən, özü dediyi kimi, hər  bir azərbaycanlının Prezidenti olmaqla Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərinin keçirildiyi bir məkana çevirmişdir. Azərbaycanda olan siyasi və iqtisadi stabillik, hərtərəfli inkişaf, iş yerlərinin açılması, Olimpiya İdman Kompleklərinin tikilib istifadəyə verilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, o cümlədən də Bakının gündən-günə gözəlləşməsi Ümummilli Liderimiz Heydər Əliyev kursunun inamla və böyük uğurla davam etdirilməsindən xəbər verir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Prezident olduğu zamandan başlayaraq hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Ordu quruculuğu, iqtisadiyyatın möhkəmləndirilməsi, dünya ölkələri ilə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulmasi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq səviyyədə özünə layiqli yer tutması, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması və digər uğurlarımız 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təməli idi. Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlayır, Müzəffər Ali Baş Komandan İlham  Əliyevin dediyi kimi “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” Böyük sərkərdə cənab İlham Əliyevin, eləcə də igid əsgər və zabitlərimizin canı-qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının qamətini düzəltdi. Bu qüruru bizə yaşadan qəhrəman şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, igid qazilərimizə uzun ömür və cansağlığı arzulayırıq. Bu Qələbə şanlı tariximizə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə qızıl hərflərlə yazılacaq.  Qızıldan imza atdın Tarixin yaddaşına, Şanlı bir tarix yazdın Vətənin savaşına. Prezidentim, İlhamım, Ali Baş Komandanım! Qarabağı almağı Məqsəd qoydun qarşına, Dəmir yumruq endirdin Düşmənlərin başına. Prezidentim, İlhamım, Ali Baş Komandanım! Fəaliyyəti dövründə Azərbaycan Ağsaqqallar Şurası da hər zaman  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi Ümummilli Liderin dirçəliş və iqtisadi inkişaf strategiyasının, daxili və xarici siyasət kursunun dəstəklənməsi və vətəndaşlarımız arasında təbliğ edilməsi missiyasını yüksək səviyyədə həyata keçirir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında təşkilat  Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsini, milli dövlətçilik ideyalarını cəmiyyətə, xüsusilə də gənc nəslə aşılayır. Paytaxtda, o cümlədən ölkəmizin şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən nüfuzlu ağsaqqalların, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilir. May ayının 2-də növbəti  belə bir tədbir, möhtəşəm konfrans baş tutmuşdur. Belə ki, Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də Türk Dövlətləri Təşkilatının nümayəndələrinin, qurumun Ağsaqqallar Şurasının üzvlərinin, o cümlədən respublikamızın tanınmış elm adamlarının, ağsaqqalların və ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi-praktiki konfransda Ulu Öndər Heydər Əliyevin SSRİ  Nazirlər Sovetinin sədrinin 1-ci müavini işlədiyi dövrlərdə Sovet İttifaqının tərkibindəki türk dövlətlərinə və digər  respublikalara göstərdiyi dəstəkdən, Türkiyə ilə olan dostluq və qardaşlıq  münasibətlərindən söhbət açılmış, onun bütün Türk dünyası üçün böyük şəxsiyyət olması çıxış edən natiqlər tərəfindən xüsusi vurğulanmışdır. Bu məsuliyyətli və şərəfli yolda, cəmiyyətimizin, xüsusilə də gənclərimizin dövlətimizin  və dövlətçiliyimizin inkişafı naminə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi, Azərbaycanımızın dünyada daha şöhrətli, qalib bir ölkəyə çevirilməsi üçün Respublika Ağsaqqallar Şurasının üzvləri  hər zaman olduğu kimi bu gün də öz müdrikliyi və həyat təcrübələri ilə əllərindən gələn dəstəyi və köməkliyi göstərməkdədirlər. Biz unutqan olmamalıyıq. Bu günün qədrini bilməliyik. Gənc nəslə bu xoşbəxt günə hansı çətin, keşməkeşli yollarla gəlib çıxdığımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik. Bu gün biz əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli və uğurlu davamçısı, yüksək zəkası, əzmi, cəsarəti, mükəmməl idarəçilik qabiliyyəti ilə bütün dünyada böyük nüfuza və hörmətə sahib olan, Vətənini, vətəndaşını ürəkdən sevən, onu ən ağır böhranlardan xilas edən böyük Lideri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni-yeni  parlaq qələbələrə imza atacaq, ölkəmiz əmin-amanlıq şəraitində  inamlı inkişaf yolunu uğurla davam etdirəcəkdir!  Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

Hamısını oxu