Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi

Bakı, 24 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. -Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir? -Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik. - Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eyni zamanda, internet fiberoptik xətlərinın habı olmaq missiyası var. Eşitmişəm adı Neqsol olan Azərbaycan şirkəti Avropa və Mərkəzi Asiya arasında internet üzrə bağlantı rolunu oynamaq istəyir. Siz Azərbaycan üzərindən Avropadan Mərkəzi Asiyaya birbaşa bağlantını nəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və ya qeyri-mümkün olduğunu düşünürsünüz? - Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik. Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik. İnternet bağlantısına gəldikdə isə biz IT sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət, mənim bildiyimə görə öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir. - Növbəti sualım belədir. Bir aydan çox davam edən toqquşmalardan sonra cəbhədə hazırda həyata keçirilən hərbi əməliyyatların necə olduğunu bizə təsvir edə bilərsinizmi? - Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmişdir. Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünki otuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə - şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal altında idi. Beləliklə, biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik. - Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər. - Bu, feyk xəbərdir. Hesab edirəm ki, indi hər kəs bunun Ermənistan tərəfindən feyk xəbər olduğunu başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Lakin onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Bu, birincisi. İkincisi, ballistik raket Ermənistanın ərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla nəzarət edə bilərlər. Onlar raketin haradan buraxıldığını və raketin hədəfinin nədən ibarət olduğunu bilirlər. Raketin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar. - Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz? - Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir. - Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizə hərbi irəliləyişi əldə etməyə imkan verirlərmi? - Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir. - İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı? - Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir. Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq. - Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kimdir? Bu, Rusiyadırmı? Mümkün ən yaxşı vasitəçi Rusiyadırmı? - Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik. Bu 3 vasitəçinin hər biri mühümdür. Mən müşahidə edirəm, görürəm və bilirəm ki, Dağlıq Qarabağ məsələsində onların çox nadir yekdil yanaşmaları olur. Bu, bəlkə də onların maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir. – Cənab Prezident, Siz hansı torpağı geri almaq istəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağa hazır olasınız? – Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik. – Beləliklə, bu, münaqişədən çıxmaq üçün Sizin planınızdır, Azərbaycanın planıdır. – Bəli. Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə, hər şey dayanar və biz danışıqlar masasına geri qayıdarıq. Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar. – Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınız necədir? – Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünki XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir. - Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda antierməni poqromları var idi. Ona görə də ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar. – Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlara başladılar. Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ona görə də bu, insanların barışa bilməməsi üçün bir növ səbəb olmamalıdır. Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var. -Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar? -Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq. -Beləliklə, Siz düşünmürsünüz ki, Türkiyənin Mərkəzi Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistanı silmək planı var? – Xeyr, bu, yenə də erməni fobiyaları və erməni təxribatlarıdır. Mənim Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə etdiyim sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qısadır. Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistanı silmək istəyirlər. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacağıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır. – Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir? – Bəli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq. Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq. -Layihələri icra edərkən Siz dini nəzərə almırsınız? – Xeyr, bizim Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək. -Təşəkkür edirəm, çox yaxşı müsahibə idi, cənab Prezident. – Təşəkkür edirəm.  video

2020-10-24 00:00:00
3205 baxış

Digər xəbərlər

Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına

Əziz gənclər! Sizi – Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarını salamlayır və Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edirəm. Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur. Forumunuzun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəal iştirak edirlər. İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Hər birinizə gələcək işlərinizdə nailiyyətlər arzulayıram.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2024-cü il 

Hamısını oxu
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib Bakı, 8 noyabr, AZƏRTAC Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Hamısını oxu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib. Rusiya dövləti başçısının Novo-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı salamlayan Prezident Vladimir PUTİN dedi: -Hörmətli Mehriban Arif qızı. İcazə verin, Sizi Moskvada indiyə qədər olmadığınız qisimdə - Birinci vitse-prezident kimi salamlayım. Mən bilirəm ki, Sizin səfərinizin çox böyük, zəngin proqramı var. Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Anatolyeviç Medvedev Sizinlə görüşü barədə mənə artıq məruzə edib. Bilirəm ki, orada danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq. Azərbaycan Prezidenti ilə mənim çox etimada əsaslanan mehriban münasibətlərim formalaşıb. Bilirəm ki, sabah Siz Valentina İvanovna ilə birlikdə X Regionlararası Forumu da açacaqsınız. Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın olduqca mühüm istiqamətidir. Ona görə ki, bizim qarşılıqlı fəaliyyətimizin xeyli hissəsi məhz regionlar səviyyəsində həyata keçirilir. Bizim təklifimizi qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. X X X Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi: -Hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvət edilməyimə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Moskvada olmağıma çox şadam. Moskva mənim üçün yaxın, doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Moskva hər dəfə göz oxşayır. Mənim Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyimə görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətimə verilən yüksək qiymətdir. Fürsətdən və imkandan istifadə edib Sizə Azərbaycan Respublikası Prezidentinin salamını və ən xoş arzularını çatdırmaq istəyirəm. O, Sizinlə münasibətləri çox yüksək qiymətləndirir və Rusiya-Azərbaycan münasibətlərinə xüsusi əhəmiyyət verir. Sizinlə İlham Heydər oğlu arasında müntəzəm görüşlər bizim ikitərəfli əlaqələrin çoxvektorluluğunu və dinamizmini müəyyən edir. Mən həm də Azərbaycan Respublikası Prezidentinin Sizə münasib vaxtda ölkəmizə səfər etmək təklifini çatdırmaq istəyirəm. Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Siz dediyiniz kimi, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır. Qeyd etmək istəyirəm ki, Rusiyadan ölkəmizə gələn turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı Azərbaycana səfər edib. Bu il biz həmin göstəricinin artacağını gözləyirik. Əlbəttə, humanitar sahədə münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu münasibətlər nümunəvidir. Siz bilirsiniz ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər. Respublikamızın paytaxtında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir. Dəvətə, səmimi qəbula, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək. X X X Rusiya Prezidenti Vladimir PUTİN dedi: -Hörmətli Mehriban Arif qızı. Bilirsiniz ki, təntənəli hissəyə keçmək nəzərdə tutulurdu, lakin hər halda Sizin indicə dediyiniz məqama reaksiya verməyə bilmərəm. Bu, xüsusən bizim humanitar əlaqələrə və Azərbaycanda rus dilinə münasibətə aiddir. Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sözsüz belədir, Vladimir Vladimiroviç. Bu, Azərbaycanda dövlət siyasətidir. Düşünürəm ki, biz gələcəkdə bu sahəyə daha çox diqqət yetirməliyik. Ona görə ki, gənc nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür. Ona görə də insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud olan əlaqələrin qorunub saxlanması və bu əlaqələrin daha da möhkəmlənməsi lazımdır. Prezident Vladimir PUTİN: Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümidvaram ki, onunla dekabrın 20-də Peterburqda görüşmək şərəfinə nail olacağam. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun. Dəvət üçün sağ olun. Prezident Vladimir PUTİN: Mənə icazə verin, artıq xatırlatdığım xoş təntənəli hissəyə keçim. Siz özünüz də bunu dediniz. Mən əvvəlcə bunu demək istərdim. Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: “Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sizə təşəkkür edirəm. Sonra Rusiya Federasiyası Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu. Rusiya Prezidenti Vladimir Putin “Dostluq” ordenini Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi. Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi: Bu ordenə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var. Çox sağ olun. Prezident Vladimir PUTİN: Təşəkkür edirəm. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun.

Hamısını oxu
“Təlimlər bölgədə sülhün və təhlükəsizliyin təmininə yönəlib”

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimləri Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.     Polkovnik qeyd edib ki, məhz Azərbaycanla Türkiyənin birgə səyləri bu gün regionda dayanıqlı sülh və sabitliyin əsas qarantı rolunda çıxış edir: “Bildiyiniz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etməklə bütövlükdə erməni faşizminə böyük zərbə vurdu, onun bölgədə möhkəmlənmək, özünə yeni dayaqlar tapmaq cəhdlərini darmadağın etdi. Bu, dövlətimizin, Ali Baş Komandanımızın bütövlükdə region və dünya qarşısındakı mühüm xidmətlərindən biridir. Məhz Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətindən sonra bölgədə sabitlik bərpa olundu. Erməni vandalizminin, davamlı terror cəhdlərinin qarşısı alındı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.   Qardaş Türkiyə Respublikası Vətən müharibəsi gedişində də öz mövqeyini açıq şəkildə ortaya qoydu və Azərbaycanı həm mənəvi, həm də diplomatik platformada qəti şəkildə dəstəklədi. Bu gün də Azərbaycan və Türkiyənin birgə səyləri regionda sabitliyin, stabilliyin, inkişafın qarantı, bazisi rolunda çıxış edir. Bunu bütün region dövlətləri, qlobal güclər və beynəlxalq təşkilatlar da anlamalı, Azərbaycan və Trükiyənin sülhpərvər siyasətini dəstəkləməlidirlər”.   Sədr müavini bu təlimlərin ordularımızın yüksək döyüş hazırlığının qorunub saxlanılması baxımından önəminə də diqqət çəkdi: “Şübhəsiz, bu cür təlimlər həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş hazırlığının qorunub saxlanılması, onun peşəkarlığının daha da artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu təlimlər hər iki ordunun yüksək döyüş hazırlığına malik olduğunu göstərir. Naxçıvandakı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda və uğurla inkişaf etdirməkdədir.   Onu da qeyd edim ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Türkiyə brigə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib və heç kim üçün təhdid təşkil etmir. Ancaq buna baxmayaraq, Azərbaycan və Türkiyəyə düşmən olan məkrili qüvvələr bu təlimlərdən nəticə çıxarmalı və anlamalıdırlar ki, həm Azərbaycan, həm də Türkiyə onlara yönəlik istənilən təhlükəni neytrallaşdırmağa qadirdir və şanlı Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır”.   Ayşən Vəli  

Hamısını oxu