Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfər Azərbaycan əsgərinindir

Qarabağın tacı, Azərbaycanın alınmaz qalası olan Şuşanı azad edilməsi xəbəri hər birimiz üçün bayramdır.
Cənab Prezident İlham Əliyev xalqa müraciət edərək mədəniyyət incisi, tarixi əzəli torpağımız olan Şuşanın erməni işğalçılarından azad olunduğu barəsində verdiyi müjdə xəbəri hər birimizə möhtəşəm sevinc hissi yaşadır. 28 ildən sonra Şuşanın azad edilməsi xəbəri bütün xalqımız, vətəndaşlarımız tərəfindən əsl bayram kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı tarix yazır. Ali Baş Komandanın başçılığı ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edir. Hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir.
Şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından bu böyük, tarixi qələbə gün münasibəti ilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla hər bir azərbaycanlını təbrik edirəm. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə Şuşanın azad olunması zəfər sevincini xalqımıza yaşatdığına görə sonsuz təşəkkürümü bildirirəm.
Biz veteranlar əminik ki, yaxın gələcəkdə işğaldakı digər torpaqlarımız da azad ediləcək və Azərbaycan ərazi bütövlüyü tamamilə təmin ediləcək. Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək.
Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin, yaralı Əsgər və Zabitlərimizə şəfa versin.
Qarabağ Azərbaycandır!   Respublika Veteranlar Təşkilatının sədri  general-polkovnik       Tofiq Ağahüseynov

2020-11-08 00:00:00
1251 baxış

Digər xəbərlər

“Dövlət başçısının Vladimir Timoşenkoya göstərdiyi etimad, həm də veteranlarımıza və Təşkilatımıza verilən qiymətdir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Vladimir Vasilyeviç Timoşenkonu “Şöhrət” ordeni ilə təltif edib.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu münasibətlə Vladimir Timaşenkonu təbrik edib, həmçinin, dövlət başçısına veteranlara göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib:   “Öncə Təşkilatımızın Rəyasət Heyətinin üzvü Vladimir Timaşenkonu “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edir, ona ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.   Vladimir Timaşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha dövlət başçımızın veteranlara, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən şəxslərə qarşı necə böyük diqqət və həssaslıqla yanaşdığını göstərir. Buna görə bütün veteranlar, o cümlədən Təşkilatımız adından dövlət başçısına öz təşəkkürümüzü bildiririk.   Prezidentimizin Vadimir Timoşenkoya verdiyi bu qiyməti ümumilikdə veteranlara, habelə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına verilən qiymət hesab edirəm. Əminliklə bildirirəm ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fatma Səttarovanın rəhbərliyi altında dövlət maraqlarımızın müdafiə edilməsi, gənc nəslin vətənpərvərlik tərbiyəsinin güclənməsi, onların milli maraqların müdafiəsinə köklənməsi, Ali Baş Komandanın ətrafında birləşməsi istiqamətindəki fəaliyyətini əzmlə davam etdirəcək, hər zaman dövlət başçısının etimadına layiq olmağa çalışacaqdır”.

Hamısını oxu
Bu gün görkəmli alim, professor Aida İmanquliyevanın doğum günüdür

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsini dərin ehtiramla anırıq. Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.   Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.   Onun dünyadan vaxtsız getməsi bütün şərqşünaslar, Azərbaycanın bütün elmi ictimaiyyəti üçün çox böyük itki oldu. Elmimizdə onun yoxluğu ilə yaranmış boşluğu biz bu gün də hiss edirik. Bu gün bizim təsəllimiz odur ki, Aida xanımın tələbələri onun elmdə açdığı cığırla gedirlər. Təsəllimiz həm də odur ki, Aida xanımın yadigarı olan Mehriban Əliyeva Azərbaycan üçün böyük işlər görür. O, Azərbaycanın mədəniyyətini, tarixini bütün dünyaya tanıtdırır. Hesab edirik ki, Aida xanımın verdiyi tərbiyə nəticəsində Mehriban xanım ömrünü həsr etdiyi işlərlə belə vətənpərvərcəsinə, fədakarcasına məşğul olur. O, bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çox böyük töhfələr verir.   İnsan bu dünyada müvəqqəti bir varlıqdır. Ancaq bu müvəqqəti həyatda insanın qəribə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır. Aida İmanquliyeva öz qısa ömründə bu şərtlərin hamısını yerinə yetirib, ürəklərdə özünə abidə qoyub. Demək, sağlığında ölməzlik qazanıb. Onun xatirəsi hər bir zaman ürəklərimizdə yaşayacaq.

Hamısını oxu
Rusiyada Kursk döyüşündə həlak olan azərbaycanlı döyüşçünün qalıqları 80 il sonra tapıldı

İkinci Dünya Müharibəsinin döyüş meydanlarında həlak olmuş Qızıl Ordu əsgərlərinin qalıqlarını axtaran Rusiya bölmələrindən biri 1943-cü ildə ən böyük tank döyüşünün baş verdiyi Kursk vilayətində azərbaycanlı döyüşçünün qalıqlarını tapıb. Caliber.Az-dan bildirilir ki, onun kimliyi qalıqlar arasından tapılan “ölüm medalyonu”nun vasitəsilə müəyyən olunub. Məlum olub ki, o, əslən Gəncədən (Sovet dövründə Kirovabad) olan 1913-cü il təvəllüdlü Əhməd Həsənovdur.  Rusiya Müdafiə Nazirliyinin tarixi arxivindən verilən məlumata görə, 81-ci qvardiya atıcı diviziyasının Qızıl Ordu əsgəri Ə.Həsənov 1943-cü il iyulun 17-də Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında itkin düşüb. Hazırda müəyyən olunub ki, Əhməd Həsənov Kursk döyüşündə qəhrəmancasına həlak olub və kütləvi məzarlıqda dəfn edilib. Rusiya axtarış bölmələri Azərbaycan sakinlərindən 80 ildir taleyindən xəbərsiz qalınan qəhrəmanın qohumlarının tapılmasına köməklik göstərməyi xahiş edir.  

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevə həsr olunmuş "Murovun Aslanı" adlı kitabının təqdimatı keçirilib. Tədbirdən öncə Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Təbdirdə şəhid valideynləri və yaxınları, şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhidin bacısı Ayna Abdullayeva, şəhid Orxan Paşayevin atası Nazim Paşayev, ADPU Cəlilabad filialının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, şəhid qardaşı Sakit Üçtəpəli,   fəlsəfə üzrə fəlsəfə doktoru,  "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi  İlqar İsmayılzadə,  Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət İsrafilova, "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyev, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri Ələsgər Mirzəzadə, həmçinin filialın müəllim və tələbə heyəti  iştirak ediblər. Yüksək səviyyədə  keçən təqdimat mərasimində çıxış edənlər Azərbaycan dövlətçiliyi, vətənpərvərlik mövzularından və şəhid kapitan Rəşad Abdullayevdən söz açaraq onun barəsində yazılıb işıq üzü görmüş kitabı yüksək dəyərləndiriblər və müəllifə yeni-yeni uğurlar diləyiblər. Şair-publisist Ədalət Salman çıxışında şəhid Rəşad Abdullayev barədə ərsəyə gəlmiş  kitabın yazılma tarixçəsindən söz açaraq belə bir gözəl tədbirin təşkilinə görə filialın direktoru Xudayar müəllimə və bütün iştirakçılara öz təşəkkürünü bildirib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Qeyd edək ki,  şəhid kapitan Rəşad Abdullayev barədə qələmə alınmış bu kitabın ilk təqdimatı bu ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində yüksək səviyyədə keçirilib.

Hamısını oxu