Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib

Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Çox təşəkkür edirik, cənab Prezidentim. Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmnunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik. Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi. Biz də bir daha Sizi qələbəniz, - Sizin qələbəniz, bizim qələbəmizdir, - bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq. Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq. Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik. Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik. Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

2020-11-11 00:00:00
3356 baxış

Digər xəbərlər

Neftçalda Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidovun 70 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

26 avqust 2026-cı il tarixdə Neftçala rayonunda Azərbaycanın Milli Qəhrəmanı, hərbi pilot, Birinci Qarabağ müharibəsi şəhidi Zakir Məcidovun 70 illik yubileyi münasibətilə “Vətən göylərində əbədi uçuş” adlı anım tədbiri keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə, təşkilatların rəhbərləri, I və II Qarabağ müharibəsi qaziləri, veteranlar, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri, eləcə də Milli Qəhrəman Zakir Məcidovun ailə üzvləri, doğmaları və döyüş yoldaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Neftçala rayonunun Həsənabad qəsəbəsində yerləşən Şəhidlər abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq canlarını Vətən uğrunda fəda etmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Neftçala Olimpiya İdman Kompleksinin ziyafət zalında davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə  rayonun ilk Milli Qəhrəmanı Zakir Məcidovun şərəfli ömür yolu və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verilib, qəhrəmana həsr olunmuş “Bir qəsəbənin üç qəhrəmanı” adlı sənədli filmdən videoçarx nümayiş olunub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Birinci Qarabağ müharibəsinin ağır illərində Azərbaycan oğulları düşmənin qarşısına Vətən sevgisi ilə çıxıb və dövlətimizin ən çətin günlərində ona dayaq olublar. Həmin illərdə Zakir Məcidov kimi cəsur oğullar Vətənin səmasında döyüşərək, silahı cəsarəti, qanadı helikopteri ilə torpaqlarımızın təhlükəsizliyi uğrunda canlarını fəda ediblər. Zakir Məcidovun keçdiyi şərəfli ömür yolu, göstərdiyi mərdlik və hərbi şücaət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün əsl məktəbdir. RİH başçısı vurğulayıb ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu böyük Zəfər qazanaraq şəhidlərimizin qanını yerdə qoymadı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, poladdan olan iradəsi və ordumuzun qüdrəti sayəsində torpaqlarımız işğaldan azad edildi, lokal antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olundu. Bu gün Xankəndidə, Xocalıda, Şuşada, Laçında və Zakir Məcidovun son döyüşünü keçirdiyi Ağdərədə üçrəngli bayrağımız qürurla dalğalanır, azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı uğrunda geniş abadlıq işləri aparılır.   Çıxışda həmçinin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik xəttinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük diqqətlə davam etdirildiyi, şəhid ailələrinə, qazilərə və veteranlara qayğı göstərilməsinin dövlət siyasətinin ana xəttini təşkil etdiyi bildirilib. Tədbirdə çıxış edənlər – Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, hərbi pilot I Qarabağ müharibəsi qazisi, şəhidin döyüş yoldaşı Bayram Muxtarov, Milli Qəhrəmanın həyat yoldaşı Lətafət Məcidova, qohumu Hicran Mahmudova, "Neftçala-Gündoğar" rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, I Qarabağ müharibəsi şəhidi Feyruz Cəlilovun bacısı Ədilə Mustafayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin əməkdaşı, baş leytenant Seymur Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri Mustafa Qaramanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəsi Gülər Mirzəyeva Zakir Məcidovun uşaqlıq illərindən, Sasovo Ali Hərbi Aviasiya Məktəbini bitirərək Mi-24 helikopterinin komandiri kimi göstərdiyi əvəzsiz xidmətlərindən, 1992-ci ilin 6 avqustunda şəhadətə qovuşduğu son uçuşundan, malik olduğu yüksək insani keyfiyyətlərdən və simvoluna çevrildiyi əbədi qəhrəmanlıq irsindən danışıblar. Çıxışlarda Vətənə sevgi, dövlətə sədaqət və şəhidlərimizin müqəddəs xatirəsini yaşatmağın hər bir vətəndaşın mənəvi borcu olduğu, onların adının Azərbaycan xalqının qəlbində hər zaman uca tutulacağı vurğulanıb. Mərasimin bədii hissəsində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyinin incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və  mahnılar səsləndirilib. Neftchala-ih.gov.az  

Hamısını oxu
“Bu festival Azərbaycan ruhunun və mədəniyyətinin Qarabağa yenidən qayıdışıdır”

Məşhur Məmmədov: “Məlum festival həm də bütün dünyaya göstərdi ki, bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir”   Sentyabrın 18-dən başlayan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam etməkdədir. Sentyabrın 24-nə qədər davam edəcək festival çərçivəsində bəzi konsert proqramları Ağdam, Şuşa kimi işğaldan azad edilən şəhərlərdə keçirilməkdədir ki, bu da sadəcə mədəniyyət xadimləri tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən məmnunluqla qarşılanmaqdadır.   Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov sözgedən festivalın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Hesab edirəm ki, bu festival hər şeydən öncə Azərbaycan ruhunun və mədəniyyətinin o torpaqlara yenidən qayıdışıdır. Bu festival Qarabağ və ətraf rayonların Azərbaycan torpağı olduğunu, bizim bu torpağı, bu vətəni nə qədər çox sevdiyimizi göstərir. Bu festival bir daha sübut etdi ki, Azərbaycan öz mədəniyyətinin, tarixinin bərpasında, bu topaqlardan didərgin salınan məcburi köçkünlərimizin həmin torpaqlara qayıdışında son dərəcə qərarlıdır.   Ermənistan 30 il ərzində bu ərazilərdə heç bir iş görməyib. Ancaq ziyan vurub, talayıb, məhv edib... Erməni faşistləri mədəniyyət və tarixi abidələri, qəbiristanlıqları, məktəbləri, məscidləri dağıdıb. Bu gün Azərbaycan erməni vandalizminin dağıtdığı, sıradan çıxardığı abidələri, sosial infrastrukturu, yaşayış məntəqlərini, məscidləri bərpa etməklə məşğuldur.   Bu festival çərçivəsində bəzi konsertlər Şuşa şəhərində keçirilməkdədir. Hansı ki, Şuşa bizim qədim mədəniyyət mərkəzimiz, mədniyyət paytaxtımızdır. Bu festival bütün dünyaya göstərdi ki, Şuşa, Qarabağ Azərbaycan üçün sadəcə adi bir torpaq parçası deyil. Bura, bizim vətənimizdir. Bura bizə öz canımızdan əzizdir. Bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir və hər zaman bizim olaraq qalacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Polkovnik Cəlil Xəlilov veteranların mənəvi atasıdır”

Veteran.gov.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elşən Məhərrəmov Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu ad günü münasubətilə təbrik edib, onunla bağlı fikirlərini dilə gətirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınən Yasamal Rayon Şöbəsinin sədr müavini Elşən Məhərrəmov qeyd edib ki, polkovnik Cəlil Xəlilov veteranlar üçün böyük mənəvi dayaq, əsl örnəkdir: “Mən hər zaman qeyd etmişəm və bu gün də bildirirəm ki, polkovnik Cəlil Xəlilov veteranların mənəvi atası, onların mənəvi dayağıdır. Biz hər zaman onun veteranların yanında olduğuna, öz imkan və əlaqələri çərçivəsində veteranlara dəstək verdiyinə şahid olmuşuq. Veteranlarla müvafiq dövlət qurumlarının əlaqələndirilməsi, onların üzləşdiyi problemlərl bağlı aidiyyati insatnsiyaların məlumatlandırılması, veteranları düşündürən sualların cavablandırılması, müharibədə böyük şücaətlər göstərən veteranlarımızın təbliği, onların döyüş yolunun ictimaiyyətə çatdırılması və s. kimi məsələlərdə polkovnik Cəlil Xəlilov hər zaman böyük fəallıq sərgiləyib, veteranlara mənəvi sitimul verib. Mən ad günü münasibətilə polkovnik Cəlil Xəlilovu təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram. Əminəm ki, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını bugünə qədər olduğu kimi, bundan sonra da uğurla fəaliyyət göstərməkdə davam edəcək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Prezident İlham Əliyev siyasətinin təbliğində, veteran və gənclərin dövlətimizin ətrafında sıx birləşməsində yeni-yeni nailiyyətlərə imza atacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına çağırış edib.  Çağırışın mətni birinci vitse-prezidentin rəsmi saytında yerləşdirilib: “Hörmətli həmvətənlər!   Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun. Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi. Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram. Əziz qardaşlar və bacılar! Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər. Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır. Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək  tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır.  Fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür edirəm. Amma başqa misallar da var. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan? Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir.   Əziz dostlar! Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur. Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun! Sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu