Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”
“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Bu günlər xalqımız üçün sadəcə qələbəni xatırlamaq deyil, həm də milli varlığımızı, hər bir azərbaycanlının ürəyində yaşayan torpaq sevgisini, bütövlük arzusunu yenidən dərk etmək deməkdir. 2020-ci ilin həmin möhtəşəm payız günləri tariximizin ən şərəfli və ən yadda qalan səhifələrindən birinə çevrildi. 44 gün ərzində xalqın iradəsi, dövlətin gücü və ordunun əzmi bir amal ətrafında birləşərək “Dəmir yumruq” kimi sıxıldı və illərlə davam edən işğala son qoydu. Məhz buna görə də həmin günlərin hər dəqiqəsi, hər anı hər bir azərbaycanlının yaddaşında həkk olunmuş müqəddəs xatirədir. Bu xatirə həm də torpağımızın azadlığı uğrunda canından keçən, adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin and yerinə çevrilmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” əsəri məhz bu tarixi mərhələnin mahiyyətini, dövlət başçısının müstəsna liderliyini və ordumuzun misilsiz qəhrəmanlığını elmi-publisistik şəkildə təhlil edən qiymətli mənbədir. Müəllif faktlara əsaslanaraq göstərir ki, Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə uzun illər ərzində formalaşan milli iradənin, siyasi məqsədyönlülüyün və ölkənin hərbi-siyasi strategiyasının məntiqi nəticəsi idi. Müharibənin arxasında dayanan əsas güc xalq–dövlət birliyi, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun yenilməz ruhu olmuşdur. 30 il boyunca gözlənilən ədalətin bərpası bu birliyin sayəsində mümkün oldu və Azərbaycan XXI əsrin hərb tarixində iz qoyan qələbə qazandı. Kitabda müəllif 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı separatçı hərəkatın tarixi köklərini geniş şəkildə araşdırır. Qarabağ münaqişəsi sadəcə iki xalq arasında yaranmış lokal problem deyildi. Bu, Sovet İttifaqının son illərində geosiyasi maraqlarla manipulyasiya edilən, beynəlxalq güclərin müdaxiləsi ilə dərinləşən və Azərbaycan xalqına böyük faciələr yaşadan bir proses idi. Ermənistanın ideoloji əsaslara söykənən işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, bir milyonadək soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Bakı Xocalının amansız qətliamını, Şuşanın itirilməsini, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın və Qubadlının işğala məruz qalmasını heç vaxt unutmadı. Bu yaralar xalqın yaddaşında silinməz iz buraxmışdı və azadlıq gününü gözləyən hər bir azərbaycanlı həmin tarixi ədalətin bərpasına inanırdı. Müəllif haqlı olaraq 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir. O dövrdə ölkədə hökm sürən xaos, ordunun zəifliyi, siyasi parçalanmalar və xarici müdaxilələr gənc dövlətin varlığını təhlükəyə atmışdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi, müasir ordu quruculuğunun təməli qoyuldu və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası formalaşdı. Sonrakı illərdə İlham Əliyevin bu siyasəti yeni mərhələyə yüksəldərək modern ordunun, güclü iqtisadiyyatın və beynəlxalq nüfuzun bünövrəsini yaratdı. Cəlil Xəlilovun vurğuladığı kimi, məhz bu sistemli iş 2020-ci ildə qələbənin əsasını təşkil edirdi. İkinci Qarabağ müharibəsinin başlanması Ermənistanın ardıcıl təxribatlarının nəticəsi idi. Tovuz hadisələri, sərhəd boyunca gərginlik və Azərbaycanın mülki əhalisinə qarşı atəşlərin açılması artıq işğalçı dövlətin məqsədini açıq göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu Azərbaycanın səbr kasasını daşırdı və ordumuz haqq müharibəsinə başladı. Cəmisi bir neçə gün ərzində Azərbaycanın müxtəlif istiqamətlərdə qazandığı uğurlar təkcə hərbi üstünlüyümüzün deyil, həm də ordunun ruh yüksəkliyinin və qələbə amalının parlaq göstəricisi idi. Hər qarış torpağın, hər kənd və qəsəbənin azad edilməsi xalqda möhtəşəm birlik hissi yaratdı və “Dəmir yumruq” Azərbaycan xalqının həmrəyliyinin rəmzinə çevrildi. Kitabda Azərbaycan Ordusunun fəaliyyəti yüksək elmi təhlillə təqdim edilir. Ordumuzun döyüş qabiliyyəti, müasir silah sistemlərindən effektiv istifadə etmə bacarığı, əməliyyatların dəqiqliklə planlaşdırılması və hərbi qulluqçularımızın fədakarlığı dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu müharibə yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə deyil, həm də quru qoşunlarının, xüsusi təyinatlıların, artilleriya və tank birləşmələrinin sinxron fəaliyyəti ilə dünyaya nümunə oldu. Azərbaycan əsgəri qarşısında ən çətin relyefi belə aşaraq irəlilədi və qəhrəmanlığı ilə hərb tarixinə düşdü. Şuşanın qayalıqlarından qalxan döyüşçülərimiz yüngül silahlarla, bəzən əlbəyaxa mübarizə ilə şəhəri düşməndən təmizləyərək qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyatın uğuru dünya ekspertləri tərəfindən “XXI əsrin hərb möcüzəsi” kimi qiymətləndirildi. Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin hər biri Azərbaycanın bütövlüyü uğrunda canını fəda etdi və bu torpaqlara əbədiyyət möhürü vurdu. Qazilərimiz isə həyatlarını riskə ataraq döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların bəziləri ayaqlarını, qollarını, bəziləri gözlərini itirsə də, heç biri qələbə amalından dönmədi. Qazilərimizin hər biri bu xalqın canlı qəhrəmanlarıdır və dövlət tərəfindən onlara göstərilən qayğı əsərdə geniş şəkildə qeyd olunur. Müəllif vurğulayır ki, Azərbaycanın igid oğullarının fədakarlığı milli yaddaşımızın ən parlaq səhifələrini təşkil edir və gələcək nəsillər üçün örnəkdir. Müharibənin gedişində təhlükəsizlik orqanlarının fəaliyyəti də kitabda əhatəli şəkildə araşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin düşmənin daxili diversiya planlarının qarşısını alması, ölkədə sabitliyi təmin etməsi, əməliyyat məlumatlarının ordunun istifadəsinə çatdırılması qələbənin əldə edilməsində mühüm rol oynadı. 44 gün ərzində bircə dəfə belə daxili sabitliyin pozulmaması, terror aktlarının baş verməməsi Azərbaycanın güclü təhlükəsizlik sisteminə malik olduğunu sübut etdi. Zəfərdən sonra Qarabağda həyata keçirilən quruculuq işləri də əsərin mühüm istiqamətlərindəndir. Müəllif geniş şəkildə göstərir ki, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı işlərə start verildi. Füzuli, Zəngilan və Laçında hava limanlarının tikilməsi, yolların çəkilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin inşası Azərbaycanın bu torpaqlara həyat qaytarmaq əzmini nümayiş etdirir. Artıq yüzlərlə ailənin doğma yurdlarına qayıtması Zəfərin real nəticəyə çevrildiyini sübut edir. Müəllif sülh prosesini də geniş təhlil edərək qeyd edir ki, İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, Ermənistanla aparılan danışıqlarda tutduğu prinsipial mövqe, region ölkələri ilə əməkdaşlıq təşəbbüsləri ölkəmizin Cənubi Qafqazda aparıcı gücə çevrildiyini göstərir. Bu gün Azərbaycan diktə edən, şərtləri müəyyənləşdirən tərəfdir və bu reallıq sülhün uzunmüddətli olmasını şərtləndirir. Nəticə etibarilə, Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı müasir Azərbaycan tarixinin ən həlledici mərhələlərini dərindən təhlil edən, ordumuzun şücaətini, şəhid və qazilərimizin qəhrəmanlığını, Prezident İlham Əliyevin liderlik fenomenini əhatəli şəkildə təqdim edən sanballı bir tədqiqat əsəridir. Bu kitab bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi milli birliyin, dövlətin qüdrətinin və xalqın əzminin təntənəsi idi. Bu Zəfər həm bu günümüzün qürur mənbəyidir, həm də gələcək nəsillərin milli kimliyini formalaşdıran əbədi ideoloji dayaqlardan biri olacaq.  s.e.f.d., dos. Murtəza Həsənoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Siyasi İdarəetmə fakültəsinin dekanı  

Hamısını oxu
Zəfərə aparan yol: hərbi aspektlər
Zəfərə aparan yol: hərbi aspektlər

Azərbaycan Respublikasının hərbi və milli təhlükəsizlik siyasəti həm xarici, həm də daxili təhdidlərin çevik şəkildə qiymətləndirilməsinə və bu təhdidlərə qarşı balanslaşdırılmış həm hərbi, həm də qeyri-hərbi vasitələrin tətbiqinə əsaslanır. Bu kontekstdə Silahlı Qüvvələrin müasirləşdirilməsi, peşəkarlığın artırılması və dövlətin hərbi qüdrətinin qorunub saxlanılması prioritet istiqamət olaraq qalır. Hər bir sahədə olduğu kimi Silahlı Qüvvələrin də daimi inkişafında keçilmiş yola nəzər salınması, bu yolun eniş və yoxuşlarının öyrənilməsi, təhlili, yeni istiqamətlərin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.  Hüquq və İnsan Hüquqları İnstitutu İdarə Heyəti sədrinin müavini hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin Zəfərin beşinci ildönümündə  oxuculara təqdim olunan “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin keçdiyi yolun təhlili, yeni istiqamətlərin müəyyən edilməsi baxımından xüsusi dəyər kəsb edir. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə dövründə xalqa müraciətləri, çıxışları və müsahibələrinin təhlilinə həsr olunmaqla, ordu quruculuğu, sərkərdəlik məharəti və Azərbaycan əsgər və zabitlərinin Vətən müharibəsində  qəhrəmanlıqları ilə bağlı məsələri də kifayət qədər əhatə edir. Müəllifin kitabda əksini tapan hərbi məsələlərə münasibəti özünəməxsusluğu, tarixi faktlara, zamanın sınağından keçən qaydalara söykənməsi ilə seçilir. Müəllif Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda əsaslı dəyişikliklərə nail olması, İlham Əliyevin onun qurduğu təməl üzərində Azərbaycan Silahl Qüvvələrini dünyanın aparıcı orduları ilə müqayisə edilə biləcək səviyyəyə çatdırmasını konkret misallarla oxucuların diqqətinə çatdırır və bu sahədə ilkin şərt kimi məqsəd birliyinə istinad edir: “Xalqın, ordunun və dövlətin vəhdəti, qarşılıqlı güvən qədim zamanlardan uğurun əsası kimi qiymətləndirilmişdir. Heydər Əliyev dövlətin ordusunu nə xalqdan, nə də dövlətdən ayrı təsəvvür edir, gücü, qüvvəti, uğuru onların birliyində görür və bu birliyi yaratmağa və qorumağa çalışırdı: “Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir. …həm dövlət, həm xalq, həm də ordu bir istiqamətdə gedir. Bir istiqamətdə də gedəcəkdir. Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, dövlət üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır”.  İlham Əliyev bu öyüdləri unutmadı və unutmadığına görə də xalqın dəstəyini qazandı. Çətin gündə Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanında dayandı. Xalqa rəhbərlik edən liderin özündən daha çox xalqa arxalanması müvəffəqiyyətin rəhnidir”. Həqiqətən də, Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra Ordunun real və sistemli quruculuğu 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkədə xaos, siyasi qeyri-sabitlik və ordu daxilində nizamsızlıq hökm sürdüyü bir vaxtda Heydər Əliyev qısa bir müddətdə ordu sıralarını vahid komandanlıq altında  birləşdirdi, nizami ordu formalaşdırdı və ordu quruculuğuna əsaslı şəkildə start verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yalnız texniki və struktur baxımından deyil, mənəvi-psixoloji cəhətdən də güclü olması üçün xüsusi diqqət ayırdı. Onun bu sahədə tarixi fikirlərindən biri belə idi: “Ordunun qüdrətini, onun döyüş qaniliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir”. Vətənpərvərlik hissinin yüksək olması isə  əsgər və zabitin mənəvi-psixoloji durumunun əsasını təşkil edir. İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu peşəkarlığını artırdı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksətldi, eləcə də Silahlı qüvvələrin ən müasir texnika və silahlarla təchizatı istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrildi: “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik”. V.İbayev İlham Əliyevin ordu quruculuğuna verdiyi diqqəti nəzərə alaraq belə qənaətə gəlir: “İlham Əliyev bilirdi ki, xalqının şərəfi, maraqları, gələcəyi tələb etdiyinə görə Azərbaycan Ordusunun təhlükə, müharibənin məhrumiyyətləri ilə üz-üzə dayanmağa qətiyyəti çatar. Çünki uzun illər vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş ordu xalqı qarşısında Vətənin azadlığını təmin etmək kimi müqəddəs borcunu dərk edir, onun gələcək tarixini müəyyən edən ciddi sınaqlardan çəkinmirdi. Ordu məhz Vətənin işğal altında olan torpaqlarını azad etmək, xalqının həsrətinə son qoymaq, ədaləti və beynəlxalq hüququn tələblərini təmin etmək üçün bu döyüşlərə başlamışdır, onun əsgər və zabiti bu yolda canını, qanını, sağlamlığını qurban verməyə hazır idi. Bu, torpaqların işğaldan azad edilməsi üçün uzun illərdən bəri davam edən, lakin düşmənin özünün təcavüzkarlıq niyyətlərindən əl çəkmədiyi mübarizənin məntiqi nəticəsi idi. Bu mübarizə haqq ilə, ədalət ilə ədalətsizliyin, mərdlik ilə xəyanətkarlığın, cəsarət ilə ikiüzlülüyün, əyilməzlik ilə yaltaqlığın, özünəinam ilə sədəqə ummağın, hüquq ilə cinayətin, Vətəni müdafiə ilə özgə torpaqlarına sahib çıxmağın, inkişaf edən ölkə ilə yardım diləyənin, torpağın sahibləri ilə ora soxulmaq istəyənlərin mübarizəsi idi. Bu mübarizədə qan tökülsə də, şəhid verilsə də, sağlamlıq əldən getsə də, qələbə əldə olunmalı idi”. Müəllif Vətən müharibəsi günlərində Azərbaycan Ordusunun mənəvi-psixoloji vəziyəti ilə əlaqədar yazır:“Azərbaycan Ordusu peşəkarlığı, hazırlığı, əzmkarlığı, mənəvi ruh yüksəkliyinə görə fərqlənirdi. Müasir müharibənin taleyi qədim zamanlardakı kimi onda iştirak edən adamların sayı ilə deyil, xalq kütlələrinin, əsgər və zabitlərin müharibənin məqsəd və vəzifələrinə, özlərinin siyasi və hərbi rəhbərliyinə münasibətinə görə, döyüş hazırlığı, müasir texnika və silahlara malik olma və onlardan istifadə bacarığı ilə müəyyən edilir. Ordunun əsgərləri üçün silahdan əlavə, onların cəhdlərini gücləndirən, fəallıqlarını yüksəldən və onları nəzərdə tutulan məqsədə aparan mənəvi stimullar da zəruridir. İlham Əliyev özünün tabeliyində olanların igidlik və mərdliyini yüksək qiymətləndirir və özü onlara inamından güc və qüvvət alırdı. Azərbaycan əsgəri xüsusən kritik vəziyyətlərdə özünü daha parlaq nümayiş etdirirdi. O, çıxılmaz vəziyyətlərdə də ruhdan düşmür, onları dəf etmək üçün özündə qüvvə tapırdı. Məhz çətin sınaqlarda, başqalarının əllərini sallayıb ölümə məhkumluğunu düşündüyü,  fəaliyyət göstərməni buxovladıqları anlarda Azərbaycan əsgərində sanki ikinci nəfəs açılır, o, son nəfəsinə kimi döyüşür, hətta həlak olarkən belə özünün qorxmazlığı ilə düşməni məğlubiyyətə uğradırdı, bu əyilməzliyi görən düşmən gələcək döyüşlər üçün özünəinamı itirirdi.  İlham Əliyev üçün cəbhə xəritə üzərində xətt deyil, hər birinin özünəməxsusluğu, arzuları və taleyi olan canlı insanlar, Azərbaycan övladları kimi canlanırdı. Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərinin damarlarında qan cövlana başlayır, qoluna qüvvət gəlir, ayaqlarının təpəri artırdı. Tarixi, öz Vətənlərini, ana torpağı böyük məhəbbətlə sevən, işğal altında olan dağıdılmış şəhər və kəndlərin vəziyyətinə görə düşmənə dərin nifrət bəsləyən Azərbaycan əsgər və zabiti yazırdı. Onlar sadəcə özlərinin Vətən qarşısında, xalq qarşısında borclarını yerinə yetirir, lakin bu borcu cəsarətlə, mərdliklə, qorxmadan, düşmənə ağır zərbələr endirərək, onu qova-qova yerinə yetirirdilər. Hər kəs nifrət doğuran düşmənlə mübarizədə öz yerini tapırdı. Bizim hamımız həyatı böyük arzu ilə sevirik, lakin gərgin döyüşdə hər bir Azərbaycan əsgəri ölüm təhlükəsi ilə dəfələrlə üz-üzə gəlib bu təhlükəyə vərdiş edirdi. Və ölmək lazım olanda onlar sərt ölümün üzünə dik baxırdılar. Həlak olanların dostları və döyüş yoldaşları onlara görə kədərlənir, onların yerini tutaraq döyüşü davam etdirir, öz işlərini görür, borclarını yerinə yetirirdilər. Müharibə şəraiti sərt və ağır, Azərbaycan əsgəri də sərt və məğrur idi. Çünki onun amalı, məqsədi işğal deyil, Vətən torpağının azadlığı idi. Onun böyük mərdliyini, yüksək mənəvi ruhunu ağır döyüş şəraiti qıra bilməzdi. Hər bir döyüşün Vətən torpağının bir parçasının azad olunması ilə nəticələnməsi isə azadlıq mübarizlərinə yeni ruh, güc və təpər verirdi. Onlar dağılmış kənd və şəhərləri görüb qəlblərində nifrət coşduğu kimi, hər kəndi, hər şəhəri azad edəndə zəhmətlərinin bəhrəsini görüb, azad torpaq üzərində gəzib cana, gücə gəlirdi. Müharibədə qərarlar bir qayda olaraq ani qəbul edilmir. Qərar qəbul olunmamışdan əvvəl böyük düşüncə işi aparılır. Burada təkcə bir kəndin, şəhərin, yüksəkliyin alınması, cəbhə xəttinin yarılması məsələsi həll olunmur. Əsas məsələlərdən biri də qarşıya qoyulmuş vəzifədən asılı olaraq döyüşə minlərlə, on minlərlə adamın göndərilməsindən gedir. Müharibənin qəddar işində qələbənin yolu adamların həyatı və sağlamlığı hesabına salınır. Komandir hər bir döyüşdə düşmənin daha çox canlı qüvvəsini məhv etməyə nail olmaqla yanaşı, özünün tabeliyində olanlardan ən az itki verməsini təmin etməlidir. Müharibənin qaçılmaz qanunu budur. Qalib odur ki, sonda daha çox canlı qüvvəyə malik olmaqla, onlara istinad edərək öz şərtlərini diktə edir. Azərbaycan Ordusu Vətənini işğaldan azad etmək uğrunda mübarizə aparır, döyüşçülər nə üçün, hansı məqsədlə vuruşduqlarını dərk edirdilər. Bu hiss və yaşamlar, aparılan mübarizənin ədalətliliyinin dərk olunması döyüşdə qələbənin əsas amilini təşkil edirdi”. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı Azərbaycan əsgərinin haqq uğrunda, öz torpağında vuruşduğuna, xilaskar əsgər olduğuna görə mənəvi üstünlüyə malik olmasını vurğulayaraq deyirdi: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında-Azərbaycan torpağında ölür... Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?” V.İbayev özgə torpaqlarında vuruşan əsgərlərin taleyi ilə bağlı L.N.Tolstoya müraciətlə yazır: “Döyüş bölgələrindəki vəziyyət 1812-ci il noyabrın 5-də Krasnoye döyüşü adlanan döyüşdən sonra Napoleon qoşunları ilə Kutuzovun qoşunları arasındakı vəziyyəti xatırladırdı. L.N.Tolstoy Kutuzovun əsgər və zabitlərə müraciətlə dediyini və onun sözlərinin doğurduğu hissləri aşağıdakı kimi təsvir edirdi: “– İş belədir, qardaşlarım. Bilirəm ki, sizə çox çətindir, amma nə etməli! Səbr edin, çox qalmayıb, qonaqları yola salıb, sonra istirahət edərik. Göstərdiyiniz xidmət üçün padşah sizi yaddan çıxarmaz. Sizin vəziyyətiniz ağır olsa da, hər halda siz evdəsiniz; bəs bunlar – görürsünüzmü nə hala düşüblər, – deyə Kutuzov əsirləri göstərdi. – Dilənçidən də pis gündədirlər. Nə qədər ki, onlar güclü idilər, bizim onlara yazığımız gəlmirdi, amma indi yazığımız gələ də bilər. Onlar da insandırlar. Belədirmi, uşaqlar? O, öz ətrafına baxdı, ona zillənmiş və heyrət ifadə edən gözlərdə öz sözlərinə bir rəğbət gördü... O susdu və sanki heyrət içində başını aşağı saldı.– Onu da deməliyəm, axı onları buraya kim çağırmışdı? Onlara nə olursa yerində olur... – deyə birdən başını qaldırdı. Qamçısını yellədi və bütün kampaniya dövründə birinci dəfə olaraq sevinclə qəhqəhə çəkib gülən, “ura” deyib guruldayan əsgər sıralarının arasından dördnala çapıb getdi”.  İlham Əliyevin və onun Ali Baş Komandanı olduğu ordunun gərgin əməyi nəticəsində də erməni əsgərləri “dilənçidən də pis gündə idilər” və artıq “onlara da yazığımız gələ də bilərdi. Onlar da insan idilər”. Bir məsələ də var idi, “axı onları buraya kim çağırmışdı? Onlara nə olursa yerində olur...” deyilə də bilərdi”. Müəllif Zəfərə aparan yolda əsgər və sərkərdələr arasında maraqların ümumiliyinə də diqqəti çəkərək yazır: “Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan hərbçisi qarşısına qoyulan hər bir tapşırığı dəqiqliklə və şərəflə yerinə yetirməyə qabildir. İlham Əliyev çətin relyef şəraitində Azərbaycan Ordusunun irəliyə doğru hərəkətini Azərbaycan əsgəri, zabiti və generalının yüksək peşə hazırlığı və maraqların- ərazi bütövlüyünün təmin olunması istəyinin ümumiliyi ilə əlaqələndirirdi: “Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah, sona qədər irəliyə gedəcəyik”. İlham Əliyev bu inamında haqlı idi. Çünki o, silahlı qüvvələr ilə iqtidar, iqtidar ilə xalq, xalq ilə ordu arasında maraqların ümumiliyini təmin edə bilmişdi. Frenk Edkok bizim eradan əvvəl II əsrin axırlarında Marinin orduda həyata keçirdiyi islahatlardan sonra Roma ordusunda peşəkarlıqdan söhbət açarkən həmçinin qeyd edirdi ki, “Həmin vaxt əsgərlərin sadiqliyini möhkəmləndirən əlavə amil onlarla sərkərdələr arasında maraqların ümumiliyi idi”. Erməni qoşunları isə Azərbaycan Ordusunun, onun əsgərinin cəsurluğundan özünü itirmiş, “ölümcül yaralanmış”, xilas axtarırdı. Ona mənəvi qüvvə verəcək heç nə yox idi. Ümidi yalnız başqalarına – uzun illər boyu yaltaqlanıb, sədəqə umduğu havadarlara zəng etməkdə idi. Lakin mənəvi ruh olmayanda orduya ümid bağlamağa dəyməzdi. Erməni ordusu özünün bacarıqsız rəhbərlərinin başçılığı altında sonuna doğru geriyə qaçırdı”. Zəfərə aparan yolun əsas amillərindən biri də Qrdunun  təlimlər vasitəsi ilə döyüşə hazırlanması, düşmənlə mübarizədə yeni üsul və vasitədən səmərəli istifadə olunmasıdır. Müəllif  həmin cəhətlərə diqqəti cəlb edərək qeyd edir ki: “Azərbaycan Ordusu uzun illər ərzində hazırlanmış, hərbi təlimlər keçmiş, hətta Ermənistanın hərbi təxribatlarına cavab verərək, erməni silahlı qüvvələri üzərində qələbələr qazanmış, Türk Silahlı Qüvvələri ilə döyüş şəraitinə uyğunlaşdırılmış intensiv təlimlərdə iştirak etmiş, döyüş vərdişlərini yüksəltmiş, “müharibəyə manevr kimi baxmaq” vərdişləri əldə etmişdi. Suvorov müharibədə şəhər və qalaları ələ keçirməkdən daha çox düşmənin canlı qüvvəsini məhv etmək məqsədi güdürdü. F.Engels Suvorovun hərb sənətinin qabaqcıl xüsusiyyətlərini xarakterizə edərək XIX əsrin ortalarında yazırdı ki, Suvorov strategiyası müasir strategiya sisteminə uyğundur.  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı müharibə yeni dövrün müharibəsi idi. Yeni texnologiyalardan istifadə olunmaqla düşmənin texnikası və canlı qüvvələrinə endirilən dəqiq zərbələr döyüşlərin taleyinin həllində mühüm rol oynayırdı. Azərbaycan əsgər və zabiti yeni texnologiyalardan məharətlə istifadə etməklə yanaşı, döyüşlərin bütün növlərində, hətta əlbəyaxa döyüşlərdə də qəhrəmanlıq nümunələri nümayiş etdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ukraynanın “İnter” telekanalının müxbirinin verdiyi sualı cavablandırarkən deyirdi: “...Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi... Məhz bunların hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb”. Azərbaycan Ordusunu Zəfər aparan yolun əsas cəhətlərindən biri də Ali Baş Komandan tərəfindən əsgər və zabitlərin, onların ehtiyac və istəklərinin daim diqqətdə saxlanılması idi. Müəllif həmin xüsusatla da bağlı Suvorov, Cingizxan təlimlərinə müracətlə yazır: “Oleq Mixaylov Suvorovun hərb sənətinin nəticələri haqqında yazır: “Əsgər sərkərdənin fəaliyyəti onunla nəticələndi ki, qoşunlarda xəstəlik və epidemiyadan ölənlərin sayı, fərarilərin sayı, özbaşınalıqlar azaldı. Mülki əhaliyə ziyan yetirilməsi halları aradan qalxdı. Əsgərlərin qida təmini yaxşılaşdı. Həmin sözləri eynilə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusuna aid etmək olar. Müharibə zamanı heç bir fərarilik, xəstəlik və epidemiya faktı qeydə alınmamış, özbaşınalıqlara demək olar ki, yol verilməmiş, Azərbaycan Ordusu tərəfindən mülki əhaliyə ən minimum ziyan dəymiş, ölənlərin sayı 40 nəfər olmuşdur, əsgərlərin qida təmini isə yüksək səviyyəsi ilə fərqlənmişdir. Ordunun bu cür yekdillik və igidlik nümayiş etdirməsinin səbəblərindən biri də əsgər və zabitlərin öz vəzifələrini dərk edərək şüurlu surətdə və qəlbən yerinə yetirmələri idi. Vaxtilə Çingiz xan deyirdi: “Çoxlu adamları özünə tabe edirsənsə, əvvəl onların qəlbinə sahib ol: qəlblərinə sahib olduğun adamlar səni heç vaxt tərk etməyəcəklər”. Bəli, Vətən müharibəsi günlərində Ali Baş Komandanın iradəsi bir məqsədə – qələbəyə istiqamətlənmiş, bir nöqtəyə fokuslaşmışdı. Və İlham Əliyevin rəhbərliyi altında qələbə və müvəffəqiyyətlər əsgər və zabitlərdə inam, qətiyyət və bitməyən enerji yaradırdı... Ermənistan Azərbaycanın qarşısında aciz idi. Ermənistan Azərbaycanın Vətən uğrunda şəhid olan övladları qarşısında diz çökürdü. Şəhidlərin qanı yerdə qalmamışdı. Şəhidlər öz qanı ilə Azərbaycan torpaqlarını Vətənə çevirmişdilər. Vətən torpaqlarını azad etməklə Azərbaycan Ordusu onlar qarşısında borcunu yerinə yetirirdi. Azərbaycan Ordusunun cəbhədə göstərdiyi igidlik bir vaxtlar monqol ordusu haqqında söylənilənləri xatırladırdı. XIII əsr Çin salnaməçisi yazırdı: “Bizim ölkəyə gəlmiş tatar qoşununda güc və intizam o qədər qeyri-adi idi ki, adama elə gəliridi, onlar bütün dünyanı fəth edə bilər”. Napoleon isə demişdi: “...Monqol yürüşünün pərakəndə Asiya ordusunun mənasız müdaxiləsi olmasını düşünmək əbəsdir. Bu, hərbi təşkilatçılığın, onun rəqiblərinin qoşunlarından əhəmiyyətli dərəcədə yüksək olan ordunun dərindən düşünülmüş hücumu idi”. Müəllif Vətən müharibəsində Zəfər yolunun bir cəhətini də Azərbaycan Ordusunun  apardığı döyüşlərdə beynəlxalq humanitar hüquq normalarına əməl etməsində, mülki əhaliyə zərər yetirməməsində, əsassız dağıntılara yol verilməməsində  görürdü: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsi günlərində beynəlxalq humanitar hüququn pozulmasına yol vermədi, beynəlxalq hüquq normalarına riayət etdi. Azərbaycan Ordusu sübut etdi ki, özü mənəvi cəhətdən üstün olan xalq, onun ordusu müharibənin çətin, keşməkeşli günlərində humanizm prinsiplərinə əməl etməyə qadirdir. Azərbaycan Ordusu sübut etdi ki, beynəlxalq humanitar hüquq normaları yaşaya, həyata keçirilə bilər. Müharibəni beynəlxalq müharibə cinayətləri törətmədən də aparmaq mümkündür. Azərbaycan Ordusunun apardığı müharibə həm də beynəlxalq humanitar hüququn qələbəsi idi. Bunun üçün də siyasi iradə, yüksək mənəviyyat, bəşərilik və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmaq gərəkdir. A.Meyroviç yazır: “Beynəlxalq humanitar hüququn məqsədlərindən biri müharibəyə xas olan qeyri-bəşəriliyi əvvəlcədən görüb, dinc dövrdə bəşərilik ehtiyatını toplamaqdan ibarətdir” . Müəllifin hərbi terminologiyaya müraciəti, hərb sənətinin  özəllikləri ilə bağlı fikirləri onun tədqiqatına məsuliyyətli yanaşmasının, oxuculara təqdim olunan əsərin  böyük zətmətin nəticəsi olmasının göstəricisidir: “Hərbi terminologiyada “hərbi əməliyyatlar teatrı” deyilən bir ifadə var. Bu, “teatr” sözü ilə assosiasiya olunmur. Bu teatrda heç kim və heç nə oynamır, burada hamı döyüşür, yaralanır və həqiqətən də ölür. Hərbi əməliyyatlar teatrını elmi dildə qısaca orduların yerləşdiyi və qarşı-qarşıya durub döyüş əməliyyatları apardıqları ərazi kimi müəyyən etmək olar. Bu teatrın öyrənilməsi hərb elminin bütöv bir sahəsidir. Həm də ilk vaxtlar bu elm ərazinin coğrafi xüsusiyyətləri və onların hərbi əməliyyatlara təsiri ilə məşğul olurdu. Sonradan buraya siyasi, iqtisadi amillər də əlavə olundu. Aviasiyanın yaranması ilə hava məkanının da hərbi əməliyyatlara təsiri öyrənilməyə başlandı. Hazırda raketlər, dronlar artıq kosmik fəzanın öyrənilməsini tələb edir. Hərb elminin bu sahəsinə “hərbi əməliyyatlar teatrı” adının nə vaxt və kim tərəfindən verildiyi mənə məlum deyil. Lakin bu, həqiqətən də elmdir. Qarşı-qarşıya duran tərəflərin döyüşü zamanı hər bir hərbi əməliyyat özünəməxsus xüsusiyyətlərə malik olmaqla döyüş nəticəsində vəziyyət tərəflərin hazırlıq dərəcəsi, döyüş qabiliyyəti, mənəvi ruhunun təsiri altında spesifik xarakter alır: tərəflərin gücü, onların təminatı, mənəvi ruhu, yerin relyefi, hava şəraiti və onlarca digər amil döyüşə və onun nəticələrinə öz təsirini göstərir. Bütün bunlar sərkərdəni hər dəfə hərbi əməliyyatlara fərqli baxışlarla baxmağa məcbur edir. O, vəziyyəti öyrənməli, imkanlarını ölçüb-biçməli, dəyərləndirməli, yeni şəraitdə qoşunun imkanlarını müqayisə etməli, müvafiq olaraq yeni, orijinal, əvvəlkilərə oxşamayan qərar qəbul etməlidir. Əlbəttə ki, döyüşün nəticələri əsasən orduların ilkin hazırlığı, təchizatı, ordudakı nizam-intizam, döyüşçülərin mənəvi ruh yüksəkliyi, apardıqları mübarizənin məqsədlərindən daha çox asılı olur. Müasir tədqiqatçılar Çingizxanın “müvəffəqiyyətlərinin dərin səbəblərini ilk növbədə onun yaratdığı orduda, monqol hərbi rəislərində tərbiyə etdiyi hərb sənətinin sirlərində görürdülər” Hərbi əməliyyatlar teatrında baş verənlərin Azərbaycan Ordusunun qələbələri ilə başa çatması təsadüf deyildi. Azərbaycan uzun illər səmərəli şəkildə qüdrətli ordu yaradılması ilə məşğul olmuş, hərb elminin bilicilərini yetişdirmiş, orduda nizam intizam, milli vətənpərvərlik hissləri gücləndirilmişdi. Ən əsası isə Azərbaycan Ordusu haqq işi uğrunda “böyük günahlar törətmiş” işğalçılara qarşı vuruşurdu. Yaradan və insanlıq qarşısında günahkar olanlar cəzalarını almalı idilər”. Hazırkı mərhələdə proritet məsələ yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması və ölkənin müstəqil inkişafına təhdid yarada biləcək istənilən riski önləməkdir. Azərbaycan Ordusunun və təhlükəsizlik sisteminin bu vəzifələri icra etmək üçün hazır və bacarıqlı olması isə həm xalqımızın güvən mənbəyidir, həm də müstəqil dövlətçiliyimizin möhkəm dayağıdır. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur. V.İbayevin oxucuların müzakirəsinə verdiyi “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabını həm də Azərbaycan Ordusunun müstəqil dövlətçiliyimizin möhkəm dayağı kimi hər zaman üzərinə qoyulmuş vəzifələri icra etmək üçün hazır olmasına  mənəvi dəstək kimi dəyərləndirmək olar.  Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru    

Hamısını oxu
Dövlətə xəyanət siyasi mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq ən ağır cinayətdir
Dövlətə xəyanət siyasi mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq ən ağır cinayətdir

Bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsindən daha təbii, daha ədalətli heç nə yoxdur... Bugünlərdə AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarışın aparılması, habelə, hər iki şəxsin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmaqdadır. Vətəndaşların böyük əksəriyyəti baş verənləri dövlət təhlükəsizliyi baxımından zəruri addım kimi qiymətləndirsə də, xarici ölkələrdəki bəzi müxalifətçilər bunu iqtidarın müxalif partiyaya qarşı hücumu kimi təqdim edir. Halbuki, AXCP təmsilçilərinin DTX tərəfindən istintaqa cəlb edilməsinin iqtidar-müxalifət münasibbətlərindən qaynaqlanmadığı göz önündədir. Çünki DTX-nın apardığı istintaq konkiret faktlara, dəlillərə əsaslanır. Əli Kərimlinin evindən tapılan məktub buna sübutdur.  Unutmaq olmaz ki, dövlətə xəyanətin iqtidarı, müxalifəti olmur. Dövlətə xəyanət siyasi mənsubiyyətindən, sosial statusundan, kimin tərəfindən törədilməyindən asılı olmayaraq, ən ağır cinayətdir və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsindən daha təbii, daha ədalətli heç nə yoxdur. Şübhəsiz, indiki halda istintaqa cəlb edilən şəxslərin vətənə xəyanət etdiyini qəti şəkildə iddia etmək olmaz. Çünki hələ ki, ilkin istintaq işləri aparılır və ortada AXCP nümayəndələrinin xəyanətini isbatlayacaq məhkəmə hökmü yoxdur.  Lakin eyni zamanda DTX tərəfindən aparılan əməliyyat bununla bağlı əsaslı şübhələrin mövcudluğunu təsdiqləməkdədir.  DTX-nın AXCP rəhbərliyi ilə bağlı atdığı addımları hakimiyyətin müxalifətə hücumu kimi xarakterizə etməyin yanlışlığını sübut edən digər bir fakt da bugünə qədər YAP üzvü olan xeyli sayda məmurun, eləcə də bir neçə icra başçısının rüşvət və korrupsiya ittihamı ilə həbs edilməsidir. Hansı ki, bu həbslərin də böyük əksəriyyətini DTX həyata keçirib. Dövlətə xəyanətdə ittham edilən Ramiz Mehdiyevin də uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri olduğu məlumdur.  Bütün bunlar bir daha onu deməyə əsas verir ki, AXCP ilə bağlı yaşananları dövlətin müxalifəti susdurmaq cəhdi kimi dəyələndirmək yanlışdır və bu cür açıqlamalar ictimai rəyi çaşdırmağa, DTX-nın ağır cinayətlərə qarşı apardığı mübarizəni gözdən salmağa hesablanıb. Lakin hər kəs bilməlidir ki, Azərbaycan dövləti onun əsaslarını sarsıtmağa çalışan, vətənin taleyini yad dövlətlərin mərhəmətinə bağlayan şəxslərə qarşı bundan sonra da qətiyətlə mübarizə aparmaqda davam edəcək, kimliyindən asılı olmayaraq, həmin şəxslər qanun qarşısında cavab verməyə məcbur olacaq. Seymur ƏLİYEV

Hamısını oxu
“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib
“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib

26 noyabr 2025-ci tarixində Respublika Veteranlar Təşkilatında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilovun   müəllifi olduğu  “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin  müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev qonaqlara kitab haqqında qısa məlumat verib, kitabın dünənimiz, bugünümüz və gələcəyimiz baxımından önəmini şərh edib.   Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafında önəmli rol oynayacağını bildirib. Professor qeyd edib ki, Prezident İlham Əliyevin müharibə və post-müharibə dönəmindəki fəaliyyətindən bəhs edən kitabda dövlətçiliyimizin tarixi baxımından çoxsaylı faktlar yer alıb ki, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsi olduqca vacibdir. Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru  hüquq elmləri doktoru, professor Əmir Əliyev də “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağına inandığını bildirib. Professor qeyd edib ki, gənc nəsil müasir biliklərə yiyələnməklə yanaşı milli tarixi dərindən bilməli, vətənin maraqlarını qətiyyətlə müdafiə etməyi bacarmalıdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli isə kitabı polkovnik Cəlil Xəlilovun Prezident İlham Əliyevə sədaqət abidəsi adlandırdı. Şərəf Cəlilli qeyd edib ki, bu kitab bir daha sübut etdi ki, polkovnik Cəlil Xəlilov Ulu öndər Heydər Əliyev ideyalarının,  Prezident İlham Əliyevin çağırış və tövsiyyələrini təbliğ etməkdə, tarixi həqiqətlərimizin gənc nəslə çatdırılması üçün mühüm addımlar atmaqdadır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev isə çıxışında bildirdi ki, əslində kitabın adı bu kitab və onun məzmunu haqqında hər şeyi deyir və Azərbaycan həqiqətlərinin təbliği bxımından böyük hadisədir. Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabını polkovnik Cəlil Xəlilovun xalq qarşısındakı növbəti xidmətlərindən biri kimi dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.  “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov da kitabın tarixi-siyasi önəminə diqqət çəkib, sözügedən kitabın cəmiyyətdə böyük maraqla qarşılanacağını əminliyini vurğulayıb. Tədbir zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov 90 illik yubiley münasibətilə Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıb. Sonda çıxış edən polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına təşəkkür edib, Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarix xidmətlərinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacağını bildirib.

Hamısını oxu
Prezident TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Hörmətli forum iştirakçıları! Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram. Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır. Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir. Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir. Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır. 2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər. Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram".  

Hamısını oxu
“TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilkdir”
“TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilkdir”

"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilk, bir başlanğıcdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, adıçəkilən forumun iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Bakıda keçirilən bu tədbir türk dünyası üçün yeni bir ənənənin əsasını qoydu: “Bakıda TDT-ə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi hər mənada mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktub, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məlum forumda iştirakı bütövlükdə bu tədbirin önəmindən xəbər verir.  Hər şeydən öncə qeyd edək ki, forum türk dövlətləri arasında olduqca faydalı bir ənənənin başlanğıcını qoydu. Belə ki, Azərbaycanın səyi və təşkilatçılığı ilə ilk dəfə bir araya gələn türk dövlətlərinin QHT nümayəndələri birgə müzakirlər həyata keçirdilər, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atdılar. TDT üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Bakıda keçirilən həmrəylik forumu, tədbridə iştirak edən bütün QHT-lər üçün mühüm təcrübə oldu. Çox böyük ehtimalla bundan sonra biz türk dünyası daxilində QHT-lərin bu cür toplantılarına daha tez-tez rast gələcək, bu forumların türk xalqları arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyinə şahidlik edəcəyik”.  Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlanan məktubunun və bu məktubda yer alan nüansların da mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: “Prezident İlham Əliyev Forum iştirakçlarına ünvanlanan məktubunda bu mühüm tədbirin əhəmiyyətinə toxunmaqla yanaşı, türk xalqlarının ortaq dil və mədəniyyətə malik olduğunu yada saldı, türk dünyası daxilində əlaqələrin daha da inkişaf etdirlməsinin vacibliyini vurğuladı. Dövlət başçısı məktubunda konkret təkliflə də çıxış etdi. Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır”. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin türk dünyası QHT-lərinin gələcək əməkdaşlğına böyük ümidlər bəslədiyini, bundan sonra da bu əmədkaşlığa dəstək verməyə hazır olduğunu, sözügedən əməkdaşlığın nəticələri ilə bağlı ciddi gözləntilərə malik olduğunu göstərir. Prezident İlham Əliyevin bu yanaşması Forum iştirakçıları, habelə türk dünyasında fəlaiyyət göstərən bütün QHT-lər üzərində mühüm məsuliyyət qoyur. TDT-yə üzv olan dövlətlər Bakıda keçirilən Forumun mahiyyətinə uyğun olaraq əməkdaşlıq əlaqələrini gücləndirməli, bu əməkdaşlıq mahiyyət etibarilə bütün türk dünyasının inkişafına, onun dünyadakı mövqeyinin daha da güclənməsinə xidmət etməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə buna nail olacaq, QHT-lər olaraq dövlətlərimizin və xalqlarımızın əldə etdiyi müvəffəqiyyətlərə daha ciddi töhfələr verəcək, türk dünyasının maraqlarını daha geniş coğrafiyada müdafiə etməyə nail olacağıq”. Seymur ƏLİYEV

Hamısını oxu
“D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir”
“D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir”

“21 noyabr 2025-ci il tarixində Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumu qlobal informasiya təhlükəsizliyinin təmini istiqamətində atılan tarixi addımdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sdəri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Forum iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanladığı müraciət, bu müraciətdə yer alan çağırışlar Forumun əhəmiyyətini göstərir: “Hər şeydən öncə qeyd edək ki, D-8 Media Forumu 2 milyarddan çox insanı əhatə edən dövlətlərin Forumudur ki, bu rəqəmin özü tədbirin qlobal miqyasını əks etdirir. Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Forumda iştirakı, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti də Forumun əhəmiyyətindən xəbər verirdi. Qlobal informasiya təhlükəsizliyinin təmininə, “media çirkliliyi”nin ortadan qaldırılmasına, D-8 dövlətlərinin media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən Forumda informasiya təhlükəsizliyi üçün təhdid yaradan hallar, eləcə də, məlum problemlərin həlli yolları ətraflı müzakirə edildi. D-8 Media Forumu bir daha sübut etdi ki, Azərbaycan qlobal təhlükəsizliyinin bir hissəsi olan informasiya təhlükəsizliyinə mühüm önəm verir, bu təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini son dərəcə vacib hesab edir”. Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Forum işirakçılarına ünvanlanan müraciətinin də bir-birindən önəmli çağırışlarla zəngin olduğunu bildirib: “Prezident İlham Əliyev Forum iştirakçılarına ünvanlanan müraciətində qlobal informasiya təhlükəsizliyinin təmin edilməsi üçün atılması gərəkən addımlara diqqət çəkdi ki, bunlardan da biri D-8 ölkələrinin media orqanları arasında əməkdaşlığın genişlənməsi, həmçinin, ortaq media platformasının yaradılması oldu. Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən bu çağırış informasiya çirkliliyinin qarşısının alınması, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə baxımından həqiqətən də mühüm əhəmiyyətə malikdir. Forum dövlətlərinin media qurumları arasında əməkdaşlığın dərinləşməsi dəqiq və dolğun informasiyaların təqdimi üçün əlverişli şərait yaradar ki, bu da dezinformasiyalar üçün gərəkli olan zəminin ortadan qaldırılması deməkdir. Ortaq media platformasının yaradılması da ictimaiyyətə təqdim edilən xəbərlərin etibarlılığını, dürüstlüyünü, dəqqiliyini təmin etmək baxımından oldquca önəmlidir. Hesab edirəm ki, Forum iştirakçıları Prezident İlham Əliyev tərəfindən irəli sürülən təkliflərin reallaşması istiqamətində lazımi addımlar atacaq və bununla qlobal informasiya təhlükəsizliyinin təmininə böyük töhfə verəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının başsağlığı
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının başsağlığı

Azərbaycandan Türkiyəyə istiqamətlənən və qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtmışdır. Bu ağır faciə nəticəsində həlak olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir və dözüm diləyirik. Azərbaycan veteranları adından qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildirir, bu ağır itkinin kədərini ürəkdən paylaşırıq. Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır.   Allah rəhmət eləsin.

Hamısını oxu
Novxanıda Zəfər Günü münasibətilə bayram süfrəsi təşkil edilib
Novxanıda Zəfər Günü münasibətilə bayram süfrəsi təşkil edilib

8 Noyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində böyük zəfərin 5-ci ildönümü münasibətilə iş adamı Cəlil Nağıyev tərəfindən şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib. Tədbirdən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub.  350 nəfərin iştirak etdiyi bayram süfrəsində açılış nitqi ilə çıxış edən məscidin axundu Hacı Ələsgər Mikayılzadə, 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi bu zəfərin dünya hərb tarixində misilsiz hadisə olduğunu söyləyib. Axund qeyd edib ki, bu zəfər Azərbaycan xalqının böyüklüyünü, şücaətini, yenilməzliyini bir daha bütün dünyaya sübut etdi, birmənalı şəkildə təsdiqlədi. Şəhid Rauf İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov çıxışında Azərbaycan gəncliyinin cəsarət və vətənpərvərliyinə diqqət çəkib, zəfərin əldə edilməsində gənclərimizin mühüm rol oynadığını vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən bu möhtəşəm zəfərin xalqımızın və dövlətimizin həyatında silinməz iz buraxdığını bildirən Rauf İbadov, gələcək nəsillərin də vətənpərvərlik ruhunda yetişdirilməsinin mühüm önəm kəsb etdiyini söyləyib. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov 8 Noyabr zəfərinin milli-mənəvi dəyərlərimiz baxımından əhəmiyyətinə diqqət çəkib. Hacı Bəxtiyar Nəcəfov qeyd edib ki, məhz erməni faşizminin darmadağın edilməsindən sonra işğaldakı ərazilərdəki dini abidələri, məcscidləri əsarətdən qurtarmaq, onları bərpa etmək mümkün olub. Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qvvələrimizin əldə etdiyi böyük zəfərə, onun beynəlxalq aləmdə doğurduğu əks-sədaya diqqət çəkib. Hacı Soltan Əlizadə qeyd edib ki, 8 Noyabr zəfəri öz unikallığı, təkrarsızlığı, əzəməti ilə bütün dünyanı heyrətə gətirib, dünya hərb tarixində dərin iz qoyub. Artıq regionda sülhün və sabitliyin mövcud olduğunu xatırladan axund, bunu dövlətimizin, Prezidentimizin ən böyük uğurlarından biri kimi xarakterizə edib. Tədbirdə çıxış edən BDU-nun tələbəsi Nüsrət Mirzəyev, kənd ağsaqqalı Nuhbala Ağayev, “Azərbaycan Bayrağı” ordenli ehtiyatdfa olan polkovnik Elmar Hüseynov, müharibə veteranı polkovnik-leytenant İlham Rüstəmov, tanınmış ziyalı Musa Mirzəyev və digərləri də 8 Noyabr zəfərini Azərbaycan xalqının ən böyük tarixi qələbəsi kimi qiymətləndirib, şəhidlərimizin və qazilərimizin qəhrəmanılığından ehtiramla söz açıblar. Tədbirin sonunda çıxış edən iş addamı Cəlil Nağıyev bayram münasibətilə Azərbaycan xalqını  təbrik edib, 8 Noyabr zəfərinin tarixi önəminə toxunub: “Mən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu böyük, misilsiz 8 Noyabr zəfərinin 5-ci ildönümü  münasibətilə xalqımızı təbrik edir, şəhidlərimizin və şəhid analarının qarşısında baş əyir, qazilərimizə sonsuz təşəkkürümü bildirirəm. Hər kəsə məlumdur ki, bizə bu səfəri bəxş edən Prezidentimiz, Silahlı Qüvvələrimiz, şəhidlərimiz və qazilərimiz oldu. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müharibə dönəmində xalqla sərgilədiyi mənəvi həmrəylik, xalqımızın dövlətimiz ətrafında sıx birləşməsi, öz ordusunun yanında olması da qələbimizə böyük töhfə verdi. Qələbəmizi öz qanları, canları bahasına təmin edən şəhidlərimiz, ölümün gözünə dik baxaraq düşmən üstünə cəsarətlə addımlayan, öz igidlikləri ilə onları dəhşətə gətirən qazilərimiz bizim üçün əbədi qürur və iftixar mənbəyidir. Qələbəyə nail olsaq da, hələ qarşıda görməli olduğumuz çox iş var. Biz yeni qələbələr üçün Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməli, dövlətimizin işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərinə dəstək verməli, habelə, uşaq və yeniyetmələrimizin vətənpəvərlik ruhunda tərbiyə edilməsinə böyük diqqət yetirməliyik. Unutmamamlıyıq ki, xalqımızın və dövlətimizin gələcəyi yeniyetmə və gənclərimizdən, onların milli-mənəvi dəyərlərə bağlılığından, vətənpəvərlik ruhundan bilavasitə asılıdır. Mən bir daha xalqımızı bayram münasibətilə təbrik edir, xalqımıza əmin-amanlıq, Prezidentimizə və dövlətimizə xalqımızın rifahı, respublkamızın çiçəklənməsi naminə apardıqları mübarizədə sonsuz uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
"Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir"
"Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir"

Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir” “8 noyabr 2025-ci ildə böyük qələbənin 5-ci ildönümü münasibətilə keçirilən Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir”. Bunu Moderator.az-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu parad Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, onun tarixi müttəfiqləri, mövcud siyasi münasibətlər sistemi haqqında da düünyaya mesaj oldu: “8 noyabr tarixində Bakıda keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri iştirak etdi, Ordumuzun arsenalındakı müasir silahların bir hissəsi ictimaiyətə nümayiş olundu. Bu parad göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də dünyanın ən qabaqcıl orduları sırasındadır və ordumuzun vəətnpərvərlik ruhu, döyüş əzmi ilə yanaşı, hərbi-texniki təchizatı da olduqca yüksək səviyyədədir. Diqqəti cəlb edən məqamlardan biri də Türkiyə və Pakistan liderlərinin də bu paradda iştirak etməsi oldu. Paradda Türkiyə və Pakistan hərbçilərinin  keçid etməsi, Türkiyənin “Bayraktar Akıncı” PUA-larının, F-16-ların,  silahlanmaya yeni qəbul edilən Pakistan istehsallı “JF-17” qırıcılarının da səmada havalanması tamaşaçılar tərəfindən böyk maraqla qarşılandı. Paradda çıxış edən Türkiyə Prezidenti bəyan etdi ki, ölkəsinin Azərbaycanla birliyi daha da güclənəcək, ikitərəfli münasibətlər bundan sonra da dinamik şəkildə inkişaf edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanla qardaşlıq münasibətlərindən məmnunluğunu dilə gətirib, ölkəsinin istehsal etdiyi “JF-17” qırıcılarını, bu qırıcıların Bakı səmansında uçuşunu Azərbaycan-Pakistan dostluğunun rəmzi kimi xarakterizə edib. Xatırladım ki, cari ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilmiş, həmin görüşdə üçtərəfli münasibətlərin inkişafı, terrorizmə qarşı birgə mübarizə, bütün sahə və istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsi və s. kimi məsələlərlə bağlı ortaq mövqe sərgilənmişdi. 8 noyabr paradında Azərbaycanla yanaşı, Türkiyə və Pakistan hərbçilərinin də iştirakı göstərdi ki, liderlərin Laçın görüşündəki birlik mesajları praktiki müstəvidə reallaşmaqda, birmənalı şəkildə öz əksini tapmaqdadır. Əminəm ki, Bakıda keçirilən 8 noyabr paradı bütün anti-Azərbaycan, anti-türk qüvvələri üçün çəkindirici mesaj olacaq, üç dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da inkişafı üçn təkan rolunu oynayacaq. Mən bayram münasibətilə bütün Azərbaycan xalqını, Azərbaycan Ordusunu, bu şanlı ordunun şanlı sərkədəsi Mzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Üçrəngli Bayraq – Zəfərin, Qürurun və Müstəqilliyin Əbədi Rəmzi
Üçrəngli Bayraq – Zəfərin, Qürurun və Müstəqilliyin Əbədi Rəmzi

Noyabrın 9-u... Bu tarix Azərbaycan xalqının yaddaşına qürurun, milli heysiyyatın və dövlətçiliyin simvolu kimi əbədi həkk olunub. Hər il bu gün Vətənin səmasında dalğalanan üçrəngli bayrağımıza baxanda hər bir azərbaycanlının qəlbində vətən sevgisi, qürur və fəxarət hissi alovlanır. Çünki bu bayraq xalqımızın tarixi, azadlıq iradəsi və müstəqillik əzminin təntənəsidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi. Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumət qərarına əsasən 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etmiş və mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq elan edilmişdi. Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkçülük, İslamçılıq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və tərəqqiyə yönəlmiş iradəmizi ifadə edir. Cümhuriyyət süqut etdikdən sonra bu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı. Və 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramı daha da yüksəltdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürur və fəxarətlə qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl sahilində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda  Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.” 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən hər bir azərbaycanlı qürurla deyə bilər: “Bayrağımız öz doğma torpaqlarında, azad səmalarda dalğalanır.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində üçrəngli bayrağımız qaldırıldı. Unutmayaq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs bayraq müstəqilliyimizin, milli varlığımızın və əbədi azad ruhumuzun rəmzidir. Onu qorumaq, ucalığını daim yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki üçrəngli bayrağımız yalnız səmalarda deyil, həm də hər birimizin ürəyində, şəhidlərin qanı ilə yoğrulmuş Vətən sevgisində dalğalanır. Bu gün Azərbaycan xalqı fəxrlə deyir: Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun Ali Baş Komandana! Cəlil Xəlilov      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi. Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı paradda çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Əziz hərbçilər. Hörmətli qonaqlar, xanımlar və cənablar. Mən Sizi və bütün Azərbaycan xalqını şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bu gün bizimlə bərabər olmaları bir daha birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir, etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən, eyni zamanda, bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpağı azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı. Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir. Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir. Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik. Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını şanlı Zəfərimiz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır! X X X Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı -Əziz Qardaşım, Prezident cənab İlham Əliyev. Pakistanın Baş naziri cənab Şahbaz Şərif. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti. Azərbaycanlı qardaşlarım. Sizləri ən səmimi hisslərimlə, hörmət və sevgi ilə salamlayıram. Zəfər Günümüzün beşinci ildönümündə sizinlə bərabər olmaqdan böyük xoşbəxtlik duyuram. İlham Əliyev qardaşıma zərif dəvətinə görə təşəkkürlərimi bildirirəm. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi sevgilərini gətirdim. Bu qürur günümüzdə inanıram ki, hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşqunu yaşayır. Zəfərimiz mübarək olsun! Allah Azərbaycanı və Türk dünyasını neçə belə Zəfərlərə qovuşdursun! Azərbaycanın sevincini bölüşən Pakistanın Baş naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm. Qardaşlarım, bu gün hamımız birlikdə otuzillik işğala son qoyan möhtəşəm və misilsiz bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizi - Azərbaycanın igid övladlarını bir daha rəhmətlə yad edirəm. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını, inşallah, cənnət etsin. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə təsvir edirdi:   Bu gün gərək Hər anımız Vətən! – desin! Qılıncımız, qalxanımız Vətən! – desin Ölənlərin əvəzinə Qalanımız Vətən! – desin. Vətən! – desin Qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin. Fərqi yoxdur, harda olaq, Zamanımız, məkanımız Vətən! – desin. Ürəkləri hər dəfə Vətən deyə döyünən qəhrəman qazilərimizə minnətdarlıq hisslərimi ifadə edir, “Uca Allah onlardan razı olsun!” deyirəm. Həyatları bahasına apardıqları qəhrəmanlıq mübarizəsi ilə otuzillik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bir daha təbrik edirəm. Həmçinin bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm. İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır. Bilirsiniz ki, əslən qarabağlı olan böyük bir şairimizi 45 gün əvvəl haqq dünyasına yola saldıq. Mərhum Yavuz Bülent Bakiler Qarabağ həsrətini bu misralarla dilə gətirmişdi: Torpağına bayraqlarla girə bilərəm, Qara sevdalılar kimi həsrətəm Qarabağa. Uğrunda ölə bilərəm. Bir gün bitərsə hər şey Qarabağı görmədən. İstəmərəm orkestr, böyük əklillər. Allahım, ruhuma bir az sükun ver. Üstümə oxunmuş bir ovuc müqəddəs Qarabağ torpağından sərpilsə yetər. İllərlə şairlər Qarabağ üçün həsrət dolu belə şeirlər yazmışlar. İlham qardaşımın qətiyyətli liderliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək könüllərdəki 30 illik bu yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında əmin-amanlıq, inkişaf, sülh, rifah və azadlıq var. İnşallah, bu sülh və təhlükəsizlik mühiti daha da güclənməkdə davam edəcək. Əziz dostlarım, hörmətli qonaqlar, Qarabağ Zəfəri vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymaqla qalmadı. Eyni zamanda, bölgəmizdə yeni bir dövrün qapılarını açdı. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik. Bunu da burada xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülh məsələsində son dərəcə ümidvarıq, nikbinik. İlham Əliyev qardaşımın davamlı sülhün bərqərar olması üçün göstərdiyi səmimi fəaliyyəti təqdir edirik. Ermənistanın Baş naziri cənab Paşinyanın da bu yolda atdığı cəsur addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv mövqeyi ilə bölgədə əmin-amanlığı və sülhü bərqərar edəcək davamlı bir müqavilə ilə nəticələnəcək. Türkiyə olaraq bu məsələdə üzərimizə nə düşürsə, inşallah, bunu etməkdə davam edəcəyik. Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk. Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarının artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram. Əziz qardaşlarım, Azərbaycan Qarabağ başda olmaqla bölgənin bərpasında və yenidən qurulması, xalqın təhlükəsiz şəkildə geri qayıtması, yox edilən mədəni və dini mirasın bərpası üçün böyük səylər göstərir. Qarabağa İlham qardaşımla birlikdə, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin də bir qismində iştirak etdiyi səfərlərimiz oldu. Zəfərdən sonra Qarabağın bütün ərazisində yaşanan inkişaf və investisiya səfərbərliyinə bilavasitə şahid oldum. Hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmir yollarını, evləri, yüksələn binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. İlham qardaşımın liderliyi ilə Can Azərbaycanın nələrə qadir olduğuna yaxından şahid oldum. Bir daha “Maşallah!”, “Bərəkallah!” deyirəm. Təbii ki, bizim gördüklərimiz, sadəcə, bir başlanğıcdır. İnşallah, bunların davamı da gələcəkdir. Qarabağ möhtəşəm gözəlliyi ilə bölgənin yenidən parlayan ulduzu olacaq. Bu prosesdə biz də Azərbaycana hər cür lazımi dəstəyi verəcəyik. Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk. Ailə məclisimizin bütün üzvlərinin ən yüksək səviyyədə iştirakı ilə oktyabr ayında Qəbələdə 12-ci Zirvə Görüşümüzü keçirdik. Zirvə Görüşündə çağırışını etdiyim 15 Dekabr – Dünya Türk Dili Günü qərarının da UNESCO nəzdində həyata keçməsindən məmnunluq duyuram. Təşkilata sədrliyi dövründə Azərbaycan ilə həmrəyliyimiz, inşallah, daha geniş vüsət qazanacaq. İndidən Can Azərbaycana fəaliyyətində uğurlar diləyirəm. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm. “Rəbbim yar və yardımçınız olsun!” deyirəm. Bu düşüncələrlə Vətən müharibəsində al qanları ilə torpağı sulayan əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə təşəkkürlərimi bildirirəm. Eynilə, 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun bütün şəhidlərini, xüsusən şöhrəti ilə ün salmış şəhid Ənvər Paşanı və qardaşı Nuri Killigil Paşanı bir daha ehtiramla yad edirəm. Fürsətdən istifadə edərək 9 Noyabr – Dövlət Bayrağı Gününüzü də ürəkdən təbrik edirəm. Hamınızı ən səmimi hisslərimlə salamlayıram. Sağ olun, var olun, Allaha əmanət olun! X X X Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi. Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı -Mənim əziz qardaşım, Prezident İlham Əliyev. Mənim əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan. Əziz qardaşım, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx həzrətləri Əl Məktum. Azərbaycan Silahlı Qüvvələrin qəhrəman şəxsi heyəti. Azərbaycanlı qardaş və bacılar. Hörmətli rəsmilər, xanımlar və cənablar. Salaməleyküm, günortanız xeyir olsun. Əziz qardaşım Prezident İlham Əliyevə belə bir sevinc dolu münasibətlə mənə etdiyi nəzakətli dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Pakistan xalqının səmimi salamlarını azərbaycanlı qardaş və bacılarına çatdırıram. 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbənin beşinci ildönümünü qeyd edirik. Xanımlar və cənablar, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər. Azərbaycanlı və türk qardaşların arxasınca marşla gedən müzəffər Silahlı Qüvvələrimizi görmək, əlhəmdülillah, hər il güclənən möhkəm dostluğumuzun gözəl rəmzi olan “JF-17 İldırım” qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran mənzərədir. Xanımlar və cənablar, bu il avqustun 14-də Hindistanla dördgünlük mübarizədə tarixi zəfərimizi – Maarka-e-Haqqı qeyd etmək məqsədilə sürəkli alqışlarla İslamabadda Pakistanın Silahlı Qüvvələri ilə birlikdə fərəh hissi ilə marş altında keçən Azərbaycan və Türkiyənin hərbi kontingentləri yadıma düşür. Bu gün ürəyim fəxarət hissi ilə dolur. Xanımlar və cənablar, çünki mən böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını burada görürəm. Uşaqlıq xatirələrim göz önünə gəlir. O zaman, mərhum atam 1947-ci ildə Pakistanın yaranması ilə nəticələnmiş ulu babalarımızın tarixini mənə söylədi. Bu gün sizin təbəssümlü simanızı və sevinc dolu gözlərinizi gördükdə uşaqlığın o əziz xatirələri bir daha qəlbimdə canlanır. Xanımlar və cənablar, azadlıq mübarizəmizdə işıq saçan mayakımız, milli şairimiz Allama Məhəmməd İqbal şeirində yazırdı: “Birlik qarşısında dayanır nə qılınc, nə strategiya! İnamın alovu zəifləyəndə isə, bu birliyin bütün telləri titrəyir!”. Mən bu misraları indi ingilis dilində söyləyirəm. İqbal öz tarixi şeirində bu misraları bu cür yazmışdır. Bu cür dəyərli misralar bizə xatırladır ki, azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır, çünki onlar qəhrəman mücadiləsinə həvəs verir. Xanımlar və cənablar, beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq. Hörmətli qonaqlar, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün, o cümlədən Qəzzanın cəsur və güclü xalqı və Hindistanın qeyri-qanuni işğal etdiyi Cəmmu və Kəşmir xalqı üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu. Bu ilin mayında Hindistanla dördgünlük mübarizə zamanı bütün dünya Azərbaycan ilə Türkiyənin böyük xalqlarının və qətiyyətli rəhbərlərinin Pakistanın yanında dayandığının şahidi oldu. Feldmarşal Səyid Asim Munirin dinamik və qorxmaz rəhbərliyi ilə Pakistanın olduqca peşəkar Silahlı Qüvvələri düşmənin burnunu ovdu, düşməni şoka və qorxuya salan sərrast və çox tutarlı hərbi zərbələr endirdi. Hava Qüvvələri Marşalı Zahir Bəbir Sidhunun bacarıqlı komandanlığı altında Vətənin müdafiəsi üçün səmaya qalxan və hər zaman ayıq-sayıq olan şahinlərimiz düşmənin çox müasir yeddi təyyarəsini ildırım sürəti ilə sıradan çıxartdılar. Əslində, Pakistan azərbaycanlı və türkiyəli qardaşları kimi, sülhə çalışır, lakin heç kəsdə şübhə belə qoymur ki, kimsə qarşımıza çıxsın, suverenliyimizə hücum çəksin, yaxud ərazi bütövlüyümüzü şübhə altına alsın. Xanımlar və cənablar, bu gün keçmişimizi xatırlamaqla bərabər, gələcəyimizə də böyük ümid və arzularla baxırıq. Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək çox ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan güclü şəxsi sadiqliyinizin böyük rəmzidir. Qarabağın incisi Şuşada, Xankəndidə, Füzulidə, Laçında və azad edilmiş Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır. Həmçinin inkişafın ən uğurlu modellərindən biri bu gün Türkiyədə görünür və onun memarı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğandan başqa kim ola bilər?! Bütün qonaqlarla yanaşı, bu gözəl mərasimdə Türkiyəni müasir, aparıcı, strateji və iqtisadi gücə çevirən onun uzaqgörən rəhbərinə böyük iftixarla baxdığımı qeyd etməliyəm. Xanımlar və cənablar, əsl qələbə təkcə döyüş meydanında deyil, eləcə də sülh və anlaşma körpülərinin salınmasındadır. Əziz qardaşım Prezident İlham Əliyev, Azərbaycan ilə Ermənistan arasında ləyaqət və qarşılıqlı hörmətə əsaslanan sülhə aparan çətin yolda Azərbaycanı istiqamətləndirərək, Sizin müdrik rəhbərliyiniz mənə böyük təəssürat bağışlayır. Qarabağda möhtəşəm hərbi Qələbəni qazandıqdan sonra, cənab Prezident, Siz indi də bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız. Burada mən həmin sülh üçün uğur gətirmiş nümunəvi rəhbərlik keyfiyyətlərinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürümü bildirməliyəm. Məhz Prezident Trampın qətiyyətli və həlledici rəhbərliyi ilə Pakistanla Hindistan arasında atəşkəs əldə olundu, əsas müharibəyə imkan verilmədi və milyonlarla insanın həyatını xilas edərək Cənubi Asiyada sülh bərpa olundu. Xanımlar və cənablar, sülhə olan ümumi qətiyyətimiz bu yaxınlarda Əfqanıstanla olan hadisələrdə sınaqdan keçdi. Mən əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu, Qətər dövlətinin iştirakı ilə baş tutdu. Bu, həm çətin, həm də asan anlarda çiyin-çiyinə dayanan ölkələrimiz arasında güclü, sınaqdan keçmiş qardaşlıq əlaqələrinin əsl təzahürüdür. Xanımlar və cənablar, bu gün Zəfəri qeyd etdiyimiz bir vaxtda, biz, həmçinin şəhidləri yad etməliyik. Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparmış şəhidlərə Allah rəhmət eləsin. Onların cəsarəti, qüvvəsi və verdiyi qurbanlar xalqınızın tarixində və yaddaşında qalan fəsli yazdı. Bu gün cəsur oğul və qızlarımızın qanı və canı sayəsində azad olmuş zəngin Qarabağ torpaqlarında gözəl xarıbülbül yenə çiçək açır və sülh ümidi gətirir. Qoy, Uca Allah tərəqqi və firavanlıq dolu gələcəyə doğru qətiyyətlə addımlayan böyük xalqlarımıza qüvvə versin. Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu! Sağ olun. X X X Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı. Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları “Vətənə xidmətə görə” ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirildi. Daha sonra hərbi texnikaların keçidi oldu. Ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirdi. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu oldu.    

Hamısını oxu