Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir”

Məşhur Məmmədov: “Bu, həm də ölkəmizin “yaşıl enerji” potensialından xəbər verir”

Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası (SES) tikiləcək. Məlum yenilik “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da yer alıb.

Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan təbiətin qorunmasına, ekoloji mühitin yaxşılaşmasına həssaslıqla yanaşır, bunun üçün hər imkandan maksimum istifadə edir. Bu mənada, işğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisini alqışlayır, dövlətimizə uğurlar arzulayıram.

Bundan başqa, bu fakt həm də ölkəmizin nəhəng “yaşıl enerji” potensialından xəbər verir.

Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərimizdə böyük hidroenerji potensialı mövcuddur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində bu potensialdan istifadə imkanı yaranıb ki, dövlətimiz bu imkandan səmərəli şəkildə yararlanmaqdadır.

İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi başa çatandan sonra ölkəmizin elektrik enerjisi imkanları da əhəmiyyətli dərəcədə yaxşılaşacaq, habelə, su təsərrufatının daha ağıllı və məqsədyönlü şəkildə idarəsi imkanları genişlənəcək”.

Seymur ƏLİYEV

 

2024-10-11 12:35:32
3167 baxış

Digər xəbərlər

Şuşa Bəyannaməsi türk dünyasının tarixi zəfəri, onun birlik və inkişafını təmin edən həmrəyliyin rəmzidir

Azərbaycan və Türkiyə prezidentlərinin iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsi bütün türk dünyasında coşğu ilə qarşılanmaqdadır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq baxımından da yeni imkanlar və perspektivlər deməkdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib. Şuşada keçirilən görüş və tədbirlərin, imzalanan sənədin bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirən C.Xəlilov qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud hərbi əməkdaşlığın daha da dərinləşməsinin, hərbi müttəfiqlik səviyyəsinə yüksəlməsinin parlaq göstəricisidir. Həmin bəyannamədə açıq şəkildə vurğulanır ki, əgər tərəflərdən hər hansı biri üçüncü bir dövlətin təcavüzünə məruz qalarsa, o zaman müttəfiq dövlət bütün mümkün vasitələrlə öz müttəfiqinə kömək göstərəcək. Başqa sözlə, artıq Azərbaycanın və Türkiyənin çətin məqamda bir-birinə hərtərəfli yardım göstərməsi üçün hüquqi əsas mövcuddur. Bu hüquqi əsas beynəlxalq hüququn şərtləri əsasında formalaşıb. Bəyannamənin iki dövlət arasında iqtisadi-siyasi və mədəni əlaqələrin genişlənməsinə də töhfəsi verəcəyini vurğulayan Təşkilatın sədr müavini bildirib: “Şuşa Bəyannaməsinin əhəmiyyəti iki dövlət arasında hərbi müttəfiqlik əlaqələrinin güclənməsi və ən üst səviyyədə qərarlaşması ilə məhdudlaşmır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında bütün digər sahələrdə - o cümlədən mədəni, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaradır. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin bərpasında qardaş Türkiyə dövlətinin şirkətləri aktiv iştirak edir və yaxın gələcəkdə onların sayı əhəmiyyətli dərəcədə artacaq. Azərbaycan və Türkiyə Qarabağda ortaq iqtisadi layihələr gerçəkləşdirməyi planlaşdırır ki, bunun da sadəcə iki dövlət deyil, ümumilikdə region üçün mühüm əhəmiyyəti mövcuddur. Çünki iki dövlət arasında iqtisadi əməkdaşlığın güclənməsi, Qarabağda ortaq iqtisadi layihələrin gerçəkləşməsi regionun iqtisadi çəkisini artıracaq, sosial rifah şəraitini yüksəldəcək, bölgənin iqtisadi rəqabətlilik qabiliyyətini yüksəldəcək”. C.Xəlilov vurğulayıb ki, Şuşa Bəyannaməsi bütövlükdə türk dünyasının birliyi və tərəqqisi baxımından da mühüm əhəmiyyətə malikdir. Onun önəmi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrinin mahiyyət etibari ilə yeni mərhələyə qədəm qoyması ilə yekunlaşmır. Bu bəyannamə həm də bütün türk dünyasının birliyi, əməkdaşlığı, tərəqqisi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq modeli digər türk dövlətləri üçün də yaxşı nümunədir. Azərbaycan və Türkiyə arasındakı uğurlu əməkdaşlıq yaxın gələcəkdə digər türk dövlətlərinin də bu model ətrafında birləşməsinə səbəb ola bilər ki, bu da bütün türk dünyasının maraqları baxımından olduqca faydalıdır. Çünki 44 günlük Vətən müharibəsi də sübut etdi ki, türk dünyası bir-birinə nə qədər yaxından dəstək versə, bu, onların haqq səsini dünyaya çatdırması, öz maraqlarını təmin etməsi baxımından bir o qədər faydalıdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün türk dünyası üçün ciddi nəticələrə malik olacağını düşünürəm.

Hamısını oxu
“Nyu-York merinin anti-türk paylaşımına yalnız Azərbaycan deyil, bütün türk dünyası etirazını bildirməlidir”

Cəlil Xəlilov: “1915-ci il hadisələrində qətliama məruz qalan ermənilər yox, türklər olub”  “Nyu-York meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını bildirməli, sərt mövqe sərgiləməlidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.  Polkovnik qeyd edib ki, Zohran Kvame Mamdani 1915-ci il hadisələri ilə bağlı “X” platformasında tarixi həqiqətləri təhrif edilmiş formada təqdim edib ki, bu da yolverilməzdir:  “Zohran Kvame Mamdaninin “X” platformasındakı paylaşımında 1915-ci il hadisələrinə tamamilə yanlış şəkildə, erməni diasporunun maraqları aspektindən yanaşdığı, tarixi  həqiqətləri kobud surətdə təhrif etdiyi göz önündədir. Heç kimə sirr deyil ki, 1915-ci ildə Osmanlı dövlətinin başının I Dünya müharibəsinə qarışmasından istifadə edən ermənilər, türklərə qarşı qətliam törədib, qadınları, uşaqları, mülki insanları amansızcasına qətlə yetiriblər. Yəni 1915-ci il olaylarında ermənilər qurban deyil, qatil rolunda çıxış ediblər. Belə olan halda, erməniləri 1915-ci il olaylarının qurbanı kimi təqdim etmək sadəcə tarixi həqiqətə deyil, həm də əxlaqa və mənəviyyata ziddir.  Hesab edirəm ki, Nyu-York şəhər merinin 1915-ci il olayları ilə bağlı paylaşımı türk dünyasına atılan ləkədır və bu yalana qarşı yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını ortaya qoymalıdır. Türk xalqlarının böyük ziyalıları, ictimai-siyasi xadimləri, QHT təmsilçiləri, media nümayəndələri Nyu-York merinin yalanını ifşa etməli, bu cür təxribatçı fikirlərin ABŞ-la türk dövlətləri arasındakı münasibətlərə yalnız xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırmalıdır.  2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün atdığı addımlar da Zohran Kvame Mamdani tərəfindən təhrif olunmuş şəkildə təqdim olunub, Nyu-York meri bu məsələdə də açıq-aşkar birtərəfli və qərəzli mövqe tutub. Maraqlıdır ki, Nyu-York meri bu paylaşımını Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcud olduğu, ikitətərfli münasibətlərin yaxşılaşmağa başladığı, sülh müqaviləsinin imzalanması üçün əlverişli zəminin formalaşdığı bir dönəmdə yayımlayıb ki, bu da özlüyündə ciddi suallar doğurur. Maraqlıdır, Zohran Kvame Mamdaninin belə həssas bir mqəamda bu cür qızışdırıcı və təxribatçı mövqe ortaya qoyması kimin və ya kimlərin marağına xidmət edir? Nyu-York meri bununla, həm də Prezident Donald Trampın siyasətinə qarşı çıxdığını anlayırmı? Xatırladaq ki, dövlətimizin beynəlxalq hüquqla təsbit edilən öz suverenliyini qorumaq cəhdini tənqiq edən Nyu-York meri, nədənsə uzun illər ərzində ermənilərin xalqımzı qarşı həyata keçirdiyi soyqırımı və işğal siyasətinə nəzər salmağa “lüzum görməyib”. Halbuki, bir tək Xocalı soyqırımı ermənilərin Azərbaycan və bütövlükdə türk dünyasına, ümumilikdə, insanlığa qarşı necə böyük cinayətlər törətdiyinə nümunədir. Bu həqiqətlərin də yalnız Azərbaycan deyil, bütün türk dünyası tərəfindən dilə gətirilməsi vacibdir və inanıram ki, yaxın gələcəkdə biz bu və bu kimi məsələlərdə türk dövlətlərinin daha koordinasiyalı fəaliyətinə şahid olacağıq”. Seymur ƏLİYEV

Hamısını oxu
“Azəriqaz”ın rəhbərliyi Siyəzəndə sahibkarlarla görüş keçirəcək

Yanvarın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Siyəzən rayonunda sahibkarlarla görüş keçirəcək. Veteran.gov.az xəbər verir ki, bu barədə adıçəkilən qurumdan bildirilib. Məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində Siyəzən şəhəri, Cəfər Cabbarlı küçəsi, 23 ünvanında (Siyəzən xidmət sahəsinin qarşısında) baş tutacaq aksiyada sahibkarları maraqlandıran suallar cavablandırılacaq. “Səyyar qəbul otağı” saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.  

Hamısını oxu
“Prezident İlham Əliyevin Daşkənd səfərində əldə edilən uğurlar Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticədir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənd səfərində əldə edilən uğurlar Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticədir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov bildirib. Polkovnik qeyd edib ki, Daşkənd səfəri iki dövlət arasındakı münasibətlərin səmimilik və dərinliyini bütün əzəməti ilə üzə çıxardı: “Prezident İlham Əliyevin Daşkənd səfərində Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız bugününw deyil, həm də gələcəyini müəyyən edən mühüm razılaşmalar əldə edildi, mühüm bəyanatlar verildi. Verilən hər bir bəyanat, səslənən hər bir fikir göstərdi ki, Azərbaycan-Özbəkistan münasibətləri hər iki xalqın tarixi dostluğu ilə yanaşı, həm də gələcəyə dair birgə baxışına əsaslanır. Bu isə ilk növbədə sülh, tərəqqi və təhlükəsizliklə bağlıdır. Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin önəminə toxundu, bunun xalqın mənəvi birliyinin təmin edilməsindəki roluna diqqət çəkdi. Eyni zamanda, Özbəkistan Prezidenti bildirdi ki, Azərbaycanın dövlət başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir, bu yolda böyük nailiyyətlər əldə edir. Bütün bunlar dost Özbəkistan xalqının, onun timsalında bütün türk dünyasının Prezident İlham Əliyevə, onun sülh və tərəqqiyyə xidmət edən siyasətinə necə böyük qiymət verdiyini göstərir. Daşkənd səfərində diqqət çəkən məqamlardan biri də Prezidentlərin qarşıqlı şəkildə təltif edilməsi oldu. Prezident İlham Əliyev Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni, Şafkat Mirziyoyev isə azərbaycanlı həmkarını ali dərəcəli “Dostluq” ordeni ilə təltif etdi. Məlum təltifetmə mərasimi Azərbaycan və Özbəkistan arasındakı qarşılıqlı inam və etimadın nə qədər böyük olduğunu, münasibətlərin həqiqi dostluq və qardaşlığa söykəndiyini, tərəflərin bu münasibətləri inkişaf etdirməkdə nə qədər qərarlı olduğunu bir daha sübut edir. Səfər zamanı Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak etdi, bir sıra elm və mədəniyyət mərkəzləri ilə tanış oldu. Tərəflər təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməklə bağlı istəklərini bəyan etdilər. Artıq hər kəs əmindir ki, Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdə davam edəcək, münasibətlərin bu şəkildə inkişafı hər iki xalqın sosial rifahının, mənəvi birliyinin yüksəlməsinə, sülh və təhlükəsizliyin etibarlı şəkildə təmininə böyük töhfə verəcək. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı bütün türk dünyasının birlik və inkişafına xidmət edəcək ki, bu da milli maraqlarla yanaşı, həm də ümumtürk maraqları baxımından mühüm əhəmiyyətə malikdir”. Seymur ƏLİYEV

Hamısını oxu