Digər xəbərlər
Müasir qlobal təhlükəsizlik memarlığının sütunu hesab olunan NATO, daxili fikir ayrılıqları və maraqlar toqquşmasının ən mürəkkəb dövrünü yaşayır. Alyansın vahid Rusiya strategiyası, Macarıstanın Budapeşt-Moskva xəttində yürütdüyü fərqli xarici siyasət və strateji gecikdirmə gedişləri səbəbindən ciddi şəkildə sınağa çəkilir. Digər tərəfdən, hərbi xərclərin böyük hissəsini çiynində daşıyan ABŞ-ın daxili siyasi dəyişiklikləri və Avropaya qarşı "yük bölgüsü" təzyiqləri ittifaqdaxili etimadı zəiflədir. Vaşinqtonun diqqətini getdikcə Çin mərkəzli Asiya-Sakit okean regionuna yönəltməsi isə NATO-nun ənənəvi Avropa foksu ilə dərin strateji ziddiyyət yaradır. Üstəlik, Fələstin-İsrail münaqişəsi kimi qlobal böhranlara fərqli yanaşmalar, Tramp və Bayden doktrinaları arasındakı kəskin fərqlər üzv dövlətləri vahid cəbhədə birləşməkdən uzaqlaşdırır. Türkiyənin balanslaşdırılmış mövqeyi, fərqli coğrafiyalardakı maraq toqquşmaları və qlobal işğal ritorikası təşkilatın yekdil qərar qəbul etmə mexanizmini iflic vəziyyətinə gətirir. Nəticədə, daxili etibarsızlıq, geosiyasi prioritetlərin parçalanması və milli maraqların kollektiv təhlükəsizlikdən üstün tutulması müasir NATO-nu parçalanma riskləri ilə üz-üzə qoyur. Məsələ ilə bağlı hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Crossmedia.az-a açıqlama verib. O, bu məsələdə Macarıstanla bağlı yaranmış problemlərin də rol oynadığını bildirib. "Macarıstan hökuməti uzun müddətdir Rusiya ilə daha yumşaq münasibət saxlayan xətt yürüdür. Bu isə NATO daxilində, xüsusilə Ukrayna müharibəsindən sonra, ciddi fikir ayrılığı yaradır. Çünki NATO-nun ümumi strategiyası Rusiyaya qarşı çəkindirmə və kollektiv müdafiə üzərində qurulub. Macarıstan bəzi hallarda Ukraynaya hərbi və siyasi dəstək paketlərinə daha ehtiyatlı yanaşır və ya gecikdirir. Bu, NATO üzvləri arasında koordinasiyanı çətinləşdirir. NATO-da qərarlar konsensusla qəbul olunur. Macarıstan çox vaxt formal veto qoymasa da, siyasi siqnallarla qərar prosesini ləngidə bilən mövqe sərgiləyir. Bu, digər üzvlərdə narahatlıq yaradır. Bəzi NATO ölkələri Macarıstanın Rusiya ilə yaxın əlaqələrinə görə həssas hərbi və kəşfiyyat məlumatlarının paylaşılmasında daha ehtiyatlı davranır. Bu isə ittifaq daxilində etimad səviyyəsini zəiflədir. Macarıstan 2023–2024 dövründə İsveç və Finlandiyanın NATO üzvlüyü prosesini gec ratifikasiya edən ölkələrdən biri idi. Bu da NATO daxilində “siyasi alət kimi istifadə edilir” tənqidlərinə səbəb olmuşdu. Macarıstan NATO-dan çıxmaq və ya açıq bloklama siyasəti aparmır, amma onun xarici siyasət xətti alyans daxilində “birlikdə hərəkət” prinsipini bəzən zəiflədir və bu da gərginlik yaradır". Ekspert daha sonra ABŞ-ın NATO ilə son zamanlarda yaşadığı gərginliyə də diqqət çəkib. "NATO ölkələri ümumi qaydaya görə ümum daxili məhsulun təxminən 2%-ni müdafiəyə ayırmalıdır. ABŞ isə uzun illərdir ittifaqın əsas hərbi və maliyyə yükünü daşıyır. Bu səbəbdən: ABŞ Avropa ölkələrini “az xərcləməkdə” ittiham edir və əvəzində isə Avropa təhlükəsizliyin kollektiv məsuliyyət olduğunu bildirir. Digər problem yük bölgüsü məsələsiylə bağlıdır. ABŞ NATO daxilində hərbi bazaların böyük hissəsini təmin edir, kəşfiyyat və texnologiyada liderdir, operativ müdaxilələrin əsasını təşkil edir. Bu isə Vaşinqtonda belə bir narazılıq yaradır: “niyə biz daha çox ödəyirik?” Strateji mövqe fərqliliyində isə ABŞ əsas diqqəti indi Çin ilə rəqabətə və Asiya-Sakit okean bölgəsinə yönəldir. NATO isə daha çox Avropa təhlükəsizliyi və Rusiya məsələsinə fokuslanır. Bəzi ABŞ administrasiyaları (xüsusilə Tramp dövründə) NATO-nu “köhnəlmiş ittifaq” adlandırmış və üzvləri sərt tənqid etmişdi. Ukrayna müharibəsi kimi hadisələrdə ABŞ və Avropa ölkələri ümumən birlikdə hərəkət etsə də: yardımın həcmi və sürəti, mövzuya yanaşma baxımından fərqlilikləri ortaya çıxır. Yeni üzvlüklə bağlı isə ABŞ genişlənməni dəstəkləsə də, bəzi müttəfiqlər yeni üzvlərin əlavə təhlükəsizlik öhdəlikləri yaradacağını düşünür. Bu da daxili debat yaradır". Cəlil Xəlilov onu da qeyd edib ki, bu "çatların" meydana gəlməsində siyasi fikir ayrılıqları da mühüm yer tutur. "Fələstin mövzusunda fikir ayrılığı mövcuddur. Almaniya və Abş kimi qüvvələr İsrail, İngiltərə, Niderland, İspaniya və Fransa kimi qüvvələr Fələstinin müstəqilliyi mövqeyindədirlər. Müharibənin yaratdığı əlavə münaqişələr – Həmas, Hizbullah terror təşkilatları və İranla savaş o cümlədən regionda neft-qaz böhranının yaranma ehtimalı mövzunu NATO daxilində problemə çevirir. Tramp administrasiyasıyla Bayden arasındakı fərqlər də bu mövzunu dərinləşdirir. Eyni mövzu Rusiya – Ukraniya münaqişəsi, ABŞ-ın Venesuelaya müdaxiləsi və Qrenlandiyanı NATO üzvü olan Danimarkadan tələb etməsi fonunda da genişlənməkdədir. Bu mövzularda Qərbi Avropa dövlətləri həmrəylik göstərsə də, Tramp administrasiyasının işğal yönümlü baxışları, Türkiyənin tərəfsizliyi və Macarıstanın Rusiya yönümlü fəaliyyəti ortaq fikrə gəlinə bilməməsinə səbəb olur". Turqut Ansari
Hamısını oxu
Torpaqlarımızın bir qarışı belə düşmən tapdağı altında qalmadı, çünki bu torpağın 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib tarix yazan Ceyhun Rzayev kimi qəhrəmanları, ərənləri var. 26 yaşında vətən torpaqlarının azad olunması uğrunda canını verib şəhidlik zirvəsinə ucalan Ceyhun müharibənin ilk günlərindən döyüşün ən qızğın nöqtələrində iştirak edib, 200-ə yaxın ermənini məhv edib, silah-sursatını ələ keçirib. Şuşa dağlarına adını yazdıran xüsusi təyinatlı hərbçimizin ən böyük arzusu işğalçı qüvvələri Laçından çıxarmaq idi. İntiqam hissi heç zaman sönməyən döyüşçüyə Laçının işğaldan azad olunmasını atasına xəbər vermək qismət olmur, o, qələbəyə bir neçə gün qalmış, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Publika.az-a qardaşı haqqında xatirələrini bölüşüb, ağrılarından söz açan Leyla Rzayeva onunla fəxr etdiyini və əslən Laçından olduqlarını deyib. “Şəhidlik böyük mərtəbədir, qardaşımla fəxr edirəm. Ceyhun 1994-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından idmanla məşğul olurdu, həmişə deyərdi ki, hərbçi olacam. Çox sakit uşaq idi, müəllimləri həmişə razılıq edərdi. Ən çox sevdiyi fənn coğrafiya ilə tarix idi. Anam həkimdir, məktəbi bitirəndə anam dedi ki, gəl hazırlaşdırım, sən də həkim ol, ananın yolunu davam etdir. Razılaşmadı, dedi ki, ana mənə kişi sənəti yaraşar, hərbçi olmalıyam. Sözündə də durdu, 2014-cü ildə Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstələrində xidmət etməyə başladı. Vətən üçün doğulmuşdu, vətən uğrunda da şəhid oldu, torpağın oğlu idi Ceyhun. Ceyhun Rzayevin 6-cı sinfdə oxuyarkən çəkilmiş fotosu Müharibənin başlaması ilə Ceyhun da əsgər yoldaşları kimi döyüş meydanına atılır. Getməzdən əvvəl evə gəlib əşyalarını təhvil verdi, çox sevinirdi, qapıdan çıxana qədər sözü o oldu ki, mehriban olub, yaxşılıq edin, ömrü yaxşılıqlar artırır. Özü də Şuşa uğrunda gedən döyüşlərdə, noyabrın 7-də şəhidlik zirvəsinə ucaldı... Qardaşımla sonuncu dəfə 19 sentyabrda görüşmüşdük, bilməzdim ki, sonuncu görüşümüz olacaq. 20 yaşım var, indiyə kimi bir dəfə də olsun qardaşımı qucaqlamamışdım, çox zəhmli və sərt xarakterə malik idi, çəkinirdim. Söz vermişdim ki, qardaşım sağ-salamat gələn kimi qarşısında diz çöküb ayaqlarını qucaqlayacam, amma mənə onun tabutunu qucaqlamaq qismət oldu. Bu sözləri dilə gətirmək ağırdır... Bu yay evlənməyi düşünürdü”. Şəhidin bacısı bildirib ki, qardaşı son zəngində ata-anasını bərk-bərk ona tapşırıb: “Zəng edəndə ilk sözü o olurdu ki, ata, sənə Laçından zəng edəcəm, Laçına bayrağı özüm sancacam. Hər zaman Ali Baş Komandanın əmrinə tabe olub, döyüşlərdə igidliklə və son qanına kimi vətən uğrunda vuruşub, heç zaman geri çəkilməyib, həmişə ön cəbhədə olub, fəxr və böyük inamla yolumuz Laçına deyə-deyə döyüşüb. Ceyhun Qarabağ atlarını çox sevirdi, deyirdi burda çox qəşəng atlar var. Sonuncu dəfə oktyabrın 31-də danışdıq, dedi ki, mənsizliyə öyrəşin, bir də mənə sözü o oldu ki, ağıllı ol, anamı, atamı sənə tapşırıram. Hər dəqiqənizin qədrini bilin, mehriban yaşayın. Bir də anamdan xahiş elədi ki, atama yaxşı baxın. “Hər gün ayaqqabını mazlayıb qoyun” dedi və telefonu söndürdü”. Ölümündən sonra cibindən Qarabağ, Laçın, Azərbaycan yazılan vərəqlər və bayraq şəkilləri tapılması bir daha göstərir ki, Ceyhun Rzayev son nəfəsinə qədər vətənə, millətə bağlı oğullarımızdandır. Füzuli, Qubadlı, Hadrut və Şuşanın alınmasında 200-ə yaxın ermənini məhv edib, böyük şücaət göstərən qəhrəman həm də ailəsinə bağlı insan olub. Anasına deyib ki, burda başım saat kimi işləyir, çox gümraham. Ceyhun ən çox atasına bağlı olub, bir dəfə də olsun yaxşı edirəm sözünü dilinə gətirməyib, söz qaytarmayıb. Bacısı bildirib ki, çox mükəmməl insan idi, Ceyhun heç kimi incitməzdi. Şəhidlik zirvəsinə ucalan zaman o, vəsiyyətini dostuna bu cür edib: “Ailəm mənimlə hər zaman fəxr edirdi, şəhid olacam yenə də fəxr edəcəklər. Deyərsən ki, onları çox sevirəm”. Mərd qardaşı ilə qürur duyan bacının indi yeganə arzusu var, o da şəhid ailələrinə və qazilərimizə layiq olduqları qayğının göstərilməsi, xatirələrinin daim yaşadılmasıdır. Əziz Leyla, sən bil ki, bu gün qardaşınla bütün Azərbaycan fəxr edir, o, canını bizim üçün fəda edib, qanını bu torpağın azadlığı uğrunda axıdıb, ürəyi vətənlə döyünən, vətənə ana deyən oğullarımız sayəsində biz bu gün qələbə sevincini yaşayıb təbrikləşə bilirik. Bil ki, Ceyhunun ruhu sakitlik tapıb, getdiyi yerdə çox xoşbəxtdir, çünki Laçının üzərini bürüyən qara buludlar çəkilib, artıq orada Üçrəngli Bayrağımız dalğalanır. Aytən Məftu
Hamısını oxu
Bakı, 14 oktyabr, AZƏRTAC Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.
Hamısını oxu
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir. Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir. Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən: • dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən: • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;• dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;• restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;• qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur; Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq. Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcəkdir. Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.
Hamısını oxu