“Milli-mənəvi dəyərlərimizin keşiyində dayanmaq hər bir azərbycanlının vicdan və vətəndaşlıq borcudur”
“Milli-mənəvi dəyərlərimizin keşiyində dayanmaq, bu dəyərləri qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir azərbycanlının vicdan və vətəndaşlıq borcudur. Hər kəs bu prosesdə yaxından iştirak etməli, milli-mənəvi dəyərlərimizin müdafiəsində əlindən gələni əsirgəməməlidir”.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezidentin Zəfər Günü münasibətilə xalqa müraciətində milli-mənəvi dəyərlərimizin önəmi ilə bağlı səsləndirdiyi fikirlər bu dəyərlərin ümummilli əhəmiyyətinə ən bariz nümunədir:
“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət etdi, Azərbaycan xalqına müraciət ünvanladı. Müraciətində yaxın tariximizdə baş verən hadisələrə diqqət çəkən dövlət başçısı, dövlətimizin və xalqımızın əldə etdiyi tarixi uğurların önəmini vurğuladı. Eyni zamanda, ölkə başçısı qeyd etdi ki, Azərbaycan xalqı bu uğurları mill-mənəvi dəyərləri hesabına əldə edib.
Milli-mənəvi dəyərləri qorumağın vacibliyinə toxunan Prezident İlham Əliyev, Azərbaycan dövlətinin məhz bu təməllər üzərində qurulduğunu bildirib. Cənab Prezident milli-mənəvi dəyərlərin qorunmasının, bu dəyərlərin ən müqəddəs əmanət kimi gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Müzəffər Ali Baş Komandanın xalqımızın milli-mənəvi dəyərləri ilə bağlı məlum fikirləri bu dəyərlərin bugünümüz və gələcəyimiz baxımından nə qədər önəmli olduğunu, həyati əhəmiyyət kəsb etdiyini göstərir”.
Təşkilat sədri 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizminə məhz milli-mənəvi dəyərləri sayəsində qalib gəldiyini vurğulayıb:
“44 günlük Vətən müharibəsində xalqımızın, Silahlı Qüvvələrimizin qalibiyyətini təmin edən ən mühüm amil də məhz milli-mənəvi dəyərlərimiz oldu. Gənclərimizin vətənpərvərlik ruhu, doğma torpağa, bayrağa olan sədaqəti, mübarizə əzmi onların düşmən üzərində parlaq qələbəsini təmin etdi. 8 Noyabr zəfəri bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə bağlıdır və bu dəyərləri öz mövcudluğunun ayrılmaz bir hissəsi hesab edir.
İnanıram ki, xalqımız bundan sonra da öz mənəvi dəyərlərinin keşiyində ayıq-sayıq dayanacaq və milli özünəməxsusluğu sayəsində yeni uğurlar, böyük nailiyyətlər əldə etməkdə davam edəcək”.
Seymur ƏLİYEV