Ən son xəbərlər
Azərbaycan və Türkiyə prezidentlərinin iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsi bütün türk dünyasında coşğu ilə qarşılanmaqdadır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq baxımından da yeni imkanlar və perspektivlər deməkdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib. Şuşada keçirilən görüş və tədbirlərin, imzalanan sənədin bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirən C.Xəlilov qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud hərbi əməkdaşlığın daha da dərinləşməsinin, hərbi müttəfiqlik səviyyəsinə yüksəlməsinin parlaq göstəricisidir. Həmin bəyannamədə açıq şəkildə vurğulanır ki, əgər tərəflərdən hər hansı biri üçüncü bir dövlətin təcavüzünə məruz qalarsa, o zaman müttəfiq dövlət bütün mümkün vasitələrlə öz müttəfiqinə kömək göstərəcək. Başqa sözlə, artıq Azərbaycanın və Türkiyənin çətin məqamda bir-birinə hərtərəfli yardım göstərməsi üçün hüquqi əsas mövcuddur. Bu hüquqi əsas beynəlxalq hüququn şərtləri əsasında formalaşıb. Bəyannamənin iki dövlət arasında iqtisadi-siyasi və mədəni əlaqələrin genişlənməsinə də töhfəsi verəcəyini vurğulayan Təşkilatın sədr müavini bildirib: “Şuşa Bəyannaməsinin əhəmiyyəti iki dövlət arasında hərbi müttəfiqlik əlaqələrinin güclənməsi və ən üst səviyyədə qərarlaşması ilə məhdudlaşmır. Bu bəyannamə Azərbaycan ilə Türkiyə arasında bütün digər sahələrdə - o cümlədən mədəni, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaradır. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin bərpasında qardaş Türkiyə dövlətinin şirkətləri aktiv iştirak edir və yaxın gələcəkdə onların sayı əhəmiyyətli dərəcədə artacaq. Azərbaycan və Türkiyə Qarabağda ortaq iqtisadi layihələr gerçəkləşdirməyi planlaşdırır ki, bunun da sadəcə iki dövlət deyil, ümumilikdə region üçün mühüm əhəmiyyəti mövcuddur. Çünki iki dövlət arasında iqtisadi əməkdaşlığın güclənməsi, Qarabağda ortaq iqtisadi layihələrin gerçəkləşməsi regionun iqtisadi çəkisini artıracaq, sosial rifah şəraitini yüksəldəcək, bölgənin iqtisadi rəqabətlilik qabiliyyətini yüksəldəcək”. C.Xəlilov vurğulayıb ki, Şuşa Bəyannaməsi bütövlükdə türk dünyasının birliyi və tərəqqisi baxımından da mühüm əhəmiyyətə malikdir. Onun önəmi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrinin mahiyyət etibari ilə yeni mərhələyə qədəm qoyması ilə yekunlaşmır. Bu bəyannamə həm də bütün türk dünyasının birliyi, əməkdaşlığı, tərəqqisi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq modeli digər türk dövlətləri üçün də yaxşı nümunədir. Azərbaycan və Türkiyə arasındakı uğurlu əməkdaşlıq yaxın gələcəkdə digər türk dövlətlərinin də bu model ətrafında birləşməsinə səbəb ola bilər ki, bu da bütün türk dünyasının maraqları baxımından olduqca faydalıdır. Çünki 44 günlük Vətən müharibəsi də sübut etdi ki, türk dünyası bir-birinə nə qədər yaxından dəstək versə, bu, onların haqq səsini dünyaya çatdırması, öz maraqlarını təmin etməsi baxımından bir o qədər faydalıdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün türk dünyası üçün ciddi nəticələrə malik olacağını düşünürəm.
Hamısını oxu
Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Respublika Veteranlar Təşkilatı bununla bağlı müharibə qazisinin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, səbr diləyib. Məlumat üçün qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb, kəşfiyyat bölüyündə xidmət edib. Allah rəhmət eləsin!
Hamısını oxu
Ermənistan Ağdam rayonunda basdırılan piyada və tank əleyhinə minaların xəritəsini Azərbaycana verib. Bu, minlərlə insanın təhlükəsizliyini təmin etmək, milyonlarla manat vəsaitə qənaət etmək deməkdir. Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O qeyd edib ki, Ağdam rayonu üzrə mina xəritəsi əsasında Ermənistanın bir vaxtlar Ağdam rayonu ərazisində basdırdığı 100 mindən çox minanın yerini müəyyən etmək mümkün olacaq. Bu isə minlərlə insanın təhlükəsizliyinin təmin edilməsi deməkdir. Unutmaq olmaz ki, minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həmin minaların zərərsizləşdirilməsi prosesini də sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün daha əlverişli zəmin yaradacaq. Biz bundan sonra həmin ərazilərdə abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasına şahid olacağıq. Polkovnik qeyd edib ki, Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi ölkəmiz üçün iqtisadi baxımdan da faydalıdır: “Minalanmış ərazilərin xəritəsinin əldə edilməsinin daha bir əhəmiyyəti həm də bilavasitə iqtisadi qazancla bağlıdır. Belə ki, bu xəritənin əldə edilməsi ölkəmizə milyonlarla manat vəsaitə qənaət etməyə, həmçinin vəsaiti digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Çünki minaların axtarılması, onların yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesi təhlükəli olmaqla yanaşı, həm də böyük maliyyə vəsaiti tələb edən prosesdir. Bunun üçün müəyyən texnika, ixtisaslı kadrlar, çoxsaylı mütəxəssislər tələb edilir. Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi bizi bu xərclərin böyük hissəsindən azad edəcək. Bu isə həm də iqtisadi uduş deməkdir”. C.Xəlilov Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin dövlətimizə verilməsinin mühüm diplomatik zəfər olduğunu və milli dövlətçilik tariximizdə də məhz bu cür əks olunacağını vurğulayıb. O, qeyd edib ki, digər rayonlarımız üzrə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi dövlətimizin diqqətindədir və Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir.
Hamısını oxu
Xəbər verildiyi kimi, 22 aprel 2021-ci il tarixdə 24 nəfərdən ibarət Azərbaycan Respublikası prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri tərəfindən yığıncaq keçirilərək “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin təsis edilməsi barədə qərar qəbul olunmaqla, yığıncaqda birliyin İdarə heyəti formalaşdırılaraq hüquqi ünvanı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasının prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sosial, mənzil-məişət problemlərinin həlli, sağlamlıqlarının möhkəmləndirilməsi, o cümlədən qanunla nəzərdə tutulmuş digər maddi və mənəvi yardımların göstərilməsi istiqamətində əməli köməklik göstərilməsi və digər məsələlərdən ibarətdir. Bu gün Baş Prokurorluğun rəhbərliyi ilə 30 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir. Tədbirdə giriş nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev Birliyin fəaliyyətə başlaması münasibətilə veteran və pensiyaya çıxmış əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, hazırkı dövrədək prokurorluq orqanlarından yaşa görə 18-i qadın olmaqla 381 nəfərin təqaüdə çıxdığını qeyd etmişdir. Kamran Əliyev zəngin təcrübəyə malik prokurorluğun veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşməyin vacibliyini vurğulamışdır. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunmuşdur. Göstərilən gündəlik diqqət və qayğıya görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə etmiş, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulamışdır. Sonda xatirə fotoşəkli çəkdirilmişdir.
Hamısını oxu
"Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində məğlub olmasına rəğmən, Ermənistan yenə də təxribatçı cəhdlərdən əl çəkmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, Ermənistanın diversiya cəhdləri və mina terrorunun qarşısını almağın ən effektiv yollarından biri heç şübhəsiz, beynəlxalq təşkilatları bu prosesə cəlb etmək, onların erməni cinayətlərinə adekvat reaksiya verməsini təmin etməkdir: "Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il bəyanatından 6 aydan çox müddət keçsə də, Ermənistan bu gün də minalanmış ərazilərin xəritəsini ölkəmizə vermək istəmir. Bununla yanaşı, erməni təxribatçıları bəzən əlverişsiz hava şəraitindən, mürəkkəb coğrafi relyefdən istifadə edərək Azərbaycan ərazisinə sızıb, mina basdırmağa cəhd edirlər. Hərbçilərimizin sayıqlığı sayəsində bu kimi halların qarşısı qətiyyətlə alınır". Cəlil Xəlilov həmçinin qeyd edib ki, lakin bu təxribatları beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri də görməli, rəsmi Ermənistanı bu təxribatlardan çəkindirmək üçün əməli addımlar atmalıdırlar: "Bu addımlardan biri kimi Ermənistana iqtisadi-siyasi sanksiyaların tətbiq edilməsi effektiv olardı. Belə bir addım Ermənistanı təxribatlardan çəkindirmək, regionda sülhün və sabitliyin qorunmasını təmin etmək baxımından da faydalı olar. Digər baxımdan, ölkə başçısının da qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman Ermənistan ordumuz tərəfindən daha ölümcül zərbə və itkilərə məruz qalacaq. Bu baxımdan Ermənistanın yaxın tarixdəki məğlubiyyətindən dərs çıxarmasına ciddi ehtiyac var". Arzu Elsevərqızı
Hamısını oxu
Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlılar Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmədə dünən ittiham aktı elan olundu. Hər iki şəxs azərbaycanlı əsirlərə ağır işgəncələr verməkdə ittiham olunur. Əli xalqımızın qanına batanların hamısını dünən məhkəmə qarşısında dayanan erməni təxribatçılarının aqibəti gözləyir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. C.Xəlilov vurğulayıb ki, əsirlikdən azad edilən soydaşlarımız verdikləri ifadələrdə həmin ermənilərin onlara işgəncə verdiyini, fiziki və mənəvi məhrumiyyətlərə məruz qoyduğunu bildiriblər. Azərbaycanda ədalət mühakiməsi qarşısında cavab verən ermənilərin düşdükləri vəziyyət digərlərinə də ibrət olmalıdır. Hər bir erməni faşisti anlamalıdır ki, əli xalqımızın qanına batanların hamısını bu gün məhkəmə qarşısında dayanan erməni təxribatçılarının aqibəti gözləyir. Onların hamısı törətdikləri qanlı əməllərə görə gec və ya tez məhkəmə qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaqlar. Cinayətkarların heç biri məsuliyyətdən yaxa qurtara bilməyəcək. “Ermənistan 44 günlük Vətən müharibəsində rüsvayçı məğlubiyyətə uğrasa da, öz təxribatlarından əl çəkmək istəmir. Dövlət sərhədlərinin tez-tez pozulması, erməni diversantların Azərbaycan əraizisində minalama işi aparmağa səy göstərməsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin şərtlərinə əməl etmək istəməməsi rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Ancaq qeyd etdiyimiz kimi, dünənki məhkəmə prosesi Ermənistanın hərbi-siyasi rəhbərliyinə, hər bir erməni faşistinə dərs olmalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, düşməni hərbi müstəvidə cəzalandırmağa qadir olduğu kimi, xalqımıza qarşı cinayət əməlləri törədənləri hüquqi müstəvidə məsuliyyətə cəlb etməyə də qadirdir və bu prosesin qarşısını heç bir qüvvə ala bilməz”.
Hamısını oxu
Уважаемая Анна Гордеевна, От имени Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики и лично от своего имени сердечно поздравляю Вас с Днем Рождения. С грандиозным юбилеем - 100 лет. В годы Великой Отечественной Войны Вы прошли славный боевой путь участвуя в военных операциях по освобождению родных земель от фашистских захватчиков. Уважаемая Анна Гордиевна, Желаю Вам крепкого здоровья, долгих лет жизни и благополучия. С уважением, Председатель Организации Ветеранов Войны, Труда и Вооружённых Сил Азербайджанской Республики ветеран войны и труда Фатма Саттарова
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının (RVT) Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 9 iyun 2021-ci il tarixində Səbail rayonunda Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Görüşdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları, 44 günlük Vətən müharibəsi iştirakçıları, şöbə müdiri Orxan Aydınov və şöbə əməkdaşı Nicat Quluyev, eyni zamanda Böyük Vətən Müharibəsi veteranı Əli Nəsirov, Sosialist Əməyi Qəhrəmanı Həcər İsababayeva, 44 günlük Vətən müharibəsi döyüşçüləri Abbaszadə Vurğun, Kazımov Samir iştirak edib. Tədbiri Səbail rayon VT-nın sədri Adilə xanım açdıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şöbə müdiri RVT –nın sədri Fatma xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik Adil Haqverdiyev Vətən müharibəsi iştirakçıları ilə söhbət əsnasında onların hansı istiqamətdə döyüşməsi ilə maraqlanb, veteranları maraqlandıran suallara cavab verib. Tədbirdə müharibə iştirakçısı Vüsal Abbaszadə, RVT-nın əməkdaşı Nəbi Hacıyev çıxış edib, Vətən müharibəsi və onun nəticələrindən, habelə post-müharibə dönəmində qarşıda duran məsələlərdən danışıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid Musayev Sahib Musa oğlunun həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının otağı üçün xalçaya, oğlunun isə “stolüstü futbol oyunu”na ehtiyacı olduğu müəyyən edilib. Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova və adıçəkilən bağçanın kollektivi tərəfindən xalça və “stolüstü futbol oyun”u ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib. Şəhidin həyat yoldaşı Pərvin Musayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb. Qeyd edək ki, Musayev Sahib Musa oğlu 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1991-ci ildə Şotavar kənd orta məktəbinin 1-ci sinfinə gedib. 8-ci sinifdən sonra təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində davam etdirib. 2001-ci ildə Qorağan kənd orta məktəbini bitirib. Həmin il Bakı Maliyyə İqtisad kollecinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini Gəncə Şəhərində yerləşən N saylı hərbi hissədə keçib. 2004 cü il aprelin 5-də hərbi xidmətini başa vurub yenidən təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra hərbiyə, vətənə olan sevgisinə görə hərbiçi olmaq qərarına gəlib. 2005-ci il sentyabrın 9-da Bakıda yerləşən Təlim Tədris Mərkəzinə qəbul olunub. Burada Taqım komandirinin müavini ixtisasına yiyələnib. Amma ən böyük arzusu XTQ-də xidmət etmək olub. Həmin ilin dekabr ayında XTQ-nin kursuna qəbul olunub, 6 aydan sonra həmin kursu müvəffəqiyyətlə bitirib. XTQ-nin Xızı rayonunda yerləşən Yaşma adlanan “N” saylı hərbi hissəsində işə başlayıb. 16 il XTQ də xidmət edib. Bir çox tapşırıqlarda, Aprel döyüşlərində iştirak edib. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla təltif olunub. Bir çox fəxri fərmanlara layiq görülüb. Vətən müharibəsi başlayan gündən müharibəyə gedərək Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azadlığı uğrunda, Vətən uğrunda, Şücaətə görə, Şuşa uğrunda medalları ilə təltif olunub. Allah rəhmət eləsin.
Hamısını oxu
Cəlil Xəlilov: “Vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad edilməsi hüquqi və məntiqi baxımdan anlaşılmazdır” Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub. Qeyd edək ki, yol polisinin atəş açması nəticəsində yaralanan V.Abdullayev xəstəxanada vəfat edib. Soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının azadlığa buraxılması həm Rusiyadakı soydaşlarımız, həm də Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığına səbəb olub. Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının ədalətli şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib: “Təbii ki, Rusiyada yol polisinin soydaşımıza odlu silahdan atəş açması və daha sonra İstintaq Komitəsinin tələbi ilə həbsdən azad edilməsi təəssüfedici haldır və ictimaiyyətdə haqlı narazılıq doğurmaqdadır. Silahsız vətəndaşa qarşı polis əməkdaşı tərəfindən silah tətbiqinin özü ciddi qanun pozuntusudur və dünyanın bütün ölkələrində hüquq-mühafizə orqanı əməkdaşları üçün məsuliyyət doğuran hal sayılır. Belə bir əmələ yol verən yol polisinin daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri tərəfəndən həbsdən azad edilməsi isə məntiqi və hüquqi baxımdan anlaşılmazdır. Rusiya Azərbaycanın şimal qonşusudur və onunla ölkəmiz arasında sıx dostluq münasibətləri, strateji əməkdaşlıq mövcuddur. Bizim Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya ilə Azərbaycan arasında geniş iqtisadi-ticari, mədəni-siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya hərbçiləri Qarabağda sülhyaratma missiyasında yaxından iştirak edir. Dövlətimizin hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib və bu gün də yetirməkdədir. Belə olan halda soydaşımıza heç bir zərurət olmadığı halda odlu silahdan atəş açan yol polisi əməkdaşının həbsdən azad edilməsi soydaşlarımız arasında Rusiya hüquq-mühafizə orqanlarının ədalətinə inamsızlıq yaradır ki, bu da hər şeydən öncə Rusiyanın özü üçün arzuedilməzdir. Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soyadaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməi şəkildə sübut etməlidir. Onu da qeyd edək ki, Respublika Veteranlar Təşkilatı olaraq İkinci Dünya Müharibəsi iştirakçısı olan 25-ə qədər veteranımız adından Rusiya Federasiyasının prezidentinə, o cümlədən bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ümid edirəm ki, bizim müraciətimizə həssaslıqla yanaşılacaq və soydaşımızın ölümünə səbəb olan yol polisi əməkdaşı haqqında ədalətli qərar çıxarılacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
İyunun 4-ü işğaldan azad edilmiş torpaqlarımızda öz vəzifə borclarını həyata keçirən iki jurnalist qardaşımız - Sirac Abışov ilə Məhərrəm İbrahimovun, eyni zamanda Kəlbəcər rayonu Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları bizi dərindən sarsıtmışdır. Mənfur düşmənin torpaqlarımıza tank əleyhinə minalar döşəməsi və mina xəritəsini kapitulasiya aktından sonra da bizə təhvil verməməsi bir daha onun alçaqlığından, vəhşiliyindən xəbər verir. Biz beynəlxalq təşkilatların bu hadisəyə ədalətlə qiymət verməyini, mina xəritəsini israrla Azərbaycana təhvil verməyən erməni faşistlərinin cəza almaları üçün beynəlxalq məhkəməyə çıxarılmalarını tələb edirik. Erməni vəhşiliyinə göz yumaraq hələ də ona havadarlıq edən bəzi “demokratik” dövlətlərə isə bu faciə bir görk olsun, mülki şəxslərə qarşı terror aparan bir dövlətin yanında duran dövlətlər Terror dövlətləridir! Azərbaycan xalqı, Azərbaycan ordusu öz Ali Baş Komandanı ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərinə öz hədlərini dəmir yumruqla bildirmişdir və mənfur düşmən unutmasın ki, bu dəmir yumruq onları tamamilə əzməyə qadirdir! Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, Allahdan rəhmət diləyirik. Müşfiq Məmmədli Millət vəkili
Hamısını oxu
Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar. Milli.Az müraciəti təqdim edir: "Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranlarının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti Möhtərəm Vladimir Vladimiroviç! Biz Böyük Vətən müharibəsi veteranları sovet ölkəsinin müstəqilliyi uğrunda çiyin-çiyinə vuruşmuşuq. Bu gün biz bütün çoxmillətli Rusiyanın veteranları ilə parçalanmağa deyil, birləşməyə yönəlmiş beynəlmiləl dəyərləri çiyin-çiyinə qorumağa hazırıq. Hörmətli Vladimir Vladimiroviç, Azərbaycan Prezidenti İlham Əliyev və Siz öz xalqlarınıza müraciət edərkən tez-tez deyirsiniz ki, biz birlikdə güclüyük. İndi biz "ayrı-ayrı mənzillərdə" yaşasaq da, qardaşlaşdığımız təkcə cəbhə yoldaşlarına münasibətdə deyil, bütün xoşməramlı insanlara - xeyirxahlıq və sülh, multikulturalizm, tolerantlıq, mənəvi və millətlərarası birlik ideallarını qorumağa həmişə hazır olanlara qardaşcasına münasibətimizi hələ də qoruyub saxlayırıq. Biz yalnız bu halda qüvvə ola və hazırda ən müxtəlif çalarlı liberallar tərəfindən "yenidən baxılmağa" məruz qalan ümumi dəyərlərimizin dağıdılmasına müqavimət göstərə bilərik. Biz Sizə ümumi və etibarlı gələcək naminə, birlikdə qazandığımız və öz nəvə-nəticələrimiz üçün qoruyub saxlamağa borclu olduğumuz sülh üçün əldə etdiklərimizin itirilməsinə yol verə bilməyəcək müdrik siyasi xadim kimi müraciət edirik. İnanırıq ki, Rusiyada doğulmuş etnik azərbaycanlının - 19 yaşlı Vəkil Abdulayevin qətli hadisəsinin bütün iştirakçıları ali ədalət naminə qanunun tam ciddiliyi üzrə cəzalandırılacaqlar. Eynilə qanunlara, ədalət anlayışına etinasızlıq göstərən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin etdiyi kimi cəzasızlığa şərait yaradanlar da. Yol Hərəkətinin Təhlükəsizliyi Baş Müfəttişliyinin əməkdaşı, həmin gəncin gicgahına atəş açmış Aleksandr Qusev Bastrıkinin göstərişi ilə azadlığa buraxılıb. Biz müharibədə olmuşuq və döyüşdə dostlarımızı itirmişik. Lakin biz orada, müharibədə kimin özümüzünkü, kimin yad olduğunu bilirdik. Biz öz cəbhə dostlarımızı heç vaxt milli mənsubiyyətə görə özümüzünkülərə və yadlara bölməmişik. Ona görə ki, biz hamımız birlikdə güc idik. Bu gün "Yedinaya Rossiya" partiyasının nümayəndəsi, üstəlik, RF İctimai Palatasının üzvü və yuxarıda adı çəkilən partiyadan Dövlət Dumasına deputatlığa namizəd olan Mariya Butina kimilər, görünür, yalnız milli mənsubiyyətə görə "özününküləri" dəqiq müəyyən edirlər. Bizim belə düşünməyimizə əsas verən onun bu sözləridir ki, A.Qusevi belə hərəkətlərinə görə nəinki həbs etmək olmaz, hətta onu təltif etmək lazımdır. Belə çıxır ki, 19 yaşlı gəncin qətlə yetirilməsinə görə kimisə təltif etmək lazımdır? Məgər o, tanka minib şəhərə daxil olub və ağına-bozuna baxmadan hamıya atəş açıb? Yox. Onu, silahsız gənci avtomobilin üstünə sıxıb və guya təsadüfən tabel silahının tətiyini basıblar! Bu, nə deməkdir? Butina insanlar arasında ayrı-seçkiliyə, onları milli mənsubiyyətinə görə cəzalandırmağa çağırır? Rusiyada gəlmələrə divan tutmağa çağırır? Məgər onun belə bəyanatlar etməyə haqqı var? Biz belə fərz edə bilərik ki, Butina gəncdir, nəticə çıxarmağa tələsib. Amma hər halda, bu sözlər deyilib! Özü də necə deyilib?!! Arxasında qüvvə dayanan insana xas olan sərt əminliklə. Bu, hansı qüvvədir? Hörmətli Vladimir Vladimiroviç! Biz müharibədə olmuşuq, hər gün ölümün gözünün içinə baxmışıq. Biz mürəkkəb həyat sürmüşük və bu həyat belə deməyə haqq verir ki, həmin insidentə görə narahat olaq... Biz bu həyatda çox şeylər görmüş ahıl insanlarıq. Biz bu dünyadan belə bir fikirlə getmək istəmirik ki, qazandıqlarımız heç olub. Lakin nə qədər ki, biz sağıq, dünyamızı qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu isə bizim hər birimizdən asılıdır. Biz Sizin ədalətliliyinizə, vaxtilə ortaq ölkənin və ortaq idealların bizə bəxş etdiyi bütün dəyərləri qiymətləndirməyi və yadda saxlamağı bacaran Azərbaycan xalqına xeyirxah münasibətinizə inanırıq. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri: 1.Səttarova Fatma Hüseyn qızı 2.Quliyev Məmməd Salman oğlu 3.Abdullayeva Natalya Borisovna 4.Yermakov Yurik Vladimiroviç 5.Ramazanov Nazim Tağı oğlu 6.Xarkovskaya Anna Qordeyevna 7.Belikov Aleksandr Vasilyeviç 8.Abdullayev Səfər İbad olğu 9.Sarıyev Qara Alı oğlu 10.Timçenko İvan İvanoviç 11.Ömərov Qaflan İslam oğlu 12.İsgəndərov Ağababa Qənbərli oğlu 13.Vyuqin Mixail Daniloviç 14.Kravtsova Anna Petrovna 15.Mürsəlov Xasay Bayram oğlu 16.Həsənov Tamleyxa Abbas oğlu 17.Əliyev Əli Hüseyn oğlu 18.Baxışov Seyfulla Abdulla oğlu 19.Nəbiyev Daməd Məcid oğlu 20.Dadaşov Azər Tağı oğlu 21.Qasımova Valentina Mixaylovna 22.Qaziyeva Tacirə Həmid qızı 23.İsababayeva Həcər Müştaq qızı 24.Rəsulova Zinaida İliniçna 25.Frunze Natalya Artyomovna".
Hamısını oxu