Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə - Atəşkəs rejimi 60 dəfə pozulub
Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə - Atəşkəs rejimi 60 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Sənin Zori Balayanla nə fərqin var
Sənin Zori Balayanla nə fərqin var

Əməkdar artist Aybəniz Həşimova xaricdə yaşayan jurnalist Sevinc Osmanqızının ermənilər və azərbaycanlılar arasında baş verən toqquşmalarda rəsmi Bakını ittiham etməsinə sərt reaksiya verib. video Publika.az xəbər verir ki, S.Osmanqızının “Qarşıdurma yaradan Azərbaycan tərəfidir, ermənilərdə günah yoxdur” sözlərinə müğənninin cavabı belə olub: “Sevinc xanım, sizin hökumətlə öz aranızdakı insident daim davam edirdi və edir. Azad vətəndaşsınız, sözünüzü hökumətə deyirsiniz, hökumət də öz cavabını verir, yaxud ümumiyyətlə sizə əhəmiyyət vermir. Bu başqa mövzudur. Mən siyasətçi deyiləm, siyasətlə də məşğul olmaq fikrim yoxdur. Amma sizə bir kəlmə söz deyəcəm. Siz azərbaycanlı qızısınız. Bəlkə də atanız Osman bəy olmasaydı, atanızı tanımsaydım, atanıza hörmətim olmasaydı, mən buna şübhə ilə yanaşardım. Mən uşaq yaşlarımdan dövlət televiziyasında böyümüşəm. Atanızın nə qədər yüksək ziyalı olduğunu bilirəm. Təəssüf edirəm ki, Osman bəyin qızı gedib Amerikada rahat otura bilsin, rahat düşündüklərini həyata keçirə bilsin deyə öz millətini, öz xalqını oradan düşmənin ayağına verir. Sizin millətimizə oradan daş atanlardan heç bir fərqiniz olmadı, daha betər yandırdınız, daha betər ağrıtdınız. Tək 5-10 nəfəri deyil, bütün Azərbaycanı, bütün atanızı sevənləri... Çox heyflər olsun. Heyflər olsun ki, sizin o videonuzu gördüm, o mənim qarşıma çıxdı. Kaş o videonuzu görməyəydim. Sizə bir xatırlatma etmək istəyirəm: Azərbaycan hücumkar, üsyankar olsaydı, Azərbaycan da Ermənistanda Xocalı soyqırımı törədərdi. Azərbaycan ömür boyu erməniləri başının üstündə tutub. Ömür boyu Azərbaycanın ən gözəl yerlərində ermənilər yaşayıb. Uşaq yaşlarımdan Gəncədə doğulub-böyümüşəm, hələ bir dəfə də görmədim ki, erməninin xətrinə zərrə qədər kimsə dəysin. Daha da ermənilər ən yüksək hörmətli qonaq kimi tutulurdu. Necə oldu ki, azərbaycanlılar hücumkar, üsyankar oldular, erməniyə “vəhşilik törətdilər?!”.   Sən heç Allahından qorxmadınmı?! Sənin Zori Balayanla nə fərqin var?! Sən necə deyə bilərsən ki, Azərbaycan edir bunu?! Belə çıxır ki, mən özüm-özümü şəhid edirəm?! Mənim o boyda generalım, polkovniklərim, əsgərlərim şəhid oldu, mənim taleyim şəhid oldu. Sevinc xanım, mənim vətən yolunda taleyim şəhid oldu, həyatım alt-üst oldu. Amma yenə bir dəfə də olsun millətimdən dönmədim. Demədim ki, niyə mən əziyyət çəkdim, niyə illərlə hər dəfə Qarabağda əsgərlərimiz şəhid olanda gözü yaşlı qaldım. Mənim bütün qaysaq bağlamamış yaralarımın hamısı qanamağa başladı. Siz necə qıyırsınız millətiniz haqda belə danışmağa?! Bəsdirin! Hökumətlə nə işiniz var özünüz bilərsiniz, mənim xalqıma toxunmayın, xalqımın adını çəkməyin! Sizə kim ixtiyar verir Azərbaycan xalqını bu cür adlandırırsız?! Harda üsyan qaldırmışıq? Məni vursunlar, mənim oğlumu şəhid etsinlər, mən cavab verməyim ona?! Necə olar bu? Sizin sözlərinizdən belə çıxır ki, bütün Azərbaycan qırılsın? Mən demirəm mənim millətim gedib Amerikada ermənilərə daş atsın, yumruq atsın, onları öldürsün – mən bunun tərəfdarı deyiləm. Bəli, Amerika Qarabağ deyil, amma Azərbaycan üsyanı qaldırır demək olmaz. Azərbaycan necə rahat yata bilər ki, Azərbaycanın 20% torpağı işğal altındadır? Necə rahat yata bilər ki, ermənilər körpə Zəhranı qanına qəltan elədilər. Bir damla atanızın ruhuna hörmətiniz varsa, şəhidlərin ruhuna, Azərbaycan torpağı uğrunda tökülən qanlara hörmətiniz olsun. Mənim millətimin adını çəkməyin. Azərbaycanlı qızısınız, özünüzü atanızın qanına uyğun aparın. Sizin atanız Azərbaycan uğrunda şəhid olub, bunu yadınızdan çıxarmayın”.

Hamısını oxu
Orduda törədilən cinayətlər ötən illə müqayisədə azalıb.
Orduda törədilən cinayətlər ötən illə müqayisədə azalıb.

İyulun 24-də Azərbaycan Respublikasının Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2020-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.   Modern.az-ın məlumatına görə, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini davam etdirən, Azərbaycanın sürətli inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni və digər sahələrdə əldə olunmuş nəaliyyətlərdən bəhs edərək, ölkədə aparılan islahatlar və mütərəqqi dəyişikliklər nəticəsində dövlətimizin daha da qüdrətlənməsini bildirib. Eyni zamanda, Baş Prokuror dövlətimizin güclənərək əldə etdiyi uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolunu qeyd etməklə, Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin, o cümlədən mədəniyyətimizin bütün dünyaya tanıdılmasında misilsiz xidmətlərini xüsusi vurğulayıb.   Həmçinin, Baş prokuror mayın 1-də Prezident cənab İlham Əliyevin videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələri, bununla əlaqədar qarşıda duran vəzifələrin icrasını, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən səmərəli islahatları qeyd edərək, bu prosesin uğurlu davam etdirildiyini bildirib. Bundan sonra, hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev göstərib ki, ötən dövrlərdə olduğu kimi, 2020-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, görülmüş məqsədyönlü tədbirlərin nəticəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır. Qeyd edilmişdir ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra işlər görülmüş, nəticədə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalmışdır. Vurğulanıb ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülmüşdür.   Çıxışının sonunda Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir. Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını diqqətə çatdırıb.

Hamısını oxu
Prezidentə yazırlar: Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayırıq
Prezidentə yazırlar: Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Milli.Az Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir. Bakı şəhəri Səbail rayonundan Fidan Abbaslı yazır: "Hörmətli cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrildi. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir. Bizim Vətənimizi, xalqımızı qoruyan güclü ordumuz var. Bizlər də hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq. Gənclər daim Sizə inanır və güvənirlər" Şuşadan məcburi köçkün Qalib Kazımov: "Cənab Ali Baş Komandanımız, cəbhədə baş verən növbəti düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz və möhtəşəm çıxışlarınız bir gənc olaraq məni çox qürurlandırdı. Vətənpərvər nəslin yetişdirilməsi vacib və çətin bir vəzifədir. Siz bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək ölkənin taleyüklü məsələlərinə münasibətdə öz sözünü deyə bilən Azərbaycan gəncliyi yetişdirmisiniz. Bu günlər gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Cənab Prezident, bizə olan güvənə və inama görə Sizə minnətdarıq. Sizin ətrafınızda daim sıx birləşərək xalqın əsrlərboyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk". Quba rayonu, Buduq kəndinin sakini Yaqub Həsənovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi. Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd məhsullarını vaxtında çatdıra bilir. Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarıq, cənab Prezident". Polşa Respublikası, Varşava şəhərindən, Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri Xəlil Həsənov, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli və Hüseyn Əsədli, Həzi Rəhimli, Teymur Məmmədov yazırlar: "Hörmətli cənab Prezident, 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə mənfurcasına hücum etmişlər. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin işğalçı həmlələrinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizlə nəticələnəcəkdir. Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik". Ağdam rayonu, Çullu kəndi sakini Yavər Cəfərov: "Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayıb, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Sizin çıxışlarınızı da izlədikcə qəlbində Vətən sevgisi alovlanan Lider görürük. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var. Mən də çağırışınıza qoşularaq orduya yazılmaq üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazıram. Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyir. Allah Sizi qorusun". Beyləqan rayonundan Rafiz İsmayıllı yazır: "Hörmətli cənab Prezident, dövlətçiliyimizin inkişafı, vətəndaşlarımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü və Sizin sıravi əsgəriniz kimi Sizin uzaqgörən siyasətinizi daim dəstəkləyirik. Qətiyyətli çıxışlarınız, düşmənə layiqli cavabınız bizdə fəxarət hissi doğurur. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət hər birimizi qürurlandırdı. Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayır, bu fədakar yolda Sizinlə olduğumuzu bildiririk". Bakı şəhəri Sevda Rzalı: "Hörmətli Prezident, cənab Ali Baş Komandan, son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşmənə layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır. İnanırıq ki, düşmən ölkənin təxribatlarının qarşısını Sizin rəhbərliyinizlə alacaq, öz ərazi bütövlüyümüzü təmin edəcəyik. İşğal altında olan torpaqlarımızın geri qaytarılması hər birimizin müqəddəs amalıdır. Bu işdə hər zaman Sizinləyik, canımızdan, qanımızdan keçməyə hazırıq. Düşmən bizim birliyimizin, həmrəyliyimizin qarşısında dayana bilməz. Yaşasın Azərbaycan". Bakı şəhəri, Binəqədi rayonundan Yeganə Əsgərlinin məktubunda deyilir: "Möhtərəm cənab Prezident, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ölkəmizdə əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasına gətirib çıxardı. Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiklərini və Sizin ətrafınızda sıx birləşdiklərini bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduqlarını bildirdi. Heç bir daxili və xarici güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Prezident-xalq həmrəyliyini şübhə altına ala bilməz". Laçın rayon Ağasif Ələkbərov: "Hörmətli cənab Prezident, ölkəmizi çoxsaylı təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Biz həmişə Sizinləyik. Biz birlikdə güclüyük". Quba rayonu, Zərqova kəndindən Səfər Bayramov yazır: "Hörmətli cənab Prezident, müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığınız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır. Rayon mərkəzində bir çox binalar təmir edilib, yeni "Asan Xidmət" mərkəzi istifadəyə verilib. Hazırda rayon mərkəzində aztəminatlı ailələr üçün yeni yaşayış binası tikilir. Son iki ildə Quba rayonunda 20-yə yaxın yeni məktəb binası istifadəyə verilib, yeni xəstəxana binasının açılışı olub. Əziz Prezidentimiz, kəndlərimiz də Sizin qayğınızdan kənarda qalmayıb. Bu yaxınlarda yaşadığım Zərqova kəndinin yollarına asfalt çəkilib, məktəb binası təmir edilib. Biz ağsaqqallar həm rayonumuzda, həm də kəndimizdə həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu məktubu Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda yazıram. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, xalqımız qədim mədəniyyət mərkəzimiz olan Şuşada qələbə bayramını qeyd edəcək". Goranboy rayon sakini Müslüm Mustafayev: "Çox hörmətli cənab Prezident, mən Sizə cəbhə bölgəsi olan Goranboy rayonundan yazıram. Məlum olduğu kimi, bu günlərdə üzdəniraq düşmənlərimiz Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsıdıcı zərbələrə məruz qaldı .Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz xalq olaraq Sizin döyüş əmrinizi daim gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminik ki, işğal altında olan torpaqlarımız qısa zaman ərzində azad ediləcəkdir. Bu şanlı qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq. Sumqayıt şəhəri Ramal Bağırovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, dünyada geniş yayılan koronavirus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koronavirus tam nəzarət altına alındı. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər əlbəttə ki, xalqımızı bu bəladan qoruyacaqdır. İş yerləri bağlansa da, dövlət istər işləyənlərə, istərsə də işsizlərə dəstək oldu. Son günlər cəbhədə Azərbaycan torpaqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, məni də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qisasını almışdır. Mən Sizin iradənizə, siyasətinizə hər zaman güvənirəm və döyüş əmrinizə daim hazıram". Bakı şəhərindən Cəmil Qurbanov yazır: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ümumdünya böhranına çevrilmiş COVID-19-un ölkəmizdə qarşının alınması ilə bağlı həyata keçirdiyiniz düşünülmüş və məqsədəyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır. Möhtərəm Prezidentimiz, Sizin pandemiya dövründə apardığınız müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Bütün dünyanın COVID-19 pandemiyası kimi dəhşətli bəlaya qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti təxribata əl atması, Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi, mənfur düşmənin öz çirkin xislətindən əl çəkmədiyini göstərir. Aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Mən Sizə, pandemiya ilə savaşan tibb işçilərimizə, eyni zamanda, düşmənlə üz-üzə dayanan şanlı Azərbaycan Ordusuna təşəkkürlərimi bildirirəm". Salyan rayonu, Kürsəngi kənd sakini Böyükağa Məmmədovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, son illər Sizin rəhbərliyinizlə ölkəmizdə içməli və suvarma su infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına zəmin yaradır. Son vaxtlar yaşadığımız Kürsəngi kəndində yaranmış su qıtlığının qısa müddət ərzində aradan qaldırılmasına, kənd sakinlərinin su ilə təmin olunmasına görə Sizə təşəkkür edirik. Əminik ki, bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə görülən işlər öz töhfəsini verəcəkdir". Bakı şəhəri Röyal Hacıyev: "Hörmətli cənab Prezident, bir Azərbaycan gənci kimi hər zaman Sizin yanınızdayam, yürütdüyünüz siyasəti dəstəkliyirəm. Daxili və xarici düşmənlərdən Vətənimizi, dövlətimizi, ölkə başçımızı qorumaq üçün biz gənclər canımızdan da keçməyə hazırıq. Məlumunuz olduğu kimi, son zamanlar mənfur qonşularımız tərəfindən Milli Ordumuzun əsgər və zabitləri ağır artilleriyadan atəş açılaraq şəhid edilmiş, torpaqlarımıza düşmən tərəfindən təcavüzə cəhd edilmişdir. Lakin Milli Ordumuz tərəfindən düşmən layiqli cavabın almışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz gənclər daim Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanındayıq və hər zaman Sizin "hücuma" əmrinizə hazır vəziyyətdə gözləyirik". Samux rayonundan İlahə Qurbanova yazır: "Hörmətli cənab Prezident, bu günlər ölkəmizdə baş verən hadisələri hər birimiz həyəcanla izləyirik. Ancaq əminik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımıza Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq". Milli.Az

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı..
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı..

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Siyəzəndə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Siyəzəndə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva  Siyəzən rayonunda olublar. Siyəzən rayon Veteranlar Təşkilatının sədri Qələmşah Babayev ilə görüşən nümayəndə heyəti onun iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatları   Böyük Vətən Müharibəsi veteranlarına təhvil veriblər. RayonVeteranlar Təşkilatının sədri Qələmşah Babayev koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir

Hamısını oxu
Baş prokuror həmvətənlərimizə qarşı erməni vandalizmi ilə bağlı xarici ölkələrdəki həmkarlarına müraciət etdi
Baş prokuror həmvətənlərimizə qarşı erməni vandalizmi ilə bağlı xarici ölkələrdəki həmkarlarına müraciət etdi

Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də, Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib. Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Həmin müraciətlərdə qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına süni əngəllər törədir: “Habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də ermənilər Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutublar.   Eyni zamanda iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən, həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”. Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib.

Hamısını oxu
Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM
Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Yasamal rayon sakini qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Yasamal rayon sakini qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Vaqif Məmmədov Yasamal rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Yasamal rayon İcra Hakimiyyətinin başçının müavini Təravət Muradova ilk öncə qonaqları salamlayıb,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Mehriban Əliyevadan Dünya azərbaycanlılarına MÜRACİƏT
Mehriban Əliyevadan Dünya azərbaycanlılarına MÜRACİƏT

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib. Publika.az xəbər verir ki, müraciətdə deyilir: Əziz həmvətənlər! Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib. O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb. Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb. İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir. Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər. Əziz qardaşlar və bacılar! Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Hər bir səsin əhəmiyyəti var! Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır. Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

Hamısını oxu
50 minə yaxın Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
50 minə yaxın Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq". Milli.Az

Hamısını oxu
Azərbaycan Mətbuatı 145 yaşında
Azərbaycan Mətbuatı 145 yaşında

Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. Bu gün 145 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq. “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Ölkənin bütün media təmsilçilərini həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiatında çalışan “Azərbaycan Veteranı” qəzetinin baş redaktoru Ülvi İbrahimlini, qəzetin məsul katibi Şəhla Qarayevanı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Respublika Veteranlar Təşkiatının kollektivi və şəxsən öz adımdan  təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıram.   Hörmətlə: Respublika Veteranlar Təşkiatının sədri general-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu