Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Cəlil Xəlilov: "Azərbaycan ona yönəlik hər təhlükəni və təhdidi aradan qaldırmağa qadirdir"
Cəlil Xəlilov: "Azərbaycan ona yönəlik hər təhlükəni və təhdidi aradan qaldırmağa qadirdir"

Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, müharibənin bitməsindən ötən doqquz ayda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfərlər edib. Bu gün işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı verilmiş tapşırıqlar müvəfəqiyyətlə yerinə yetirilir. Quruculuq işləri, infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir.   Azərbaycanın istər beynəlxalq, istər regiondakı uğurları Ermənistanı sözsüz ki, narahat etməyə bilməzdi. Belə ki, “mehriban qonşumuzun” hökumət dairələri təşviş və qorxu içərisindədir. Elə bunun səbəbidir ki, hər yerdən əli üzülən Ermənistan çıxış yolunu təxribatda, xalqını aldatmaqda, Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda görürlər.     Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizin mövqeyi intensiv atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub. Hadisə baş verən kimi Azərbaycan tərəfi Rusiya sülhməramlılarının komandanlığını və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini erməni təxribatı haqqında məlumatlandırıb, onları zəruri informasiya ilə təmin edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki,  Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən mövqelərimizin erməni hərbçiləri tərəfindən atəşə tutulması Azərbaycan tərəfini narahat edən, eyni zamanda, rəsmi İrəvanın məkirli niyyətlərindən xəbər verən hadisədir: “Xatırladım ki, erməni hərbçiləri bundan əvvəl də dəfələrlə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, 10 noyabr Bəyanatının şərtlərini kobud şəkildə pozmaqla öz məkrli niyyətlərini ortaya qoyublar. Hesab edirəm ki, baş verən bu təxribatlar bir neçə aspektdən şərh edilə bilər. Bunlardan biri Ermənistanın hələ də 44 günlük Vətən müharibəsindəki rüsvayçı məğlubiyyətindən lazımi dərs çıxarmaması ilə bağlıdır”.   “Cəmi 44 gün ərzində öz hərbi potensialının 80 faizindən məhrum olan Ermənistan yeni təxribatlara əl atmaqla bölgədə gərginliyi artırmağa, sabitliyi pozmağa çalışır” deyən C. Xəlilov Ali Baş Komandanın fikirlərinə diqqət çəkərək bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, “Dəmir yumruq” öz yerindədir və Azərbaycan ona yönəlik hər bir təhlükəni dəf etməyə, hər bir təhdidi aradan qaldırmağa qadirdir.   Məsələnin ikinci tərəfi təxribatların Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə reallaşmasıdır. Halbuki, 2020-ci ilin 10 noyabr Bəyantında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Məhz buna görədir ki, bugünlərdə Azərbaycanın müdafiə naziri bu təxribatların  qarşısının qətiyyətlə alınması ilə bağlı göstəriş verdi və sentyabrın 3-də mövqelərimizə hücum edən düşmən hərbçiləri itki verərək geri çəkilməyə məcbur oldu”.   Polkovnik C. Xəlilov söylədi ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək: “ Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”.   Günel Eyyubova, “İki sahil”  

Hamısını oxu
AFFA Millinin oyunlarından əldə olunan gəlirin bir qismini Qarabağ Dirçəliş Fonduna ianə edəcək
AFFA Millinin oyunlarından əldə olunan gəlirin bir qismini Qarabağ Dirçəliş Fonduna ianə edəcək

Veteran.gov.az xəbər verir ki, sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Qeyd edək ki, ianə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.   Azərbaycan – Portuqaliya oyununa biletləri “iTicket.Az” veb saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündür. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.   Qeyd edək ki, yaxın günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanacaq.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün vahid və əlçatan platformadır.   İanələrin köçürülməsi ilə bağlı daha ətraflı burada: https://qdf.gov.az/iane-et/  

Hamısını oxu
Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub
Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub

Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub. Veteran.gov.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ( Fred Asif) oğlu Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında erməni rəqibinə qalib gəlib. Həmyerlimiz Azər Məhərrəmov və erməni rəqibi arasında qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub. Qələbə qazanan Azər Məhərrəmov "Arm Wrestling" liqasının kubokuna sahib olub.  

Hamısını oxu
“Görülən işlər sadəcə başlanğıcdır...”
“Görülən işlər sadəcə başlanğıcdır...”

Xəyal Rza: “Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik”   Qarşıdan 44 günlük Vətən müharibəsinin ildönümü gəlir.   Maraqlıdır, bu tarixi zəfər, böyük qələbə ədəbiyyatımızda öz əksini yetərincə tapırmı? Yaxın gələcəkdə bu istiqamətdə yeni ədəbi əsərlərin yaradılması nə dərəcədə zəruridir?   Saytımıza açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza artıq bu yöndə bir sıra addımların atıldığına diqqət çəkib:   “Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə, sədr müavini Rəşad Məcidin redaktorluğu ilə (ön söz Rəşad Məcid) "Qarabağ dastanı - 30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab çap edildi. Almanax halında çap edilən kitabda qarabağlı qələm adamlarının məqalələri, şeirləri yer alıb. Şəhidlərimizə, zəfərimizə həsr edilimiş ayrı-ayrı onlarla kitab işıq üzü görüb. AYB-nin "Ulduz" jurnalı Qarabağa xüsusi buralıxlış həsr edib. "Ədəbiyyat qəzeti" müntəzəm olaraq zəfərə, şəhidlərimizə həsr edilmiş əsərlər, hekayələr, məqalələr, şeirlər dərc edir.   Düşünürəm ki, bu bir başlanğıcdır. Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik. Bilirsiniz ki, roman uzun zaman tələb edir. Yaxın illərdə bu münasibətlə yazılmış romanları da oxuya biləcəyimizə inanıram”.   Seymur ƏLİYEV    

Hamısını oxu
Milli təqvimin daha bir tarixi günü
Milli təqvimin daha bir tarixi günü

Qalib Azərbaycan xalqı milli təqvimə daha bir tarixi günü qürurla və əzəmətlə yazmağa müvəffəq oldu. "Qarabağ" təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi. Bu, 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Qayıdışın daha bir rəmzi - simvolik ifadəsidir.   Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri həmin ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi və müvafiq tapşırıqları əsasında bəhs olunan torpaqlarda zəruri infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Böyük Qayıdışın təmin edilməsində çox mühüm humanitar missiya həyata keçirir. Onun rəhbərliyi ilə görülən işlər - atılan addımlar işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılmasında çox böyük əhəmiyyət daşıyır.   Bütövlükdə, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca önəmlidir. Azərbaycan dövləti bütün bu imkanlardan və üstünlüklərdən istifadə edərək öz qüdrətini daha da artıracaq!     Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
Azərbaycanın dövlətçilik tarixinin daha bir şanlı səhifəsi
Azərbaycanın dövlətçilik tarixinin daha bir şanlı səhifəsi

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətləri misilsizdir. O, fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqın isə rifahının artmasına xidmət edən tarixi işlər görüb, mühüm nailiyyətlərə imza atıb. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyevin düz 30 il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.   Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır   Məlumdur ki, həmin dövrdə ölkəmiz mürəkkəb şəraitlə qarşı-qarşıya idi. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca gərginləşdirmişdi. O zaman müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun ağır olduğu şəraitdə - 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox mühüm işlər görüldü. Muxtar Respublikada tənəzzülün qarşısı alındı, sabitlik təmin edildi. Aqrar islahatlar reallaşdırıldı, infrastruktur quruculuğu istiqamətində ardıcıl işlər görüldü.   Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin atdığı addımlar tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından çox mühüm əhəmiyyətə malik oldu. Belə ki, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Həmçinin Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar verilməsi xüsusi vurğulanmalıdır.   Eyni zamanda, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə əlaqədar mühüm addımlar atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm daşıyırdı. Göründüyü kimi, Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də milli maraqlarımızın, dövlətçilik ənənələrimizin qorunması baxımından olduqca əlamətdardır.   Qalib və güclü Azərbaycan Ulu Öndərin ideyaları əsasında uğurla inkişaf edir   Ümummilli Lider Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində isə gördüyü tarixi işlərlə Azərbaycanı tərəqqi yoluna çıxarıb və ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıb. Bir sözlə, Azərbaycanın inamlı inkişafı məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olub. Həmçinin Naxçıvan bu gün Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür.   Beləliklə, qalib və güclü dövlət olan Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanaraq zirvələr fəth edir. Ölkəmizin bugünkü reallıqları Ulu Öndərin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
İtaliyada keçirilən “Bərpa həftəsi - 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub
İtaliyada keçirilən “Bərpa həftəsi - 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub

Veteran.gov.az xəbər verir ki, avqustun 30-dan sentyabrın 4-dək İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (İCE) və İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” çərçivəsində silsilə tədbirlər keçirilir.   Sözügedən tədbirlərdə Azərbaycandan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov iştirak edir. Tədbirə Azərbaycanla yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə Ərəbistanı Krallığı və İsraildən olan nümayəndə heyətləri də qatılıb.   “Bərpa həftəsi - 2021” çərçivəsində Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş tədbirinin açılış mərasimində Bari şəhər rəhbərliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin, Assorestauronun, Bari Vilayətinin memarlar, landşaft dizaynerləri və bərpaçılar Assosiasiyasının, Fiera del Levante Sərgisinin, Ferrara Sərgi Konqresinin rəhbər şəxsləri çıxış ediblər.   Sentyabrın 2-də “Bərpa həftəsi - 2021 çərçivəsində Azərbaycanla bağlı ölkə təqdimatı təşkil olunub. Açılış nitqi ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Ticarət Agentliyinin Sənaye Tərəfdaşlığı və Beynəlxalq Qurumlarla Əlaqələr Departamentinin müdiri Roberto Lovato və Assosrestauronun texniki direktoru Andrea Qriletto çıxış edərək Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən və qarşılıqlı faydalı mübadilələrdən, mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası çərçivəsindəki imkanlardan danışıblar.   Tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə “Böyük qayıdış” və mədəni irsin bərpasına yönəlmiş davamlı proses haqqında geniş təqdimatla çıxış edib. Ermənistan Respublikası tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumatlar və fotofaktlar təqdim edib, mədəni irsimizə qarşı törədilmiş vəhşilikləri nümayiş olunub. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, çoxsaylı minalardan təmizləmə fəaliyyətinin davam etdiyi diqqətə çatdırılıb. Vurğulayıb ki, post-konflikt dövründə davamlı sülhün və rifahın tam bərqərar olması məqsədilə infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına bağlanıldığı qeyd olunub. Təqdimatda abidələrin dağıdılmasının miqyası barədə statistik məlumat, Ağdam şəhərinin və azad olunmuş digər ərazilərimizin acınacaqlı durumu diqqətə çatdırılıb.   Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində qarşılıqlı faydalı təkliflərə açıqdır və bu istiqamətdə İtaliyadan olan tərəfdaşların və şirkətlərin bu prosesə töhfə verməsini müsbət qiymətləndirir.   Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması nəzərdə tutulan unikal muzey layihəsinə dair məlumat vermişdir. Tədbir çərçivəsində təşkil olunan Beynəlxalq Bərpa Sərgisi də öz işini davam etdirməkdədir. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti İCE, Assorestauro, İtaliya Milli Tədqiqat Şurasının (CNR), habelə İBİX (abidələrin təmizlənməsi), ENEL X (memarlıq işıqlandırılması), CORES4N (abidələrin interyerinin bərpası üzrə) kimi İtaliyanın tikinti və bərpa sahələrində çalışan qabaqcıl şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.   Azərbaycan nümayəndə heyəti “Bərpa həftəsi - 2021” çərçivəsində 3 sentyabr tarixində Matera şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək.  

Hamısını oxu
“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib
“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.   31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.   “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.   Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.  

Hamısını oxu
Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb
Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb

Veteran.gov.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.   Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.   Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.   Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.  

Hamısını oxu
ANAMA yanında İctimai Şuranın ilk iclası keçirilib
ANAMA yanında İctimai Şuranın ilk iclası keçirilib

2021-ci il 1 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın ilk iclası keçirilib. İclasda üzvlər tərəfindən fəaliyyət planı müzakirə edilib, gələcək işlərlə bağlı istiqamətlər müəyyən edilib. Görüş çərçivəsində İctimai Şuranın rekvizit və atributları haqqında fikir mübadiləsi aparılıb.   ANAMA yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, üzvlər fəaliyyətlərini genişləndirməli, işğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlarla yüksək çirklənmə səviyyəsini həm ölkədaxili, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalıdır.   Görüşdə önəmli müzakirə mövzularından biri də BMT-nin Mina və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması məsələləri üzrə Ümumdünya Vəkili Daniel Kreyqə, İctimai Şuranın üzvləri tərəfindən Azərbaycandakı mövcud vəziyyətə dair müraciətlə bağlı idi. Müraciət məktubunun məzmunu müzakirə edildi, müvafiq əlavələrdən sonra yaxın bir müddətdə məktub minaların və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması ilə bağlı BMT-nin qlobal müdafiəçisinə ünvanlanacaq. Məqsəd vətəndaşların həyatını qorumaq, bölgəyə sülh və firavanlıq gətirmək səylərinə töhfə verməkdir.   İctimai Şura üzvləri azad edilən ərazilərə işgüzar səfərlər planlaşdırır, maarifləndirmə və bu sahədə təhsil üzrə təkliflər müzakirə edilir, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir.  

Hamısını oxu
Millət vəkili şəhid Murad Əliyevin ailə üzvləri ilə görüşüb
Millət vəkili şəhid Murad Əliyevin ailə üzvləri ilə görüşüb

Dünən millət vəkili Soltan Məmmədov şəhid Murad Əliyevin ailəsinə baş çəkib, onlarla həmsöhbət olub.   Veteran.gov.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:   “Bu gün Binə qəsəbəsində Vətən müharibəsi şəhidi Murad Əliyevin ailə üzvləri ilə görüşdük. Şəhidimizin əziz xatirəsini yad etdik. Şəhidlərimizin hər birinin həyat hekayəsi bizim üçün örnəkdir. Azərbaycanı güclü edən, bizə qələbə yaşadan qəhrəman və fədakar oğullarımızdır. Ona görə də, dövlətimiz şəhid ailələrini və müharibədə sağlamlığını itirmiş qəhrəmanlarımızı daim diqqətdə saxlayır. Onları dinləmək, ünsiyyətdə olmaq, hər zaman yanında olduğumuzu hiss etdirmək bizim vətəndaşlıq borcumuzdur.   Murad cəmi 19 yaşında Şəhidlik zirvəsinə ucalıb. Bu yaşda tarixin bir parçasına çevrilmək yalnız seçilmiş insanlara nəsib olur.   Murad Hüseyn oğlu Əliyev 13 mart 2001-ci ildə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində anadan olub. 2007-ci ildə Binə qəsəbəsində yerləşən 136 saylı məktəbin birinci sinifinə qəbul olunub. 2016-cı ildə 9-cu sinfi bitirdikdən sonra qəsəbədə yerləşən 101 saylı Peşə Liseyinə daxil olub. 2019-cu ilin aprel ayında hərbi xidmətə çağrılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olan Murad Əliyev Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olmasına görə" medalları ilə təltif edilib.   Allah bütün şəhidlərimizə rəhmət eləsin”.  

Hamısını oxu
Nərimanov rayonunda Vətən müharibəsi qəhrəmanının doğum günü qeyd olunub
Nərimanov rayonunda Vətən müharibəsi qəhrəmanının doğum günü qeyd olunub

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləmiş və ərazi bütövlüyümüzü bərpa etmişdir. Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də “Vətən Müharibəsi Qəhrəmanı”, pilot şəhid, polkovnik Zaur Nudirəliyevdir. Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuş və 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirmişdir. Daha sonra Zaur Nudirəliyev 2011-2013-cü illərdə Almaniyada General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.   Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli və digər medallarla təltif edilmişdir.   Vətən Mügaribəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Bu uçuş zamanı ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi. Amma o, mənfur düşmənə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış, çoxlu sayda düşməni məhv etmiş və özü isə şəhid olmuşdur.   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarıı ilə təltif edilib.   01 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid Zaur Nudirəliyevin ailəsi, hərbçi yoldaşları, eləcə də rayonun digər şəhid ailələri II Şəhidlər Xiyabanına gəlmiş, Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Çıxışçılar Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Zaurun xatirəsinin əziz tutulduğunu, hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişlər. Şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyi bildirilmişdir. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər. Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə digər Vətən Müharibəsi şəhidlərinin də məzarlarını ziyarət etmiş, xatirələri dərin hörmətlə anılmışdır.   Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən abad məhəllədə “Qəhrəman ömrü” adlı tədbir keçirilmişdir. Belə ki, “Vətən Müharibəsi Qəhrəmanı”, polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr olunmuş futbol turniri, şahmat və dama yarışları keçirlimişdir. Həmçinin tədbir zamanı müxtəlif yarışların qalib karateçiləri tərəfindən nümunəvi çıxışlar göstərilmiş, gənc rəssamlar tərəfindən Qarabağa həsr edilmiş rəsmlər çəkilmiş və sonda rəsmlər tədbir iştirakçıları üçün nümayiş etdirilmişdir. Sonda yarış iştirakçıları, gənc rəssamlar şəhid ailə üzvləri və digər tədbir iştirakçıları tərəfindən diplomlarla təltif edilmiş, şəhidin ailə üzvünə Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.   Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin ailəsi yaşadıqları ünvanda bir daha ziyarət olunmuş, şəhidin yağlı boya ilə çəkilmiş portreti ailəsinə təqdim edilmişdir.  

Hamısını oxu