Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Düşmən 50-yə yaxın itki verib
Düşmən 50-yə yaxın itki verib

“Ermənistan tərəfi aprel döyüşlərində olduğu kimi, bu dəfə də itkilərini gizlədir. Onlar öz məğlubiyyətlərini göstərməmək üçün bu məlumatları açıqlamır, ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar”. Bunu Azvision.az-a Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Hərbi ekspert bildirib ki,düşmən son hadisələr zamanı 50-yə yaxın itki verib: “Düşmən bu barədə məlumat vermir. İtkilərin sayını gizli saxlayırlar. Ermənistan rəhbərliyi bununla xalqı aldatmağa cəhd göstərir. Düşmənin itkiləri bizdən qat-qat çoxdur”. C.Xəlilov qeyd edib ki,Ermənistan rəhbərliyi beynəlxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirir: “Cəbhədə şəhid olan hərbçilərin cəsədlərinin döyüş meydanından çıxarılması barədə əldə edilmiş razılaşmanın pozulması bunun daha bir əyani sübutudur. Ermənistan tərəfi, həmçinin münaqişənin nizamlanması üçün beynəlxalq təşkilatların irəli sürdükləri tələblərə də həmişəki kimi biganə yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması,yeni şərtlər qoyulması beynəlxalq hüquq normalarına daban-dabana ziddir və erməni xislətindən irəli gəlir”.  

Hamısını oxu
Tərəfdaşlıq daha da qüdrətli hərbi potensialın yaradılmasına töhfə verəcək
Tərəfdaşlıq daha da qüdrətli hərbi potensialın yaradılmasına töhfə verəcək

“Azərbaycan və Pakistan arasında çox yaxın dostluq münasibətləri var. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan və diplomatik əlaqələr quran dövlətlərdən biri məhz Pakistan olmuşdur. Pakistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu ölkə bizimlə həmrəydir və Dağlıq Qarabağ münaqişəsinin həllində köməklik göstərməyə hazır olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri iki ölkə arasında bütün sahələrdə olan münasibətləri daha da genişləndirəcək”. Bunu SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, hərbi ekspert Cəlil Xəlilov bildirib. O qeyd edib ki, dövlət başçımızın Pakistana səfəri, oradakı görüşləri hər iki ölkənin inkişafı istiqamətində mühüm addımdır: “Pakistan bütün sahələrdə olduğu kimi, beynəlxalq məsələlərdə də Azərbaycanı dəstəkləyir. İki ölkə çox yaxşı strateji tərəfdaşdır. Cənab Prezidentin Pakistandakı görüşləri bir çox sahələrdəki əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracaq. Diplamatik və iqtisadi əlaqələrimizlə yanaşı, hərbi sahədə əməkdaşlığımız da güclənəcək. Görüşlər zamanı müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin imkanları da genişdir. Bu sahədə qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq Azərbaycan və Pakistanın daha da qüdrətli hərbi potensialının yaradılmasına töhfə verəcək”.

Hamısını oxu
Ermənistan riyakarlıq nümayiş etdirməkdə davam edir
Ermənistan riyakarlıq nümayiş etdirməkdə davam edir

on günlər Ermənistan Silahlı Qüvvələrinin cəbhə bölgəsində təxribat cəhdləri yenidən intensiv xarakter almışdır. Belə ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərindən müdafiə mövqelərimizə doğru irəliləməyə cəhd göstərmişlər. Hər zaman olduğu kimi Azərbaycan hərbçiləri düşmənin qarşısını qətiyyətlə almış, onu geri çəkilməyə məcbur etmişlər. Əsgər və zabitlərimizin peşəkarlığı, sayıqlığı ciddi müqavimətlə üzləşəcəyini gözləməyən düşməni çaşdırmış, ermənilərin növbəti təxribatı da qarşı tərəfin çoxsaylı itkiləri ilə nəticələnmişdir. Təssüf ki, düşmən təxribatının qarşısı alınarkən bir neçə hərbiçimiz şəhid olmuş və yaralanmışdır. Ermənistanın təxribatlarının arxasında dayanan əsas səbəblərə gəlincə, biz bu barədə əvvəllər də fikirlərimizi ölkə mediası ilə bölüşmüşdük. Təbii ki, Ermənistanın daxili və xarici problemləri ilə bağlı məsələlər öz həllini tapmadığından həmin səbəblərin əksəriyyəti dəyişməyib. Birincisi, Ermənistan tərəfi yenə də diqqəti öz daxili problemlərindən yayındırmaq məqsədi ilə vaxtaşırı belə təxribatlara əl atmaq məcburiyyətindədir. İkincisi, aprel döyüşlərindəki məğlubiyyəti “həzm edə” bilməyən Ermənistan rəhbərliyinin hazırkı mərhələdə bu sindromdan qurtulması üçün revanş arzusunu gerçıkləşdirməyə böyük ehtiyacı var. Üçüncüsü, Azərbaycan tərəfinin hərtərəfli hərbi, hərbi-texniki və mənəvi-psixoıoji üstünlüyü şəraitində erməni gənclərinin Qarabağda nahaqdan ölmələrinə Ermənistan cəmiyyətinin etiraz ovqatının daim artmasının arzuolunmaz nəticələr doğurması ehtimalı qarşı tərəfi ciddi narahat edir. Dördüncüsü, hər dəfə layiqli cavab alan düşmənin münaqişənin həllində mövqelərinin zəifləməsi kimi daha bir ciddi narahatlıq perspektivi yaradır. Bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi hər vasitə ilə növbəti məğlubiyyətini də xalqdan gizlətməkdən, beynəxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirməkdən çəkinmir. Cəbhədə şəhid olan hərbiçilərin nəşlərinin döyüş meydanından çıxarılması üçün əldə edilmiş razılşmanın pozulması və təxribat xarakerli fəaliyyətlərin davam etdirilməsi bunun əyani sübutlarıdır. Ermənistan tərəfi həmçinin, münaqişənin nizamlanması üçün beynəxalq təşkilatların irəli sürdükləri tələblərə də yenə bigana yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması, şəhid olan hərbiçilərin nəşlərinin qaytarılmasında yeni şərtlərin qoyulması nəinki beynəxalq hüquq normalarına, eləcə də insanlığa zidd fəaliyyətlərdir və yalnız erməni xislətinin göstəricisi sayıla bilər. Azərbaycan hər bir əsgər və zabiti ilə qürur duyur. Ərazi bütövlüyümüzün qorunması uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınarına dərin hüznlə baş sağlığı veririk.   Cəlil Xəlilov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik.

Hamısını oxu
Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə keçirilmiş tədbir
Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə keçirilmiş tədbir

Tədbirdən əvvəl Respublika Veteranlar Təşkilatının əməkdaşları, İkinci Dünya, Qarabağ müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək onun önünə tər güllər qoymuşlar. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Xocalı hadisəsi 20-ci əsrin ən qanlı soyqırımlarından biridir. Bu soyqırım etnik azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməkliyi ilə törədilmişdir. Zirehli texnikanın iştirak etdiyi bu qanlı hadisədə bir gecənin içində Xocalı şəhəri tamamilə yer üzündən silinmişdir. Nəticədə həmin vaxt Xocalıda mühasirə vəziyyətində qalmış 2500 nəfər sakindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfəri qətliamın qurbanı olmuş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Soyqırımda 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan mənəvi və psixoloji zərbənin ağırlığını bu gün də hər birimiz dərindən hiss edirik. Onun dəhşətli nəticələri hər bir azərbaycanlının qəlbini ağrıdır. Ancaq nə qədər aığr və dəhşətli olsa da, Azərbaycan xalqı sarsılmadı. Əksinə düşmənini bir daha tanıdı və faciədən ibrət dərsi götürməklə, düşmənə layiqli cavab verməyə hər an hazır olmaq üçün özündə güc tapdı. Bu sahədə Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyətin mühüm istiqamətlərindən biri Xocalı soyqırımının dünyada tanıdılmasıdır. Bu baxımdan bir neçə il əvvəldən başlanmış “Xocalıya ədalət” kompaniyası çərçivəsində görülən işlər xüsusilə uğurlu olmuşdur.  Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılması erməni faşizminin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətli olmuşdur. Respublika Veteranlar Təşkilatı da öz tədbirlərində, xüsusilə gənclərlə görüşlərdə onlara Xocalı soyqırımı, eləcə də Qarabağ müharibəsi ilə bağlı digər məlumatların çatdırılmasını daim diqqətdə saxlayır. Məqsəd gənclərin vətənpərvər ruhda yetişməsi, Vətəni düşməndən qorumağa, işğal altında qalan torpaqlarımızı azad etməyə hər an hazır olmalarıdır. Azərbaycan gəncliyinin, əksər hissəsini gənclərin təşkil etdiyi Ordumuzun bu şərəfli missiyanı həyata keçirməyə hər an hazır olduğuna şübhə yoxdur. Ötən ilin aprelində erməni hərbi birləşmələrinin təxribatının qarşısının uğurla alınması zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlar bunu bir daha sübuta yetirdi. Hazırda əksər gənclərimizin vətənpərvər, Vətəninə, torpağına bağlı insanlar kimi yetişməsi torpaqlarımızın erməni işğalından azad ediləcəyinə olan inamımızı daha da artırır. Xocalı hadisələrinin dünyanın əksər dövlətləri, xüsusilə əsas söz sahibi sayılan ölkələri tərəfindən soyqırımı kimi qəbul etdirilməsi ilə Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olarıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız dəstək verməli, Xocalı harayına öz səsini qatmalıdır”.  Daha sonra çıxış edənlər, hüquq elmləri doktoru,  professor Bəhram Zahidov  Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmasının əhəmiyyətindən, ölkənin müxtəlif təşkilatlarının, xüsusilə Respublika Veteranlar Təşkilatının bu istiqamətdəki fəaliyyətindən danışaraq, bu fəaliyyətin daha da gücləndirilməsinin zəruri olduğunu bidirdilər.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında görüş keçirilmişdir
Respublika Veteranlar Təşkilatında görüş keçirilmişdir

18 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla veteranların görüşü keçirilmişdir. Əli Həsənov çıxışına başlamazdan öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin veteranlara xüsusi salamlarını və ən xoş arzularını çatdırmış, dövlət başçısının veteranlarla bağlı məsələləri daim diqqət mərkəzində saxladığını və bu gün də məhz Prezidentin tapşırığı ilə onlarla görüşə gəldiklərini bildirmişdir. Prezidentin köməkçisi bu il yanvar ayının 3-ü və 25-də 95 yaşları tamam olmuş İkinci Dünya müharibəsi veteranları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aleksandr Aleksandroviç Qritçenkonun və Səttarova Fatma Hüseyn qızının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərancamı ilə 30 yanvar 2017-ci il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduqlarını xatırlatmışdır. O, hər iki qocaman veteranın bu yüksək dövlət mükafatına ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görüldüklərini vurğulayaraq, veteranların daim fəal olmalarından qürur duyduqlarını, onların yalnız mənsub olduqları ailələrin deyil, bütün xalqın ağsaqqalı, ağbirçəyi olduqlarını  qeyd etmişdir. Azərbaycanda müharibə əlillərinə və veteranlarına yüksək dövlət qayğısı göstərildiyindən danışan Ə.Həsənov respublikada bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyətinin canlandığını, veteranlara münasibətin kardinal şəkildə dəyişməsinin şəxsən şahidi olduğunu bildirmişdir. O, xüsusilə 1994-cü ildən etibarən bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atıldığını, Ümummilli lider Heydər Əliyevin imzaladığı ilk Qanunlardan birinin məhz veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olduğunu qeyd etmişdir. Bunula da yüksək səviyyəyə qaldırılan veteranlara dövlət qayğısının hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu məqsədlə təkcə cari ilin əvvəlləindən artıq bir neçə sərancamın imzalandığını bildirən Ə.Həsənov bu günki təqdimatların da bu sahədə növbəti addım sübutu olduğunu vurğulamışdır.  Prezidentin köməkçisi Azərbaycan Respublikası Prezidentinin fəxri diplomlarını İkinci Dünya müharibəsi veteranları Səttarova Fatma Hüseyn qızına və Aleksandr Aleksandroviç Qritçenkoya təqdim etmiş, onlara  cansağlığı, gəlcək işlərində uğurlar arzulamışdır. Fatma Səttarova və Aleksandr Qritçenko çıxış edərək yüksək təltifə və diqqətə görə Azərbaycan Respublikası Prezidentinə öz dərin minnətdarlıqlarını buildirmiş, İkinci Dünya müharibəsi cəbhələrində qazandıqları yaraların bu gün göstərilən belə yüksək qayğıdan sonra sanki sağaldığını vurğulamış, ölkənin ictimai həyatında və gənclərin vətənpərvərlik tərbiyəsində bundan sonra da səmərəli fəaliyyət göstərəcəklərinə əmin etmişlər. Hər iki veteran dövlət başçısı, Ali Baş Komandana, şanlı ordumuza, eləcə də bütün xalqımıza Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi istiqamətindəki fəaliyyətlərdə uğurlar arzulamışlar. Onlar bütün veteranlar adından Azərbaycan xalqının qələbə gününün uzaqda olmadığına inandıqlarını ifadə  etmişlər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin ölkə veteranlarını həmişə diqqət mərkəzində saxlamasından, onların problemlərinin birinci növbədə həll olunmasından danışmış, müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl sərancam və fərmanlar imzalandığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan veteranları bu baxımdan bütün MDB məkanında ən çox qayğı və diqqətlə əhatə olunmuşlar və Ulu öndərin dediyi kimi veteranlara sözün həqiqi mənasında Azərbaycanın xəzinəsi kimi yanaşılır. C.Xəlilov veteranların maddi rifah halını yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinin onları daim ruhlandırdığını, özlərini daim sırada hiss etdiklərini vurğulamışdır. Azərbaycan veteranlarının dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı dəstəklədiklərini və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildirmişdir. Görüşün sonunda Əli Həsənov Veteran Təşkilatının qarşısında duran vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə inandığını, və bu gün də Təşkilatın fəaliyyətinin ümumən ölkə ictimayyəti tərəfindən razılıqla qarşılandığını qeyd etmişdir.  O, Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin xususi diqqətdə saxlandığını ifadə etmişdir. Görüşdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, İkinci Dünya Müharibəsi  veteranları və  Respulika Veteranlar Təşkilatının şöbə müdirləri iştirak etmişlər.

Hamısını oxu
Bakı nefti qələbənin açarı
Bakı nefti qələbənin açarı

“Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitabın təqdimatı keçirilib. Z.Səmədzadə kitabın Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixində imzaladığı “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən ərsəyə gətirildiyini deyib. Bildirib ki, kitab geniş və əhatəli mündəricata malikdir: “Veteranlar bizim sərvətimizdir və şərəfimizdir”, “Bakı nefti dünya siyasətinin tərkib hissəsidir”, “Bakı neftinin qələbədə əvəzolunmaz rolu (faktlar və sənədlər)” və digər bölmələrdə Bakı əhalisinin və bütövlükdə, Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində və faşizm üzərində qələbə çalınmasında danılmaz rolu işıqlandırılır.   Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov deyib ki, Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, dəniz donanmasının, tibb işçilərinin əməyi kitabda öz əksini tapır. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft tarixindən, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan danışıb. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Fəzail İbrahimli, parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları kitabla bağlı fikirlərini bölüşüblər. Respublika Veteranlar Təşkilatının sədr müavini e.o polkovnik Cəlil Xəlilov tədbirdə çıxış etmişdir. O, kitabı Azərbaycan tarixinin işıqlandırılması baxmında yüksək dəyərləndirdi. Daha sonra Cəlil Xəlilov çıxışında qeyd etdi: “Bu gün təqdimatı keçirilən “Bakı nefti qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək 1941-1945” kitabı Azərbaycanın və onun xalqının İkinci Dünya Müharibəsində faşizm üzərində böyük qələbənin əldə olunmasında iştirakının bir sıra mühüm məqamlarına işıq salır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, görkəmli akademik Ziyad Səmədzadənin rəhbərliyi altında ərsəyə gəlmiş bu kitab ümumiyyətlə, neft amilinin dünya siyasətində, bu və digər ölkələrdə hakimiyyət uğrunda mübarizələrdə oynadığı rolun üzə çıxarılması baxımından da olduqca əhəmiyyətlidir. Bu mənada Bakı neftinin bir əsrdən artıq müddətdə Azərbaycanın və ümumən regionun taleyinin müəyyənləşməsinə ciddi təsirləri tədqiqat süzgəcindən keçirilmiş, böyük dövlətlərin neft siyasətinin nəticələri təhlil edilmişdir. Əlbəttə, başlıca diqqət Bakı neftinin 1941-1945-ci illərdə müharibənin gedişinə göstərdiyi təsirə yönəldilmiş, haqlı olaraq faşizm üzərində böyük qələbədə onun əvəzolunmaz rolu tarixi faktların dili ilə çatdırılmışdır. Azərbaycan xalqı İkinci Dünya Müharibəsində faşizmin məğlub edilməsinə həqiqətən də böyük töhfələr vermişdir. Bu barədə kifayət qədər yazılmış, deyilmiş, sənədli və bədii filmlər çəkilmişdir. Ancaq bu elə zəngin və əhatəli mövzudur ki, nə qədər araşdırılsa, yazılsa, çəkilsə də bitib-tükənən deyil. Qələbənin 70 illiyi münasibəti ilə Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilmiş və nümaişi baş tutmuş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli film bunu bir daha sübuta yetirdi. Film qeyd edilən sahədə indiyədək az məlum olan həqiqətləri üzə çıxarmaqla hələ neçə illər sonra da bu mövzunun öz aktuallığını saxlayacağını göstərdi. Azərbaycan xalqı İkinci Dünya Müharibəsində təkcə cəbhəyə yola saldığı 720 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. 300 mindən çox soydaşımızın o cümlədən partizan hərəkatlarının apardığı qanlı döyüşlərdə həlak olmaları, minlərlə azərbaycanlının qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden-medallara layiq görülmələri, cəbhəyə yola salınan neçə adda silah və sənaye məhsulları, min tonlarla ərzaq, paltar karvanları, ökə hospitallarında cəbhədə yaralanmış 440 min nəfərin müalicəsinin təşkil və s. onlarla digər faktlar Azərbaycan xalqının bəşəriyyətin dəhşətli bəladan xilası naminə xalqların birgə nailiyyətinə verdiyi töhfələrdir. Tarix bunları unuda bilməz və bu gün bizlərə təqdim olunan kitabın başlıca missiyası da budur: tarixin yaşadılması, həqiqətlərin uca səslə bəyan olunması. Bizim buna hazırda daha böyük haqqımız çatır. Çünki, faşizmin məğlub olmasına böyük qurmanlar və əvəzsiz töhfələr vermiş bir xalq bu gün özü alman faşizmindən daha amansız olan ermənin faşizminion təcavüzünə məruz qalıb. Bu gün 20 faizdən çox Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistan tərəfi özünün təcavüzkarlıq siyasətini açıq və arxayın şəkildə davam etdirir. Hətta bunula da qalmır, alman faşizminə xidmət göstərmiş erməni cəlladları general Dronun, Qaregin Njdenin bəraətinə çalışır. Ötən il Təşkilatımız Azərbaycan veteranları, ümumən cəmiyyəti adından bu cinayətləri birmənalı şəkildə qınayan və rədd edən, ermənilərin faşızmi dirçəltmək, onun əil qana batmış nümayəndələrinə bəraət qazandırmaq cəhdlərinin ifşasına biganə qalmamağa səsləyən müraciət hazırlayaraq Azərbaycan veteranları adından MDB ölkələrinin dövlət və hökumət başçılarına, həmin ölkələrin parlament üzvlərinin elektron ünvanlarına, veteran təşkilatlarına, beynəlxalq təşkilatlara göndərdik. Müraciətimizə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət rasmilərindən, parlament üzvlərindən, ictimaiyyət nümayəndələrindən və s ünvanlardan cavablar aldıq. Həmin müraciətin mətnini əməkdaşlarımız xarici ölkələrdə keçirilən bir sıra tədbirlərdə də səsləndidilər. Ancaq təbii ki, bütün bunlar erməni faşizminin ifşasına yönəlmiş ardıcıl fəaliyyətimizin yalnız bir hissəsidir. Bu fəaliyyət torpaqlarımız işğal altından azad ediləcəyi gününə qədər  daim gücləndirilərək aparılmalıdır. Bu məqsədlə möhtərəm Prezident Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Ötən ilin aprelində cəbhə xəttində baş verən hadisələr Azərbaycanın güclü orduya malik olduğunu, qəhrəman Azərbaycan əsgərinin torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha sübut etdi. Vaxtınızı çox da almadan onu da qeyd etmək istərdim ki, gənclərin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində apardığımız işin səmərəin daim yüksəltməyə çalışmağımızın əsasını da məhz onların hər an Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərə hazır olmalarıdır. Təqdimatına toplaşdığımız kitabın bu istiqamətdə gələcəkdə həyata keçiriləcək tədbirlərdə geniş istifadəsinə görə də biz onu ərsəyə gətirənlərə, xüsusilə hörmətli Ziyad müəllimə çox sağ olun deyir və yeni elmi yaradıcılıq uğurları arzulayırıq”. Kitabın təqdimetmə mərasimi münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində sərgi də təşkil olunub. Sərginin “1941-1945-ci illər müharibə iştirakçılarına və veteranlara qayğı və diqqət”, “Böyük Vətən müharibəsi tariximizin yaddaşında. 1941-1945”, “Boyevoy Listok” adlı stendlərində ümummilli lider Heydər Əliyevin veteranlarla görüşləri, onlara göstərdiyi diqqət və qayğı fotoşəkillərdə və imzaladığı sənədlərdə öz əksini tapır. “Böyük Vətən müharibəsi tariximizin yaddaşında” adlı stenddə Bakı neftinin dünya siyasətində və Sovet dövlətinin bu müharibədə qələbə qazanmasında danılmaz rolu dövrün ayrı-ayrı siyasətçilərinin fikirlərində yer alır.

Hamısını oxu
Bu görüşün Bakıda keçirilməsi sübut etdi ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur
Bu görüşün Bakıda keçirilməsi sübut etdi ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

Bakı, 17 fevral, AZƏRTAC  Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Daim inkişaf edən Azərbaycan iqtisadi, hərbi imkanları, əlverişli coğrafi şəraiti ilə regionun mühüm əhəmiyyətli dövləti hesab edilir. Bu fikirləri amerikalı və rusiyalı generalların Bakıda keçirilən görüşünü AZƏRTAC-a şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, Azərbaycan bölgənin bir çox ölkələrindən fərqli olaraq, həm ABŞ, həm də Rusiya ilə yaxın əməkdaşlıq münasibətlərinə, strateji tərəfdaşlıq əlaqələrinə daim sadiqdir və bu əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi səylər göstərir. Bu gün Azərbaycan və onun Prezidenti İlham Əliyev beynəlxalq miqyasda, xüsusilə ABŞ və Rusiya prezidentləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur. Dünya dövlətləri Azərbaycanla qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurmuş Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik üzvlük fəaliyyəti dövründə üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini sübuta yetirib. Özü erməni təcavüzünə məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Bütün bunlar dünyanın güc mərkəzlərinin onun paytaxtını görüş yeri kimi seçməsini şərtləndirən digər amillər sayıla bilər. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycanın həyata keçirdiyi siyasət nəinki regionda, daha geniş coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Bütün bunların ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında, əməkdaşlıq əlaqələrinin genişlənməsində danılmaz təsiri olub. Bu baxımdan, Bakının görüş yeri kimi seçilməsinin bu şəhərin sırf coğrafi baxımdan əlverişli ərazidə yerləşməsi ilə bağlanması doğru hesab edilə bilməz. Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bölgədə ən təhlükəsiz ölkədir. Məhz bu səbəbdən də görüş üçün Bakının seçilməsi təəccüblü deyil. Əlbəttə, burada Yaxın Şərqdəki mövcud vəziyyət, Tramp administrasiyasının xüsusilə Rusiya tərəfi ilə mübahisəli məsələlərdə hansısa razılaşmalara nail olmaq istəyi də nəzərdən qaçırıla bilməz. Məlumdur ki, əvvəlki rəhbərlik zamanı ABŞ-Rusiya münasibətlərində müəyyən gərginliklərin olması dünyanın müxtəlif regionlarında arzuolunmaz proseslərin yaşanmasına, beynəlxalq təhlükəsizliyin təmin edilməsində problemlərin meydana çıxmasına səbəb olmuşdu. Buna görə də ABŞ-Rusiya münasibətlərinin normal məcraya yönəlməsi qeyd edilən problemlərin həllini tapacağına, dünyada sabitliyin, təhlükəsizliyin möhkəmləndiriləcəyinə ümidləri artırıb. Azərbaycanın bu müstəvidə qazancı ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə cavabdeh olan Minsk qrupunun həmsədr ölkələri, əsas söz sahibi sayılan ABŞ və Rusiya tərəfindən konkret addımların atılması ola bilər.

Hamısını oxu
BİZ ÖZ VƏZİFƏMİZİ YERİNƏ YETİRMİŞİK!
BİZ ÖZ VƏZİFƏMİZİ YERİNƏ YETİRMİŞİK!

 Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10-il müddətində  416 iri miqyaslı hərbi əməliyyatlar keçirib15 fevral 1989-ci il tarixi, Sovet ordusunun sonuncu əsgərinin Əfqanstandan çıxması günüdür. Artıq həmin tarixdən 28  il keçir. Həmin vaxt Əfqanstandan sovet qoşunlarının tərkibində çıxmış, Əfqanstan və Qarabağ müharibəsinin veteran,  Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Sərraf Orucov  Əfqanıstan müharibəsi barədəsində ətraflı məlumat verərək bildirib ki,  25 dekabr 1979-cu il tarixindən 15 fevral 1989-cu il tarixinə kimi SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində olub, 10 il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlar keçirib. İlk hərbi əməliyyat “ALFA”- dəstəsi tərəfindən həyata kemirilmiş“Ştorm-333” (Əfqanıstan rəhbərliyinin qırğınsız–təlfatsız devirmək və sarayı tutmaq) əməliyatı uğurla yerinə yetirilmişdir. Ən böyük əməliyyatlardan biri isə “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. 10 il müddətində SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalardan 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət edib! Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olublar.        Əfqanıstanda döyüşlərdə və hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb. İtkilər bununla da bitməyib. Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib. Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet Ordusunun 86 əsgər və zabiti Sovet İttifaqı Qəhramanı adına layiq görülüb (bunlardan 25 nəfəri ölümündən sonra) 200 minə yaxını isə müxtəlif döyüş orden və medallarla təltif olunub.        Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 milyon ABŞ dolları yardım göstərib. Sovet İttifaqı Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olub.  Sovet ordusunun Əfqanıstan müharibəsində 147 tank, 1314 zrehli transpartyor, 433 artileriya sistemi, 118 təyarə və 333 vertolyot itkisi olub.                                                                                                   Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanılıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb. Məhz bu gün münasibəti ilə MDB-yə üzv olan dövlərtlərdə, eləcə də Azərbaycanda keçmiş Əfqanıstan döyüşçüləri hər il bu günü müxtəlif tədbirlər təşkil edərək təntənəli surətdə yad edirlər       Xatırlatmaq istəyirik ki, Azərbaycandan 7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib.   Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə  mülkü işlərdə xidmət edib.        Əfqanstan müharibəsi biz əfqan veteranlarını üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik  ali məktəbi olmuşdur. Məhs bu məktəbin sayəsində,  Azərbaycanın Əfqanstan veteranları, Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xususi fəallıq göstərmişlər.        Xususi ilə qeyd edərək xatırladmaq istəyirəm ki, 2 noyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonara həmrəylik nümayiş edib televiziya vasitəsi ilə xalqa müraciət edərək,  Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt, Əfqanstan döyüşçülərinin 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi Ulu Öndərin çağırışına kütləvi şəkildə səs verib, Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb.       Əfqanıstan döyüşçülərindən 7 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, onlarla əfqan döyüşçüsü isə müxtəlif döyüş medalları ilə təltif olunublar. Hal- hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycanın Silahlı Qüvvələrində yüksək rütbəli müxtəlif vəzifələrdə xidmət edirlər.       Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli ordusu formalaşmışdır. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda azsaylı hərbçi mütəxəsislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir.        Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan  sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz-keçmiş Əfqanstan müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq!       Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq! Fursətdən istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olmuş və Əfqansdanda beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş döyüşçülərə Allahdan rəhmət diləyərək, veteran həmkarlarımı Əfqanstandan sağ-salamat doğma vətənə döndükləri üçün təbrik edir, onlara həyatda uzun ömur can sağlığı arzu edirəm.   VƏLİ  VƏLİYEV

Hamısını oxu
Президенту Азербайджанской Республики
Президенту Азербайджанской Республики

Hamısını oxu
general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir
general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir

Bu yaxınlarda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir keçirildi. Polkovnik-leytenant Mikayıl Hüseynov qonaqları, müəllim və kursant heyətini salamladı. Ulu öndər Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildikdən sonra "Ürəklərdə yaşayan sərkərdə" sənədli filmi nümayiş etdirildi. İlk söz alan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı Həzi Aslanov haqda oxuduğu kitablardan bəzi xatirələri yada salaraq xoşbəxt millət olduğumuzu diqqətə çatdırdı: "Biz o qədər xoşbəxt millətik ki, oğullarımız uzaqlarda da Azərbaycanın adını həmişə yaşadıblar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov hər birimizə örnək olan, Azərbaycanın adını yüksəldən oğullardandır. İndiki müharibə şəraitində də Həzi Aslanov kimi oğullarımız az deyil." Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Həmid Cəfərov çıxışında ümummilli lider Heydər Əliyevin peşəkar zabit hazırlığına və qəhrəmanlıq salnaməsində adı keçən oğullarımıza qayğı göstərməsinə diqqət çəkdi: "Ümummilli Liderin rəhbərliyi dövründə istər İkinci Dünya müharibəsində, istərsə də Qarabağ müharibəsində döyüşən oğullarımız dövlətin himayəsində olublar. Ulu Öndərimizin Həzi Aslanov kimi oğullarımıza diqqət və qayğısı baxdığımız sənədli filmdəki çıxışından görsənir: "Həzi Aslanov Azərbaycan xalqının Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan nümayəndələrindən ən görkəmlisidir. O, döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə layiq olduğunu nümayiş etdirmişdir. ... Mən Böyük Vətən müharibəsində həlak olmuş, Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından müdafiə edərkən şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi qarşısında baş əyirəm." Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Ali Hərbi Məktəbində görüşün təsadüf olmadığını bildirdi: "Biz həmişə çalışırıq ki, bizim kursantlarımız, gələcək zabitlərimiz ən yüksək biliyə nail olsunlar. Onların xidməti ilə həmişə maraqlanırıq. Arzu edirik ki, onlar da Azərbaycanın qəhrəman oğullarına oxşasınlar. Gördüyünüz film göstərdi ki, Həzi Aslanov Azərbaycanın Böyük Vətən müharibəsində xidmət etmiş ən görkəmli sərkərdələrindən biridir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz qeyri-adi istedada malik olan bir hərbçi idi. Belə qəhrəmanlarımız gənc nəsil üçün örnəkdir. Çünki dövlətimizin təhlükəsizliyini sizlər təmin edəcəksiniz. Azərbaycan torpağını işğaldan siz azad edəcəksiniz. Ona görə də hərbi, fiziki, mənəvi hazırlığınız yüksək səviyyədə olmalıdır. Torpaqlarımızın işğaldan azad olunmasında siz də öz sözünüzü deyəcəksiniz, Azərbaycan bayrağını Şuşada, Xankəndində və işğal olunmuş digər rayonlarımızda dalğalandıracaqsınız." Sonda bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının adından  fəxri fərmanlar təqdim edildi.   Kapitan Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"

Hamısını oxu
Vətənpərvərlik dönməz prosesdir
Vətənpərvərlik dönməz prosesdir

Vətənpərvərlik tərbiyəsi müxtəlif formalarda, müxtəlif üsullarla aparılır. Bu üsullardan biri də veteranlarla görüşlərdir. Veteranların tarixə, milli mentalitetə söykənən söhbətləri istər yeniyetmələrin orduya hazırlığına, istərsə də əsgərlərin mənəvi hazırlığına təsirsiz ötüşə bilməz. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirdə birinci dərəcəli kapitan Natiq Bağırov qonaqları təqdim etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında bilavasitə şəxsi heyətlə işləyən zabitlərin üzərinə düşən vəzifələrdən, zabit-əsgər münasibətlərinin daha da möhkəmləndirilməsi zərurətindən əsgərin mənəvi hazırlığının döyüş hazırlığı qədər vacib olmasından danışaraq qeyd etdi ki, aprel döyüşləri həm ordumuzun gücünün, həm də ordu ilə xalqın birliyinin təsdiqi oldu. “Təsdiqləndi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir, sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın döyüş əmrinə hazırdır.” Ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxışında dedi ki, vətənpərvərlik hisslərinin daha dinamik yüksəlişi ordunun gücü deməkdir. “Ordumuz kifayət qədər güclüdür. Ən müasir silahlar da əsgərə həvalə edilir. Deməli, əsgərin həm döyüş, həm də mənəvi hazırlığı bir-biriylə təmasda aparılmalıdır. Zabitlərimiz bu amili həmişə diqqətdə saxlamalıdırlar.” Silahlı Qüvvələrimizdə, əsasən də Hərbi Dəniz Qüvvələrində 1-ci dərəcəli kapitan Aleksandr Qritçenko yaxşı tanınır. O, 51 kitab müəllifidir, 95 yaşı var. İstər təcrübəsini, istərsə də xatirələrini Silahlı Qüvvələrimizin əsgər və zabitləriylə böyük səxavətlə bölüşür. Tədbirdə iştirak edən qocaman hərbçi Böyük Vətən müharibəsində azərbaycanlı əsgər və zabitlərin xidmətlərindən, şücaətlərindən söz açaraq bildirdi ki, mən ömrümün yarısını Bakıda yaşamışam. “Özümü bakılı hesab edirəm. Silahlı Qüvvələrimizlə həmişə fəxr etmişəm. Ona sevinirəm ki, yazdığım kitablar Azərbaycan Ordusunun əsgər və zabitlərinin mənəvi hazırlığında az-çox gərəkli olur.” Sonra tədbir iştirakçılarına müraciətlə "Sevin Vətəni" - dedi. "Vətəni sevin, Xəzəri sevin. Gəncliyimin şahidi olan Bakı da, Xəzər də mənim ömrümün məbədidi...". 1-ci dərəcəli kapitan Zaur Hümmətov gərəkli tədbir üçün qonaqlara minnətdarlığını bildirdi. Sonda bir qrup zabit Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının idarə heyəti adından ordenlə, fəxri fərmanla təltif edildi. Tədbir bir daha təsdiqlədi ki, vətənpərvərlik dönməz prosesdir...   Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi, avanqardı ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilmişdir.
Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi, avanqardı ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilmişdir.

Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır. Gənclərin uğurlarının təməlində dövlətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti dayanır. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələri və gənclər gününün hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında yanvarın 31-də veteranlarla Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə keçirilən görüşdə səslənib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevralın 2-də respublikamızın gəncləri bu günü qeyd edirlər. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb”. Bildirilib ki, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən inamla və müasir dövrün tələblərinə uyğun davam etdirilməsi öz bəhrələrini verib. Azərbaycan gənclərinin intellektual inkişafı, sosial, mədəni problemlərinin həlli ilə bağlı müxtəlif dövlət proqramları icra olunub. Bu gün ölkədə gənclərin qarşısında geniş imkanlar yaradan fondlar, şuralar, ictimai birliklər və sair təşkilatlar fəaliyyət göstərir. Sevindirici haldır ki, gənclər onlara göstərilən etimadı doğruldurlar. Gənclər bütün istiqamətlərdə fəaldırlar və gələcəkdə daha da fəal olmalıdırlar. Bu isə onların bilikli, geniş dünyagörüşlü, intellektual, vətənpərvər insanlar kimi yetişmələrindən asılıdır. Ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi budur. Ehtiyatda olan polkovnik qeyd edib ki, bu gün ordu sıralarında xidmət edən, müxtəlif sahələrdə çalışan, təhsil alan gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi bizi sevindirir. Torpaqlarımızın işğaldan azad edilməsi yönündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Azərbaycanın güclü ordusunun formalaşdırılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlarımıza göstərilən qayğı bunun nəticələridir. Ötən ilin aprel hadisələri Ordumuzun gücünü, döyüş əzmini aydın şəkildə nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə, üçrəngli bayrağımızın Şuşada və işğal altındakı digər ərazilərimizdə qaldırılacağına inamımızı daha da artırır. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Böyük Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən Fatma Səttarova, veteranlar və digərləri çıxış edərək Gənclər Günü münasibətilə gəncləri təbrik edib, belə görüşlərin, nəsillər arasında əlaqələrin vacibliyindən, gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, könüllülük hərəkatında gənclərin iştirakından, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra veteranlar adından Azərbaycan gənclərinə müraciət qəbul edilib. Müraciətdə bildirilir ki, ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Vətəni, müstəqil dövləti qorumaq, daha da inkişaf etdirmək gənclərin ən ümdə borcudur. Onlar ölkənin ərazi bütövlüyünün təmin edilməsinə öz töhfələrini verməyə hazır olmalıdırlar. Dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı bu məsələnin Azərbaycan xalqının milli maraqlarına uyğun həll ediləcəyinə veteranların böyük inamı var. Azərbaycan Ordusunun ruh yüksəkliyi, əsgər və zabitlərimizin vətənpərvərliyi, qələbə əzminə köklənməsi bizi ruhlandırır. Veteranlar da bütün qüvvəsi ilə bu yolda ordumuza hərtərəfli dəstək olmağa daima hazırdır. Sonda ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə, veteran hərəkatında fəal iştiraklarına və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir neçə şəxs Respublika Veteranları Təşkilatının yubiley medalları ilə və fəxri fərmanlarla təltif olunublar.  Tədbir bədii hissə ilə davam edib.

Hamısını oxu