Latest news
İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunun da müxtəlif səbəbləri var. Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında dediyi kimi, müasir Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Sirr deyil ki, son 3 ildə dünyada baş verən epidemoloji , ekoloji və siyasi kataklizmlərlə əlaqədar yaranan yeni iqtisadi vəziyyət dünya əhalisini ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyub. Bu təhlükə elə bir səviyyəyə çatıb ki, problem yalnız aşağı və orta gəlirli ölkələri yox, həm də yüksək gəlirli, böyük iqtisadiyyata sahib ölkələri də qorxudur. Ötən dövrdə dünya iqtisadiyyatdan asılı olan ərzaq böhranı təhlükəsi ilə ilk dəfə COVİD-19 pandemiyasının yaranmasından sonra üzləşdi. Xüsusi karantin rejiminin tətbiq edilməsi kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının azalmasına səbəb oldu. Bu vəziyyətlə əlaqədar Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Tsyuy Dunyuy və Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus birgə bəyanat verərək pandemiyanın dünyada kənd təsərrüfatı üzrə tədarük zəncirini pozduğunu və potensial ərzaq böhranı təhdidini yaratdığını bəyan etdilər. Həqiqətən də 2020-ci ildə COVID-19 pandemiyası kənd təsərrüfatı istehsalına əhəmiyyətli təzyiq göstərdi, qlobal dəyər və təchizat zəncirini pozdu və bu, ən yoxsul ailələrin ciddi şəkildə təsirləndiyi qida çatışmazlığı və qeyri-adekvat ərzaq təminatı problemlərini yaratdı. 2021-ci ildə xüsusi karantin rejimi yumşaldılsa da dünya ekoloji kataklizmlə üzləşdi. Quraqlığın geniş yayılması, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir etdi. İqlim dəyişiklikləri və quraqlıq nəticəsində ekoloji mühit kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli olmadı, ərzaq istehsalı tələbatı qarşıla bilmədi. Qlobal səviyyədə istehsalın azalması təklifi daraltdı və qiymət artımları üçün əlavə imkanlar yaratdı.İqtisadiyyatın böhranı üçün yeni problemi Rusiya-Ukrayna müharibəsi üzə çıxartdı. Müharibə səbəbindən fevral ayının sonundan başlayaraq kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri davamlı artır. Ötən qısa müddətdə buğda 40 % bahalaşıb. Hazırki qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Siyasi və hərbi böhran ərzaqla yanaşı yanacaq və gübrə qiymətlərini də xeyli artırıb, Qara dəniz regionundan tədarük zəncirini pozub. BMT rəhbəri xəbərdarlıq edib ki, bu vəziyyət bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir. İqtisadiyyat həm də ölkələrdə əhalin rifah halının göstəricisidir. Əgər ölkə iqtisadi cəhətdən problem yaşamırsa, əhalinin maddi vəziyyəti də yaxşı olur, dünyada gedən proseslərlə bağlı yaranan qiymət artımı əhalinin rifah halınin mənfiyə doğru dəyişməsinə təsirsiz ötüşür. Yaranmış yeni vəziyyətdə Azərbaycan hökumətinin iqtisadi sahədə atdığı addımlar daha rasional və effektlidir. Hazırda ölkəmizdə ərzaq təminatında hər hansı problem, çətinlik müşahidə olunmur. Düzdür, son bir ildə ərzaq qiymətlərində illik müqayisədə 17,5 faiz artım faktı var ki, bunun da hansı səbəblərdən baş verdiyi qeyd edildi. Ərzaq qiymətlərinin daha çox artmaması və təminat çətinliyinin yaranmaması üçün hökumət müvafiq proqramlar və tədbirlər planları həyata keçirir. Hələ Rusiya-Ukrayna müharibəsindən öncə, 2022-ci ilin yanvarın 18-də Nazirlər Kabinetində keçirilən Hökumətin iclasında əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində xüsusi tapşırıqlar verildi. Bu tapşırıqların əsasını 6 baza prinsip təşkil edir. Hökumət ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzini əsasən yerli istehsalın üzərinə qoydu. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaqla təminat yaxşılaşdırılacaq.İkinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir. Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur.Qiymət siyasəti ilə bağlı iki qırmızı xətt müəyyənləşdirildi: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır. Hökumət təminatı yaxşılaşdırmaq üçün haqsız rəqabətə qarşı mübarizə gücləndirəcəyini, subsidiyaların nəticəyə görə veriləcəyini bəyan etdi. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılması məqsədilə martın 29-da Nazirlər Kabinetində müşavirə keçirildi. Müşavirədə 18 mart tarixli qərardan irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub. Bununla əlaqədar İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib. Bütün sadaladıqlarım bir daha cənab Prezident İlham Əliyevin yuxarıda adıçəkilən çıxışında iqtisadiyyatımız barədə söylədiklərini bir daha təsdiqləyir: "Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir". Məşhur Məmmədov Millət vəkili
Read more
Cumart Əlimuradov 2001-ci il may ayının 31-də Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri i tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cumart Əlimuradov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qusar rayonnun Urva kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra “ Vətən uğrunda ” medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonara”Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Read more
“Texnofest” festivalı türk dünyasının hərbi qüdrətinin təcəssümüdür”. Bunu “Sherg.az”a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Texnofest” hər şeydən öncə türk dünyasının hərbi qüdrətini nümayiş etdirir: “Texnofest” festivalı ilk növbədə Azərbaycan və Türkiyənin, bu dövlətlərin timsalında bütün türk dünyasının hərbi qüdrətini əks etdirir. Festival çərçivəsində Azərbaycan və türk pilotlarının sərgilədiyi məharət, müasir aviasiya vasitələrinin nümayişi, bütün dünya miqyasında ən son texniki yeniliklərdən hesab edilən müasir dronların təqdim edilməsi hər iki dövlətin hərbi sənayesinin dinamik və sürətli inkişafını göstərməkdədir. Bu festival bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyənin hərbi sənayesi yüksələn xətt üzrə inkişaf etməkdədir. Həmçinin, əldə etdiyi uğur və müvəffəqiyyətlərlə bütün dünyanı heyrətləndirməkdədir. Festivalda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan yeni taktiki döyüş uçuş simulyatoru olan "Dəmir yumruq" təqdim edildi. Bu faktın özü milli hərbi sənayemizdəki inkişafdan, onun əldə etdiyi tarixi uğurlardan xəbər verir. Bu baxımdan “Texnofest” festivalı haqlı olaraq hər bir Azərbaycan vətəndaşında, hər bir türk insanında qürur və iftixar hissi doğurur”. Polkovnik qeyd edib ki, “Texnofest” mənəvi baxımdan da mühüm əhəmiyyətə malikdir: “Təbii ki, Bakıda keçirilən bu mühüm festifal mənəvi baxımdan da böyük əhəmiyyət kəsb edir. Çünki bu festival həm də Azərbaycan və Türkiyənin qardaşlığının nə qədər möhkəm, nə qədər güclü olduğunu göstərir. Bu festival göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı həqiqətən də əzəli və əbədidir və heç bir qüvvə bu qardaşlığı poza, ona xələl gətirə bilməz. “Texnofest” festivalı ilə bütün dünya bir daha anladı ki, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan və Türkiyə bir-brilərinin yanında olacaq, dar məqamda bütün imkanları ilə bir-birlərinə dəstək verəcəklər”. Cəlil Xəlilov bildirib ki, festivala olan marağın böyüklüyü Azərbaycan-Türkiyə əməkdaşlığının, dostluq və qardaşlığının dərin mənəvi köklərə sahib olduğunu göstərir: “Şahid olduğunuz kimi, “Texnofest” festivalına maraq həddindən artıq böyükdür. Festivala olan bu maraq Azərbaycan-Türkiyə əməkdaşlığına, tarixi dostluğuna olan sevginin həm Azərbaycan, həm də Türkiyə xalqını qəlbində necə dərin kök saldığını əks etdirir. Əminəm ki, qarşıdakı illərdə biz həm Azərbaycan, həm də Türkiyədə oxşar mahiyyətli festivalların keçirilməsinə şahid olacaq, bu qürur hissini təkrar-təkrar yaşayacağıq”. Sherg.az
Read more
Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, 26.05.2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə Maarif Evinin dəstəyi ilə 28 May Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev, Ombudsmanın Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Xəyal Alverdiyev, Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Elnur Hacıyev çıxış edərək, 28 May Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı, parlaq səhifələrdən biri olduğunu və əsrlərlə müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşduğunu diqqətə çatdırmışlar. Qeyd edək ki, ümumilikdə tədbirdə 50-dən çox gənc iştirak etmişdir.
Read more
Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Veteran.gov.az Sumqayıt Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid Sabir Əbdürrəhmanlının anasını ziyarət ediblər. Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasının qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sabir Əbdürrəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid Sabir Əbdürrəhmanlı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Eyni zamanda Kəlbəcərin, Cəbrayılın və Füzulinin azad olunması görə medalları ilə də təltif olunub.
Read more
Veteran.gov.az xəbər verir ki, mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, “Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirdiyini də diqqətə çatdırıb. Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib. Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim edib. Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür edib. Qeyd edək ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan biri də Selçuk Bayraktardır. Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim edilib. Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb. Sonda xatirə şəkli çəkdirilib.
Read moreMayın 24-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sərhəd Qoşunlarının sabiq komandanı, general-mayor Abbasəli Novruzovun anadan olmasının 85-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə veteranlar, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıb, vətən uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edərək yubiley münasibəti ilə general Abbasəli Novruzovu təbrik edib. Daha sonra söz Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaniyə verilib. Abbasəli Novruzovu 85 illik yubiley münasibəti ilə təbrik edən Abdulla Qurbani, yubileyara Müdafiə Nazirliyinin medalını tədim edib, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu oxuyub. Tədbir əsnasında Abbasəli Novruzova zəng edən müdafiə naziri Zakir Həsənov onu təbrik edib, xoş sözlərini çatdırıb. Daha sonra Abdulla Qurbaninin araşdırmaları əsasında Abbasəli Novruzov haqqında hazırlanan videomaterial təqdim edilib. Abbasəli Novruzovun müstəqilliyimizin ilk illərində sərhədlərimizin möhkəmlənməsi, yeni kadrların hazırlanmasında böyük əmək srəf etdiyinə diqqət çəkən Abdulla Qurbani, onun bu gün də gənc sərhədçilər üçün əsl məktəb olduğunu vurğulayıb. Vaxti ilə qələmə aldığı “Sərhəd mənim taleyimdir” adlı kitabını Abbasəli Novruzova həsr etdiyini xatırladan Abdulla Qurbani, 85 yaşlı yubileyar haqqında bundan sonra da hələ çox yazılacağını qeyd edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil XəlilovAbbasəli Novruzovun ömür yoluna nəzər salıb, onunla bağlı xatirələrini dilə gətirib: “Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sərhəd Qoşunlarının formalaşmasında, dövlət sərhədlərimizin möhkəmlənməsində xüsusi xidmətləri olmuş general-mayor Abbasəli Novruzovun anadan olmasının 85 illik yubileyinə toplaşmışıq. General-mayor Abbasəli Novruzov sözün əsl mənasında şərəfli bir ömür yaşamışdır. Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına xidmətə çağırılıb və taleyini əbədi olaraq sərhəddə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir. SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı Abbasəli Novruzov zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğrultmuşdur. Səhhətiylə bağlı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəis vəzifələrində çalışmışdır. 1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülmüşdür. Abbasəli Novruzov iki dəfə sərhədçi həyatı yaşayıb desək, yanılmarıq. 1984-cü ildə SSRİ Sərhəd Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Azərbaycanda Ədliyyə Nazirliyində məsul vəzifələrdə çalışmışdı. 1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi orduda, o cümlədən sərhəddə də quruculuq işlərinə başlanıldı. 1994-cü il aprelin 8-də Prezident Heydər Əliyev təcrübəsinə yaxşı bələd olduğu Abbasəli Novruzovu Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə təyin etmişdi. O illərdə sərhəddə vəziyyət gərgin idi. Sovet ordusu Azərbaycanı tərk edərkən texniki qurğuları dağıtmışdılar. Keçmiş hakimiyyətin zəifliyindən istifadə edərək şəxsi mövqelərini dövlət mövqeyindən üstün tutan adamlar Sərhəd Qoşunlarına işə düzəlmişdilər. Yerli əhalidə, eləcə də sərhədyanı dövlətlərin sakinlərində belə bir fikir formalaşmışdı ki, sərhədi nə vaxt istəsələr, harada istəsələr poza bilərlər. Sərhədi nəinki piyada, hətta yük maşınları ilə pozurdular, sərvətlərimiz aramsız olaraq xaricə daşınırdı. Məhz belə bir vaxtda müdrik dövlət başçısının seçimi dəqiq idi. Az sonra A.Novruzov general-mayor hərbi rütbəsinə layiq görüldü, "Azərbaycan bayrağı" ordeni ilə təltif olundu. Qısa müddət ərzində İranla yanaşı, Rusiya və Gürcüstanla olan sərhədlər də mühafizəyə götürüldü. İqtisadi çətinliklərə baxmayaraq, Xudat, Şəmkir, Zaqatala sərhəd dəstələri yaradıldı. Maddi-texniki bazanın möhkəmləndirilməsinə, sərhəd texniki qurğularının bərpasına diqqət artırıldı. Sərhəd dəstələrinin fəaliyyətinin gücləndirilməsi sayəsində sərhəd pozucularının sayı minimum həddə endirildi. Azərbaycan MDB ölkələrinin xarici sərhədlərinin birgə qorunması barədə müqaviləyə qoşulmasa da, bütün birlik ölkələrinin mənafeyini nəzərə alan ikitərəfli saziş əsasında əməkdaşlığa üstünlük verildi, Rusiya Federasiyası və Gürcüstanla sərhəd məsələlərini tənzimləyən sazişlər imzalandı. Bütün bunlar dövlət sərhədlərimizin möhkləmlənməsində mühüm rol oynadı”. Çıxışının sonunda polkovnik Cəlil Xəlilov Abbasəli Novruzova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Fəxri Fərman və “General Əliağa Şıxlınski” medalını təqdim edib. Daha sonra vaxtı ilə Abbasəli Novruzovla çiyin-çiyinə çalışan hərbçilər çıxış edib, onunla bağlı xatirələrini danışıblar. Sonda söz general-mayor Abbasəli Novruzova verilib. O, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, gənc sərhədçilərə xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Read more
Cəlil Xəlilov: “Bu görüş dövlətimizin sülh istəyini bir daha nümayiş etdirdi” Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında görüş keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov, bu görüşün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib: “Brüssel görüşü Azərbaycan diplomatiyasının tarixi uğurlarından biridir. Çünki bu görüş nəticəsində əldə edilən razılaşmalarda dövlətimizin maraqları tam şəkildə öz əksini tapıb. Nümunə üçün qeyd edim ki, görüşlə bağlı mətbuata verilən bəyanatda bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi işlənilməyib. Halbuki, Ermənistan hakimiyyəti bundan öncə dəfələrlə bu ifadəyə müraciət edir, hətta “Dağlıq Qarabağ”a müstəqillik tələbi səsləndirirdi. Ancaq Brüssel danışıqları ilə bağlı bəyanatda “Dağlıq Qarabağ” ifadəsi yer almadı. Bu faktın özü Azərbaycan diplomatiyasının prinsipliyindən, onun milli maraqlarımızı uğurla müdafiə etməsindən xəbər verir. Bu, həm də dövlət başçısının dəfələrlə səsləndirdiyi bir həqiqəti – “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur” – gerçəyini yada salır. Görüşlə bağlı diqqət çəkən məqamlardan biri də Azərbaycan tərəfinin rəsmi İrəvanın bir sıra addımları ilə bağlı öz narazılıq və narahatlığını açıq şəkildə dilə gətirməsi, Ermənistan hökumətinin qeyri-səmimi davranışını ifşa etməsi ilə bağlıdır. Görüşdə Ermənistanın Azərbaycaan verdiyi mina xəritələrin dəqiqlik göstəricinin 25%-ə yaxın olması, Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın insanın taleyinə aydınlıq gətriməməsi və s. kimi məqamlara da açıq şəkildə toxunuldu, bütün bu məsələlər əsas müzakirə predmetlərindən birini təşkil etdi. Nəqliyyat-kommunukasiya əlaqələrinin bərpa ediməsi, sülh müqaviləsinin imzalanması məqsədi ilə danışıqların davam etdirilməsi də Brüssel görüşündə müzakirə edilən əsas məsələlərdən biri oldu. Ümumiyyətlə, Brüssel görüşü bir sıra konkret nəticələri ilə birlikdə həm də dövlətimizin, xalqımızın sülh istəyinin bir daha nümayiş etdirilməsi ilə yadda qaldı. Bu görüş bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan sülh dövlətidir və regionda sülhün təmin edilməsi, sabitliin qorunub saxlanılması üçün bütün imkanlarından maksimum istifadə edir. Bu baxımdan hesab edirəm ki, Brüssel görüşünün nəticələri bundan sonra aparılacaq danışıqlar üçün əlverişli zəmin formalaşdıracaq, Azərbaycanın diplomatik müstəvidə yeni uğurlar qazanmasını stimullaşdıracaqdır”.
Read more
Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Dərin hörmətlə anırıq! Ruhun şad olsun!
Read more
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 20 may 2022-ci il tarixində Xəzər rayonunda tədbirdə iştirak ediblər. 28 may Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar təşkil olunan tədbirdə Xəzər rayon VT-nın sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov , birinci və ikinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak edib. Tədbiri Səxavət Məcnunov açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. İlk öncə söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, RVT-nın sədri Fatma xanım Səttarovanın və müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxış edərək bildirib ki, 1918-ci il mayın 28 –də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oub: “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğuna, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis edilib. Təəssüflər olsun ki, 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən Azərbaycan Xalq Cumhuriyyəti devrilib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib”. Tədbirin sonunda Adil Haqverdiyev verilən sualları cavablandırıb, tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.
Read more
Prezident İlham Əliyevin bu günlərdə Azərbaycan-Litva biznes forumunda çıxışı bir daha Azərbaycanın iqtisadi və siyasi sahədə qazandığı uğurlara işıq saldı. Qeyd edildi ki, Avropa dövlətləri ilə sıx əlaqələrin qurulmasında nəinki Azərbaycan, eyni zamanda, qarşı tərəf də bir o qədər maraqlıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Birgə hökumətlərarası komissiya hər iki ölkə arasında işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Gündəlikdə olan məsələlər arasında ticarətlə yanaşı, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələrinin olması kompleks tədbirlərin həyata keçirliməsindən xəbər verir. Hazırda Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Məhz bu səbəbdən ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi. Sevindirici haldır ki, hal-hazırda investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. İqtisadiyyatın bütün sahələrinə artan maraq ölkəni investorlar üçün daha cəlbedici edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qarşıya əsas prioritet kimi qoyulub. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcək. Prezident cənab İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisinin və 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin yekunlaşdığını qeyd etdi. Bu, ölkənin inkişaf dinamikasının əsas göstəricilərindəndir. Cari ilin dörd ayının nəticələrinə nəzər saldıqda, ümumi olaraq iqtisadi vəziyyəti perspektivli qiymətləndirmək olar. Ölkənin iqtisadi gəlirləri 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir. Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması da çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Cənab Prezidentin qeyd etdiyi kimi, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq ölkə olaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, düzgün strategiya nəticəsində Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Uğurlardan, inkişafdan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Bir sözlə, Azərbaycan donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Məşhur Məmmədov Milli Məclisin deputatı
Read more