Latest news

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi 13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub. Sonralar xidmətini 12-ci zirehli avtomobil divizonunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub. Döyüş hazırlığı və siyasi hazırlıqda xidmət etdiyi rota haqqında dairə qəzetlərində müsbət məqalələr dərc olunmağa başlayıb. 1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub. 1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin üzvü (deputatı) seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahidə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışmışdır. Həzi Aslanova 1939-cu ilin axırlarında kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib. 1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak etdi. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdirilmişdi. Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirə bilir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət azad olunur. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında , 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun " Sərkərdənin taleyi " adlı sənədli kitabında deyilir:"“ Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.
Read more
Cəlil Xəlilov: “44 günlük Vətən Müharibəsində baş verənlər Ermənistanın soyqırım siyasətindən əl çəkmədiyini göstərir” Qarşıdan 1918-ci ilin 31 Mart soyqırımının növbəti ildönümü gəlir. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mart soyqırımının erməni xislətinin əsl mahiyyətinin dərk edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “31 Mart soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. Bu soyqırımının miqyas və mahiyyətini anlamaq üçün sadəcə bir faktı diqqətə çatdırım ki, 31 Mart soyqırımı respublikamızın əksər şəhər və rayonlarını əhatə edib. Bakı, Quba, Şamaxı, Lənkəran və s. kimi şəhərlərdə ermənilər xalqımıza qarşı kütləvi qırğınlar həyata keçirib, qadın, uşaq, qoca demədən qarşılarına çıxan hər kəsi amansızcasına qətlə yetiriblər. Bu baxımdan, 31 Mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində ermənilərin Gəncə, Bərdə, Tərtər və s. səhərləri raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırım siyasətindən imtina etmədiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan hər zaman olduğu kimi XXI əsrdə də, öz məkirli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, bütün dünyanın gözü qarşısında soyqırım siyasətini davam etdirməyə çalışır. Hansı ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu düşmənin bu qorxunc niyyətinin qarşısını aldı, işğalçıları darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Məhz “Dəmir yumruq” sayəsində Ermənistan geri çəkilməli, kapitulyasiya sazişini imzalamalı oldu. Şübhəsiz, bu gün bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın tarixi soyqırım siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi, aparıcı dövlətlərin pinsipial münasibəti, beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nəticəsində bütün insanlıq üçün təhlükə kəsb edən bu cür hallara son qoymaq, belə cəhdlər qarşısında etibarlı sədd çəkmək mümkündür. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə bütün bəşəriyyətə qarşı töprədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəiyyət maraqlı olmalıdır ”. Seymur ƏLİYEV
Read more
Vətənə layiqli xidmətin nümunəsi Doğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında mühüm faktora, münbit zəminə çevrilə bilər. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsalar da, həyatdan köçəndən sonra unudulur, adları çəkiləndə kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, haqqında danışmağa kifayət qədər söz tapılır. Ötən yüzillikdə yaşamış Əzizov Soltan Hümmət oğlu, adı ehtiramla çəkilən, rəhmətlə anılan, özündən sonra silinməz iz qoyub gedən insanlardandır. II Dünya müharibəsində iştirak edən yüz minlərlə azərbaycanlı oğullarından biri də döyüşlərdə qəhrəmanlıq zirvəsinə yüksələn həmyerlimiz, odlu- alovlu döyüşlərdən keçib sağ-salamat doğma yurduna - qədim mədəniyyət, həmçinin sənətkarlıq mərkəzi olan Şəki rayonuna alnı açıq, başı uca qayıdanlardan biri də diviziya komandirinin müavini Soltan Hümmət oğlu Əzizovdur. Onun II Dünya müharibəsi döyüşlərinin canlı əfsanəsi olduğunu desək heç də yanılmarıq. 1920-ci ilin 18 dekabr tarixində Şəki şəhərində anadan olan Əzizov Soltan Hümmət oğlu orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra kənd təsərrüfatı texnikumunu oxuyub başa vurmuş və Şəki rayon Böyük Dənhə kəndi kolxozunda sahə aqronomu kimi ilk əmək fəaliyyətinə başlamışdır. 1939-cu ildə hərbi xidmətə getmiş, İkinci dünya müharibəsi başlanan ilk aylardan diviziya komandirinin müavini kimi döyüşlərə atılmışdır. S.Əzizov Belarusiya Respublikasının Brest, Kursk, Oryol və digər şəhərlərdə tabeçiliyində olan əsgər və zabitlərlə birlikdə böyük döyüş şücaəti göstərmişdir. İgidliyi dillər əzbəri olan Soltan Əzizov komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmış, SSRİ-nin orden medalları ilə, yəni “Qırmızı ulduz” ordeni, 1-ci və 2–ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə medalları ilə təltif edilmişdir. Kenşperqin, Berlin və başqa şəhərlərin alınmasında əvəzsiz qəhrəmanlıqlar nümayiş etdirən azərbaycanlı zabit, qızğın döyüşlərdə ayrı-ayrı vaxtlarda bir neçə dəfə yaralanmış və müalicə aldıqdan sonra yenidən döyüşə girmişdir. S.Əzizov rəhbərlik etdiyi diviziyanın çoxmillətli döyüşçüləri ilə birlikdə almanlara deyil, faşistlərə, işğalçılara, düşmənlərə nifrət bəsləyən, onları öz döyüş meydanlarında və nasistlərin yuvasında məhv edərək, Azərbaycan oğlu olaraq xalqımızı qürurlandırmışdır. Qəhrəmanımız öz əsgərlərini təlimatlandıraraq göstərişlər verir və deyərdi ki, sabah dava başlasa, döyüş əmrini alsanız, gərək ona bu gündən tam hazır olasınız. S.Əzizov 1946-cı ildə ordudan təxris olunmuşdur. Müharibədən sonrakı illərdə həyatını Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən Soltan müəllim, gözəl ailə başçısı olmaqla bərabər, eyni zamanda böyük bir nəslin ağsaqqalı kimi də yaddaşlara həkk olunub. 1946-cı ildən 1953-cü il tarixinədək respublikamızın şimal-qərb ərazisində yerləşən, öz mədəniyyəti, sənətkarlığı, ziyalılığı ilə sayılıb seçilən ölkəmizin yüngül sənaye və kənd təsərrüfatı məhsulları ilə təchiz olunmasında xeyli rolu olan Şəki rayonunun Partiya Komitəsində birinci katib vəzifəsində çalışmışdır. Nümunəvi rəhbərliyi və çalışqanlığı, həmçinin yaradıcı və mübarizliyi ilə o vaxtkı respublika rəhbəri Mircəfər Bağırovun diqqətini çəkmiş və Soltan Hümmət oğlu Əzizovun daha irəli çəkilməsi məqsədi ilə o, Mərkəzi Komitənin təşəbbüsü ilə Moskva Ali Partiya Məktəbinə təhsilini davam etdirməyə göndərilmişdir. 1953-1956-cl illərdə SSRİ-nin paytaxtı Moskva şəhərində Ali Partiya Məktəbində təhsilini fərqlənmə ilə bitirdikdən sonra Soltan Hümmət oğlu Əzizov Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifəyə - birinci katibin köməkçisi vəzifəsinə təyin edilməklə MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərllik etmişdir. Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində müvəfəqiyyətlə üzərinə düşən vəzifəni layiqincə icra edən Soltan Əzizov, 1962-1966-cı illərdə respublikamızın Ağdam və Sabirabad rayonlarında məsul vəzifələrdə - Partiya Komitələrinin birinci katibi vəzifəsində çalışmış və həmin rayonların aqrar sahədə inkişaf etməsində və zəhmətkeşlərin rifahı və yaşayış tərzinin inkişafında böyük əhəmiyyətli işlər həyata keçirərək xalqın rəğbətini qazanmışdır. Xalqımızın böyük bacarığa, zəkaya malik, hətta II Dünya müharibəsində diviziya komandirinin müavini olaraq döyüşlərdə şücaət göstərərək düşməni Berlinə kimi qovub, öz yuvasında məhv edərək, rəşadət göstərməklə Azərbaycan dövlətinin və millətimizin başını uca edən Soltan Hümmət oğlu Əzizov, 1966-cı ildə bacarıqlı, təşkilatçı və tələbkar, həmçinin, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi, xalqını sevən ləyaqətli, işgüzar kadr kimi respublika əhəmiyyətli işə irəli çəkilmişdir. 1982-ci ilədək demək olar ki, 16 ildən çox müddətə, əvvəl Azərbaycan Respublikası Meyvə-tərəvəz, çay subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra sovxozlar naziri və respublika tədarük naziri vəzifələrində çalışmışdır. Qeyd olunan komitə və nazirliklərin inkişaf etdirilməsində, respublikamızın iqtisadiyyatının və kənd təsərrüfatının yüksəldilməsində, həmçinin, daha da irəli getməsinə böyük əmək sərf etmiş, durmadan çalışmışdır. S.Əzizovun xidmətləri Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində yüksək qiymətləndirilmiş, Lenin ordeni, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni, Şərəf Nişanı ordeni və bir çox medallarla təltif edilmiş, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Azərbaycan KP.MK-nin üzvü seçilmişdir. Keçən əsrin 1941-1945-ci illəri, həmçinin II Dünya müharibəsindən sonrakı illəri Azərbaycan xalqının tarixinin parlaq səhifələridir. İndiki nəsillər bu illəri hörmət və ehtiramla yaxşı xatırlayırlar. O dövrün insanlarını - həm ön cəbhədə əlində silahla vuruşan, həm də arxa cəbhədə misilsiz əməyi ilə çalışan insanları daima yada salmaqla, gənc nəsillər vətənpərvərlik ruhunda tərbiyə edilir, onlarda ülvi hislər və dəyərlər formalaşdırılır. Soltan Hümmət oğlu Əzizov 1946-1953-cü illərdə məsul vəzifələrdə çalışdığı dövürlərdə belə, Mircəfər Bağırovun ən hirsli-hikkəli vaxtlarında sözünü eşidib məsləhətini dinlədiyi, hər zaman dəyər verdiyi tək-tük adamlardan idi, onun məhkəməsində də haqsız yerə üzünə durmayanlardan biri olub. Moskvanın bir çox antiazərbaycan planlarına qarşı dayanıb. Reallaşmasına qol qoymayıb. Onun xatirələr toplusunu vərəqlədikdə nəcib insan, dəyərli vətəndaş, bacarıqlı təşkilatçının obrazı gözlərimiz önündə canlanır. Soltan Əzizovun mübarizlik, professionallıq, təvəzokarlıq onun xarakteri idi. Soltan Əzizov rəhbər vəzifələrdə işlədiyi müddətdə, öz xalqına diqqətlə yanaşan, ədalətsizlikdən uzaq, xeyirxah, gözü, könlü tox, təmiz insan olub. Xeyirxahlıq onun ömür kredosu idi. Aqillərin söylədikləri kimi, həyatdan kam alan, həyatı dərk edən insanları sevənlər kamil sayırlar, yalnız belə adamlar sadəliyin təbəssümüdürlər. Belə insanlara etibar etmək, bel bağlamaq olar. Məhz onlar hər kəsə yararlı və səmimi insanlardır. Həqiqətən də, II Dünya müharibəsi iştirakçısı, diviziya komandirinin müavini, rəşadətli, cəsur və qorxmaz zabit görkəmli dövlər xadimi, ictimai xadim S.Əzizov həmin insanlardandır. Ahıl yaşlı olmasına və 1-ci qrup müharibə əlili olmasına baxmayaraq, Soltan Hümmət oğlu Əzizov təqaüdə çıxdıqdan sonra da respublikasımızın ictimai-siyasi həyatından kənarda qalmayıb. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, “Qayğı” cəmiyyəti sədrinin birinci müavini və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətinin üzvü olmuşdur. Qeyd olunan ictimai təşkilatların keçirdiyi tədbirlərdə yorulmadan və fəal iştirak etmişdir. Soltan Əzizov vətəni Azərbaycana, o cümlədən doğulduğu Şəki şəhərinə, xalqına, yaxınlarına bağlı bir insan idi. O, yay vaxtı əksər aylarda istirahətini anadan olduğu Şəki şəhərində, yaxınlarının, cəbhə yoldaşlarının yanında keçirir, rayonun inkişafı baxımından müxtəlif beynəlxalq-mədəni tədbirlərinin keçirilməsinə sevinir, hər kəsə fəaliyyətində yeni-yeni uğurlar əldə etməsini arzulayırdı. II Dünya müharibəsi iştirakçısı, respublikamızın kənd təsərrüfatının qocaman təşkilatçılarından biri, görkəmli dövlət xadimi, ictimaiyətçi, üzündən xeyrxahlıq və təbəssüm əksik olmayan sadə və qayğıkeş insan, dostlarının xeyr-şərindən qalmayan Soltan Hümmət oğlu Əzizov uzun sürən ağır xəstəlikdən sonra 2009-cu ildə 89 yaşında vəfat etmişdir. Soltan Əzizov özündən sonra təmiz, ləkəsiz ad-san qoyub gedib, vəzifəsinin, nüfuzunun imkanı daxilində xalq, dövlət üçün yaxşı nə mümkün olubsa edib, cəmiyyətə dəyərli övladlar bəxş edib, təqaüdə çıxandan sonra da yaşadığı ömrə və XX əsrin əvəllərində Dağlıq Qarabağda baş verən hadisələrə, tarixi həqiqətlərə güzgü tutan, Ağdam , Xankəndi, Xocalı, Tuğ, Malıbəyli, Kərcicahan, Kosalar, Gülablı kəndlərində və ətraf kənd və rayonlarda erməni daşnaqlarının onlara qucaq açan, torpaq və çörək verən Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağda yaşayan soydaşlarımıza qarşı törətdikləri naqislik və düşmənçilik, həmçinin vəhşiliklər barədə öz xatirələrini yazıb. S.Əzizovun ən böyük arzusu torpaqlarımızın geri qayıtması ölkəmizin ərazi bütövlüyünün təmin olması idi. Şəki rayon Müharibə, Əmək, Hüquq-mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təşəbbüsü ilə 2015-ci ildə Soltan Əzizovun anadan olmasının 95-ci il dönümü münasibətilə qədirbilən dövlətimiz, xüsusilə Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən görkəmli dövlət xadimi, daima xalqına bağlı olan II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizovun xatirəsini əbədiləşdimək məqsədilə onun doğulduğu və yaşadığı evə xüsusi lövhə asılmış, həmçinin Şəki şəhərində yerləşən əsas küçələrdən birinin onun adına verilməsi rayon rəhbərliyi tərəfində rəsmiləşdirilmişdir. Artıq Qəhrəmanımızın anadan olmasının 100 ili tamam olur. Bugün də Şəki rayonu ərazisində pandemiyanın qanunları çəçivəsində Soltan Hümmət oğlu Əzizovun xatirəsi yad edilməklə, ictimaiyətin nümayəndələrinin daima diqqətində saxlanılmaqdadır. Soltan Əzizovun anadan olmasının 100 illiyi münasibətilə yazdığım bu kiçik yazını şair Məmməd Rahimin iki misrası ilə bitirmək istəyirəm. Bu iki misra gözəl əməllər yadigar qoyub dünyadan köçənlərə aiddir. O cümlədən, Soltan Əzizova... Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir. Soltan müəllim Əzizov bir dövlət xadimi, həmçinin xalqımızın, nəslin ağsaqqalı olmaqla yaddaşlara həkk olunub. Həmişə hörmətlə xatırlanır. Şəki xalqı onunla həmyerli olaraq fəxr edir. Ruhu şad olsun, qəbri nurla dolsun. Şəki rayon Veteranlar Təşkilatının çoxsaylı üzvüləri adından və şəxsən öz adımdan görkəmli dövlət xadimi, xalqın sevimlisi, II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizova layiq olduğu qiyməti vaxtında verən, onun xatirəsini əbədiləşdirən ölkə başçısına və Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, zəhməti keçən bütün əməkdaşlara dərin hörmət və ehtiramımızı bildiririk. Şəki rayon Müharibə Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, istefada olan zabit Vaqif Əhmədov
Read more
Böyük Vətən Müharibəsi iştirakçısı Rəsulov Sadəddin Məhi oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi, o cümlədən Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində deyilir: “Rəsulov Sadəddin Məhi oğlu Böyük Vətən Müharibəsi zamanı faşist işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparıb, döyüşlər zamanı göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla təltif olunub. Uzun və şərəfli döyüş yolu keçən Rəsulov Sadəddin Məhi oğlu öz igidliyi, qorxmazlığı ilə Böyük Vətən Müharibəsinə qatılan yüz minlərlə soydaşımızın cəsarət və yenilməzlik nümunəsinə çevrilməyi bacarıb. Respublika Veteranlar Təşkilatı olaraq Rəsulov Sadəddin Məhi oğlunun vəfatından kədərləndiyimizi bildirir, onun doğmalarına dərin hüzünlə başsağlığı veririk. Əminik ki, Rəsulov Sadəddin Məhi oğlu hər zaman Azərbaycan xalqının yaddaşında qəhrəman kimi yaşayacaq, onun döyüş yolu bugünə qədər olduğu kimi bundan sonra da gənclərimizə, gələcək nəsillərə örnək olacaq”. Məlumat üçün qeyd edək ki, müharibədə peşəkar snayperçi kimi iştirak edən Sadəddin Rəsulovun döyüş yolu Latviya, Litva, Rusiya və digər ölkələrin ərazisini əhatə edir.
Read more
Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Baş direktor, Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik. Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. On illərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir. Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Hörmətli Baş direktor, Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik. UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik. İmza edənlər: Kamal Abdulla - Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik, Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Hikmət Məmmədov - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas - “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Mənsum İbrahimov - Xalq artisti, professor Fatma Səttarova - Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun rəhbəri Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Nurəddin Mehdiyev - "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Aybəniz İsmayılova - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Zeyni - Milli QHT Forumunun prezidenti Anastasiya Lavrina - “Azərbaycanın Rus İcması"nın sədr müavini Faiq İsmayılov - “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əvəz Həsənov - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri İlqar Orucov - "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri”.
Read more
Cəlil Xəlilov: “Dövlət Təhlükəsizliyi Xidmətinin bundan sonra da dövlətimizin, xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağına əminəm” Martın 28-i Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının peşə bayramıdır. Bununla bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin, o cümlədən Xarici Kəşfiyyat Xidmətinin dövlətimizin təhlükəsizliyinin təmin edilməsində, ona yönəlik təhdid və təhlükələrin önlənməsində mühüm rol oynadığını bildirib: “Hər şeydən öncə qeyd etmək lazımdır ki, Dövlət Təhlükəsizliyi Xidməti dövlət təhlükəsizliyimizin başlıca qarantı, onun etibarlı təminatçısıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin tarixinə, keçdiyi yola nəzər salsanız görərsiniz ki, bu qurum dövlətçilik tariximizin ən çətin, keşməkeşli vaxtlarında təhlükəsizliyimizin qorunmasında, terror aktlarının, təxribatların qarşısının alınmasında mühüm rol oynayıb, istər ölkə daxilindəki, istərsə də ölkə xaricindəki terrorçu qüvvələrə qarşı uğurla mübarizə aparıb. 44 günlük Vətən Müharibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin öz işini yüksək səviyyədə təşkil etməsi, həm ölkə daxilində təhlükəsizliyi qoruması, həm də erməni işğalçılarına qarşı mübarizədə ordumuza ciddi dəstək verməsi adıçəkilən qurumun ölkəmiz üçün nə dərəcə mühüm rol oynadığını göstərir. Bu baxımdan həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti heç şübhəsiz alqışlanmalı və təqdir edilməlidir”. Cəlil Xəlilov son iki ildə Dövlət Təhlükəsizliyi Xidmətinin öz peşəkarlığını daha da artırdığını, dünyanın qabaqcıl dövlətlərinin xüsusi xidmət orqanları ilə müqayisəolunacaq səviyyəyə yüksəldiyini vurğuladı: “Dövlət Təhlükəsizliyi Xidmətinin inkişafı, onun maddi-texniki bazasının güclənməsi, öz fəaliyyətini müasir dövrün tələbləri əsasınd qurması, dəyişən dünyamızın modern tələblərinə sürətlə uyğunlaşması ölkə başçımızın hər zaman diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Məhz prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidməti bu gün bütün dünyanın ən qabaqcıl xüsusi xidmət orqanlarında birinə çevrilib. İstər Rusiya, istər ABŞ, istərsə də digər Avropa dövlətləri, bu dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığını yüksək səviyyədə qiymətləndirməkdədir. Medianın özündə bununla bağlı çoxsaylı informasiyalara, bəyanat və açıqlamalara rast gəlmək mümkündür. Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının artırılmasında bu sahədə həyata keçirilən kadr islahatlarının da mühüm əhəmiyyəti vardır. Xatırladım ki, təxminin iki il bundan öncə - dövlət başçısının 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə general Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətində keyfiyyət etibarı ilə yeni dövr başladı. Son iki ildə Dövlət Təhlükəsizlik Xidmətinin sadəcə xarici təhdid və təxribatlara deyil, eyni zamanda ölkə daxilində rüşvət və korrupsiyaya qarşı apardığı uğurlu mübarizə buna sübutdur. Dövlət Təhlükəsizliyi Xidmətinin xalq arasında sürətlə artan nüfuzu, öz sıralarını əsl peşəkarlar hesabına möhkəmləndirməsi, beynəlxalq əlaqələri inkişaf etdirməsi yaxın keçmişimizin qürur duyulacaq mühüm olaylarından biridir”. Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətini, xidmətdə fərqləndiyi üçün təltif edilən əməkdaşlarını təbrik edən Cəlil Xəlilov, adıçəkilən qurumun bundan sonra da vətənə layiqincə xidmət edəcəyinə inamını ifadə edib: “Mən peşə bayramı münasibəti ilə həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Xarici Kəşfiyyat Xidmətinin bütün şəxsi heyətini təbrik edirəm. Ölkə başçısı bir neçə gün bundan öncə xüsusi xidmət orqanlarının peşə bayramı münasibəti ilə bu sahədə çalışan bir sıra şəxsləri yüksək hərbi rütbələr, orden və medallarla təltif edib. Mən həmçinin ölkə başçısının müvafiq Sərəncamı ilə təltif edilən, ali hərbi rütbələr, orden və medallar alan əməkdaşlaırnı təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları bugünə qədər olduğu kimi, bundan sonra da dövlətimizin, xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, məkirli qüvvələrin hər cür təxribatının qarşısını çevik şəkildə alacaqdır. Mən bu müqəddəs, şərəfli işdə Dövlət Təhlükəsizliyi Xidmətinə, onun fədakar əməkdaşlarına uğurlar arzulayır, onların peşə bayramını təbrik edirəm”. Seymur ƏLİYEV
Read more
Cəlil Xəlilov: “Bu tonqal xalqımızın sabaha olan inamını, mübarizə və qalibiyyətini əks etdirir” Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz bayramı münasibəti ilə yandırdığı tonqal, ölkəmizin mədəniyyət paytaxtından verdiyi yeni mesajlar Azərbaycan xalqı tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanıb. Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisə ilə bağlı maraqlı fikirlər səsləndirib: “Cənab prezidentin Şuşa şəhərinə səfəri, bu səfər əsnasında səsləndirdiyi bəyanatlar Azərbaycan xalqının hər bir nümayəndəsində böyük fəxr və qürur hissi doğurmaqdadır. 28 ildən sonra Şuşada, Cıdır düzündə qalanan Novruz tonqalı xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Çünki biz uzun illərdir ki, məhz bu günü, bu anı gözləmişik. Uzun illərdir ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə keçirmək bizim ən böyük arzumuz olub. Sevindiricidir ki, biz 28 ildən sonra bu böyük, tarixi günə şahidlik edirik. Bu baxımdan Ali Baş Komandanın Cıdır düzündə qaladığı tonqal sadəcə Novruz tonqalı deyil. Bu, həm də xalqımızın tarixi qələbə tonqalı, şanlı Azərbaycan ordusunun zəfər tonqalıdır. Bu tonqal Azərbaycan xalqının tarixi zəfərinin təntənəsidir. Bizim builki Novruz bayramını əvvəlki bayramlarımızdan fərqləndirən ən başlıca amil məhz budur. Məlum olduğu kimi, istər ulu öndər Heydər Əliyev, istər prezident İlham Əliyev hər zaman erməni işğalında qalan topaqlarımızın azad ediləcəyinə dərin inamlarını ifadə edib, bunun üçün həm hərbi, həm diplomatik, həm də digər sahələrdə mühüm işlər həyata keçiriblər. Azərbaycan xalqı da işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanıb, heç vaxt buna inamını itirməyib. Prezident İlham Əliyevin Novruz bayramı günlərində Şuşada qaladığı tonqal ölkə başçısının və eləcə də Azərbaycan xalqının ordumuzun gücünə, onun qəhrəmanlığına olan inamının təntənəsidir. Mən bu bayram günlərində bizə bu böyük sevinci bəxş edən şəhidlərimizi də ehtiram hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirəm. Hər kəs əmin ola bilər ki, Azərbaycan xalqı əsrlər sonra da ordumuzun, şəhid və qazilərimizin qəhrəmanlığını unutmayacaq, hər zaman onları dərin minnətdarlıq hissi ilə yad edəcək”. Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, martın 18-də Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş bir qrup idmançı gənclərlə görüş keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılan tarixi Qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılması idi. Tədbirdə ilk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Birinci Qarabağ müharibəsinin veteran iştirakçısı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Siyəzən rayon şöbəsinin sədri Nəbi Əliyev dəyirmi masa ətrafında çıxış edərək ilk öncə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbə münasibətilə iştirakçıları təbrik edib, əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərərək döyüşlərdə şücaət və fədakarlıq nümayiş etdirdiklərinə görə onlara öz təşəkkürlərini bildiriliblər. Qeyd olunub ki, Vətən müharibəsində qələbənin qazanılmasında Siyəzən gəncləri də böyük rəşadət və qəhrəmanlıq göstəriblər. Ölkəmizin digər bölgələrindən olan gənclər kimi Siyəzən gəncləri də yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Müddətli hərbi qulluqda olanlarla yanaşı cəbhəyə getmək üçün yüzlərlə könüllü gənc döyüşlərdə iştirak etmək üçün müraciət edib. Qismən səfərbərlik və könüllülük çağırışına 300-ə qədər gənc qoşulub. Qələbə ilə başa vurduğumuz Vətən müharibəsində 20 siyəzənli gəncimiz şəhid olub. 100-ə yaxın siyəzənli gənc yaralanıb. 130-dan çox müharibə iştirakçısı olan gəncimiz müxtəlif orden və medallara layiq görülüb. Tədbirin sonunda döyüşlərdə fəal iştirak etdiyinə görə idmançı gənclər idarə tərəfindən fəxri fərmanlarla təltif edilib və xatirə şəkli çəkdirilib. Tədbir “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2 və 5.1.10 yarımbəndlərinin icrasının təmin olunması ilə əlaqədar xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunub.
Read more
Bu gün Respublika Veteranlar Təşkilatının üzvü, Böyük Vətən Müharibəsi iştirakçısı Əli Nəsirovun 100 yaşı tamam olub. Yubiley münasibəti ilə Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov, Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilatın Səbail rayon şöbəsinin sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin nümayəndələri Əli Nəsirovu ziyarət edib, ona uzun ömür, cansağlığı arzulayıblar. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da yubiley münasibəti ilə Əli Nəsirovu təbrik edib, onu gənclər üçün örnək adlandırıb. Təşkilat sədri tərəfindən yubilyara ünvanlanan təbrik məktubunda deyilir: “Hörmətli Əli müəllim. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından və şəxsən öz adımdan Anadan olmağınızın 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İkinci Dünya Müharibəsi illərində Siz, ordu hissələri tərkibində Qafqazın, Ukraynanın faşist işğalçılarından azad olunması uğrunda gedən hərbi əməliyyatların fəal iştirakçısı kimi şərəfli döyüş yolu keçmisiniz. Siz, müharibədən sonrakı illərdə də quruculuq işlərində fədakarlıqla çalışmısınız, öz bilik və təcrübənizlə bölüşərək gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm töhfə vermisiniz. Vətən qarşısındakı xidmətlərinizə görə orden və medallarla təltif olunmusunuz. Siz müharibə və əmək veteranı kimi bu gün də gənclərimiz üçün örnəksiniz. Hörmətli Əli müəllim, Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə cansağlığı arzulayıram”.
Read more
Cəlil Xəlilov: “Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəməməsini pisləyib, bunu məsuliyyətsiz davranış kimi şərh edib. Veteran.gov.az-a açıqlamasında Ermənistanın bu məkirli addımına toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, rəsmi İrəvanın yaxın tarixdən dərs çıxarmasının vacibliyini qeyd edib: “Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməməsi onun məkirli xislətindən xəbər verir. Bu, onu göstərir ki, rəsmi İrəvanın hələ də 10 noyabr üçtərəfli sazişinin şərtlərini tam olaraq yerinə yetirməklə bağlı müəyyən tərəddüdləri var. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdə müşahidə edilən ləngimələr, Ermənistan daxilində səslənən cəfəng xarakterli revanşist fikirlər buna sübutdur. Lakin İrəvan anlamalıdır ki, bu kimi addımlar Ermənistan üçün ağır faciələrə səbəb ola bilər. Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi potensialının 80%-dən çoxunu məhv etdi. Azərbaycanın “Dəmir yumruğu” qarşısında diz çökən Ermənistan kapitulyasiyaya imza atdı. Əgər Ermənistan yaşadığı ağır məğlubiyyətdən də dərs çıxarmaq, ibrət almaq istəməsə, o zaman bir dövlət olaraq mövcudluğu sual altına düşəcək və heç bir qüvvə onu məhv olmaqdan xilas edə bilməyəcək”. Seymur ƏLİYEV
Read more
Bakı, 16 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Səfərdən geniş reportaj martın 17-də təqdim ediləcək.
Read more
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi arasında görüş keçirilib. Veteran.gov.az xəbər verir ki, tədbirdən öncə qaziləri Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə yaxından tanış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qaziləri təşkilatın fəaliyyəti ilə yaxından tanış edib, onların suallarını cavablandırıb. Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə çıxış edən təşkilatın sədri Fatma Səttarova, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın sadəcə milli tariximizə deyil, bütövlükdə dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib, qazilərə bayram sovqatı verilib. Seymur ƏLİYEV
Read more