Latest news

Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? Biz indi onun yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ Ermənistan heç vaxt olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri xalqa müraciətində səsləndirib. “İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu, olmayacaq. Ona görə, dünən və sırağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma bizim torpağımızı biz geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.
Read more
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Azərbaycan Respublikasında hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq orduya dəstək olmaq məqsədilə hazırda cəbhədə gedən hərbi əməliyyatlar bitənə qədər 2020-ci ilin oktyabr ayından etibarən hər ay üçün nəzərdə tutulmuş əmək haqqını Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək.
Read more
İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur. Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefonda danışarkən deyib
Read more
Bakı, 7 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.
Read more
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.
Read more
Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir. -Mənim adın Yevgenidir, “Pervıy kanal”ın müxbiriyəm. Çox sağ olun. Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun. -İlham Heydər oğlu, Siz dəfələrlə bəyan etmisiniz ki, budəfəki hücum əməliyyatının məqsədi Qarabağı geri qaytarmaqdır. “Qarabağ bizim torpağımızdır və biz oraya qayıdacağıq”, - bu, Sizin sözlərinizdir. Bu, tamamilə birmənalı mövqedir. Lakin qarşı tərəfin mövqeyi də bundan az birmənalı deyil – “Bir qarış belə torpağı verməyəcəyik”. Beləliklə, qeyri-müəyyənliyə gedən yol alınır. Sizin fikrinizcə, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün nə baş verməlidir? -İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. O vaxtdan 27 il keçib. Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər. -Bir həftədən çoxdur döyüşlər gedir və istər bir tərəfin, istərsə də digər tərəfin yaydığı videolardan aydın görünür ki, döyüşlər intensiv, itkilər çox ağırdır. Siz Azərbaycan tərəfindən həmin rəqəmləri göstərə bilərsinizmi? -Ermənistan tərəfindən və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində bu gün səhərə olan məlumata görə, bizim tərəfdən 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Qarşıdurmanın budəfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxt Azərbaycanın işğal edilmiş ərazilərindən bizim yaşayış məntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləri başlanıb, nəticədə bu hücumun elə ilk dəqiqələrində dinc sakinlər və hərbi qulluqçular həlak olub. Biz adekvat tədbirlər görməyə məcbur olduq, operativ surətdə əks-hücuma keçdik. Bu əks-hücum nəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işğal altında olan ərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmır. Lakin son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər. -Hərbi itkilər barədə danışmaq olarmı? -Hərbi itkilər. Bu gün bununla bağlı informasiya məxfidir. Azərbaycan ictimaiyyətinə bu barədə döyüş əməliyyatlarının fəal fazası başa çatandan sonra məlumat veriləcək. -Siz Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyə çağırırsınız. Sizin fikrinizcə, bu iştirak hərbi, yoxsa siyasi səylər mənasında məhz nədən ibarət olmalıdır? - Mən bu barədə dünən bəyan edərkən onu nəzərdə tutmuşam ki, Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməz olduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk. Türkiyənin cəlb edilməsi barədə mənim bəyanatıma gəldikdə isə mən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonrakı dövrdə nizamlamanı nəzərdə tutmuşam. İndiki anda Türkiyə bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə və insunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm də Avropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki, görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbi qarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masası arxasına qayıdacağıq. Yeri gəlmişkən, döyüş əməliyyatlarının lap əvvəlindən Azərbaycan deyirdi ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik - eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır. -Siz Avropa ölkələri barədə danışdınız. Fransa prezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusu tərəfindən vuruşan muzdlular barədə dediyi sözlərə görə üzr istəməyə çağırdınız. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmi ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular Azərbaycan tərəfində iştirak etmirlər? -Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var. Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy, sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib. -Döyüş əməliyyatlarının başa çatdığını və Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə nail olduğunu fərz etsək, Qarabağda yaşayan ermənilərin sayını nəzərə almaqla onları hansı gələcək gözləyir? Onların aqibəti necə olacaq? -Bu mövzuda əvvəl də, eskalasiyaya qədər də, eskalasiya dövründə də dəfələrlə danışmışam. Elə dünən Türkiyə telekanalına müsahibədə demişəm ki, biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır. 1980-ci illərin sonunda münaqişə başlayanda Dağlıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Onların cinayətkar rejiminin başçısının qondarma “inauqurasiyası”nı keçirdikləri və Azərbaycan xalqını təhqir etdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi. Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub. Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub. Odur ki, münaqişə başa çatandan və dinc yolla nizamlamadan sonra, yeri gəlmişkən, bu məqam Madrid Prinsipləri adlanan baza prinsiplərində əks etdirilib, – azərbaycanlı əhali işğal olunmuş ərazilərə qayıtmalıdır. Orada dəqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin öz yaşayış yerlərinə qayıtmaq hüququ var. Beləliklə, sülh sazişi əldə ediləndən sonra, - bunun baş verəcəyinə ümid edirəm, - azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaq və orada əvvəl yaşadıqları kimi yaşayacaqlar. Mənim mövqeyim həmişə belə olub ki, biz 1980-ci illərin sonunda münaqişə başlayana qədər mövcud olmuş ab-havanı qaytarmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Erməni cəlladların Xocalıda törətdiklərindən, dinc əhalini məhv etmələrindən, bizim tarixi, dini abidələri dağıtmalarından, bu ərazilərdə azərbaycanlıların tarixi irsini yerlə-yeksan edəndən sonra bu, asan olmayacaq. Lakin hesab edirəm ki, biz buna çalışmalıyıq. Döyüş əməliyyatları günlərində mənim Ermənistan xalqına və hazırda Dağlıq Qarabağda yaşayanlara müraciətim dəfələrlə səslənib. Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağa, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərə göndərməməyə çağırmışam. Ona görə ki, yəqin indi heç kəs üçün gizli deyil, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. “Dağlıq Qarabağ ordusu” deyilən ordunun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Mən bu cür çağırışlar etmişəm. Erməni tərəfindən bu günlərdə nifrətdən, təcavüzdən, hədə-qorxulardan və tamamilə qeyri-adekvat hərəkətlərdən başqa çağırışlar eşitməmişəm. Bizim mövqeyimiz belədir, biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. İnanıram ki, Ermənistan tərəfinin siyasi iradəsi olarsa, biz buna nail ola bilərik. -İlham Heydər oğlu, bütün müharibələr, hər bir müharibə gec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz? -Bilirsiniz, bu barədə danışmaq çətindir, ona görə ki, bizim xalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa o qədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənzərə şəklində təsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sülh yoxdur. Son iyirmi ildən artıq müddətdə malik olduğumuz vəziyyət atəşkəs olub. Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəm deyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsində Minsk qrupunun həmsədrləri bir neçə il bundan əvvəl bəyanatlarla çıxış ediblər, status-kvonun qəbuledilməzliyi, onun dəyişdirilməli olması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözəl başa düşürdülər və başa düşürlər ki, bu atəşkəs çox amanabənddir, davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir. Buna görə də sülh barədə danışmalı olsaq mən, ilk növbədə, onu genişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən, həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibinin Minsk qrupunun və onun həmsədrlərinin bugünkü tərkibindən fərqli ola biləcəyini istisna etmirəm. Ona görə ki, Minsk qrupu 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı. O dövrdə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyən prinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdığımız mövzuya qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar. -Daha bir dəqiqləşdirici sual. Sizin fikrinizcə, konfiqurasiya necə ola bilər? -Yəqin ki, bu barədə danışmaq hələ tezdir. Fikrimcə, bu barədə danışmaq hadisələri bir qədər qabaqlamaq deməkdir. Sadəcə istəyirəm ki, qonşularımız və tərəfdaşlarımız mənim mövqeyimi bilsinlər. Düşünürəm ki, regional əməkdaşlıq çox sahələrdə özünü kifayət qədər göstərib. Son illərə diqqət yetirsək görmək olar ki, Azərbaycan öz qonşuları ilə birlikdə əməkdaşlığın möhkəm regional formatının yaradılması üzərində çox fəal iş aparıb. Bu, siyasi, iqtisadi, nəqliyyat, energetika sahələrində və hər hansı başqa sahələrdə əməkdaşlığa aiddir. Uzun illərdən sonra, praktiki olaraq, müstəqillik dövrünün əvvəlindən başlayaraq beş Xəzəryanı ölkə arasında Xəzər dənizinin hüquqi statusunun nizamlanmasına dair Konvensiya imzalamaqla əldə etdiyimiz nailiyyətlərə baxmaq kifayətdir. Əvvəlcə həmin ölkələrin bəziləri ilə razılığa gələ bilmirdik, lakin sonra biz xoş məram göstərərək razılığa gəldik və bunun üstünlüklərini gördük. Bu gün böyük dövlət olan Rusiya ilə digər böyük dövlət, NATO-nun üzvü olan Türkiyə arasında əməkdaşlıq NATO ölkələri ilə Türkiyənin əməkdaşlığından qat-qat səmimi, möhkəm və səmərəlidir. Məsələn, NATO üzvü olan digər ölkə Türkiyəni daim nədəsə günahlandırır. Bunlar yeni geosiyasi reallıqlardır, 1992-ci ildə bunlar yox idi. Dünya dəyişib. Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həll potensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri və ya sabitləşmiş fikirləri yox. Bu gün münaqişənin fəal fazaya keçdiyi və Ermənistanın baş nazirinin, - mən bunu görürəm, - öz telefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kimin nizamlama potensialına malik olması aşkar görünür. Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar. -Müsahibəyə və ətraflı cavablara görə çox sağ olun.
Read more
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır. Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır. Sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim səmimi salamlarımı hörmətli cənab Prezidentə çatdırasınız. x x x Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi: -Sağ olun, cənab Prezidentim. Əvvəlcə, bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Hörmətli Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetimizin, - dünən Nazirlər Kabinetində toplantımız var idi, - və türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm. Xüsusilə Zati-alinizin də vurğuladığı kimi, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik. Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə gəldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Read more
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!
Read more
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!".
Read more
“Bu gün Madagizdə Azərbaycan Ordusu Azərbaycan bayrağını qaldırdı”. Bugünkü tvitinizdir... Yazırsız ki, “Madagiz bizimdir”. Siz nə edirsiniz, cənab Prezident! Nə qədər heyrətamizdir, bilirsiniz?! Bu, Qələbə müjdəsi deyil, bu, Möcüzədir, arzularımızda, xəyallarımızda, təsəvvürlərimizdə 30 il birikdirdiyimiz Möcüzə... O qədər sevinc, qürur və həyəcan içindəyik ki, ürəyimizin dözməyəcəyindən, dayanacağından qorxuruq. Bu qədər sevinci, xoşbəxtliyi, bəxtəvərliyi birdən-birə yaşamaq, dadmaq olar?! Ordumuzun və Sizin sürətinizə çatmaq üçün qaçırıq, fərqindəsiniz?! Gözümüz, könlümüz sevinir, ruhumuz bayram edir, yalnız və yalnız pozitivə köklənmişik, evrənə müsbət enerji göndərərərk eynisini geri gətiririk. İnsanın iliklərinə qədər, saçlarının ucuna qədər, başlanğıcından sonuna qədər sevinməsi, fərəhlənməsi budur! Siz bu 1 həftədə sadəcə 7+7 kənd almamısınız, bizimçün 7777 kənd dəyərindədir işğaldan azad etdikləriniz! O yüksəkliklər var ya... – ki, indiyədək bizə göyün yeddinci qatı qədər uzaqdan görünən, əlçatmaz, ünyetməz olan, azad etdiyiniz yüksəkliklər - cənab Prezident, orda Üçrəngli bayrağımızı dalğalandırırsınız artıq... Biləsiniz ki, bizi də onlar qədər – o Dağlar qədər, o Zirvələr qədər yüksəltmisiniz, göylərə qaldırmısınız, ucaltmısınız. Dünyada 50 milyon azərbaycanlı var, bu günlər heç birimizin ayağımız yerə dəymir, göylərdəyik hamımız. Qanad açmışıq, uçuruq Vətən səmasında... Nə qədər gözəl, ağlasığmaz dərəcədə gözəl, fövqəladə gözəl hisslər yaşayırıq, bilirsinizmi?! Siz bu xalqa nələr verirsiniz, cənab Prezident! Siz bizim arzularımızı bir-bir göyərdirsiniz; siz bizim xəyallarımızı gerçəkləşdirirsiniz; siz əfsanə yaradırsınız! Yadınızdadır, Şuşada “bədnam düşmənlərimizin ”inauqurasiya”sı keçiriləndə hamımız çox sınmışdıq, çox qırılmışdıq, zərrələrə bölünmüşdük, “Şuşanı vur” deyirdik... Biz gözümüzü Sizə dikmişdik, Şuşanı “vurmağınızı” istəyirdik! İstəyirdikmi? Şuşa vurularmı? Siz öz təmkininizlə bunu ifadə edirdiniz. “İnauqurasiya”dan sarsılanlarımız isə bu “intihara” getməyimizi istəyirdi... Biz toplum olaraq səbirsizliklə Şuşanın, Xankəndinin, Laçının, Kəlbəcərin... vurulmağını umarkən, intihara hazır olduğumuzu göstərərkən, Siz xalqın xilas gününü hazırlayırsınızmış... Siz bütövlükdə 50 milyonu özünəqəsddən xilas etdiniz, cənab Ali Baş Komandanım! Nə qədər böyük strateq, nə qədər uzaqgörən hədəfiniz, nə gözəl Xilas Planınız varmış! Siz Qarabağ hərbi üçün bütün dünyanı dolaşırdınız - Valdayda, Soçidə, Aşqabadda, Münhendə erməni baş nazirini ifşa və zəlil edəndən sonra; diplomatik qələbələrin ardınca “Bu da Hərb Meydanı!” dediniz... Siz Qələbəni – Qələbəmizi ilkinindən-sonuna, son gününə, anına, anılarına kimi planlayıb bitirirmişsiniz, “Xankəndi Xanın kəndidir, hanı bu şəhərin “qədim erməni” adı? Niyə bu torpaqlara gəlmələrinin 150 illiyinə “Marağa –150” abidəsini 1978-ci ildə qoymuşdular? Sonra niyə tələm-tələsik o abidəni söküb gizlədir, izini itirirdilər” deyəndə Xankəndini bir nəfəs qədər yaxında hiss edirmişsiniz, cənab Prezident... Mən indi anlayıram ki, əslində Siz öncə Qarabağı ürəyinizlə, qəlbinizlə, daxili inamınızla almısınız. Ürək yanıltmaz. Tanrı Sizə bu şansı tanıyıb. Məhz Sizə tanıyıb. Tanrı istəyib ki, Qarabağın xilaskarı, Azərbaycanın bütövlüyünün memarı, Qələbəmizin Sərkərdəsi məhz Siz olasınız! Allah necə böyükdür! Allah necə müdrikdir! Siz bizi diriltdiniz, dirildirsiniz, cənab Prezident! Siz bu məmləkətin ən Diri Övladlarının – Şəhidlərimizin ruhunu şad edirsiniz! Mən bilirəm ki, indi Polad Həşimovun, Mübariz İbrahimovun, Vəzir Orucovun, Şirin Mirzəyevin, Raquf Orucovun və yüzlərlə şəhid qəhrəmanlarımızın ruhu necə şaddır... Mən əminəm ki, 2 yaşlı Zəhra balamızın bapbalaca qəlbi-ruhu necə şaddır... Mən əminəm ki, Xocalının ruhu necə şaddır... Mən əminəm ki, Sizin valideynlərinizin – böyük Heydər Əliyevin, dəyərli Zərifə Əliyevanın ruhu necə şaddır... Onlar Sizinlə qürur duyurlar... Onlar Sizin qürurlandırdığınız 50 milyon insanımızın şükranlığı ilə qürur duyurlar... Tarix yazmaq, tarix yaratmaq hər dövlət adamına, dövlət başçısına nəsib olmur. Bəzən, bir çox hallarda onlar tarixdən bir epizod kimi keçib gedirlər. Liderlik – başqa bir mərtəbədir. Fərqli bir obrazdır. Tarix yazmaq, bir millətin taleyini dəyişmək, sərhədlərini birləşdirmək, bütövləşdirmək, coğrafiyası, ərazisi ilə yanaşı, özünü də bütünləşdirmək miqyasagəlməz xidmətdir. Vətən, millət və Tanrı qarşısında! Seçilməkdir bu! Siz bu xalqın və Tanrının seçilmişisiniz, cənab Prezident... Təşəkkürümüzü və minnətdarlığımızı ifadə etmək üçün Söz acizdir... Bir insan, bir toplum, bir millət öz Liderinə, öz Ali Baş Komandanına necə minnətdar olar, necə təşəkkür edər?! Bir insan şükranlığını necə ifadə edə bilər? Sizin hazırlıqlarınız fonunda biz sanki hazırlıqsız yaxalandıq... Cənab Prezident, Siz bu günlərdə yalnız Qarabağ uğrunda müharibə aparmırsınız. Siz eyni zamanda, eyni əzmkarlıqla bu Millətin Ruhunu ayağa qaldırırsınız: Siz bu Millətin 1813-də, 1828-də, 1905-də, 1918-də, 1929-də, 37-də... və 1988-də qırılan, əzilən Varlığını ayağa qaldırırsınız! Siz Milləti böyüdürsünüz! Tanrı Sizi və Əsgərlərimizi qorusun! Tanrı Sizi və Qələbəmizi qorusun! Bu millətin Sonsuz Sevgisi Sizə halal olsun! Min dəfə, milyon dəfə HALAL OLSUN! Madagizin özünü də, anında adını da geri aldınız – Suqovuşan! Şükür qovuşdurana.
Read more
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir: “Əziz həmvətənlər. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir. Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir. Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi. Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq. Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?! Sonra isə, Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi. Danışıqların formatını dəyişdirmək cəhdləri – “Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri danışıqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldımı? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq! Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik! Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam. Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu. Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” 20:18 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir. Müraciət AzTV vasitəsilə canlı yayımlanır.
Read more