Latest news

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək Bəyanatı verib. Bəyanatda deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sizin rəhbərliyiniz altında sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərini dəstəkləyir, və bu tədbirləri regionda sülhün və təhlükəsizliyin etibarlı təmini baxımından son dərəcə zəruri hesab edir. Hər birimiz yaxşı başa düşürük ki, bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. 44 günlük Vətən müharibəsində olduğu kimi həyata keçirilən bu əməlyyatlarda da biz Veteranlar Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayırıq. Cənab Prezident! Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bəyan edirik ki, bu gün də bütün veteranlar Sizin yanınızdadır və daim ərazimizin bütövlüyünün təmin edilməsi üçün mübarizəyə hazırdır. Qürur və iftixar hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin işıqlı sabahı, rifahı və təhlükəsizliyi üçün həlledici önəm daşıyan bu mübarizənin hər günü, hər saatında Sizin yanınızda olacaq, ordumuzun əldə etdiyi zəfərlərə töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova
Read more
Bakı, 20 sentyabr, AZƏRTAC Qarabağda antiterror tədbirlərinin aparılması zərurət idi. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, separatçı rejim mövcud olduğu müddətdə ancaq talançılıqla məşğul olub “Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin fəaliyyəti dövründə Azərbaycanın işğal altındakı ərazilərində milli-mədəni və təbii sərvətləri talanıb, bunun müqabilində bir qrup siyasətçi, oliqarx daha da varlanıb. Yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı isə heç bir iş görülməyib. Bölgə cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət və narkotiklərin tranziti, silah alveri və digər qanunsuz fəaliyyət üçün münbit şəraiti olan, nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi “boz zona”dır. Hansı ki, rəsmi Bakı bəyan edib ki, Azərbaycan ərazilərində “boz zona”ların mövcudluğu ilə barışmayacaq”. Polkovnikin sözlərinə görə, Ermənistan postmüharibə dövründə də üzərinə götürdüyü öhdəliklərə əməl etməyib: “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlılarının yerləşməsi ilə düşmən ölkənin silahlı qüvvələrinin ərazidən çıxarılması ilə bağlı tələbi pozub. Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürüb, lakin Ermənistan və onun Qarabağdakı tör-töküntüləri bu təkliflərin reallaşmasına imkan verməyiblər. Əksinə, onlar hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasına mane olmağa, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar. Müharibədən ötən üç il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən erməni silahlıları Azərbaycan Ordusunun mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər göstəriblər. Həmçinin ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstəriblər. Azərbaycanın irəli sürdüyü təşəbbüslər kimi, belə fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı haqlı tələblər də qulaq ardına vurulub”. Respublika Veteranlar Təşkilatının sədr müavin deyib ki, Ermənistan son üç il ərzində bölgədə kommunukasiyaların açılması istiqamətində də heç bir addım atmayıb. Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ABŞ-da dövlət katibi A.Blinkenin vasitəçiliyi ilə görüşü zamanı regionda kommunikasiyaların açılması istiqamətində əldə edilmiş razılaşmaların reallaşmasına Ermənistan və Qarabağdakı separatçılar tərəfindən maneçilik törədilib. Bunun nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya Qızıl Xaç Komitəsinin eyni vaxtda Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə sentyabrın 1-də Xankəndiyə göndərilməli ərzaq yükü uzun müddət hərəkət edə bilməyib. Yalnız Azərbaycanın prinsipial mövqeyi və ABŞ, Fransa kimi ölkələrin güclü təzyiqlərinə müqaviməti sayəsində sentyabrın 17-də - 16 günlük gecikmədən sonra hər iki istiqamətdə yüklərin hərəkəti mümkün olub. Azərbaycanın sülh təşəbbüslərinə, regionun inkişafı ilə bağlı planlarına və gördüyü real işlərə, bölgədə birgəyaşayışın, sülh və sabitliyin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş siyasətinə rəğmən Ermənistan silahlı qüvvələrinin bölmələri pozucu fəaliyyətini davam etdirib. Ardıcıl şəkildə həyata keçirilən təxribatların davamı və zirvəsi kimi sentyabrın 19-da da altı nəfərin ölümünə səbəb olan iki terror aktının gerçəkləşdirilməsi Azərbaycanın Qarabağ iqtisadi regionundakı “boz zona”dan gələn təhlükələrin zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu. Cəlil Xəlilov vurğulayıb ki, Azərbaycanın başlatdığı antiterror əməliyyatında məqsəd qanunsuz silahlı birləşmələrin ləğvinə nail olmaqdır: “Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan silahlı qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, düşmən ölkənin hərbçilərinin tərk-silahı və neytrallaşdırılmasına yönəlib. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görür, əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olmur. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərinin həlli ilə bağlı hərbçilərə müraciət edilmək tövsiyə olunur, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər görülür”. Diqqətə çatdırılıb ki, ordumuzun apardığı antiterror tədbirləri mahiyyət etibarı ilə bu bölgədəki sadə ermənilərin də marağına uyğundur: “Qarabağdakı erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal dəstələrin qurbanıdır. Azərbaycan bu “boz zona”da bütün hərbi dəstələrin məhv edilməsi, tərk-silah olunması, Konstitusiya normalarının tətbiqi, bölgədə əmin-amanlığın bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək”.
Read more
Bakı, 18 sentyabr, AZƏRTAC Erməni yalanlarına verilən hər bir dəstək bölgədə gərginliyi artırır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, müəyyən dövlətlər və güclər öz maraqlarını təmin etmək üçün regionda yeni qarşıdurma və gərginliyin yaşanmasında maraqlı görünür: “Təəssüflər olsun ki, elə qüvvələr var ki, onlar öz maraqları naminə regionda qarşıdurma meyillərini qızışdırmağa cəhd edir. Bu məqsədlə də erməni yalanlarını dəstəkləyir, məqsədli şəkildə anti-Azərbaycan kampaniyasında yer alırlar. ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı Azərbaycanın ünvanına səsləndirilən böhtanlar buna nümunədir. Bu dinləmələr zamanı regionla bağlı əsassız fikirlər səsləndirilib, Qarabağdakı ermənilərin guya blokadada yaşadığı iddia olunub. Həmçinin müharibənin başa çatmadığı ilə bağlı absurd fikirlər ifadə edilib. Halbuki, erməni lobbisinin, eləcə də rəsmi İrəvanın maraqlarına cavab verən bu fikirlərdə həqiqət payının olmadığı hər kəsə məlumdur. Sadəcə, məqsəd erməni separatizmini ayaqda tutmaq, onlara mənəvi-siyasi dəstək göstərmək və bununla da həmin qüvvələri yeni qarşıdurmalara sövq etməkdir”. Respublika Veteranlar Təşkilatının sədr müavininin sözlərinə görə, bəzi dövlətlərin regionda qarşıdurma meyillərini qızışdırmaq cəhdi yolverilməzdir və həmin dövlətlər, həmçinin erməni lobbisinin diktəsi ilə hərəkət edən qüvvələr bu siyasətdən imtina etməlidirlər. Azərbaycan bütün problemlərin və mübahisələrin sülh yolu ilə həllində maraqlıdır və atdığı hər addımla bunu əməli şəkildə isbatlayır. Lakin separatizmə dəstək verməklə onları qarşıdurmalara həvəsləndirən qüvvələr Azərbaycanın öz təhlükəsizliyini, suverenliyini təmin etməyə qadir olduğunu bilməlidirlər. Hər zaman olduğu kimi bundan sonra da Azərbaycan bu istiqamətdə bütün lazımi addımları atacaq.
Read more
Böyük Vətən müharibəsinin iştirakçısı kapitan Həsənov Şamil Məmməd oğlu 77 alayın tərkibində Şimali Qafqazdan Berlinə kimi döyüş yolu keçmişdir. Müharibənin ilk günlərindən cəbhəyə gedən Şamil Həsənov Krasnodarın, Odessanın, Xarkovun, Minskinin, Kiyevin, Vilnusun, Kalininqradın, Klaypedanın, Qamburqun, Berlinin alman faşistlərindən azad olunmasında özünü, çətin anlarda düzgün qərar qəbul edən cəsur və qorxmaz komandir kimi göstərmişdir. Şamil Həsənovun cəbhədə göstərdiyi döyüş xidmətləti komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Cəsur zabit “Qızıl Ulduz” ordeni, “1 dərəcəli Vətən müharibəsi orden”, “Döyüş xidmətlərinə görə”, “1941-1945-ci illərdə Almaniya üzərində Qələbə” medalları ilə təltif olunmuşdur. Müharibədən sonra quruculuq işlərində fəal iştirak etmişdir. 1972-ci ildə dünyasını dəyişmişdir.
Read more
"Hazırkı məqamda separatçılara qarşı anti-terror əməliyyatının keçirilib-keçirilməyəcəyi haqqında konkret bir söz demək çətindir". Bu sözləri Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov söyləyib. Polkovnik deyib ki, bu variant da digər variantlarla yanaşı, hər zaman aktualdır və erməni təxribatlarının davam etməsi bu variantın önəmini getdikcə artırır: "Lakin aydındır ki, anti-terror əməliyyatı ilə bağlı qərar vermək səlahiyyəti Ali Baş Komandana məxsusdur və əgər belə bir qərar olarsa, o zaman Silahlı Qüvvvələrimizin bu qərardan irəli gələn hər bir vəzifəni ən yüksək səviyyədə həyata keçirəcəyi şübhəsizdir. Azərbaycan Silahlı Qüvvələrinin gücü, hazırlıq səviyyəsi, peşəkarlığı buna imkan verir. Sülhməramlılara gəlincə, unutmayaq ki, onların fəaliyyət göstərdiyi ərazi Azərbaycana məxsusdur və orada kimin olmasından asılı olmayaraq, Azərbaycanın bu ərazidə istənilən fəaliyyəti, eləcə də anti-terror əməliyyatı həyata keçirmək hüququ var. Bir daha qeyd edirəm ki, bütün bu ərazilərin hüquqi-tarixi sahibi Azərbaycandır və sülhməramlıların özü bu ərazidə Azərbaycan dövlətinin razılığı əsasında fəaliyyət göstərir. Ona görə də, Azərbaycan lazım bilərsə elə günü bu gün həmin ərazilərdə anti-terror əməliyyatı həyata keçirə bilər. Belə olarsa, Rusiya sülhməramlıları baş verənləri sadəcə seyr etməli olacaq". Humay İSGƏNDƏRLİ
Read more
Bakı, 11 sentyabr, AZƏRTAC Ermənistanın mina terroru bütün şiddəti ilə davam edir və Qarabağ iqtisadi rayonunda baş verənlər bu həqiqətin ən böyük isbatıdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, Qarabağ iqtisadi rayonundakı separatçıların ərazilərimizdə kütləvi şəkildə minalama işi aparması narahatlıq doğurmaqdadır: “Ermənistan Vətən müharibəsinin başa çatmasından sonra da mina terrorunu davam etdirməkdə, ərazilərimizin minalanması prosesini həyata keçirməkdədir. Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatdan da məlum oldu ki, Qarabağdakı erməni separatçıları, habelə Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri ərazilərimizdə minalanma işi aparmaqdadır. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı da ermənilərin mina terrorundan əl çəkmədiyini göstərir. Bir tərəfdən sülh haqqında fikirlər səsləndirən İrəvanın, digər tərəfdən mina terroruna əl atması onu deməyə əsas verir ki, Ermənistanın sülh müqaviləsi haqqında verdiyi bütün bəyanatlar imitasiyadan başqa bir şey deyil. Azərbaycan tərəfi uzun illərdir ki, dünyanın diqqətini Ermənistanın mina terroruna cəlb etməyə çalışır, bu istiqamətdə aktiv fəaliyyət ortaya qoyur. Ancaq təəssüflər olsun ki, bu günə qədər heç bir beynəlxalq təşkilat mina terroruna görə təcavüzkar ölkəni qınayan ciddi bəyanatla çıxış etməyib. Beynəlxalq birlik, aparıcı dövlətlər tərəfindən mina terrorunu əngəlləmək üçün heç bir əməli addım atılmayıb. Halbuki Ermənistanın mina terroruna qarşı beynəlxalq birliyin vahid və qəti mövqe ortaya qoyması labüddür. Yalnız bu halda terrora qarşı mübarizədə ciddi uğur əldə etmək, Ermənistanı həmin cinayətdən çəkindirmək mümkündür”.
Read more
Veteran.gov.az xəbər verir ki, bu gün görkəmli diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ənvər Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub. 1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olan Məmmədov ölümünə qədər “RİA Novosti” agentliyində redaktor məsləhətçisi olaraq fəaliyyət göstərib. Qeyd edək ki, o, məktəbi bitirdikdən sonra 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunsa da, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra isə azərbaycanlı diplomat Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. O, Böyük Vətən müharibəsində də iştirak edib. 1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib, 1944–1945-ci illərdə isə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Bununla yanaşı, Məmmədov Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub. Eyni zamanda, o, 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasında yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləyən Məmmədov həmin il XİN-ə qayıdıb, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə və “USSR” jurnalının baş redaktoru vəzifəsində işləyib. Ə.Məmmədov ingilis, alman, italyan və fransız dillərini bilib. Allah rəhmət eləsin!
Read more
Sentyabr ayı girəndən Ermənistan ard-arda təxribat törədir. Təxribatın səbəbini onların yeni qələbə qazanmaq istəyində, daha doğrusu yenidən müharibəyə məqsədli olduqlarında görürük. Ermənistanın bu terror cəhdlərinin onların məkirli niyyətlərindən xəbər verdiyini deyən hərbi ekspert Cəlil Xəlilov vəziyyəti açıqlayıb. "Təbii ki, ermənilərin separatçı addımları, təmas xəttində törətdikləri ardıcıl təxribatlar, terror cəhdləri onların məkirli niyyətlərindən xəbər verir. Bütün bu faktlar onu göstərir ki, rəsmi İrəvan post-müharibə dönəmində formalaşan yeni status-kvo ilə razılaşmaq istəmir, nəyin bahasına olursa-olsun bu status kvonu dəyişməyə can atır. Buna görə də Ermənistan hakimiyəti erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə bölgədə yeni gərginlik yaratmağa can atır. Bu məsələdə Ermənistandakı revanşist qüvvələr, xüsusilə də Köçəryan-Sərkisyan cütlüyü daha çox diqqət çəkir. Vaxtiylə Ermənistan rəhbərliyində tənsil olunan bu şəxslər mövcud gərginliklər fonunda öz siyasi ambisiyalarını təmin etməyə çalışır, bunun üçün geniş kütlələri Paşinyan rejiminin üzərinə qaldırmağa cəhd edirlər. Onlar erməni toplumunu inadırmağa çalışır ki, guya Paşinyan təslimçi sülhə hazırlaşır və onun yürütdüyü siyasət Ermənistanın maraqlarına uyğun deyil. Halbuki, Ermənistan üçün əsl fəlakət Köçəryan-Sərkisyan cütlüyünün Azərbaycanla qarşıdurma istəyidir". Ekspert Azərbaycanın haqq üçün mübarizə apardığını, hətta ermənipərəst dövlətlərin bunu bildiyini, amma etiraf etmədiyini açıqladı. "Bu gün bütün dünya Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bilir. Hətta ermənipərəst dövlətlər də həqiqəti etiraf etməslər də, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığından xəbərdardırlar. Azərbaycanın mediası və diplomatiyası dayanmadan bu həqiqətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdadır. Təbii ki, ölkəmizin separatizmə, erməni yalanlarına qarşı aparıdğı mübarizənin başında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev gəlir. Dövlət başçısı hələ 44 günlük Vətən müharibəsinin gedişində beynəlxalq KİV-lərə verdiyi müsahibələrdə erməni yalanlarını ifşa etmiş, İrəvanın dezinformasiyalarına qarşı inkaredilməz faktlar, təkzibedilməz sübutlar ortaya qoymuşdur. İlham Əliyev dəmir məntiq və ciddi arqumentlərlə sübut etmişdir ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu mübarizədən dövlətimizi heç bir qüvvə çəkindirə bilməz. Bu həqiqət bu gün üçün də keçərlidir. Ermənistandakı revanşist qüvvələr anlamalıdırlar ki, əgər təxribatlara davam edərlərsə, o zaman Azərbaycanın cavabı sərt və amansız olacaq. Belə bir cavab üçün Azərbaycanın hər cür imkanı var və zərurət yaranacağı təqdirdə ölkəmiz bu imkandan istifadə edəcək". Çinarə Muradova
Read more
“Revanşistlər Paşinyanı məğlub etməklə Ermənistanda hakimiyyəti birmənalı şəkildə ələ keçirməyə çalışırlar. Onlar Paşinyanı məkrili plan və ambisiyaları yolunda ən böyük əngəllərdən biri hesab edirlər”. Bu sözləri Publika.az-a açıqlamasında Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, revanşistlər hesab edir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya, bölgədəki gərginliyə son qoya bilər ki, bu da revanşist qüvvələrin marağına uyğun deyil: “Onlar “nə sülh, nə də müharibə” şəklində də olsa, Azərbaycanla gərginlyi davam etdirməkdə maraqlıdır. Revanşistlər hesab edir ki, əgər proses bir qədər uzana və Ermənistan xarici himayədarlarından kifayət qədər dəstək ala bilərsə, o zaman post-müharibə dövründəki məlum status-kvonu dəyişdirə bilərlər. Təbii ki, bunlar cəfəng fikirlərdir və həqiqətdən çox-çox uzaqdır. Ancaq erməni revanşistlər xülyalara dalmaqda, özlərinin uydurduqları yalanlara inanmaqda davam edir və Paşinyanı onların hədəfinə çevirən də məhz budur”. Ekspertin sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyinin bölgədə hansı nəticələrə səbəb olacağını indidən qəti şəkildə demək mümkün deyil: “Çünki hər şey hakimiyyətə gələcək qüvvələrin məqsəd və məramından asılı olacaq. Əgər Ermənistanda hakimiyyətə revanşist qüvələr gələrsə, o zaman çox böyük ehtimalla, regionda vəziyyət daha da gərginləşəcək. Çünki bu qüvvələr açıq şəkildə yeni qarşıdurmaların tərəfdarı olduqlarını bəyan edirlər. Odur ki, indiki halda Paşinyan hakimiyyəti erməni toplumunun maraqlaırna daha çox cavab verir. Çünki Paşinyan post-müharibə dövrünün reallıqlarını qismən də olsa dərk edir, ciddi daxili və xarici təzyiq altında olsa da, rəsmi Bakı ilə anlaşmağa cəhd edir. Ola bilsin ki, bütün bu cəhdlər sadəcə imitasiyadır. Amma ən azından Paşinyan Azərbaycana qarşı açıq çağırışlar etmir, müharibə anonsları vermir. Bu isə o deməkdir ki, əslində Paşinyan hakimiyyəti erməni toplumu, onun maraqları baxımından daha sərfəli, daha təhlükəsizdir. Təxribatlara gəlincə, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan istənilən təxribata qətiyyətlə cavab verəcək, öz təhlükəsizliyini təmin etmək üçün ən sərt tədbirlərdən belə çəkinməyəcək”. Nəzrin Cavadzadə
Read more
Bakı, 1 sentyabr, AZƏRTAC Ermənistan hərbçilərinin ordumuzun Kəlbəcərdəki mövqeyinə qarşı zərbə PUA-sı tətbiq etməsi, həmçinin artilleriya zərbələrinə tutması onun terror siyasətinin açıq və növbəti təzahürüdür. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir: “Törədilən təxribatlar göstərir ki, Ermənistan sülh yox, revanş haqında fikirləşir və ona görə də belə xain həmlələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ancaq Ermənistan bilməlidir ki, o, heç vaxt öz məqsədinə çata, post-müharibə dövrünün reallıqlarını dəyişə bilməyəcək. Onun bütün təxribatlarına ordumuz tərəfindən layiqli cavab veriləcək. Necə ki, biz hazırda bunu müşahidə etməkdəyik”. Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, mövcud vəziyyət beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistanın təxribatına sərt reaksiya verməsini tələb edir: “Ermənistan ordusunun bugünkü təxribatları bir daha sübut edir ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti erməni terroru ilə bağlı aydın və birmənalı mövqe ortaya qoymalıdır. Makron hakimiyyəti və digər ermənipərəst qüvvələr bu təxribatı görməli, özlərini “karlığa, korluğa” qoymaqdan əl çəkməlidir. Həmçinin bütün dünya anlamalıdır ki, Azərbaycan sonsuzadək həmin təxribatlar qarşısında təmkin nümayiş etdirə bilməz. Odur ki, heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi qınamamalı, ittiham etməməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə məcburdur və bu istiqamətdə lazımi bütün addımları qətiyyətlə atacaq”. Qeyd edək ki, Azərbaycan Müdafiəsi Nazirliyinin son məlumatına görə, sentyabrın 1-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.
Read more
Veteran.gov.az xəbər verir ki, dünən İkinci Dünya müharibəsi əlili, məşhur kəşfiyyatçı Məlikov Bağır İbrahim oğlu vəfat edib. 1924-cü ilin oktyabr ayının 1-də Bakının Nardaran qəsəbəsində anadan olan Bağır Məlikov, peşə məktəbində çilingərlik peşəsinə yiyələndikdən sonra gəmiqayırma zavodunda işə başlayıb. İkinci Dünya müharibəsinin başlanması ilə qardaşları kimi Bağır Məlikov da cəbhəyə yollanıb. 1942-ci ildə ön xəttə göndərilən Bağır Məlikov 353-cü diviziyanın 1147-ci alayında əvvəlcə sıravi əsgər, sonra isə yefreytor kimi döyüşlərdə iştirak edib. Rostovdan başlayaraq Ukrayna, Krım, Moldova, Rumıniya, Macarıstan, Budapeşt, Sofiya, Belqrad, Avstriya və Berlinə kimi döyüşən Məlik Bağırov, döyüşlrədə göstərdiyi qəhrəmanlıqlara görə 30-dan çox orden və medalla təltif olunub. Kəşfiyyatçı kimi də bir çox mühüm əməliyyatlara qatılan Məlik Bağırov, xeyli sayda ingilis və fransızı da faşist əsirliyindən azad edib. Müharibə dövründə 5 dəfə yaralanan Məlik Bağırov hər dəfə müalicə aldıqdan sonra döyüşlərə qatılıb, faşizmə qarşı mübarizəsini davam etdirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də Respublika Veteranlar Təşkilatının Nərimanov Rayon Təşkilatı Bağır Məlikovun ölümündən kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! Seymur ƏLİYEV
Read more
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından Mehriban xanımı təbrik edib. Təbrikdə deyilir: Hörmətli Mehriban xanım! Sizi – xalqımıza və dövlətimizə böyük xidmətlər göstərən vətənpərvər ictimai-siyasi xadimi, Azərbaycanın tərəqqisinə əvəzedilməz töhfələr verən dəyərli şəxsiyyəti, öz xeyirxahlığı və nəcibliyi ilə milyonların sevgisini qazanan alicənab insanı Ad Gününüz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ölkəmizin inkişafı naminə məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq! Siz Azərbaycanın Birinci vitse-prezidenti, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun Prezidenti, ISESCO-nun xoşməramlı səfiri olaraq Vətənimizin daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda yüksək nailiyyətlərə imza atırsınız. Azərbaycanın birinci xanımı, sədaqətli həyat yoldaşı olmaqla yanaşı, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman ən böyük tərəfdaşı, əzmkar mübarizə yoldaşı kimi yorulmaz və qətiyyətli fəaliyyətinizlə ölkəmizin işıqlı gələcəyi uğrunda mübarizə aparan Dövlət Başçısını daim dəstəkləyir, respublikamızın sosial-iqtisadi və ictimai-mədəni inkişafında müstəsna rol oynayırsınız. Bütün vətəndaşlarımıza, xüsusilə şəhid ailələrinə, qazilərə, ahıllara göstərdiyiniz yüksək diqqət və qayğı Sizin fədakar fəaliyyətinizin əsasını təşkil edir. Yüksək intellektiniz, yenilməz iradəniz, tükənməz enerjiniz, nəcibliyinizlə, bir sözlə hər bir azərbaycanlı üçün layiqli örnək olaraq şəxsi keyfiyyətlərinizlə ölkəmizə yeni-yeni uğurlar qazandırırsınız. Hörmətli Mehriban xanım! Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, dövlətimizin, xalqımızın xoşbəxt gələcəyi uğrundakı böyük xidmətlərinizi hər bir ölkə vətəndaş kimi, biz – Azərbaycan ağsaqqalları da yüksək qiymətləndirir, Sizə ən xoş arzularla gözəl əhval-ruhiyyə və ailə səadəti diləyirik! Uca Allah möhtərəm Prezidentimiz cənab İlham Əliyevi, Sizi, Azərbaycan xalqını və doğma Vətənimizi qorusun! Dərin hörmət və səmimiyyətlə, Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV
Read more