Please ensure Javascript is enabled for purposes of website accessibility
Organization of War, Labor and Armed Forces Veterans of the Republic of Azerbaijan
We should always benefit from the experience of veterans
Heydar Aliyev

Latest news

Müharibə iştirakçılarının sosial vəziyyətinə həsr olunmuş tədbir keçirilib
Müharibə iştirakçılarının sosial vəziyyətinə həsr olunmuş tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 12 aprel 2023-cü il tarixində “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı " İctimai Birliyi Cəlilabad rayon Veteranlar Təşkilatı ilə birlikdə "Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirilmə" layihəsinə həsr edilmiş tədbir keçirib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açdıqdan sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihənin kordinatoru, sosial məsələlər üzrə tədqiqatçı Esmira Orucova layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, müharibə iştirakçıları ilə bağlı sosial tədqiqatın keçirilməsinin məqsəd və məramını açıqlayıb. Layihənin rəhbəri “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı " İctimai Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, həyata keçirdiyimiz layihənin əsas məqsədi müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət stragediyasına dəstək olmaq üçün onların aktual problemlərini üzə çıxarmaqdır. Sonda toplanmış  materiallar əsasında ictimai birliyimiz tərəfindən təklif və tövsiyələr hazırlanıb müvafiq qurumlara təqdim olunacaqdır. "Qarabağ Qaziləri" ictimai birliyinin sədri Maşallah Əliyev, Milli Qəhrəman şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon icra hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, Müharibə və Əmək veteranları Rizvan Mehdiyev, Adil Hüseynov, Adıgözəl Nuriyev, Sakit İsayev, Qurban Əhmədov və başqaları öz çıxışlarında onları narahat edən məsələlərə toxunublar və bu məsələlərin həlli yollarından danışıblar. Sonda xatirə şəkilləri çəkilib.

Read more
“Ermənistan Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”
“Ermənistan Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”

Cəlil Xəlilov: “Ordumuz istənilən təxribatı dəf etməyə qadirdir” “Aprelin 11-də Ermənistanın ordumuzun Laçındakı mövqelərini atəşə tutması və nəticədə üç hərbçimizin şəhid olması rəsmi İrəvanın təxribatlardan əl çəkmədiyini göstərir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bundan öncə səsləndirdiyi əsassız iddilar, sülh müqaviləsinin imzalanmasını süni şəkildə yubatması İrəvanın təxribatlara hazırlaşdığını göstərirdi: “44 günlük Vətən müharibəsi iki ildən çoxdur ki, başa çatsa da, Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir, siyasi müstəvidə təxribatçı bəyanatlarla çıxış edirdi. Aprelin 11-də baş verən silahlı toqquşma göstərdi ki, İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdu və Ermənistan postmüharibə dönəminin reallıqlarını bu cür təxribatlarla dəyişməyə çalışır. Diqqət çəkən digər bir məqam ermənilərin hərbi təxribatlarının Avropa İttifaqının missiyasının Ermənistana gəlişindən sonra artmasıdır. Görünən budur ki, Ermənistan Avropa İttifaqı missiyasının bölgəyə gəlişindən sonra cəsarətlənib və bunu öz iddialarını gerçəkləşdirmək üçün fürsət  hesab edir. Ancaq Ermənistan bilməlidir ki, kimə güvənməyindən, hansı güclər tərəfindən imayə olunmasına baxmayaraq heç vaxt öz əsassız iddialarını təmin edə, Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”. Polkovnik bildiirb ki, Azərbaycan Ordusu şəhid olan hərbçilərinin intiqamını alıb və bundan sonra da bu cür təxribatlara sərt qarşılıq verəcək: “Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verib, şəhid olan hərbi qulluqçularımızın qisasını alıb. Ermənistanın rəsmi dairələrinin özünün etirafına görə döyüşlərdə 4 erməni məhv edilib, xeyli sayda əsgər yaralanıb. Azərbaycan əsgərləri düşmənin bütün atəş nöqtələrini uğurla susdurub. Bu, dövlərimizin, ordumuzun erməni təxribatlarına qarşı ayıq-sayıq olduğunu, bu cür təxriabatların qarşısını qətiyyətlə aldığını göstərir. Allahdan şəhid olan hərbçilərimizə rəhmət diləyir, ordumuza uğurlar arzulayıram. Bütün Azərbaycan xalqı kimi, veteranlar da Azərbaycan Ordusunun yanındadır və bundan sonra da hərbçilərimizin yanında olmaqda davam edəcək”.    

Read more
“ Aprel döyüşləri Şanlı qələbəmizin başlanğıcıdır” mövzusunda tədbir keçirilib
“ Aprel döyüşləri Şanlı qələbəmizin başlanğıcıdır” mövzusunda tədbir keçirilib

Müharibə, Əmək və Silahli Qüvvələr Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik  Adil Haqverdiyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 04 aprel  2023-ci ildə    Bakı şəhəri Suraxanı rayonunda tədbir təşkil ediblər. Tədbir  Aslan Muradov adına  84 saylı tam orta məktəbdə baş tutub. 2016-cı il Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri -Şanlı qələbəmizin başlanğıcıdır”adlı tədbirdə  Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, müavini müharibə veteranı Cavanşir Abdullayev, məktəbin direktoru Röya İslamova , hərbi hazırlıq müəllimi  müharibə veteranı ehtiyatda olan mayor Zöhrab Muradov, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Röya İsmayılova açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.  Çıxış üçün ilk söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev  öncə Aprel  döyüşləri  haqqında ətraflı danışıb. Adil Haqverdiyev iki müharibənin - Əfqanıstan və Qarabağ müharibəsinin  iştirakçısı  kimi  müharibənin çətinliyindən əsgər və zabitlərimizin torpaqlarımız  ugrunda necə əzimlə döyüşməklərindən, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan  qürurla  bəhs edib. Bildirib ki, biz  sülhsevər xalqıq. Hər zaman bu istəyimizi subut etmişik.  Ali Baş Komandan İlham Əliyev dəfələrlə düşmənə hümanistlik göstərmişdir. Əsirlərin qaytarılması, xəstə əsirlərin müalicə olunması, torpaqlarımızdan çıxmaları üçün möhlət hüququnun verilməsi və s. buna sübutdur. Adil Haqverdiyev çıxışının sonunda  Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzuladı. Tədbirin sonunda xatirə şəkli çəkilib.                                               

Read more
Ziyalılığın təcəssümü
Ziyalılığın təcəssümü

MÖHÜBBƏT NURULLAYEV - 85 ONLAR MASALLIDANDIR            Müəllim ömrü. Bu ömür tuş qələmlə səliqə-sahmanla, aldığı Fəxri fərmanlar, təşəkkürlər, fəxri adların, medalların vəsiqəsində yazılıb. Ali təhsil diplomunda qeyd olunub, əmək kitabçasında bir-birinin ardınca düzülüb. Bir ziyalı ömrünü bəzəyən, bir şəxsiyyətə başucalığı gətirən ömür! Möhübbət müəllimin mənəviyyatını oxucu üçün açır, onu oxucuya tanıdır. İnsan şəxsiyyətinin qiyməti, onun əməyə, təhsilə münasibəti, zəhmətsevərliyi, peşəsinə vurğunluğu ilə ölçülür. Belə insanlar ümidimizi sönməyə qoymurlar, həyat yollarında köməyiniz, dayağımız olurlar. Cəmiyyətdə nə qədər şəxsiyyətli adamlar çoxdursa, cəmiyyət də bir o qədər zəngin görünür.  Bu yazıda söz açdığım Möhübbət müəllim də öz xarakteri ilə Azərbaycan torpağında ucalan ziyalılarımızdandır.  Ziyalılığa, elm, bilik nuru saçan insanları şəxsiyyət kimi formalaşdıran peşə sahiblərinə borcumuz çoxdur. Müəllimlər insanın şəxsiyyət kimi yetişməsində ən böyük zəhməti olan insanlardır. Bu peşə sahiblərinin adı onlar üçün ən böyük şan-şöhrət, əvəzedilməz zirvədir.  Müəllimin fəaliyyəti, zəhməti cəmiyyətlə bağlıdır. Cəmiyyətə nüfuz edir. Gənc nəslin gələcəkdə bizi əvəz edənlərin ziyasından elm, təhsil vərdişi yaradır. Cəmiyyətin əvəzedicini hazırlayır. Ona görə də insanların belə adamlara təmənnasız xidmətkarlarına - müəllimlərə borcu çoxdur. Bu borcu Möhübbət müəllimi tanıyanlar hiss edir.  Yüzlərlə şagirdləri bu gün vəzifələrdə çalışır, elm adamlarıdır. Onlar həmişə ustadlarının hörmətini saxlayırlar.  Möhübbət müəllimin dərs dediyi məktəblərin coğrafiyası genişdir. Onun keçdiyi mənalı və şərəfli yolunu vərəqləyək.      TƏRCÜMEYİ - HALINDAN SƏTİRLƏR:    NURULLAYEV MÖHÜBBƏT AYAZ OĞLU 10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur.  İkinci Dünya müharibəsi başlananda 3 yaşı vardı. Atası Ayaz kişi cəbhəyə yola düşəndə balaca Möhübbəti öpüb qucaqlamaq istəyəndə o tez qaçaraq Fati anasının qucağına sarıldı və ağladı. Bu onun atası ilə son görüşü oldu. Ayaz kişi müharibədən qayıtmadı və itkin düşdü. Fati ana 3 yaşlı Möhübbəti və körpəsini - Cənnəti atasız böyütdü, onlara həm ata oldu, həm də ana...      MÖHÜBBƏT MÜƏLLİMİN DEDİKLƏRİNDƏN:      - Atam Ayaz Nurullayev 1941-ci ilin dekabr ayında cəbhəyə gedib və müharibədə itkin düşüb. Atamın simasını çox çətinliklə xatırlayıram. Atam haqqında düşünərkən gördüklərim, bildiklərim və eşitdiklərim gözlərim önündə canlanır. Bu zaman uşaq kimi kövrəlirəm, müharibəni törədənləri dönə-dönə lənətləyirəm. Biz zamanın burulğanında məhv olmadıq, böyüdük, yaşa dolduq, təhsil aldıq və ailə sahibi olduq.  Anam Nurullayeva Fati Niftulla qızı 1913-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 2000-ci ilin iyun ayının 27-də vəfat edib.  İki qardaş olmuşuq - mən və Cənnət. Oxuduq, işlədik, çox əziyyətlə böyüdük. Qardaşım - Nurullayev Cənnət Ayaz oğlu 25 avqust 1942-ci ildə anadan olub. Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində Tibb kollecində feldşerliyi oxuyub. Sankt-Peterburq, Kaluqa və Moskva şəhərində "Sokolnik" sanatoriyasında baş həkimin müavini olub. Yüksək ixtisaslı həkim kimi 44 il işləyib..." Gənc Möhübbət ilk təhsilini Ərkivan qəsəbəsində "Ağ Məktəb"də alıb. Sonrakı 1958-1960-cı illərdə kənddə o vaxtkı "Çapayev" adına kolxozda təsərrüfatın müxtəlif sahələrində çalışıb. Gəncliyi müharibədən sonrakı illərə təsadüf edib. Kəndin, təsərrüfatın dirçəlişində arxa cəbhədə çalışanlar da döyüşçü idilər. Gənc Möhübbət də qolunu çırmayıb istehsalatda canı-dildə işlədi. İnsan harada işləyərsə, öz işini dəqiq, təmiz görməli və özünə hörmət qazanmalıdır. Onun zəhmətkeşliyindən çox danışmaq, yazmaq da olar. Bu yolun çətin anları da olub, sevinc anları da... İstehsalatdan sonra ali məktəbə qədəm qoydu.  1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldı, fizika-riyaziyyat müəllimi diplomu ilə ali təhsillilər sırasında kəndə qayıtdı. Həmin ildən taleyini məktəbə bağladı.      1965-1970-ci illərdə Masallı rayonunun Mollaoba kənd 8 illik məktəbində fizika-riyaziyyat müəllimi, 1970-1976-cı illərdə Masallı rayonunun Bədəlan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, 1976-2011-ci illərdə Masallı rayonunun Lürən kənd Faiq Şükürov adına orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. Təqaüdə çıxana qədər doğma Lürən kəndində zəhmətkeş balalarına dərs demişdir. Təkcə elm, bilik öyrətməmiş, onları həyatın qədrini bilməyə, düz yola çağırmışdır.   Böyük Məhəmməd Füzulinin şeirlərinin birində deyildiyi kimi:          Ömrün əziz ikən təbin təzələr,          Dünya zəncirinə bağlama hədər.          Allaha xoş gedən xeyirli iş gör,          Qoyma ki, həyatın keçə bisəmər. Müəllim adı ona verilən bütün təşbehlərdən üstündür. Həyatımızı müəyyən məcraya yönəldən, bizi elm, bilik yoluna çıxaran müəllimlərimizin əli əlimizdə olanda güclü, qüvvətli oluruq. Möhübbət müəllim də belə ziyalılarımızdandır. O da elmi, savadı ilə neçə şagirdin ömrünə çıraq tutub.  Möhübbət müəllim ictimai işlərdə daha çox fəallığı ilə tanınıb. 1960-cı ildən Respublika Həmkarlar İttifaqının üzvü və Masallı rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının Lürən kənd məktəb həmkarlar təşkilatının sədri olmuşdur.  1990-cı ilin mart ayına qədər 28 saylı seçki Dairəsindən Masallı rayonu Musaküçə kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir.  11 noyabr 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.  19 sentyabr 2013-cü il tarixdə təqaüdə çıxıb.      1 iyul 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Əmək veteranı" adına layiq görülmüşdür.   Masallıda Möhübbət Nurullayevi təcrübəli fizika-riyaziyyat müəllimi, təhsil işini yaxşı bilən mütəxəssis, gözəl insan, səmimi ailə başçısı kimi tanıyırlar. Həmişə xoş təbəssümlü, gözlərində parlaqlıq, həyat eşqi gördüyümüz bu insana 85 yaşı olmasına ilk baxışdan şübhə edirsən. Ölçülü-biçili hərəkətlərinə fikir verəndə, məşvərət - məsləhətlərinə qulaq asanda, müsahib olanda isə bu həqiqətə inanırsan. Möhübbət müəllim 1978-ci ildə Gülməxmər Şəküllə qızı ilə ailə həyatı qurub.1959-cu il təvəllüdlü Gülməxmər ana Lürən kənd məktəbində işləyib. 2016-cı ildə 4 sentyabrda vaxtsız dünyasını dəyişib, Lürən kənd qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin! Möhübbət müəllim bir valideyn kimi övlad yolunda çox əziyyətlər çəkib. Həyat yoldaşı Gülməxmər xanımla cəmiyyət üçün layiqli, yararlı övladlar böyüdüblər. Dəyərli məsləhətləri, gözəl tərbiyəsi ilə balalarının yoluna işıq saçıb Möhübbət müəllim! Onlara tələbkar olduğundan hər birini xasiyyətcə gözəl formalaşdırıb.  Altı övlad - 5 oğul, 1 qız tərbiyə edən Möhübbət müəllimə bu işdə ömür yoldaşı Gülməxmər ana həmişə dayaq olub. Övladları - Tariyel, Maqsud, Fidan, Qoşqar, Əlisəfa, Ayaz. Onlar da bu günümüzün yaradıcılarıdırlar. Ataya, anaya öz hərəkətləri ilə şöhrət, hörmət gətirmişlər. Atalarını "ATA", analarını "ANA" adı ilə çağıran övladlar bu müraciətin şirinliyini həmişə qoruyub saxlamışlar. Möhübbət baba ilə Gülməxmər nənənin 11 nəvəsi vardır. Mənzər, Nihat, Fatimə, Fayaz, Firuzə, Fariz, Ariz, Nurgül, Aygül, Gülməxmər, Miray adlı şirin-şəkər nəvələri baba ilə nənənin ömür bağçasının çiçəkləyən arzuları və davamçılarıdırlar.  

Read more
“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib
“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib

6 aprel 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və  Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib. Öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vüsal Quliyev: “Azərbaycanda veteranlar hərəkatının formalaşmasında və inkişafında Heydər Əliyevin müstəsna rolu olmuşdur” Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına Ümummilli lider heydər Əliyevin müstəsna rolu olduğunu bildirib: “Ulu öndər Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib. Heydər Əliyev veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi, milli maraqlar konteksində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə mütəmadi addımlar atırdı. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, zəngin və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli mənəvi dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər. Bu baxımdan Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə, təşkilatlanmağına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar hərəkatının formalaşması Ulu öndərin adı ilə bağlıdır. Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummili lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaqdır”. Cəlil Xəlilov: “Veteranlara dövlət qayğısı Heydər Əliyev tərəfindən bərpa edilib, yüksək səviyyəyə qaldırılıb” Konfransda  çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov məhz Ulu öndərin sayəsində veteranlara dövlət qayğısının yüksək səviyyəyə çatdığını vurğulayıb: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərindən danışarkən onun ölkədə veteran hərəkatının inkişafına göstərdiyi böyük dəstək də yada düşür.  Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Bunun son təzahürləri kimi Respublika Veteranlar Təşkilatına ayrılan müasir standartlara tam cavab verən inzibati binanı, 1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını və nəhayət veteranlara dövlət qayğısının artırılmasını qeyd etmək olar. Veteranlar bu münasibəti yüksək qiymətləndirir, göstərilən qayğı və diqqəti minnətdarlıqla qeyd edirlər”.      Konfransda Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, dövlət və QHT təmsilçiləri,  veteranlar və gənclər iştirak edib. Konfransda Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Xüsusi Təyinatlıların, qazilərin, şəhid ailələri və veteranları İctimai Birliyinin sədr müavini Rafail Nuriyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, XTQ-in ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış ediblər. Konfransın sonunda xatirə şəkli çəkilib.

Read more
Veteran Təşkilatının üzvləri şəhdilərin ailələrini ziyarət ediblər
Veteran Təşkilatının üzvləri şəhdilərin ailələrini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki,  Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, Milli Məclisin keçmiş üzvü Dünyamalı Məmmədovun, iş adamı Rafid Abışovun və fəal ictimaiyyətçi Əsəd Abbasovun iştirakı ilə Cəlilabad rayonunun Sabirabad kəndində olub, şəhid baş gizir Murad Babayevin doğum günü - martın 31-də onun  ailəsini ziyarət ediblər. Şəhidin anası Aruzə xala oğlu ilə bağlı xatirələrindən danışıb, şəhid ailəsinə göstərilən  diqqət və qayğıya görə dövlətimizin rəhbərinə  öz minnətdarlığını bildirib. Veteranlar Təşkilatının üzvləri  şəhidin ev- muzeyində anası və yadigarı qalan övladları ilə birgə xatirə şəkilləri çəkdiriblər.  Veteranlar Təşkilatının üzvləri və qonaqlar aprelin 1- də  Hamarqışlaq kəndinə gedib şəhid Cavid Hüseynovun doğum günü ilə əlaqədar şəhidin ailəsi ilə görüşüb, onun ev- muzeyini ziyarət ediblər. Şəhidin atası Habil Hüseynov oğlu şəhid Cavid Hüseynovun Vətən müharibəsində bir tankçı kimi göstərdiyi qəhrəmanlığından qürurla söz açıb və sonda oğlunun adının əbədiləşdirilməsi üçün onun təhsil aldığı kənd orta məktəbinə şəhid Cavid Hüseynovun adının verilməsinə köməklik göstərilməsini Veteranlar Təşkilatından xahiş edib. Veteranlar Təşkilatının üzvləri aprelin 2-də isə rayonunun Edişə kəndindən olan şəhid Əsgər Məmmədovun ailəsini də ziyarət edib, ruhuna dualar oxuyub dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.    

Read more
Veteranlar Təşkilatı Mart soyqırımı ilə bağlı tədbir keçirib
Veteranlar Təşkilatı Mart soyqırımı ilə bağlı tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar bu gün tədbir keçirib. Rayon Veteranlar evində təşkil edilən tədbirə əmək və müharibə veteranları, idarə, müəssisə və ictimai birliklərin nümayəndələri dəvət olunublar. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat verib, Bakı, Quba,  Şamaxı, Salyan, Xaçmaz, Lənkəran və digər ərazilərdə, İrəvan quberniyasında minlərlə azərbaycanlının vəhşicəsinə, müxtəlif işgəncələrlə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əmək və müharibə veteranları Əsəd Əliyev, Adil Bağırov, İsmayıl Quliyev, Qurban Əhmədov, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, Dini Qurumlarla İş üzrə dövlət qurumunun Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov, tarixçi-alim Rza Rzayev, Zərifə Əliyeva adına tam orta məktəbin müəllimi Xəlil Fərəməzoğlu və başqaları çıxış edərək nankor qonşularımız olan ermənilərin əsrlər boyu bizim millətimizə qarşı apardıqları düşmənçilikdən danışıblar və bu gün də onların havadarlarının köməyi ilə  öz məkrli siyasətlərini davam etdirdiklərini xüsusi vurğulayıblar. Tədbirin sonunda Respublika Veteranlar Təşkilatına yeni üzv qəbul edilən bir qrup əmək və müharibə veteranına vəsiqələr təqdim olunub.  

Read more
“Mart soyqırımı qurbanlarının xatirəsinə ilk abidə Balakən rayonunda ucaldılıb”
“Mart soyqırımı qurbanlarının xatirəsinə ilk abidə Balakən rayonunda ucaldılıb”

Nəsib Məhəməliyev: “İndi həmin yer “Soyqırım bağı” adlanır” “1918-ci ilin mart soyqırımından 105 il ötür. Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində erməni silahlı dəstələri tərəfindən yerli əhaliyə qarşı dəhşətli cinayətlər törədilmişdir. Mart qırğınlarına bilavasitə rəhbərliyi üzdə bolşevik, əslində isə, qatı daşnak, Bakı kommunasının sədri Stepan Şaumyan həyata keçirmişdir. Rəsmi məlumatlara görə mart ayının 30-dan, aprel ayının 4-ə qədər 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür. Tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür. Xalqımızın unutqanlığı, sülhsevərliyi, tarixin növbəti mərhələlərində də repressiyalarla, qətliamlarla, deportasiyalarla, torpaq itkiləri ilə nəticələndi”. Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Mart soyqırımı qurbanlarının xatirəsinə ilk abidə Balakən rayonunda ucaldılıb:  “Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə, hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Məhz, bu sərəncamdan sonra mart hadisələri, ümumiyyətlə erməni terroru ilə bağlı müxtəlif dillərdə kitablar, arxiv materialları, rəsmi sənədlər nəşr olundu. Əhali arasında maariflənmə işləri aparıldı. Ermənistanın terror dövləti olması, ASALA və digər çoxsaylı erməni terror təşkilatlarına dəstəyi, Azərbaycanda və dünyanın müxtəlif coğrafiyalarında törətdikləri cinayətlər barədə geniş təbliğat kompaniyası aparıldı. Beynəlxalq birlik, erməni terror təşkilatlatlarının insanlıq əleyhinə törətdikləri cinayətlərlə məhz, Azərbaycan dövlətinin apardığı sistemli siyasət sayəsində məlumatlandı. Yeri gəlmişkən bir məsələni də qeyd etmək istərdim. 2001-ci ildə Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Qərara aldıq ki, mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün rayon mərkəzində, bir zamanlar bolşeviklərin lideri Leninin adını daşıyan bağda abidə ucaldaq. O zamanlar, Respublikanın heç bir bölgəsində Soyqırım abidəsi yox idi və mart hadisələri ilə bağlı cəmiyyətdə tək-tək insanları çıxmaq şərti ilə məlumat yox dərəcəsində idi. Abidənin üzərində yazılan qeydlər, qısa müddət ərzində mart hadisələrinin mahiyyəti ilə bağlı təbliğatda əhəmiyyətli rol oynadı. İndi həmin yer, “Soyqırım bağı” adlanır”. Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarizə zəfərə rəğmən keçmişimizi unutmamalı, sayıqlığımızı itirməməliyik: “Zaman dəyişib. Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü, inkişaf etmiş dövrünü yaşayır. Qəhrəman Ordumuz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük müharibədə tarixi Qələbə qazandı. Erməni terroruna, dünya ernəniliyinə sarsılmaz zərbə vurdu. ,,Böyük Ermənistan,, xülyasını məhv etdi. Şəhidlərin, soyqırım qurbanlarının intiqamını aldı. Bu gün onların ruhu şaddır. Əldə olunan uğurlara baxmayaraq, daim ayıq-sayıq olmalıyıq. Tarixin acı nəticələrini unutmamalıyıq. Nə qədər ki, düşmən öz iddialarından əl çəkmək istəmir, sayıqlığımızı itirməyə haqqımız yoxdur. Allah cəmi Şəhidlərə rəhmət eləsin!” Seymur ƏLİYEV

Read more
Veteranlar Təşkilatının üzvləri şəhdilərin doğum günü ailələrini ziyarət ediblər
Veteranlar Təşkilatının üzvləri şəhdilərin doğum günü ailələrini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, iş adamı Rafid Abışovun və təşkilatçı pedaqoq Əsəd Abbasovun iştirakı ilə şəhidlərin doğum günü - martın 29-da onların evlərinə gedib ailələrini ziyarət ediblər. Onlar əvvəlcə rayonun Uzuntəpə kəndində şəhid kəşfiyyatçı leytenant Rusif Kazımovun ailəsi ilə görüşüb, onun ev muzeyində olublar. Şəhidin yadigarı olan Nuran balası ilə xatirə şəkilləri çəkdiriblər. Veteran Təşkilatının üzvləri və qonaqlar daha sonra rayonun Alar kəndinə gedib 19 yaşlı şəhid Qasımov Rəşadın da doğum günündə iştirak edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Read more
Ağdamda konfrans: “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır”
Ağdamda konfrans: “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır”

Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, müharibə veteranlarının, qazilərin, ictimai təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndərin Quzanlı qəsəbəsinin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Ağdam rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, veteran hərəkatının inkişafında göstərdiyi xidmətlərdən, veteran təşkilatlarının yaradılmasından, 1994-cü ildə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən, veteranlara dövlət qayğısının artırılmasından, müharibə, əmək və silahlı qüvvələr veteranlarının təşkilatlanmasından geniş söhbət açıblar. Sonda Ulu Öndərin ordu quruculuğundakı xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.          

Read more
Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib
Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında konsul Aleksandr Arxipov Fatma Səttarovaya Belarus Prezidentinin təbrik məktubunu çatdırıb. Fatma Səttarova bayram münasibəti ilə ona ünvanlanan təbrik məktubuna görə Belarus Prezidentinə təşəkkürü bildirib, minnətdarlığını ifadə edib. Görüşdə həmçinin Azərbaycan və Belarus veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  

Read more
Dövlət Təhlükəsizliyi Xidməti öz əzəmət və peşəkarlığının zirvəsindədir
Dövlət Təhlükəsizliyi Xidməti öz əzəmət və peşəkarlığının zirvəsindədir

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəxri professor Cəlil Xəlilov deyib. Professor bildirib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi dövlət təhlükəsizliyi sisteminin daha da təkmilləşməsinə səbəb oldu: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün dövlət qurumlarının, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş yarandı. Ulu Öndər ordunu gücləndirməklə yanaşı, əsl peşəkarları təhlükəsizlik sisteminə cəlb etməklə dövlətin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə nail oldu. Təhlükəsizlik orqanının əməkdaşları terror cəhdlərinin qarşısının alınmasında, daxili sabitliyin güclənməsində mühüm rol oynadı. Daxili və xarici düşmənlərin bir çoxu məhz təhlükəsizlik orqanları əməkdaşlarının səyi nəticəsində ifşa olundu”. Cəlil Xəlilov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlığa malik olduğunu, sözügedən qurumun öz fəaliyyəti ilə Ulu Öndərin arzu və istəklərini doğrultduğunu vurğulayıb: “Bizim üçün qürurvericidir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti öz tərəqqi və əzəmətinin zirvəsindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, şanlı Zəfərimizin əldə edilməsinə verdiyi böyük töhfə bu qurumun peşəkarlığının, vətən, xalq sevgisinin göstəricisidir. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarını 28 mart – peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və ölkəmizlə bağlı bütün məkrli planları alt-üst edəcək”.

Read more