Latest news


“Terror və təxribat İran-Ermənistan qardaşlığının ortaq təməlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, hər iki ölkə Azərbaycana yönəlik terrorçu fəaliyyəti ilə diqqət çəkir: “Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti 30 il davam etdi və 44 günlük Vətən müharibəsi ilə nəticələndi. Azərbaycan müharibə nəticəsində işğaldakı torpaqları azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Lakin müharibədən iki ildən çox vaxt keçsə də, Ermənistan terror və təxribat siyasətindən əl çəkmir. Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən İran, Vətən müharibəsindəki qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv siyasət sərgiləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və s. İranın ölkəmizə qarşı məkirli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsi ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən de-şifrə edilən İran casuslarının çoxluğu İranın ölkəmizə olan düşmən münasibətinin göstəricisidir. Onu da qeyd edim ki, İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və s. altında həyata keçirməyə çalışıb. Bu gün İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır. İran-Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluq fəaliyyətinin genişlənməsi rəsmi Tehranın həm də anti-İslami fəaliyyətindən xəbər verir. 30 il ərzində torpaqlarımızın işğalda qalmasına susan, məscidlərimizin dağıdılmasını, tövləyə çevrilməsini laqeydliklə seyr edən, Qarabağın talanmasında yaxından iştirak edən İran, bu gün də erməni təəssübkeşliyi mövqeyindən çıxış edir, terror dövlətinə hamilik göstərir. İran 44 günlük Vətən müharibəsində də Ermənistanın yanında yer alıb, ona kəşfiyyat məlumatları, hərbi və iqtisadi baxımdan ciddi yardımlar edib. Vətən müharibəsində həlak olan hər bir şəhidimizin ölümündə İranın əli var və bu gerçək təkzibedilməzdir. Lakin İran bilməlidir ki, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti onun özü üçün acı nəticələrə, ciddi fəsadlara səbəb olacaq. Azərbaycanla təzyiq və təhdid dili ilə danışmaq heç bir dövlətə fayda qazandırmayıb və İran da bu məsələdə istisna təşkil etməyəcək”.
Read more

Veteran.gov.az xəbər verir ki, 18 mart tarixində Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayon mərkəzindən 47 kilometr uzaqlıqda yerləşən ucqar dağ kəndi Musalıya gedib kənd orta məktəbinin direktoru İsrail Quluyevin və veteran müəllim Adıgözəl Nuriyevin iştirakı ilə şəhid Elşən Niftullayevin ailəsini ziyarət ediblər. Təşkilatın sədri Ədalət Salman şəhid ailəsini Novruz bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun adından təbrik etdikdən sonra şəhidlər haqqında yazdığı kitabı şəhidin ev muzeyinə bağışlayıb. Şəhidin babası Gülağa kişi bu əziz gündə şəhid qapısını açıb ailəsinə baş çəkdikləri üçün Veteranlar Təşkilatının üzvlərinə minnətdarlığını bildirib və onları şəhidin qardaşının aprel ayında keçiriləcək toy şənliyinə dəvət edib. Qeyd edək ki, Elşən Əfqan oğlu Niftullayev Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Prezidentin fərmanı ilə "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Read more
Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur, bu istiqamətdə bütün zəruri tədbirlər böyük ustalıqla həyata keçirilir. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ölkəmizə qarşı xarici təhdidlərin artdığı bir zamanda dövlət təhlükəsizliyinin, milli təhlükəsizliyin yüksək səviyyədə qorunması həyati əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı təhdid və təxribatların artdığı heç kimə sirr deyil. Ermənistan və ona dəstək olan bəzi qüvvələr bu cür təxribatlar hesabına ölkəmizdə daxili sabitliyi pozmağa, postmüharibə dönəminin özü ilə gətirdiyi yeni reallıqlara kölgə salmağa çalışırlar. Son vaxtlar Ermənistanın və İranın ölkəmizə yönəlik təxribatları buna nümunədir. Lakin sevindiricidir ki, dövlətimizə və xalqımıza qarşı bütün bu təxribatların qarşısı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmaqda, uğurla ifşa edilməkdədir. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlarla İran agentinin de-şifrə edilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir. Bu fakt sübut edir ki, ölkəmizdə casus şəbəkəsi formalaşdırmağa, onun təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar əldə etməyə çalışan qüvvələr ifşa olunmaqda, qanun qarşısında məsuliyyətə cəlb edilməkdədir. Bu kimi nümunələr hüquq-mühafizə orqanlarımızın dövlət təhlükəsizliyinin keşiyində son dərəcə ayıq-sayıq dayandığını sübut edir”. Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qüvvələr tərəfindən Azərbaycanın hüquq-mühafizə orqanları haqqında səsləndirilən böhtanların sayının artmasının səbəblərini də şərh edərək deyib: “Məlum olduğu kimi, bəlli bir müddətdir ki, bəzi qüvvələr dövlətimizi, onun təhlükəsizliyinin qarantı olan hüquq-mühafizə orqanlarını hədəf seçməkdə, onlar haqqında böhtan dolu məlumatlar səsləndirməkdədir. Məqsəd anti-Azərbaycan qüvvələri ifşa edən, onların ölkəmizlə bağlı təxribatçı planlarına mane olan güc strukturlarımızı gözdən salmaq, onların nüfuzuna xələl gətirməkdir. Bu baxımdan böhtanların əsas hədəfinin Ermənistan və İran agentlərinin ardıcıl ifşasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti olması da təsadüfi deyil. Çünki bu qurum faktiki olaraq xarici ölkələrin agentura şəbəkəsini göz açmağa qoymur, onları elə ilk addımında ifşa edir. Buna görə də antimilli qüvvələr daha çox Dövlət Təhlükəsizliyi Xidmətini ləkələməyə cəhd edir. Lakin onlar bilməlidirlər ki, Azərbaycan xalqı kimin kim olduğunu bilir. Azərbaycan xalqı yaxşı bilir ki, onun ən böyük düşməni öz dövlətinə, xalqına, ordusuna, güc qurumlarına ləkə vurmağa çalışanlardır. Onların hər biri gec-tez etdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər. Mən fürsətdən istifadə edib, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli vəzifələrində uğurlar arzulayıram! Əminəm ki, hər zaman olduğu kimi, bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti Prezidentimizin və xalqımızın ona olan etimadını doğruldacaq, gələcəkdə də ölkəmizdəki sabitliyin və əmin-amanlığın qarantı rolunda çıxış edəcək”.
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri Astanlı kənd ərazi nümayəndəsi, kənd bələdiyyəsi və kənd tam orta məktəbinin pedaqoji işçilərinin iştirakı ilə İkinci Dünya Müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu Novruz bayramı münasibəti ilə evində ziyarət ediblər. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 100 yaşlı müharibə iştirakçısını milli bayramımız olan Novruzun gəlişi ilə əlqədar rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun, Respublika Veteranlar Təşkilatının sədri Fatma xanım Səttarovanın, sədr müavini polkovnik Cəlil Xəlilovun adından təbrik edib, ona bayram sovqatı təqdim olunub. Müharibə iştirakçısı Əbiş Zamanov şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyevə, rayon icra hakimiyyətinin və Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlığını bildirib. Qeyd edək ki, Əbiş Zamanov Cəlilabad rayonu üzrə sağ qalan yeganə İkinci Dünya Müharibəsi iştirakçısıdır.
Read more
İran ölkəmizə qarşı təxribatlara son qoymalı, beynəlxalq hüquqa hörmət etməlidir. İranın davranışları iki ölkə arasındakı qonşuluq münasibətlərinə zidd olmaqla yanaşı, beynəlxalq qanunlara da ziddir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. “Məlum olduğu kimi, bu ilin martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub ki, bu da Azərbaycana qarşı açıq təxribat, əzələ nümayişi deməkdir. Xatırladım ki, İran bundan əvvəl də ölkəmizə qarşı təxribat xarakterli addımlar atıb, qeyri-dost mövqe nümayiş etdirib. Lakin Azərbaycan, demək olar ki, hər dəfə İranın bu davranışına səbirlə yanaşıb, bütün bu təxribatlara özünəməxsus müdriklik və soyuqqanlılıqla cavab verib. Fəqət İranın 11 mart tarixli təxribatı rəsmi Tehranın ölkəmizə qarşı düşmənçilik münasibətinə son qoymaq istəmədiyini göstərir. Bu isə Azərbaycanı cavab tədbirləri görmək məcburiyyəti qarşısında qoyur. İran anlamalıdır ki, Azərbaycanla təhdid dili ilə danışmaq, ona təzyiq göstərməyə cəhd etmək mənasızdır. Bu günə qədər heç bir dövlət bu yolla nəyəsə nail ola, Azərbaycanın iradəsinə təsir göstərə bilməyib. İran da bu dövlətlərin arasında istisna təşkil etmir. Azərbaycanın hər cür təzyiq və təxribata lazımınca cavab verəcək gücü var və 44 günlük Vətən müharibəsi bunun ən bariz isbatıdır”, - deyə polkovnik Cəlil Xəlilov bildirib.
Read more
Artıq 31 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar, sözün əsl mənasında, xalqımızın əmin-amanlığı, dövlət və dövlətçiliyin daha da gücləndirilməsi naminə fədakar xidmətini davam etdirməkdədir. Ötən illərdə Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşıb və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışıb. Yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlar Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində formalaşıb, inkişaf edib, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Daxili Qoşunlar yarandığı gündən ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, Vətənin müdafiəsində də iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyub. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti yeni mərhələyə qədəm qoyub, onun təyinatından irəli gələn vəzifələrin icrasında zəngin təcrübə qazanılıb, geniş quruculuq işləri aparılıb, maddi-texniki baza yenilənib, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri qurulub, Daxili Qoşunlar döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib. Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib. Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti və döyüş ruhu kifayət qədər yüksəkdir. Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru
Read more
X Qlobal Bakı Forumu Azərbaycanın sülhpərvər və humanist mövqeyinin təntənəsidir. Azərbaycan dünyada qlobal məsələlərin həlli üçün təşəbbüslər göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Forumda Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər, müddəa və çağırışlar müasir dünyamızın reallığı ilə yanaşı, ölkəmizin ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından da böyük önəm kəsb edir: “X Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də dəmir məntiqi və təkzibedilməz faktlarla dövrümüzün reallıqlarını təhlil etdi, Azərbaycan xalqının humanist, mütərəqqi mövqeyini dünya birliyinin diqqətinə çatdırdı. Ölkəmizdə müxtəlif xalqların, etnik birliklərin rifah içərisində yaşadığına, dinclik və əmin-amanlıq şəraitində fəaliyyət göstərdiyinə diqqət çəkən dövlətimizin başçısı, Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı da ciddi bəyanatlar səsləndirdi. Prezidentimiz bildirib ki, işğal dövründən fərqli olaraq, həmin bölgədə yaşayan bütün vətəndaşlar kimi ermənilər də sosial firavanlıq içərisində yaşayacaq, ölkəmizin iqtisadi gücündən, dövlətimizin sosialyönümlü siyasətindən faydalanacaqlar. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusundakı Forumda dövlətimizin başçısı Ermənistanın Azərbaycanın sülh səylərini dəstəkləməsinin zəruriliyini də vurğulayıb. Prezident deyib ki, bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından olduqca önəmlidir. Təşkilatın sədr müavini bildirib ki, ümumiyyətlə, X Qlobal Bakı Forumu Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, bütövlükdə dünyamızda baş verən proseslərə nə qədər ədalətli, obyektiv və humanist prinsiplərdən yanaşdığını əks etdirdi. Habelə, Prezident İlham Əliyevin Forumdakı çıxışı göstərdi ki, Azərbaycan mövcud problemləri qeyd etməklə yanaşı, həm də onların aradan qaldırılması ilə bağlı konkret təkliflərə, çıxış yollarına malikdir. X Qlobal Bakı Forumunun ölkəmizdə təşkili, Azərbaycan Prezidentinin çıxışına olan yüksək maraq ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdə artan nüfuzunu bir daha ortaya qoydu. Forum göstərdi ki, Azərbaycan dünyadakı nüfuzunu artırmaqda, ölkəmiz qlobal miqyasda əsas söz sahiblərindən birinə çevrilməkdədir.
Read more
Beynimə hopmuş, hafizəmdə daşlaşmış atamla bağlı ötən illərin o üzündən gələn həzin xatirələr indiyədək köksümü qürurla qabartmaqdadır. 1922-ci ildə Şəkinin Baş Göynük kəndində dünyaya göz açan atam Mustafa Yusif oğlu Mustafayev şərəfli, eyni zamanda keşməkeşli bir ömür sürüb. Onun öz atası haqqında, yəni babam barədə söylədikləri də yaddaşıma həkk olub. Ötən əsrin 20-ci illərin sonunda bolşevik-kommunist rejimi tərəfindən fərdi torpaq sahələrinin hesabına kollektiv təsərrüfatlar yaratmaq haqqında qəbul edilən qərar kəndlilərin torpaqla bağlı ümidlərinin üstündən xətt kəçdi. Bu az imiş ki, kənd əhli pasportdan məhrum olunaraq az qala təhkimçilik dövrünü xatırladan həyat tərzi yaşamağa məhkum edildi. Buna cavab olaraq 1930-cu ilin baharında Baş Göynük kəndində üsyan başlanır. Az sonra üsyan bütövlükdə Şəki rayonunu, eləcə də Azərbaycanın 7 bölgəsini əhatə edir. Üsyan iştirakçılarından biri də babam Yusif olub. Həmin kəndli hərəkatı amansızlıqla yatırıldı. Üsyan iştirakçılarının bir qismi dərhal güllələndi, əhəmiyyətli hissəsi həbs edilərək Stalinin Sibirdə və Rusiyanın ucqar şimal bölgələrində yaratdığı düşərgələrə, gedər-gəlməz sürgünlərə göndərildi. Belə həbs düşərgələrində həbs cəzası çəkməyə məhkum edilən insanlardan biri də babam Yusif idi. Beləcə atam 8 yaşında yetim qaldı. O , bütün şüurlu həyatı boyu nə istədisə özündən arzuladı. Alnının təri, əlinin qabarı onun həyatının cıqırdaşı oldu… Yəqin ki, babam Vətən həsrəti ilə, doğmalararının vüsalına qovuşmaq arzusu ilə qürbətdə həyata göz yumub. 1941-ci ilin martında atamı Sovet ordusu sıralarına hərbi xidmət etməyə çağırıblar. Üç aydan sonra faşist Almaniyası Sovet ittifaqına hücum etdi. Beləliklə tarixə Böyük Vətən Müharibəsi adı ilə düşmüş savaş başlanır. Atam Gürcüstanda 3 ay davam edən qısa müddətli hərbi hazırlıq kursunu başa vurduqdan sonra cəbhəyə göndərilir. Bütün müharibə ərzində atıcı alayın tərkibində çoxsaylı döyüşlərin iştirakçısı olub. Sərgilədiyi igidlik, şücaət örnəklərinə görə dəfələrlə müxtəlif medallarla təltif olunub. O qanlı-qadalı illərdə, müxtəlif vəziyyətlərdə ölümlə üz-üzə gəlsə də Allahın verdiyi qismət sayəsində sağ qalıb.Yəqin ki, odun-alovun içində olarkən atası və məşəqqətli uşaqlıq illəri ilə bağlı hüzünlü xatirələri qəlbinin bir guşəsində saxlayıb, tez-tez o xatirələrə dalıb. Bunsuz onu təsəvvür edə bilmərəm. Müharibə bitdikdən sonra da atam Mustafa Yusif oğlunun ordu sıralarında saxlayıblar. O, əsgəri xidmətini 54 saylı Süvari diviziyasının tərkibində davam etdirib. Nəhayət, onu 1946-cı ilin sentyabr ayında ordu sıralarından tərxis ediblər. Atam 1949-cu ildə ailə həyatı qurub. Ailədə bacı-qardaş 9 uşaq olmuşuq: 6 bacı, 3 qardaş. Bizim qayğı yükümüzü daşımaq atamla anamın həyat tərzinə çevrilmişdi. Atam adi kolxozçu kimi ömrü boyu “Qafqaz” kolxozunda çalışıb. Ancaq öz zəhmətinə güvənib. Doqquz övladı boya-başa çatdırmaq, onlara təhsil vermək, hər birini ev-eşik sahibi etmək, özü də heç bir hökumət idarəsinin qapısını döymədən, kiməsə ağız açmadan. Bunun hansı məşəqqətlər və çətinliklər bahasına başa gəldiyini dərk etmək o qədər də çətin deyil. Özü də hansı şəraitdə, xəbis niyyət arxasınca sürünən bəzi adamların çoxdan bağlanmış qapıları döyərək “üsyançı oğlu” tənəsi altında… Xalqımızın mənəvi zənginliyini təcəssüm etdirən adət-ənənələrə dayanıqlı sədaqət ruhu Baş Göynük kəndində də qorunub saxlanılır. Dürüst və ləyaqətli ömür yaşamış ağsaqqalların xətir-hörmətini saxlamaq, onların qədir-qiymətini bilmək belə adət-ənənələrdəndir. Bu ənənə xalqımızın ləyaqətinin ölçü vahidi olmaqla fəlsəfi məna kəsb edir. Belə ehtirama layiq görülən kişilərdən biri də atam olub. Neçə illərdir ki, dünyasını dəyişsə də kənd əhli onunla bağlı xatirələrini indi də danışır, onu xoş sözlərlə yad edir, zəhməti, dürüstlüyü həyat meyarına çevirən bir insan kimi xatırlayır, mərdliyin, əyilməzliyin mücəssəməsi kimi xarakterizə edirlər. Xoşbəxt o adamdılr ki, bu dünyada nə üçün, nədən ötrü yaşadığını bilir. 91 illik bir ömür sürmüş atam Mustafa Yusif oğlu da belə xoşbəxt insanlardan biri idi. Allahdan ona qəni-qəni rəhmət və ruhu şad olsun deyirəm. Sonda atamın timsalında onu qeyd etmək istərdim ki, insaniyyətlik deyilən mənəvi dəyər sahibi olmuş insanlar unudulmamalıdırlar. Cənnətdəki 100 yaşın mübark olsun əziz atam! Qocaman dağlarla durub yanaşı Tərbiyəli övladları ilə ucalıb başı! Hörməti böyükdür xalqın içində Daim yaşayacaq ürəyimizdə ! İnsanlar bənzədir onu bir nərə. Adını yazırlar Qoca tarixə. Yüz ildən sonra da yad eyləsinlər. Mustafa tək mərd kişi vardı desinlər! İsmayıl Mustafaoğlu
Read more
6 mart 2023-cü il tarixində Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri Sərhəd Qoşunları sıralarında xidmət etmiş şəhid Orxan Paşazadənin anım günündə iştirak ediblər. Veteran.gov.az xəbər verir ki, şəhidin ev muzeyini və məzarını ziyarət edərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Sərhəd Qoşunları Qərargahının rəisi, general- mayor Aqil Babayevin, şəhidin döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım mərasimində rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun adından şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, belə vətənpərvər qəhrəman övlad böyütdükləri üçün onlara təşəkkür edib.
Read more
Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafiəsinin əsas təşkilatçılarından olan və Başkənd əməliyyatını həyata keçirən polkovnik Hamlet Hüseynov vəfat edib. Qocaman hərbçi 91 yaşında dünyasını dəyişib. Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olub. Azərbaycanın bir sıra bölgələrində: Gədəbəy, Tovuz, Sumqayıt, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarınin 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb. Birinci Qarabağ müharibəsi dövründə 62 yaşında silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizəyə qoşulmuş və qəhramanlıqlar göstərmiş Hamlet Hüseynov xatirələrində deyib: "Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdlular xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq". Qeyd edək ki, Hamlet Hüseynov şücaət və qəhrəmanlıqlarına görə bir çox orden və medallarla təltif olunub. Hamlet Hüseynov FHN-in general-mayoru Etibar Hüseynovun atasıdır. Onun qardaşı oğlu, general-leytenant Əliağa Hüseynov isə uzun müddət Azərbaycanın hərbi komissarı və millət vəkili olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti polkovnik Hamlet Hüseynovun vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Read more