Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub
Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunubBəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 9 Mayda SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhəri Binəqədi, Nəsimi, Nizami, Suraxanı və Qaradağ rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil."1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranları Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
Naxçıvandakı təlimlər düşməni lərzəyə gətirdi
Naxçıvandakı təlimlər düşməni lərzəyə gətirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev müsahibə verib. Publika.az müsahibəni təqdim edir. - Məhərrəm müəllim, Azərbaycan və Türkiyə arasında hərbi təlimlər uğurla başa çatdırıldı və bu təlimlər nəinki regionda, demək olar ki, dünya miqyasında çoxsayı müzakirələrə səbəb oldu, eləcə də işğalçı Ermənistan tərəfi ciddi təlaş yaşadı. Ümumiyyətlə, posesləri nəticə olaraq necə qiymətləndirərdiniz? - Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə daha öncələr də genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Məhz bu ay keçirilən təlimlər də qrafikə uyğun olaraq baş tutdu. Özü də deyərdim ki, daha geniş masştabı ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqləndi. Bu baxımdan, dünyanın diqqət mərkəzinə düşdü və hər iki ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirdi. Diqqət yetirsək görərik ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi, o cümlədən, paytaxt Bakı da daxil olmaqla Naxçıvanda, Gəncədə, Kürdəmirdə və Yevlax şəhərlərində keçirildi ki, burada çoxsaylı döyüş taktikalarının bütün mümkün vasitələrindən istifadə olundu. Əlbəttə, belə bir nəhəng hərbi təlimlərin keçirilməsi dünyanın da diqqətindən kənarda qala bilməzdi. Çünki bu gün qardaş Türkiyə deyərdim ki, anti-terror, dövlət sərhədlərinin mühafizə əməliyyatları baxımından ən öndə gedən və güclü orduya malik olan dövlətdir və biz qardaş ölkənin hərbi kontingentinin dünyanın müxtəlif ölkələrindəki uğurlu əməliyyatlarının da şahidləriyik. O cümlədən, Azərbaycan da istər Qafqaz regionunda, istərsə də beynəlxalq aləmdə söz sahibinə çevrilib və bu faktor özünü barəsində danışdığımız hərbi təlimlərlə də isbatlayır. Nəzərə alsaq ki, Azərbaycanın ərazisinin 20 faizi təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində hələ də işğal altındadır və nankor qonşumuz zaman-zaman silahlı insidentlər, təxribatlar törətməklə işğalçı siyasətini uzatmağa çalışır, bu zaman düşmənin nəyə görə bu qədər narahat olmasını da anlamaq çətinlik yaratmır. Mən bu xüsusda düşmənin Tovuz istiqamətindəki təxribatçı əməllərini xatırlatmaq istərdim. Bu uğursuz taktika nəticəsində erməni ordusu ağır itkilərlə geri çəkilməyə məcbur oldu. Lakin daha bir fakt bu oldu ki, qəhrəman zabitlərimiz rütbələrindən asılı olmayaraq əsgərləri ilə ön sıralarda döyüşdülər, onlar öz əsgərlərinin arxalarında deyil, məhz önündə gedərək, onları düşmənlə döyüşə ruhlandırdılar. Bu döyüşlərdə şəhid olmuş general-mayorumuz Polad Həşimovun peşəkar ali rütbəli zabit kimi ön sıralarda döyüşməsi və Vətənin bütövlüyü uğrunda canından keçməsi də sübut edir ki, Azərbaycanın sıravi əsgərindən tutmuş ən ali rütbəli zabitinə qədər hər kəs bu yolda gözünü qırpmadan irəliləmək, əzmlə döyüşmək qüdrətindədir. Bu cür qəhrəmanlıq şücaətləri ilə tarix yazan xalqın yalnız və yalnız qələbə qazanmaq ruhunda olması isə əlbəttə ki, labüddür, reallıqdır. Polad Həşimov kimi generalımızın timsalında göstərilən qəhrəmanlıq şücaəti hər bir əsgərimizə, hər bir zabitimizə, eləcə də bütün dünyaya göstərilən danılmaz örnək, inkaolunmaz nümunədir. Söz yox ki, bütün bunların müqabilində, yəni düşmən təxribatından sonra baş tutan geniş miqyaslı hərbi təlimləri xaraktercə xəbərdarlıq siqnalı kimi dəyərləndirə bilərik. Belə bir məsələdə, haqq və ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da çoxsaylı qətnamələr və sənədlərlə Azərbaycan torpaqlarının işğala məruz qaldığını, Ermənistanın isə təcavüzkar dövlət olduğunu bəyan edir. Bir çox ölkələr Tovuz təxribatının ardınca Azərbaycanın mövqeyinə dəstək göstərdilər və qardaş Türkiyə dövləti bilavasitə bizim yanımızda olduğunu bəyan etdi. Ermənilər bundan narahatlıq keçirməyə bilməzdilər və xüsusilə Naxçıvandakı təlimlər düşməni ciddi şəkildə lərzəyə gətirdi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi təlimləri işğalçı Ermənistana sonuncu xəbərdarlıqlardan biri oldu və onlar bunu da dərk edirlər ki, lokal hərbi qarşıdurma yaşanarsa, müharibə baş verərsə, ümumiyyətlə, Ermənistan dövlət olaraq xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq. Bu məsələdə isə, bütün cavabdehlik, məsuliyyət birmənalı olaraq işğalçı ölkənin rəhbərliyi üzərinə düşür. - Cənab general-polkovnik, təlimlərdən sonra ölkələrimiz arasında ikitərəfli görüşlər baş tutdu. Bu görüşlər özündə daha hansı faktorları ehtiva edir? - Qeyd edim ki, hərbi təlimlərin ardınca Xarici işlər naziri və Müdafiə naziri Türkiyədə səfərdə oldular, geniş tərkibdə görüşlər keçirdilər, qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanla da görüşərək, qarşıda dayanan məsələləri, müzakirə etdilər. O cümlədən, Prezident İlham Əliyev cənabları Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, Quru Qoşunları komandanını, Hərbi Hava Qüvvələri komandanını və Hərbi Dəniz Qüvvələri komandanını qəbul etdi. Bu görüşlərdə də vurğulandı ki, hərbi təlimlərin keçirilməsi həm də bir ənənədir və bu ənənə özünü bir ildə keçirilən 10-dan çox birgə təlimlərlə də sübut etməkdədir. Daha bir faktor isə budur ki, digər sahələrlə yanaşı, bizim hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitərəfli əməkdaşlığımız mövcuddur. Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə sıx hərbi məqsədli təmaslar mövcud deyil. Ancaq o da kimsəyə sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır. Etiraf edək ki, Türkiyənin belə bir hərbi gücə malik olması istər-istəməz bəzi dairələri narahat edir, eyni zamanda, işğalçı Ermənistan bu qaçılmaz amildən təlaşlanır. Cənab Prezident İlham Əliyevin keçirdiyi görüşü əsnasında Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da artırılacağı və bir nömrəli tərəfdaşı olacağı barədə vurğuladığı fikirləri də qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabilliyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədirlər. - Məhərrəm müəllim, Ermənistanın ali və hərbi rəhbərliyi hələ də təxribatçı mövqelərinə hər hansı qeyri-ciddi fikirləri ilə haqq qazandırmağa cəhdlər göstərməklə yanaşı, qondarma “DQR”ə rəhbərlik edən şəxs də bugünlərdə “Gəncəni vurmaq” tipli fikirləri ilə gündəmə gəldi. Sizcə, bu cür bəyanatları verərkən onlar nəyə, yaxud hansı güclərinə arxalanırlar? - Bilirsiniz, hər hansı əməli icra etmək nə qədər çətindirsə, danışmaq bir o qədər asandır. Hesab edirəm ki, belə bir cəfəng, gülünc fikirlərlə gündəmdə qalmaq səyləri daxili publikaya hesablanmış növbəti uğursuz cəhddir. Onlar sadəcə danışırlar və eyni zamanda, onlar həmin işğalçılardır ki, 2016-cı ildə də bənzər bəyanatlarını irəli sürürdülər, Aprel müharibəsində isə bir neçə qatlıq cavabların aldılar. Ancaq buna baxmayaraq, sonrakı zamanda aldıqları ağır məğlubiyyətlərini, çoxsaylı tələfatlarını, itirilmiş işğal altındakı əraziləri, yüksəklikləri xalqdan gizlətməkdən ötrü daha kəskin hərbi ritorika ilə hədələr yağdırmağa, yalanlar danışmağa başladılar. Amma nə oldu? Nə baş verdi? Azərbaycan Ordusu Naxçıvanda Günnüt zəfərini qazandı və hərbi istehkamlarını daha da gücləndirdi, Ermənistanın hərbi-streteji məkanlarını tam nəzarətə götürdü. Görünür, düşmən hələ də öz köhnə düşüncəsində, ampluasında qalmaqdadır və növbəti dəfə uğrayacağı fiaskodan ciddi narahatlıq, ardıcıl sarsıntı keçirir. Erməni tərəfinin arxalanacağı güclər isə artıq onlardan üz döndərməkdədirlər. Bu gün işğalçı ölkədəki daxili vəziyyətin hansı səviyyədə olduğunu müşahidə etməkdəyik. Xalq kütləsi öz rəhbərinə inanmır, ordu zəif, əsgər ac və texniki cəhətdən təchizatsızdır və bununla yanaşı, erməni baş nazir özünü siyasi arenada rüsvay etməkdə davam edir. Elə də uzağa getməyərək, onun BBC-yə verdiyi müsahibəsində verilən suallar qarşılığında dalana dirənməsini, acizliyini də göstərə bilərik. Belə danılmaz faktlar qarşısında gülünc bəyanatların verilməsi isə heç bir məntiqə, düşüncəyə sığmır. Bu gün nəinki Azərbaycan, hətta erməni xalqı da yaxşı bilir və dərk edir ki, Ermənistanın rəhbərliyi heç vaxt verdikləri publik bəyanatlarını həyata keçirməyə nə gücləri çatar, nə də buna cürət edə bilməzlər. Əksinə, Azərbaycan Ordusu qısa zamanda işğal altındakı ərazilərini, eyni zamanda, tarixi ərazilərini azad etmək qüdrətindədir və beynəlxalq siyasi mərkəzlər də bayaq qeyd etdiyim kimi, bizim tərəfimizdədir.

Hamısını oxu
Bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüş keçirilib
Bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüş keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalı ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak edib. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən çoxsaylı mədəni layihələrin icrası davam edir. Anar Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq  olduğunu bildirib. O, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondunun fəaliyyətini də qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği, mədəniyyət obyektlərinin yenidən qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində reallaşdırdığı layihələrdən danışıb. Anar Ələkbərov bildirib ki, bundan sonra görüləcək işlər də artıq müəyyənləşdirilib. Bunlarla bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq. Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov yeni yaradılan İctimai Şuranın ictimaiyyət nümayəndələri ilə münasibətlərin genişləndirilməsində faydalı olacağını bildirib. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov belə görüşlərin yaradıcı təşkilatların fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə təmsil etdiyi qurumun Rusiyada keçiriləcək “Tarixi irsin saxlanılması və istifadəsi” festivalında Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrimizin vəziyyətinə dair sərgi ilə iştirak edəcəyini deyib. Anar Kərimov isə diqqətə çatdırıb ki, tarixi memarlıq abidələrimizin reyestri sonuncu dəfə 2001-ci ildə aparılıb. Ötən 19 ildə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində yeni abidələr tapılıb. Ona görə də yeni siyahının müəyyənləşdirilməsi istiqamətində artıq işlərə başlanılıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digər çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Son vaxtlar cəbhə bölgəsində ordumuzun düşmən təxribatlarının qarşısını almaq üçün göstərdiyi hünər və rəşadət xüsusi qeyd olunub. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində görüləcək işlərə dair müzakirələr aparılıb. Tədbir iştirakçıları belə görüşlərin əhəmiyyətini vurğulayıblar, müzakirələr üçün seçilən bu formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd ediblər.

Hamısını oxu
Respublikamızın qırxdan çox şəhər və rayonunda müharibə veteranlarına ərzaq sovqatları çatdırılıb
Respublikamızın qırxdan çox şəhər və rayonunda müharibə veteranlarına ərzaq sovqatları çatdırılıb

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımlarının paylanılması aksiyası həyata keçirilir. AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə reallaşdırılır. Məqsəd koronavirus pandemiyasının yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan veteranlara dəstək göstərməkdir. Aksiya ilə bağlı bir sıra Rayon Veteranlar Təşkilatlarının sədrləri tərəfindən quruma minnətdarlıq məktub və teleqramları daxil olmaqdadır. Belə ki, Bakı şəhəri Yasamal, eləcə də Ağdaş, İsmayıllı, Qəbələ, Xaçmaz, Balakən, Beyləqan, Daşkəsən, Sabirabad, Zaqatala, Salyan rayon veteranlar təşkilatlarının sədrləri koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan Böyük Vətən müharibəsi veteranlarına ərzaq yardımları paylanılması aksiyasını yüksək qiymətləndirirlər. Onlar veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və aksiyanın təşəbbüskarına minnətdarlıqlarını bildirirlər. Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanın 40-dan çox şəhər və rayonunda yaşayan İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb. Veteranlarla görüşlərdə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminə ciddi əməl olunmasının, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik və tibbi-profilaktik qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb. Xatırladaq ki, təşkilat “Evdə qal, həyatları xilas et!” və dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” çağırışları ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü vaxtda dövlətimizin başçısı tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir.

Hamısını oxu
Bu, Mehriban Əliyevanın qayğısıdır - Brifinq
Bu, Mehriban Əliyevanın qayğısıdır - Brifinq

Uzun müddətdir ki, koronavirusdan müalicə alan həkim-reanimatoloq Cavid Paşayev evə buraxılır. Axar.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. "Baxmayaraq ki, xəstəxanada müalicəsi bitib, onun uzunmüddətli reabilitasiya dövrünə ehtiyacı var. Həm öz adımdan, həm də həkimlərimiz adından həkimlərə göstərdiyi qayğıya görə Mehriban Əliyeva və Heydər Əliyev Fonduna təşəkkür edirəm", - o deyib.

Hamısını oxu
Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov
Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov

“Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, guya başqa xalqlar bizdən həm savadlıdırlar, həm də ağıllı?! Elə Milli Şuranın onlayn toplantısından olan məlum videogörüntünün ictimailəşməsi yaxşı oldu. Çünki cəmiyyətimiz bu adamların hansı səviyyəyə malik olması və xalqa münasibətini aşkar gördü”. Bunu YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O bildirib ki, insanlarımızdan mandat, səs istəyən birinin bizim xalq haqqında bu cür düşüncəyə sahib olması təəssüf hissi doğurur: “Bu anormal fikri özünə tarixçi deyən biri səsləndirir. Əslində o yalançı tarixçidir. Azərbaycan, bu xalq demokratik cümhuriyyət quranda çox ölkədə heç müstəqil dövlət belə yox idi. Azərbaycanda qadınlara seçki hüququ veriləndə indi sığınıb qrantlar aldıqları Amerikada bunlar mövcud deyildi. Okeanın o tayında sənin qabağına bir tikə çörək atırlar deyə bu xalqı aşağılamalısanmı?”. Siyavuş Novruzov onu da deyib ki, toplantıda cəmiyyətimizi qıcıqlandıran yalnız Cəmil Həsənlinin "şüursuz xalq" fikri olmayıb, səviyyəsiz hərəkətlər də diqqətdən yayınmır: “Biri deyir ayağını qaldır ayağını görək, kəlləndə baxılmalı heç nə yoxdur, digəri trolluq fəaliyyətlərini ifşa edərək Əli Kərimli adından buna görə təşəkkürlər yağdırır və s. Qısası, ora əxlaqdan, mənəviyyatdan, tərbiyədən kənar insanlar toplaşıblar. Əvvəllər toplantılarında çıxışları qapalı qalırdı deyə insanlarımız onların əsl simasını, düşüncə tərzlərini görmürdülər. İndi bayağı söhbətlərlə əslində hansı səviyyəyə malik olmaları onlayn konfranslardakı çıxışları ilə üzə çıxır. Özü də bu ilk dəfə deyil ki, xalqımıza qarşı aqressiv olmaları görünür. Hər dəfə bu milləti aşağılayırlar. Ötən dəfə Gültəkin Hacıbəyli ağzına gələni danışaraq virusun çəkilməsinin onlara sərf etmədiyini deyirdi ki, insanlarda narazılıq artsın və s. İnsanlar virusdan əzizlərini itirirlər. Hamı bu bəlanın tezliklə çəkilməsini arzuladığı vaxtda bunlar çıxıb deyir ki, yox, elə millət bu halda qalsa yaxşıdır.. Bilirsiniz niyə bu cür yanaşmanı ortaya qoyurlar? Açıq deyəcəyəm, çünki bu xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər. Təbii ki, belə olan təqdirdə erməni maraqlarına xidmət etməli, düşmənin də ideoloqlarının, pul paylayanlarının tapşırıqlarını yerinə yetirməli idilər. Bu tapşırıqlardan biri də odur ki, mütəmadi olaraq millətinizi alçaltmaq lazımdır. Dağlıq Qarabağda qondarma seçki keçiriləndə biri də səsini çıxarmadı. Amerikadaydın, Ağ Evin qarşısına çıxıb özünə od vurardın, etiraz edərdin. Canını çox sevirsənsə, bir şüar hazırlayıb meydana çıxardın ki, ədalətin tərəfindəsən. Əksinə olaraq Tovuz hadisələri zamanı Azərbaycan əleyhinə olan şüarlar hazırlayıb aksiya təşkil etmişdilər. Özü də bunların başında duran atası və anası erməni olan Arif Yunusdur. Bütün ayrılmış qrantları, çirkli pulları o paylayır. Ermənilərdən, onlara bağlı təşkilatlardan əldə etdiyi maliyyəni birbaşa gətirib paylayan Arifdir deyə, tapşırıqları da o verir ki, harada xalqı aşağılayacaqsınız, harada nə formada aksiya keçirəcəksiniz və ya hansı maraqları güdəcəksiniz. Radikallar da onun qarşısında bu səbəbdən quzu kimi görünürlər”.Deputat vurğulayıb ki, istər millətin ziyalıları, alimləri, millət vəkilləri, siyasi partiyalar, istərsə də sadə vətəndaşlar bu cür anormal davranış və mövqeyə reaksiya verməlidirlər: “Adekvat cavab olmadıqca daha da kəskin formada xalqı aşağılayırlar. Adama sual verərlər ki, sən bu millət üçün nə etmisən axı? Özün üçün dissertasiya, kitab yazmısan. Heç onların çoxu da öz maraqlarına xidmət edir, satmaq üçün yazılan kitablardır. Dəllalsan, bu millətə xeyrin də dəyməyib. Nəinki Cəmil Həsənli, orada toplaşanlardan hansı biri göstərə bilər ki, indi bəyənmədikləri bu xalqın yolunda, torpaq uğrunda döyüşüb. O qrupdan Vətən uğrunda, can qoyan varmı? Yaxud da bu xalqın haqq işinin hansı təbliğatını aparmısınız axı? Öz fəaliyyətinizlə dünya ölkələrinə nələri çatdırmısınız? Erməni adı gələn kimi hamısı qorxusundan səsini çıxarmır. Çünki artıq erməni qabından yemək yedikləri üçün, ermənilərə bağlı təşkilatlardan qrantlar aldıqları üçün onların qarşısında başıaşağıdırlar”. Siyavuş Novruzov AXCP və digər radikal müxalifətçilərdən Cəmil Həsənlinin bu anormal yanaşmasına etiraz gəlməməsini təbii sayıb: “O partiyada heç müstəqil fikirli, normal adam da qalmayıb. AXCP-də olmuş funksionerlər, aktiv cəbhəçilər zamanında dağılışıb getdilər. Elçibəyin dövründə olanlardan isə ümumiyyətlə heç kim yoxdur. Hazırda bu partiyada zamanında AXCP-də beşinci, onuncu dərəcəli adamlar qalıblar. Əslində onların da böyük hissəsi dağılıb gedib. İndi qalanların hamısı Əli Kərimlinin bloggerləri, trollarıdır. Bu qruplar isə müstəqil deyillər ki, Cəmil Həsənliyə etiraz edələr, deyələr ki, amerikalıları öz xalqından üstün tutma... İndikilər sırf Əli Kərimliyə bağlı adamlardılar, o nə göstəriş versə, onu da edirlər, yazırlar. Qısası milli şuraçılar qarışıq azsaylı cəbhəçilər hazırda virtual fəaliyyət göstərirlər, canlı fəaliyyətləri də yoxdur”. (trend)

Hamısını oxu
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.   Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib. Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı. Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi. 

Hamısını oxu
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"nin 4.4-cü bəndinə uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri. Milli.Az 

Hamısını oxu
Müharibə veteranlarına paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır
Müharibə veteranlarına paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün  genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına cari ilin iyul ayından etibarən paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-pokovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilmişdir.          

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığı diqqət mərkəzində saxlayır
Respublika Veteranlar Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığı diqqət mərkəzində saxlayır

Mətbuat cəmiyyət həyatının əksidir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz KİV-lərin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, KİV-in fəaliyyətini yüksək qiymətləndirir. Respublika Veteranlar Təşkilatı Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın əməkdaşı Məmməd Xəlil oğlu İsayevi qurumun tədbirlərini yüksək səviyyədə işıqlandırdığına və veteran hərəkatının təbliğindəki xidmətlərinə görə diplomla mükafatlandırıb. Mükafatı təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov təqdim edib. Sədr general-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin 22 iyul tarixli sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının jurnalist əməyinə və mətbuata göstərdiyi yüksək qiymətin əyani təzahürüdür. Sədr dövlət mətbuatının nümayəndəsini  təbrik edib, ona məsuliyyətli və şərəfli işlərində yeni uğurlar arzulayıb.

Hamısını oxu
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. video AZƏRTAC xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.   - Cənab Prezident, bu gün “Qarabağ” yatağının dayaq bloku dənizə yola salınır. Bu mühüm hadisənin əhəmiyyəti barədə nə deyə bilərsiniz? - Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq. 1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir. Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək. Bu böyük qurğu çox mürəkkəb və nəhəng konstruksiyaya malikdir. Qurğunun mühəndis-texnoloji xarakteristikalarının önəmini necə qiymətləndirirsiniz? - Bəli, bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur. Onu da bildirməliyəm ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir. - Bəs “Qarabağ” yatağından hasilat nə vaxt gözlənilir? - Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır. - Azərbaycanda digər nəhəng neft-qaz layihələri də həyata keçirilir. Onların icra vəziyyəti hansı səviyyədədir? - Deyə bilərəm ki, bütün layihələr uğurla icra edilir. Bu gün bu barədə mənə kiçik təqdimat edildi. Bildiyiniz kimi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir. Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır. Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir. “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır. Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin. Eyni zamanda, onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki, məsələn, “Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin “Qarabağ” yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür. Ona görə Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır. - Cənab Prezident, bu dayaq blokunun göndərildiyi yataq hamımız üçün doğma və əziz olan Qarabağ adını daşıyır. Bununla bağlı fikirlərinizi bölüşməyi xahiş edərdik. - Hesab edirəm ki, bu, rəmzi məna daşıyır. Çünki bildiyiniz kimi, Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalamışdır. Ancaq heç də onların hamısı səmərə verməmişdir. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidlərimizi doğrultmayıb. “Qarabağ” yatağının işlənməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! - Çox sağ olun, cənab Prezident. Minnətdarıq. - Sağ olun.  

Hamısını oxu
Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir
Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir

Dövlət başçısının apardığı islahatlar və tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaqdır. Pandemiya dövründə bu addımlar öz önəmini göstərdi. Həmçinin ölkədə heç bir sosial layihə təxirə salınmadan icra edildi. Yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər və reallaşan sosial layihələr bunu bir daha təsdiqləyir. Koronavirusa qarşı aparılan mübarizədə əldə edilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir. Bu isə hər ölkənin bacara biləcəyi məsələ deyil. Əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirən Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün görülən tədbirlər bir daha Azərbaycanın nə qədər qüdrətli ölkə olduğunu bütün dünyaya göstərdi. Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən də irəli gedərək, bu amansız pandemiyaya qarşı ciddi mübarizə apardı. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir,  yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Qabaqlayıcı tədbirlərin görülməsi, həkimlərimizin əməyi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı digər ölkələrlə müqayisədə çox aşağı səviyyədədir. Hal hazırda 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.  Xəstələrin sayı artdıqca  yeni xəstəxanalara da ehtiyacımız yaranırdı. Ölkə başçısının tapşırığı ilə ölkəmizin müxtəlif şəhər və rayonlarında  modul tipli xəstəxanaların tikintisi təşkil edildi,  modul tipli 9 xəstəxana istismara verildi. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana da istifadəyə verildi, 1300 çarpayılıq xəstəxananın  isə bu ayın sonuna qədər istifadəyə veriləcəyi gözlənilir. Son aylar 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Bu ölkələrlə müqayisədə Azərbaycanda  vəziyyət daha yaxşıdır.  Sahibkarlara dəstək şəffaf və mütəşəkkil qaydada göstərilir.  Vergilərin 75 faizi özəl sektorda formalaşır. Aparılan islahatlar nəticəsində 6 ay ərzində proqnozdan əlavə vəsait yığılıb.  Möhtərəm Prezident cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı demişdir: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”. Bu il rekord sayda, 7 mindən çox məcburi köçkün ailəsinin evlərlə, mənzillərlə təmin olunacağı gözlənilir.  400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.  İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Şəhid ailələrinin  aylıq təqaüdü 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ötən dövrdə bu təqaüdün məbləği  3 dəfə artırıldı. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda)  aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub. 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox  vərəsəsi ödəmə ilə təmin edilib. Sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda  avqust ayındada  190 manat ödəmə təmin ediləcək, 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək. Ünvanlı dövlət sosial yardımı, Sosial xidmətlər ərzaq payları, Məşğulluq və sosial rifaha dəstək , İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə əlaqəli görülən tədbirlər bir daha göstərdi ki, ölkə başçısı hər bir vətəndaşına xüsusi diqqət və qayğıyla yanaşır. Möhtərəm  Prezident cənab  İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə dövlətimizin həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində isə məhz ölkə vətəndaşları dayanır.   Naftalan sakini Kəmalə Hüseynova  

Hamısını oxu