Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, 6 may 2023-cü il tarixində “Gələcəyimizə çıraq ol” sosial layihəsi şagirdlər üçün növbəti tədbirini Şamaxı rayonu Qaleybuğurd kənd orta məktəbində həyata keçirmişdir. Layihənin məqsədi respublikamızın ucqar kəndlərində yaşayan və sosial cəhətdən həssas qrupa daxil olan, o cümlədən az təminatlı, valideyn himayəsindən məhrum aşağı siniflərdə təhsil alan məktəbli uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına təmənnasız yardımçı olmaqdır. Layihə rəhbəri Jalə Qurbanlı və BXA-nın müəllimi Aygül Qurbanovadır.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 9 may 2023-cü il tarixində Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə general Həzi Aslanovun abidə-kompleksini ziyarət ediblər. İkinci Dünya müharibəsi qəhrəmanının abidəsi önünə gül dəstələri qoyan veteranlar faşizmə qarşı mübarizədə həlak olan soydaşlarımızı ehtiramla yad edib, onların xatirəsini sevgi və minnətdarlıq hissi ilə anıblar. Veteranlar daha sonra “Qardaşlıq məzarlığı” Memorial kompleksini ziyarət ediblər. Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəmancasına mübarizə apardığını, sonrakı dönəmdə bu qəhrəmanlığı erməni faşizminə qarşı mübarizədə təkrarladığını qeyd edib. Polkovnik bildirib ki, XX əsrdə Hitler Almaniyasına qarşı mübarizədə olduğu kimi, bu gün də bütün dünya erməni faşizminə qarşı birgə mübarizə aparmalı, faşizmin yenidən baş qaldırmasına imkan verməməlidir.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 9 may 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu öndərin məzarını ziyarət edib, məzar önünə əkil və gül dəstələri qoyublar. Heydər Əliyevin Azərbaycan xalqının tarixi xilaskarı olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, onun veteranlara hər zaman böyük diqqət və qayğı göstərdiyini, onların sosial rifahının yaxşılaşması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Polkovnik Ulu öndərdən miras qalan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Veteranlar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzar önünə gül dəstələri düzüblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 6-da media nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirib. Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Atıcılıq Tirində keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət olan 19 mətbuat komandası qatılıb. İştirakçılar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər. Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Turniri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq turnir haqqında məlumat verib. Müasir Azərbaycan tarixinin böyük bir hissəsinin, müstəqilliyimizin qorunub saxlanılmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdıran Z.Abdullayev Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ölkəmizin dostları ilə yanaşı düşmənləri tərəfindən də etiraf olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı inkişaf prosesinin əsası qoyuldu, müstəqilliyin qorunub saxlanılmasının təmin edilməsi istiqamətində milli konsepsiya formalaşdırıldı. Ulu Öndərin dövlətçilik strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin onu daha da inkişaf etdirərək ölkəmizə regionun lider dövləti statusu qazandırdığı vurğulanıb. Bildirib ki, peşəkar siyasətçi kimi medianın rolunu dəqiq anlayan və mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti ərzində jurnalistlərin dostu kimi tanınırdı. Z.Abdullayev SHXÇDX-nin mətbuat orqanları ilə mütəmadi olaraq əməkdaşlıq etdiyini, ötən müddət ərzində bir neçə uğurlu layihənin həyata keçirildiyini nəzərə çatdırıb, çıxışının sonunda Ümummilli Liderin xatirəsinə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb. Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib. Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri APA TV, II yeri Azərbaycan Fotoqraflar Birliyi, III yeri Report İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutublar. Qaliblərə kubok, medal, diplom və mükafatlar təqdim edilib.
Hamısını oxu
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” HEYDƏR ƏLİYEV Azərbaycan xalqının yarım əsrlik tarixinə baxdıqda müdrikliyi, xeyirxahlığı,xalqının keçmişinə, çağdaş və gələcəyinə dərin sevgi, sayğı və inamla yaşamış Ulu öndər Heydər Əliyev dühasının Azərbaycan dövlətçiliyinin gələcəyini parlaq günəş tək işıqlandırdığının şahidi oluruq. Müstəqil Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin varlığı öncə onu yetişdirən xalqın xoşbəxtliyi və xalqa əta edilən ilahi bəxşişdir. Təkcə Azərbaycan xalqının deyil, geniş coğrafi məkanda minilliklər boyu məskunlaşmış böyük türk dünyasının fəxri və qürur yeri olan bu böyük insanın həyat fəaliyyəti, müdrik fikirləri barədə hələ yazılacaq çox əsərlər, deyiləcək çox sözlər var. Hər bir Azərbaycan sevdalısının qəlbində Heydər Əliyevin özünəməxsus yeri, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun şəxsiyyəti bizim üçün əbədi olaraq mükəmməl örnəkdir. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz ölkədə baş verən bütün proseslərdə gənclərin roluna xüsusi diqqət yetirirdi. O, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”– deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolunun danılmaz hesab edirdi. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, gənclərin sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmiş və.savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlamışdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada (Peterburqa) oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Sovet dövründə gələcəyə uzaqgörənliklə baxan Ulu öndər milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək məqsədilə respublikadan orduya çağırılan gənclər döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə deyil, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Bu şovinist siyasətin mahiyyətini yaxşı dərk edən Heydər Əliyevin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Ulu öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər göstərdilər. SSRİ-nin Ali Hərbi Məktəblərindən birində təhsil alıb Azərbaycan Ordusunda zabit olaraq xidmət etmiş atam Ulu öndərin bu sahədə uzaqgörən siyasətindən bəhrələnən ilk qaranquşlardan idi. O, uzun illər orduda göstərdiyi qüsursuz xidmətinə görə orden və medallarla təltif olundu. Ulu öndərin məhz uzaqgörən siyasəti nəticəsində müxtəlif beynəlxalq qurumlarda Azərbaycan Silahlı Qüvvələrini uzun illər şərəflə təmsil etdi.Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı, ehtiyatda olan zabit kimi aldığı təqaüdü ailəsinə gətirdikdə fəxr hissilə: “Bu çörəyi mənə Heydər Əliyev verib. Halal çörəkdir!” – deyir. Mən də Ulu öndərin ailəmizə verdiyi çörəyi xüsusi qürur hissilə yeyir və azərbaycanlı olduğum üçün fəxr edirəm. Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb.Əminliklə demək olar ki, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyi nəticəsində ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq. Biz gənclər də öz növbəsində, müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamla və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın əbədi ucalığı naminə yorulmadan çalışacağıq. Qərbi-Kaspi Universitetinin tələbəsi, Nigar Musazadə Sherg.az
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 4 may 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Ağdamda "Mən əsgərəm" şüarı ilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, icra nümayəndələri, qazilər Ağdam rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov, müavini Məhəmməd müəllim, müəllim heyəti və tələbələr, rayon ictimaiyyəti, Cəlilabad rayon Qazilər Cəmiyyətinin Sədri Maşalla Əliyev iştirak ediblər. Tədbirdə əlbəyaxa döyüş, əsgərin döyüş meydanında fəaliyyəti, çətin ərazidə - meşədə azimutla hərəkət və döyüş şəraiti canlandırılıb. İcra başcısı Vaqif Həsənov və Cəlilabad rayon Qazilər Cəmiyyətinin sədri Maşalla Əliyev tədbir iştirakçılarına öz ürək sözlərini söyləyib. Tədbir iştirakçıları Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən mükafatla təltif olunub. Tədbirin yekununda təlimdə iştirak edən heyət Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən də Fəxri Fərmanla təltif edilib.
Hamısını oxu
Novxanı 1 nömrəli tam orta məktəbdə 04.05.2023-cü il tarixdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Veteran.gov.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkədəki hesabında məlumat verilib. Məktəbin həyətində başlayan tədbir məktəblilərin bir-birindən maraqlı çıxışları, xor kollektivinin ifası, şeir və rəqs nümunələri ilə davam edib. Ümummilli liderin 100 illik yubileyi münasibətilə hazırlanan fləşmob tədbir iştirakçılarında xüsusilə böyük maraq doğurub. Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyəti ilə bağlı məktəb müəllimlərinin etdiyi çıxışlar da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları, habelə digər qonaqlar iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu
ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans dövlətimizin haqq səsinin növbəti təzahürü oldu. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, bu konfrans Azərbaycanın dünyadakı roluna diqqət çəkməklə yanaşı, dövlətimiz üçün prioritet olan istiqamətlərin bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdi: “Hər şeydən öncə qeyd edim ki, bu, ADA Universitetinin təşkilatçılığı ilə təşkil edilən ilk beynəlxalq konfrans deyil. ADA Universiteti bundan əvvəl də bir sıra beynəlxalq konfransların təşkilatçısı olub ki, bu tədbirlərin hər biri özünəməxsusluğu ilə yadda qalıb. Şuşadakı beynəlxalq konfrans və bu konfransda Prezident İlham Əliyevin çıxışı isə müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından mühüm əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyev konfransdakı çıxışında Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkdi. Heydər Əliyevin hələ sovet dönəmində sərt ideoloji əngəllərə rəğmən Azərbaycanın inkişafı istiqamətində ciddi addımlar atdığını bildirən dövlət başçısı, Ulu Öndər tərəfindən atılan bir çox addımların ölkəmizin müstəqilliyinə hesablandığını da vurğuladı. Prezident qeyd etdi ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və bu arzu reallığa çevrildi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi də Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlət başçısı qeyd etdi ki, belə bir sülh müqaviləsinin imzalanması bütün regionda sülhün və təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir. Prezident Türkiyə ilə hərbi əməkdaşlıq, NATO ilə əməkdaşlığın perspektivləri haqqında da maraqlı fikirlər səsləndirdi. Prezident haqlı olaraq vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq regional təhlükəsizliyin qarantına çevrilib. Azərbaycanın Rusiya, ABŞ, İran, Orta Asiya dövlətləri ilə münasibəti, regionun gələcəyi ilə bağlı baxış və düşüncələri, bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin mövcudluğu üçün atılan və atılması nəzərdə tutulan addımlar da Prezidentimizin çıxışında ətraflı şəkildə yer aldı. Hesab edirəm ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışı Azərbaycanın regiona, dünyaya və gələcəyə baxışını, eyni zamanda dövlətimizin sülhə, təhlükəsizliyə, qarşılıqlı hörmət və etimada verdiyi önəmi əks etdirən tarixi bir çıxış oldu. Prezident İlham Əliyev bu çıxışı ilə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz yolu ilə inamla gedir və heç bir qüvvə onu öz yolundan, öz inamından, öz həqiqətindən döndərməyə qadir deyil”.
Hamısını oxuVeetran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təqdimat mərasimi keçirilib. Tədbirdən öncə Ulu Öndərin Akademiyadakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev Ulu Öndərin həyat və fəaliyyətinin bir kitaba sığdırılmasının mümkünsüz olduğunu qeyd edərək kitabda Ümummilli Liderin ölkəmizdə hərbi quruculuq sahəsində gördüyü işlərə, həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlara toxunulduğunu vurğulayıb. Bildirib ki, hələ SSRİ-nin mövcudluğu dövründə Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanda hərbi təhsil müəssisəsinin yaradılmasına, gənclərimizin hərbi sahədə təhsil almağa yönləndirilməsinə nail ola bilmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına şərait yaratmışdır. Millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov Ulu Öndərin uzaqgörən strategiyasının ölkəmizin davamlı inkişafına, daha da güclənməsinə stimul olduğunu, bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilərək dövlətimizin beynəlxalq arenada nüfuz sahibi olmasına şərait yaratdığını qeyd edib. Tarix elmləri doktoru Mehman Süleymanov təqdim olunan “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabda Ulu Öndərin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə hərbi təhsil, hərbi xidmətə çağırış və səfərbərlik, beynəlxalq hərbi əməkdaşlıq, peşəkar milli zabit kadrların hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Silahlı Qüvvələrimizin hərbi texnika, silah-sursatla təmin edilməsi mövzularının araşdırıldığını vurğulayıb. Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndərin dövlətçiliyin qorunub saxlanılmasında misilsiz xidmətlərindən, zəngin siyasi irsi və idarəçilik təcrübəsindən danışıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasının demokratik-hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinə zəmin yaratdığını ifadə edib. 525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynli çıxışında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi fəaliyyətinin mühüm istiqamətlərindən birinin də müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması olduğunu bildirib. S. Hüseynli qeyd edib ki, 2 noyabr 1993-cü ildə Ulu Öndərin radio və televiziya ilə xalqa müraciəti ilə vətəndaşlar respublikanın bütövlüyünü qorumaq üçün ayağa qalxdı. Bu müraciət həmçinin yeni ordu quruculuğu prosesinin əsasını qoydu.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 01 may 2023-ci ildə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində tədbir təşkil ediblər. Tədbir 329 saylı tam orta məktəbdə baş tutub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev məktəblilərin gözü ilə”adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru Elnur Mirzəyev, şagird və müəllim kollektivi İştirak etdilər. Tədbiri məktəbin direktoru Elnur Mirzəyev açdı. O,qonaqları tədbir iştirakçılarına təqdim etdi . Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütməyin çətin və məsuliyyətli iş olduğunu deyən polkovnik qeyd etdi ki, ona görə də onlara hər zaman qayğı göstərmək, problemlərinə diqqətlə yanaşmaq lazımdır: “Heydər Əliyev siyasətini uğurla davam etdirən, bizim əzimkar, qətiyyətli Prezidentimiz Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə uşaqlaın və gənclərin yaxşı təhsil almaları üçün daima onlara diqqət və qayğı gostərirlər.Yeni-yeni təhsil mərkəzlərinin təmiri və tikintisi buna əyani sübutdut. Mənim siz şagirdlərə tövsiyəm odur ki, valideynlərinizin zəhmətinin dəyərləndirib, müəllimlərinizin tapşırıqlarını səylə yerinə yetirib, ölkəmizin dəyərli vətəndaşları olasınız”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurası Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş regional konfrans keçirib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov və o cümlədən digər qərb rayonlarının – Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Tovuz və habelə Ucar, Zərdab, Qobustanın Ağsqaqqallar Şurasının sədrləri, həmçinin YAP-ın, Gənclər və İdman İdarəsinin yerli təşkilatlarının nümayəndələri, ağsaqqallar, alimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfransda müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndrilib. Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində Ümummilli Liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət Ulu Öndər Heydər Əliyevin xalqımızın qəlbində yaşayacağını, daim hörmətlə anılacağını bildirən Niyazi Bayramov Ümummilli Liderimizin uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz növbəti dəfə Ulu Öndər Heydər Əliyevin nuruna, işığına toplaşmışıq və bu hər zaman belə olacaq. İllər, əsrlər ötəcək, Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun nuru, ziyası daim bir mayak kimi Azərbaycan xalqına və digər xalqlara xoşbəxt gələcəyə aparan doğru yolu göstərəcəkdir. Sonra o, öz çıxışında Ulu Öndərin hakimiyyətdə olduğu dövrü mərhələrlə, ətraflı və dolğun şəkildə təhlil edərək bir daha bu dahi insanın Azərbaycan üçün nə qədər dəyərli və əvəzedilməz bir şəxsiyyət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bayram Yusifov, həmçinin, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan xalqına böyük Qələbə qürurunu yaşadan Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, ölkəmizdəki dinamik inkişaf prosesindən bəhs edib. Natiq Azərbaycan Ağsaqqallar Şurasının səmərəli fəaliyyətindən də danışaraq, Şura tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi – Heydər Əliyev İli ilə bağlı Tədbirlər Planının hazırlandığını və bu istiqamət üzrə bir sıra tədbirlərin, layihələrin həyata keçirildiyini vurğulayıb. Əlavə edib ki, may ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Bakı şəhərində Türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransda dili bir, dini bir, əqidəsi bir olan qardaş türk dövlətlərindən və digər ölkələrdən qonaqlar iştirak edəcəklər. “Biz əminik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiriləcək və biz, ağsaqqallar hər zaman ölkə başçısını bu yolda dəstəkləyəcəyik, Vətənimizin inkişafı naminə öz səylərimizi əsirgəməyəcəyik” – deyə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yudsifov nitqinin sonunda vurğulayıb. Sonra Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, universitetin YAP təşkiltının sədri Cavid Bağırzadənin “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ideologiyanın formalaşması”, Azərbaycan Dövlət Aqrar Universitetin dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynovun “Heydər Əliyevin Azərbayçılıq fəlsəfəsində milli birliklə dövlətçiliyin dialektikası” adlı məruzələri dinlənilib. Daha sonra çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov və digər natiqlər müstəqil Azərbaycanın dahi siyasi xadimi və müdrik rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər. Respublikanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktyoru Məmmədəli Balayevin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər tədbir iştitakçılarının gurultulu alqışları ilə qarşılanıb. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərə, xüsusilə Vətən müharibəsi şəhidlərinin valideynlərinə, qazilərə, müharibə iştirakçılarına və ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıya görə Fəxri fərmanla təltif edilib. Regional konfransın sonunda xatirə şəkli çəkdirilib və tədbir münasibətilə təşkil olunmuş yemək süfrəsi ətrafında söhbətlər davam etdirilib.
Hamısını oxu