Latest news
“Təkcə kəndlər?”, “Bəs, Şuşaya nə vaxt çatacağıq?”, “Ordumuz niyə irəliləmir?” və bu kimi suallar sosial şəbəkələri bürüyüb. İnsanların gözləntisi anlaşılandır, 30 ildən sonra həsrətini çəkdiyimiz torpaqlara tezliklə qovuşmaq istəyirik, amma nəzərə almalıyıq ki, əsgərin əlindəki klaviatura deyil və “Enter”i basmaqla 30 illik işğala bir gündə son qoymaq olmur.Azərbaycan əsgəri mümkün olan hər şeyi edir və bunun nəticəsi ortadadır.Düşmənin 4 ilə işğal etdiyi ərazilərin yarısı cəmi 1 aya azad olundu: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı da daxil olmaqla 200-dən çox yaşayış məntəqəsi azad edilib.Bir cümlə ilə yazanda adi görünür və təəssüf ki, bəzən “cəmi 200, bəs qalanları?” kimi suallar irəli sürülür.4 il öncəni, “aprel müharibəsini” xatırlayın: 23 il sonra ordumuz bir kəndi – Cocuq Mərcanlını azad etdi, 23 il sonra ilk dəfə üçrəngli bayrağımız Lələtəpədə dalğalananda keçirdiyimiz qüruru xatırlayın.İdmançımızın erməni idmançını məğlub edərkən ekran qarşısında keçirdiyimiz həyacanı, erməni rəqiblərimizə qarşı siyasi, mədəni, idman platformalarında qazandığımız uğurlara görə keçirdiyimiz sevinc hissini xatırlayın.Kiçik qələbəni bayram edən bizlər 30 il sonra 4 şəhəri, 3 qəsəbəni, 200 yaşayış məntəqəsinin azad olunmasına niyə bu qədər rahat və asanmış kimi yanaşırıq?Axı bu torpaqların hər qarışı Azərbaycan əsgərinin qanı, canı bahasına azad olunur.Qarşımızda kofe, isti evimizdə əyləşib fiberoptik internetlə klaviaturaya sarılır, səhər yeməyində Laçını, günorta yeməyində Xankəndini, axşam yeməyində Şuşanı alır, yatmamışdan öncə də “təkcə kənd?” gileyi ilə yumşaq yataqda yuxuya gedirik.Və biz şirin yuxuda olarkən Azərbaycan əsgəri hər qarış torpaq uğrunda döyüşür, mübarizə aparır.Və səhər açılır, əsgərin mübarizəsindən xəbərsiz halda biz yenə rayon tələbinə başayırıq.Həqiqət olmasa belə bununla bağlı maraqlı və yerində olan mizah var: “Komandir zəng edir və deyir ki, sosial şəbəkələrdə yazanlara deyin ki, əsgərlər onların sürətinə çata bilmir, bir az yavaşlasınlar”.Doğrudan da, bəlkə bir az yavaşlayaq, səbr edək, təmkinli olaq.Azərbaycan Ordusu düşmənin 4 ilə işğal etdiyi, 30 ilə möhkəmləndirdiyi torpaqlarda döyüşür.Cəmi bir aya bütün cəbhə boyu istiqamətdə düşmənin 30 il ərzində qurduğu təmas xətti yarıldı, bunkerlər yerləbir edildi. Ermənistan ordusu darmadağın olub, minlərlə canlı qüvvəsi məhv edilib, yüzlərlə hərbi texnika ələ keçirilib.Bunu Azərbaycan ordusu edib və Ali Baş Komandanın bəyan etdiyi kimi, sona qədər gedəcəyik.Amma biz nə edirik? Azad olunan kəndlərə lağlağı edir, “Cəbrayılın kəndləri qurtarsaydı, qabağa gedərdik” kimi zarafatlar qoşuruq.Çünki döyüşən biz deyilik, hər kəndin, hər məhəllənin uğrunda mübarizə aparan biz deyilik və hər şey asan gəlir.Halbuki, xəritəyə və baş verənlərə baxsaq anlamaq çətin deyil:1. Ordumuzun sürətlə irəlilədiyi cənub cəbhəsi daha çox düzənliklərdir. İndi döyüşlər dağlarda gedir və irəliləmək o qədər də asan deyil.2. Sürətli hücumla nəticəni daha tez əldə etmək mümkündür, amma bu, çoxsaylı itkilər hesabına başa gələcək. Bu lazımdırmı? Xeyr. Nəticə bir qədər gec ola bilər, əsas olan əsgərin həyatıdır.Ali Baş Komandan İlham Əliyevin “minimum itki-maksimum nəticə” prinsipinin hədəfi də budur. Bunu unutmamalıyıq.Həmdə unutmamalıyıq ki, indiyə qədər verdiyi vədləri yerinə yetirən Prezident İlham Əliyev Vətən torpaqlarının son qarışına qədər azad edəcək, beynəlxalq təzyiqlərə rəğmən sona qədər gedəcək.Bizim üzərimizə çox sadə bir vəzifə düşür: Ali Baş Komandanın və ordumuzun arxasında olaq, arxa cəbhədə boşluqlara yol verməyək, düşmənin uydurma xəbərlərinə inanmayaq, əsgərimizin həyatını və hərbi əməliyyatların taleyini təhlükəyə atacaq dezinformasiyalar, eləcə də video-foto yaymayaq, təmkinli olaq, səbr edək.Və unutmayaq ki, bu müharibədir, idman oyunu deyil, hər şeyin öz vaxtı var. Nəyi nə vaxt etmək lazım olduğunu Ali Baş Komandan bilir. Etiraf edək, çoxumuz müharibəyə “Pubg” oyunu kimi baxırıq. Etiraf edək, sonra da dua edək: Allah əsgərimizi qorusun.Asif Nərimanlı
Read more
Bakı, 2 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a
Read more
Bakı, 1 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi: - Xoş gəlmisiniz, hörmətli Mövlud bəy, əziz qonaqlar. Sizi görməyimə şadam. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz - Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk. Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır. Ancaq ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünki biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik. Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsaydı, biz bunu bu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistan bizə hücum etmişdir və biz dövlət sərhədini keçmədən Ermənistanı öz torpaqlarımızdan çıxartdıq. Ona görə bir tərəfdən, məğlubiyyəti etiraf edir, - bu məktubun göndərilməsi bunu göstərir, - digər tərəfdən, tam təslim olmaq istəmir. Bu gün müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məğlubiyyəti etiraf edib torpaqlarımzdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Bir sözlə, bu məsələnin həlli artıq baş verir. Mən demişdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və təməl prinsiplərinin böyük hissəsini icra edibdir. Ümid edirəm ki, təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Mən bu fürsətdən istifadə edərək, eyni zamanda, bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz Qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir. Bir daha xoş gəlmisiniz. Mövlud ÇAVUŞOĞLU dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezidentim. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır. Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır. Prezident İlham ƏLİYEV: Bəli, bəli. Mövlud ÇAVUŞOĞLU: Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var. Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik. X X X Dövlətimizin başçısı Türkiyənin İzmir şəhərində zəlzələ zamanı həlak olanlarla bağlı bir daha başsağlığı verdi. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Read more
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.
Read more
Bakı, 31 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir? - Cavab, Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır. - Siz çox tutarlı və sərt cavab verdiniz. Nə üçün bu dəfə belə etdiniz? Bu, İsrail və Türkiyə dronlarına görə Azərbaycan Ordusunun üstün qüvvəyə malik olduğu üçün baş verdi? - İsrail dronları bizdə artıq uzun illərdir ki, var. Yeri gəlmişkən, onların bəziləri Ermənistanın işğal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan dayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var - bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər. - Başa düşdüyümə görə Siz xüsusilə cənubda müəyyən torpaqları azad etmisiniz, lakin, eyni zamanda, Dağlıq Qarabağa yaxın, şimalda da. Bu müharibə nə qədər davam edəcək? - Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur. - Onlar da eyni sözləri deyirlər. - Bəli, əlbəttə ki, onlar deyirlər. Lakin baxın, görün nələr baş verib. Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var. Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik. - Bu, eyni ilə onların iddia etdiyi məsələlərdir. Onlar iddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ silahlardan istifadə edirsiniz? - Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var. - Lakin mənim indi bildiyimə görə onlar gəlirlər. “Human Rights Watch” təşkilatı gəlir, mənə deyiblər. - Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər? - Onlar mənə gəlmək istədiklərini deyiblər. Bir neçə dəfə müraciət ediblər, lakin Siz onlara girişə icazə verməyibsiniz. - Xeyr. Bu, mümkün deyil. Çünki biz elə dünən onların nəyə görə gəlmədiklərini, qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq. - Gəlin, yenə Sizdən kasetli silahlarla bağlı soruşum. Çünki Sizin də bildiyiniz kimi bu, çox ciddi mövzudur. Mən “Human Rights Watch” təşkilatının araşdırmasına baxdım və sübut ondan ibarət idi ki, çox maraqlıdır, onların şəkilləri var idi, onlarda hətta silahın adı da var idi. Onların dediyinə görə, onun adı İsrail istehsalı olan LAR 160 kasetli bomba idi. Bu faktları həqiqətən də mübahisə predmetinə çevirirsiniz? - Bəli, əlbəttə ki. Bununla bağlı heç bir sübut yoxdur. Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar... - Onlar burada silah tapsalar, Siz onların araşdırmasına güvənərsiniz? - Onlar bunu etməlidirlər. Çünki onların “yox” demək imkanı yoxdur. Qoyun, onlar desinlər. Çünki bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi. Onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər. - Əslində, Siz heç vaxt BMT-nin kasetli silahları haqqında konvensiyasını imzalamayıbsınız. Nəyə görə, bu, Sizin üçün problemdir? Əslində, Siz ondan istifadə edə bilərdiniz. - Ermənistan onu imzalayıb? - Xeyr, lakin biz indi Ermənistandan deyil, Azərbaycandan danışırıq. - Biz münaqişə haqqında danışırıq. Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir. - Bu mövzuya gəlmişkən, yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi? - Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib. Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır. - Azərbaycanın heç bir təsiri olmadan muxtar rayon? - Bu, müzakirələrin bir hissəsi idi. Lakin biz bununla bağlı yekun razılığa gəlmədik. - Lakin Siz buna razılaşardınız? - Biz bunu indi müzakirə etməliyik. Çünki indi ortada yeni reallıq var. Biz həmişə eşitmişik ki... - Siz orada - muxtar regionda hansı təsirə malik olmaq istəyirsiniz? Bu, özü-özlüyündə ziddiyyət təşkil edir. - Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq. Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir. - Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır? - Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik. – Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub? – Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib. – Onlar orada əsrlərboyu yaşamırlar? – Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər. – Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər? – Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun. – Buna baxmayaraq, bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar? – Xeyr, əsla. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik. – Lakin indi orada, son bir neçə həftədə mülki şəxslər qətlə yetirilib? – Azərbaycanın da mülki şəxsləri qətlə yetirilib – 69 nəfər. – Orada da. – Bəli. Çünki bu, müharibədir. Lakin 69 mülki şəxs münaqişə zonasından uzaqda olan Gəncədə və digər ərazilərdə qətlə yetirilib, 300-dən çox mülki şəxs yaralanıb. Bu, müharibədir. Əfsuslar olsun ki, bu, olur. – Mən 5 il İsraildə yaşamışam. Yaxşı bilirəm ki, İsrail dronları çox dəqiqdir. Demək istəyirəm, mənim anladığım qədəri ilə bu, dron vasitəsilə edilməyib? – Xeyr. - Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə endirilib. – Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər. - Xristianlar öz kilsələrinə atəş açıblar? – Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu, bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq. Biz onu bərpa etmişik. - Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi dağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz? – Mən bilmirəm. Ola bilsin. Ola bilsin ki, bu, baş versin, niyə də yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır. – Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız. – Bu, tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbs olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər, adını deyə bilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var? – Hazırda məndə adı yoxdur, öyrənərəm. – Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat yoxdur. Diqqətin yayındırılmasına gəlincə, diqqəti yayındırmağa ehtiyac yoxdur. Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadan əvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mən siyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Biz praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar, onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə başladıq. Hazırda parlamentimizdə çox sayda müxalifət üzvü var. Siyasi proses çox səmərəlidir. – Azərbaycanda bir çox müxalifət üzvləri də həbsdə deyilmi? – Xeyr, həbsdə olanlar törətdikləri cinayətlərə görə həbs ediliblər. Burada siyasi ittiham irəli sürülmüş heç kim yoxdur və müxalifət... – Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməklə bağlı? – Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Mən dəqiq hansı olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adi cinayətlərdir. Beləliklə, bizim bu cür səbəbimiz yoxdur. İkincisi, pandemiya dövründə bizim iqtisadi göstəricilərimiz ən yaxşılardan biridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir, xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 6 dəfə çoxdur. Bizdə daxili problemlər yoxdur, niyə mən buna başlamalıyam. – Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız? – Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız? – Müəyyən mənada, bəli. – Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz. – Xeyr, belə deyil. – Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist - adını unutmuşam. Siz onlara qadağa qoydunuz. – Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də etirazlar keçirirdilər. – Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib. – Amma biz Fransa barədə danışmırıq. - Xeyr, gəlin, Avropa barədə danışaq. – Azərbaycan barədə... – Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız var. – Mən cənab Makrondan bu barədə soruşaram. – Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur. – Hazırda gəldiyim ölkə - Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər. – Siz əsgərlərlə danışmısınız? – Bəli. – Döyüş meydanında? – Xeyr, döyüş meydanında yox. – Bəs harada? – Bakı şəhərində. – Onlar burada, Bakıda döyüşürlər? – Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar. – İndi burada alman əsgərləri də ola bilər. – Siz birgə hərbi təlimlər keçirirsiniz... – Bəli, bəli, keçiririk. – Əgər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, Siz Türkiyədən kömək gözləyərsiniz? – Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz. – Türkiyəyə məxsus F-16-lar burada - Azərbaycanda olduğuna görə özünüzü daha təhlükəsiz hiss edirsiniz? – Türkiyənin F-16-ları bura təlimlə bağlı gəlib və ermənilər bizə qarşı hücuma keçdiklərinə görə burada qalıblar. Onlar həmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştirak etmir. Onların burada iştirakı planlaşdırılmır. – Atəşkəs 3 dəfə pozulub. Onlardan biri Fransa, biri Rusiya, biri isə ABŞ-la danışıqlar nəticəsində elan edilmişdi. Bu müharibəni hansı beynəlxalq güc dayandıra bilər? – Düşünürəm ki, bunu Ermənistan dayandırmalıdır. Beynəlxalq güc – sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun həmsədrləridir. Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləri. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onu göstərir ki, bu vasitəçilik səmərəli olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar. – Sizdə elə bir hiss varmı ki, onlar bu münaqişədə həqiqətən də maraqlı deyillər? – Siz kimi nəzərdə tutursunuz? – Məsələn, həmin üç ölkə. – Xeyr, məndə belə bir hiss yoxdur. Çünki əgər onlar maraqlı olmasaydılar, vasitəçi olmazdılar. Onların ATƏT-dən mandatı var. – Lakin vasitəçilik uğurlu olmadı? – Bəli, uğurlu olmadı, çünki onlar Ermənistana sanksiya tətbiq etmədilər. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistana qarşı sanksiya tətbiq olunmalı idi, necə ki, Səddam Hüseyn Küveyti işğal edəndə İraqa qarşı sanksiyalar tətbiq edilmişdi, dərhal. İraqa qarşı ciddi sanksiyalar var idi. Əgər eyni şey Ermənistana edilsəydi, onda onlar qüvvələri geri çəkərdilər. – Deməli, onlar göz yumdular? – Bəli, onlar göz yumdular. Mən deyərdim ki, göz yummadılar, onlar hər zaman deyirdilər ki, hərbi həll yoxdur. Onlar bu vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi onları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurula bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi monitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşma olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm, bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, o, ona qulaq asmalı olar. Lakin onlar etmədilər. – Siz onlara qulaq asırsınız? – Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaq asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram. – İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəni aparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavab nədir? – Heç bir cavab yoxdur. Mən bir aydır bu sualı verirəm. Biz ilkin hesablama aparmışıq. – Mənə elə gəlir ki, bu sualı davamlı olaraq verən şəxsdə müəyyən mənada bir cavab olmalıdır. – Cavabım olsaydı, soruşmazdım. Hələ də soruşuramsa, o deməkdir ki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkin hesablama aparmışıq, yeri gəlmişkən, mən bizim məhv etdiklərimizin hamısını açıqlamamışam. Bu, olacaq. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır. – Onları Rusiya dəstəkləyir. – Bu, sizin fikrinizdir? – Bu, rəsmidir. Sirr deyil. Başqa kimsə var? – Bəlkə də, mən bilmirəm. Beləliklə, mən soruşuram, amma heç bir cavab verilmir. Ona görə də, soruşmağa davam edəcəyəm. – Zati-aliləri, cənab Prezident, müsahibəyə görə çox sağ olun. – Təşəkkür edirəm. video
Read more
Bakı, 30 oktyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.
Read more
Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Şadam sizi görməyimə. Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək. Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq. Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk. Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz. Seyid Abbas Əraqçi dedi: -Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.
Read more
Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etməli və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etməlidir. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır: - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi; - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik; - Müvafiq yerli icra hakimiyyəti orqanları. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər: - Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi; - İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması; - Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi; Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi; - Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi; - Hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməlidirlər. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etməlidirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görməlidirlər. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirməlidirlər. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Read more
Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, dörd mülki insan həyatını itirib, 13 nəfər yaralanıb.İşğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistanın bu qanlı hücumlarına beynəlxalq təşkilatlar və onların havadarları səssizlik nümayiş etdirməktədir. Bütün dünya bilməlidir ki, Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir. Hər bir vicdanlı insan Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləməlidir, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq. 26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz. Hər kəs bilməlidir ki, bizim savaş xalqın iradəsidir və Azərbaycan xalqı Prezidentinin, cənab İlham Əliyevin yanındadır! Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından qanlı cinayətin qurbanı olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyir. QARABAĞ AZƏRBAYCANDIR!
Read more
Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir”. Dövlətimizin başçısı qeyd edib ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir. “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır. Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”, - deyə Azərbaycan Prezidenti bildirib. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Read more
akı, 28 oktyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Read more
Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. -Cənab Prezident, sağ olun ki, gərgin iş qrafikinizdə bizim agentliyimizə müsahibə üçün vaxt tapmısınız. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücuma başlamasının dünən düz bir ayı tamam oldu. Siz ötən ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından necə qiymətləndirirsiniz? -Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdu. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir. Bu bir ay ərzində mən dəfələrlə demişəm ki, biz bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyirik. Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin. -Cənab Prezident, Siz artıq qeyd etdiniz ki, Bakı hərbi fazanı maksimum tez bir müddətdə başa çatdırmaqda maraqlıdır. Sizin fikrinizcə, hazırda hərbi faza nə qədər uzun müddət davam edə bilər və Bakı yalnız Dağlıq Qarabağın ətrafındakı yeddi rayonla kifayətlənməyə hazırdırmı? -Bu ay ərzində mən Azərbaycan xalqına müraciətlərimdə, habelə çoxsaylı müsahibələrimdə dəfələrlə demişəm ki, biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdlər fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmayacaqlarını anlamaları üçün bu, kifayətdir. Lakin təəssüf ki, onlar dediyim kimi, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirirlər. Bunu nəzərə alaraq biz, əlbəttə, gələcək fəaliyyətimizi planlaşdıracağıq. İşğal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Mənim yanaşmam həmişə belə olub. Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar - ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlərboyu məskunlaşdığı digər torpaqlara. Mən onu da demişəm ki, nizamlama barədə bizim təsəvvürümüz Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin birgə yaşamasından ibarətdir. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini biz hamımız bilirik. Lakin iş belə gətirib. Onlar 200 ildir orada yaşayırlar. Erməni əhalinin bundan sonra da orada yaşaması barədə bizim heç bir planımız yoxdur. Əksinə, mən həmişə demişəm ki, Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır. Qonşu ölkələrdə də ermənilər və azərbaycanlılar birgə yaşayır və öz aralarında yaxşı dolanırlar. Bu, Dağlıq Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Erməni əhali də həmin torpaqda yaşamalıdır, özü də mehriban qonşuluq şəraitində. Biz müharibənin vurduğu yaraları sağaltmağa çalışacağıq. -Yəni, belə çıxır ki, erməni hərbçilər işğal edilmiş bütün ərazilərdən çıxarılmayınca Bakı dayanmayacaq. -Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünki atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib. Bilirsiniz ki, dünən kasetli raketlərlə atəşlər nəticəsində Bərdədə dörd dinc vətəndaş, o cümlədən 7 yaşlı qız həlak olub. Bərdə münaqişə zonası deyil. Yəni bu, Vaşinqtonda razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır. Bundan əvvəl Moskvada razılaşdırılmış atəşkəs elə ertəsi gün ermənilər tərəfindən Ermənistan ərazisindən Gəncəyə ballistik raket atılması yolu ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumilikdə isə 30-a yaxın insan həlak oldu. Ona görə də atəşkəsə riayət edilməməsi bizim təqsirimiz deyil. Buna görə erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq. Siyasi nizamlama çox aspektləri əhatə edəcək. Baza prinsipləri bizim tərəfimizdən qəbul edilib, ermənilər tərəfindən rədd edilib. Lakin Ermənistanın baş nazirinin dünənki təcavüzkar bəyanatı onu göstərir ki, onlar vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər. -Cənab Prezident, Siz yerində qeyd etdiniz ki, Bakı baza prinsiplərinə əsasən sadiqdir. Bu prinsiplərin birinci bəndi Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsi barədə idi. Lakin hazırda beş rayondan dördü bilavasitə Azərbaycan Ordusu tərəfindən demək olar ki, azad edilib. Belə çıxır ki, minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müəyyən düzəliş edilməsinə ehtiyac var. -Bu, yenə də erməni tərəfin davranışından asılı olacaq. Bilirsiniz ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik. Hərçənd, bu bir ay ərzində mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycan bütövlükdə bu prinsipləri qəbul edib, əlbəttə, orada bizi qane etməyən müəyyən məqamlar var. Birinci mərhələdə beş rayonun qaytarılmasının nəzərdə tutulmasına gəldikdə isə, əlbəttə, indi bu, artıq aktual deyil. Ona görə ki, baza prinsiplərində ərazilərin qaytarılmasının növbəliliyi müəyyən edilmişdi. Birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayacaq. O mərhələ dərhal başlamalıdır. Əgər biz siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır. -Siz artıq XİN rəhbərlərinin sabahkı görüşü mövzusuna toxundunuz, bütövlükdə Bakının gözləntilərini təsvir etdiniz. Lakin dəqiqləşdirmək istərdim, hər halda, Bakı güman edir ki, erməni tərəfi konstruktivlik nümayiş etdirəcək və danışıqlar mücərrəd, uzun-uzadı deyil, daha konkret xarakter daşıyacaq. -Düşünürəm ki, bəli, hər halda, biz buna ümid edirik. Hərçənd, erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ kobud şəkildə pozması, Cenevrə konvensiyalarını pozması və hərbi cinayətlər törətməsi, əlbəttə, onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması. Lakin, eyni zamanda, düşünürəm, döyüş meydanında Ermənistanı məğlub etməyimiz hər halda onlardan ötrü ciddi siqnal olmalıdır ki, onlar daha imitasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konkret müzakirəsindən yaxa qurtara bilməzlər. Danışıqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses aparılmayıb. Bu, 1994-cü il atəşkəs anından sonra ilk dəfə idi. Ona görə ki, o vaxtdan bəri danışıqlar prosesi müxtəlif intensivliklə gedir, tərəflər baza prinsiplərinin bəndlərini razılaşdırırdılar. Axı, bu prinsiplər göydən düşməyib. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırmışdılar. Əlbəttə, proses ləng gedirdi, lakin ümumiyyətlə, müəyyən tərəqqi vardı. Amma Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra birinci ildə onlar bizə və bildiyimə görə vasitəçilərə də vədlər verirdilər, ikinci ildə isə artıq açıq şəkildə özlərinin əsl niyyətlərini nümayiş etdirdilər ki, onlar bircə qarış belə torpaq verməyəcəklər və üstəlik, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdilər. Yeri gəlmişkən, bu sözləri onların müdafiə naziri deyib. Hazırda o, müdafiə naziri kimi həm öz xalqının, həm də dünya ictimaiyyətinin nəzərində tamamilə hörmətdən düşüb. Mən təəccüblənirəm, necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib. -Cənab Prezident, Siz qeyd etdiniz ki, Ermənistanın baş naziri son vaxtlar çox davakar bəyanatlar verir, bəyanatların ritorikasının özü davakardır. Lakin bütövlükdə, onun sonuncu bir neçə bəyanatını izləsək, əvvəlcə o deyirdi ki, bu münaqişənin diplomatik nizamlanması yolu yoxdur. İki gün bundan əvvəl deyib ki, Ermənistan ağrılı güzəştlərə hazırlaşmalıdır. Lakin dünən ritorika dəyişdi, Sizin dediyiniz kimi, daha davakar oldu. Siz necə hesab edirsiniz, bu, nə ilə bağlıdır? -Bunu şərh etmək mənim üçün çətindir. Yəqin ki, Ermənistanın baş nazirinin başına nələr gəldiyini qiymətləndirməkdən özümü saxlayacağam. Yəqin ki, bu cür hərbi məğlubiyyət onun vəziyyətinə təsir göstərib. Əks halda, bu cür qeyri-ardıcıllığı necə izah etmək olar. Axı, bu qeyri-ardıcıl bəyanatlar və hərəkətlər, ilk növbədə, ölkənin rəhbəri kimi onun özü üçün tamamilə irrasional və zərərli, həm də onun ölkəsi üçün təhlükəli və zərərlidir. Çoxları sual verir, bu hərbi toqquşmalar nə üçün məhz indi baş verdi? Nə üçün əvvəl olmadı? Hətta Azərbaycana qərəzli münasibət bəsləyənlər və Ermənistanı açıq dəstəkləyənlər də özlərinə bu sualı verməyə məcburdurlar. Axı, 1994-cü il atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Birdən-birə nə baş verib? Axı, Azərbaycanda heç nə dəyişməyib. Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistanın əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılaşdırılması üzrə kifayət qədər ciddi yol keçmişik. Buna görə də obyektiv müşahidəçilərə aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistanın baş nazirinin bu cür qeyri-adekvat, irrasional, təhlükəli davranmasındadır. Ermənistanın əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına bu cür təhqiramiz çıxışları özünə rəva görmürdü. Onların heç biri cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməyi özünə rəva görmürdü. Onların heç biri Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmır, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Onların heç biri qondarma “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürməyə hazırlaşmırdı və sair və ilaxır. Yəni, bütün bunlar baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir. Onun ölkə daxilindəki bəyanatlarını şərh etməyəcəyəm. Lakin onun nizamlama ilə bağlı məsələlərdə etdikləri Ermənistan üçün çox təhlükəlidir. Bu gün Ermənistan bunu aydın görür. Buna görə düşünürəm ki, Minsk qrupunun həmsədrləri sabah Ermənistanın xarici işlər nazirinin qarşısında məsələni dəqiq qoymalıdırlar. Başa düşürəm, o, çətin vəziyyətdədir. O, öz rəhbərinin qeyri-adekvat davranışına görə cavab verməli olur. Həqiqətən o, acınacaqlı vəziyyətdədir. O, necəsə vəziyyətdən çıxmalı, sizin qeyd etdiyiniz kimi, bu qeyri-ardıcıl hərəkətləri izah etməli olacaq. Paşinyan gah ağrılı güzəştlərdən danışır, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromisə getməyə hazırdır, daha sonra deyir ki, Qarabağı axıra qədər müdafiə edəcək, gah deyir ki, Qarabağ Ermənistandır, sonra deyirdi ki, biz danışıqları Dağlıq Qarabağla aparmalıyıq. Yəni, bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrası. Buna görə də düşünürəm ki, sabah bu məsələlərin çoxu aydınlaşacaq. -Siz artıq Minsk qrupunun fəaliyyətinə toxundunuz. Mən belə bir aspekti dəqiqləşdirmək istərdim. Siz Azərbaycan xalqına sonuncu müraciətinizdə vasitəçiləri onların faktiki fəaliyyətsizliyinə görə kifayət qədər sərt tənqid etdiniz. Bu, o deməkdirmi ki, Bakı Minsk qrupunun formatının dəyişdirilməsində israr edəcək? Bunu nə üçün soruşuram? Ötən həftə Prezident Putin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünlüyünü istisna etməyib. -Bu bir ay ərzində mən Minsk qrupunun fəaliyyəti barədə dəfələrlə danışmışam və Azərbaycan xalqına müraciətimdə dediklərim əsl həqiqətdir. Axı, hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlanmışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam. Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Qrupun tərkibi məsələsinə gəldikdə, mən bu barədə artıq demişəm ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da demişəm ki, əgər bu gün biz hansısa təmas qrupu yaratsaydıq, onun tərkibi, əlbəttə, tamam başqa olardı. Orada regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuza malik olan ölkələr olardı. Əlbəttə, düşünürəm ki, hazırda həmsədr olan ölkələr də bəlkə qala bilərdi. Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsədrlərinin formalaşması mexanizmi və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir. Mən hesab edirəm ki, münaqişəni nizamlamaq üçün biz formal məsələlərdən yapışmamalıyıq. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu. -Yeri gəlmişkən, bəzi ekspertlər bununla əlaqədar 2+2 formulunu təklif edirlər. Bu formul, belə deyək, rəsmi Bakı üçün nə dərəcədə məqbuldur? -İki tərəf Ermənistan və Azərbaycandır. Bəs o biri iki tərəf kimlərdir? -Türkiyə və Rusiya. -Bu, bizim üçün məqbul olardı. Ona görə ki, həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi. -Cənab Prezident, Siz dəfələrlə demisiniz ki, münaqişənin nizamlanmasında irəliləyiş olması üçün vasitəçilər Ermənistana qarşı hansısa formada sanksiyalar tətbiq etməlidirlər. Sizin fikrinizcə, bu sanksiyalar nədən ibarət ola bilər? -Bəli, siz haqlısınız. Mən bu barədə danışmışam. Özü də təkcə indi yox. Mən bu barədə çoxdan danışıram. Lakin təəssüf ki, mənim çağırışlarım cavabsız qalır. Hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, İraqın ərazisi uçuşların qadağan edildiyi zonaya çevrildi, insanlığa qarşı cinayətlər törətmiş hərbi canilər məhkəməyə cəlb edildi, mühakimə olundu. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi - təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq. -Münaqişə donduruldu? -Əlbəttə, donduruldu. Hərçənd hamı başa düşürdü ki, bu, əbədi davam edə bilməz. Hamı bunu hələ 10 il əvvəl başa düşürdü. Rusiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbuledilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadımdadır, bu, bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar, onu artikulyasiya etmədilər və yeni tezis fikirləşib tapdılar ki, status-kvo davamlı deyil. Axı, bunlar tamamilə fərqli məsələlərdir. Axı, biz bunu gözəl başa düşürük. Deməli, həmsədr ölkələr Ermənistana hətta hər hansı siyasi təzyiq göstərmək cəhdindən də geri çəkildilər. Status-kvonun davamlı olmadığını hamı bilirdi. Son hadisələr də bunu göstərdi. Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün, - hələ gec deyil, - sanksiyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər. -Siz necə hesab edirsiniz, bir ay davam edən hərbi faza müddətində həmsədr ölkələr bitərəfliyi tam qoruyub saxlaya biliblərmi? -Bilirsinizmi, mən bu barədə öz mülahizələrimi bildirmişəm və demişəm ki, əlbəttə, hər bir ölkənin, o cümlədən Azərbaycanın da öz xarici siyasət prioritetləri ola bilər. Biz bəzi ölkələrlə daha sıx münasibətdəyik, bəziləri ilə münasibətlərimiz o qədər də sıx deyil, bəzi ölkələrlə münasibətlərimiz tarixi amillərə, başqaları ilə münasibətlərimiz daha praqmatik amillərə əsaslanır. Buna görə də həmsədr ölkələrdə çox strukturlaşdırılmış və fəal erməni icmalarının mövcud olmasına biz həmişə anlaşıqlı münasibət bəsləmişik. Amerikada da, Fransada da, Rusiyada da. Biz hətta bu vəziyyəti təhlil edəndə onların qərarların qəbuluna daha çox harada təsir etmək imkanını müəyyənləşdirməkdə çətinlik çəkirik. Buna görə biz həmin amili həmişə nəzərə almışıq və indi də nəzərə alırıq. Birinci mərhələdə, hərbi toqquşmaların ilk günlərində bəzi sapmalar bizdə bitərəfliyə şübhə oyadırdı, indi isə düşünürəm ki, bütün bunlar qaydaya düşüb. Həmsədr ölkələrin ali rəhbərliyi ilə mənim əlaqələrim, habelə əminəm, - Azərbaycanın aldığı beynəlxalq dəstək, - indi gördüyümüz bitərəfliyə gətirib çıxarıb. Bir daha deyirəm, kimin ürəyində nə varsa, bu, bizim işimiz deyil. Lakin beynəlxalq hüququn normalarına və bitərəfliyə riayət edilməsi baxımından, əlbəttə, vasitəçilər buna əməl etməlidirlər. Əks halda onlar, sadəcə, vasitəçi olmaq imkanını itirərlər. -Nizamlamaya qərəzsiz yanaşmalıdırlar. -Tamamilə doğrudur. Ona görə ki, vasitəçi qərəzsiz olmalıdır. O, emosiyalarını evdə qoymalı, ya da ikitərəfli formatı tərk etməli, nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandatı və münaqişəni Azərbaycanın və ya Ermənistanın istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir. -Siz nisbətən yaxın vaxtlarda bəyan etmisiniz ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Bu, prinsip etibarilə təzə reallıqdır. Bu, o deməkdirmi ki, məsələn, Azərbaycan öz mövqeyini dəyişib və ya ilkin mövqeyini bir qədər sərtləşdirib. -Bilirsinizmi, artıq 17 ildir ki, mən bu barədə danışıram, vasitəçilər də bunu bilirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri mənim mövqeyimi bilirlər. Bu illər ərzində mən neçə həmsədrin dəyişdiyini, həmsədr qismində neçə diplomatın dəyişdiyini artıq xatırlamıram. Lakin onlar hamısı təsdiq edə bilər, mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur. Orada iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr var. Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. İkincisi, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də indiki halda bir müsahibəmdə dediyim sözlər mənim mövqeyimi tamamilə əks etdirir, bu, sirr deyil. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın. -Cənab Prezident, son vaxtlar Ermənistanın rəhbərləri tez-tez, bilmirəm bunu necə adlandıraq, şantaja başlayır, bəyan edirlər ki, əgər hərbi faza davam etsə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu halda onlar özləri onu hələ indiyə qədər tanımayıblar. Hələlik yalnız bəyan edirlər. Lakin bununla belə, onlar ümidlərini itirmirlər ki, hansısa ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar müxtəlif ifadələrlə, xilas olmaq və sair xatirinə Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqlar. Siz necə hesab edirsiniz, Yerevan tərəfindən belə tanıma nə dərəcədə gözlənilir və bu, münaqişənin nizamlanmasında hansı nəticələrə gətirib çıxara bilər? -Sizin bu sualınız Ermənistanın indiki hakimiyyət orqanlarının qeyri-ardıcıl və qeyri-səmimi olmasına bir daha dəlalət edir. Ona görə ki, onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsinlər. Vəziyyət kəskinləşəcəyi halda onların Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə daimi şantaj və hədələri yenə də küy-kələk oldu. Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar. Onların siyasətinin bütün mahiyyəti də məhz bundadır. Onlar onilliklər boyu həmişə cəhd ediblər, - təəssüf ki, bəzən başqa ölkələrin arxasında gizlənməyə nail olublar, - onların problemlərini onların əvəzinə başqa ölkələr həll etsinlər. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Bütün tarixboyu belə olub. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, onların ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Sonra isə kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Onların Qafqaza gəlib çıxmalarının tarixini biz çox gözəl bilirik. Qafqaz regionunda tarixən erməni etnosu olmayıb. Onlar buraya necə gəlib çıxıblar – məhz belə yolla, hiyləgərliklə, məkrliliklə, necə deyərlər, ilanı başqasının əli ilə tutmaq cəhdləri ilə. Onlar indi də eyni hərəkətləri edirlər. Buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm – Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gəlmişkən, bu barədə nisbətən yaxın vaxtlarda demişəm, qoy, bu gün tanısınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermənistan rəhbərliyi beynəlxalq siyasətin əsaslarından azacıq da olsa, baş çıxarsaydı, anlayardı ki, bu gün, biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən hamıya məlum fakt kimi etiraf edilib. Axı, Qoşulmama Hərəkatı - 120 ölkə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Avropa İttifaqına 27 ölkə daxildir. Avropa İttifaqı ilə bizim imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenliyi dəstəklənib. Bunlar təqribən 150 ölkə deməkdir. Buraya İslam Əməkdaşlıq Təşkilatını da əlavə etsək, - düzdür, orada Qoşulmama Hərəkatının üzvləri olanlar da var, olmayanlar da, - budur dünya birliyi. Ermənistanın ucbatından, onun istəyinə görə, onun Dağlıq Qarabağı tanımaq şıltaqlığına görə Azərbaycan ilə münasibətləri korlamaq, özü də, sadəcə, korlamaq deyil, deyərdim ki, bu, hər hansı ölkə ilə diplomatik münasibətləri dərhal pozmağa gətirib çıxarar. Kim belə addım atacaq? Sadəcə, heç kim bunu etməyəcək. Xüsusən ona görə ki, ermənilər özləri onu tanımırlar. Özü də elə bir vaxtda ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən təcavüzkardırlar. Buna görə də deyərdim ki, bu hərəkət onların növbəti ləyaqətsiz cəhdidir, yenə başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar. -Siz çox yaxşı dediniz. Rusiya münaqişə zonasına hərbi müşahidəçilər göndərilməsini təklif etmişdi. Baş nazir Paşinyan, prinsip etibarilə sülhməramlıların münaqişə zonasına daxil olmalarına razılaşdı və bunların rusiyalı sülhməramlılar olmasını istisna etmədi. Yəni, bir növ kazus alınır: hərbi müşahidəçilər, yoxsa sülhməramlılar? Ümumiyyətlə, bu məsələ barədə rəsmi Bakının mövqeyi necədir? -Bu bənd baza prinsiplərində əks olunub. Lakin biz onu heç vaxt ciddi müzakirə etməmişik. Ona görə ki, sadəcə, biz həmin bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq. Lakin baza prinsiplərində həmin qüvvələrin hansı müddətə göndəriləcəyi, onların hansı ölkələrdən olacağı barədə göstərişlər yox idi. Yəni, sadəcə, ona görə ki, biz o bəndə çatmamışdıq. Biz əvvəlcə sazişin əsas bəndlərini razılaşdırmalı idik. Ermənistanın baş nazirinin münaqişə zonasında sülhməramlılar olmasını istədiyini bəyan etməsinə gəldikdə isə, əvvələn, bu, onun işi deyil. Ona görə ki, biz münaqişə zonası deyəndə başa düşmək lazımdır ki, bu, Azərbaycanın ərazisidir. Əgər biz Azərbaycanla Ermənistanın sərhədində sülhməramlılardan danışırıqsa, bu, başqa məsələdir. Bəli, amma indi, mən belə başa düşürəm ki, Azərbaycan ərazisi haqqında danışırlar. Buna görə də, təbii ki, həlledici sözü biz deməliyik, çünki bu mövzu geniş müzakirə edilməyib. Məncə, bu barədə danışmaq hələ tezdir. Lakin öz tərəfimdən qeyd etmək istərdim ki, bu barədə danışanda, əvvələn, başa düşmək lazımdır ki, ehtimal edilən müşahidəçilərin mandatı necə olacaq, onlar harada dislokasiya ediləcək. Başa düşmək lazımdır ki, təmas xətti yoxdur, buna görə də dislokasiya yerləri harada olacaq. Ermənistan beynəlxalq hüququ pozur, atəşkəsi pozmaqda davam edir, bizim şəhərlərimizi atəşə tutur. Bu yaxınlarda “Euronews” kanalında bir reportaj verilirdi. Orada raketin necə uçması aydın görünürdü. Özü də raket hərbi mövqelərə deyil, bizim şəhərlərə uçur. Buna görə də sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir. -Bütövlükdə, indiki vaxtda Azərbaycan, Ermənistan və Rusiya hərbçiləri atəşkəsin monitorinqinin hər hansı mexanizmini müzakirə edirlərmi? -Xeyr. İndi belə müzakirələr aparılmır. -Siz Ermənistanın baş naziri ilə Qarabağ barəsində danışıqlar aparılması üçün Moskvaya gəlməyə hazırsınızmı və hansı şərtlərlə? -Mən belə dəvət almamışam. Üçtərəfli görüşlərdə dəfələrlə iştirak etmişəm, lakin Ermənistanın, Azərbaycanın və Rusiyanın rəhbərlərinin - prezidentlərinin iştirakı ilə. Amma Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra bu cür görüşlər olmayıb. Ermənistanın əvvəlki prezidentləri ilə belə görüşlər olub. Mən həmin görüşlərdən heç vaxt boyun qaçırmamışam. Hesab edirdim ki, bu görüşlər çox müsbətdir. Ona görə ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlamada xüsusi rol oynayır. Çünki Rusiya həm də tarixən istər Ermənistanla, istərsə də Azərbaycanla həmişə sıx əlaqə saxlayır və bu gün siyasi, iqtisadi qarşılıqlı əlaqələr baxımından Rusiya Azərbaycanla və Ermənistanla çox fəal əməkdaşlıq edir, bizim qonşumuzdur. Buna görə, əlbəttə, belə görüşlərin çoxu Rusiya ərazisində keçirilib. Paşinyanın dövründə isə belə görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm. Lakin əgər belə təklif daxil olarsa, biz ona həmişə müsbət mövqedən baxmışıq və baxacağıq. -Yəni, belə dəvət olarsa, Siz gəlməyə hazırsınızmı? -Bəli. Özü də, siz dediyiniz kimi, heç bir şərtsiz. Buna sübut odur ki, sabah bizim Xarici İşlər nazirləri Cenevrədə, yenə hər hansı şərtlər olmadan görüşəcəklər. Üstəlik, demək istəyirəm ki, hələ münaqişə başlayan vaxt bizim Xarici İşlər naziri, - onun Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə səfəri planlaşdırılmışdı, - o, oraya getdi. Ermənistanın xarici işlər naziri isə bir həftə əvvəl, oktyabrın əvvəlində oraya getməli idi, imtina etdi. Humanitar atəşkəs məsələsini razılaşdırmaq üçün xarici işlər nazirlərinin görüşü barədə Moskvadan təklif alınanda da bizim Xarici İşlər naziri Cenevrədən oraya uçdu. Yəni, biz heç bir şərt qoymuruq. Amma mən yenə çox şübhə edirəm ki, Ermənistanın indiki hakimiyyəti nizamlanma üzrə konstruktiv işə qabil olsun. -Erməni tərəfin bəyanatlarına qayıtsaq, baş nazir Paşinyan daim deyir ki, Türkiyənin xüsusi təyinatlıları, türkiyəli hərbçilər Azərbaycana, belə deyək, sadəcə, kömək etmirlər, onlar hərbi fazaya fəal cəlb ediliblər. İndi belə fikirlər də əlavə olunub ki, münaqişənin hərbi fazasının həllində pakistanlı xüsusi təyinatlılar Azərbaycana fəal kömək edirlər. Siz bu bəyanatları necə şərh edərdiniz və ümumiyyətlə Sizin fikrinizcə, hazırda nizamlamada Türkiyənin rolu nədən ibarətdir və perspektivdə bir rol nədən ibarət ola bilər? -Bu, Paşinyanın növbəti yalanıdır. Onu da deməliyəm ki, Ermənistanın əvvəlki prezidentləri ilə mənim ünsiyyətim zamanı buna oxşar heç bir hal olmayıb. Bəli, biz düşmənlərik, biz bir-birimizə qarşı müsbət əhvalda ola bilmərik, lakin danışıqlar masası arxasında heç vaxt belə ağ yalan olmayıb. Sadəcə, belə insunasiyalar da olmayıb. Bunlar hamısı yalandır. Burada Türkiyənin heç bir xüsusi təyinatlısı yoxdur. Bu barədə dəfələrlə demişəm, buna ehtiyac da yoxdur. İndi onun ağzı o qədər qızışıb ki, guya hansısa pakistanlı xüsusi təyinatlılar var. Yeri gəlmişkən, buna görə məncə etiraz notası da alıb. Bu, cəfəngiyatdır, belə şey yoxdur. Bu, əvvələn, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir. Guya döyüş meydanında vuruşan Azərbaycan deyil, Türkiyənin və Pakistanın xüsusi təyinatlılarıdır. O, cəfəngiyat danışır. Bu yaxınlarda deyib ki, guya Azərbaycanın Suriyadan gətirdiyi terrorçular Rusiya ərazisinə soxulub və Qroznıda terror aktı törədiblər. Başa düşün, bu ki, tamamilə cəfəngiyatdır. Rusiyanın xüsusi xidmət orqanları bu terror aktını kimin təşkil etdiyini yəqin ki, bilirlər. Bundan əvvəl Paşinyan deyirdi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistana məxsus Su-25 təyyarəsini vurub. Hamı bilir ki, bu, yalandır. Bütün bunları həm Rusiya, həm də digər həmsədr ölkələr izləyirlər. İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil. O deyəndə ki, Gəncəyə ballestik raketləri Ermənistan atmayıb, bu, sadəcə, axmaqlıqdır. Ona görə ki, hər hansı ballestik raketin buraxılması izlənilir. Bu raketin haradan buraxılmasını, ona hansı döyüş tapşırığı verilməsini Rusiya da çox gözəl bilir, Amerika da, Fransa da. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu. Gəncədə bizim heç bir hərbi bazamız, heç bir hərbi şəhərciyimiz yoxdur. Axı, o, yalan deyir. Bu dəhşətli dağıntı kadrlarını biz yox, yüzlərlə xarici jurnalist çəkəndə, xarici diplomatlar birbaşa dağıntılar yerindən müsahibə verəndə də Paşinyan yalan deyir. Deyir ki, bunu edən Ermənistan deyil. Bəs kimdir? Biz özümüz Gəncəyə zərbə endirmişik? Yalançılığın, ən başlıcası, axmaqlığın dərəcəsini təsəvvür edirsinizmi? Bunu hər bir adekvat insan başa düşməli idi, bunu gizlətmək mümkün deyil. Buna görə də onun pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir. Sabah deyər ki, biz ərazilərimizi azad etmək üçün buraya marslıları gətirmişik. Ondan nə desəniz gözləmək olar. -Hər halda, münaqişənin nizamlanmasında Türkiyənin sonrakı rolunu dəqiqləşdirmək istərdim. -Bəli, nizamlamada Türkiyənin rolunu görürük, səmərəli roldur. Türkiyə bizə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Mənim bildiyimə görə bu da, hamıya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolu oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin Xarici İşlər nazirləri, Müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu, onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəlməsə də. Lakin, mən əminəm, Ermənistan bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaq. -Cənab Prezident, hər halda belə bir risk varmı ki, Azərbaycan ilə Ermənistan arasında münaqişə genişlənərək daha böyük regional münaqişəyə çevriləcək, ona iri dövlətlər də qoşulacaq? -Səmimi desək, bunu tam istisna edə bilmərəm. Lakin öz tərəfimdən deməliyəm ki, biz buna gətirib çıxara biləcək hər hansı hərəkətlər etməyəcəyik. Bu münaqişəni beynəlmiləlləşdirə biləcək heç bir təxribat olmayacaq. Bu, bizə lazım deyil. Son bir ayda dəfələrlə demişəm ki, biz bunun əleyhinəyik. Bütün ölkələri təmkin nümayiş etdirməyə, müdaxilə etməməyə çağırmışam. Mən şadam ki, belə də olur. Hərçənd Ermənistanın münaqişəni beynəlmiləlləşdirmək üçün daimi cəhdləri, Ermənistan rəhbərliyinin Rusiyadan az qala Ermənistan tərəfində döyüşmək üçün Rusiya qoşunlarını göndərmək barədə daimi xahişləri məhz mənim dediyim ilanı özgə əli ilə tutmaq məsələsidir. Buna görə əminəm ki, region ölkələri, həm Rusiya, həm Türkiyə, həm İran, həm də Gürcüstan, - təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, - təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər. -Bu yaxınlarda Prezident Putin bəyan etdi ki, indiki eskalasiyanın gedişində hər iki tərəfdən ölənlərin ümumi sayı təqribən beş min nəfərdir. Siz də olan rəqəmlər də belədir, yoxsa onlar bir qədər fərqlənir? -Mən demişdim ki, biz həlak olan hərbi qulluqçuların sayını münaqişə, müharibə başa çatandan sonra açıqlayacağıq. Müharibə başa çatdıqdan sonra. Dinc sakinlərə gəlincə, biz məlumatları dərc edirik. Mən sizə dedim: 69 nəfər həlak olan və 300-dən çox yaralı var. İtkilərə gəlincə, mən bizim fərziyyələrə görə Ermənistanın hansı itkiləri ola biləcəyini deyə bilərəm. -Maraqlı olardı. -Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydındır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın “Osa”, “TOR”, “KRUQ”, “KUB” zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablasaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı, biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni, bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur. Bizim itkilərə gəlincə, mən yenə dedim ki, biz onları sonra açıqlayacağıq. Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, hesab edirəm ki, hər bir insan həyatı dəyərlidir, lakin bütün bunlarla bərabər, bizim itkilərimiz minimaldır. -Bu mövzunu davam etdirmək istərdim. Bəzi hərbi ekspertlər hesab edirlər ki, Azərbaycan, belə deyək, hərbi əməliyyatların aktiv fazasında pilotsuz uçuş aparatlarından fəal istifadə edilməsi hesabına həlak olanların sayını minimuma endirməyə müvəffəq olub. Hətta bəziləri, elə ABŞ-dan olan hərbi ekspertlər hesab edirlər ki, bu, XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modelidir. Əks-hücum aparılarkən dronların xeyrinə seçim edilməsi nə ilə bağlı idi? -Bilirsiniz, Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil, bizdə Rusiya, Belarus, İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemləri, bir neçə çarpaz hava hücumundan müdafiə sistemləri var. Onlar Ermənistan ərazisindən göndərilən raketlərin çox hissəsini vurur. Təəssüf ki, biz həmin raketlərin hamısını vura bilmirik. Bizdə ən müasir zirehli texnika var, modernləşdirilmiş “T-72” tankları, ən müasir “T-90” tankları, piyadaların döyüş maşınları və sair, müasir uzaqvuran artilleriya silahları var. İndi bu, heç kəs üçün sirr deyil. “Polonez”, “Lora”, “Ekstra”, “Qasırğa” raketləri və sairə. Yəni, biz ordumuzun silahlanmasına birtərəfli yanaşmamışıq. Lakin müharibə aparılmasının müasir metodları, əlbəttə, 1990-cı illərdə olan metodlardan fərqlənir. Buna görə də pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla. İnanın ki, hətta bizim internetdə nümayiş etdirdiyimiz kadrlar da, əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir. Bunlar bizim göstərə bildiklərimizdir. Aşkar görünür ki, onlar orada qazılıb yerləşdirilib. Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun “siçovul yuvası” var. Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı. Biz neçə “Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd “S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir. Mən bilirəm ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq. Bu yaxınlarda Müdafiə Nazirliyində hərbçilərlə müşavirə keçirirdim, orada dedim ki, biz uğurlarımızla yanaşı, nöqsanlarımızı da təhlil etməliyik və gələcəkdə hərbi texnika alanda indi bizə lazım olan, amma, sadəcə, anbarlarda qalmış texnikanı almamaq təcrübəsini əsas götürməliyik. -İstifadə edilməmiş qalıb? -Bəli. -Cənab Prezident, Siz qeyd etdiniz ki, eskalasiyanın indiki fazasında erməni tərəfinin dinc şəhərləri atəşə tutması halları tez-tez baş verib. Gəncənin iki dəfə şiddətli atəşə tutulması, Bərdənin dünən atəşə tutulması, həlak olanların ümumi sayı 70 nəfərə yaxındır, - bu, döyüş əməliyyatları zonasından kənarda yaşayan şəxslər üçün lap çoxdur, - və 300-dən çox yaralı. Lakin, eyni zamanda, Bakıdan daim bəyanatlar səslənir ki, beynəlxalq birlik bu atəşlərə görə Ermənistanı lazımınca qınamır. Yəni, beynəlxalq birlik həm Bakıya, həm də Yerevana dinc vətəndaşların atəşə tutulmasını dayandırmaq kimi çağırışlar etməklə kifayətlənir. Lakin Bakının Ermənistanın əməllərini ittiham etməsi beynəlxalq birlik tərəfindən lazımınca qarşılanmır? -Bəli, bu, belədir. Lakin bu, bizim üçün yenilik deyil. Bütün bu işğal illəri ərzində Ermənistanın qınanması nədən ibarət olub? Məgər bu, ittiham idimi, xeyr. Məgər kimsə Ermənistanı işğala görə qınayıbmı? Bəli, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bəli, sonra biz öz səylərimizlə BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının qətnamələrinin qəbul edilməsinə nail olduq. Hətta Avropa Parlamentinin də. Lakin onlar, əlbəttə, nizamlama üçün hüquqi baza yaratdılar, amma ittihamları eşitmədik. Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur. Ona görə də biz Ermənistanın pislənəcəyinə o qədər də ümid etmirdik. Bizi qardaş Türkiyə dəstəkləyir. Bizi Pakistan, Türkiyə Prezidenti, Pakistanın Baş Naziri açıq dəstəkləyirlər. Onlar dəfələrlə bizi dəstəklədiklərini ifadə ediblər. Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik. -Bundan başqa, erməni tərəfi tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu – Mingəçeviri, qaz kəmərlərini, neft kəmərlərini atəşə tuturdu. Ümumiyyətlə, Siz necə hesab edirsiniz, bu, Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün müəyyən risklər yarada bilərmi? -Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz əsasən avropalı istehlakçılara lazımdır. Sirr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq. -Avropanın cənubu. -Neftin göndərilməsi məsələsinə gəldikdə bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Yəni, əgər bu neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin bu da onları dayandırmır. Axı, onlar Bakı-Novorossiysk neft kəmərini bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyanı bağlayır. Həmin Rusiyanı ki, Ermənistan ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik stansiyasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir. Başqa məsələdir ki, biz həmin raketlərin çoxunu havada məhv etmişik. Bir hissəsi tutulub, bir hissəsi partlamayıb. Bu da onların hərbi potensialından xəbər verir. Amma, əlbəttə, belə bir təhdid var və biz ona adekvat reaksiya verməliyik. Mən həmişə demişəm, bu gün də deyirəm, Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə, orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz yeni torpaqların azad edilməsi ilə, bayrağımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacağıq. Sizə lap yaxın vaxtlara aid bir nümunə göstərim. Artıq çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür. -Cəsədlərin parçalanmaması üçün. -Bəli, tamamilə doğrudur. Hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu, nə deməkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına sığır? Biz hər halda cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruq. Başa düşürsünüz? Bunu hamı başa düşməlidir. Onların bütün saxta, yalvarış dolu bəyanatlarını da. Onların ah-vayı, ağlamaları – bunlar hamısı yalançı göz yaşlarıdır. Biz onları yaxşı tanıyırıq. Buna görə Rusiya ictimaiyyəti onların yalanlarına, böhtanlarına aldanmamalıdır. Bəli, aydındır ki, onlar Rusiya Federasiyasında inteqrasiya ediblər. Təkcə orada yox, Fransada da, Amerikada da. Onlar mediada da yer tutub, ictimai fon yaradırlar. Lakin insanlar bizim kiminlə vuruşduğumuzu başa düşməlidirlər. Anlamalıdırlar ki, biz haqlıyıq. Biz öz torpağımızda vuruşuruq. Onlar bizim torpaqda ölürlər. -Cənab Prezident, Siz dəfələrlə vurğulamısınız ki, hərbi faza gec-tez başa çatacaq. Bununla əlaqədar Sizə iki sualım var. Birincisi, Siz bütün rayonların işğaldan azad edilməsindən, yəni, həm Dağlıq Qarabağın, həm də yeddi rayonun qaytarılmasından sonra Azərbaycanın iqtisadi potensialını necə qiymətləndirirsiniz? Bu, Azərbaycanın iqtisadi artım sürətinə necə təsir göstərə bilər? -Bunu demək çətindir. Bilirsinizmi, bu barədə müxtəlif ehtimallar var. Əlbəttə, böyük ərazilərin öz nəzarətimizə qaytarılması artım üçün, inkişaf üçün, ilk növbədə, kənd təsərrüfatının və turizmin inkişafı üçün böyük potensialdır. Ona görə ki, Qarabağ regionu ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Həm təbii faydalı qazıntılarla, həm qızılla, sink və qurğuşunla zəngindir. Yeri gəlmişkən, Ermənistan Kəlbəcərdə bir neçə xarici şirkətlə bərabər qızılın qanunsuz hasilatını həyata keçirir. Lakin biz, əlbəttə, onların hamısını müvafiq hüquqi prosedurlar vasitəsilə məsuliyyətə cəlb edəcəyik. Ona görə də bu regionun perspektivi Azərbaycanın davamlı inkişafı üçün, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq. Lakin anlamaq lazımdır ki, birinci mərhələdə bu, çox böyük maliyyə məsrəfləri tələb edəcək. -Bərpa işləri. -Bəli, əlbəttə. Çünki, hətta bizim göstərdiyimiz kadrlardan da görünür ki, orada bircə ev də qalmayıb. Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur. Buna görə qarşıda bizi çox böyük xərclər gözləyir. İnfrastruktur, yollar, kommunikasiyalar, yaşayış yerləri, inzibati binalar. Buna görə də bu, yəqin ki, birinci mərhələdə ümumi daxili məhsulun həcminə, inşaat sektoruna çox müsbət təsir göstərəcək. -İnşaat sektoruna. -Bəli, sözsüz. Bir də, əlbəttə, məşğulluq məsələsinə. Tikinti materialları istehsalı ilə bağlı olan hər şeyə. Lakin bu, milyardlarla məsrəf demək olacaq. Biz dəymiş ziyanı hesablayacağıq. Mən artıq komanda vermişəm, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılmasına dair təlimatlar vermişəm. Cəmi bir neçə gün bundan əvvəl bu cür tapşırıq verilib. Biz hər şeyi inventarlaşdıracağıq, orada qalanların uçotunu aparacağıq, bizə vurulmuş ziyanın həcmini qiymətləndirəcəyik və təbii ki, bundan sonra artıq bizim vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq, biz təcavüzkarı məsuliyyətə cəlb edəcəyik. Odur ki, perspektivdə, fikrimcə 5-10 il ərzində bu, qeyri-neft sektorunun inkişafına yaxşı təkan verəcək, qısamüddətli perspektivdə isə bu, məsrəf tələb edəcək. Lakin, başa düşürsünüzmü, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur. -Nəhayət, sonuncu sual. Siz Qarabağ münaqişəsi başa çatandan, nizamlanandan sonra bizim regionda vəziyyətin geosiyasi inkişafını və qüvvələr nisbətini necə görürsünüz? -Zənnimcə, vəziyyət, əlbəttə, münaqişədən əvvəlki kimi olmayacaq. Biz regionda geosiyasi düzümü çox cəhətdən dəyişmişik. O, artıq dəyişib və bir çox stereotiplər keçmişdə qalıb. Məsələn, Rusiya və NATO arasındakı qarşıdurma kimi. Siz indi baxın, Rusiya və NATO-nun üzvü olan Türkiyə daha çox səmimi və etimada əsaslanan əlaqələrə malikdirlər, nəinki Türkiyə ilə NATO üzvü olan hər hansısa başqa ölkə. Bunlar əvvəl yox idi, bunlar yeni reallıqlardır. Buna görə də, bax, belə dəqiq strukturlaşdırılmış stereotip geosiyasi təfəkkür də ikinci plana keçir. Mən hesab edirəm ki, bu, müsbət amildir. Çünki reallıqları əsas götürmək lazımdır, reallıqları isə siyasətçilər öz fəaliyyətləri ilə yaradırlar. Düşünürəm ki, bu gün bizim regionda regionun gündəliyini müəyyən edən, əməkdaşlığa istiqamətlənən aparıcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı yaranır. Çünki bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıqdan danışmaq olar. Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz artıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna görə Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb. Mən Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana necə verməsini dəfələrlə demişəm. Bu, tarixi faktdır. 1918-ci il mayın 29-da, Cümhuriyyətin yaranması elan ediləndən bir gün sonra İrəvan verilib. Özü də müzakirələr zamanı qanunverici orqanının İrəvandan olan deputatları bunun əleyhinə idilər, lakin onların fikrini heç kim nəzərə almadı. Bax, beləcə İrəvanı götürüb veriblər. Buna görə də, necə deyərlər, olan olub, keçən keçib. İndi Ermənistan yad cisim olmamalı və işğala son qoymalı, Azərbaycan ilə, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bu, onlara yalnız fayda gətirə bilər, başa düşürsünüzmü, yalnız fayda. Bütün kommunikasiyalar açılacaq, onlar inteqrasiyalı enerji, nəqliyyat layihələrinin bir hissəsi, ümumi təhlükəsizlik sisteminin bir hissəsi olacaqlar. Baxın, bu gün Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alır. Bu, tamamilə yeni təhlükəsizlik sistemidir. Bu, sadəcə, hava hücumundan müdafiə kompleksinin alınması deyil, yeni təhlükəsizlik, qarşılıqlı etimad sisteminə bir addım yaxınlaşmaqdır. Bunu qarşılıqlı etimad olmadan əldə etmək mümkün deyil. Biz Rusiyadan S-300-ləri çoxdan almışıq. Bu da qarşılıqlı etimad amilidir. Buna görə regionun belə konfiqurasiyası hamının xeyrinədir. Amma Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Əgər o, bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər. Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizə və xalqımıza gətirdiyi bütün ağrı-acılara və faciələrə baxmayaraq. Buna görə də düşünürəm ki, geosiyasi reallıqlar müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, belə olsun. -Bütün suallarımıza ətraflı cavab verdiyinizə görə bir daha sağ olun. -Sağ olun.
Read more