Please ensure Javascript is enabled for purposes of website accessibility
Organization of War, Labor and Armed Forces Veterans of the Republic of Azerbaijan
We should always benefit from the experience of veterans
Heydar Aliyev

Latest news

Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

Bakı, 27 oktyabr, AZƏRTAC Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm deyin, yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir. - Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub. Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik. İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq. -Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu? -Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu. Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər. - Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır? - Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik. - Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistan deyil, o cümlədən Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara Siz necə cavab verərsiniz? - Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar. - Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə bizim ölkəyə - İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki, Avropada ərazi mübahisələrinin və ya regional separatizmin dinc yolla nizamlanmasına dair çoxlu uğurlu nümunələr var. Belə nümunələrdən biri bizdə - İtaliyadadır. Bu, Alto-Adice (Zyudtirol) regionudur. Sizə elə gəlmirmi ki, İtaliya Qarabağın statusunun həll edilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi. Xüsusən ona görə ki, İtaliya həm Sizinlə, həm də Ermənistanla çox səmimi, sıx, güclü siyasi, mədəni əlaqələrə malikdir. - Bəli, mən hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi. Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin ortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarına da səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik. - Cənab Prezident, ən sonuncu sual: bir ildən sonra biz bu münaqişədə hansı səviyyədə olacağıq? Münaqişənin həlli olacaqmı? Yoxsa bu, münaqişənin həlli olacaq? - Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür. Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgər belə olsa biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır. İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlərboyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır. - Cənab Prezident, çox sağ olun və italyanlar demişkən, bono fortuno. - Siz də sağ olun. Təşəkkür edirəm. - Xudahafiz. Xudahafiz.  

Read more
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Read more
İlham Əliyev Azərbaycan xalqına müraciət edib..
İlham Əliyev Azərbaycan xalqına müraciət edib..

Bakı, 26 oktyabr, AZƏRTAC Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.   AZƏRTAC müraciəti təqdim edir. Prezident İlham Əliyevin müraciəti -Əziz həmvətənlilər. Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdir. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə kömək göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdır, digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar. XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək. Qafqaz bürosunun protokolları var, 1921-ci ilin iyul ayında. Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir. Yalandır! Açın, baxın Qafqaz bürosunun protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli bir özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi. Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büroda 9 üzv var idi. Onlardan 8-i erməni idi, 1-i azərbaycanlı, o da Şuşa rayon Kommunist Partiyasının birinci katibi. Dağlıq Qarabağın 1-ci katibi, hökumət başçısı, parlament başçısı ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, dəmir yolu çəkilib 1970-ci illərdə, Sərsəng su anbarı tikilib 1970-ci illərdə, Madagiz, – indi adını mən bərpa etmişəm, - Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır. Amma onlar nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər, Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə etdilər? Onlar ondan əvvəl hazırlıq işləri görürdü və əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı. Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını salıb aşağı Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Bax, bu faciəvi hadisələr sanki yeni reallıq yaradırdı. Ondan sonra bu məsələni beynəlxalq vasitəçilər öz üzərilərinə götürdülər, 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə - nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi. Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi. Ona görə, Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu. Deməli, bunların bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur, bu fəaliyyət. Atəşkəs rejiminə gəldikdə, ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17–də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir - neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz. Bu, birincisi. İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir, müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir Ermənistana? Axı, Ermənistan diz çöküb, artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir. Ermənistanın baş naziri - Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü alçaldır, xalqını alçaldır. Yaxşı, silah verməyin qurtaraq da. Verməyin. Bizə kim verir? Heç kim vermir. Verməyin. İstəyirsinizsə qurtarsın, silah verməyin. İki gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmi qalacağıq? Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik. Mən bir məsələni də bildirmək istəyirəm. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Biz bu bazanı genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi. Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük. Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Baxın, görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki, biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvlər, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı. Mən bir ay buna dözürdüm, bir ay. Demirdim bunları, yığılmışıq boğaza. Bu, birincisi. İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onların artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük - Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə fikirləşsinlər. Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin. Ermənistanın havadarları, sizə deyirəm: bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatları verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs hesablaya bilər, internetə girə bilər, baxsın o texnikanın qiymətinə və sual versin. Haradandır bu pul kasıb, yoxsul ölkədə? Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yenə də gətirirlər. Eybi yoxdur, gətirsinlər, özləri bilər. İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz hazırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır. O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik. İndi Ermənistanın yeni hökuməti Paşinyanın simasında demirdi ki, Ermənistanı idarə edən adamlar cinayətkardır? Mən də onu deyirdim. Bəs, necə oldu, Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə nədir? Cinayətkar ölkədir. Onlar - iki keçmiş prezident həm Qarabağda xunta başçısı olublar, sonra isə Ermənistana rəhbərlik ediblər. Hər ikisi haqqında cinayət işi açılıb. Cinayətkardırlar, Qarabağda yaşayan ermənilərin qanını içirdilər. Haradandır bunlarda bu qədər mal, dövlət, varidat? Haradan? Erməni xalqının qanını soraraq əldə ediblər. Bir daha deyirəm, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılar qayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndiyə. Əvvəllər yaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əhali üçün şərait yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar, həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan isə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləmə aparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri gətirsin oraya. Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi. Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. İndi isə əziz xalqıma bəzi məlumatlar vermək istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik. İndi bir daha sual verirəm. Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi Xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik. İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam. Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri! Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Read more
Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi
Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi

Bakı, 25 oktyabr, AZƏRTAC  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Sabahınız xeyir. - Sizin də sabahınız xeyir. - Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam. - Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınız olacaq. - Mən də ümid edirəm. Ölkəniz gözəldir. Mən Formula 1-i sevirəm, Zaha Hadidin memarlıq üslubunu sevirəm, kinoları sevirəm. Siz paytaxtınızı müasirləşdirməklə gözəl iş görmüsünüz. - Təşəkkür edirəm. -Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı ilə və səlis izah edirsiniz. Mən kifayət qədər açıq, qısa və mahiyyət üzrə suallar verməliyəm ki, onlara mümkün qədər çox cavab ala bilək. Mən tamamilə anlayıram ki, bunlar 100 illər bundan öncəyə təsadüf edən mürəkkəb məsələlərdir. - Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə baş verdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağam. - Çox gözəl. Biz bunda çox maraqlıyıq. Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz? - Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik. - Lakin kimin atəşi birinci açmasından asılı olmayaraq, hər iki tərəf bu dövrdə dərhal döyüşə başladı. Sonra Siz dediniz ki, bu ərazidən erməni qüvvələrini çıxarmaq istəyirsiniz və bu, münaqişəni həll etmək üçün yeganə cavab ola bilər. Sentyabrın 27-sinə qədər olan aylarda Azərbaycanda gedən müharibə haqqında çoxlu söhbətlər gəzirdi. Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız. - Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur. - Cənab Prezident, hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi? - Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil. Çünki vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi ki... - Muxtariyyət. - Xeyr, xeyr. Əsla. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, - Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər qovulmuşdur. Mənim dediyim.... - Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz. - Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. - Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi. - İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar. - Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz? Mən bilirəm ki, bu gün Dövlət Katibi Pompeo da cəsədlərin, yaralıların mübadiləsi üçün atəşkəs tələb edəcəkdir. İndi atəşkəs üçün yaxşı vaxt deyilmi? - Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi. Beləliklə, Ermənistan... - Lakin Siz də atəşkəsi pozmusunuz. - Xeyr, xeyr. Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur. - İcazənizlə belə bir sual verim. Bu gün Dövlət Katibi Sizin Xarici İşlər nazirinizə sual versə ki, siz həqiqətən də atəşkəsi istəyirsiniz, daha bir cəhd istəyirsiniz? Siz daha bir dəfə cəhd edərsiniz? - Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. - Bununla bağlı müəyyən şərtlər olmalıdır. Siz heç bir əlavə şərtsiz atəşkəsə sadiq olarsınızmı? - Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir. - Cənab Prezident, Sizin ordunuzun hədsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamlara necə cavab verərdiniz? Hətta Sizin yüksək texnologiyalı silahlarınızla çox mühüm bir kilsə də vurulub, son həftələrdə minlərlə adam ölüb və ya yaralanıb. - Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub, - mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, - ya da bu, bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib. - Lakin, cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandıra bilməzsiniz. - Qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Siz onların Gəncədə etdiklərinin şəkillərini görmüsünüzmü? - İcazə verin, aydınlıq gətirim, Siz sentyabrın 27-dən oktyabrın 9-dək mülki şəxsləri hədəfə alırdınız? - Xeyr, biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir. - Sizin Türkiyə istehsalı olan dronlarınız, İsrail istehsalı olan hərbi avadanlığınız, Rusiya istehsalı olan yüksək texnologiyalı avadanlığınız var. Necə ola bilər ki, Siz bundan istifadə edirsiniz və eyni zamanda, mülki şəxsləri vurmursunuz? - Xeyr, bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır. - Gəlin, əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə - Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür? - Bu, daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb. - Dəlil “New York Times”dadır. Sizi beş gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər. -Siz Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə.... - Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır? – Bəli, tamamilə doğrudur. - Sual olunur niyə? - Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir. - Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq Sizi tənqid edənlər deyirlər ki, Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz, sadəcə, ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz. - Xeyr, xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir. - Lakin, cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil? - Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir. - Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər. - Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş. - Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident. - Bilirəm. Mən hazırlıqlı adamam. - Gəlin indi ABŞ-a keçək. Siz bu gün və gələcəkdə Dövlət Katibi Pompeonun nə etməyini görmək istəyərdiniz? Dövlət Katibi Pompeo və ABŞ-la bağlı bəzi tənqidlər səsləndirilib ki, onlar kifayət qədər bu məsələ ilə məşğul olmayıblar. Bilirəm ki, Rusiya kifayət şəkildə cəlb olunub. Türkiyə müxtəlif yollarla cəlb olunub, hətta İran yardım təklif edir. ABŞ kifayət qədər iş görübmü? Siz ABŞ-ın daha çox iş görməsini görmək istəyərdinizmi? Siz rəsmi Vaşinqtonun nə etməyini istəyərdiniz? - Düşünürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Mən Dövlət Katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir. - Bu məsələ ilə bağlı Dövlət Katibi Pompeonun tənqidi fikirləri var. O, açıq şəkildə deyir ki, əlbəttə, ABŞ-ın və Türkiyənin bir çox sahələrdə ortaq maraqları var. O deyir ki, Türkiyənin Sizin səylərinizi dəstəkləməyi problemə səbəb olur, məsələni daha da alovlandırır. Sizin buna münasibətiniz necədir? – Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var. – Ancaq Türkiyə müharibəyə çağırış edir. Türkiyə deyir ki, hərbi yol lazımdır. – Xeyr, qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu, kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır. – Bir müddət əvvəl Sizinlə söhbət edərkən mühüm bir fikir irəli sürmüşdünüz, Dövlət Katibi Pompeo ilə müzakirələrinizdə demişdiniz ki, diplomatik həll var. Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı? – Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim. Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. – Beləliklə, Siz deyirsiniz ki, diplomatik həll üzərində hərbi həll elementi var? – Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, - substantiv danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır. – Ölkənizin, regionun hüdudlarından kənarda olan bəzilərinin narahatlıqları var. Bəlkə də bu, Sizi də narahat etməlidir ki, mövcud hüdudda olan münaqişə regional problemə çevrilə bilər. Türkiyənin real maraqları var, Rusiyanın real maraqları var, İranın real maraqları var. Siz həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzu olan bir ölkə kimi başlamasına rəvac verdiyiniz bu regional burulğanda mövqeyinizin itirilməsini riskə atmırsınızmı? – Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Qeyd etdiyim kimi, onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik. – Lakin Ermənistanda artıq Rusiyanın hərbi bazası var, bu, qeyri-qanuni deyil. - Bəli, o, Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Biz bu barədə bilirik. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar. Kömək etmək istəyənlər və mandatı olanlar, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı inandırmalıdırlar ki, - ümidvaram ki, bu gün Vaşinqtonda bu, baş verəcək, - təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün. Onlar bunu etmirlər. - Körfəz müharibəsi zamanı belə fikir var idi ki, bütün bunlar neftə görədir. Döyüş bölgəsinin təqribən 50-60 mil yaxınlığında Sizin neft kəmərləriniz, enerji kəmərləriniz var. Siz çox mühüm enerji kəmərləri və qovşaqlarının bu və ya digər dərəcədə zərər çəkə biləcəyindən narahatsınızmı? Faktiki olaraq bu, bəlkə də, Sizin ordunuzu bu müharibəni aparmağa vadar edir? – Əslində, biz narahatıq. Çünki biz Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını eşitmişik ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Belə bir hadisə Ermənistanın bizə hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin 15 kilometrliyində baş vermişdi. Beləliklə, Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi. – Beləliklə, hazırda Sizin etdikləriniz bu cür təhdidlərə son qoymaq, iqtisadi maraqlarınızı müdafiə etmək üçündür? – Xeyr, biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, bizim Bakıdan Aralıq dənizinə neft kəmərimiz 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qaz kəmərimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı avropalı istehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya, hətta daha tez açılması planlaşdırılır. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə biz kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır. - Siz Prezident Trampın və onun administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məmnunsunuzmu? O, Türkiyəni tənqid edib. Açığı, o, hər iki tərəfi tənqid edib. O, ABŞ-dakı çox böyük erməni diasporunu öz tərəfinə çəkmək istəyir. Burada siyasi elementlər də var. Sizcə, ABŞ öz rolunun öhdəsindən yaxşı gəlir? – Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir. – Cənab Prezident, Siz siyasəti bilirsiniz və hesab edirəm ki, Amerika siyasətini də bilirsiniz. On gündən sonra mühüm prezident seçkisi keçiriləcək. Vaşinqtondakı diplomatiyaya qarşı olan ovqatı müəyyən edərkən, Sizcə “bəlkə diplomatik uğur ola bilər” ideyası Vaşinqtondakı siyasətçilərin ağlındadır və bunu nəzərə alaraq, prosesi irəli aparmaq üçün hər hansı motivasiyanı normal qəbul edirsiniz? – Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya bizim tərəfimizdən dəstəklənir. Düşünürəm ki, bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, bizə hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün. - Sizcə bu diplomatik cəhd ABŞ-da prezident seçkilərinə dair siyasət ilə əlaqəlidir? - Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri səslərini Amerika üçün ən yaxşı nədir yanaşmaları və ehtimalları əsasında verəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, hətta bu haqda bilmirlər. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bu münaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir, yenə də və daha da çox hər iki tərəfi ortaq qərara yaxınlaşdırmağa çalışmalıdır. - Növbəti iki dəqiqədə müsahibəni yekunlaşdıracağımıza görə icazə verin, bununla bağlı bir söz deyim. Nəyə görə bu, Amerika Birləşmiş Ştatlarını maraqlandırmalıdır? Hesab edirəm Siz, çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti Dağlıq Qarabağı xəritədə tapa bilməzlər. Lakin Sizin üzləşdiyiniz strateji məsələlər, siyasi, mədəni, demoqrafik məsələlər var. Əgər indi ABŞ insanları ilə danışsaydınız və desəydiniz ki, bağışlayın, bilirəm ki, Sizi qarşıda prezident seçkiləri gözləyir, beysbol üzrə final yarışları gözləyir, lakin Siz bu məsələyə də diqqət yetirməlisiniz. Siz onlara nə deyərdiniz və biz nəyə görə bu məsələ ilə maraqlanıb, onu nəzərdən keçirməliyik? - Mən deyərdim ki, Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbi qulluqçularımızı Əfqanıstanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Azərbaycan müstəqilliyini gücləndirərək müstəqillik yolunda irəliləməyə davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır. - Beləliklə, Sizin ölkənizdə, regionunuzda sabitlik, siyasi, iqtisadi və sair nöqteyi-nəzərdən 3-5 min mil məsafədə bizim üçün də yaxşı ola bilər. - Bəli, Amerika super gücdür. Məsafənin heç bir fərqi yoxdur. Hesab edirəm ki, müasir, dünyəvi, dost müsəlman ölkəsi bizim dostlarımız üçün də böyük bir aktivdir. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Sizə deyə bilərəm ki, bu gün bizim ikitərəfli əməkdaşlığımız bəlkə də, ən yüksək səviyyədədir. Ümid edirik ki, bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir. - Bu müsahibənin əvvəlində dediyiniz kimi, Amerika Birləşmiş Ştatlarında Ermənistanı çox dəstəkləyirlər. - Bəli. - Orada xristian dininə, kilsələrə dəstək var. Diaspora görə uzun illər bundan öncə Türkiyənin onlara verdiyi cəzaya görə dəstək var. Siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarında ermənilərə qarşı yaxşı emosional münasibət var. - Bəli, mən bunu bilirəm. Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, - bunlar fərqlidir, - ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır. - Yəqin ki, bu məsələdə onlar Sizinlə razılaşmazlar, lakin bu normaldır. İki yekun sual. Gəlin prezident siyasətinə qayıdaq. Sabiq vitse-prezident Co Bayden 10 gün müddətində yeni seçilmiş prezident ola bilər. O, vitse-prezident olanda onunla hər hansı bir təmaslarınız olubmu? Sizin fikrinizcə, Bayden administrasiyası regionunuzdakı münaqişəyə necə münasibət göstərəcək? - Bəli, mən vitse-prezident Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim var. - Sizcə o, Sizin mövqeyinizi dəstəkləyəcək? Yoxsa o, Ermənistanı dəstəkləyəcək? Çox güman ki, o, müharibəyə qarşı çıxacaq. Yəqin ki, o, atəşkəs üçün, diplomatiya üçün çağırış edəcək. Sizcə, bu, normal yanaşma olacaq? - Hesab edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq Azərbaycan üçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqişə ilə bağlı bitərəf qalsınlar və tərəf tutmasınlar. Əslində, onların mandatı da onlardan bunu tələb edir. Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər. Biz ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik. -Yekun olaraq, cənab Prezident, Sizin gələcək üçün proqnozunuz nədir? Mən regionunuzu, ölkənizi, Ermənistanı nəzərdə tuturam. Ötən əsrin 80-ci illərinin sonunda, 90-cı illərinin əvvəlində dəhşətli hadisələr baş vermişdi, 10 minlərlə insan qətlə yetirilmişdi. Bəs, indi necə? Əlavə on minlərlə insan öldürüləcək? Daha çox dağıntılar olacaq? Siz hadisələrin gələcək inkişafını necə görürsünüz? - İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə bizdən asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Biz bilirik necə... -Siz bu münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edirsiniz? - Bəli, əlbəttə ki. - Siz diplomatik cavabın tapılmasının mümkün olduğunu hesab edirsiniz? - Mən tamamilə əminəm. Lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatları biri-birilərini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər. On milyonlarla insan öldürülmüşdür. Lakin indi baxın, bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir. Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər? -Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər? - Bəli. Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür. -Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq.

Read more
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama..
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama..

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.   Oxu.Az-ın məlumatına görə, konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edib. O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumat verib.

Read more
İlk azərbaycanlı sərhədçi general
İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Read more
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib..
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib..

Bakı, 25 oktyabr, AZƏRTAC Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.   Prezident İlham Əliyevin çıxışı -Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir. Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim. Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm. Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik. İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq. Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir. Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına! Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil. Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur. Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Read more
Qubadlı şəhəri işğalçılardan azad edilib
Qubadlı şəhəri işğalçılardan azad edilib

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.  

Read more
Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi
Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi

Bakı, 24 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. -Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir? -Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik. - Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eyni zamanda, internet fiberoptik xətlərinın habı olmaq missiyası var. Eşitmişəm adı Neqsol olan Azərbaycan şirkəti Avropa və Mərkəzi Asiya arasında internet üzrə bağlantı rolunu oynamaq istəyir. Siz Azərbaycan üzərindən Avropadan Mərkəzi Asiyaya birbaşa bağlantını nəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və ya qeyri-mümkün olduğunu düşünürsünüz? - Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik. Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik. İnternet bağlantısına gəldikdə isə biz IT sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət, mənim bildiyimə görə öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir. - Növbəti sualım belədir. Bir aydan çox davam edən toqquşmalardan sonra cəbhədə hazırda həyata keçirilən hərbi əməliyyatların necə olduğunu bizə təsvir edə bilərsinizmi? - Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmişdir. Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünki otuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə - şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal altında idi. Beləliklə, biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik. - Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər. - Bu, feyk xəbərdir. Hesab edirəm ki, indi hər kəs bunun Ermənistan tərəfindən feyk xəbər olduğunu başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Lakin onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Bu, birincisi. İkincisi, ballistik raket Ermənistanın ərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla nəzarət edə bilərlər. Onlar raketin haradan buraxıldığını və raketin hədəfinin nədən ibarət olduğunu bilirlər. Raketin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar. - Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz? - Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir. - Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizə hərbi irəliləyişi əldə etməyə imkan verirlərmi? - Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir. - İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı? - Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir. Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq. - Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kimdir? Bu, Rusiyadırmı? Mümkün ən yaxşı vasitəçi Rusiyadırmı? - Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik. Bu 3 vasitəçinin hər biri mühümdür. Mən müşahidə edirəm, görürəm və bilirəm ki, Dağlıq Qarabağ məsələsində onların çox nadir yekdil yanaşmaları olur. Bu, bəlkə də onların maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir. – Cənab Prezident, Siz hansı torpağı geri almaq istəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağa hazır olasınız? – Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik. – Beləliklə, bu, münaqişədən çıxmaq üçün Sizin planınızdır, Azərbaycanın planıdır. – Bəli. Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə, hər şey dayanar və biz danışıqlar masasına geri qayıdarıq. Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar. – Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınız necədir? – Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünki XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir. - Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda antierməni poqromları var idi. Ona görə də ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar. – Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlara başladılar. Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ona görə də bu, insanların barışa bilməməsi üçün bir növ səbəb olmamalıdır. Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var. -Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar? -Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq. -Beləliklə, Siz düşünmürsünüz ki, Türkiyənin Mərkəzi Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistanı silmək planı var? – Xeyr, bu, yenə də erməni fobiyaları və erməni təxribatlarıdır. Mənim Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə etdiyim sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qısadır. Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistanı silmək istəyirlər. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacağıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır. – Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir? – Bəli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq. Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq. -Layihələri icra edərkən Siz dini nəzərə almırsınız? – Xeyr, bizim Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək. -Təşəkkür edirəm, çox yaxşı müsahibə idi, cənab Prezident. – Təşəkkür edirəm.  video

Read more
Təqaüdçü polkovnikdən Azərbaycan ordusu ilə bağlı böyük addım
Təqaüdçü polkovnikdən Azərbaycan ordusu ilə bağlı böyük addım

Əslən Zəngilandan olan, 95 yaşlı İkinci Dünya Müharibəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin veteranı, istefada olan polkovnik-leytenant Süleymanlı Bəxtiyar İbrahim oğlu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.   O, təqaüdündən topladığı 10.000 manat pulu fonda köçürüb.

Read more
Polkovnik topladığı bütün pulunu Ordumuza verdi
Polkovnik topladığı bütün pulunu Ordumuza verdi

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov alqışalayiq addım atıb. Axar.az xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib: “Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”

Read more
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlı
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi.   Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır. Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Read more