Latest news
Mayın 11-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilən tədbirdə Respublika Veteranlar Təşkilatı veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə hospitalın bir qrup tibb işçilərini mükafatlandırmışdır. Mərasim ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəis müavini, tibb xidməti polkovniki Vüqar Mürsəlov tədbiri açıq elan edərək bildirdi ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, hərbi səhiyyə sahəsi də durmadan inkişaf edir. “Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan tibbi avadanlıq və cihazlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür.” Daha sonra veteranlara göstərilən tibbi qayğıdan danışan Vüqar Mürsəlov vurğuladı ki, bu hərbi səhiyyə müəssisəsi yarandığı gündən zabit və əsgər heyətinə, həmçinin veteranlara daim yüksək səviyyədə tibbi xidmət göstərir. Arzu edirəm ki, veteranlar xəstələnməsinlər. Bu gün yaşının ahıl çağında olan II Dünya müharibəsi veteranlarına "sağ olun" deyirik. Biz təkcə sözlə deyil, həm də əməllə qəhrəmanlarımıza diqqət göstərməyə çalışırıq. Veteranların həyat və fəaliyyətləri nəsillər üçün örnək, özləri isə bizlər üçün canlı əfsanə simvoludurlar. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov Baş Klinik hospitalla Təşkilatın sıx əməkdaşlığını yüksək qiymətləndirərək dedi: “Millət, dövlət güclüdür ki, hörmətlə yad edilməli qəhrəmanları var. Bizim vəzifəmiz müharibə veteranlarının qəhrəmanlığını, cəsarətini və sonsuz Vətən sevgisini elə onların öz dilindən nəsillərin diqqətinə çatdırmaqdır. Lakin bu gün yaşı 90-nı keçən veteranlarımız xəstələnirlər. Bu səbəbdən də bu gün onların sağlamlıqlarının bərpası üçün tibbi təminat məsələləri vacibdir. Hospitalda həqiqətən veteranlar, maksimum diqqət və qayğı ilə əhatə olunublar və onların sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir . Burada yaradılan şərait qısa vaxtda xəstələrə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verir. Bu sahədə görülən işlər, doğrudan da yüksək səviyyədədir. Dünya müharibəsi veteranlarına xüsusi münasibət cəmiyyət tərəfindən də təqdir olunur. Bütün bunlar Azərbaycan dövlətinin yalnız bu gün xidmət edən hərbçilərin sağlamlığına və onların problemlərinin həllinə həssaslıqla yanaşdığının, bu insanların hər cür diqqət və qayğı ilə əhatə olunmalarının bariz nümunəsidir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov hospitaldamülaicə alan müharibə veteranlarını ziyarət etdiyi zaman aldığı təəssüratları da tədbir iştirakçıları ilə bölüşdü. “Səmimi deyim ki, hospitalda rahat və təmiz ev şəraiti hökm sürür. Burada olan unikal tibbi avadanlıq və cihazlar xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyəimkan verir. Xəstələrin müalicəsinə olduqca həssas və diqqətli yanaşan həkimlər və tibb bacıları daim yüksək peşəkarlıq göstərirlər. Veteranlar bu tibb ocağında sağalır, yenidən sağlam həyata qayıdırlar. Mən xüsusilə kardiologiya bölməsinin fəaliyyətini qeyd etmək istərdim. Veteranlara göstərdiyiniz bu cür dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm.” Sonda veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkim və tibb bacısı Respublika Veteranlar Təşkilatının yubiley medalları və fəxri fərmanı ilə mükafatlandırıldılar. Çıxış edən həkimlər verdikləri dəyərə görə Respublikası Veteranlar Təşkilatına təşəkkür edib, veteranlara göstərdikləri xidmətin vəzifə borcu olduğunu bildirdilər. Tədbirdən sonra xatirə şəkilləri çəkdirildi.
Read moreAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin ifasında Qələbənin 73 illik yubileyi münasibəti ilə hazırladığı konsert və bəstəkar Şahin Musaoğlunun hərbi-vətənpərvərlik mövzusunda mahnılardan ibrarət “Cənab leytenant” patriot qrupunun, Nuray Rəhman, Şəmistan Əlizamanlı və başqalarının ifasındakı musiqi proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı. Sonda veteranlara hədiyyələr təqdim olundu.
Read more07 may 2018-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 73-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və İsmayıl Fərəcov Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.
Read more
Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub Rusiya Federasiyası "Qələbənin varisləri" beynəlxalq İttifaqının Qırğızıstan Respublikasındakı nümayəndiliyinin dəstəyi ilə 10 aprel 2018-ci il tarixdə veteran təşkilat əməkdaşlarının Tyan-Şan dağının Qırğızıstan ərazisində yerləşən “Müəllim zirvəsi”nə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya iştirakçıları 17 aprel 2018-ci il tarixdə Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar 4530 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq həmin zirvəyə üzərində Heydər Əliyevin şəkli təsvir edilmiş bayraq sancmışlar. “Qələbənin varisləri” beynəlxalq İttifaqının növbəti ekspedisiyası isə yaxın vaxtlarda Elbrus dağının hündür zirvələrindən birinə planlaşdırılır. “Qələbənin varisləri” beynəlxalq İttifaqının bu ekspedisiyaya qoşulan iştirakçılarının məqsədi veteranların Azərbaycanın ümummili lideri Heydər Əliyevə olan hörmət və diqqətinin beynəlxalq aləmdə bir daha nümayiş etdirilməsidir. Elbrus yürüşünün Ümummili liderin 95 illik yubileyi gününə qədər başa çatması nəzərdə tutulur.
Read more
II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində veteranlarla görüşlər, mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur. Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbrin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar bu gün hər birimiz üçün əzizdir. Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində SSRI - də çıxarılan neftin 69%-ni Bakı vermişdi. Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdır. Azərbaycan xalqı bu gün də müharibədəki iştirakı dövrü ilə fəxr edir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır». Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 73 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə veteranlar adından minnətdarlığını bildirmiş, Nəsimi rayonunda veteranlarla aparılan işi yüksək qiymətləndirərək Veteranlar Təşkilatının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 100 illiyi münasibəti ilə təsis etdiyi Yubiley medalını Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərova təqdim etmişdir. Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm sərgisi nümayiş olunmuşdur. 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Daha sonra 1941-1945 abidəsinin önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, abidənin önünə tər çiçəklər düzmüşlər. Tədbirin sonunda təşkil edilmiş çay süfrəsi arxasında veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr təqdim edilmişdir. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən veteranların yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.
Read more
04 may 2018-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illlik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevlə birgə işləmiş, onun idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, ölkənin tanınmış insanları, o cümlədən, Heydər Əliyev dövründə Prezidentin hərbi məsələlər üzrə köməkçisi olmuş general-polkovnik Tofiq Ağahüseynov, Sərhəd Qoşunlarının Komandanı olmuş, general-mayor İskəndər Allahverdiyev, Sərhəd Qoşunlarının Komandanının birinci müavini olmuş, general-leytenant İnayət Xəlilov, Neft Sənayesi naziri olmuş Kamil Akimov, Kənd Təsərrüfatı naziri olmuş Kamil Seyidov, Mərkəzi Komitənin əməkdaşı olmuş Aydın Əliyev, Kənd Təsərrüfatı Nazirinin müavini olmuş İmran Əbilov, Milli Məclisin deputatları olmuş Viktor Timoşenko, Bəhram Zahidov, RVT Rəyasət Heyətinin üzvü Musa Bağırov, Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, ziyalılar, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbir başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, sözü Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova vermişdir. C.Xəlilov Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verərək demişdir: “Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi, xalqımız qarşısında tarixi xidmətləri olan ulu öndər Heydər Əliyevin 95 illlik yubileyini etmək üçün toplaşmışıq. Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim əziz tutulur. Hazırda ölkənin müxtəlif ərazilərində keçirilən silsilə tədbirlər bunu bir daha sübuta yetirir ki, vaxtılə səsləndirilmiş “Heydər – xalq, xalq – Heydər” tandemi əbədidir və bu iki məfhumun ayrılmazlığı zaman keçdikcə daha qabarıq şəkildə üzə çıxır. Heydər Əliyev zamanın fövqündə dayanan, illər keçdikcə dühası və əzəməti daha qüdrətli və parlaq şəkildə üzə çıxan nadir şəxsiyyətlərdəndir. Bu günədək Heydər Əliyev haqqında yazılan kitablar, çəkilən filmlər, neçə-neçə məşhur insanların dediyi fikirlər onun şəxsiyyətinin bütün çalarlarını əhatə edə, bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməyib. Onlar ən yaxşı halda Heydər Əliyev şəxsiyyətinin bir neçə cəhətini ümumiləşdirməyə, yaxud həyatının müəyyən dövrü ilə bağlı həqiqətləri yenidən dəyərləndirib üzə çıxarmağa nail olublar. Bu isə gələcəkdə onun barəsində yeni-yeni kitabların yazılmasını, filmlər çəkilməsini zəruri edir. Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenaur və digərlər ilə bir sırada dayanır. Artıq Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasının 27-ci ilini yaşayır. Azərbaycan xalqının tarixi nailiyyətimiz olan Dövlət müstəqilliyinin bərpası yolunda hansı bəlalarla qarşılaşdığı hamınıza yaxşı məlumdur. Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışırdılar. Müstəqillik ideyasının geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20 Yanvar qırğını törətdi. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında 20 Yanvarda xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verdi və bununla da xalqın müstəqillik uğrunda mübarizəsinə yeni təkan verdi. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi və buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyətin gərginləşdirmişdi. Bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter alımış, Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı”. Cəlil Xəlilov daha sonra demişdir: “Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu”. Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışmışdır. Tədbirdə general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək demişdir: Bugünkü çıxışlarda Heydər Əliyevin dövlət quruculuğunun müxtəlif sahələrindəki geniş fəaliyyətindən bəhs edildi, onunla bağlı olduqca maraqlı xatirələr danışıldı. Mənsə bu dahi şəxsiyyətin ordu quruculuğu istiqamətində gördüyü işləri yada salmaq istəyirəm. Bilirsiniz ki, sovet dövründə Azərbaycanın hərbi cəhətdən inkişafı məsələlərinə yumşaq desək soyuq yanaşılırdı. Azərbaycanlılar hərbi xidmətdə qeyri-döyüş istiqamətlərində, daha çox da tikinti sahəsində xidmət edirdilr. Heydər Əliyevə qədər Azərbaycanın heç bir rəhbəri də bu məsələlərə lazımi diqqət göstərmədiyindən bizdə hərbi mütəxəssislər son dərəcədə az idi. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdə, 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkilinə nail oldu. O, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasını da daim diqqət mərkəzində saxlayırdı. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyin bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında mühüm rolu oldu. Müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə imkanları o qədər də çox deyildi. Ancaq Heydər Əliyev həmin məhdud imkanlarla müasir ordu quruculuğu istiqamətində çox böyük işlər görülməsinə nail oldu. Azərbaycanın müasir ordusunun strukturu yaradıldı və sonrakı mərhələdə Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu işlər inamla və daha geniş miqyasda davam etdirildi. Azərbaycan ordusu ən müasir silahlar və texniki vasitələrlə təmin edildi. Bu gün bizim ordumuz regionun ən qüdrətli ordusu olmaqla, dünyanın 50 ən güclü və müasir ordusu sırasında yer alır. Bu çox böyük səylər və gərgin zəhmət nəticəsində mümkün olub və biz ölkənin müdafiə qüdrətinin indiki yüksək səviyyəsinə görə Heydər Əliyevə minnətdarıq. Bu gün ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən veteranlara qayğı və hərtərəfli diqqət siyasətinin əsası da Ulu öndər tərəfindən qoyulub və biz veteranlar bunu daim yüksək qiymətləndiririk. Heydər Əliyevin Azərbaycan dövləti və onun xalqı qarşısındakı tarixi xidmətləri gənc nəslə dolğunluğu ilə çatdırılmalı, onların bu dahi şəxsiyyətin əbdiyaşar iursinə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparılmalıdır. Çünki bu irs Azərbaycanı daim qələbələrə aparmağa qadirdir. Daha sonra Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, general-leytenant İnayət Xəlilov, RVT Rəyasət Heyətinin üzvləri Viktor Timoşenko, Bəhram Zahidov və Musa Bağırov, keçmiş nazirlər Kamil Akimov və Kamil Seyidov, Aydın Əliyev və başqaları çıxış etmiş, Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini yada salmış, onuin Azərbaycan dövləti və xalqı qarşısındakı fəaliyyətindən danışmışlar. Sonda tədbir iştirakçıları görkəmli kinorejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi 5-ci televiziya filminin qısa variantına tamaşa etmişlər.
Read more
Respublika Veteranlar Təşkilatında tədbirdə çıxış edən Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin çoxillik tarixi və xüsusi əhəmiyyəti vardır. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyət hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət, eləcə də gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətlərində müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim Təşkilatın fəaliyyətinə dəstək olub. Bugünkü görüşün keçirilməsi də qeyd olunanlara əyani sübutdur. Alman faşizmi üzərində qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik edən Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hazırda Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarına dövlət tərəfindən, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi bugünkü görüşün məqsədinin də məhz bu olduğunu bildirib. A.Rəhimov İkinci Dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhfələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışıb. General-leytenant Arzu Rəhimov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim etdi. Daha sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələrini təqdim edərək onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığını vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi qayğıya və general-leytenant Arzu Rəhimovun onlarla görüşə gəldiyinə görə veteranlar adından təşəkkürlərini çatdırıb.
Read more
Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, “Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur. Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib. “Rusiya Qadınlar İttifaqı” təşkilatı tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilən məktuba əsasən onların arasında azərbaycanlılar da var. "Məktubda qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədilə səfirlik tərəfindən ictimaiyyətə təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan Respublikasının aidiyyəti qurumlarına da göndərilib. Onu da bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə edəcəyimiz təqdirdə, ictimaiyyətə məlumat veriləcək", - deyə səfirliyin məlumatında bildirilib. Siyahıda adları olan Azərbaycan sakinləri aşağıdakılardır (ad-soyadlarda yanlışlıq ola bilər): 1913-cü il təvəllüdlü Qureyev Satar 1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini) 1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini) 1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini ) 1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini) 1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf.
Read more
Ukraynanın “İnter” telekanalının İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirməsi artıq ənənə şəklini almışdır. Bu tədbirlərə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının, Ukraynanın Müdafiə Nazirliyi və aidiyyatı dövlət orqanlarının nümayəndələri, digər media qurumlarının təmsilçiləri qatılırlar. Son iki ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də bu tədbirlərdə iştirak edirlər. Bu tədbirlərdə eyni zamanda, Ukraynanın veteran təşkilatları təmsilçilərinin MDB-nin və digər ölkələrin veteranları ilə müxtəlif formatlı görüşləri təşkil olunur. Həmin görüşlər çərçivəsində onların İkinci dünya müharibəsi cəbhələrində keçdikləri döyüş yolları xatırlanır, ayrı-ayrı media qurumlarının təmsilçiləri veteranlardan müsahibələr götürür, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının onlara münasibəti barədə məlumatlar alınır. Bir qayda olaraq həmin tədbirlər zamanı “İnter” telekanalının faşizm üzərində qələbənin ildönüm günləri ilə bağlı xüsusi bayram verilişləri hazırlanır və mayın 9-da telekanalın efirində yayımlanır. Tədbirlərin gedişində əldə olunmuş bütün məlumatlar bayram gününədək “İnter” media qurumunun elektron informasiya portalında və müxtəlif saytlarda yerləşdirilir. İkinci Dünya Müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ilə bağlı aprelin 16-17-də, iki gün ərzində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən növbəti tədbirlərdə Azərbaycanı Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri - İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin Təşkilati və kadrlarla iş şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev iştirak etmişlər. “İnter” telekanalı 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başlatdığı layihə çərçivəsində hər il “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunu nəşr edərək ölkənin ictimai təşkilatları və veteranlar arasında yayır. Fotoalbomun 2018-ci ildə nəşr edilmiş üçüncü cildi də maraqla qarşılanmışdır. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan həmin cildə bu gün həyatda olan İkinci dünya müharibəsinin 100 nəfər iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. Fotoalbom həmin insanların döyüş yolunun və müharibədən sonrakı həyatının mühüm və təsirli məqamlarını əks etdirir. Hər səhifəsi canlı tarixin bir parçası olan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. 16-17 aprel 2017-ci ildə baş tutan tədbirlərdə “İnter” telekanalının 9 may günü ilə bağlı verilişlərində nümayiş etdiriləcək 4 saata yaxın xüsusi konsert proqramının çəkilişləri aparılmışdır. Ukraynanın tanınmış musiqiçilərinin ifasında həmin verilişlərdə səslənəcək Vətən, torpaq, müharibə, qələbə, gənclik və s. mövzuları əhatə edən mahnılar veteranları müharibə illərinə qaytarmış, onların, eləcə də tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Çəkilişlərdə İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev iştirak etmişlər. 7 saata yaxın davam edən bu çəkilişlərin gedişində U.Kəngərli və L.Babayevdən 2 müxtəlif TV kanalının və bir saytının müxbirləri tərəfindən müsahibələr götürülmüş, U.Kəngərlinin digər ölkələrdən olan veteranlarla döyüş yolu barədə söhbəti lentə alınmışdır. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə ölkəmizin verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə keçirildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi, onların ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdikləri qeyd olunmuşdur. Azərbaycan nümayəndələri eləcə də, tədbir iştirakçılarına Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. Həmin gün axşam Azərbaycan, Estoniya, Litva, Gürcüstan, Rusiya Federasiyası və Belarus veteran təşkilatlarının nümayəndələrinin Ukraynalı həmkarları ilə görüşü keçirilmişdir. Görüşdə Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov və digər nümayəndələri iştirak etmişlər. Görüş iştirakçıları veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışmışlar. RVT-nin nümayəndəsi Ukrayna, Gürcüstan, Estoniya, Litva veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunması, daim qayğı ilə əhatə olunması barədə onları və bu görüşə qatılan “İnter” telekanalının əməkdaşlarını məlumatlandırmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə postsovet məkanı ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğu vurğulanmış, göstərilən məsələlərdə fəallıq xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirilmişdir. Estoniya veteran təşkilatının nümayəndəsi, Estoniyanın Front Line axtarış saytının baş redaktoru Andrey Lazurin İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli ilə geniş müsahibə götürmüş, bu materialın həm saytda yerləşdiriləcəyini, həm də xüsusi sənədli filmdə istifadə ediləcəyini bildirmişdir. Tədbirlər çərçivəsində RVT Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Həzi Aslanov” yubiley medalı və tədbirin digər təşkilatçılarına qiymətli hədiyyələr, o cümlədən Azərbaycan şiriniyyatının müxtəlif nümunələrindən ibarət buketlər təqdim edilmişdir. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər. Tədbir iştirakçıları "Naməlum Əsgər" abidəsini və Qələbə parkında yerləşən digər abidələri ziyarət etmiş, abidələrin önünə tər gül dəstələri qoymuşlar. Tədbirin qonaqları üçün Kiyevin görməli yerləri ilə tanışlıq məqsədilə gəzinti təşkil edilmiş, “İnter” TV-nin nümayəndələri veteranları gəzinti zamanı müşayiət etmiş, foto və video çəkilişlər aparmışlar. Tədbirlər zamanı “İnter” telekanalının təmsilçiləri, o cümlədən Admistrasiyasının rəhbəri İrina Butko, Admistrasiyanın şöbə müdiri Olqa Bezux və əməkdaşlarıı Valentina Sandulenko və Yulya Savonova teranlara xüsusi qayğı və diqqət göstərmişlər.
Read more
Tədbir başlamazdan əvvəl Soyqırım qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Respublika Veteranlar Təşkilatı Mərkəzi Aparatının əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov açmışdır. O demişdir: “Bu gün mart soyqırımının törədilməsindən 100 il ötür. 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan itkin düşmüşdür. Biz həmin soyqırımın və sonrakı illərdə ermənilərin tərəfindən törədilmiş qətliamlar barədə bütün dünyanı, xüsusilə beynəlxalq təşkilatları, elmi mərkəzləri məlumatlandırmalı, dünya ölkələrinin parlamentlərini, müvafiq dövlət orqanlarını bu məsələyə obyektiv, rəsmi münasibət bildirmələrinə nail olmalıyıq”. Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək demişdir: “Bu soyqırımın təməli 2 əsr öncədən qoyulmuşdu. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 19-cu əsrin əvvəllərindən etibarən ilk öncə çar Rusiyası, sonra Sovet İmperiyasının dəstəyi ilə azərbaycanlıları min illərlə yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurmuşlar. Nəhayət 1948-1953-cü və 1988-ci deportasiyasından sonra qədim türk yurdlarında monoetnik Ermənistan yaradılmışdır. Ermənilər tərəfindən Azərbaycanlı soyqırımları xüsusən 20 əsrdə daha böyük vüsət almışdır. 1905-1907-ci illərdə Bakıda, Azərbaycanın digər ərazilərində və indi Ermənistan adlanan torpaqlarda azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirimişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bakıda hakimiyyəti ələ keçirən bolşevik Stepan Şaumyanın bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığına nail olması ilə hələ 1918-ci ilin yanvarında həmin qırğınlara cəhd edilmiş, lakin Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar planı baş tutmamışdı. 1918-ci ilin mart ayından çar ordusundan tərxis olunan silahlı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. Təxminən 7 min erməni əsgəri və 70%-i ermənilərdən ibarət olan "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordu müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bolşevik-erməni koalisiyası təqribən 20 minə yaxın qoşunla iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məhv etmək məqsədilə Gəncə istiqamətində cəbhə boyu hücuma keçmişdi. Ancaq tərkibi türk və azərbaycanlı əsgərlərdən ibarət olan Qafqaz İslam Ordusunun səyləri nəticəsində bu qara niyyətin qarşısı alındı. Bakı da daxil olmaqla Gəncə istiqamətində bütün ərazilər azad edildi”. Mart soyqırımının araşdırılması barədə danışan məruzəçi daha sonra demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də mart hadisələrini təhqiqi məqsədilə xüsusi Fövqəladə İstintaq Komissiyası yaratmışdır. Komissiyanın hesabatında qanlı hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Həmin vaxt həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmçinin Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Nəhayət ermənilərin Azərbaycanlılara qarşı soyqırımı törətməsinə Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə siyasi qiymət verildi. Həmin tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir”. Tədbirdə digər çıxışlarda 31 mart hadisələri ilə yanaşı, həmçinin ermənilərin xalqımıza qarşı 20-ci əsrdə törətdiyi sonuncu Xocalı soyqırımı barədə də danışılmış, ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkarlıq nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınması, ərazimizin 20 faizinin işğal olunması və bu günədək işğal altında saxlanıldığı qeyd edilmişdir.
Read more
Möhtərəm prezident, Cənab Ali Baş Komandan! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı çoxsaylı veteran ordusu və Təşkilatın Rəyasət Heyəti adından Sizi 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbə münasibəti ilə ürəkdən təbrik edir, Vətənin tərəqqisi və xoş gələcəyi yolundakı fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Sizin Azərbaycan qarşısındakı tarixi xidmətləriniz, ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artması sahəsindəki geniş fəaliyyətiniz xalq tərəfindən daim yüksək qiymətləndirilir. Siz ulu öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı kimi onun başlatdığı qüdrətli, müasir dövlət, güclü cəmiyyət və firəvan xalq modelini yeni mərhələdə inkişaf etdirməklə Azərbaycanın sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir məkana çevirmisiniz. Bu gün dünyanın əksər ərazilərində çaxnaşmaların, qanlı qarşıdurmaların baş verdiyi şəraitdə ölkəmizdə hökm sürən əmin-amanlıq və vətəndaş sülhü Sizin düşünülmüş daxili və xarici siyasətinizin nəticəsidir. Veteranlar bütün bunları yüksək qiymətləndirir, göstərdiyiniz hərtərəfli qayğı və diqqətdən bəhrələnərək ölkənin gələcək tərəqqisi naminə daim Sizinlə olduqlarını bir daha əzmlə bəyan edirlər. İnanırıq ki, uğurlu siyasi xəttiniz və gərgin səyləriniz Qarabağın azad olunmasına yol açmaqla, daha güclü, qüdrətli Azərbaycanın qurulmasına zəmin yaradacaqdır. Dərin hörmətlə, Respublika veteranları və RVT Rəyasət Heyəti üzvləri adından: Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov
Read more
Möhtərəm cənab Ali Baş Komandan! Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda veteranlara hərtərəfli qayğı və diqqət siyasəti bu gün Sizin tərəfinizdən uğurla və inamla davam etdirilir. Göstərilən yüksək münasibət Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hazırda gənc nəslin vətənpərvərlik tərbiyəsində bilik və bacarığını əsirgəməyən, yaşının ahıllıq çağına çatmış biz veteranları qəlbən sevindirir, həyat eşqimizi daha da artırır. Sizin bu günlərdə imzaladığınız sərəncam veteranlara qayğının növbəti təsdiqi oldu. Həmin sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində veteranlarda əsl bayram ovqatı yaratmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Veteranlar həmişə Sizinlədir. Dərin hörmətlə, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyəti adından Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov
Read more