Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, 21-23 Yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılğı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” Beynəlxlaq Karate Turniri keçiriləcək. Ənənəvi yarışda 10-dək ölkədən 40-dan artıq klubu təmsil edən 400-dək idmançının iştirakı gözlənilir. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq. 6-7 və 8-9 yaşlı uşaqlar 21 Yanvarda, 10-11 və 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr ertəsi gün, 16-18 və 21 yaşadək gənclər isə bazar günü mübarizə aparacaq.Bakı İdman Sarayında beynəlxalq xatirə turnirinin təntənəli açılış mərasimi 21 Yanvarda olacaq.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu AzTU-nun elm və innovasiya üzrə prorektoru, prof.dr. Çetin Elmas, TUSAŞ-ın baş direktoru, prof.dr. Temel Kotil və TUSAŞ Uçuş Akademiyasının rəhbəri, dr. Mehmet Demiroğlu imzalayıb. Sənədə əsasən, AzTU-nun tələbələri TUSAŞ–da 4 ay müddətində təcrübə proqramı keçəcəklər. Təcrübə proqramında iştirak üçün AzTU-nun bakalavr (4-cü kurs), magistrant və doktorantları arasından ilkin olaraq 25 nəfər seçiləcək. Tələbələrin Türkiyədə bütün xərcləri TUSAŞ tərəfindən qarşılanacaq. Eyni zamanda, tələbələrə təcrübə proqramı müddətində gördükləri işin müqabilində əməkhaqqı da veriləcək. Dissertasiya və müdafiə işləri mövzularını TUSAŞ-dan götürən tələbələrə tədqiqat aparmaları üçün bütün şərait yaradılacaq. AzTU-nun tələbələri TUSAŞ-ın mütəxəssisləri ilə birgə bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalına hazırlaşmaq imkanı da əldə edəcəklər. Bundan başqa, TUSAŞ-ın bu il AzTU-da karyera sərgisi keçirməsi də nəzərdə tutulub. Qeyd edək ki, TUSAŞ hər növ hava və kosmik vasitələrin dizaynı, istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsini hamımız izlədik. Cənab Prezident xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox mətləblərə toxundu. Sülhməramlıların fəaliyyəti barədə söylədikləri fikirlərə diqqət yetirəndə görürük ki, sülhməramlıların fəaliyyətinin müsbət tərəflərinin nəzərə alınmaması ədalətsizlik olar. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində. Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Azərbaycan maşınların da, insanların da sayını bilir, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər. Fransada Prezidentliyə namizəd olan xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri barədə məsələyə münasibət bildirən cənab İlham Əliyev qeyd etdi ki, bu səfər ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Səfər zamanı verilən təxribat xarakterli bəyanatların əsas səbəbi Fransada keçiriləcək növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır. Fəaliyyəti birmənalı qarşılanmayan Minsk qrupu barədə açıqlama da, fikrimcə xarici mətbuatda çox müzakirə olunacaq açıqlama idi. Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, Mins qrupu danışıqlarla bağlı öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir. Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Minsk qrupu, əslində, qalan ölkələri danışıqlar prosesindən təcrid edib. Eyni zamanda, qrup daxilində də narazılıq var. İqtisadi məsələlər də həmişə ölkə başçısı üçün prioritet məsələ olub. Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Elə bir hal olmayıb ki, Azərbaycan kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olsun. Xarici siyasətdən danışarkən Qoşulmama Hərəkatına üzv olan ölkələrin iki dəfə Azərbaycanın lehinə səs verdiyini nəzərə çatdıran Prezident qeyd etdi ki, bir dəfə ölkəmizin rəhbərlik etməyinə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, Azərbaycanın sədrliyi daha bir il uzadılsın. İnstitusionallaşdırma yolu ilə getmək lazımdır. Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşü yüksək səviyyədə təşkil olunmalıdır. Məıum oldu ki, Azərbaycan Parlament elementini yaratmaq niyyətindədir. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq təqdirəlayiqdir. Məhz Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə 80-dən çox ölkəyə maliyyə yardımı göstərilib. Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Azərbaycan dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Şükürlər olsun ki, artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb. Dövət başçısı ermənilərin tez-tez dəyişən mövqeyini yada salaraq güc dövlətlərinin Azərbaycanla Ermənistana münasibətdə fərqli nümayiş sərgilədiyini diqqəfə çatdırdı: "Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Bu cür yanaşma uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Ölkəmizin isə mövqeyi birmənalıdır. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. Balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. Qərəzli yanaşmaları nəzərə alaraq, Demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir". Cənub Qaz Dəhlizi barədə deyilənlər hazırda regionda marağı olan ölkələr üçün çox önəmli idi. Çünki bu layihənin reallaşması birmənalı şəkildə tarixi hadisədir. Sözügedən nəhəng enerji layihəsini çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Buna görə Azərbaycan bir neçə ölkəni səfərbər edib. Gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək. Orada bütün aparıcı banklar iştirak edir - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı. Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki qaz böhranı onları böyük dərəcədə sarsıtdı - həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması. Məlum oldu ki, cari ildə təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Qazın 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Eyni zamanda, daxili tələbat da artır və artacaq. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına sərf olunacaqdır. İnfrastruktur nöqteyi-nəzərindən ölkəmizin qazı bir çox ölkələrə çatdırıla bilər. Nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Prezident İlham Əliyev beynəlxalq hüquq və hazırda güc dövlətlərinin ona yanaşmasını da çox gözəl təsbit etdi: "Bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Bu siyasi sinizmdir. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək. Onlar indi peşmançılıq çəkirlər...". Hər bir dövlət öz gücünə arxalanmalı, beynəlxalq aləmdə özü öz hüquqlarını qorumalıdır; Azərbaycan kimi. Məşhur Məmmədov, Millət vəkili
Hamısını oxu
Qarabağın tacı sayılan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus əhəmiyyətli yer tutur. Dini-mədəni və tarixi abidələri, sarayları ilə məşhur olan Şuşa ədəbiyyat, incəsənət, siyasət və digər sahələrdə bir çox dahi və nüfuzlu şəxsiyyətlər yetişdirmişdir. Bu qədim diyar Azərbaycanın milli-mənəvi və mədəni irsinin təşəkkül və inkişafına mühüm töhfələr vermişdir. Bu mənada, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan İlahiyyat İnstitutu ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq, 05 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı təşkil edəcək. Konfransın məqsədi şəhərin milli-mənəvi və sosial-mədəni irsinin tarix, siyasət, ədəbiyyat, incəsənət, memarlıq, din və fəlsəfə kimi müxtəlif aspektlərdən araşdırılmasıdır. Bu istiqamətdə əsas vəzifə elmi tezis və məqalələrin nəşr olunaraq elmi-ictimai mühitə çatdırılmasıdır. Həmçinin aparılacaq elmi tədqiqat və müzakirələrə şərait yaratmaq, bu layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə Respublikanın digər elmi tədqiqat institut və mərkəzləri arasında əməkdaşlığı genişləndirməkdir. Konfransın əsas mövzu və istiqamətləri:– Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi;– Azərbaycanın ictimai-siyasi düşüncə tarixində Şuşa və şuşalı dövlət xadimləri;– Şuşanın Azərbaycan ədəbi irsində yeri;– Şuşada incəsənət və memarlıq nümunələri;– Şuşanın milli-mənəvi irsimizin təşəkkül və inkişafında rolu;– Şuşada dini-mədəni abidələr;– Şuşa – Azərbaycanın multikultural mədəni irsində;– Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində Qarabağ Zəfəri. Məqalələrin qəbul qaydaları: 1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.3. Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: ilahiyyatkonfransshusha@gmail.com4. Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.6. Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Məmmədov 2007, 17-21).Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda, (Məmmədov 2007(1), 31-36) və ya (Məmmədov 2007 (2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Məmmədov Emil (2007/1), 31-36) və ya (Məmmədov Emil (2007/2), 42-55).8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır. Məqalələrin təqdim olunması üçün son tarix: 17.03.2022Qəbul edilən məqalələrin elan edilmə tarixi: 11.04.2022Əlaqələndirici şəxslər: Elnarə Ağaoğlu (+99412) 510 65 45(+99470) 250 05 27Şahin Ələsgərov (+99412) 510 65 45(+99455) 529 93 80Emil İsbatov (+99412) 510 65 45(+99455) 200 21 03
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib. Veteranların və 44 günlük Vətən müharibəsi iştirakçılarının qatıldığı konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin əsl sərkərdəlik məharəti sərgilədiyini vurğulayan Fatma Səttarova, işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyətin Azərbaycan tarixinə qızll hərflərlə həkk edildiyini bildirib. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb: “Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb ki, bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun prezidenti ətrafında birləşməsi zəruridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir. Son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur. Bəzi hallarda müxtəlif şəxslərin qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslər qanunsuz əməlləri ifşa olunmalıdır. Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolvverilməzdir və qaziləri bu kimi halllarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun prezidentinin ətrafında birləşməyə səsləyirik. Qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər. Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”. Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları da dövlətin onlara olan diqqət və qayğısından məmnunluqla bəhs etməklə yanaşı, cəmiyyətdə bəzi hallarda mənfi təzahürlərə də rast gəldiklərini vurğulayıblar. Aparılan müzakirələrdən məlum olub ki, dövlət başçısının xəbərdarlığına rəğmən hələ də bəzi məmurlar tərəfindən müharibə iştirakçılarına laqeyd münasibət, o cümlədən süründürməçilik halları mövcuddur ki, bu da qazilərdə haqlı narazılığa səbəb olur. Konfransda mənfi təzahürlərə qarşı birgə mübarizənin zəruriliyi qeyd olunub və bu cür hallarla qarşılaşan qazilərə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət etmək, öz hüquqlarını təmin etmək üçün təşkilatın imkanlarından faydalanmaq tövsiyə olunub. Konfransda iştirak edən xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynovun, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədovun, polkovnik-leytenant Şahin Məmmədovun, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyevin çıxışları da böyük maraqla qarşılanıb və konfrans iştirakçıları tərəfindən təqdir olunub. Konfransın sonunda bir daha tədbir iştirakçılarına üz tutan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova qaziləri dövlət başçısının ətrafında sıx birləşməyə, dövlətimizin daha da güclənməsi prosesində aktiv iştirak etməyə səsləyib. Daha sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
“Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi”. Azərtac xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib. “Dövlətimizin başçısı qeyd edib ki, bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Gəncə İş Adamları İctimai Birliyi İdarə Heyəti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndəliyi arasında görüş keçirilib. TİKA Bakı nümayəndəliyinin yeni koordinatoru Fatih Yılmaz Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadi əlaqələrin də daima inkişafda olduğunu vurğulayıb. İdarə Heyəti Sədri Zəfər Məmmədov görüş zamanı həyata keçirilən tədbirlər, cari məsələlər və planlaşdırılan layihələrdən bəhs edərək, gələcək əməkdaşlığın önəmli olduğunu qeyd edib. Əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin yaxın zamanda TİKA Bakı nümayəndəliyi idarə heyətinin Gəncə şəhərinə səfəri ilə bağlı məsələ müzakirə edilib. Görüşün sonunda hədiyyə təqdim olunaraq, xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün şəhid Ülvi Alışovun doğum günüdür. Ülvi Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020 ci il sentyabrın 27 –də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Hamısını oxu
Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri Azərbaycan Respubikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2015-ci il tarixli, 187 nömrəli qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilmişdi. “Müharibə veteranı”: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək: Ermənistanla həmsərhəd rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşlara; 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd: Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək. Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə veteranı” adı və vəsiqəsi verəcək. Həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək. Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək. Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək. “Silahlı qüvvələr veteranı”: Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar; “Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. Qeyd: “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hərbi qulluqçulara həqiqi hərbi xidmət keçdiyi (qulluq etdiyi), ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi dövlət orqanından asılı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. respublikanın hərbi məhkəmələrdə və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. “Əmək veteranı”: Əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar; Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aiddiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rə`yinə əsasən müvafiq qərar qəbul edilir. Qeyd: Nəzərdə tutulmayan başqa hallarda (müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s.) “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Hamısını oxu
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində son illər Azərbaycan Ordusunun inkişafı istiqamətində atılan mühüm addımlara diqqət çəkdi, gələcəklə bağlı planlardan danışdı. Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü bütün dünyaya göstərdi. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi təxribatlar da Azərbaycanın üstünlüyü tamamilə öz əlində saxladığını sübut etdi. Komando qüvvələrinin yaradılmasına da toxunan dövlətimizin başçısı yeni hərbi qüvvələrin sayının yaxın gələcəkdə daha da artırılacağını bildirdi. Prezident İlham Əliyevin bu fikirlərini Azərtac-a şərh edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov komanda qüvvələrinin yaradılmasının mühüm önəm kəsb etdiyini vurğulayaraq deyib: “Komando qüvvələrinin yaradılması Azərbaycanın hərbi gücünün artırılmasından, ordumuzun döyüş hazırlığının yüksəldilməsindən xəbər verir. Ali Baş Komandanın da qeyd etdiyi kimi, bu qüvvələr istənilən tapşırığı yüksək səviyyədə icra etməyə hazırdırlar. Biz İkinci Qarabağ müharibəsində xüsusi təyinatlılarımızın şücaətinə şahid olduq və onlar bütün dünyaya əsl qəhrəmanlıq nümunəsi göstərdi. İndi isə komanda qüvvələrinin timsalında Azərbaycanda yeni hərbi qüvvələr yaradılıb. Bu qüvvələrin gələcəkdə daha da artırılması nəzərdə tutulur. Hesab edirəm ki, komando qüvvələrinin yaradılması Azərbaycan Ordusunun hərbi qüdrətinin, zərbə gücünün daha da artırılmasına mühüm töhfə verəcək”. Cəlil Xəlilov Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılması, dövlətimizin təhlükəsizliyi və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün yeni hərbi texnikaların alınmasının, bu məsələdə qardaş Türkiyə dövləti ilə hərbi əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirərək deyib: “Azərbaycan dövləti ordumuzun ehtiyaclarına uyğun olaraq dünyanın ən qabaqcıl ölkələrindən bir sıra hərbi texnikalar, silah-sursat alır. Bu proses gələcəkdə də davam etdiriləcək. Bununla bağlı Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı xüsusilə faydalı və səmərəlidir. Müharibə dövründə Türkiyədən alınan müşahidə və zərbə dronları Qələbənin qazanılmasına mühüm töhfə verdi. Azərbaycanlı mütəxəssislərin peşəkarlıqda idarə etdikləri bu dronlar düşmənin canlı qüvvəsinin, o cümlədən raket sistemlərinin, artilleriya qurğularının yerinin dəqiq müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Türkiyə istehsalı olan bu dronların məhv etdiyi raketlər həm də Gəncə, Bərdə, Tərtər və digər şəhərləri, mülki insanları atəşə tutur, günahsız insanların qətlinə yol açırdı. Məhz bu dronlar həmin raketlərin məhvinə imkan verdi. Bununla da yüzlərlə mülki şəxsin təhlükəsizliyi təmin edildi”. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, real döyüş əməliyyatlarında bu texnikaların, hərbi sistemlərin özünü yüksək səviyyədə doğrultması qardaş Türkiyənin, onun hərbi sənayesinin uğuru idi. Bütün bunlar göstərdi ki, Türkiyənin hərbi sənayesi dünyanın ən qabaqcıl hərbi sənayeləri ilə uğurla rəqabət aparmağa qadirdir və imkanlarını, nüfuz və təsir dairəsini sürətlə genişləndirməkdədir. Bu baxımdan istər “Aselsan”, istərsə də Türkiyənin digər hərbi təyinatlı şirkətləri ilə əməkdaşlıq Azərbaycan üçün olduqca önəmlidir. Bu, yalnız Ordumuzun müasir hərbi texnikalarla təminatı baxımından deyil, həm də Azərbaycanın hərbi sənayesinin inkişafı üçün böyük əhəmiyyətə malikdir. “İnanıram ki, yaxın gələcəkdə Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyacaq. Bu əməkdaşlıq yeni və müasir hərbi məhsulların istehsalında özünü göstərəcək. Əməkdaşlığın bu şəkildə inkişafı həm Azərbaycanın, həm də qardaş Türkiyənin maraqlarına uyğundur. Bu, həm də bütövlükdə türk dünyasının gücünün artmasına, onun təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”, - deyə C.Xəlilov əlavə edib.
Hamısını oxu
Azər Badamov: “Xaricdə yaşayan hər bir soydaşımız özü - özünə sual verməlidir ki, mən vətənim üçün nə etmişəm?” “Düşünürəm ki, bundan sonra xaricdəki imkanlı soydaşlarımız və təşkilatlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin xeyriyyəçilik yolunu davam etdirəcəklər” Bugünlərdə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın sağlamlıq imkanı məhdud olan 100-ə qədər qazimizi müasir əlil arabaları ilə təmin edib. Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin bu addımı xaricdə fəaliyyət göstərən digər Azərbaycan-türk mədəniyyət dərnəklərinə, diaspor təşkilatlarına, iş adamlarına da örnək sayıla bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin 100-ə qədər sağlamlıq imkanı məhdud qazini müasir əlil arabaları ilə təmin etməsinin təqdirəlayiq olduğunu bildirib: “Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlham Aşkının 100 əlil arabasını ehtiyacı olan qazilərimizə hədiyyə etməsini çox təqdirəlayiq hal hesab edirəm. Bu, həm də digər Azərbaycan-Türk Dərnəklərinə və diaspor təşkilatlarına bir nümunədir. Qazilərimiz vətənin torpaqları uğrunda öz sağlamlıqlarını itirmişdir. Bu böyük qələbəni bizə nəsib edənlər hər bir diqqətə və qayğıya layiqdirlər. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə başımızı bütün dünyada uca etmişdir. Bu gün dünyanın hər bir yerində yaşayan soydaşımız başını dik tutaraq Böyük Qələbəmizlə fəxr edir. Ona görə xaricədə yaşayan soydaşlarımız işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına və ya qazilərimizə dəstək göstərməklə vətənə öz töhfəsini verə bilərlər. Ona görə xaricdə yaşayan soydaşlarımız öz maddi imkanları daxilində dəstək proqramlarında və xeyriyyəçilik tədbirlərində iştirak etməlidirlər. Niderland Azərbaycan-Türk Dərnəyi 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə bir nümunə göstərdi. Düşünürəm ki, bundan sonra da diaspor təşkilatları və ya da imkanlı soydaşlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin bu xeyriyyətçilik yolunu davam etdirəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan xalqı 2021-ci ilə uğurla yekun vurdu. Ölkəmiz 2020-ci ildə düşmən üzərində qazandığımız möhtəşəm Qələbəmizdən, ərazi bütövlüyümüzün bərpasından sonra daha da möhkəmləndi. Avropa İttifaqı, dünya dövlətləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməyə məcbur oldular. Uğurla inkişaf edən ölkəmizin dünyada nüfuzu getdikcə güclənməkdədir. Bu fikirləri Azərtac-a açıqlamasında "Sağlamlığın qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib. Y.Abdiyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mühüm və əlamətdar hadisə olduğunu bildirib. Şuşanın müqəddəs şəhər olduğunu diqqətə çatdıran QHT sədri ötən müddət ərzində burada mühüm işlərin görüldüyünü qeyd edərək deyib: “Şuşada Azərbaycanın musiqi və incəsənət dahilərinin ruhları dolaşır. İkinci Qarabağ müharibəsinin gedişində dönüş nöqtəsi olan Şuşa döyüşləri qəhrəmanlıq dastanı nümunəsidir. Bu torpaq, bu şəhər cəsur igidlərimizin qanı ilə suvarıldığı üçün müqəddəsdir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində vurğuladığı kimi, biz İkinci Qarabağ müharibəsini, işğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq”. Y.Abdiyeva qeyd edib ki, digər ərazilərimiz kimi, 30 ilə yaxın işğaldan əziyyət çəkən Şuşamız indi azad nəfəs alır. Şuşada infrastruktur yenilənir, bərpa və quruculuq işləri sürətlə aparılır. Mədəniyyət paytaxtımız ötən il “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm tədbirlərə ev sahibliyi etdi. Dünya Azərbaycan musiqisinin əzəmətini, gözəlliyini bir daha gördü. Əminliklə deyə bilərik ki, Qarabağın incisi Şuşamız daha da inkişaf edəcək, daha da gözəlləşəcək. “Dövlətimizin başçısı xalqa təbrikində regionda çoxtərəfli əməkdaşlıq platformasının formalaşdığını və bunun Azərbaycanın maraqlarına cavab verdiyini qeyd etdi. Humanist prinsipləri dövlət siyasətində hər zaman əsas tutan Prezident İlham Əliyev onu da vurğuladı ki, nə vaxtsa Ermənistanla da qonşuluq əlaqələrinin qurulacağı mümkün ola bilər. Bu isə reallıqla barışmaqdan başqa çarəsi qalmayan qonşumuzdan asılıdır. Regional çərçivədə öz rolunu artırmaq artıq onun öz öhdəsindədir”, - deyə Yazgül Abdiyeva vurğulayıb. Şuşanın rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin hər bir həmvətənimizə qürur hissi yaşatdığını deyən QHT sədri bu sevinci bizə yaşadan şəhidlərimizə, qazilərimizə, Prezident Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildirib.
Hamısını oxu