Ən son xəbərlər
Respublika Veteranlar Təşkilatının Suraxanı Rayon Təşkilatının sədri Eldar Rüstəmov 4 may 2021-ci il tarixində bir qrup veteranı ziyarət edib . Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə reallaşan ziyarət zamanı Eldar Rüstəmov 100 yaşı yaxın günlərdə qeyd olunacaq Qurbanov Fərhad Alı oğlu, Hüseynov Cənnət Əli oğlu, Belikov Aleksandr Vasilyeviçi, arxa cəbhə veteranı Bəşirova Failə Əliyanova ilə görüşüb, onlara təşkilat adından bayram sovqatları təqdim edib. Məlumat üçün qeyd edək ki, məhz Eldar Rüstəmovun səyi nəticəsində Suraxanı rayonundakı parkların birində “Veteran evi” yerli icra hakimiyyəti orqanı tərəfindən veteranların ixtiyarına verilib. Sözügedən məkanda veteranların asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb.
Hamısını oxu
Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiya xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir: Hörmətli Sergey Viktoroviç Lavrov! Faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü ərəfəsində biz – Böyük Vətən Müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi. Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur. Bundan əlavə, Moskvada “Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, “Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır”. Bir daha xatırlatmaq yersiz olmaz ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.Buna baxmayaraq, Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir. Adı çəkilən qəbiristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi barədə məsələ də qaldırılır. Sizə böyük təşəkkürümüzü bildirərək vurğulamaq istəyirik ki, bizim keçənilki müraciətimizi diqqətsiz qoymadınız və bizə verilən cavabdan göründüyü kimi, yerli ermənilərin nümayəndələri ilə müəyyən iş aparılıb. Görünür, məhz bu işin nəticəsində keçən il bu nasist caninin xatirəsinin Rusiyada əbədiləşdirilməsi cəhdinin qarşısı alınıb. Bununla belə, Ermənistanın özündə faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümünün bayram edilməsindən iki həftə sonra Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində hələ bir il bundan əvvəl Moskvada faşizm üzərində qələbə paradında Sizinlə yanaşı dayanmış Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Hörmətli Sergey Viktoroviç Lavrov! Siz Böyük Vətən Müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulamısınız. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib. Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinə bais olmuş faşizm rejiminə sadiq şəxslərə geniş miqyaslı pərəstiş yaradılır. Bizi təəccübləndirən odur ki, başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır. Onu da nəzərinizə çatdırırq ki, faşist Njdenin daha bir heykəli vaxtilə Ermənistanın işğalına məruz qalan, hazırda isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan Xocavənd rayonunda ucalır ki, bu heykəlin də sökülməsi vacibdir. Azərbaycan ərazisində belə bir heykəlin mövcudluğu sadəcə dövlətimizin və xalqımızın deyil, bütövlükdə ümumbəşəri insani və əxlaqi dəyərlər baxımından yolverilməzdir və əsla qəbul edilə bilməz. Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır. Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik. Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik. Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirməliyik. Azərbaycanın Böyük Vətən Müharibəsinin bütün veteranları adından hörmətlə və düzgün başa düşüləcəyimiz ümidi ilə: Azərbaycan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti
Hamısını oxu
Cəlil Xəlilov: “44 günlük Vətən müharibəsində əldə edilən şanlı qalibiyyət ordumuzun güc və qüdrətinin bariz nümunəsidir” Bu gün Azərbaycan Respublikasının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulmasının 27-ci ildönümüdür. 1994-cü ilin bugünündə “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan dövlətimiz, dünyanın bir sıra bölgələrində sülhyaratma missiyasında yaxından iştirak edib, bu sahədə böyük uğurlara imza atıb. Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın NATO ilə əməkdaşlığının böyük perspektivə malik olduğunu vurğulayıb: “Azərbaycan dövləti 1994-cü ildə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulandan sonra dünyanın bir sıra qaynar nöqtələrində sülhün, təhlükəsizliyin təmin edilməsində iştirak edib, ən müxtəlif coğrafiyalarda sülhün təmin edilməsi prosesinə böyük töhfələr verib. Hansı ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti NATO rəhbərliyi tərəfindən də hər zaman təqdirlə qarşılanıb, onların fədakarlığı, nümunməvi xidməti məxsusi olaraq qeyd edilib. Xatırladım ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Prezident İlham Əliyevlə telefon söhbətində Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirdi, sülhməramlılarımızın fəaliyyətindən məmnunluqla söz açdı. Bu, Azərbaycan ordusuna, onun peşəkarlığına verilən qiymətdir və təbii ki, Azərbaycan ordusunun bu səviyyəyə çatmasında ən böyük pay sahibi məhz ölkə başçısıdır. Azərbaycan dövləti bu gün də “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərşçivəsində öz fəaliyyətini davam etdirməkdə, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində aktiv iştiak etməkdədir. Ümumiyyətlə, Azərbaycan-NATO əməkdaşlığının böyük perspektivə malikdir və bu əməkdaşlıq hər iki tərəfin maraqlarına tamamilə uyğundur. Bildiyiniz kimi, Azərbaycan Ali Baş Komandanın xidməti sayəsində sadəcə regionun deyil, bütün dünyanın ən güclü ordularından birini malikdir. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi, bu müharibə zamanı sərgilədiyi qəhrəmanlıq bunu bir daha sübut etdi. Təsadüfi deyil ki, ordumuzun Vətən müharibəsində göstərdiyi hərbi məharət, ən müasir hərbi texnologiyaların real döyüş əməliyyatında müvəffəqiyyətlə tətbiqi, yüksək fiziki hazırlıq və digər amillər NATO-ya üzv olan aparıcı dövlətlər tərəfindən də diqqətlə öyrənilməkdədir. Bu faktın özü Azərbaycan ordusunun gücündən, onun döyüş hazırlığının səviyyəsindən xəbər verir. Azərbaycan NATO ilə əmədkaşlıqda maraqlıdır və bunun üçün bütün gərəkli addımları atır. Lakin biz çox istərdik ki, NATO, o cümlədən bu quruma üzv olan dövlətlər Azərbaycanın haqq işinə dəstək versinlər. Azərbaycan xalqına qarşı ağır hərbi cinayətlər törədən Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquq müstəvisində cəzalanması təmin edilsin. Ermənistan müharibədə məğlub olsa da, minalanmış ərzilərin xəritəsini ölkəmizə vermir. Bunun özü təxribat və müharibə cinayətidir. Yaxşı olar ki, NATO dövlətləri bu məsələdə Ermənistana təzyiq göstərsin, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsində yaxıdnan iştirak etsin. Bu gün Azərbaycan dövləti öz ordusunun gücləndirməkdə, onun döyüş hazırlığı səviyyəsini inkişaf etdirməkdə davam edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də dəfələrl bəyan edib ki, Silahlı Qüvvələrimizin inkişafı, möhkəmləndirilməsi prosesi bundan sonra da davam edəcək, ordumuzun dünyanın ən müasir silah və hərbi texnikası ilə təchiz edilməsi diqqət mərkəzində saxlanılacaq. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu ağır məğlubiyyətə uğradaraq işğalçıları ölkədən qovsa da, erməni faşizminin nə qədər xəbis, təhlükəli, məkirli olduğu hər kəsə məlumdur. Bu gün Ermənistan daxilindəki bəzi qüvvələr revanşist çağırışlarla çıxış edir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ordusu hər zaman istənilən təxribatın qarşısını almağa hazır olmalı, bundan sonra da Azərbaycan torpağına göz dikənlərə öz yerini göstərməlidir. Mövcud reallıqlar bizdən daim ayıq-sayıq olmağı, ordumuzun döyüş hazırlığını, güc və qüdrətini qoruyub saxlmağı tələb edir. Düşmən 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun gücünü, onun “Dəmir yumruğ”unun ölümcül zərbəsini hiss etdi. Ermənistan Qarabağdakı rüsvayçı məğlubiyyətindən dərs almalı, nəticə çıxarmalıdır. Ermənistan anlamalıdır ki, “Dəmir yumruq” yerindədir və onunla növbəti qarşılaşma bu ölkənin mövcudluğunu sual altında qoya bilər”. Seymur ƏLİYEV
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bir qrup Böyük Vətən Müharibəsi iştirakçısı ilə görüşüb. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DSMF-ə öz təşəkkürünü bildirib, bu əməkdaşlığın genişlənməsinin zəruriliyini vurğulayıb. Qarşıdan gələn 9 may Qələbə Günü ilə bağlı veteranları təbrik edən Himalay Məmişov, Respublika Vüeteranlar Təşkilatının sədri Fatma Səttarovaya gül dəstəsi bağışlayıb, veteranların hər bir gənc üçün nümunə olduğunu deyib. DSMF direktoru qeyd edib ki, veteranların daim diqqət mərkəzində saxlanılması, onların sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Veteranlarla görüşdən məmnunluğunu dilə gətirən Himalay Məmişov, bu cür görüşlərin sistemli və mütəmadi şəkildə təşkilinin vacibliyini vurğulayıb. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov veteranları narahat edən məqamları diqqətə çatdırıb, bu məqamların hər birinin araşdırılmasını xahiş edib. Veteranlarla görüşünə görə DSMF direktoruna öz təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, dövlətin veteranlara olan qayğısından məmnunluğunu ifadə edib, əlaqədar qurumların veteranlarla bağlı məsələləri bundan sonra da diqqət mərkəzində saxlamasının vacibliyini bildirib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 5 may 2021-ci il tarixində Suraxanı rayonunda qazilərlə görüşüb. Tədbirdə rayonun 44 günlük Vətən müharibəsi qaziləri - Sultanov Azad, Rufullayev Namiq, Hüseynov Əsgər, Birinci Qararabağ müharibəsi iştirakçıları Bayramov Oruc, Şəkərov Aslan, Quliyev Məhərrəm, Muxtarov Vahid, əmək veteranı Baxşəliyev Paşa və digərləri iştirak edib. Tədbiri Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov açıb.O ,qonaqları tədbir iştirakçılarına təqdim edib, daha sonra söz polkovnik Aduk Haqverdiyevə verilib. Adil Haqvürdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqın öz qaziləri ilə qürur duyduğunu bildirən Adil Haqverdiyev, Azərbaycan ordusunun tarixi qələbəsinə kölgə salmaq istəyən qüvvələrə bundan sonra da layiqli cavab verməyin vacibliyini qeyd edib. Qazi Namiq Rufullayev, Nəbi Hacıyev, qazi anaları da çıxış edərək ölkə başçısına öz minnətdarlıqlarını bildirib, hər zaman dövlətin, Ali Baş Komandanın yanıdna olduqlarını vurğulayıblar.
Hamısını oxu
Mayın 2-də Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən rayon ziyalıları Cavad kənd qəbiristanlığında şəhid mayor Məmmədov Anar Elşad oğlunun məzarını ziyarət edib, şəhidin məzarı üstünə gül dəstələri qoyub. Daha sonra ziyarətçilər önündə çıxış edən Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərimizin heç zaman unudulmayacağını, onların xatirəsinin əsrlər sonra da xalqımızın qəlbində yaşayacağını vurğulayıb. Şəhidin qızı Zeynəb Məmmədli də çıxış edərək atası Anar haqqında ürək sözlərini bildirib, ona olan sevgi və heyranlığını vurğulayıb. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, o cümlədən digər yetkililər iştirak edib. Xatırladaq ki, şəhid Anar Məmmədovun qaynatası Heydər Həmidov da Birinci Qarabağ müharibəsində şəhid olub. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu qəhrəmanlığın 44 günlük Vətən müharibəsində təkrarlandığını, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərə imza atdığını bildirib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik İdarəsinin rəisi, polkovnik Şaiq Məmmədov isə çıxışında bütün veteranlara Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun təbrikini çatdırıb. Özünün də veteran ailəsində böyüdüyünə diqqət çəkən polkovnik Şaiq Məmmədov, Azərbaycan xalqının öz veteranları ilə qürur duyduğunu vurğulayıb. Daha sonra polkovnik Şaiq Məmmədov bir qrup Böyük Vətən müharibəsi iştirakçısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından hədiyyələr təqdim edib. Veteranlara verdiyi dəstəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə öz təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, gəncləri veteranlardan örnək almağa, vətəni, torpağı bundan sonra da qətiyyətlə müdafiə etməyə səsləyib. Təşkilat sədri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığını, vətənpərvərliyin inkişafındakı rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, polkovnik Şaiq Məmmədova təşkilat adından hədiyyə təqdim edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatına qonaq olan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Faşizm üzərindəki qələbənin 76-cı ildönümü münasibəti ilə Fatma Səttarovanın timsalında bütün veteranları təbrik edən icra başçısı, Respublika Veteranlar Təşkilatının sədrinə gül dəstəsi bağışlayıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb. Gəlişinə görə icra başçısına təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, təşkilatın fəaliyətinə verdiyi yüksək qiymətə görə icra başçısına minnətdarlığını ifadə edib, birgə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Həyat inkişaf edir, hadisə və proseslər tez-tez dəyişir. Həyatımıza daxil olan bu və ya digər proseslər hər halda yeni və müasir yanaşmalar tələb edir. COVİD-19 virusunun həyat tərzimizi, dünya görüşümüzü və baxışlarımızı sürətlə dəyişən və bizi yeni qaydalar əsasında yaşamağa məcbur edən mühüm proses kimi dəyərləndirilə bilər. Yalnız təsəvvürlərdə və xəyallarda dolaşan, bəzən ağıla sığan və ya sığmayan məsələlər artıq günümüzün reallıqlarına çevirilmişdir. Sovet İttifaqının dağılması, müstəqil dövlətimizin yaranması, ərazilərimizin düşmən xalq tərəfindən işğal olunması, otuz ildən çox işğal altında saxlanması, artıq tarixi reallıqlardır. 27 sentyabrda ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin tarixi çağırışı da heç vaxt görmədiyimiz, eşitmədiyimiz lakin ömür boyu yaddan çıxmayan tarixi reallıqdır. Son illər bizim istəyimizdən asılı olmayaraq həyatımızda və həyat tərzimizdə baş verən dəyişikliklər mühüm ifadə vasitəsi olan dilimizdə də istər-istəməz müəyyən dəyişikliklərə rəvac vermişdir. Biz bu dəyişiklikləri kor-korana qəbul etməliyikmi, yaxud baş verənlərə yaradıcılıqla yanaşmalı, təhlillər aparmalı, ən məqbul variantı seçib qəbul etməli, daha məqbul istiqamətə üstünlük verməliyik. Biz azərbaycanlıyıq, bizim öz milli- mənəvi və elmi dəyərlərimiz, dilimiz vardır, biz onu sevməli və qorumalıyıq. Bu baxımdan son illər tez-tez istifadə edilən “qazi” istilahına hazırda aydınlıq gətirilməsinə zərurət yaranmışdır. Heç şübhəsiz bu sözə əvvəllər ədəbi dilimizdə nadir hallarda rast gəlmək olardı, son illər isə mənasına, məzmununa, ifadə yükünə əhəmiyyət verilmədən bu sözdən geniş istifadə etməkdə haqlıyıqmı? Bəziləri haqsız, əsassız olaraq özlərinə “qazi” deməklə qürur duyurlar, özlərini az qala “qəhrəman” hesab edirlər. Çalışaq məsələyə ümumi axın konteksində yox, ədalətli və obyektiv aydınlıq gətirək. Azərbaycan dilinin izahlı lüğətinə görə ərəb mənşəlli “qazi” sözü müsəlmanlarda dini məhkəmə işlərinə baxan rühaniyə, şəriət hakiminə deyilir. (Azərbaycan dilinin izahlı Lüğəti 4 cilddə! 3-cü cild Bakı-2006 səh 88). Başqa bir mənbədə isə din yolunda düşmənə qarşı müharibə edərək qalib gələn şəxslərə “qazi”, bu yolu həyat tərzi, bir peşə kimi ifadə etmək üçün isə “qazilik” istilahı işlədilmişdir. Şəhid olanlara “qazi” deyərdilər. “Tarix Terminləri lüğəti”nə görə, müsəlmanların kafirlərə qarşı apardıqları müqəddəs müharibələrin-qəzavatların iştirakçılarına “qazi” deyilməsi qəbul edilmişdir. Bəzi ölkələrdə sərhədləri mühafizə edən və ya xalq üsyanlarının yatırılmasınada iştirak edənlərə də “qazi” deyilir. “Məktəblinin alınma sözlər lüğəti”nə görə isə, dini müharibədə döyüşən, cihad edən, qalib gələn şəxslərə “qazi” deyilir. Bəzi müsəlman ölkələrində hərbi sərkərdələrə də “qazi” deyə müraciət edirlər. Türkiyə Cumhuriyyətində isə bizim işlətdiyimiz mənada müharibə veteranları “qazi” adlandırırlar. Zənnimcə müstəqillik illərindən sonra dilimizdə istifadə edilən “qazi” sözü, hər şeydən əvvəl dilimizə Türkiyə Cumhuriyyətinin hərbi terminlər lüğətindən götürülməklə istifadə edilir. Halbuki, son dövrlərə qədər baş verən müharibələrdə döyüş zamanı yaralanan şəxslərə tarixən “müharibə veteranı” deyə müraciət edilirdi. Məsələn: 1941-1945-ci illər müharibəsinin iştirakçılarına bir qayda olaraq “müharibə veteranı” kimi müraciət edilir.(bax “Veteranlar haqqında Qanun”) Tanınmış ərəbşünas alim Nəriman Qasımoğlu məsələyə aydınlıq gətirərək yazır ki, “şəhid” sözünün dini məzmunu olsa da, “qazi” sözünün heç bir dini məzmunu yoxdur. Çünki ərəb dilində “qəz” sözü, “işğal edən şəxs”, “işğalçı” mənasını ifadə edir. “Uduzan ordunun yaralanan əsgərinə də “qazi” demək olarmı? sualını cavablandıran alim bildirir ki, ancaq qələbə halında, hansısa torpağı gedib tutduğun zaman, sən “qazi” ola bilərsən. “Sözün məna tutumunda, informativ yükündə “işğal edən”, "tutan” sözü vardır. Təəssüf ki, bizim dilçilər, əsassız olaraq ərəb dilində olan bəzi sözlərin əsl mənasından kənarlaşmalara yol verirlər və sözün məna yükünü nəzrə almırlar. “Şəhid” sözünün dini mənasına da toxunan Nəriman Qasımoğlu bildirir ki, sözün mənası “şahidlik” etmək", ilahinin qüdrətinə şahidlik etmək, onun dəyərlərinə, varlığına, təkliyinə, dəlillərinə və s. şahidlik etmək mənasını ifadə edir. Tək Vətən yolunda yox, elə alim də öləndə də, ona “şəhid oldu” deyirlər. Peyğəmbərin kəlamlarından birində də var ki, qiyamətdə alimin qanı şəhidin qanından üstündür. Təkcə döyüş səhnəsində yox, öz şərəfini, evini qoruyan şəxs də həlak olduqda, əslində o, “şəhid” hesab olunmalıdır. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə, yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən, ölən şəxsə “şəhid” deyilir. Yüksək amal, əqidə, məslək yolunda canını fəda etmək, həlak olmaq, ölmək, nəticə etibarilə “şəhid olmaq” mənasını verir. (Azərbaycan dilinin izahlı Lüğəti 4 cilddə! 3-cü cild Bakı-2006 səh 204). Bu söz elə indi də eyni mənanı ifadə edir və heç bir mübahisə yaratmır. “Qazi” kəlməsinin kökü isə yuxarıda qeyd edildiyi kimi müsəlmanlıqla bağlıdır. Düşmən təcavüzünün qarşısının alınmasında iştirak edən döyüşçülərin Vətən qarşısında müstəsna xidmətləri nəzərə alınaraq, “şəhidlik zirvəsinə ucalmaq” kimi ifadələr işlədilir. Əslində isə, dilimizdə “qazi” sözü, əvəllər “veteran” sözü kimi işlədilmişdir. Bu söz beynəlxalq səviyyədə qəbul olunmuş və qədim tarixi kökə malik olan hərbi termin olmaqla, dünyanın onlarla ölkəsində bir termin olaraq qəbul edilir, belə vəziyyətdə onun “qazi” sözü ilə əvəz edilməsinə heç bir zərurət yoxdur. Tarixə müraciət edək: “Veteran” sözü öz etimaloji mənbəyini Qədim Romanın hərb tarixindən götürsə də, o artıq beynəlxalq səviyyəli termin olaraq çox sayılı dövlətlətlərdə eyni ilə işlədilir. Bu milli səviyyədə də özünə vətəndaşlıq qazanmışdır. “Qocaman əsgər”, “təcrübəli döyüşçü”, “ağsaqqal”, “yaşlı hərbiçi” və s. bu kimi mənaları ifadə edən “veteranus” sözü, latın dilində “qoca” mənasını ifadə edir. Dünyanı fəth edən Qədim Romanın müharibə tarixində, hərbi xidmətini başa vurmuş döyüşçülərə “veteran” adı verilməklə, bu söz həmdə böyük səfərbəredici mahiyyət daşıyırdı. Hələ Yuli Sezarın “Dəmir döyüşçülər” adlandırdığı “veteranlar legionları”, xüsusi hərbi bacarığı və şücaəti ilə fərqlənən peşəkar hərbiçilərə latın dilində “veteranus” deyilirdi. Belə şəxslər İtaliyada, Qədim Romada köləlikdən azad edilir və onlara vətəndaşlıq hüququ verilirdi. Təsadüfi deyil ki, Roma İmperatorluğu, dünya tarixində ilk dəfə olaraq, belə şəxslərin sosial təminatının ən yüksək formada həll edilməsi ilə tarixə düşmüşdür. Orduda döyüşmək və qalibiyyəti təmin etmək- Böyük Roma İmperatorluğu vətəndaşlarının, Vətən qarşısında dayanan ən mühüm və şərəfli vəzifəsi hesab olunurdu. Bütün İmperiyanın tarixi mövcudluğu dövründə daim fəaliyyətdə olan “Roma veteranları”- nəhəng dövlətin monolit birliyinin məhək daşı hesab olunurdu. Məhz bunun nəticəsində də hələ e.ə 1-2 ci əsrlərdə Roma Respublikasında peşəkar ordu və peşəkar donanmanın yaradılması, onun tarixi qələbələrinin əsasında dayanırdı. “Veteran” adlandırılan təcrübəli əsgərlər və onların ailə üzvləri, İmperiya qanunları əsasında bütün vergilərdən və öhdəliklərdən azad olunur, onlara vətəndaşlıq statusu verilir və onlar öz valideynlərinin əmlaklarına varislik hüququ əldə edirdilər. Hətta veteran övladları atalarının daşıdığı statusdan bəhrələnərək, yeni Roma ordusunun əsas heyətini təşkil edirdi. Qay Yuli Sezar e.ə 45-44 cü illərdə yüz minə qədər veteranı İtaliyada və onun ən yaxşı koloniyalarında yerləşdirməklə ölkədə həm də “veteran” adını şöhrətləndirmiş oldu. Onların çoxu öz dövrü üçün ən qiymətli nemət hesab edilən- mülk torpaqlarla mükafatlandırıldılar. Belə əsaslarla formalaşdırılan Roma ordusu, dünyanın ən döyüşkən və qalib ordusu kimi tarixə düşmüşdür. Beləliklə “veteran” sözü uzun tarixi bir dövr ərzində “fədəkar döyüşçü” mənasını ifadə etməklə, dünyanın müxtəlif dövlətlərində və xalqlarının dilində tətbiq olunmuş və bu gün də edilməkdədir. Qeyd edilməsi zəruridir ki, ölkəmizdə “Veteran hərəkatı” daim diqqətdə saxlanılmış və zaman-zaman təkamül prosesi keçmişdir. 3 iyun 1956-cı ildə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi böyük rəşadətlər və igidliklər göstərərək, nəinki SSRİ-ni, habelə bütün Avropanı faşizm bəlasından xilas etmiş müharibə veteranlarını bir təşkilatda birləşdirmək təşəbbüsü ilə 29 sentyabr 1956-cı ildə “Sovet Müharibə Veteranları Komitəsi”ni təsis etdi. Sonradan digər veteranların da (əmək veteranı və s.) həmin təşkilatda birləşməsi təmin edildi və müttəfiq respublikalarda da onun nümayəndəlikləri təsis olundu. Bir maraqlı faktı da diqqətə çatdırmağı vacib hesab edirəm ki, indi bir çox ölkələrdə veteranların sosial problemlərinin həllində ciddi narahatçılıqlar olsa da, müharibədən sonrakı illərdə SSRİ büdcəsinin hər il 35%-ə qədəri, ümumilikdə ölkənin sosial və mədəniyyət sahəsindəki problemlərinin, o cümlədən veteranların problemlərinin həllinə sərf edilirdi. Buna görədə illər keçdikcə “Veteran hərəkatı” daha böyük vüsət aldı, genişləndi və yeni-yeni səhifələrlə zənginləşdi. Xüsusilə faşizm üzərində qələbənin 20-illik yubileyinin keçirilməsi və veteranlara göstərilən diqqət daha da inkişaf etdirildi. Gənclər bütün İttifaq miqyasında tarixi yürüyüşlər keçirir və ölkənin inkişafında fəallıq göstərirdilər. Bu yürüşlər içərisində “Brest qalasına tarixi yürüş” xüsusilə qeyd edilməlidir. Tarixçilər qeyd edirlər ki, “Brestin məhşur meydanında, bütün ölkə veteranları adından, qalanın tarixi müdafiəçiləri, yürüş iştirakçıları olan gənclərə, simvolik olaraq qəhrəman qalanın açarını təqdim etdilər. “Brest qalasının mövcud olduğu bütün tarixi dövr ərzində, ilk dəfə olaraq onun müdafiəçiləri, bu əfsanəvi darvazanın açarını gənclərə etibar etdilər”. Çox maraqlıdır ki, qəhrəman “Brest” qalasının tarixi açarını” SSRİ gənclərinin nümayəndəsi, gənc toxucu Valentina Kondratiyevaya Azərbaycan məktəblisi İlham Əliyev (hazırki Prezidentimiz) təqdim etdi. Fikrimcə bu gün ölkə Prezidenti, cənab İlham Əliyevin Azərbaycan veteranlarına göstərdiyi xüsusi qayğı və diqqət də məhz həmin dövrdən başlanmışdır. İttifaq miqyasında geniş vüsət almış “Veteran hərəkatı” 21 mart 1987-ci ildə Azərbaycan Respublikasında Veteranlar Təşkilatının birinci qurultayında, yeni bir təşkilatın-veteranlar təşkilatının təsis edilməsi ilə nəticələndi. Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, bütün ölkədə olduğu kimi, Veteran hərəkatının da yeni inkişaf mərhələsinə keçidinə səbəb oldu. Veteranlara lazımi şərait yaradıldı. Ən böyük və yadda qalan hadisə isə 28 iyun 1994-cü ildə ölkə tarixində ilk dəfə olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi oldu. Həmin Qanun Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmş və onun tərəfindən də Milli Məclisə təqdim edilmişdi. Əlbəttə layihə yekdilliklə qəbul edildi. Bu Qanunda veteranlara dair dövlət siyasətinin əsas istiqamətləri müəyyən edilmiş, müharibə veteranlarının, Silahlı Qüvvələr veteranlarının, Əmək veteranlarının statusu, onların pensiya təminatı, istehsal fəaliyyəti, mənzil-məişət şəraiti, dərman və müalicə vasitələri ilə təminatı, onlar üçün nəzərdə tutulan əlavə güzəştlər, veteranların sosial və tibbi müdafiəsi, digər zəruri və vacib məsələlər, ilk dəfə olaraq hüquqi baxımdan mükəmməl tənzim edilirdi. Qanunun 21-ci maddəsində göstərilirdi ki, veteranların sosial müdafiəsi tədbirlərini, müvafiq icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları dövlət büdcəsinin, Azərbaycan Respublikası Sosial müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Veteranların Respublika Təşkilatı isə dövlət büdcəsi hesabına ayırmalarla maliyyələşirdi. Beləliklə də fikirimi yekunlaşdıraraq, tarixi reallıqlara söykənərək və minlərlə veteranın yekdil fikirini, rəyini bir daha ifadə edərək Vətən uğrunda fədakarlıqla döyüşən əsgərlərin, zabitlərin, döyüşçülərin, birmənalı olaraq, yenə də “veteran” adlanması tamamilə düzgün və əsaslıdır. Bu sözün “qazi” və ya hər hansı başqa bir sözlə ifadə edilməsinə heç bir zərurət, əsas və məntiq yoxdur. Bəhram Zahidov Hüquq elmləri doktoru, professor, müharibə və əmək veteranı
Hamısını oxu
Mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub. Səfərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr də iştirak edib. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Qeyd olunub ki, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındasdır. Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.
Hamısını oxu
“Azərbaycan Böyük Vətən Müharibəsi illərində” kitabı faşizmə qarşı soydaşlarımızın mübarizəsindən bəhs edir Bu gün Rusiyadakı Azərbaycan diasporu adından Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova kitab hədiyyə edilib. “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə və “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Nərimanov rayon rəhbəri Ədhəm Məmmədov tərəfindən təqdim edilən “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” kitabında soydaşlarımızın faşizmə qarşı mübarizəsindən, bu mübarizədə sərgilədiyi qəhrəmanlqılardan bəhs edilir. Kitabın baş redaktoru Vəfa Quliyeva, ideya müəllifi isə Qasım Kərimovdur. Kitaba görə Rusiyadakı Azərbaycan diasporuna öz təşəkkürünü bildirən Cəlil Xəlilov, faşizmə qarşı mübarizə aparan soydaşlarımızın, onların qəhrəmanlığının gənc nəsillərə tanıdılması və təbliğinin vacib olduğunu qeyd edib. Sədr müavini bildirib ki, bu cür qiymətli kitablar keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayır, gənclərin babalarının qəhrəmanlıq ənənəsi əsasında tərbiyəsində müstəsna əhəmiyyət kəsb edir. Respublika Veteranlar Təşlilatının mətbuat xidməti
Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. Veteran.gov.az-a daxil olan başsağlı müraciətində deyilir: “Respublika Veteranlar Təşkilatı olaraq Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbr diləyirik. Azad Rəhimov xalqımızın ləyaqətli oğlu, dəyərli insan kimi cəmiyyətin sevdiyi, böyük hörmət və ehtiram göstərdiyi şəxsiyyət olub. Ölkəmizdə idmanın inkişafında, beynəlxalq miqyaslı mötəbər idman yarışlarının keçirilməsində Azad Rəhimovun böyük xidmətləri var. O, həm də veteranların yaxın dostu, onları hər zaman diqqət mərkəzində saxlayan qayğıkeş insan kimi yadda qalıb. Bu baxımdan Azad Rəhimovun vəfatını həm də veteranlarımız üçün böyük itki hesab edir, ona Allahdan rəhmət diləyirik. Əminik ki, Azad Rəhimovun idmanımızın inkişafındakı xidmətləri xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə yad ediləcək, məmnunluqla xatırlanacaqdır”. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti
Hamısını oxu