Ən son xəbərlər
XX əsr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biridir. Xalqımız və ölkəmiz əsrin əvvəllərində qərinələr boyu həsrətində olduğu azadlığını, müstəqilliyini əldə etsə də, bu, uzun çəkmədi və yenidən müstəmləkə əsarətinə düçar oldu. Çar imperiyasını bolşevik diktaturası əvəz etdi. İlk milli respublikanı quran və bir müddət yaşadan əksər siyasət və dövlət xadimləri, ziyalılar ya məhv edildilər, ya da ölkədən qovuldular. Daha sonra isə, 37-ci il repressiyası başladı. Milli ideallarla, xalqın maraqları ilə yaşayan, varlıqları və fəaliyyətləri ilə sovet tədqiqatçılarının absurdluğunu, yalan olduğunu sübuta yetirən minlərlə şair, yazıçı, artist, rejissor, alim, dövlət xadimi, hərbiçi fiziki və mənəvi cəhətdən məhv edildi. Ancaq xalq özünün ən ali və dəyərli keyfiyyətlərini, özünəməxsus adət-ənənələrini, etnik-milli özgürlüklərini qoruyub saxlaya bildi. Sadəcə olaraq, milli faciənin astanasında, ölüm-qalım mübarizəsində qeyrət, dəyanət, əzm nümayiş etdirərək duruş gətirən xalq lidersiz, rəhbərsiz idi. Parlaq zəkası, fitri istedadı, yorulmaz fəaliyyəti, əvəzsiz peşəkarlığı, qeyri-adi təşkilatçılıq qabiliyyəti ilə məhz Heydər Əliyev Vətənə xidmət amalını və andını gerçəkləşdirdi. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda Heydər Əliyev erasının tarixi onun DTK-nın rəhbəri işlədiyi vaxtdan başlayır. İlk növbədə ona görə ki, ölkə, xalq, respublika miqyasında taleyüklü məsələlərin sistematik, ardıcıl həllinin fundamenti yaradıldı. Heydər Əliyevin şərəfli ömür yolunun bu dövrü haqqında da kifayət qədər danışıldığı üçün yalnız bir-iki səciyyəvi cəhətə diqqət yetirmək istəyirəm. Birincisi, ikiyüzillik imperiya tarixində ilk dəfə azərbaycanlı sovet rejiminin ən məxfi, ən qorxulu, başlıcası isə ən qüdrətli güc strukturunun rəhbərliyinə irəli çəkildi. Nəticədə Azərbaycan Respublikası və xalqı bir sıra dəhşətli fəlakətlərdən qorundu, bir sıra amansız zərbələrdən minimum itki ilə qurtardı. Təfsilatına varmadan onlarla ziyalının “KQB” repressiyasından məhz DTK-nın sədri Heydər Əliyevin sayəsində xilas olduğunu qeyd etməklə kifayətlənmək istəyirəm. Təsadüfi deyil ki, Heydər Əliyev erasından sonra sovet “KQB”sinin dağıdıcı fəaliyyətini müqayisəli nəzərdən keçirsək, bu gün qürur hissi ilə Azərbaycanın ən az terrora məruz qaldığını deyə bilərik. İkincisi, müdrik fəaliyyətin, incə diplomatiyanın sayəsində DTK-da milliləşdirmə siyasəti həyata keçirildi. Bu orqanda azərbaycanlıların sayının artırılması möhtəşəm bir uğur idi. Risk və fədəkarlıq tələb edən bu müvəffəqiyyət əslində eyni siyasətin bütün sahələrdə keçirilməsinin zəruriliyinə siqnal, çağırış, ən vacibi isə nümunə idi. Üçüncüsü, yenə də məhz Heydər Əliyevin tarixi xidməti sayəsində Azərbaycan DTK-sı mənlik şüurunun gücləndirilməsinin, milli azadlıq ideyalarının geniş yayılmasının nəinki qarşısını aldı, əksinə imkan daxilində, gizli yollarla buna şərait yaratdı. Hamı etiraf edir ki, milli azadlıq hərəkatının qələbə qazanmasında milli ədəbiyyat və incəsənət əhəmiyyətli rol oynayıb. Bu sahədə özünəməxsus yerinin, çəkisinin və payının olduğu şübhə doğurmayan B.Vahabzadə, X.R.Ulutürk, Əbülfəz Əliyev və b. var. Onların Sovet “KQB”sinin caynağından məhz Heydər Əliyevin qurtardığını xatırlasaq, azadlıq mücadiləmizin 60-cı illərindəki təməlini kimin formalaşdırdığını aydın təsəvvür edə bilərik. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladı. 1969-cu il Azərbaycanı Azərbaycana qaytarmaq uğrunda şanlı mübarizənin başlanğıc ili kimi qeyd olunmalıdır. Heydər Əliyev DTK-nın rəhbəri işlədiyi dövrdə gördüyü işləri daha geniş miqyasda, daha əsaslı və səlahiyyətli şəkildə, xüsusən də konseptual halda davam etdirməyə başladı. Onun quruculuq fəaliyyəti respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrini bütövlükdə əhatə etdi. Mən peşəkar hərbiçiyəm. Ordu quruculuğunun sadaladığım bütün sahələrdə bilavasitə əlaqəli olduğunu bildiyim üçün əvvəlcə qısa şəkildə həmin sahələrə toxunmaq istəyirəm. Heydər Əliyev fenomenini tanıyaraq, sevdiyim gündən bu dahi şəxsiyyətin amalının xüsusi diqqət yetirdiyi bir neçə istiqamətinə prioritet xarakter verdiyinin şahidi olmuşam. Heydər Əliyev çalışıb ki, iqtisadi cəhətdən güclü Azərbaycan dövləti yaratsın, ölkəni maksimum demokratikləşdirsin, hüquqi dövlət yaratsın, elm, ədəbiyyat və mədəniyyətin inkişafına hər cür şərait yaratsın, qüdrətli milli ordu formalaşdırsın. Şübhəsiz, bu sahələrin heç də hər birində nailiyyəti asanlıqla qazanmamışıq. Amma bütün sahələrdə sivil dünya birliyinin də etiraf etdiyi danılmaz uğurlarımız var və bu istiqamətlərin də təməli məhz 60-cı illərdən qoyulmuşdur. Heydər Əliyev Azərbaycanı aqrar ölkə olaraq qalmaq fəlakətindən qurtardı. Respublikamızda sənayenin çəkisi 60-cı illərdən sonra günbəgün artırıldı. Ölkənin qazlaşdırılmasında, elektrikləşdirilməsində böyük uğurlar qazanıldı. Strateji mənafe baxımından mühüm əhəmiyyət kəsb edən Bakı-Balakən, Bakı-Xankəndi dəmiryolunun çəkilişi başa çatdırıldı. Heydər Əliyev elə mükəmməl və möhkəm iqtisadi baza yaratdı ki, keçmiş SSRİ-də yalnız Rusiyanın və bir də Azərbaycanın öz potensialı hesabına yaşamağa qadir olduğu bilindi. Ölkənin demokratikləşdirilməsi və hüquqi dövlət quruculuğu sovet imperiyası ideoloqlarının ciddi nəzarəti, daha doğrusu, yasağı altında idi. Azadfikirliliyin nəinki boğulması, əksinə inkişafına şərait yaradılması bu sahədə ən böyük qələbə oldu. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycandan mühacirətə gedənin olmaması, heç kimin siyasi-milli ittihamlarla həbs olunmaması ulu öndərin demokratikliyindən, milliliyindən, siyasi diktələri deyil, ədalət prinsiplərini əsas götürdüyündən xəbər verir. Azərbaycan tarixinin elə məsələləri, elə uğurları var ki, onların əhəmiyyətini qiymətləndirmək üçün mütəxəsis olmağa ehtiyac yoxdur. Azərbaycan elminin, ədəbiyyat və mədəniyyətinin 60-cı illərdən sonra çiçəklənməyə və dünya miqyasında tanınmağa başladığını desəm, qətiyyən səhv etmərəm. Dahi siyasətçini digər siyasətçilərdən fərqləndirən ən əsas cəhət gündəlik fəaliyyətində irili-xırdalı bütün məsələləri perspektivdə götürmək, gələcəklə əlaqələndirmək bacarığıdır. Heydər Əliyev DTK-da işləyəndən, xüsusən də 69-cu ildə ölkə rəhbərliyinə gələndən ən vacib məsələ kimi ordu quruculuğuna xüsusi diqqət yetirib. Onun ilk əməli addımı DTK-nı milliləşdirməsi oldu. Azərbaycanı perspektivdə peşəkar əsgəri, zabiti, hərb sənəti, ordusu, texnikası olmayan ölkə taleyi gözləyirdi. Heydər Əliyev şüurlarda da, psixologiyada da dəyişiklik yaratdı. Hərbi xidmətə gedən gənclərin təntənəli şəkildə yola salınması, nümunəvi xidmət göstərənlərin təbliğ olunması, ən başlıcası isə milli zabit kadrlara xüsusi qayğı göstərilməsi ənənəyə çevrildi. Yüzlərlə, minlərlə azərbaycanlı hərbiçilərin vəzifəyə təyin olunmasında, hərbi rütbə almasında Heydər Əliyevin uzaqgörən, milli strateji maraqlara cavab verən siyasəti əhəmiyyətli rol oynadı. Azərbaycanlı zabit kadrların hazırlanması üçün iki böyük problem hələ də qalırdı. Birincisi, dil baryeri, ikincisi, zabit kadrların hazırlanması prosesinin respublika rəhbərliyinin nəzarətindən kənarda qalması. Bakı və Sumqayıt kimi bir sıra iri şəhərləri çıxmaqla digər bölgələrdən olan azərbaycanlılar rus dilini yaxşı bilmədiyinə görə zabit olmaq arzularına qovuşa bilmirdilər. C.Naxçıvanski adına hərbi məktəbin açılması böyük tarixi hadisə idi. Rus dilini bilməyən azərbaycanlılar hərbi məktəbə qəbulda güzəşt qazandılar. Azərbaycan dövrün ən müasir texniki, elmi, tədris tələblərinə cavab verən hərbi tədris bazası qazandı. Heydər Əliyev hərbi-vətənpərvərliyin təbliği işinə də xüsusi qayğı göstərirdi. C.Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov kimi İkinci Dünya müharibəsi qəhrəmanları təbliğ olunur, azərbaycanlılarda ulu tarixi olan döyüşkənlik ruhunun sönməsinin qarşısı alınır, məhz Azərbaycan uğrunda şəhidliyin və qaziliyin şərəf, qeyrət, vətəndaş borcu olduğu təlqin edilirdi. Görülən bu böyük işlərin nəticəsi idi ki, azğın erməni qoşunları ölkəmizə qarşı müharibəyə başlayanda SSRİ-nin müxtəlif ərazilərində xidmət edən azərbaycanlı zabitlərin respublikaya könüllü axını başladı. Tarix və məhz bu fakt bir daha təsdiq etdi ki, Heydər Əliyevin dahiliyi, müdrikliyi, uzaqgörən siyasəti olmasaydı, Azərbaycanı peşəkar zabiti, əsgəri, hərb sənəti, ordusu, texnikası, döyüşkənlik ruhu olmayan bir ölkə kimi faciə və fəlakət gözləyirdi. Amma Heydər Əliyevin 60-cı illərdən başlayan fenomenal siyasəti bütün bunların nəinki qarşısını aldı, eyni zamanda dünyada Azəbaycanın hərbi gücünü sübut etdi. Heydər Əliyev yenidən hakimiyyətə gələn gündən ordu quruculuğuna prioritet istiqamət verdi. Bu vacib sahə diletantlardan, naşılardan, “siyasi liderlərin” eksperimentlərindən təmizləndi. Silahlardan təyinatı üzrə döyüş bölgələrində istifadə olunmağa başlandı. Bu gün Azərbaycanda nizami ordu mövcuddur. Ordumuz müstəqil ölkəmizin təhlükəsizliyini ayıq-sayıqlıqla qoruyur. Bu gün Azərbaycan Ordusu hər cür təcavüzkarı yerində oturtmağa qadirdir. Bunu 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya sübut etdi. Ulu Tanrı seçib-sevdiyi insanlara elə şərəfli, müqəddəs tale bəxş edir ki, onların bir ömrü min ömrə bərabər olur. Belə xoşbəxtlərdən biri də həyatını doğma xalqına həsr etmiş ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir. Cəlil Xəlilov, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru
Hamısını oxu
1941-1945-ci illər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil təqdim edilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov avtomobilin açarlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təqdim edib. O, alman faşizmi üzərində Qələbənin əldə olunmasında xalqımızın misilsiz xidmətlərini qeyd edib. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasətinin formalaşdırlmasının təmin edildiyini vurğulayıb. V.Behbudov Prezident İlham Əliyevin müharibə veteranlarına xüsusi qayğısından bəhs edib. Bu kateqoriyalardan olan insanların sosial təminatlarının gücləndirilməsi sahəsində mühüm addımların atılığını diqqətə çatdırıb, veteranları 9 May-Qələbə günü münasibətilə təbrik edib. F.Səttarova İkinci Dünya müharibəsi iştirakçılarına göstərilən hərtərəfli qayğıdan razılıqla söz açıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərilən diqqətə, bu gün Təşkilatın avtomobillə təmin olunmasına görə təşəkkürünü bildirib. Görüş əsnasında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən, erməni faşizmini məhv etməsindən qürurla bəhs olunub. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb. "Report" bəyanatın mətnini təqdim edir: "Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq. Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər. Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər. Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Respublika Veteranlar Təşkilatında 9 may Qələbə Günü münasibəti ilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib. Hərbi vətənpərvərlik mahnılarının sədaları altında keçirilən tədbir veteranlarla yanaşı, ətraf ərazidə yaşayan vətəndaşların da böyük marağına səbəb olub. Tədbir iştirakçıları qarşısında çıxış edən Respublika Veetranlar Təşkilatının sədri Fatma Səttarova, faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə xalqımızı təbrik edib, həm İkinci Dünya müharibəsi, həm də Vətən müharibəsi iştirakçılarının hər zaman minnətdarlıq hissi ilə xatırlanacağını bildirib. Tədbir bayram süfrəsi arxasıdna davam edib.
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb. Görüşdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən müharibəsində bu qəhrəmanlığın gənclər tərəfindən təkrarlandığını, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun işğaldakı torpaqları azad etdiyini bildirib. Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə Fatma Səttarovanı təbrik edən Səmyar Abdullayev, Respublika Veteranlar Təşkilatının sədrinə gül dəstəsi təqdim edib, veteranlarla qürur duyduğunu, onların qəhrəmanlıq tariximizin bir hissəsi olduğunu vurğulayıb. Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Sətttarova ilə görüşüb. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın timsalında bütün veteranları təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, faşizmə qarşı mübarizədə Azərbaycan xalqının fədakar mübarizəsinə diqqət çəkib. Xalqımızın XX əsrin 40-cı illərində faşizmə qarşı mübarizəyə böyük töhfələr verdiyini diqqətə çatdıran Komitə sədri, 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizminə də qalib gəldiyini, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun ərazi bütövlüyümüzü təmin etdiyini bildirib. Çıxışının sonunda Komitə sədri Fatma Səttarovaya və İkinci Dünya müharibəsi veteranı Tacirə Qazıyevaya gül dəstəsi və hədiyyə təqdim edib. Gəlişinə görə komitə sədrinə minnətdarlığını bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının tarixin bütün keşməkeşlərindən şərəflə, alnıaçıq, üzüağ çıxdığını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, istər Hiterçilərə, istərsə də erməni faşizminə qarşı Azərbaycan xalqının mübarizəsi bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə, gələcək rifahına böyük töhfə olub. Görüşün sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Komitə sədrinə xüsusi yubiley medalını təqdim edib. Sonda Komitə sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Xatirə kitabı”na ürək sözlərini yazıb. Seymur ƏLİYEV
Hamısını oxu
Millət vəkili Şahin Seyidzadə bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Təşkilat sədrinin timsalında veteranları faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə təbrik edən millət vəkili, Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edib. İkinci Dünya müharibəsində babasının da yüz minlərlə azərbaycanlı kimi döyüşlərdə iştirak etdiyini bildirən milllət vəkili, xalqımızın erməni faşizmi üzərində də böyük zəfər əldə etdiyinə diqqət çəkib. Gəlişinə görə millət vəkilinə təşəkkürünü bildirən təşkilat sədri, Azərbaycanın hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu, 44 günlük Vətən Müharibəsinin isə xüsusi yer tutduğunu vurğulayıb. Millət vəkili hərbi vətənpərvərlik xidmətlərinə görə Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif edilib. Millət vəkili Şahin Seyidzadə isə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova Azərbaycan Xalq Cümhuriyəti dövrü əsgərinin libasını əks etdirən hədiyyə təqdim edib. Respublika Veteranlar Təşkilaıtnın mətbuat xidməti
Hamısını oxu
Bu gün faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsi, Rayon Gənclər və İdman İdarəsi və Sabirabad Rayon Veteranlar Təşkilatı tərəfindən onlayn konfrans keçirib. Tədbirdə adıçəkilən qurumların rəhbərləri ilə yanaşı, bir sıra təşkilatların nümayəndələri, habelə Böyük Vətən Müharibəsi veteranlarının övladları, Qarabağ müharibəsi veteranları və s iştirak edib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, xalqımızın faşizmə qarşı mübarizəsindən danışıb, bu mübarizədəki fədakarlığına diqqət çəkib. Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Rayon Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Əsgərova, Qarabağ müharibəsi qazisi Rəhman Bağırov da faşizmə qarşı mübarizəni Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. Respublika Veteranlar Təşkilatının mətbuat xidmət
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Müdafiə Nazirliyinin əməkdaşları ilə İkinci Dünya müharibəsi veteranları arasında görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqları və veteranları salamlayıb, faşizmə qarşı mübarizə tarixindən bəhs edib. Azərbaycan xalqının istər faşizmə, istərsə də erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını vurğulayan Cəlil Xəlilov, dövlətin veteranlara daim diqqət və qayğı göstərdiyini qeyd edib. Daha sonra çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov İkinci Dünya müharibəsində faşizmə qarşı aparılan mübarizənin əhəmiyyətindən danışıb. Həm ulu öndər Heydər Əliyevin, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ veteranlarına böyük diqqət yetirdiyini, onları öz çıxışlarında gənclərə nümunə göstərdiyini qeyd edən polkovnik Elvin Əzizov, veteranların, şəhdilərin göstərdiyi qəhrəmanlığın tarixin yaddaşında əbədi yaşayacağını bildirib. Daha sonra polkovnik Elvin Əzizov Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya Müdafiə Nazirliyi adından gül dəstəsi bağışlayıb, müharibə vetaranlarına hədiyyələr təqdim edib. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteranlara göstərdiyi diqqətə görə Müdafiə Nazirliyinə təşəkkür edib, minnətdarlığını çatdırıb. Azərbaycan ordusunun 44 günlük müharibədə tarix yazdığına diqqət çəkən təşkilat sədri, şəhidlərin, qazilərin qarşısında baş əydiyini bildirib. Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov isə çıxışında ordu quruculuğu prosesinə, ulu öndərin bu sahədəki xidmətlərinə diqqət çəkib. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Müdafiə Nazirliyi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə təltif ediliblər. Tədbirin sonunda xatirə şəkli çəkilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının əməkdaşları Cabir Kazımov və Nəbi Hacıyev 7 may 2021-ci il tarixində Xəzər rayonu Türkan qəsəbəsində ağacəkmə aksiyasında iştirak edib. Tədbirdə Xəzər rayonunun Veteranlar Təşkilatının sədri Məcnunov Səxavət ,”Ölməz alay”ın veteranları, Türkan qəsəbəsinin icra nümayəndəsi və gənclər iştirak etdilər. “Xatirə bağı”nda keçirilən aksiyada Böyük Vətən Müharibəsində və 44 günlük Vətən Müharibəsində həlak olanların xatirəsinə ağaclar əkilib, yeni yaşıllıq zolağı salınıb. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Mayın 5-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı. Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”. Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə aşılayırsınız”. YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır. İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub. A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib. Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvləri İmran Əbilov və Tamleyxa Həsənov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Hamısını oxu
Bu gün sabiq millət vəkili, ehtiyatda olan general Vladimir Timaşenko Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova ilə görüşüb. Görüş əsnasında Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizəsindən danışan general Timoşenko, azərbaycanlıların bu mübarizədə göstərdiyi fədakarlığın bütün bəşəriyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Gəlişinə görə general Timoşenkoya təşəkkürünü bildirən Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı mübarizəni XXI əsrdə də davam etdirdiyini, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağı erməni faşistlərindən azad etdiyini bildirib. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun böyük şücaət göstərdiyinə diqqət çəkən Fatma Səttarova, dövlətimizin və xalqımızın bundan sonra da öz maraqlarını qətiyyətlə müdafiə edəcəyini qeyd edib. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov isə bildrib ki, Azərbaycan xalqı hər zaman regionda və dünyada sülh və təhlükəsizliyə ciddi töhfələr verib və erməni faşizmi üzərində əldə edilən qələbə də bu qəbildəndir. Görüşdə Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da iştirak edib. Respublika Veteranlar Təşkilatının mətbuat katibi
Hamısını oxu