Ən son xəbərlər
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İclasda ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısı videoformatda çıxış edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Qeyd edək ki, dövlətimizin başçısı çıxışını iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi etdi. Prezident İlham Əliyevin çıxışı: Cənab Sədr. Cənab Baş katib. Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Bu çıxışımı Qoşulmama Hərəkatına üzv dövlətlərin adından etməyə şərəf duyuram. Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Nizamnaməsinin imzalanmasının 75-ci ildönümünə həsr edilmiş bu Yüksək Səviyyəli İclasın keçirilməsini yüksək qiymətləndirirlər. BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir. Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir. Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir. Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdardır, çünki biz Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyini qeyd edirik. Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirmişdir. Soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir. Hər iki ildönümü bizə BMT Nizamnaməsində və Bandunq Bəyannaməsində əks olunmuş əsas hədəflərə nail olmaq istiqamətində əldə etdiyimiz tərəqqini nəzərdən keçirməyə və bizə - BMT-yə üzv olan dövlətlərə meydana çıxmaqda davam edən çoxşaxəli çağırışlara ümumi baxışla və gücümüzü səfərbər etməklə necə cavab verəcəyimiz üzərində düşünməyə imkan yaradacaq. Təşəkkür edirəm. X X X İndi isə mən Azərbaycan adından çıxış edirəm. Cənab sədr, cənab Baş katib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalanmışdır. O, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etmişdir. Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyanatları ilə hədələyir. Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi. Zirvə görüşündə mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi. BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası cari il iyulun 10-da çağırılmışdır. Hesab edirəm ki, xüsusi sessiya zamanı dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələr pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaqdır. Həmçinin onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə böyük töhfə verəcəkdir. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış "Bakı Prosesi" mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. "Bakı Prosesi" İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur. Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. "2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı"nda yer almış "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi"nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir. Əminəm ki, hazırkı müzakirələrimiz zamanı biz multikulturalimzin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır. Sağ olun. Milli.Az
Hamısını oxu
Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyidir və eyni zamanda Neftçilər Günü kimi qeyd olunur. 1994-cü ilin sentyabrın 20-də Azərbaycanla beynəlxalq şirkətlər arasında “Əsrin müqaviləsi” imzalanıb. Bu, Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın iri neft şirkətləri ilə bağlanmış müqavilə idi. Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Müqavilənin qüvvəyə minməsinin Azərbaycanı dünya arenasında aparıcı mövqeyə çıxarıb, bu müqavilə həm də Azərbaycanın enerji təhlükəsizliyinin əsasını qoyub. “Şahdəniz” yatağı üzrə müqavilə “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalanıb. 2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalanıb. Sazişi BP, SOCAR, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TPAO, “Itochu” və “ONGC Videsh Ltd.” OVL şirkətlərinin rəhbərləri imzalayıblar. Müqavilə ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Prezident İlham Əliyev 2019-cu ilin sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə deyib ki, “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. “Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılıb. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var”,-deyə Prezident bildirib. Bu gün Azərbaycan Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rola malikdir. Azərbaycanın liderliyi altında bir çox enerji layihələri gerçəkləşib, Azərbaycan qazının Avropaya çatdırılması üçün əhəmiyyətli addımlar atılıb. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdırılıb, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanıb. “Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri var. 2018-ci ildə TANAP və Cənub Qaz Dəhlizini rəsmi şəkildə açılışı olub. 2019-cu ilin noyabrın 30-da Prezident İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimidə deyib ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. “Onlardan üçü - “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək”,-deyə İlham Əliyev bildirib. TAP istifadəyə veriləndən sonra Azərbaycan qazı Avropa ölkələrinə tədarük olunacaq. Neftçilər Günü ilə “Əsrin müqaviləsi”nin eyni vaxtda qeyd olunması təsadüfi deyil. Mərhum Prezident Heydər Əliyevin 2001-ci il 17 avqust tarixli fərmanı ilə Azərbaycan Respublikasında “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. Heydər Əliyev Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək həmin fərmanı imzalayıb.
Hamısını oxu
Prezident İlham Əliyevin rəsmi feysbuk səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir: "Neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır".
Hamısını oxu
2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib. Axar.az xəbər verir ki, DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirib. General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət təhlükəsiziliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.
Hamısını oxu
Ankara, 18 sentyabr, AZƏRTAC Türkiyəli alpinist Erkan Yücel Azərbaycan və Türkiyənin dövlət bayraqlarını Ağrı dağının zirvəsində dalğalandırıb. Alpinist Ağrı zirvəsinə aparan 5137 metr yolu 5 günə qət edib. Növbəti idman zəfəri ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbirinə bölüşən alpinist Erkan Yücel deyib: “Bütün fürsətlərdə idman nailiyyətlərimi Azərbaycan-Türkiyə qardaşlığına ithaf etməyə çalışmışam. Ağrı dağının zirvəsini fəth etməkdə məqsədim bir tərəfdən Qarabağ münaqişəsində Azərbaycana mənəvi dəstəyimi göstərmək, digər tərəfdən isə Ermənistanın Türkiyəyə qarşı əsasız iddialarına qarşı mövqe nümayiş etdirmək olub”. Qeyd edək ki, alpinist Erkan Yücel AKUD İdman Cəmiyyətinin üzvüdür. Sabir Şahtaxtı AZƏRTAC-ın xüsusi müxbiri Ankara
Hamısını oxu
Sentyabrın 18-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən İdarəçi Rəhbərlər heyətinin üzvü, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təqdimatında “Dövlət sektorunda strateji idarəetmə” mövzusunda vebinar keçirilib. APA-nın məlumatına görə, Vüsal Hüseynov vebinar iştirakçılarına idarəçilik bacarıqlarının əhəmiyyəti, strateji idarəetmə, səmərəli kommunikasiya işinin təşkili, bu kateqoriyaların əsas tərkib hissələrindən danışıb. DMX-nin rəisi qeyd edib ki, xüsusən strateji idarəetmə alətlərin düzgün seçilməsi, bununla bağlı məqsəd, həfədlərin müəyyən edilməsi, tədbirlər planının hazırlanması, lazım olan resurslardan doğru istifadə komandanın görüləcək işə, xüsusilə böhran vəziyyətə daha hazırlıqlı olması üçün vacib amillərdir. O, həmçinin strategiyaların, fəaliyyət planlarının icrasında monitorinq və qiymətləndirmənin də əhəmiyyətli olduğunu vurğulayıb. Dövlət sektorunda olan idarərçilər üçün tələblərin özəl sektordan fərqli olmasını, bu halda dövlət qulluğunun fəlsəfəsinin mənimsənilməsi, dövlət qulluqçularına qarşı müəyyən edilmiş tələblərin diqqətdə saxlanılması, fəaliyyətin ictimai rifahı, təhlükəsizliyin artması, vətəndaşlara xidmətin yüksəldilməsi kimi yüksək maraqlara xidmət etməsini diqqətə çatdırıb. Dövlət sektorunda olan idarəçinin ictimai hesabatlı şəxs olmasını bildirərək fəaliyyətində qaydaları, rəhbərliyin tapşırıqlarını daim prioritet tutmasının vacibliyini qeyd edib. Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb. Dövlət Miqrasiya Xidmətinin rəisi yeni layihələr, təlimlər, bir çox xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər barədə iştirakçıları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur. “Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Hamısını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Hamısını oxu
Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır. Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib. Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Müsahibə yaxın saatlarda yayımlanacaq.
Hamısını oxu
Strateji Kommunikasiyalar Mərkəzi vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb. Publika.az sözügedən videonu təqdim edir:
Hamısını oxu
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitədə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb. Axar.az xəbər verir ki, Q.Paşayeva Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın inkişafına, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertə müəlliflik edib. Vasif Babayev Azərbaycanın “xalq artisti” fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur. Onun yaradıcılığında ən böyük töhfə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib. Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir. Vasif Babayevin çəkdiyi sonuncu film "Yüksəliş" olub (2015).
Hamısını oxu
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Milli.Az AZƏRTAC-a istinadən Prezident İlham Əliyevin müsahibəsindən növbəti məqamları təqdim edir: "Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı". "O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər". "Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Həm burada - arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası - "Rossiya-1" kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən". "O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı". Milli.Az
Hamısını oxu