Ən son xəbərlər
18 may 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov açmışdır. Tədbirdə, Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Haci Nərimanoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, RVT Rəyasət Heyətinin üzvləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və medianın nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Rüspublikasının dövlət himni səslənmişdir. Tofiq Ağahüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən danışaraq demişdir: “Bu günki tədbirimiz Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 100-cü ildönümünə həsr edilmişdir. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il may ayının 16-da sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənlərinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur. Xalq Cümhuriyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Onun mövcudluğu sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunması, hansı tərkibdə olmasına baxmayaraq, respublika kimi qalmasına zəmin yaratmışdır”. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin tamam olması – bu böyük bayram münasibəti ilə bütün tədbir işçtrakçılarını təbrik edirəm. Azərbaycanın tarixi nailiyyəti olan dövlət müstəqilliyinin əldə edilməsi bütün xalqımız, eləcə də hər bir azərbaycanlı üçün böyük uğur, həm də qürur mənbəyidir. Azərbaycanın vahid dövləti olan Səfəvilər dövlətindən sonra xalqımız uzun illər ərzində azadlıq, müstəqillik arzusu ilə yaşamışdı. Xanlıqlara parçalanmış, müxtəlif imperiyaların, o cümlədən son 100 ildə Çar Rusiyası və İran arasında bölünmüş vəziyyətdə olan Azərbaycan nicat axtarırdı. Nəhayət 20-ci əsrin əvvəllərində baş verən proseslər, xüsusilə çar Rusiyasının süqut etməsi və Birinci dünya müharibəsi ilə əlaqədar dünyada, eləcə də, Cənubi Qafqaz regionunda yaranmış şərait imperiyanın zülmü altında olan digər xalqlarla yanaşı Azərbaycan xalqının da öz müstəqilliyini əldə etməsinə tarixi imkan yaratdı. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası fövqəladə iclasında mövcud siyasi vəziyyəti müzakirə etdərək Müvəqqəti Milli Şura yaratdı. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar - "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi. Beləliklə, Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya elan olundu. Xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu. Bu tarixi nailiyyətin qazanılmasında xalqımızın görkəmli oğulları Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və neçə-neçə başqa millət fədailərinin xidmətləri olmuşdur. Bu gün müstəqil dövlətin vətəndaşı olduğumuz üçün bizlər həmin böyük şəxsiyyətlərə minnətdarıq. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, xüsusilə kommunistlərin hakimiyyətə can atması və bu məqsədlə covet Rusiyasından kömək alınması, davam etməkdə olan erməni təcavüzü və digər avillər respublikada vəziyyəti gərginləşdirdi. Nəhayət bundan istifadə edən 11-ci ordu Azərbaycana daxil oldu və razılaşmanın şərtlərini pozaraq onu işğal etdi. Azərbaycanın ilk müstəqil dövləti yaranmasından 23 ay sonra süqut etdi. 1991-ci ilin 18 oktyabrında öz azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, tarixi yaddaşına sadiq qalan xalqımız Azərbacanın dövlət müstəqilliyini bərpa etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi və ölkə həyatının bütün sahələrində inkişaf və tərəqqinin əsasları qoyuldu”. Tədbirdə Azərbaycan tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Babayev, Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu, Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev və başqaları çıxış etmişlər. Onlar Azərbaycanın ilk müstəqil dövlətinin həqiqətən də demokratik idarəçilik mexanizmlərinə, parlamentli respublika quruluşuna malik olduğunu qeyd edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, qısa müddətdə gördüyü genişmiqyaslı işlər barədə danışmışlar. İlk respublika dövründə Azərbaycanın müstəqil dövlət atributlarının qəbul edilməsi, milli valyutanın dövriyəyə buraxılması, ölkənin bu gün mövcud olan əksər dövlət orqanları, o cümlədən güc qurumlarının yaradılması və s. fəaliyyətlər barədə tədbir iştirakçılarına maraqlı faktlar çatdırılmışdır. Conra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqində və ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir neçə şəxs Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından RVT-nin yubiley medalları və fəxri fərmanla təltif olunmuşlar. Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Respublika Veteranlar Təşkilatının tədbirlərinin davam etdirələcəyi, bu məqsədlə həmçinin yaxın vaxtlarda Azərbaycan və Türkiyə Veteranlar Təşkilatlarının Türkiyə və Azərbaycanda birgə tədbirlərinin keçirilməsi üçün hazırlıq işlərinin aparıldığı bildirilmişdir.
Hamısını oxu
16 may 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Petr Vaqnerlə görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Azərbaycanın İkinci dünya müharibəsində iştirakı, Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə ətraflı məlumat vermişdir. O, həmçinin Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, Çexiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. General-polkovnik Tofiq Ağahüseynov özünün də İkinci dünya müharibəsi veteranı olduğunu, hərbi xidməti dövründə 7 il Çexiyada işlədiyini bildirmiş və bu ölkə ilə, çex xalqı ilə bağlı xoş xatirələrini bölüşmüşdür. Görüş iştirakçılarını milli Azərbaycan diviziyalarının zəfər yolu barədə geniş məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmin dövrdə Çexoslovakiya ərazisində, xüsusilə Praqa şəhəri uğrunda gedən döyüşlərdə həmyerlilərimizin göstərdikləri şücayətdən bəhs etmişdir. O, İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmiş 416-cı milli diviziyanın Bakıdan Praqaya qədər 5000 km. döyüş yolu qət edərək, Çexoslovakiya ilə yanaşı, daha 5 Avropa ölkəsinin – Rumıniya, Bolqarıstan, Yuqoslavinya, Macarıstan, Avstriyanın faşizmdən azad edilməsindəki iştirakından danışmış, diviziyanın zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adının verildiyini bildirmişdir. Qonaqlara 223-cü milli atıcı diviziyanın 1942-ci ilin yayında Şimali Qafqazdan başlayan döyüş yolunun Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriyadan keçməsi, diviziyanın 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olması və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşməsi yada salınmış, onun döyüşçülərindən 3483 nəfərinin müxtəlif orden və medallarla təltif edilməsi, 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adının verildiyi bildirilmişdir. Qonaqlara Çexoslavakiyanın azadlığı uğrunda döyüşlərdə fərqlənmiş 77-ci Azərbaycan diviziyası barədə də məlumat verimişdir. Daha sonra Çexiya səfirinə hazırda həmin döyüşlərin iştirakçısı olmuş 8 nəfər azərbaycanlının həyatda olması, onların digər müharibə veteranları ilə bərabər hərtərəfli qayğı və diqqətlə əhatə edildikləri çatdırılmışdır. Səfir Petr Vaqner Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə ətraflı məlumatlata görə öz minnətdarlıq etmiş, Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə Çexiyanın müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığının faydalı və arzuedilən olduğunu bidirmişdir. O, Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün insanların xatirəsinin çex xalqı üçün daim əziz olduğunu xüsusi vurğulayaraq, həmin qanlı döyüşlərin sağ qalan iştirakçıları ilə görüşə imkan yaradılmasını xahiş etmişdir. Bundan məmnun qalacaqlarını bildirən səfir həmçinin hər iki ölkənin veteran təşkilatları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu. Ulu öndərimiz Heydər Əliyev həmişə bu dəyərləri yüksək dəyərləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasəti daim dərin araşdırma mövzularından biri kimi diqqəti cəlb edib. Cümhuriyyətin liderlərindən biri, Azərbaycanın dördüncü hökumətinə başçılıq etmiş, eyni zamanda, daxili işlər naziri vəzifəsini icra etmiş Nəsib bəy Yusifbəyli ilə bağlı tarix üzrə fəlsəfə doktoru, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayevin məqaləsində azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və ictimai-siyasi və dövlət xadiminin ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilir. AZƏRTAC arxiv materialları əsasında hazırlanan məqaləni təqdim edir. “Öz dövlətinizin milli bayrağı altında keçmiş olduğunuz bir sənəlik azad və zəhmətli həyatınız Azərbaycanın böylə tarixi bir günü olduğunu Sizə sözdən artıq izah edir. Siz çarizmin ən ağır tarixini keçirmişsiniz. O sizin ən gözəl həyatınızı, mədəniyyət və müqəddəs əməllərinizi ayaqları altında tapdamış və məhv etmək istəmişdir. Biz hər bir hüquqdan və mədəni tərəqqiyyatdan və ən ibtidai siyasətdən belə məhrum olmuşuq. Bizim gözəl arzularımız qəti surətdə əzilir və ayaqlar altına alınırdı. Sizin nəzərlərinizdən bolşevik hərc-mərcliyi, onun o məbus dövrü keçmişdir... Bu bir il sənə ərz müddətində biz yorulmadan işlədik və bu işlədiyimiz ilə dövlətimizi möhkəmləndirərək, cəmaətimizin aşağı sinfinə milli dövlət təşkili hissini düşündürdük və göstərdik ki, cəmaət və millət məbuslarının getdikləri yolu doğru və xalqın azad fikir və məsləkidir... Azərbaycanın vətəndaşları! Təhlükə və təhdid hələ dəf olunmamışdır. Bizim üzərimizə qara buludlar gəlməkdədir. Bizim daxildəki hərəkatımız, nizam və asayişimiz təmin edilərsə, istiqlaliyyətimizi təhdid edən qüvvələrə yol verməz və rahat və azad yaşamağa malik olarız”. Nəsib bəy Yusifbəyli 1919-cu il mayın 28-də Cümhuriyyətin yaradılmasının birinci ildönümü münasibətilə hökumət adından Azərbaycan vətəndaşlarına müraciət edəndə artıq iki aya yaxın idi ki, Cümhuriyyətin dördüncü hökumət kabinəsinin sədri idi. Onun kimi millət fədailərinin işıqlı zəkasına, tükənməz enerjisinə və dəyanətinə əsaslanan qədim məmləkət tarixinin ən şərəfli dövrlərindən birini yaşamaqda, müstəqilliyini qorumaq naminə oğullarının göstərdikləri fədakarlıqlara şahid olmaqda idi. Otuz səkkiz yaşlı Nəsib bəy Fətəli xan Xoyski kimi şəxsiyyətdən sonra ikinci dövlət xadimi idi ki, belə yüksək etimad göstərilmişdi. Əlbəttə, Nəsib bəyin keçdiyi həyat yolu ona belə yüksək etimad göstərilməsi üçün ən yaxşı zəmanət idi. Əvvəla qeyd edək ki, artıq 17 ildən bəri ölkənin siyasi səhnəsindən düşməyən bu insanın əhali arasında kifayət qədər hörməti vardı. Eyni zamanda, o, müxtəlif zümrələri və qüvvələri təmsil edən Azərbaycan parlamentində çox böyük nüfuz sahibi sayılırdı. Xüsusilə bu ali orqanda Azərbaycanın nicatı yolunda çalışan vətənpərvərlər Nəsib bəyi inandıqları liderlərdən biri hesab edir, milli ideyalara sədaqətinə, qətiyyətinə, idarəçilik təcrübəsinə (artıq həmin dövrə qədər N.Yusifbəyli müstəqil Zaqafqaziya Respublikası hökumətində tutduğu maarif naziri vəzifəsi də daxil olmaqla, dörd dəfə nazir portfeli daşımışdı) və yüksək intellektinə güvənirdilər. Bu keyfiyyətlərə geniş dünyagörüşü, erudisiya və möhkəm xarakteri də əlavə etsək son dərəcə gərgin bir durumda Azərbaycanda idarəçiliyin niyə məhz ona həvalə edildiyinə bir daha aydınlıq gətirmiş olarıq. Nəsib bəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olub. Atası şəhərin maarifpərvər ziyalılarından idi. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vurduqdan sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub, birinci rus inqilabı ərəfəsində siyasi fəaliyyətə başlayıb. O, universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan “Həmyerlilər” təşkilatının rəhbərlərindən biri idi. O, bu təşkilatda Nəriman Nərimanov, Xosrov bəy Sultanov, Şahmalıyev qardaşları və sonralar Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayacaq başqa şəxslərlə birgə fəaliyyət göstərib. Yarandığı vaxt yalnız mədəni-maarifçilik məqsədləri güdəcəyini bəyan edən bu təşkilat əvvəl həqiqətən də bu istiqamətdə fəaliyyət göstərir. Ancaq bir qədər sonra onun istiqaməti tamamilə fərqlənməyə başlayır. “Həmyerlilər” universitetdə mövcud olan başqa siyasi təmayüllü təşkilatlar arasında ən fəallarından biri kimi böyük şöhrət qazanmış və xeyli tərəfdarlar toplaya bilmişdi. Tələbələrin getdikcə genişlənən inqilabi mübarizəsindən qorxuya düşən çar hökumətinin 1907-ci ildə müvəqqəti olaraq Odessa Universitetini bağlamasında sözsüz ki, Azərbaycan “Həmyerlilər” təşkilatının da rolu olmuşdu. Tələbəlik həyatının başqa bir nəticəsi isə Nəsib bəyin Cənubi Qafqazda o dövrdə yetişmiş böyük bir inqilabçılar nəsli ilə tanışlığı, onların bir çoxu ilə yaxın əlaqələr yaratması idi. Öz millətlərinin həyatında bu və ya başqa şəkildə iştirak edəcək həmin şəxsiyyətləri onda ümumi bir ideya - çarizm üsul-idarəsinin aradan qaldırılması birləşdirirdi. Sonra isə yollar ayrılacaqdı. Yoxsulluq ucbatından Nəsib bəy Yusifbəyli ali məktəbi dördüncü kursdan tərk etməli olur. Çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün Nəsib bəy müvəqqəti olaraq Krımın Bağçasaray şəhərinə köçüb və orada görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qaspıralının (1852-1914) redaktor olduğu “Tərcüman” qəzetində məqalələrlə çıxış etməyə başlayıb. O, İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı (1886-1975) ilə ailə həyatı qurub və bir müddət bu şəhərdə yaşayıb. Nəsib bəy Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib. “Tərcüman” qəzetinin 1907-ci il 13 yanvar tarixli nömrəsində Bağçasaray teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsinin tamaşaya qoyulduğu, Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetin materialından aydın olur ki, Nəsib bəy o illərdə görkəmli Azərbaycan ədəbiyyatşünas F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” və Hüseyn Əfəndi Qayıbovun (1837-1917) “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” əsərlərinin Bağçasarayda çap olunması üçün çox çalışıb. N.Yusifbəyli XX əsr Azərbaycan-Krım ədəbi-mədəni əlaqələrinin əsasını qoyan şəxsiyyətlərdən biridir. Sonra qısa müddət Türkiyədə yaşayan Nəsib bəy 1908-ci ildə İstanbulda “Türk dərnəyi”nin fəal üzvlərindən olub. Türkiyədən qayıtdıqdan sonra (1909) xeyriyyə cəmiyyətlərinin, mədəni-maarif tədbirlərinin fəal təşəbbüskarı və iştirakçısı, 1917-ci ildə isə Türk Ədəmi-Mərkəziyyət Partiyasının təsisçilərindən biri olub. Nəsib bəy Yusifbəyli Xudadat bəy Məlikaslanovla bərabər Cümhuriyyət hökumətlərinin hamısında təmsil olunmuş yeganə şəxsiyyətdir. Nəsib bəy əvvəlki üç hökumət kabinetində nazir (1918-ci il mayın 28-dən 1919-cu il aprelin 14-dək), sonuncu iki kabinetdə isə Nazirlər Şurasının sədri (1919-cu il aprelin 14-dən 1920-ci il aprelin 1-dək) vəzifələrində çalışıb. Bu qısa qeydlərdən göründüyü kimi, Nəsib bəy siyasi mübarizəyə ilk gənclik illərindən etibarən qoşulub, müxtəlif təşkilatların yaradılmasında və fəaliyyətində yaxından iştirakına görə imperiya orqanlarının nəzarət dairəsinə düşüb. Hələ kifayət qədər formalaşmamış siyasi baxışlarını sonralar Rusiyada və dünyada baş verən proseslərin təcrübəsini öyrənmək və onların təsiri alında təkmilləşdirməklə gənc Nəsib bəy yetkin bir siyasətçiyə çevriləcək, Azərbaycan milli mücadiləsinin məqsəd və məramını düzgün müəyyənləşdirən ilk ziyalılar nəslinə mənsub olanların ön cərgəsində duracaqdı. Hələlik isə o, çar üsul-idarəsinin təzyiq və təqiblərini “dadmaqda”, iqtisadi çətinliklər məngənəsində ola-ola Vətəninin işıqlı gələcəyi barəsində düşünərək qızğın siyasi mübarizə aparmaqda idi. Həmin illərdə Türkiyə mühitindəki “türkçülük” məfhumu altında ötən əsrin sonlarından başlayaraq təşəkkül tapmış milli oyanış və dirçəliş təmayülləri geniş tərəfdarlar toplamaqda, çağdaş ideyaların milli təfəkkür süzgəcindən keçirilərək həyata tətbiqi yolları araşdırılmaqdaydı. Türkçülüyün təməl daşlarını qoyanların zəngin mənəvi irsinə dayaqlanaraq, onu elmi-nəzəri baxımdan sistemləşdirən və milli özünüdərk səviyyəsinə yüksəldən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ziya Göyalp, İsmayıl bəy Qaspıralı kimi şəxsiyyətlər Nəsib bəyin də dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdilər. Avropaya daha yaxın olan Türkiyə mühiti, - bu ölkənin qaynayıb-daşan siyasi həyatında qısa müddət olmasına baxmayaraq, - onun gələcək dövlət adamı kimi yetişməsində əvəzsiz rol oynamışdı. Nəsib bəyi milli tərəqqi yolunun bayraqdarları sırasına çıxaracaq fəaliyyətinin düzgün istiqamətləndirilməsində həm də o dövrdə qazandığı təcrübənin rolu və köməyi olmuşdu. 1909-cu ildə İstanbuldan doğma Gəncəyə qayıdan Nəsib bəyin dövrünün aparıcı çağdaş ideyalarına bələdliyi, siyasətdən baş çıxarması mətbu çıxışlarında və siyasi baxışlarında öz əksini daha dolğun şəkildə tapmağa başlamışdı. Rusiya xalqlarının müstəbid rejimə qarşı birgə siyasi mübarizəsinin tez-gec başqa ideyalar, o cümlədən milli azadlıq uğrunda mübarizəyə çevriləcəyini ilk sezən ziyalılardan biri kimi o, müxtəlif cəmiyyət və təşkilatların imkanlarından maksimum istifadə ilə sinfi mübarizə xəttini tədricən milli mübarizə xəttinə gətirəcək çiyindaşlarını müəyyənləşdirməyə çalışırdı. Nəsib bəy, eyni zamanda, publisistika ilə məşğul idi. O, gah “Molla Nəsrəddin” satirik jurnalını müdafiə edən ziyalıların cərgəsinə qoşulur və ziyalıları milli oyanış yolunda böyük xidmətləri olan bu jurnalı haqsız hücumlardan qorumağa çağırır, gah M.F.Axundovun 100 illiyinə hazırlıqla əlaqədar məqalə yazır, müxtəlif dairələrdə çıxışlar edir (“Tərcüman” qəzetində), keçirilən bir çox tədbirlərin təşəbbüskarlarından olurdu. Gah da o illərdə Gəncədə yaradılmış “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanlar içində maarif cəmiyyəti” və “Aktyorlar cəmiyyəti” kimi ictimai təşkilatların fəaliyyətində yaxından iştirak edirdi. Bütün bunlarla da kifayətlənməyən Nəsib bəy Yusifbəyli “Azərbaycan ədəbiyyat tarixi” adlı əsərinin ayrı-ayrı fəsillərinin yazılması ilə məşğul olmağa da vaxt tapırdı. Ancaq təəssüf ki, Nəsib bəyin çox böyük zəhmətinin nəticəsi olan bu qiymətli əsərin sonrakı taleyi bilinmir. Ancaq geniş maarifçilik fəaliyyətinə baxmayaraq, onu daha çox siyasi mübarizə cəlb edirdi. O, yaxşı görürdü ki, müxtəlif siyasi cərəyan və təşkilatların çoxluğu şəraitində Azərbaycanın milli azadlığı uğrunda sonadək mübarizə aparmaq məqsədinə xidmət amalında olanlar son dərəcə azdır. Konkret milli ideyalar ümumi mübarizə şüarları arasında əriyib itir, bundan istifadə edən hakimiyyət də əsasən sosial məsələlərdə güzəştə getməklə xalqları başlıca məqsədlərindən yayındırmağa çalışır. Belə yanaşma “böyük rus” şovinizminin yeni formada dirçəldilməsi, milli azlıqların öz müqəddəratını təyin etməsi, özünün siyasi və ərazi idarəetmə formasına nail olması kimi hüquqların tapdalanması, xalqlar həbsxanasının saxlanması demək idi. 1917-ci ilin fevral-burjua inqilabı ərəfəsində bu təmayüllər daha açıq-aydın sezilməkdə, əksər qüvvələrin nə uğrunda mübarizə apardıqları, siyasi şüarların arxasında hansı məqsədlərin gizlədildiyi üzə çıxmaqda idi. Belə bir durumda Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında yaradılmış Türk Ədəmi-Mərkəziyyət Partiyası Gəncədə fəaliyyətə başladı. Bu partiya ilk vaxtlar federativ Rusiya qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı. Yeni partiya əhalini öz proqramı ilə tanış etmək üçün şəhərin Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil edir. Bu mitinq “Yaşasın demokratik respublika!”, “Yaşasın Azərbaycan muxtariyyəti”, “Yaşasın Türk Ədəmi-Mərkəziyyət Partiyası!” kimi tamamilə yeni şüarlar altında keçirilib və dünənə qədər çarizmin milli ucqar sayaraq yüz ildən bəri əsarət altında saxladığı bir məmləkətdə onun qurtuluşu naminə çarpışmağa qadir insanların olduğunu göstərmişdi (“Baku” qəzeti 12 aprel 1917-ci il, 80-ci sayı). Nəsib bəy bu insanların ən ön sırasında dayanmışdı və Gəncə siyasi mühitinin uzun müddət milli ideyaların mərkəzində olmasında onun danılmaz xidmətləri vardır. Nağı bəy Şeyxzamanlı öz xatirələrində yazırdı: “Gəncəlilər milli mübarizəmizi Milli Komitənin rəhbərliyi altında davam etdirməkdə idi. Milli Komitə mübarizəmizi açıq və qapalı görünən məsələlər deyə iki hissəyə ayırmışdı. Açıq məsələləri Ələkbər bəy Rəfibəyli, gizli məsələləri isə Nəsib bəy Yusifbəyli idarə etməkdə idi”. Milli Komitə adından N.Şeyxzamanlını hərbi qüvvə göndərilməsi xahişi ilə Türkiyəyə yola salarkən Nəsib bəyin dedikləri bu dövlət adamının müstəqil Azərbaycanın yaşaması uğrunda necə əzmkarlıqla mübarizə apardığını və bu yolda heç bir güzəştə getmədiyini sübuta yetirir. O dövrdə yeni hökumətin bütün sahələrdə Türkiyə ilə yaxınlaşmasını az qala ona ilhaq edilməklə eyniləşdirən siyasətçilərdən fərqli olaraq Nəsib bəy bütün məhrumiyyətlərə baxmayaraq, Azərbaycanın tam müstəqilliyinin tərəfdarı idi: “Nağı, sən istiqlal Komitəsinin üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə anlat və de ki, millətimiz müstəqil yaşamağı qarşısına məqsəd qoymuşdur və bu yolda hər cür fədakarlığı etmişdir. Azərbaycanın dörddəüçü bu gün rusların hakimiyyətindən qurtarılmış vəziyyətdədir. Onlar zəif yerimiz olan hərbi gücümüzü qüvvətləndirsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar və istiqlalımızı elan etməmizə köməklik etsinlər. Ancaq, bizi özlərinə ilhaq etmək istəsələr, gəlməsinlər. Biz öz düşmənlərimizlə bir təhər hesablaşıb başımıza çarə qılarıq”. Təbii ki, Türkiyə özünün ağır daxili durumuna və Osmanlı imperiyasının sarsılmasından istifadə edən xarici qüvvələrin onu tamamilə məhv etmək planlarına baxmayaraq, çətin gündə öz köməyini Azərbaycandan əsirgəmədi. Nuru Paşanın başçılığı altında yola salınmış hərbi qüvvəyə - Qafqaz İslam Ordusuna Şərqdə ilk demokratik Cümhuriyyətə hərtərəfli yardım göstərmək tapşırığı verildi. Ümumiyyətlə, tarixin müxtəlif dövrlərində daim qanı bir, soyu bir qardaşlarının harayına çatmış türklər növbəti dəfə 1918-1920-ci illərdə Azərbaycanın müstəqil, sivil dövlət qurmasında təmənnasız iştirak etməklə öz missiyalarını layiqincə yerinə yetirdilər. 1917-ci ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında N.Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb etmişdi. Mayda isə o, Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuşdu. Bu qurultaydan sonra M.Ə.Rəsulzadənin başçılıq etdiyi Müsəlman Demokratik Müsavat Partiyası ilə Nəsib bəyin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyası birləşərək Müsavat adını aldı. Partiyanın Gəncə şöbəsinə Nəsib bəy rəhbərlik edirdi. Həmin il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən və siyasi mübarizənin tamamilə yeni mərhələyə qədəm qoyduğunun ilk dəfə bəyan olunduğu Müsavat partiyasının birinci qurultayında N.Yusifbəyli yaxından iştirak etmişdir. Qurultaydan sonra “Azərbaycana muxtariyyət” şüarı altında hərəkat bir qədər də genişlənmiş və tezliklə gələcək müstəqil respublikanın hər yerində ona tərəfdarlar çıxmışdır. Əlbəttə, Azərbaycan uğrunda mübarizəni sonadək aparmaq əzmində olan şəxslər, o cümlədən Nəsib bəy yaxşı bilirdilər ki, bu şüar müvəqqəti bir dövr üçün nəzərdə tutulub və hadisələrin sonrakı inkişaf mərhələsində onlar xalqın neçə on illərlə ürəyində gəzdirdiyi arzusunu açıq şəkildə ifadə edə biləcəklər. Hələlik çarizm üsul-idarəsinin dağıdılmasına baxmayaraq, laxlamış imperiya tam çökməmişdi və onu yeni şəkildə bərpa etməyə can atan müxtəlif qüvvələr manevr etməkdə, Rusiyanı öz keçmiş hüdudları daxilində saxlamaq üçün yollar axtarmaqda idilər. 1918-ci ilin fevralında Peterburqa getməkdən və Rusiya Müəssislər Məclisini tanımaqdan imtina edən Cənubi Qafqazdan olan deputatlar Tiflisdə Zaqafqaziya Seymi təşkil etdilər. Cəmi iki ay sonra - 1918-ci il aprelin 26-da Seym Zaqafqaziya Respublikası hökumətini yaratdı və keçmiş Rusiyanın bu mühüm bölgəsində hakimiyyətin idarə olunması sahəsində tamamilə yeni bir addım atıldı. Bu zaman Rusiyada hakimiyyəti zorakılıqla ələ keçirmiş bolşeviklərdən fərqli olaraq bu hökumət demokratik normalara uyğun qərarlar qəbul etməyə, Cənubi Qafqaz xalqlarının ümumi mənafelərinin ifadəçisi olmağa çalışırdı. Nəsib bəy Yusifbəyli Seymin üzvü, yeni yaranmış müstəqil hökumətin maarif naziri idi. Bu həmin dövrə qədər əsasən maarifpərvər ziyalı və görkəmli bir siyasətçi kimi tanınan Nəsib bəyin ictimai dövlət xadimi kimi yetişməsinin başlanğıcı idi və sonrakı illər göstərdi ki, həmin addımın atılması idarəetmə təcrübəsinə yiyələnmək baxımından az əhəmiyyətli olmayıb. Onun fəaliyyətinin ən böyük, ən yaddaqalan uğuru, ən müqəddəs günü, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasıdır. Nəsib bəy həmin günü yaxınlaşdırmaq üçün 17 il yorulmadan, usanmadan, təzyiq və təqiblərə dözərək mübarizə aparmışdı. Ona görə həmin müqəddəs günü o, çəkinmədən özünün günü, ömrünün ən xoşbəxt tarixi saya bilərdi. Buna çiyindaşları kimi onun da haqqı çatırdı. Nəsib bəyin Azərbaycan qarşısında saymaqla qurtarmayan böyük xidmətləri var. 1918-ci ilin mayında Tiflisdə öz müstəqilliyini bütün dünyaya çatdırmış Azərbaycan hökumətinin Gəncəyə köçürülməsi üçün Xosrov Paşa və Rüstəm bəy Şəfibəyovla birlikdə Nəsib bəy oraya gedərək ilkin hazırlıq işlərinin aparılmasına nail olmuş və hökumətin köçürülməsi kimi mühüm missiyanı uğurla yerinə yetirilməsinə rəhbərlik etmişdi. 1919-cu il aprelin 14-də N.Yusifbəyli Azərbaycanın yeni hökumətinin bəyannaməsini parlament üzvlərinə çatdıraraq bildirmişdi: “Sizin iradənizlə mənim tərəfimdən təşkil edilmiş hökumət üzərinə qoyulan məsuliyyəti yaxşı dərk edir. Öz müstəqilliklərini elan etmiş azərbaycanlılar bu qısa müddət ərzində öz dostları və düşmənləri qarşısında müstəqilliyə layiq millət olduqlarını göstərdilər. Azərbaycanın vəziyyəti günbəgün möhkəmlənir və indi o, iki ay əvvəlkindən daha möhkəmlənmiş vəziyyətdədir... Ancaq müstəqilliklə bərabər qarşımızda heç də az əhəmiyyətli olmayan başqa vəzifələr də durur ki, onların tezliklə həll edilməsini hökumət özünün təxirəsalınmaz və müqəddəs borcu hesab edir. Belə məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Sizə məlumdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Lənkəran qəzası hələ də yad əllərdədir. Yüz minə yaxın vətəndaşımız hər an təhlükələrə, təhqirlərə və təzyiqlərə məruz qalır”. Nəsib bəy çox doğru olaraq başlıca diqqəti müstəqil Azərbaycanın bütün ərazisində hakimiyyətin bərqərar olunmasına yönəldir və bu məsələnin uğurlu həlli üçün hökumətin ən qəti tədbirlər görəcəyini elan edirdi. Sonrakı aylarda Lənkəran qəzasına general-mayor Həbib bəy Səlimov kimi təcrübəli və cəsur bir sərkərdənin başçılığı altında qoşun göndərilməsi, həmin qəzada oyuncaq Muğan respublikasının aradan qaldırılması və yerli idarəçiliyin tam nəzarətə götürülməsi yeni hökumət sədrinin gənc dövlətin möhkəmləndirilməsi üçün tam qətiyyətlə hərəkət etdiyindən xəbər verirdi. Mühüm addımların atılmasında bundan sonra da əzmkarlıq və qətiyyət nümayiş etdiriləcəyinə kimsədə şübhə qala bilməzdi. Eyni fikirləri Dağıstanda gedən proseslərə münasibətə də aid etmək mümkündür. Dağıstanın müstəqil yaşamasının, “qırmızı Rusiya” ilə Azərbaycan arasında bir sədd olmasının vacibliyini nəzərə alan hökumət sədri orada tökülən qanlara həmin bölgədə yaşayan əhalinin böyük əksəriyyətinin milli mənsubiyyətinə görə etirazını bildirməklə yanaşı, məsələyə yalnız dini və etnik yaxınlıq baxımından qiymət verməklə qalmır, Dağıstan və Azərbaycan respublikalarının ortaq strateji maraqlarını mühüm amil kimi dəyərləndirirdi: “Dağlı respublikası azərbaycanlılar üçün ikinci vətəndir, necə ki, Azərbaycan onlar üçün. Sizə məlumdur ki, Denikinin ordusu Şimali Qafqaza dolmuşdur və yenidən dağıstanlıları və bizi əsarət altına almaq üçün Dağıstanın qarlı zirvələrini qana qərq etmişdir. Ancaq bu, o qədər də asan olmamışdır. Könüllü ordunun zalımlarına dağlı qartalların verdiyi dərs bunu təsdiq edir. Qoy, bizim qeyrətli dağlı qardaşlarımız şübhə etməsinlər ki, biz həmişə onlarlayıq”. Ölkənin yaxın sərhədlərində baş vermiş hadisələrə xüsusi diqqət yetirilməsi təsadüfi deyildi. Çünki Azərbaycanın şimalında yaranmış təhlükəli vəziyyət sərhədlərin müdafiəsinin təşkili üçün təcili tədbirlər görülməsini və general Denikinin niyyətləri barədə xarici dövlətlərin xəbərdar olunmasını tələb edirdi. Əks halda, Dağıstanda öz planlarını reallaşdıran Denikin Könüllü ordusunu Azərbaycana yeridə, ölkənin müstəqilliyini ciddi təhlükə altında qoya bilərdi. N.Yusifbəyli dördüncü hökumətdə, həmçinin daxili işlər naziri vəzifəsini yerinə yetirirdi. Hökumət sədrinin, eyni zamanda, mühüm bir sahənin rəhbəri təyin olunması hər şeydən əvvəl ölkənin mövcud vəziyyəti ilə əlaqədar idi. 1919-cu ilin aprelindən sonrakı dövrdə ölkə daxilində hakimiyyətin dayaqlarının hərtərəfli möhkəmləndirilməsi ilə vəziyyətin tam sabitləşdirilməsi kursunun götürülməsi sədrin həm də daxili işlər naziri postunu tutması zəruriyyətini doğurmuşdu. Dördüncü hökumətin fəaliyyət göstərdiyi çox qısa müddətdə aydınlaşdı ki, həm strateji istiqamətin müəyyənləşdirilməsində, həm də qeyd olunan təyinatda səhvə yol verilməyib, əksinə, düzgün və düşünülmüş addımlar atılıb. Nəsib bəy dövlətə, onun müstəqilliyinə və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş əməlin kim tərəfindən törədilməsindən asılı olmayaraq, təcili və qəti tədbirlər görməsinin tərəfdarı idi. 1919-cu il aprelin 1-də ona müraciətlə ingilis əsgərlərinin özbaşına hərəkətləri barədə şikayət edən bir qrup Bakı sakini müvafiq ölçü götürülməsini tələb edirlər. Onlar ingilislərin sərxoşluq etməsindən, teatrda və kinoda çaxır içib, siqaret çəkmələrindən, qadınlara sataşmalarından şikayətlənir, “məgər mədəni xalq budur?”, - deyə soruşurlar. Təcili surətdə tədbir görən daxili işlər naziri Nəsib bəy Yusifbəyli ingilis komandanlığına müraciət edərək günahkarların cəzalandırılmasına nail olur. Ölkə daxilində sabitlik yaranmasına, bir sıra ərazilərdə hakimiyyətin tam bərpa olunmasına baxmayaraq, koalisiyalı əsaslarda formalaşdırılmış hökumət öz fəaliyyəti ilə əlaqədar bir sıra çətinliklərlə qarşılaşmışdı. Hökumətin təşkilində iştirak etmiş bir sıra parlament firqələri müəyyən şərtlər irəli sürür, kabinetin tərkibində öz mənafelərinə uyğun dəyişikliklərə nail olmağa çalışırdılar. Bu isə hökumətdaxili mübarizələrin kəskinləşməsinə və nəticə etibarilə qarşıya qoyulan vəzifələrin tam uğurla həyata keçirilməsinə maneçilik göstərirdi. Məhz belə bir durumda Nəsib bəy Yusifbəyli 1919-cu il sentyabrın 18-də kabinetin rəhbəri kimi parlament sədrinə məktub yazıb hökumətin sosialist və “Əhrar” firqələrinin hökumətə etibarı müəyyən şərtlərlə bağladıqları üçün istefa verdiyini bildirir. Bu, ciddi xəbərdarlıq idi və mövcud vəziyyətdən çıxış yolu axtarılması üçün təcili tədbirlər görülməsini tələb edirdi. Başı daxili münaqişələrə qarışan hökumətin lazımi səmərə ilə işləyə bilməyəcəyi aydın idi. Bütün bunları nəzərə alan parlament sədri sentyabrın 22-də parlament firqələrinin razılığı əsasında Nəsib bəy Yusifbəyliyə yeni kabinet yaratmaq təklifi ilə müraciət edir. Bu təklif müəyyən müddətdən sonra qəbul olunur və Azərbaycanın beşinci - sonuncu Nazirlər Şurasının tərkibinə kimlərin daxil edilməsi üçün açıq-qapalı müzakirələr başlayır. Nəsib bəy Yusifbəyli oktyabrın sonlarında parlament sədrinə müraciətlə əsas partiyaların (Müsavat, İttihad partiyası və bitərəflər) platforması əsasında hökumət təşkil etməyi xahiş edir (“Azərbaycan” qəzeti 1919-cu il 30 oktyabr). 1919-cu il noyabrın 16-da yeni hökumətin təqribi tərkibi “Azərbaycan” qəzetində dərc olunur. Yeni hökumətin fəaliyyətə başlaması Nəsib bəyə hökumətin təşkili ilə bağlı müraciətdən yalnız üç ay sonra mümkün oldu. Bu müddətdə isə təbii ki, Azərbaycan hökumətsiz qalmamışdı. Cümhuriyyətin dördüncü hökuməti 1919-cu ilin dekabrın 22-dək üzərinə düşən funksiyaları yerinə yetirdi. “Azərbaycan” qəzetinin 1919-cu il 7 oktyabr tarixli sayında yazılmışdı: “1919-cu il oktyabrın 5-də Amerika hökumətinin Zaqafqaziyadakı komissarı, general Harbord 18 nəfər missiya üzvü, 3 general, dövlət həyatının bütün məsələləri üzrə 15 nəfər mütəxəssislə Bakıya gəlib. O, Nəsib bəy Yusifbəyli ilə siyasi məsələlərlə bağlı xeyli söhbət aparıb və Azərbaycanda yaradılmış qayda-qanundan razı qaldığını, Amerika ilə Azərbaycan arasındakı mövcud ixtilafın tezliklə aradan qaldırılması zərurətindən danışıb”. 1919-cu il dekabrın 22-də yeni hökumətin bəyannaməsini parlamentdə elan edən Nəsib bəy Yusifbəyli ötən müddətdə dördüncü hökumətin gördüyü işlərin başlıca yekunlarını və qarşıda duran ən mühüm vəzifələri belə səciyyələndirmişdi: “Sizə məlumdur ki, vətənimizin böyük hissəsi yad əllərdə idi. Lənkəran qəzası bizim tərəfimizdən azad edilmişdir... İkinci məsələ Qarabağ məsələsidir. Qarabağ haqqında danışarkən biz dörd qəzanı nəzərdə tuturuq. Son vaxtlar müxtəlif intriqalarla və fəsadlarla Zəngəzur qəzasının Qarabağdan kənarda yerləşməsini sübut etmək istəyirlər. Yüz və min illərdir ki, Zəngəzur Qarabağın tərkib hissəsidir, Qarabağ isə Azərbaycanın ürəyidir, buna görə də aydındır ki, bu fəsadlardan bir şey çıxmayacaq. İndi Qarabağın üçdəikisi bizim əlimizdədir, Zəngəzur qəzasının yarısı isə qiyamçıların əlindədir. Bizə deyirlər ki, ola bilər, burada da məsələni sülhlə həll etmək olar və böyük dövlətlərin nümayəndələri bunun tərəfdarıdır. Biz sülhün əleyhinə deyilik. Biz, ümumiyyətlə, bütün məsələlərin həllində sülhü vasitə seçmişik. Buna görə də gözləməyə hazırıq, təki məsələ sülhlə həll edilsin... Üçüncü məsələ Şərur-Naxçıvan məsələsidir, yaxud əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edən İrəvan quberniyasının bir hissəsinin məsələsi. Cəsur naxçıvanlılar, şərurlular, vedibasarlılar özləri bu məsələni həll ediblər. Onlar öz həyatları, ailələri ilə risk edərək özləri qalxıb torpaqlarını azad edib və vətənlə qovuşub və bununla hökumətin işini asanlaşdırıblar”. Məhz Nəsib bəy kimi görkəmli dövlət xadimlərinin hərtərəfli düşünülmüş siyasət yeritmələrinin nəticəsi idi ki, 1920-ci il yanvarın 11-də müstəqil Azərbaycanın həyatında ən əlamətdar günlərdən biri barədə əhaliyə böyük təntənə ilə məlumat vermək mümkün oldu. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Avropa dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması barədə memorandumu elan olundu. Memorandumda deyilirdi: “Azərbaycan hökuməti və xalqı nəhəng dövlətlər tərəfindən Azərbaycan xalqının müstəqilliyinin tanınması və bununla onun beynəlxalq hüququn bir hissəsinə çevrilməsi faktını dərin məmnunluqla qarşıladılar... Ancaq Azərbaycan xalqının azad və müstəqil mövcudluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülməsə onun bütün əməyi və verdiyi qurbanlar nəticəsiz qala bilər”. Daxili işlər naziri vəzifəsini icra etdiyi dövrdə Nəsib bəy respublikada daxili sabitliyin yaradılması üçün bolşeviklərin törətdiyi təxribatların qarşısının alınmasının başlıca məsələlərdən olduğunu dəfələrlə vurğulamış, bu sahədə xeyli işlər görülməsinə nail olmuşdu. Onun həmin aylarda hərbi nazirə və yerli hakimiyyəti təmsil edən qubernatorlara, digər dövlət məmurlarına yazdığı məktublar, nazirlik adından göndərdiyi teleqramlar və Dövlət Müdafiə Komitəsinin iclaslarında bu müstəsna səlahiyyətlərə malik qurumun sədri kimi etdiyi çıxışlar bolşevik təhlükəsinə qarşı necə geniş iş aparıldığını əyani surətdə təsdiqləyir. Bu tarixi faktlar barəsində təfərrüatlara varmır, yalnız belə bir cəhəti vurğulayırıq ki, 1920-ci il aprelin 27-də xəyanət yolu ilə hakimiyyəti ələ alan bolşeviklərin birinci növbədə Fətəli xanı və Nəsib bəyi axtarıb sui-qəsd yolu ilə aradan götürmələrində hər iki şəxsin onlara qarşı amansızlıqla mübarizə aparmasının xüsusi rolu olmuşdu. Bolşeviklər bu “xidmətləri” unuda bilməzdilər və Nəsib bəyi öldürmək üçün başqaları kimi haqqında xüsusi qovluqlar yaradaraq düşmən olduğunu sübuta yetirməyə də ehtiyac yox idi. Nəsib bəy Yusifbəyli məhkəmə qarşısında dayanmadı, Azərbaycanın müstəqilliyinə, xalqın həqiqi hakimiyyətinə qəsb etmiş bolşeviklərin buna cəsarəti çatmadı, onu qatil əli ilə qətlə yetirdilər. Çünki yaxşı bilirdilər ki, Nəsib bəyin təkcə Gəncəbasarda yüz minlərlə tərəfdarı vardı. “Millətə azadlıq və müstəqilliyin nə olduğunu daddıranlar”ın ön cərgəsində olmuş bu şəxsiyyəti asanlıqla susdurmaq mümkün deyildi. Ona görə də çarə yalnız muzdlu qatilə qalırdı. Qəlbi böyük əməllərlə çarpan, milli tariximizin ən şanlı səhifələrindən birinin yazılmasında ilk təşəbbüskarlardan və təşkilatçılardan olan, Vətən təəssübünü hər şeydən üstün tutan Nəsib bəyin ömrü yarımçıq qaldı. Cümhuriyyətin süqutundan dərhal sonra onunla haqq-hesab çəkməyə tələsən qanlı rejim Nəsib bəyi aradan götürmək üçün muzdlu qatil göndərdi. Çevrilişdən cəmi bir neçə gün keçmiş, 1920-ci il mayında Azərbaycanın hökumətinin başçısı Nəsib bəy Yusifbəyli Kürdəmir qəzasında Yevlaxın Qarxunlu kəndindən olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirildi. Nəsib bəyin ölümü aprelin 27-də tarixi bir seçim qarşısında qaldığını yetərincə qiymətləndirməyənlər üçün ilk ciddi xəbərdarlıq oldu. Onlar hansı qüvvə ilə qarşılaşdıqlarını aydın başa düşdülər. Ancaq artıq gec idi. Terror və kütləvi cəza maşını hərəkətə gətirilmişdi. Azərbaycan Cümhuriyyət ideyalarının unutdurulacağı günədək düşünən başlardan məhrum olunmalı idi. Amansız rejimin belə qurbanlarından biri də Nəsib bəyin böyük qardaşı Həmid bəy Yusif bəy oğlu oldu. Vətəni, milləti canından artıq sevən, milli ideallara həqiqi sədaqətlə xidmət göstərən Yusifbəlilər nəslinin digər nümayəndələri barəsində yəqin ki, gələcəkdə tədqiqatçılar öz sözlərini deyəcəklər. Bu, həm də bizim hər birimizin müqəddəs borcudur. Doğma Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxarmış böyük insanlar qarşısındakı hələlik lazımınca ödəyə bilmədiyimiz mənəvi borcdur. Siyasət və dövlət nəhəngi olmuş Nəsib bəy kimi əvəzsiz şəxsiyyətlərimizin həyatı və fəaliyyəti barədə xalqa ən kiçik təfərrüatlarınadək bütün həqiqətlər çatdırılmayınca, onların bizlərə necə böyük və tükənməz irs qoyub getdikləri məktəb yaşlı uşaqlarımızdan tutmuş ahıllarımzadək hər kəsə məlum olmayınca bu borc yerinə yetirilmiş sayıla bilməz. Lətif Şüküroğlu Tarix üzrə fəlsəfə doktoru
Hamısını oxu
Mayın 11-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilən tədbirdə Respublika Veteranlar Təşkilatı veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə hospitalın bir qrup tibb işçilərini mükafatlandırmışdır. Mərasim ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəis müavini, tibb xidməti polkovniki Vüqar Mürsəlov tədbiri açıq elan edərək bildirdi ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, hərbi səhiyyə sahəsi də durmadan inkişaf edir. “Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan tibbi avadanlıq və cihazlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür.” Daha sonra veteranlara göstərilən tibbi qayğıdan danışan Vüqar Mürsəlov vurğuladı ki, bu hərbi səhiyyə müəssisəsi yarandığı gündən zabit və əsgər heyətinə, həmçinin veteranlara daim yüksək səviyyədə tibbi xidmət göstərir. Arzu edirəm ki, veteranlar xəstələnməsinlər. Bu gün yaşının ahıl çağında olan II Dünya müharibəsi veteranlarına "sağ olun" deyirik. Biz təkcə sözlə deyil, həm də əməllə qəhrəmanlarımıza diqqət göstərməyə çalışırıq. Veteranların həyat və fəaliyyətləri nəsillər üçün örnək, özləri isə bizlər üçün canlı əfsanə simvoludurlar. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov Baş Klinik hospitalla Təşkilatın sıx əməkdaşlığını yüksək qiymətləndirərək dedi: “Millət, dövlət güclüdür ki, hörmətlə yad edilməli qəhrəmanları var. Bizim vəzifəmiz müharibə veteranlarının qəhrəmanlığını, cəsarətini və sonsuz Vətən sevgisini elə onların öz dilindən nəsillərin diqqətinə çatdırmaqdır. Lakin bu gün yaşı 90-nı keçən veteranlarımız xəstələnirlər. Bu səbəbdən də bu gün onların sağlamlıqlarının bərpası üçün tibbi təminat məsələləri vacibdir. Hospitalda həqiqətən veteranlar, maksimum diqqət və qayğı ilə əhatə olunublar və onların sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir . Burada yaradılan şərait qısa vaxtda xəstələrə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verir. Bu sahədə görülən işlər, doğrudan da yüksək səviyyədədir. Dünya müharibəsi veteranlarına xüsusi münasibət cəmiyyət tərəfindən də təqdir olunur. Bütün bunlar Azərbaycan dövlətinin yalnız bu gün xidmət edən hərbçilərin sağlamlığına və onların problemlərinin həllinə həssaslıqla yanaşdığının, bu insanların hər cür diqqət və qayğı ilə əhatə olunmalarının bariz nümunəsidir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov hospitaldamülaicə alan müharibə veteranlarını ziyarət etdiyi zaman aldığı təəssüratları da tədbir iştirakçıları ilə bölüşdü. “Səmimi deyim ki, hospitalda rahat və təmiz ev şəraiti hökm sürür. Burada olan unikal tibbi avadanlıq və cihazlar xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyəimkan verir. Xəstələrin müalicəsinə olduqca həssas və diqqətli yanaşan həkimlər və tibb bacıları daim yüksək peşəkarlıq göstərirlər. Veteranlar bu tibb ocağında sağalır, yenidən sağlam həyata qayıdırlar. Mən xüsusilə kardiologiya bölməsinin fəaliyyətini qeyd etmək istərdim. Veteranlara göstərdiyiniz bu cür dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm.” Sonda veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkim və tibb bacısı Respublika Veteranlar Təşkilatının yubiley medalları və fəxri fərmanı ilə mükafatlandırıldılar. Çıxış edən həkimlər verdikləri dəyərə görə Respublikası Veteranlar Təşkilatına təşəkkür edib, veteranlara göstərdikləri xidmətin vəzifə borcu olduğunu bildirdilər. Tədbirdən sonra xatirə şəkilləri çəkdirildi.
Hamısını oxuAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin ifasında Qələbənin 73 illik yubileyi münasibəti ilə hazırladığı konsert və bəstəkar Şahin Musaoğlunun hərbi-vətənpərvərlik mövzusunda mahnılardan ibrarət “Cənab leytenant” patriot qrupunun, Nuray Rəhman, Şəmistan Əlizamanlı və başqalarının ifasındakı musiqi proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı. Sonda veteranlara hədiyyələr təqdim olundu.
Hamısını oxu07 may 2018-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 73-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və İsmayıl Fərəcov Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.
Hamısını oxu
Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub Rusiya Federasiyası "Qələbənin varisləri" beynəlxalq İttifaqının Qırğızıstan Respublikasındakı nümayəndiliyinin dəstəyi ilə 10 aprel 2018-ci il tarixdə veteran təşkilat əməkdaşlarının Tyan-Şan dağının Qırğızıstan ərazisində yerləşən “Müəllim zirvəsi”nə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya iştirakçıları 17 aprel 2018-ci il tarixdə Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar 4530 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq həmin zirvəyə üzərində Heydər Əliyevin şəkli təsvir edilmiş bayraq sancmışlar. “Qələbənin varisləri” beynəlxalq İttifaqının növbəti ekspedisiyası isə yaxın vaxtlarda Elbrus dağının hündür zirvələrindən birinə planlaşdırılır. “Qələbənin varisləri” beynəlxalq İttifaqının bu ekspedisiyaya qoşulan iştirakçılarının məqsədi veteranların Azərbaycanın ümummili lideri Heydər Əliyevə olan hörmət və diqqətinin beynəlxalq aləmdə bir daha nümayiş etdirilməsidir. Elbrus yürüşünün Ümummili liderin 95 illik yubileyi gününə qədər başa çatması nəzərdə tutulur.
Hamısını oxu
II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində veteranlarla görüşlər, mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur. Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbrin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar bu gün hər birimiz üçün əzizdir. Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində SSRI - də çıxarılan neftin 69%-ni Bakı vermişdi. Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdır. Azərbaycan xalqı bu gün də müharibədəki iştirakı dövrü ilə fəxr edir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır». Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 73 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə veteranlar adından minnətdarlığını bildirmiş, Nəsimi rayonunda veteranlarla aparılan işi yüksək qiymətləndirərək Veteranlar Təşkilatının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 100 illiyi münasibəti ilə təsis etdiyi Yubiley medalını Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərova təqdim etmişdir. Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm sərgisi nümayiş olunmuşdur. 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Daha sonra 1941-1945 abidəsinin önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, abidənin önünə tər çiçəklər düzmüşlər. Tədbirin sonunda təşkil edilmiş çay süfrəsi arxasında veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr təqdim edilmişdir. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən veteranların yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.
Hamısını oxu
04 may 2018-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illlik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevlə birgə işləmiş, onun idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, ölkənin tanınmış insanları, o cümlədən, Heydər Əliyev dövründə Prezidentin hərbi məsələlər üzrə köməkçisi olmuş general-polkovnik Tofiq Ağahüseynov, Sərhəd Qoşunlarının Komandanı olmuş, general-mayor İskəndər Allahverdiyev, Sərhəd Qoşunlarının Komandanının birinci müavini olmuş, general-leytenant İnayət Xəlilov, Neft Sənayesi naziri olmuş Kamil Akimov, Kənd Təsərrüfatı naziri olmuş Kamil Seyidov, Mərkəzi Komitənin əməkdaşı olmuş Aydın Əliyev, Kənd Təsərrüfatı Nazirinin müavini olmuş İmran Əbilov, Milli Məclisin deputatları olmuş Viktor Timoşenko, Bəhram Zahidov, RVT Rəyasət Heyətinin üzvü Musa Bağırov, Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, ziyalılar, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbir başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, sözü Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova vermişdir. C.Xəlilov Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verərək demişdir: “Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi, xalqımız qarşısında tarixi xidmətləri olan ulu öndər Heydər Əliyevin 95 illlik yubileyini etmək üçün toplaşmışıq. Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim əziz tutulur. Hazırda ölkənin müxtəlif ərazilərində keçirilən silsilə tədbirlər bunu bir daha sübuta yetirir ki, vaxtılə səsləndirilmiş “Heydər – xalq, xalq – Heydər” tandemi əbədidir və bu iki məfhumun ayrılmazlığı zaman keçdikcə daha qabarıq şəkildə üzə çıxır. Heydər Əliyev zamanın fövqündə dayanan, illər keçdikcə dühası və əzəməti daha qüdrətli və parlaq şəkildə üzə çıxan nadir şəxsiyyətlərdəndir. Bu günədək Heydər Əliyev haqqında yazılan kitablar, çəkilən filmlər, neçə-neçə məşhur insanların dediyi fikirlər onun şəxsiyyətinin bütün çalarlarını əhatə edə, bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməyib. Onlar ən yaxşı halda Heydər Əliyev şəxsiyyətinin bir neçə cəhətini ümumiləşdirməyə, yaxud həyatının müəyyən dövrü ilə bağlı həqiqətləri yenidən dəyərləndirib üzə çıxarmağa nail olublar. Bu isə gələcəkdə onun barəsində yeni-yeni kitabların yazılmasını, filmlər çəkilməsini zəruri edir. Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenaur və digərlər ilə bir sırada dayanır. Artıq Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasının 27-ci ilini yaşayır. Azərbaycan xalqının tarixi nailiyyətimiz olan Dövlət müstəqilliyinin bərpası yolunda hansı bəlalarla qarşılaşdığı hamınıza yaxşı məlumdur. Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışırdılar. Müstəqillik ideyasının geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20 Yanvar qırğını törətdi. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında 20 Yanvarda xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verdi və bununla da xalqın müstəqillik uğrunda mübarizəsinə yeni təkan verdi. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi və buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyətin gərginləşdirmişdi. Bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter alımış, Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı”. Cəlil Xəlilov daha sonra demişdir: “Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu”. Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışmışdır. Tədbirdə general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək demişdir: Bugünkü çıxışlarda Heydər Əliyevin dövlət quruculuğunun müxtəlif sahələrindəki geniş fəaliyyətindən bəhs edildi, onunla bağlı olduqca maraqlı xatirələr danışıldı. Mənsə bu dahi şəxsiyyətin ordu quruculuğu istiqamətində gördüyü işləri yada salmaq istəyirəm. Bilirsiniz ki, sovet dövründə Azərbaycanın hərbi cəhətdən inkişafı məsələlərinə yumşaq desək soyuq yanaşılırdı. Azərbaycanlılar hərbi xidmətdə qeyri-döyüş istiqamətlərində, daha çox da tikinti sahəsində xidmət edirdilr. Heydər Əliyevə qədər Azərbaycanın heç bir rəhbəri də bu məsələlərə lazımi diqqət göstərmədiyindən bizdə hərbi mütəxəssislər son dərəcədə az idi. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdə, 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkilinə nail oldu. O, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasını da daim diqqət mərkəzində saxlayırdı. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyin bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında mühüm rolu oldu. Müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə imkanları o qədər də çox deyildi. Ancaq Heydər Əliyev həmin məhdud imkanlarla müasir ordu quruculuğu istiqamətində çox böyük işlər görülməsinə nail oldu. Azərbaycanın müasir ordusunun strukturu yaradıldı və sonrakı mərhələdə Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu işlər inamla və daha geniş miqyasda davam etdirildi. Azərbaycan ordusu ən müasir silahlar və texniki vasitələrlə təmin edildi. Bu gün bizim ordumuz regionun ən qüdrətli ordusu olmaqla, dünyanın 50 ən güclü və müasir ordusu sırasında yer alır. Bu çox böyük səylər və gərgin zəhmət nəticəsində mümkün olub və biz ölkənin müdafiə qüdrətinin indiki yüksək səviyyəsinə görə Heydər Əliyevə minnətdarıq. Bu gün ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən veteranlara qayğı və hərtərəfli diqqət siyasətinin əsası da Ulu öndər tərəfindən qoyulub və biz veteranlar bunu daim yüksək qiymətləndiririk. Heydər Əliyevin Azərbaycan dövləti və onun xalqı qarşısındakı tarixi xidmətləri gənc nəslə dolğunluğu ilə çatdırılmalı, onların bu dahi şəxsiyyətin əbdiyaşar iursinə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparılmalıdır. Çünki bu irs Azərbaycanı daim qələbələrə aparmağa qadirdir. Daha sonra Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, general-leytenant İnayət Xəlilov, RVT Rəyasət Heyətinin üzvləri Viktor Timoşenko, Bəhram Zahidov və Musa Bağırov, keçmiş nazirlər Kamil Akimov və Kamil Seyidov, Aydın Əliyev və başqaları çıxış etmiş, Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini yada salmış, onuin Azərbaycan dövləti və xalqı qarşısındakı fəaliyyətindən danışmışlar. Sonda tədbir iştirakçıları görkəmli kinorejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi 5-ci televiziya filminin qısa variantına tamaşa etmişlər.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatında tədbirdə çıxış edən Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin çoxillik tarixi və xüsusi əhəmiyyəti vardır. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyət hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət, eləcə də gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətlərində müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim Təşkilatın fəaliyyətinə dəstək olub. Bugünkü görüşün keçirilməsi də qeyd olunanlara əyani sübutdur. Alman faşizmi üzərində qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik edən Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hazırda Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarına dövlət tərəfindən, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi bugünkü görüşün məqsədinin də məhz bu olduğunu bildirib. A.Rəhimov İkinci Dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhfələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışıb. General-leytenant Arzu Rəhimov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim etdi. Daha sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələrini təqdim edərək onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığını vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi qayğıya və general-leytenant Arzu Rəhimovun onlarla görüşə gəldiyinə görə veteranlar adından təşəkkürlərini çatdırıb.
Hamısını oxu
Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, “Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur. Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib. “Rusiya Qadınlar İttifaqı” təşkilatı tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilən məktuba əsasən onların arasında azərbaycanlılar da var. "Məktubda qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədilə səfirlik tərəfindən ictimaiyyətə təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan Respublikasının aidiyyəti qurumlarına da göndərilib. Onu da bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə edəcəyimiz təqdirdə, ictimaiyyətə məlumat veriləcək", - deyə səfirliyin məlumatında bildirilib. Siyahıda adları olan Azərbaycan sakinləri aşağıdakılardır (ad-soyadlarda yanlışlıq ola bilər): 1913-cü il təvəllüdlü Qureyev Satar 1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini) 1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini) 1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini ) 1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini) 1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf.
Hamısını oxu
Ukraynanın “İnter” telekanalının İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirməsi artıq ənənə şəklini almışdır. Bu tədbirlərə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının, Ukraynanın Müdafiə Nazirliyi və aidiyyatı dövlət orqanlarının nümayəndələri, digər media qurumlarının təmsilçiləri qatılırlar. Son iki ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də bu tədbirlərdə iştirak edirlər. Bu tədbirlərdə eyni zamanda, Ukraynanın veteran təşkilatları təmsilçilərinin MDB-nin və digər ölkələrin veteranları ilə müxtəlif formatlı görüşləri təşkil olunur. Həmin görüşlər çərçivəsində onların İkinci dünya müharibəsi cəbhələrində keçdikləri döyüş yolları xatırlanır, ayrı-ayrı media qurumlarının təmsilçiləri veteranlardan müsahibələr götürür, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının onlara münasibəti barədə məlumatlar alınır. Bir qayda olaraq həmin tədbirlər zamanı “İnter” telekanalının faşizm üzərində qələbənin ildönüm günləri ilə bağlı xüsusi bayram verilişləri hazırlanır və mayın 9-da telekanalın efirində yayımlanır. Tədbirlərin gedişində əldə olunmuş bütün məlumatlar bayram gününədək “İnter” media qurumunun elektron informasiya portalında və müxtəlif saytlarda yerləşdirilir. İkinci Dünya Müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ilə bağlı aprelin 16-17-də, iki gün ərzində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən növbəti tədbirlərdə Azərbaycanı Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri - İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin Təşkilati və kadrlarla iş şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev iştirak etmişlər. “İnter” telekanalı 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başlatdığı layihə çərçivəsində hər il “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunu nəşr edərək ölkənin ictimai təşkilatları və veteranlar arasında yayır. Fotoalbomun 2018-ci ildə nəşr edilmiş üçüncü cildi də maraqla qarşılanmışdır. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan həmin cildə bu gün həyatda olan İkinci dünya müharibəsinin 100 nəfər iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. Fotoalbom həmin insanların döyüş yolunun və müharibədən sonrakı həyatının mühüm və təsirli məqamlarını əks etdirir. Hər səhifəsi canlı tarixin bir parçası olan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. 16-17 aprel 2017-ci ildə baş tutan tədbirlərdə “İnter” telekanalının 9 may günü ilə bağlı verilişlərində nümayiş etdiriləcək 4 saata yaxın xüsusi konsert proqramının çəkilişləri aparılmışdır. Ukraynanın tanınmış musiqiçilərinin ifasında həmin verilişlərdə səslənəcək Vətən, torpaq, müharibə, qələbə, gənclik və s. mövzuları əhatə edən mahnılar veteranları müharibə illərinə qaytarmış, onların, eləcə də tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Çəkilişlərdə İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev iştirak etmişlər. 7 saata yaxın davam edən bu çəkilişlərin gedişində U.Kəngərli və L.Babayevdən 2 müxtəlif TV kanalının və bir saytının müxbirləri tərəfindən müsahibələr götürülmüş, U.Kəngərlinin digər ölkələrdən olan veteranlarla döyüş yolu barədə söhbəti lentə alınmışdır. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə ölkəmizin verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə keçirildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi, onların ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdikləri qeyd olunmuşdur. Azərbaycan nümayəndələri eləcə də, tədbir iştirakçılarına Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. Həmin gün axşam Azərbaycan, Estoniya, Litva, Gürcüstan, Rusiya Federasiyası və Belarus veteran təşkilatlarının nümayəndələrinin Ukraynalı həmkarları ilə görüşü keçirilmişdir. Görüşdə Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov və digər nümayəndələri iştirak etmişlər. Görüş iştirakçıları veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışmışlar. RVT-nin nümayəndəsi Ukrayna, Gürcüstan, Estoniya, Litva veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunması, daim qayğı ilə əhatə olunması barədə onları və bu görüşə qatılan “İnter” telekanalının əməkdaşlarını məlumatlandırmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə postsovet məkanı ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğu vurğulanmış, göstərilən məsələlərdə fəallıq xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirilmişdir. Estoniya veteran təşkilatının nümayəndəsi, Estoniyanın Front Line axtarış saytının baş redaktoru Andrey Lazurin İkinci dünya müharibəsi veteranı Ulduz Kəngərli ilə geniş müsahibə götürmüş, bu materialın həm saytda yerləşdiriləcəyini, həm də xüsusi sənədli filmdə istifadə ediləcəyini bildirmişdir. Tədbirlər çərçivəsində RVT Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Həzi Aslanov” yubiley medalı və tədbirin digər təşkilatçılarına qiymətli hədiyyələr, o cümlədən Azərbaycan şiriniyyatının müxtəlif nümunələrindən ibarət buketlər təqdim edilmişdir. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər. Tədbir iştirakçıları "Naməlum Əsgər" abidəsini və Qələbə parkında yerləşən digər abidələri ziyarət etmiş, abidələrin önünə tər gül dəstələri qoymuşlar. Tədbirin qonaqları üçün Kiyevin görməli yerləri ilə tanışlıq məqsədilə gəzinti təşkil edilmiş, “İnter” TV-nin nümayəndələri veteranları gəzinti zamanı müşayiət etmiş, foto və video çəkilişlər aparmışlar. Tədbirlər zamanı “İnter” telekanalının təmsilçiləri, o cümlədən Admistrasiyasının rəhbəri İrina Butko, Admistrasiyanın şöbə müdiri Olqa Bezux və əməkdaşlarıı Valentina Sandulenko və Yulya Savonova teranlara xüsusi qayğı və diqqət göstərmişlər.
Hamısını oxu