Ən son xəbərlər
Uzun illər həsrətdən sonra dirçələn Xankəndidə bu gün sakitlik, etibar və güvən hökm sürür. Şəhərin küçələrində gəzən hər bir insan özünü tam təhlükəsiz hiss edir. Bu isə Azərbaycan polisinin fədakar və peşəkar xidmətinin bəhrəsidir. Xankəndidə ictimai asayişin qorunması təkcə bir vəzifə deyil, həm də vətənə və doğma yurda olan sevginin təzahürüdür. Əslən Xankəndidən olan Xankəndi şəhər polis şöbəsinin rəisi polkovnik Zaur Nəsirov doğma şəhərində qanunların qorunması üçün bütün gücünü səfərbər edib. Onun rəhbərliyi ilə polis əməkdaşları yalnız qanunların aliliyini təmin etmir, həm də insanlara arxayınlıq, sabaha inam bəxş edirlər. Bu fəaliyyətin arxasında isə Daxili İşlər Nazirliyinin böyük dəstəyi dayanır. Cənab Nazir Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi ölkəmizin hər bir bölgəsində olduğu kimi, Xankəndidə də ən yüksək peşəkarlıqla xidmət göstərir. Onun diqqət və qayğısı nəticəsində Xankəndidə təhlükəsizlik sistemi daha da möhkəmlənib, insanların öz doğma yurdlarında tam etibarlı şəraitdə yaşaması təmin olunub. Bu gün Xankəndidə həyat yenidən canlanır, tikinti-quruculuq işləri sürətlə davam edir. İnsanların üzündəki təbəssüm, uşaqların küçələrdə azadca oynaması bir daha göstərir ki, təhlükəsiz mühitin təmin olunması hər şeydən önəmlidir. Bu mühitin qoruyucusu isə Azərbaycan polisidir. Xankəndi sakinləri yaxşı bilirlər: onların hər addımında, hər günündə polis keşiyindədir. Bu keşiyin arxasında həm peşəkarlıq, həm də Vətən sevgisi dayanır. Azərbaycan polisi Xankəndidə sadəcə qayda-qanun yaratmır, həm də insanlara güvən, rahatlıq və ümid bəxş edir. Müəllif: Şamxal Adıgözəlov
Hamısını oxu
Bugünlərdə respublikamız gözəl insan, görkəmli siyasi və ictimai xadim, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yubileyini qeyd edəcək. Hər bir azərbaycanlı Mehriban xanıma hörmətlə yanaşır. Yalnız ləyaqətlə tutduğu yüksək vəzifəyə görə deyil, həm də özünəməxsus insani keyfiyyətlərinə görə. Müasir siyasətçinin bu keyfiyyətləri haradan qaynaqlanır? Bu barədə fikirlərimi bölüşmək istəyirəm. Adı ilə başlayacağam. Bir insanın adının müəyyən bir məna daşıdığına, taleyini, xarakterini əks etdirdiyinə inanılır. "Mehriban" adı güclü mərhəmət hissi olan və başqalarına qayğı göstərməyi bacaran bir insanı xarakterizə etmək məqsədi daşıyır. Mehriban xanım həqiqətən də səmimi qəlbdən və insanların köməyinə gəlməyə hazır olması ilə seçilir. Adını doğruldur — yaxınlarını sevən və hər bir insanın taleyinə mərhəmətli bir insandır. Emosional dəstək və xeyirxahlıq göstərmək, müxtəlif insanlarla ahəngdar münasibətlər yaratmaq, inam və sevgi aşılamaq qabiliyyətinə malikdir. Müasir genetikaya uyğun, azərbaycan atalar sözü var - "kök varsa, ot görünəcək. Mehriban xanımın ata babası tanınmış Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayevdir. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru, professor, akademikdir. Ana babası Nəsir İmanquliyev "Bakı "qəzetinin görkəmli jurnalisti, təsisçisi və baş redaktoru olmuşdur. Anası Aida İmanquliyeva tanınmış şərqşünas, elmlər doktoru idi. Mehriban xanımın kökləri belədir, bu, göstərir ki, o, hansı intellektual ailədə formalaşmışdır. Mehriban xanımın Azərbaycanın vətənpərvər olduğunu, ölkənin tarixini hərtərəfli bildiyini və onunla fəxr etdiyini söyləmək çox xoşdur. Və bu, onun digər ölkələrə və xalqlara hörmət və anlayışla yanaşmasına, dünya tarixinin mürəkkəb palitrasını görməsinə heç də mane olmur. Azərbaycanlıların şüurunda gözəl, müdrik, cəsur qadın həmişə Koroğlunun sadiq səhabələri Nigar və Qaçaq Nəbi — Həcərin obrazları ilə əlaqələndirilir. Bu obrazlar qadının Azərbaycan ailəsində, Azərbaycan cəmiyyətində rolunun mənası və əhəmiyyəti təfsirində özünəməxsus standartlara çevrilmişdir. Bəzən dini doqmaların, sosial çətinliklərin təsiri altında baş verən bu kanonun təhrifləri klassik Azərbaycan ədəbiyyatında həmişə tənqidi qiymətləndirilmişdir. Bununla əlaqədar Cəfər Cabbarlının, Səməd Vurğunun, İlyas Əfəndiyevin pyeslərini yada salmaq kifayətdir... Bu əsərlərdə qadının yalnız sevgi obyekti kimi təqdim olunduğu Şərq ənənələrindən fərqli olaraq, qadın aktiv, güclü iradəli və müstəqil bir insan kimi göstərilir. Məgər biz burada Mehriban xanımı tanımırıq? Ümumiyyətlə, Mehriban xanımın obrazının, onun insani keyfiyyətlərinin formalaşmasında xalqımızın ailə-psixoloji mənşəyinin və sosial-mədəni arxetiplərinin xoşbəxtliklə bir-birinə qovuşduğu fikrinə meyl edirəm. Xidmət növünə görə mən müxtəlif ölkələrin xadimləri ilə görüşürəm, onların hamısı daim hesab edirlər ki, Azərbaycan belə mürəkkəb geosiyasi dövrdə rəhbərliklə sadəcə şanslıdır. Bəli, biz əminik ki, xarizmatik Prezidentimiz İlham Əliyev və onun gözəl, etibarlı xanımı, vitse-prezident Mehriban xanım Azərbaycanı inamla xoşbəxt gələcəyə aparır! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Avqustun 22-si...Bəzən təqvimdəki bir tarix, sadəcə bir gün deyil. Bəzən o gün bir millətin hekayəsini daşıyır. Bəzən bir tarix torpaqla, bayraqla, qanla, sədaqətlə yazılır. Bu gün biz dörd igid oğulun doğum gününü anırıq ömürləri qısa, izləri əbədi olan şəhidlərimizin...Onlar bir zamanlar dünyaya göz açmışdı. Körpəlik keçmiş, məktəb yollarında addımlamış, həyatın sadə sevincinə qovuşmağa çalışan uşaqlar olmuşdular. Amma alın yazıları fərqli idi. Onlar bu torpaq üçün doğulmuşdular. Onların yolunu tarix seçmişdi şəhidlik yolu ilə ucalan bir ömür... Daşqın Şəfiyev – Laçında dayanan ürək Əsgər Daşqın Hidayət oğlu Şəfiyev 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində dünyaya göz açdı. O, Vətən müharibəsinin ən çətin döyüşlərindən birində 5 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mərdliyi, səssiz qəhrəmanlığı və qətiyyəti ilə silahdaşlarının yaddaşında iz buraxdı.Daşqının adı təkcə ailəsinin yox, millətin fəxridir. Onun igidliyi "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədiləşdirildi. O, torpaq uğrunda döyüşdü, torpağa qovuşdu əbədi yaşamaq üçün... Məhəmməd Məmmədli – Goranboy səngərində düşən ulduz Məhəmməd Murad oğlu Məmmədli 1994-cü ilin bu günündə 22 avqust tarixində Mingəçevirdə dünyaya gəldi. Vətən müharibəsi başlananda, 21 sentyabrda hərbi xidmətə çağırıldı. Cəmi 11 gün sonra, 2 oktyabr 2020-ci ildə Goranboyun Kəhrilər istiqamətində mərmi partlayışı nəticəsində şəhid oldu.Onun əsgərliyi ömür qədər qısa, qəhrəmanlığı isə zaman qədər uzundur. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunması, onun igidliyinin dövlət səviyyəsində tanınmasıdır. Məhəmməd bu millət üçün yaşadı, bu Vətən üçün can verdi. Elyar Məmmədov - Füzulidə yazılan bir ömür Məmmədov Elyar Elbəyi oğlu 1990-cı ildə Biləsuvarın Ağalıkənd kəndində doğuldu. Sadə kənd həyatının içindən çıxan bu gənc, əsgərliyini tam şərəfi ilə başa vurdu. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdi və 27 oktyabrda şəhid oldu. Elyarın üzərinə düşən tapşırıqlar ən çətin olanlardandı çünki o ixtisaslı hazırlıq keçmiş döyüşçü idi. Hər səngər, hər zirvə onu tanıyırdı. Onun qəhrəmanlığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ölümsüzləşdirildi. Elyar döyüşlərin sükutunda adını səsləndirdi. Ruslan Binnətov - Ad günü səngərlərdə qaldı Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Göygöl rayonunun Haça Qaya kəndində dünyaya gəldi. O, Vətən müharibəsinin son günlərində 9 noyabrda Xocavənd uğrunda döyüşdə qəlpə yarası alaraq şəhid oldu. Gənc yaşında, arzularının ən alisində Vətən sevgisində canını verdi.Onun igidliyi "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirildi. Ruslanın həyatı qısa oldu, amma o, ömrünü bir millətin gələcəyinə çevirdi.Bu dörd oğul Daşqın, Məhəmməd, Elyar və Ruslan elə bu gün 22 avqustda doğulmuşdular. Onların doğum günü indi bir xalqın qürur günü, bir millətin yaddaş kitabındakı şanlı səhifədir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi sadəcə bir savaş deyildi bu, bir millətin haqq hayqırtısı, ədalət çağırışı idi. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mülki əhalini, şəhər və kəndlərimizi ağır artilleriya və raket atəşinə tutması qarşısında Azərbaycan Ordusu səssiz qala bilməzdi. 44 gün boyunca səngərlər döyüşün, dağlar qələbənin, şəhidlər isə millətin hekayəsini yazdı. Bu müharibədə 2908 əsgər şəhid oldu. Dördü isə bu gün 22 avqustda doğulmuşdu. Onların yaşının üstünə yaş gəlmir, onların şəhid olduqları gündə donub qaldı. Amma adları zamanla yarışır, xatirələri xalqın ruhunda yaşayır. Bu gün onlar doğulmasaydı, bəlkə də biz bu azad səmanı, dalğalanan bayrağı, torpağımıza qayıdan ayaq izlərini görə bilməzdik. Onların doğumu bir millətin taleyinə yazılmış qurtuluşdu. Bəzən tarix bir insanın doğumu ilə dəyişir. Bu gün o dörd doğum dörd istiqamətdən bir millətin qüruruna çevrilib.Qoy bu torpaq, bu millət, bu bayraq daim onların ruhu ilə ucalılsın. Ruhunuz qarşısında baş əyirik, igidlər. Ad gününüz həm mübarək, həm də əbədidir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Cəlil Xəlilov: “Bu şüar bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir” “Prezident İlham Əliyevin Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirdiyi “bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu ifadə dövlətimiz və ordumuz ətrafında sıx birləşməyin nə qədər zəruri olduğunu göstərir: “Dövlət başçısı tərəfindən irəli sürülən və 44 günlük Vətən müharibəsində praktiki şəkildə öz əksini tapan bu fikir çox böyük həqiqəti ifadə edir. Vaxtiylə üzləşdiyimiz işğal problemi və bu problemdən öz hərbi gücümüz hesabına xilas olmağımız təhlükəsizliyimizin qarantının həqiqətən də yalnız özümüz olduğunu isbatladı. Prezidentimiz bu böyük həqiqəti Kəlbəcər rayon sakinləri ilə görüşündə bir kəs daha yada salmaqla, bundan sonra da güclü qalmağımızın, özümüzü inkişaf etdirməyimizin vacibliyinə diqqət çəkdi. “Təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir. Bu şüar bizə xatırladır ki, özümüzdən başqa istinad edəcəyimiz, söykənəcəyimiz heç nə yoxdur. Buna görə də biz bütün gücümüzü və səyimizi dövlətimizin və Ordumuzun daha da güclənməsinə sərf etməli, Prezidentimizin hər bir çağırışını əməli şəkildə, çox böyük məsuliyyət hissi və vicdanla yerinə yetirməliyik. Unutmamamlıyıq ki, daha təhlükəsiz Azərbaycana gedən yol daha güclü Azərbaycandan keçir. Bunun üçün isə bizim öz üzərimizə düşən vəzifə və öhdəlikləri qüsursuz şəkildə yerinə yetirməyimiz vacibdir”. Polkovnik vətəndaşlarımızın öz ayıq-sayıqlığını qorumasının zəruriliyinə də diqqət çəkdi: “Prezident çıxışında Ordumuzun modernləşdirilməsi prosesinin bu gün də davam etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan müasir PUA və artilleriya sistemləri alıb, eləcə də ölkəmizə yeni, modern döyüş təyyarələrinin gətirilməsi ilə bağlı müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycanın təhlıükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından atılan mühüm addımlardır. Biz də istər fərd, istərsə də cəmiyyət olaraq daim ayıq-sayıq olmalı, istənilən təhdid və təhlükə qarşısında çevik şəkildə birləşməyi, bir yumruğa çevrilməyi bacarmalıyıq. Yalnız bu şəkildə - Prezidentimizin, dövlətimizin və Ordumuzun ətrafında sıx birləşməklə öz təhlükəsizliyimizi təmin etməyimiz, daha böyük uğurlara nail olmağımız mümkündür”. Seymur ƏLİYEV
Hamısını oxu
15 avqust saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü və bu görüşün tarixi əhəmiyyəti ilə bağlı “Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib. Konfransda müxtəlif kateqoriyadan olan veteranlar, şəhid ailələri, millət vəkilləri, tanınmış ziyalılar, zabit və kursantlar iştirak edib. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 avqust razılaşmasının tarixi, eləcə də, iqtisadi-siyasi əhəmiyyətindən bəhs edib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində hərb meydanında qazandığı qələbəni diplomatik müstəvidə uğurla başa çatdırdı, yeni bir dönəmin başlanğıcını qoydu: “Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Sülhü qorumaq, bəzən qələbə qazanmaqdan daha çətindir. Prezidentimizin ABŞ-na səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda, uzun illərdən bəri dövlətimizi zəiflətməyə çalışan, onu müəyyən güzəştlərə vadar etməklə öz milli maraqlarından əl çəkməsini istəyən və beləliklə sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq siyasətini açıq şəkildə məğlubiyyətə düçar etdi. Müzəffər Ali Baş Komandanımız Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Bununla, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyi möhkəmləndi. Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb. Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşmanın tələbləri də sənəddə öz təsdiqini tapıb. Bu həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək istənilən situasiyaya qarşı ABŞ-ın əsas qarant olduğunun göstəricisidir”. Polkovnik Cəlil Xəlilovdan sonra söz alan natiqlər - Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri, Siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru hüquq elmləri doktoru, professor, İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri Əmir Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli 8 avqust razılaşmasının tarixi-regional əhəmiyyəti ilə bağlı bir-birindən maraqlı fikirlər səsləndiriblər. Çıxışçılar qeyd ediblər ki, məhz Müzəffər Ali Baş Komandanın uzunmüddətli səmrəli və prinsipial siyasəti nəticəsində Cənubi Qafqazda etibarlı sülhü bərqərar etmək, kənar güclərin regionla bağlı təxribatlarının qarşısını almaq mümkün oldu. Konfransda Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun kafedra rəisi polkovnik Rasim Qədiməliyev, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Sumqayıt şəhər Veteranları Təşkilatının sədri, əmək veteranı Sovet Şükürov da iştirak edib. Konfransın sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
8 avqust 2025-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Təbrik məktubunda deyilir: “Çox hörmətli Cənab Prezident! Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sizinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında sülh mətninin paraflanması ilə bağlı əldə edilən razılıq bütün Cənubi Qafqazda yeni bir mərhələnin – sülh və təhlükəsizlik dönəminin başlanğıcını qoydu. Siz bu tarixi qələbə ilə Azərbaycan Silahlı Qüvvələrinin hərb meydanında əldə etdiyi 8 Noyabr zəfərini siyasi müstəvidə uğurla başa çatdırdımız. Bununla sübut etdiniz ki, Azərbaycan həqiqətən də sülh dövlətidir və bütün regionun gələcəyini, inkişaf və tərəqqisini sülhdə görür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 8 Avqust zəfəri ilə bağlı Sizi və Azərbaycan xalqını bütün veteranlar adından təbrik edir, Sizə - dövlətimizin liderinə öz təşəkkürümüzü bildiririk. Əminik ki, 8 Avqust razılaşması Cənubi Qafqazda yeni gərginliklər yaratmaq istəyən bütün məkirli qüvvələrin təxribatlarına birdəfəlik son qoyacaq, regionun çiçəklənməsində, bölgənin iqtisadi tərəqqisində mühüm rol oynayacaq”. Hömətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov
Hamısını oxu
“Bu gün Vaşinqtonda Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatiyamızın əldə etdiyi 8 Avqust zəfəri, Ordumuzun 2020-ci ildə qazandığı 8 Noyabr qələbəsinin məntiqi sonluğu, şanlı yekunudur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci ildə əldə etdiyi hərbi qələbəni cari ilin 8 avqust tarixindəki siyasi zəfərlə uğurla başa çatdırması qürurvericidir: “2020-ci ildə başlayan və elə həmin ildə də başa çatan 44 günlük Vətən müharibəsi erməni faşizminin hərbi müstəvidəki varlığına ölümcül zərbə vurdu, işğaldakı torpaqlarımızın qısa zamanda azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən bu tarixi zəfər Cənubi Qafqazda yeni status-kvonun formalaşmasına, Azərbaycanın regional hərbi liderliyinin möhkəmlənməsinə səbəb oldu. Bu gün Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması isə 8 Noyabr zəfərinin siyasi müstəvidə davamı və yekunu oldu. Azərbaycan 8 Avqust zəfəri ilə sübut etdi ki, o, hərbi müstəvidə əldə etdiyi qələbəni siyasi müstəvidə uğurla davam etdirmək və müvəffəqiyyətlə başa vurmaq qüdrətinə malikdir. Bu zəfər sübut etdi ki, ölkəmizin hərbi-iqtisadi potensialı kimi siyasi poensialı da olduqca böyükdür və rəsmi Bakı başlatdığı istənilən siyasi prosesi öz məntiqi sonluğuna çatdırmağı bacarır. Bu qələbə həm də Prezident İlham Əliyevin, onun diplomatik dühasının və liderlik qabiliyyətinin nə qədər böyük və zəngin olduğunu, bütün dünyada sonsuz heyranlıq və ehtiramla qarşılandığını bir daha təsdiq etdi. 8 Avqust razılaşması Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, həm də bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından mühm əhəmiyyətə malikdir. Bu razılaşma bölgədə yeni gərginlik ehtimalını ortadan qaldırmaqla yanaşı, Cənubi Qafqaz regionunda gərginlik yaratmaq və bu gərginlik fonunda öz məkirli məqsədlərini həyata keçirməyə çalışan bütün qlobal güclər üçün də sarsıdıcı zərbə oldu. Mən bütün veteranlar adından xalqımızı bu tarixi zəfərə görə təbrik edir, hər bir azərbaycanlını bundan sonra da dövlətimizin, Prezidentimizin ətrafında sxı birləşməyə çağırıram. İnanıram ki, 8 Avqust zəfəri bütün Cənubi Qafqazda sülhün və tərəqqinin inkişafına təkan verəcək, region xalqlarına əmin-amanlıq və səadət bəxş edəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Bunu mümkün edən əsas amil isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda birgə bəyannamə imzalayacağı xəbərləri regionda yeni siyasi vəziyyətin formalaşmasına zəmin yaradır. Bu sənədin imzalanması sülh müqaviləsinə gedən yolda əsaslı irəliləyiş kimi qiymətləndirilir. Ağ Evdə baş tutan görüş yalnız iki ölkə arasında deyil, bütün Cənubi Qafqazın taleyində həlledici dönüş nöqtəsi kimi yadda qalacaq. ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə əhəmiyyət göstərməsi Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərdən də aydın olur: “Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır”. Xatırladaq ki, 2024-cü ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüş keçiriblər. Bu görüş tərəflərin əvvəlki bütün təmaslarının vasitəçilər və ya beynəlxalq sammitlər çərçivəsində baş tutması fonunda mühüm dəyişiklik kimi qiymətləndirilir. Vaşinqton görüşü bu diplomatik prosesinin davamıdır. Qeyd edək ki, Vətən müharibəsinin bitməsindən sonrakı ilk dövrdə iki dövlət arasında 30 illik münaqişə dövründə vasitəçilik etmiş “ənənəvi” aktorlar hələ də səhnədə idi – Rusiya, Fransa, ABŞ, eləcə də bu üçlüyün birləşdiyi bədnam Minsk qrupu. Hətta Azərbaycan sülh müqaviləsinin ilk mətnini məhz Minsk qrupu vasitəsilə Ermənistana göndərmişdi. Lakin Ermənistanın “Dağlıq Qarabağ” məsələsini yenidən gündəliyə daxil etmək səyləri və bunun üçün yalnız Minsk qrupunun dəstəyindən istifadə cəhdləri Azərbaycanın bu ermənipərəst qrupun ləğvi ilə bağlı qəti mövqe ortaya qoyması ilə nəticələndi. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Qeyd edək ki, hələ bu ilin mart ayında hər iki ölkənin xarici işlər nazirləri tərəfindən iki dövlət arasında imzalanacaq sülh sazişinin 17 maddəsinin hamısının razılaşdırıldığı bəyan edildi. Bu da özlüyündə Ermənistanın həmin iki məsələ üzrə də Azərbaycanın haqlı mövqeyini qəbul etdiyini sübut edirdi. Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Otuz ilə yaxın müddətdə fəaliyyət göstərən və işğal dövründə status-kvonun saxlanmasında mühüm rol oynayan Minsk qrupu artıq tarixə qovuşur. Bu, Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyi tanınır. Yəni, yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Həmçinin ölkəmiz üçün sülh sazişinin imzalanmasından sonra həllini gözləyən əsas strateji məsələlərdən biri, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bu razılaşma vasitəsilə ilk dəfə olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa və maneəsiz gediş-gəlişin təmin edilməsi hüquqi və praktiki müstəviyə keçə bilər. Bu, Zəngəzur dəhlizinin də reallaşma ehtimalını artırır və Cənubi Qafqazda nəqliyyat bağlantılarını bərpa etməklə geosiyasi balansı Azərbaycanın xeyrinə dəyişir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi aydın olsa da, Xankəndində ilk dəfə dəhliz haqqında çox açıq və birbaşa detalla çıxış etməsi istənilən halda ölkəmiz üçün Zəngəzur dəhlizinin prioritetliyini prinsipial şəkildə qoruduğunu bir daha aydın sübut etdi: “Bizim üçün isə ən başlıca məsələ odur ki, – mən Əbu-Dabidə həmkarıma dedim, – bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır… Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin”. Beləliklə, Sülh bəyannaməsi imzalanarsa, Azərbaycan Naxçıvana daha da yaxınlaşacaq, Naxçıvan isə bütün Azərbaycana açılacaq. Əlbəttə, bu proseslərin mərkəzində Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti dayanır. Həm hərbi qələbə, həm diplomatik üstünlük, həm də uzunmüddətli sabitliyin qurulması Azərbaycan liderinin dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir. Azərbaycan artıq yalnız sülh istəyən deyil, sülhü diktə edən ölkədir. Sülh çərçivə sənədinin imzalanması ilə İlham Əliyev təkcə müharibəni deyil, sülhü də qalibiyyətlə başa vuran lider kimi tarixə düşəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Məşhur Məmmədov: “Rus dilində fəaliyyət göstərən təhsil müəssiələrinin hamısı ödənişli əsaslarla fəaliyyət göstərməlidir” “Bu, həm məntiqi, həm də qanuni baxımından daha doğru olar” Son vaxtlar Azərbaycanda rus dilində fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsinin dayandırılması və həmin müəssisələrin ödənişli şəkildə fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aktuallaşıb. Moderator.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə bu məsələni ətraflı şəkildə şərh etməyə çalışdıq: -Məşhur müəllim, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri ölkəmizdə fəaliyyət göstərən rusdilli təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılması və onların ödənişli əsaslarla fəaliyyətinin təşkili ilə bağlıdır. Sizcə belə bir yeniliyə ehtiyac var? -Əslində, bu, çoxdan olması gərəkən və uzun müddətdir ki, gecikən bir məsələdir. Hər şeydən öncə qeyd edək ki, Azərbaycanda rusdilli təhsil müəssisələrinin fəaliyyəti sovet dönəmi ilə bağlıdır. Məhz sovet dönəmində Kremlin ruslaşdırma siyasəti sadəcə ölkəmizdə deyil, SSRİ-yə daxil olan digər respublikalarda da rusdilli məktəblərin meydana çıxmasına səbəb oldu. Lakin SSRİ-nin dağılması ilə keçmiş sovet respublikalarıdnakı bu məktəblərin bir qismi ləğv edildi, digər qismi isə ödənişli əsaslarla fəaliyyət göstərməyə başladı. Fəqət Azərbaycan həmin məktəbləri müstəqillik dönəmində də dövlət büdcəsi hesabına maliyyələşdirməkdə davam etdi. Ancaq müstəqillikdən bugünə qədərki dönəmin təhlili bir daha onu deməyə əsas verir ki, rus dilində fəaliyyət göstərən bu məktəblərin ödənişli əsaslarla fəaliyyətinə ehtiyac var. Bunu zəruri edən bir sıra səbəblər mövcuddur ki, biz bu səbəbləri görməzdən gələ bilmərik. -Həmin səbəblər hansılardır? -Həmin səbəblərdən ən başlıcası bu müəssisələrin dövlət büdcəsi hesabına fəaliyyətinin məntiqi baxımdan düzgün olmaması, eləcə də qanunvericilik baxımından sual doğurmasıdır. Respublikamızda dövlət dili Azərbaycan dilidir və dövlətimiz ana dilimizdə fəaliyyət göstərən bütün orta məktəblərin dövlət büdcəsi hesabına maliyyələşməsini təmin edir. Azərbaycan dili respublikamızda yeganə rəsmi dil olduğu üçün dövlətimizin məsələyə bu cür münasibəti həm qanuni, həm də mənəvi baxımdan tam doğru və məntiqlidir. Lakin rus dili Azərbaycanda qeyri-dövlət dili olduğu üçün bu dildə fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsi absurddur. Biz 1991-ci ildən etibarən müstəqil dövlətik və sovet dönəmində yaşamırıq. Bizim Azərbaycan dilindən başqa hər hansı bir dildə fəaliyyət göstərən təhsil müəssiəsini dövlət büdcəsi hesabına maliyyələşdirmək kimi borcumuz və öhdəliyimiz yoxdur. Belə olan halda rusdilli məktəblərin büdcə hesabına maliyyələşdirilməsinin davam etdirilməsi doğru sayıla bilməz. Onu da unutmaq olmaz ki, bu cür məktəblərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, həmin məktəblərin saxlanılmasına dövlət büdcəsindən hər il xeyli vəsait sərf edilir. Biz həmin məktəblərin ödənişli fəaliyyətinə start verməklə, büdcə vəsaitinə də qənaət etmiş olarıq. -Məşhrur müəllim, ölkəmizdəki rusdilli təhsil müəssisələrin dövlət büdcəsindən maliyyələşdirilməsinə son qoyulmasını zəruri edən daha hansı amillər mövcuddur? -Bunu zəruri edən digər bir amil ölkəmizdə fəaliyyət göstərən bütün qeyri-Azərbaycandilli məktəblərin hamısının ödənişli əsaslarla fəaliyyət göstərməsidir. Bu gün ölkəmizdə ingilis, alman və s. dillərdə fəaliyyət göstərən təhsil müəssisələri var. Hansı ki, həmin müəssisərləin hamısı ödənişli əsaslarla fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən türkdilli məktəblərin də fəaliyyəti ödənişli əsaslarladır və onlar büdcədən maliyyələşmir. Təsəvvür edin, Türkiyə Azərbaycana qardaş ölkədir və ölkəmizdə fəaliyyət göstərən türkdilli məktəblərin heç biri dövlət büdcəsindən maliyyələşmir. Lakin rusdilli məktəblər kütləvi şəkildə dövlət büdcəsindən maliyyələşir. Halbuki, Rusiyda bir dənə də olsun Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisəsi yoxdur. Belə olan halda rusdili məktəblərin büdcədən maliyyələşdirilməsinin davam etdirlməsi yolverilməzdir. Hesab edirəm ki, biz həm milli maraqlarımızı, həm də büdcə maraqlarımızı əsas götürərək rusdilli məktəblərin ödənişli əsaslarla fəaliyyətini təmin etməli, onların büdcədən maliyyələşməsinə son qoymalıyıq. Seymur ƏLİYEV
Hamısını oxu
Milyonlarla investisiya, minlərlə iş yeri, yüzlərlə obyekt və daha nələr... Diaspor Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Vətən müharibəsindən bugünə qədər sözügedən ərazidə həyata keçirilən iqtisadi layihələrlə bağlı maraqlı statistika ilə çıxış edib. Elçin Yusubovun sözlərindən məlum olub ki, investorlar tərəfindən bu əraziyə 56 milyon manatdan çox investisiya qoyulub. Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarların istifadəsinə verilib və bu obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Hansı ki, yaxın gələcəkdə iş yerlərinin sayının 5 mini ötəcəyi planlaşdırılır. Hazırda işğaldan azad edilən bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən geniş güzəştlər tətbiq edilir ki, bu da iş adamları üçün ciddi stimul və dəstək deməkdir. Elçin Yusubovun Diaspor Gənclərinin 6-cı Yay düşərgəsindəki çıxışı Xankəndinin timsalında işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafından xəbər verir. Bu inkişafın göstəriciləri isə kifayət qədər aydın və çoxsaylıdır. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına investorlar tərəfindən 56 milyon manatdan çox vəsaitin qoyuluşu bu ərazilərə investorlar tərəfindən marağın kifayət qədər böyük olduğunu göstərir. Bu rəqəm onu deməyə əsas verir ki, işğaldan azad edilən torpaqlar sahibkarlar üçün öz cazibəsini sürətlə artırmaqda, onlar üçün ciddi maraq kəsb etməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına qısa zamanda 56 milyon manat investisiyanın qoyuluşu bu tendensiyanın yaxın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir. Elçin Yusubovun təqdim etdiyi statistikada qürur doğuran faktlardan biri də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına yüzlərlə obyektin sahibkarların ixtiyarına verilməsidir. Bu, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, ona yeni və mühüm güc qazandırmaq deməkdir. Açıqlamada diqqət çəkən digər bir məqam bu obyektlərdə 2 mindən çox şəxsin işlə təmin edilməsi, yaxın vaxtlarda bu göstəricinin 5 min nəfərə qədər artırılmasının planlaşdırılması ilə bağlıdır. Təqdim edilən rəqəmlər sübut edir ki, işğaldan azad edilən bu torpaqlarda məşğulluğun həlli, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət və güclü əzm sərgiləməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafının hər vəchlə təşviq edilməsi bu ərazilərdə məskunlaşan soydaşlarımızın işlə təminatını yaxşılaşdırmaqda, bu torpaqlarda həyatı dirçəltməkdədir. Göründüyü kimi, bu gün Xankəndi sadəcə sürətlə inkişaf edən, çiçklənən şəhər deyil. Xankəndi həm də Azərbaycan iqtisadiyyatının inkişaf barometridir. Bu barometr ölkə iqtisadiyyatının necə sürətlə böyüdüyündən, necə çiçəkləndiyindən xəbər verir. Məlum statistika onu deməyə əsas verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları yaxın gələcəkdə iqtisadi baxımdan sürətlə inkiaşf etməkdə davam edəcək, yalnız Azərbaycana deyil, bütün regiona yeni iqtisadi möcülər bəxş edəcək. Seymur ƏLİYEV
Hamısını oxu